Məhkəmə qərarları › İş №1(107)-89/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-89/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-89/2021 24.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X10, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi- Şəki Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: X18 Məhkəməsinin (X11 (sədrlik edən), X14 və X8 ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1968-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Qazma kəndində pasport qeydiyyatında olan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddətin həmin cəzaya hesablanması, təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx xxx 2020-ci ildən hesablanması; xx xxxxxx 1960-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu Qazma kəndində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun şübhəli şəxs kimi saxlandığı bir gün təyin edilmiş cəzaya hesablanmaqla çıxılması, üzərində qəti cəza 3 (üç) il 11(on bir) ay 29 (iyimi doqquz) gün saxlanması, təyin edilmiş cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanması, eləcə də Azərbaycan Respublikası 234.4.1-ci və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş ittiham CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə əhatə olunduğundan CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri rəqəm ifadəsi onlara verilmiş ümumi ittihamdan çıxarılması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməsi, məhkəmə iclas zalından həbs edilməsi,saxlanılmaları üçün X7 təhvil verilmələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 X7 çatdırılması və təhvil verilməsi X4 mühafizəsini həyata keçirən Mühafizə Taboruna həvalə edilməsi, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza xərci 34 (otuz dörd ) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 17( on yeddi) manat 27 ( iyirmi yedi) qəpik olmaqla tutularaq dövlət hesabına keçirilməsi, Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, maddi sübut olan Balakən RPŞ-nin çəkisi 25 kq 435,50 qram olan 90 ədəd narkotik tərkibli çətənə bitkiləri və 7 kq 184,95 qram narkotik vasitə olan qurudulmamış marixuana məhv edilməsi müəyyən edilmişdir. işin halları: X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmuşlar ona görə ki, onlar 2020-ci ilin mart ayında narkotik tərkibli çətənə ( kannabis) bitkilərini əkmək və becərməyi əvvəlcədən razılaşaraq bir qrup şəxs təşkil etmişlər. Razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayında Balakən rayonu Hənifə kəndi ərazisindən axan Balakən çayının kənarından tapdığı bir ədəd çətənə bitkisindən yığdığı toxumları 2020-ci ilin mart ayında yaşadığı Balakən rayonu Qazma kəndi ərazisində yerləşən həyətindəki fındıq bağında kolluğun içərisində 01 ədəd plastik yeşiyə torpaq dolduraraq əkib yetişdirdiyi 93 ədəd narkotik tərkibli çətənə bitkilərini xx xxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən evinin həyətyanı sahəsindəki istixanada qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan 90 ədəd, külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Həmin bitkilərdən ümumilikdə 7. 185 qram çəkidə, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı saxlamışdır. xx xxx 2020-ci ildə saat 12 radələrində polis əməkdaşlarının tərəfindən keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evinin həyətyanı sahəsindəki istixanadan quruması üçün sərilmiş ümumi təmiz çəkisi 7 kq. 185 qram, yəni külli miqdarda narkotik vasitə hesab edilən qurudulmamış marixuana və həmin istixanada hündürlükləri 60 sm. dən 170 sm. dək olan 90 ədəd, külli miqdarda narkotik tərkibli çətənə(kannabis) bitkiləri aşkar olunaraq kökündən çıxarılıb götürülmüşdür. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya şikayətlərinin, apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə X18 Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamın CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə əhatə olunmaqla CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan rəqəm ifadəsinin təqsirləndirilən şəxslərə verilmiş ümumi ittihamdan çıxarıldığı hissədə qanunsuz və əsassız olduğundan, həmçinin Təqsirləndirilən şəxs2 CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə aşağı həddə cəza təyin edildiyindən, Təqsirləndirilən şəxs1 münasibətdə CM-nin 61.4-cü maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran(fəal iştirak etmə) halın düzgün müəyyən edilməyərək cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilsin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlu CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək onlara cinayətlərin məcmusu üzrə təklifi nəzərə alınmaqla ədalətli cəzası təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilməsini, CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ona münasibətdə dəyişdirilməsini, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətləri və apellyasiya protestinə qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X5 onlar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Şəki şəhər Vəkil Bürosunun vəkili X3r tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün apellyasiya protestinə münasibətdə ləğv edilməsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin isə təmin edilməməsini xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin, apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçilərinin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri və apellyasiya protestləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilməsinə dair X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verdi. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci, 234.4.3-cü, 237.2.1-ci və 237.2.3-cü maddələri ilə verilmiş ittihamda özünü qismən təsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir. 2020-ci ilin mart ayının əvvəlində Nadirlə görüşərək söhbət etdərkən ona borcları olmasını və pul qazana bilmədiyini demiş, Nadir ona ürəkdirək verərək bildirmişdir ki, “narahat olma səni vəziyətdən çıxaracam”. Necə çıxaracağını soruşduqda Nadir bildirmişdir ki, həyətində olan tərəvəz (pomidor) əkdiyi istixanada narkotik bitkisi əkib becərmək olar. Həmçinin Nadir ona bildirib ki, narkotik bitkisinin şitillərini özü verəcək və gələcəkdə əkib-yetişdirdikləri narkotiki özü satacaq və pulunu ikisi arasında böləcəklər. Nadirin təklifi ilə razılaşıb narkotik bitkiləri əkibbecərmişlər. 2020-ci ilin aprel ayının ilk günlərində Nadir plastik yeşikdə təxminən 8-10 sm ölçüdə olan 93 ədəd narkotik bitkisinin şitillərini onlara gətirmişdir. Həmin şitilləri onunla birlikdə həyətindəki pomidor əkdiyi isixanada əkmişlər. Bitkilərdən 90 ədədi böyüyüb inkişaf etmişdir. Bitkilərə özü qulluq etmişdir. Nadir cəmi bir dəfə bitkilər əkildikdən təxminən 10-15 gün sonra onlara gəlib əkdikləri bitkilərin inkişaf vəziyətinə baxmışdır. Bitkilər böyüyüb inkişaf etmişdir. Həmin bitkilərə qulluq edərək alaq otlarından təmizləyib suvarıb və düblərini yumşaldıb ki, bitkilər yaxşı inkişaf etsinlər. Bitkilər ikişaf edərək 1 metr və daha artıq hündürlükdə müxtəlif ölçülərdə böyümüşlər. xx xxx 2020-ci ildə saat 12 radələrində həyətinə gəlmiş Balakən rayon polis şöbəsinin əməkdaşları həmin 90 ədəd narkotik tərkibli çətənə ( kannabis) bitkilərini və özləri qırıb yerə qoyduqları budaqları aşkar edib götürmüşlər. Həmin bitkiləri polis əməkdaşları qıraraq yerə sərmişlər. Faktiki olaraq həmin narkotik bitkilərinin necə becərilməsindən və onların budaqlarının qırılaraq yerə sərilməsindən Nadirin xəbəri olmamışdır. Həmin budaqlar həmin gün polis əməkdaşları tərəfindən qırılaraq yerə sərilmişdir. Bitkilərin çəkisi 25 kq 440 qram, istixanada qurumamış marixuana isə çəkisi isə, yaş halda 7 kq 185 qram olmuşdur. Nadirin istixanadakı qurudulmamış marixuanadan məlumatı olmayıb və bu barədə ona heç bir söz deməmişdir. Adətən bitkilər avqust ayında, payız fəslinə yaxın yetişir. Bitkiləri toplamaq haqda heç bir söhbətləri olmamışdır. Törətdiyi əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. İbtidai araşdırma zamanı isə Təqsirləndirilən şəxs1 ifadəsində göstərmidir ki, 2020-ci ilin may ayının ortalarında bitkilərdən yaxşı inkişaf edənlərin hissələrini toplayıb həmin istixanada sərmişdir ki, qurusun. xx xxx 2020-ci ildə saat 12 radələrində həyətinə gəlmiş Balakən rayon polis şöbəsinin əməkdaşları həmin 90 ədəd narkotik tərkibli çətənə ( kannabis) bitkilərini və yerdə olan budaqları aşkar edib götürmüşlər. Daha sonra ziddiyyətli ifadə verərək bildirmişdir ki, əsas məqsədi bitkilərin seyrəlməsi və yaxşı inkişaf etməsi olmuşdur. Bitkilərin dibindəki yararsız budaqlarını təmizləyib oraya tökmüşdür ki, bitkilərin inkişafına mane olmasın. Adətən bitkilər avqust ayında, payız fəslinə yaxın yetişir. Həmin hissələri quruması üçün orada sərsə də, başqa məqsədi olmayıbdır. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsi iclası zamanı vermiş olduğu ifadəsinin məzmununa uyğun ifadə verdi. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2020-ci ilin mart ayının əvvəllərində Elmanla görüşüb öz aralarında söhbət etdikləri zaman Elman ona borcları olduğunu demişdir. Həmdə o, bildirmişdir ki, həyətdə bir neçə istixana düzəldib içərisində pomidor əkmişdir. Ona bildirmişdir ki, qazanc əldə etmək üçün ona köməklik edə bilər. Elman ondan hansı yolla qazanc əldə olunmasının yolunu soruşduqda ona bildirmişdir ki, həyətindəki istixanada çətənə bitkiləri əkib-yetişdirib əldə etdikləri marixuananı gələcəkdə satıb yaxşı qazanc əldə etmək olar. Elmana çətənə bitkilərinin şitillərini özü təşkil edəcəyini və birlikdə onun həyətindəki istixnada əkmələrini bildirmişdir. 2020-ci ilin mart ayının sonlarında Elman onunla görüşdükdə təklifiylə, yəni həyətndəki istixanada birlikdə çətənə bitkilərini əkmələrinə razı olduğunu bildirmişdir. xx xxxxx 2020-ci ildə özünün həyətində yetişdirdiyi 93 ədəd 8-10 sm hündürlükdə olan çətənə bitkilərini plastik qaba yığaraq Elmanın həyətinə aparıb və həmin 93 ədəd bitkiləri Elmanla birlikdə onun həyətində yerləşən pomidor əkilmiş istixanada torpağa basdıraraq əkib suvarmışlar ki, bitib inkişaf etsinlər. Təxminən bitkiləri əkdikləri gündən 15-20 gün sonra Elmanın həyətinə gedib cəmi bir dəfə istixanada əkdikləri bitkilərə baxmışdır. Bitkilərdən 90 ədədi bitib inkişaf edərək 15-20 sm. dək böyümüşlər. 2020-ci ilin may ayında əməlləri polis tərəfindən ifşa olunub və Elmanın həyətindəki istixanada əkdikləri 90 ədəd çətənə bitkiləri Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilib kökündən çıxarılaraq götürülmüşdür. Eyni zamanda həmin əkdikləri bitkilərdən toplanmış hissələr də, istixanadan aşkar edilərək götürülmüşdür. Balakən rayon polis şöbəsinə gəlib və orada Elmanla əlbir olaraq törətdiyi əməlini səmimi olaraq etiraf etmişdir. 2019-cu ilin avqust ayında yaşadığı Balakən rayonu Qazma kəndi ilə qonşuluqda yerləşən Hənifə kəndinin ərazisindən axan Balakən çayına çimməyə getdiyi zaman orada çay kənarında bir ədəd tanıdığı qurumuş çətənə bitkisini tapmışdır. Həmin bitkini tanıdığı üçün üzərindəki toxumlarını yığıb evdə gizlədib saxlamışdır. 2020-ci ilin mart ayında həmin toxumları həyətində yerləşən fındıq bağındakı kolluğun içərisində 01 ədəd plastik yeşiyə torpaq dolduraraq əkib ki, çüçərib inkişaf etsinlər. 2020-ci ilin mart ayının sonunadək həmin toxumlardan 93 ədədi bitərək inkişaf edib 8-10 sm dək hündürlükdə bitki formasına düşmüşdür və həmin bitkiləri xx xxxxx 2020-ci il tarixdə Elmanla birlikdə onun həyətindəki istixanada əkmişlər. Məqsədi həmin bitkiləri Elmanla razılaşaraq əkib yetişdirib gələcəkdə gəlir əldə etmək olmuşdur. Ancaq bu barədə konkret olaraq bitkiləri yetişdirib kimə satacaqları haqda heç bir fikirləri olmamışdır. Yəni kimə satacaqları haqda razılaşmaları olmamışdır. Bitkiləri əkdikləri istixanada qurudulması üçün sərilmiş 7 kq. 185 qram qurudulmamış marixuana haqda heç bir məlumatı olmayıb və Elman həmin bitkilərin hissələrini hansı məqsədlə yolub ətrafa sərib bilmir. Əkdikləri çətənə bitkilərindən nə vaxt qurudulmuş marixuana əldə edəcəklərini planlaşdırmamışlar, çünki bitkilər yetişməmişdir. Bitkilərin yetişməsinə bir neçə ay qalmışdır. Bitkilər bildiyinə görə payız aylarında yetişir. Ancaq bunu dəqiq bilmir. Bitkilər yetişənədək nə baş verəcəyini bilmirdi. Çünki bu haqda dəqiq planları olmamışdır. Törətdiyi əməlini səmimi olaraq etiraf edir və bu əməlindən peşmandır. Birinci instansiya məhkəməsi iclasında Şahid1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə saat təxminən 12 radələrində Balakən rayon poliş şöbəsinin əməkdaşları tərəfindən dəvət edilərək Balakən rayonu Qazma kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı qeyd olunan ünvanda yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirilərkən mütəxəssis-aqronom kimi iştirak etmişdir. Baxış zamanı istixanada tərəvəz bitkilərinin sırasında əkilmiş cəmi 90 ədəd hündürlükləri 60 sm. dən 170 sm. dək olan narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər aşkar edilərək kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilib, suvarılıb və dibləri yumşaldılaraq alaq otlarından təmizlənmiş vəziyətdə olmuşdur. Həmin bitkilərin ətrafına qurudulması üçün sərilmiş eyni bitkilərin hissələri polis işçiləri tərəfindən aşkar edilib çəkilərək qablaşdırılıb götürülmüşdür. Aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi haqda tərəfindən rəy verilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin çətənə bitkilərini 2020-ci ilin aprel ayında istixanada əkib qulluq edib və həmin bitkilərin hissələrini toplayıb quruması üçün istixanada ətrafa sərib. Onun evindən və həyətyanı sahədən başqa bitki nümunələri və ya digər kütlə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iclasında Şahid3 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci ildə Təqsirləndirilən şəxs1 yaşadığı Balakən rayonu Qazma kəndindək evinin həyətyanı sahəsinə baxış keçirilmiş və baxış zamanı 90 ədəd hündürlükləri 60 sm. dən 170 sm. dək olan narkotik tərkibli çətənə bitkilərinə oşxar bitkilər aşkar edilərək kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Baxışda iştirak edən mütəxəssis-aqronom tərəfindən həmin bitkilərə baxış keçirilərkən müəyyən edilmişdir ki, bitkilərə aqrotexniki qaydada qulluq göstərilib, suvarılıb və dibləri yumşaldılaraq alaq otlarından təmizlənmiş vəziyətdədir. Təqsirləndirilən şəxs1 istixanada əkib-becərdiyi və aşkar edilmiş həmin bitkilərin ətrafına qurudulması üçün sərilmiş 7 kq. dan artıq çəkidə eyni bitkilərin hissələri tərəflərindən aşkar edilib qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin çətənə bitkilərini 2020-ci ilin aprel ayında istixanada əkib qulluq edib və həmin bitkilərin hissələrini toplayıb quruması üçün istixanada ətrafa sərib. Birinci instansiya məhkəməsi iclasında Şahid4 və Şıxmədov Ceyhun Rövşən oğlu Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. İşə əlavə edilmiş məhkəmə-bioloji ekspertizanın xx xxx 2020-ci il tarixli, 17/297 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində aşkar edilmiş 03 ədəd sintetik kisələrin içərilərində, hündürlükləri 60 sm-dən 170 sm-dək, ümumi təmiz çəkiləri - 25 kiloqram 440 qram olan 90 (doxsan) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. İşə əlavə edilmiş aqronom-mütəxəssis Şahid1 xx.xx.2020-ci il tarixli rəyinə əsasən 90 (doxsan) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindəki istixanadan aşkar olunmuş 01 (bir) ədəd sintetik kisənin içərisində, təmiz çəkisi - 7 kiloqram 185 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş 90 (doxsan) ədəd çətənə bitkiləri və qurudulmamış marixuanalar tərkiblərinə görə eynidirlər. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli, 484 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizanın xx xxxxxxxx 2020-ci il tarixli, 777 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onlar tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onların əməli Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instnasiya məhkəməsi hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı2 verdiyi apellyasiya protestində X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək onlara cinayətlərin məcmusu üzrə təklifi nəzərə alınmaqla yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3-cü maddəlləri ilə elan edilmiş ittihamın hökmdən xaric edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmçinin qeyd edir ki, iş üzrə müfəssəl hüquqi qiymətləndirmə aparılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülən ittiham üzrə, yəni CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri təqsirli olub-olmaması kimi mühüm əhəmiyyət kəsb edən məsələyə aydınlıq gətirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-cu il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.6-cı maddəsində tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. CM-in 237.1-ci maddəsində də qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda kultivasiya edilməsinə, yəni əkilməsinə, yetişdirilməsinə, onların (onların hissələrinin) toplanmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. CM-in 237.1-ci maddəsində nəzərdə tutulan çətənə, xaşxaş növlərinin və ya tərkibində narkotik maddələr olan digər bitkilərin kultivasiyası yabanı şəkildə bitən və tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanmasını ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) hansı miqdarda toplanmasının CM-in 237.1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olmasına dair qeyd edir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin yaranması üçün əməlin, yəni tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması müəyyən edilməmişdir. Beləliklə, əməlin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi üçün göstərilən məqsədlərin olub-olmaması əhəmiyyət kəsb etmir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qərarın 17-ci bəndində isə qeyd olunur ki, tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1 və ya 234.2-ci maddələri ilə tövsif olunmalıdır. Göründüyü kimi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin yığılması tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) qanunsuz əldə edilməsi sayıldığı halda, əkilib becərilmiş tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanması həmin bitkilərin qanunsuz kultivasiya edilməsi hesab olunur. Təqsirləndirilən şəxslərə elan edilmiş ittihamdan da görünür ki, onlar 2020-ci ilin mart ayında narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkmək və becərməyi əvvəlcədən razılaşaraq bir qrup şəxs təşkil etmişlər. Razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 2019-cu ilin avqust ayında Balakən rayonu Hənifə kəndi ərazisindən axan Balakən çayının kənarından tapdığı bir ədəd çətənə bitkisindən yığdığı toxumları 2020-ci ilin mart ayında yaşadığı Balakən rayonu Qazma kəndi ərazisində yerləşən həyətindəki fındıq bağında kolluğun içərisində 01 ədəd plastik yeşiyə torpaq dolduraraq əkib yetişdirdiyi 93 ədəd narkotik tərkibli çətənə bitkilərini xx xxxxx 2020-ci ildə Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 isə yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən evinin həyətyanı sahəsindəki istixanada qanunsuz olaraq əkib aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə tərkibində narkotik maddələr olan 90 ədəd, külli miqdarda çətənə (kannabis) bitkilərini kultivasiya etmişdir. Həmin bitkilərdən ümumilikdə 7.185 qram çəkidə, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuananı saxlamışdır. xx xxx 2020-ci ildə saat 12 radələrində polis əməkdaşlarının tərəfindən keçirilmiş əməliyyat nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evinin həyətyanı sahəsindəki istixanadan quruması üçün sərilmiş ümumi təmiz çəkisi 7 kq. 185 qram, yəni külli miqdarda narkotik vasitə hesab edilən qurudulmamış marixuana və həmin istixanada hündürlükləri 60 sm. dən 170 sm. dək olan 90 ədəd, külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq kökündən çıxarılıb götürülmüş, bununla da onlar, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişdir. Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, əməlin CM-in 237-ci maddəsi ilə tövsif edilməsi üçün tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak və ya satış məqsədi ilə toplanması əhəmiyyət kəsb etmir. Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyası iclasında ifadəsində bildirmişdir ki, istixanada quruması üçün sərilmiş vəziyətdə saxlanılmış 7 kq 185 qram çəkidə narkotik vasitə qurudulmamış marixuana polis əməkdaşları tərəfindən həmin çətənə bitkilərindən qırılaraq sərilmişdir. Şahid ifadələrindən və ekspert rəyindən görünür ki, həmin budaqlar Təqsirləndirilən şəxs1 tərəfindən toplanaraq qurudulması üçün sərilmişdir. Odur ki, bu hissədə məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsini səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul etmir və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və onun bu hissədə ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul edir. Təqsirləndirilən şəxs2 məhkəmədə kollegiyası iclasında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həyətində əkdiyi 90 ədəd narkotik tərkibli çətənə bitkilərinin budaqlarını qıraraq sərməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 həmin bitkilər yetişmədən onları toplayaraq sərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs1 də həm məhkəmə istintaqı zamanı, həm də ibtidai araşdırma zamanı ifadəsində göstərmişdir ki, həmin budaqları qırıb yerə atmasından Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. Faktiki olaraq həmin çətənə bitkiləri yetişməmişdir. İşin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs2 həmin çətənə bitkilərindən vaxtından əvvəl budaqların qırılmasından xəbəri olmamışdır. Belə vəziyyətdə məhkəmə hesab edir ki, həmin çətənə bitkilərinin budaqları vaxtından əvvəl toplanaraq yerə sərilməsindən Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 xəbərsiz və razılıq olmadan qıraraq yerə sərmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları daha səmimi, obyektiv və həqiqi ifadə kimi qəbul edir. İş materialından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci ildə yetişdirdikləri çətənə bitkilərinin bir hissəsinin qopardaraq yerə sərmişdir. Aşkarlanmış çətənə bitkiləri külli miqdarda, yəni 90 ədəd olmuşdur. Təqsirləndirilən şəxs N.İ.Bodrovun xəbəri olmasa da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı vermiş olduqları ifadələrindən görünür ki, onlar narkotik tərkibli çətənə bitkilərini satmaq məqsədi ilə əkmişlər, eləcə də Təqsirləndirilən şəxs1 ifadəsindən görünür ki, onun hissələri olan yaş vəziyyətdə olan budaqları satmaq məqsədi ilə yığmışdır. Beləliklə, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməsinə zərurət yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq o qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsə CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə verilmiş ittiham CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə əhatə olunur, bu səbəbdən CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan çıxarılmalıdır. CM-in 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət məsuliyyəti üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.6-cı maddəsində isə göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il 2 nömrəli qərarının 19-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə-bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək onlara cinayətlərin məcmusu üzrə təklifi nəzərə alınmaqla yeni ittiham hökmünün çıxarılması barədə dəlilləri əsassızdır. O cümlədən məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxsə təyin olunmuş cəzanı, ədalətli və qanuni hesab edərək, onların əməllərindən səmimi peşman olmaqla, hadisə barədə vermiş olduqları səmimi ifadələrinə, törətmiş olduqları cinayət əməlinə tənqidi yanaşmalarına və onların yaşlarını nəzərə alaraq cəzalarının artırılmasına lüzum görmür. Birinci instansiya məhkəməsi də təqsirləndirilən şəxslərə cəza təyini zamanı hesab etmişdir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 etdikləri əməli səmimi etiraf edərək peşmançılıq çəkmələrini onların cəzalarını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halların aşkar edilmədiyini, Təqsirləndirilən şəxs1 isə həmin narkotik vasitənin əkilməsində, yetişdirilməsində, kültivasiya edilməsində, toplanmasında fəal iştirak etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin hal Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi ibtidai istintaq orqanı tərəfindən göstərilməsə də CM-nin 61.4-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin digər dəlili, yəni birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə qanunsuz olaraq CM-nin 61.4cü maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran (fəal iştirak etmə) halı düzgün müəyyən etməyərək cinayət qanununun norması düzgün tətbiq etməməklə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, cinayətin törədilməsində rolunu cinayət əməlini törətdikdən sonrakı davranaşını nəzərə almadan aşağı həddə cəza təyin etməsinın əsassız olması qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protestinin həmin dəlili əsaslıdır. Belə ki, xx.xx.2000-ci ildən qüvvədə olan cinayət məcəlləsində 61.4-cü maddə qeyd edilməmiş, həmçinin cəzanı ağırlaşdıran halların təsbit ediliyi CM-nin 61-ci maddəsində “fəal iştirak etmə” kimi cəzanı ağırlaşdıran hal nəzərdə tutulamamışdır. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Ona görə məhkəmə kollegiyası həmin müddəların hökmdən xaric edilməsi qənaətinə gəlir. Bundan başqa X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs2 münasibətdə CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona ən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs1 münasibətdə CM-nin 70-ci maddəsinin tətbiq edilərək ona təyin edilmiş cəzanın şərti hesab edilməsini, dövlət ittihamçısı, ədliyyə müşaviri, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestində onlara təyin edilmiş cəzanın işin faktiki hallarına uyğun olmadığından ağırlaşdırılmasını xahiş etmişlər. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən və ya külli miqdarda törədildikdə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə növündə təyin edilmiş cəzanın, yəni Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini işin faktiki hallarına,təqsirləndirilən şəxslərin şəxsiyyətinə münasibət törədilmiş cinayət əməlinə adekvat cəza olması qənəatindədir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan, eyni zamanda, habelə cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Cinayət-Prosessual Məcəlləsinin 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 münasibətdə CMnin 61.4-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməli, hökm baxılmış apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə məhkum edilmələrinə dair X18 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.4-cü maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilsin. Hökm baxılmış apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar