Məhkəmə qərarları › İş №1(107)-9/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-9/2022

31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-9/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) CM-in 259.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)-33/2020 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 09 oktyabr 2020-ci il tarixli 1(024)- 33/2020 nömrəli hökmü ilə xx.xx.1996-cı ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Qax rayonu Qıpçaq kəndində pasport qeydiyyatında olan və orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerini gecə vaxtı saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax və qonşu Şəki rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin icra və probasiya orqanında qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının onun qeydiyyatda olduğu Qax Rayon İcra və Probasiya şöbəsinə tapşırılması, iş üzrə 50 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin ondan alınıb dövlət büdcəsinin müvafiq hesabına köçürülməsi, vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının zərərçəkmiş hüququ şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Qax rayon Qıpçaq bələdiyyəsinə izah edilməsi müəyyən edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs, qəsdən, heç bir icazəsi olmadan 2020-ci ilin yanvar ayının əvvələrində özlərinə məxsus 1,46 hektar həyətyanı torpaq sahəsinin yanında yerləşən Qax rayon Qıpçaq bələdiyyəsinin mülkiyyətində olan köhnə qəbiristanlıq adlanan ərazidə meşə fonduna aid olmayan təbii bitmiş palıd cinsinə məxsus bir ədəd 155 sm diametrli, dəyəri 6150 manat və bir ədəd 156 sm diametrli, dəyəri 6200 manat, ümumilikdə dəyəri 12350 manat olan 2 ədəd köküstə bitmiş yaş palıd ağacını cinayətdən xəbərsiz Qax rayonu Uzuntala kənd sakini X8 vasitəsilə qanunsuz olaraq kəsərək Qax rayon Qıpçaq bələdiyyəsinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə külli miqdarda maddi ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya protestinə qarşı etiraz verərək hökmün qüvvədə saxlanılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)-33/2020 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli 1(107)-28/2021 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)- 33/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli 1(102)-1094/2021 nömrəli qərarı ilə dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 23 fevral 2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həmin ağacı təhlükəli olduğu üçün kəsmiş, əməlindən səmimi peşmandır. Bu iş baş verənə kimi özünə məxsus olmayan ağacı kəsməyin cinayət olduğunu bilməmişdir. Kəsdiyi ağacları həyətlərində yerləşən bitkilərə kölgə saldığı üçün kəsmişdir. Vurduğu ziyanı ödəməmişdir, çünki buna maddi imkanı yoxdur. Müxtəlif yerlərdə işləməklə gündəlik çörək pulu qazanır, sabit gəliri yoxdur. Ona görə də tərəfindən vurulan ziyanı ödəmək üçün imkanının nə vaxt olacağını və həmin ziyanı nə vaxt ödəyəcəyini dəqiq deyə bilmir. Anası ilə tək yaşayır, anası xəstədir, qohumlarının arasında ziyanın məbləğinin ödənilməsində ona kömək edəcək kimsə yoxdur. "xxxx" MMC-də işə düzəlmək istəsə də, barəsində olan bu cinayət işinə görə onu işə götürməmişlər. Odur ki, ona köməklik göstərilməsini, apellyasiya protestinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)-33/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X1 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X6 apellyasiya protestinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)-33/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli 1(102)-1094/2021 nömrəli qərarında göstərilmişdir ki, “Belə ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsərək külli miqdarda ziyan vurmaqda təqsirli bilinib CM-in 259.2.4-cü maddəsi ilə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətə görə əsas cəza qismində üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını müqayisə etdikdə isə görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasını dəyişdirilmədən saxlayarkən, CM-in 58.3-cü maddəsinin nəzərdə tutduğu halları, Təqsirləndirilən şəxs çəkməli olduğu cəzasının növünə əhəmiyyət verməmiş, məhkumun islah olunması, sosial ədalətin bərpa edilməsinin təmin edilməsi, digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması baxımından həmin növ cəzanın təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə, ictimai-təhlükəlilik dərəcəsinə, törədilmə hallarına, meydana gətirdiyi ictimai-təhlükəli nəticəyə uyğun olub-olmadığını araşdırmamışdır. Halbuki, işin müəyyən olunmuş hallarına görə Təqsirləndirilən şəxs dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş, ağacların kəsilməsini hər hansı diqqətəlayiq səbəblə yox, sadəcə olaraq həyətyanı sahəsində olan bitkilərə kölgə salmaları və zərərvericiləri yaymaqla əsaslandırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs vurduğu ziyanın ödənilməsi üçün heç bir hərəkət etməmiş, 12.350 manat təşkil edən ziyandan bir manat da ödəməmişdir. Lakin birinci instansiya məhkəməsi cəza təyin edərkən, eləcə də apellyasiya protesti əsasında işə baxan apellyasiya məhkəməsi bu məsələləri nəzərdən keçirməmişlər. Təsvir olunanlar onu göstərir ki, kassasiya protesti əsaslıdır, baxılan işdə məhkəmələr tərəfindən CM-in 8, 41.2, 58.3-cü maddələrinin pozuntularına, nəticə etibarı ilə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini (yuxarıda qeyd olunan məsələlərin araşdırılması, eləcə də kassasiya protestində gətirilən cəzanı yüngülləşdirən halların mübahisələndirilməsi üzrə digər dəlillərin ətraflı yoxlanılması məqsədilə apellyasiya baxışının təkrarlanmasını) tələb edən hala yol verilmişdir.” Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya protesti təmin edilməli, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)-33/2020 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində Qax rayonu Qıpçaq kəndində yerləşən Bələdiyyə mülkiyyətinə aid olan həmin köhnə qəbirstanlıq adlanan ərazidə iki ədəd yaş köküstü palıd ağaclarını kəsdiyi üçün onun barəsində Qax RPŞ-də cinayət işi başlanılmış, özü isə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi cəlb edilmişdir. Təqsirləndirilən şəxs təbiətə vurduğu ziyan hesablanaraq 12350 manat məbləğində müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs təbiətə vurduğu 12350 manat ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxs Qax rayonu Qıpçaq Bələdiyyəsinin sədri Nümayəndə2 ifadəsində göstərdi ki, Qax rayonu Qıpçaq kəndində köhnə qəbirstanlıq adlanan ərazi Qıpçaq Bələdiyyəsini mülkiyyətindədir. 2020-ci ilin yanvar ayının əvvəllərində həmin ərazidə yerləşən iki ədəd yaş köküstə palıd cinsinə məxsus olan ağacların həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs Bələdiyyəyə dəvət olunduqdan sonra ağacları özünün kəsdiyini etiraf etmişdir. Hazırda Təqsirləndirilən şəxs təbiətə vurduğu 12350 manat ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində şahid X9 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi vəzifəsində işləyir. 2020-ci ilin yanvar ayının əvvəllərində ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qax rayonu Qıpçaq kəndində qanunsuz ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş məlumat əsasında idarənin əməkdaşı Hikmət Atayevlə birlikdə həmin əraziyə gedərək yerində baxış keçirmişlər. Baxış zamanı həmin torpaq sahəsinin Qax rayonu Qıpçaq Bələdiyyəsinin mülkiyyətində olması və Qax rayonu Qıpçaq kənd sakini Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən 155 sm və 156 sm diametrlərdə palıd cinsinə məxsus təbii bitmiş köküstə yaş ağacları mühərrikli mişarla qanunsuz olaraq kəsdirdiyi məlum olmuşdur. Birinci instansiya məhkəməsində şahid X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. 2020-ci ilin yanvar ayının əvvəllərində Tural ona zəng edərək özünə məxsus bağ sahəsində bitən fındıq ağaclarına kölgə saldığı üçün onların yaxınlığında olan iki ədəd palıd ağacını kəsmək üçün benzin mişarına ehtiyac olduğunu bildirmişdir. Turalla görüşmüş, Tural ona həmin ağacların kəsilməsinə görə 50 manat pul verəcəyini bildirmiş, həmin ağacların kimə məxsus olduğunu soruşduqda özünə məxsus olduğunu demiş və bundan sonra onlar razılaşmışlar. Bir müddət sonra polis şöbəsinə dəvət olunduqda kəsdiyi ağacların Qıpçaq Bələdiyyəsinə məxsus olduğunu öyrənmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Atayev Hikmət Ata oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Rəşad İsayevin məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin 25 fevral 2020-ci il tarixli aktından görünür ki, həmin tarixdə Qax rayonu Qıpçaq Bələdiyyəsinin mülkiyyətində olan köhnə qəbiristanlıq adlanan ərazidə meşə fonduna aid olmayan təbii bitmiş palıd cinsinə məxsus bir ədəd 155 sm diametrli və bir ədəd 156 sm diametrli 2 ədəd köküstə bitmiş yaş palıd ağaclarının qanunsuz kəsilməsi aşkar olunmuşdur. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qax rayonu Qıpçaq Bələdiyyəsinin mülkiyyətində olan köhnə qəbiristanlıq adlanan ərazidə meşə fonduna aid olmayan palıd cinsinə məxsus təbii şəkildə bitmiş ağaclardır, onlar köküstü yaş vəziyyətdə kəsilmişdir və ağacların ölçüləri 155 sm və 156 sm diametrlərində, sayı isə ümumilikdə 02 ədəd olmuşdur. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayının əvvəllərində özlərinə məxsus 1,46 hektar həyətyanı torpaq sahəsinin yanında yerləşən Qax rayonu Qıpçaq Bələdiyyəsinin mülkiyyətində olan köhnə qəbiristanlıq adlanan ərazidə meşə fonduna aid olmayan təbii bitmiş palıd cinsinə məxsus bir ədəd 155 sm diametrli və bir ədəd 156 sm diametrli 2 ədəd köküstə bitmiş yaş palıd ağacını qanunsuz olaraq kəsdiyi yeri və şəraiti göstərmişdir. Qıpçaq Bələdiyyəsinin 18 avqust 2020-ci il tarixli, 20 saylı arayışından görünür ki, Qax rayonu Qıpçaq kəndində yerləşən köhnə qəbiristanlıq adlanan ərazidə kəsilmiş ağaclar Qıpçaq Bələdiyyəsinin mülkiyyətinə aiddir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin verdiyi ziyanın təyin olunması barədə rəyindən görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qıpçaq Bələdiyyəsinə məxsus Qax rayonu Qıpçaq kəndində yerləşən köhnə qəbisrtanlığın ərazisində köküstə yaş palıd cinsinə məxsus olan ağacların qanunsuz kəsilməsinə görə təbiətə dəymiş ziyan 12350 (on iki min üç yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09.07.2020-ci il tarixli 9/1731 saylı Məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 7 saylı RETSİ-si tərəfindən tərtib edilmiş 02.04.2020-ci il tarixli 59512 nömrəli akt və ona əlavə edilmiş cədvələ əsasən Qax rayonu, Qıpçaq kəndində yerləşən köhnə qəbiristanlıq ərazisindən qanunsuz olaraq kəsilmiş köküstə yaş 2 ədəd 155 və 156 sm diamterlərində olan palıd cinsli ağacların qanunsuz kəsilməsinə görə təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 12350,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə ekspertiza xərcləri 50 (əlli) manat təşkil edir. Qax RİH Qıpçaq kənd İƏD-nin verdiyi 14.07.2020-ci il tarixli 519 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qax rayonu Qıpçaq kəndində pasport qeydiyyatındadır və onun ailə tərkibi onun özündən və anası X4 ibarətdir. Qax RİH Qıpçaq kənd İƏD-nin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİ İdarəsinin verdiyi 09.06.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndələri və iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-in 259.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mütənasib olmamışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Azərbaycan Respublikası Konstitusiyanın 68-ci maddəsinin İ hissəsində göstərilir ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19.03.2002-ci il tarixli “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” qərarında göstərilmişdir ki, ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi yalnız məhkumun maraqları ilə tamamlanmamalıdır. Burada həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin maraqları da nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxslər Qax rayonu Qıpçaq Bələdiyyəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri birinci instansiya məhkəməsinin iclasında etdikləri çıxışlarında Təqsirləndirilən şəxs tərəfindən vurulmuş külli miqdar təşkil edən maddi ziyanın ödənilməməsinə görə təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza təyin edilməsini təklif emişlər. Eyni zamanda nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halın olmamasını göstərməklə yanaşı, cəza təyini zamanı onun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməlində cəzanı ağırlaşdıran halların olmamasını əsas götürməsi özü-özlüyündə ziddiyyətin yaranmasıdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alır. Birinci instansiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı göstərilən tələblərini nəzərə almamış, ölkəmizdə yaşıllıq zonalarına diqqət göstərildiyi və dövlət tərəfindən sahəyə həssas yanaşıldığı halda təqsirləndirilən şəxsin qanunsuz olaraq 12.350 manat dəyərində 2 ədəd yaş köküstə palıd ağacını kəsməsini, dəymiş ziyanı qismən də olsa ödəmədiyini, ümumiyyətlə ziyanın ödənilməsi üçün cəhd etmədiyini, törətdiyi cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri və işin digər halları Təqsirləndirilən şəxs məhz daha sərt cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi CM-in 259.2.4-cü maddəsinin sanksiyasında yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər (CM-in 56.1.2). CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən isə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyul 2021-ci il tarixli 1(102)-1094/2021 nömrəli qərarında müəyyən edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etmədiyinə, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ağırlığına, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya protesti təmin edilməli, Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)-33/2020 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırkı hökmlə CM-in 259.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Qax Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(024)-33/2020 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı 31 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırkı hökmlə CM-in 259.2.4-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Birinci instansiya məhkəməsinin hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar