Məhkəmə qərarları › İş №1(107)-86/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-86/2020

02.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-86/2020 02.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, Babayeva Vəfa Həsən qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Əhmədov Telman Akif oğlu, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Aqil Tağıyevin verdiyi apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) xx xxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxx 1984-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İ̇şlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmünə əsasən CM-in 120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Yevlax rayonun Marzılı kəndində yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Tağıyev Aqil Ağəli oğlunun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun xx xxxxxxx 2019-cu ildən xx xxxxxxx 2019-cu ilədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla, ona təyin edilmiş bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq bir il beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, onun məhkəmə iclas zalından həbsə alınması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi Mingəçevir Şəhər Polis Şöbəsində saxlanan 0,998 qram heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 71,94 manat məbləğdə ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə keçirilməsi, vəkil Hüseynov Müsaqif Səfər oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi, göstərilən hüquqi yardıma görə 96 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan :NEÖV) **********, hesab № AZNAZ 521 BAZ********************) hesabına köçürülməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən veyığaTsxəş Aqil Ağəli oğlu Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmünə əsasən, CM-in 120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2018-ci ildə cəzasının sonu ilə azad olunduqdan sonra islah olunmayaraq əldə etdiyi bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 1,048 qram olan, narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan götürüb qanunsuz olaraq üzərində saxlamış və həmin çəkidəki narkotik vasitə xx xxxxxxx 2019-cu ildə, saat 20 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində o, Mingəçevir şəhəri, Az.İES qəsəbəsi, Naxçıvan küçəsi, 29 ünvanda yerləşən plastik qapı-pəncərə sexinin qarşısında saxlanılaraq Mingəçevir ŞPŞyagətirilmiş və həmin çəkidəki narkotik vasitə hesab edilən heroin polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Aqil Tağıyev apelyasiya şikayəti vermişdir. Hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, həmçinin verilmiş apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs Aqil Tağıyev apelyasiya şikayətində birinci instansiya məhkəməsində yüngülləşdirici halların nəzərə alınmaması, ədalətsiz qərar qəbul edilməsi və ona daha yüngül cəza təyin edilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirən təqsirləndirilən şəxs Aqil Tağıyev bildirmişdir ki, 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm və həmin vaxt ərzində yaxınlarımı itirmişəm, tək yaşlı anam qalıb. Əməlimdən peşmanam. Ona görə də mənə təyin edilmiş cəzanın azaldılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs Aqil Tağıyevin müdafiəçisi Tural Əfəndizadə bildirmişdir ki, apelyasiya şikayətinin dəlillərini müdafiə edirəm. Birinci instansiya məhkəməsi hökm çıxararkən təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağır həyat şəraitini, himayəsində yaşlı anasının olmasını və təyin edilmiş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almamışdır. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, apelyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi əməlin ictimai təhlükəliliyini, xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, əməlində resivin olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin etmişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apelyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs Aqil Tağıyevin CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs Aqil Tağıyevin əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apelyasiya şikayətindən və təqsirləndirilən şəxs Aqil Tağıyevin apelyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o, birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir və həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Aqil Tağıyev bundan əvvəl Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmünə əsasən CM-nin 120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinаyət törətmişdir ki, bu da cinayətin residivini yaradır (CM-in 18.1-ci maddəsi). Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Eyni zamanda, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinspi baxımından təqsirləndirilən şəxs Aqil Tağıyevə qəti olaraq təyin olunmuş bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. İşin halları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs Aqil Tağıyev CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə isə ittiham olunduğu maddənin ən aşağı həddində cəza təyin olunmuşdur. Təqsirləndirilən şəxs Aqil Tağıyev xx.xx.2019-cu ildə qаnunsuz оlаrаq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,048 qram qram оlаn nаrkоtik vаsitə olan heroini özündə saxlamaqla cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıları”nın narkotik vasitələrə aid İ siyahısının 5-ci bəndinə əsasən heroin narkotik vasitədir və onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Aqil Tağıyevin cinayəti 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar (təmiz çəkisi 1,048 qram) hesab olunan narkotik vasitə heroindən istifadə etməklə törəməsi, bundan əvvəl də cinayət törətməsi (CM-in 120.2.1-ci maddəsi) məhkumluğu ödənilmədiyi, götürülmədiyi halda yenidən cinayət törətməsi, əvvəlki cəzanın islah təsirinə məruz qalmaması onu göstərir ki, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Aqil Tağıyevin şəxsiyyətini, cəzаnı yüngülləşdirən və ağırlaşdıran hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzаçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Belə olan halda Aqil Tağıyevin apelyasiya şikayəti əsaslı sayıla və təmin oluna bilməz. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar