Məhkəmə qərarları › İş №1(107)-91/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-91/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-91/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkil X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 235.3.4 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 1(091)-182/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 1(091)-182/2021 nömrəli (sədrlik edən hakim X11, hakimlər X9 (məruzəçi) və X4 ibarət tərkibdə) hökmü ilə, xx.xx.1988-ci ildə Balakən rayonu Qullar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.01.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1, 235.3.4 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 235.3.4-cü maddəsi ilə 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi həbsə alındığı 23 aprel 2021ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 35,97 AZN (otuz beş manat doxsan yeddi qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan – Balakən rayon Polis Şöbəsində saxlanılan 454,95 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə –qurudulmuş marixuana və 12 (on iki) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin şitilləri məhv edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. işin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə gecə saat 23 radələrində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs Balakən şəhəri “Bazarbaşı” adlanan yerdən rayonun Poştbinə kənd sakini Şahid8 taksi kimi fəaliyyət göstərməklə idarə etdiyi VAZ- 21099 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəvət edib mindirərək Balakən rayonu Qullar kənd sakini Şahid7 həmin kənddə yerləşən evinə aparmış, evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs əynindəki qış gödəkçəsini və şalvarının arxa cibində olan 45 manat pulunu çıxardaraq, eləcə də Zərərçəkmiş şəxs həmin vaxt stolun üzərinə qoyduğu 50 manat dəyəirində olan «Samsung S4» markalı və 20 manat dəyərində olan “Nokia” markalı mobil telefonlarını götürməsinə icazə verməyərək sonuncunun üz nahiyəsinə iki dəfə sillə və sinəsinə bir dəfə təpik vurmaqla ona qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə, həmçinin rahat yaşamağa qoymayacağı, başına oyun açacağı, hamının yanında onu alçaldacağı ilə hədələyərək sonuncudan narkotik vasitə hesab edilən bir qram heroin və psixotrop maddə hesab edilən bir qram metamfetamin gətirməsini tələb etmiş, qeyd edilən narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini gətirdikdən sonra həmin əşyaları və pulu Zərərçəkmiş şəxs qaytaracağını bildirərək qəsdən həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə narkotik vasitəni və psixotrop maddəni hədə qorxu ilə tələb etmə cinayət əməlini törətmişdir. Bundan başqa o, 2021-ci ilin mart ayında Balakən rayonu Qullar kəndinin ərazisindən axan Hunbul çayının kənarından tapdığı yabanı halda bitmiş bir ədəd qurumuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin üzərindən yararlı hissələrini toplayaraq qəsdən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 455,00 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana əldə edib bir ədəd sellofan torbaya doldurub daşımaqla yaşadığı evdə çarpayının döşəyinin altında öz istifadəsi üçün gizlədərək saxlamışdır. Bundan başqa o, istintaqa məlum olmayan yerdən və vaxtda əldə edərək yaşadığı evdə gizlədib saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin istintaqa məlum olmayan sayda toxumlarını 2021-ci ilin aprel ayının əvvəllərində Balakən rayonu Qullar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində əkərək həmin toxumlardan bitmiş xeyli miqdarda, yəni 12 (on iki) ədəd hündürlükləri 8 sm-dən 16 sm-dək, ümumi təmiz çəkiləri 2,21 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitillərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə qəsdən qanunsuz olaraq kultivasiya etmişdir. 23 aprel 2021-ci il tarixdə Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Orucov X8 RPŞ-yə dəvət edilərək şübhəli şəxs qismində tutulub saat 03:50-dən 04:40-dək olan müddət ərzində Şahid8 idarə etdiyi və Təqsirləndirilən şəxs sərnişini olduğu VAZ-21099 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun Balakən rayonu Qullar kəndində yerləşən yaşadığı evin həyətyanı torpaq sahəsində qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edib daha münbit şəraiti olan Balakən rayonu Qullar kəndində “Arılıq” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı dağ sahəsində əkmək məqsədi ilə kökündən çıxardaraq kök hissələrini bir ədəd polietilen örtüyə büküb daşıdığı həmin xeyli miqdardakı 12 (on iki) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri Şahid8 idarə etdiyi və onun sərnişini olduğu VAZ-21099 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, keçirilən əməliyyat tədbirlərinin davamı olaraq həmin gün Balakən rayonu Qullar kəndindəki yaşadığı evə saat 04:55-dən 05:35-dək olan müddət ərzində baxış keçirilən zaman yaşadığı evdə qəsdən, qanunsuz olaraq, satış məqsədi olmadan öz istifadəsi üçün sellofan torbada saxladığı şəxsi istehlak miqdarından artıq miqdardakı, təmiz çəkisi 455,00 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə - qurudulmuş marixuana yaşadığı evdəki çarpayının döşəyinin altında aşkar edilərək götürülmüşdür. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1, 235.3.4 və 237.1-ci maddələri ilə cinayətlərin məcmusu üzrə qanunvericiliyin müəyyən etdiyi qaydalar nəzərə alınmaqla yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində qismən özünü təqsirli bilmiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmündən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin təmin edilərək, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmünün apellyasiya protestinə uyğun olaraq dəyişdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 verilmiş apellyasiya şikayətinin təmin olunmasını, cəzasının yüngülləşdirilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci ildə Asim ona nalayiq ifadə işlətdiyi üçün ona bir şillə vurmuş, lakin ondan narkotik maddə tələb etməmişdir. O Narkotik maddə istifadəçisidir, polislər onu tutan zaman narkotikin təsiri altında olmuşdur. Hətta onu tutan zaman çiynini çıxarıb, ona əziyyət veriblər. Birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs oğli ifadəsində göstərmişdir ki, 2010-cu ildə tutulmazdan əvvəl onda narkotik tərkibli çətənə bitkisinin toxumları olmuş, həmin toxumları tutulmazdan əvvəl yaşadığı evdə gizlədib saxlamışdır. 2021-ci ilin mart ayında Balakən rayonu Qullar kəndindən axan Humbul çayının kənarına gəzməyə getdiyi vaxt çayın kənarında yabanı halda bitmiş bir ədəd qurumuş vəziyyətdə olan iri narkotik tərkibli çətənə bitkisini tapmış, həmin vaxt üzərində olan bir ədəd sellofan torbaya həmin bitkinin üzərindən yararlı hissələrini yığıb üstündə gizlədərək yaşadığı evə gətirərək gələcəkdə özü istifadə etmək məqsədilə çarpayının döşəyinin altında gizlətmişdir. Yaşadığı evdə gizlətdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2021-ci ilin aprel ayının əvvəllərində yaşadığı evin həyətyanı torpaq sahəsində əkmiş, əkdiyi çətənə bitkisinin toxumlarından 12 ədəd narkotik tərkibli çətənə bitkiləri cücərmişdir. Həmin bitkiləri suvarmış, ətrafını alaq otlarından təmizləmişdir. Həmin bitkləri hər hansı bir şəxsin görməsindən ehtiyat edərək 12 ədəd narkotik bitkilərini Qullar kəndində “Arılıq” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı dağ sahəsinə əkmək qərarına gəlmişdir. Bunun üçün tanışı olan taksi sürücüsü Şahid8 22.04.2021-ci il tarixdə gecə yaşadığı ünvana dəvət etmiş, Ramazan özünə məxsus VAZ- 21099 markalı avtomaşınla onlara gəlmişdir. Ramazanın xəbəri olmadan dağda əkmək üçün özü ilə götürdüyü 12 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərini sonuncunun idarə etdiyi avtomobilin yük yerinə qoymuş, Ramazan avtomobili ilə yaşadığı evdən asfalt yola çıxdıqda polis əməkdaşları avtomaşını saxlayaraq avtomaşında narkotik bitkiləri olmasından şübhələnərək avtomaşına baxış keçirilməsi üçün onları Balakən Rayon Polis Şöbəsinə gətirmişlər. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış keçirilən zaman polis əməkdaşlarına Ramazanın idarə etdiyi avtomobilin yük yerinə narkotik tərkibli çətənə bitkisinin şitillərini qoyduğunu, həmçinin yaşadığı ünvanda narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Şahid8 məxsus olan VAZ-21099 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin saxlanc yerində olan 12 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin bitkilər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Balakən rayonu Qullar kəndində yaşadığı evə keçirilən baxış zamanı yaşadığı evdə çarpayının döşəyinin altında gizlətdiyi bir ədəd sellofan torbada olan şəxsi istifadəsi üçün saxladığı narkotik 461 qram vasitə –qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır və polis əməkdaşları tərəfindən götürülmüşdür. 21 fevral 2021-ci il tarixdə “Qoba” ləqəbli taksi sürücüsü Şahid8 ona həmin gün bir neçə dəfə zəng edərək Asimin 10 manat pul borclu olduğuna görə sonuncunu axtardığını bildirmişdir. Asim əvvəllər bir neçə dəfə yaşadığı evin həyətindəki xurmanı pul müqabilində yığmış, həmin vaxtdan da Asimlə münasibəti yaranmışdır. “Qoba” da Asimlə münasibəti olduğundan sonuncudan pulu almaq üçün ona müraciət etmiş və birlikdə onun yaşadığı ünvana getməyi təklif etmişdir. Evdə qonağı olduğundan Asimin yanına ertəsi günü gedə biləcəyini bildirmiş, “Qoba” israr etdikdə Asimə zəng etməyi təklif etmişdir. Asimə zəng etdikdə Asim gələcəyini desə də gəlməmişdir. “Qoba” nın idarə etdiyi avtomobilə minərək Asimin yaşadığı ünvana getmiş, Asimin atası evin qarşısındakı küçədə sərxoş vəziyyətdə olmuşdur. Həmin yerdə olan Asim onlara atasını evə çatdırıb qayıdacağını bildirmişdir. “Qoba” Asimdən 10 manat pulunu istədikdə Asim rayonda kimdənsə alacaq pulunun olduğunu bildirmiş və şəhərin “Bazarbaşı” adlanan yerində maşından düşmüşdür. Saat 12 radələrində Asim gəlmədikdə Ramazan çıxıb evinə getmiş, sonra Asim zəng edərək Ramazanı Bazarbaşına çağıraraq orada pulunu verəcəyini demişdir. “Bazarbaşı”na yaxın yerə çatdıqda “Qoba” Asimin yanında avtomaşını saxlayıb maşına mindirib pulunu istədikdə Asim Qobaya 1 manat 70 qəpik pul verərək həmin pulla benzin töküb evə getməsini, sabah pulunu verəcəyini demişdir. Qoba əsəbləşib nömrəsini telefonundan silməsini, daha ona zəng eləməməsini demişdir. Asim ondan özünü evə çatdırmağını xahiş etsə də Qoba Asimə çatdırmadığını, həmin pula evə ya çatacağını, ya da çatmayacağını demişdir. Qoba ilə Asimin aralarında narazılıq olmuş, Asimlə avtomaşından düşmüşlər. Həmin vaxtı “Qoçu” ləqəbli Vüqar Bodurov onu qonşusu Şahid7 evinə qonaq dəvət etdiyindən Asimə ora gedəcəyini bildirmiş, Vüqar ona Yevlaxdan qonaqların gəldiyini demişdir. Onlar Elmangilin evlərinin yanında düşmüş, həmin vaxt tanış taksi gəlmişdir. Həmin taksi sürücüsündən Asimi aparıb evlərinə salmasını xahiş etmişdir. Həmin şəxs səhər 7-dən işdə olduğunu, çox yorulduğunu bildirmiş və Asimi evə aparmağa razılaşmamışdır. Asimə Elmangilə qonaq çağırıldığını bildirərək qapının ağzında gözləməsini tapşırmış, evə daxil olduqda içəridə “Qoçu”, Elman, iki nəfər Yevlax rayon sakini, Balakən rayon sakini Vasayev Kamranın iki yeniyetmə oğlu, həmkəndlisi Şahid6 olmuşdur. Həmin şəxslər yeyib içməklə məşğul olmuşlar. Həmin vaxtı onlara evdə Göyçaydan gələn qonağının olduğunu, həyət qapısının qarşısında isə Asimin olduğunu bildirmişdir. Hamı Asimi də dəvət etməyini bildirdikdə onu da dəvət etmişdir. Asim orada olan hər kəs ilə görüşmüş, həmin vaxt orada olan şəxslərdən biri Asimə söz ataraq “Mahirin işverən olduğunu, ona görə polisin Mahiri tutmadığını deyirdin, indi bir yerdəsiniz” demişdir. Asimdən onun barəsindı o cür dediyini soruşmuş, Asim də ona kimə demişdirsə, həmin adamı oraya gətirməsini demişdir. Asimə nəyə görə onun barəsində polisə iş verdiyini dediyini soruşmuş, Asim yenə də kimə demişdirsə, həmin adamı oraya gətirməsini demişdir. Əsəbləşib Asimin üzünə bir dəfə sillə ilə vurmuş, həmin yerdə olan şəxslərin çoxu yatsa da oyaq olan şəxslər onu Asimi vurmaqdan çəkindirmişlər. Bir dəfə sillə vurduqdan sonra daha Asimi vurmamış, oradakı şəxslər Asimi sakitləşdirib yevlaxlılardan birinin idarə etdiyi avtomobilinə mindirib yaşadığı ünvana göndərmişlər. Asimi yaşadığı ünvana çatdırıb geri qayıtmağını həmin şəxsə tapşırmış, Asimin gödəkçəsi və telefonları Elmanın yaşadığı evdə qalmışdır. Yevlaxdan olan şəxs Asimi yaşadığı ünvana çatdırıb geri qayıtmış, Yevlaxdan olan həmin sürücü ona Asimin avtomaşından düşüb şikayət edəcəyini bildirərək qaçdığını demişdir. Asimdən narkotik vasitə tələb etməmiş, sonuncuya hədə-qorxu gəlməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə saat 2230 radələrində evə gedərkən «Bazarbaşı» adlanan yerə çatdıqda “Qoba” ləqəbli Ramazan adlı şəxs idarə etdiyi VAZ-21099 markalı avtomaşını Balakən rayonu Qullar kəndi- Balakən şəhər istiqamətində gələrək yanında saxlayaraq avtomaşının qabaq sərnişin oturacağında əyləşən Təqsirləndirilən şəxs onunla işi olduğunu və buna görə də avtomaşına əyləşməsini bildirmişdir. O da avtomaşinın arxa sərnişin oturacağına əyləşmiş, Mahir ondan arxasınca kimlərin yanında nə danışdığını soruşmuş Mahirə sonuncunun arxasınca heç nə danışmadığını bildirmişdir. Mahir ona “gedək, mən sənə sübut edim» demiş, getməkdən imtina etdikdə sonuncu ona deməmisənsə, niyə qaçırsan, gəl gedək demişdir. Mahirlə razılaşmış, «Qoba» adlı şəxsin idarə etdiyi avtomaşınla əvvəldən həmkəndlisi kimi tanıdığı Şahid7 evinə getmişlər. «Qoba» onları orada düşürüb çıxıb getmiş, Şahid7 evində içki məclisi açılmış, stolun arxasında 7-8 nəfərin əyləşmişdir. Həmin məclisdə Şahid6, Şahid7 qonşusu «Qoçu» ləqəbli şəxs, Şahid7, «Qoçu»nun Yevlax rayonundan olan bir nəfər adını bilmədiyi qonağı, Balakən rayon sakini X6 iki nəfər adlarını bilmədiyi oğulları, bir nəfər də həm Vasayevin oğlanlarını, həm də başqa bir Yevlax rayon sakini orada olmuşdur. Evə daxil olan kimi Mahir qapını arxadan bağlayaraq qeyd etdiyi şəxslərin yanında ondan özünə bir qram heroin və bir qram metamfetamin verməyini tələb etmiş, Mahirə özündə metamfetamin və heroin olmadığını bildirdikdə Mahir onun üzünə iki dəfə əli ilə sillə vuraraq və sinəsinə ayağı ilə bir dəfə təpik vuraraq üstünü axtarmağa başlamış, üstündə nə varsa stolun üstünə qoymasını tələb etmişdir. Üstündən heç nə, yəni narkotik vasitə tapmadıqda Mahir üzərindəki qış gödəkçəsini əynindən çıxartmış, əynindəki şalvarın arxa cibində olan 45 manat pulu da cibindən götürmüşdür. Həmin vaxtı özünə məxsus olan bir ədəd «Samsung S4» markalı mobil telefonu və sadə «Nokia» markalı mobil telefonları həmin şəxslərin yeyib-içdikləri stolun üstünə qoymuş, Mahir ondan bir qram «şüşə» (metamfetamin) və bir qram «kokos» heroin verməsini tələb etmişdir. Mahirə özündə şüşənin və kokosun olmadığını bildirdikdə sonuncu ona 2 telefonu, kurtkanı və 45 manat pulu orada qoymasını, özü də gedib bir qram kokos və bir qram şuşə tapıb gətirməsini, yoxsa onun başına oyun açacağını, rahat yaşamağa qoymayacağını, onu hamının yanında alçaldacağını, kokosu və şüşəni gətirəndən sonra gəlib həmin əşyaları götürməsini demişdir. Kokosun və şüşənin evdə olduğunu deyərək canını qurtarmaq üçün Mahiri aldatmış, yevlaxdan olan adını bilmədiyi sürücü ilə birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla yaşadığı Balakən şəhəri A.Məmmədov küçəsi-45 ünvanına getmiş, oraya çatdıqda avtomaşından düşərək həmin şəxsə gözləməsini demişdir. Evə daxil olduqdan sonra polis əməkdaşı Şahid4 zəng edib bu barədə məlumat vermiş, Şahid4 oraya gəldikdən sonra birlikdə Zumrat Taralovun evinə getmişlər. Oradan özünə məxsus olan əşyaları götürmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, sonuncuya qarşı heç bir şikayət və tələbi olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilımiş Balakən rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qullar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik bitkiləri əkərək becərməsi və sərnişin kimi əyləşdiyi Gərəkli kənd sakini Şahid8 idarə etdiyi VAZ-21099 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşında daşıması barədə daxil olmuş məlumat əsasında 23 aprel 2021-ci il tarixdə Balakən RPŞ-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs sərnişin kimi əyləşdiyi və Gərəkli kənd sakini Şahid8 idarə etdiyi VAZ-21099 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə 12 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərini qoyduğunu, bundan başqa Qullar kəndindəki yaşadığı evində çarpayının döşəyinin altında sellofan torbada öz istifadəsi üçün qurudulmuş marixuana saxladığını bildirmişdir. 23.04.2021-ci il tarixdə Balakən rayon Polis Şöbəsinin inzibati həyətində Şahid8 idarə etdiyi VAZ-21099 markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindən 12 ədəd, hündürlükləri 8sm-dən 16sm-dək olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar olunduqdan sonra qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Balakən rayonu Qullar kəndində yerləşən evinə baxış keçirilən baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə otaqlardan birindəki çarpayının üzərinə yığılmış döşəklərin altından bir ədəd sellofan torbanı çıxardaraq təqdim etmişdir. Həmin sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyə malik 461 qram bitki kütləsi aşkar olunduqdan sonra qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin CinayətAxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid2 və aqronommütəxəssis Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Balakən rayon Polis Şöbəsinin CinayətAxtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərmişdir ki, 22 fevral 2021-ci il tarixdə gecə saat 02 radələrində Balakən şəhər sakini əvvəldən tanıdığı Zərərçəkmiş şəxs mobil telefonuna zəng edərək Təqsirləndirilən şəxs adlı şəxsin onu döyüb hədə-qorxu gələrək ondan bir qram «kokos» (heroin) və bir qram «şüşə» (metamfetamin) istədiyini, gətirməsə başına oyun açacağını, rahat yaşamağa qoymayacağını, həmin vaxtı yaşadığı ünvan 8 ünvanında olduğunu, narkotik vasitə gətirmək üçün Mahirin onu yaşadığı ünvana göndərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ona hadisənin Şahid7 evində baş verdiyini, həmin vaxtı orada «Qoçu» ləqəbli Vüqar Bodurovun, Təqsirləndirilən şəxs, 2 nəfər tanımadığı Yevlax rayon sakinlərinin, Şahid6 və tanımadığı bir neçə nəfər şəxsin olduğunu bildirmişdir. Həmin vaxtı əməliyyat-istintaq qrupunun rəhbəri olan RPŞ-nin İTB-nin rəisi Rüstəm Hüseynova bu barədə məlumat vermişdir. RPŞ-nin PPXB-nin manqa komandiri Şahid3 və bir neçə polis nəfəri ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmiş, Zərərçəkmiş şəxs onlara Təqsirləndirilən şəxs ona hədə- qorxu gələrək narkotiik vasitə olan «kokos» (heroin) və psixotrop maddə olan «şüşə» (metamfetamin) gətirməyə göndərdiyini və onu döydüyünü bildirmişdir. Asim həmçinin Mahirin ona məxsus olan 1 ədəd gödəkçəsini, 2 ədəd mobil telefonunu və 45 manat pulunu götürərək narkotik vasitə və psixotrop maddə gətirib gəldikdən sonra qaytaracağını bildirdiyini demişdir. Asim onlara Mahirin onu yevlaxlının VAZ-2107 markalı avtomobilinə mindirib narkotik vasitə və psixotrop maddə gətirmək üçün yaşadığı ünvana göndərdiyini, həmin Yevlax rayon sakininə özünü qapıda gözləməsini bildirərək evə gəlib ona zəng etdiyini demişdir. Zərərçəkmiş şəxsla birlikdə Balakən rayonu Qullar kənd sakini Şahid7 Qullar kəndində yerləşən evinə getdikdə evə yaxınlaşdıqda küçədə VAZ-2107 markalı, dövlət qeydiyyat nömrələrini xatırdlamadığı ağ rəngli minik avtomobilinin dayandığını görmüş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünü həmin avtomobilə mindirərək Kamranın kiçik oğlu ilə birlikdə narkotik vasitə və psixotrop maddə gətirməsi üçün evə göndərdiyini bildirmişdir. İçəri daxil olduqda əvvəldən tanıdığı əvvəllər məhkum olunmuş şəxslər Vüqar Bodurov, Şahid7, Şahid6, həmçinin 2 nəfər sonradan Yevlax rayon sakinləri olduqlarını bildiyi Şahid9 və Şahid10, Balakən rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə həbsdə olan Kamran Vasayevin 2 nəfər yeniyetmə oğlu otaqda olmuşlar. Sonradan adının Şahid10 olduğunu öyrəndiyi Yevlax rayon sakini həmin vaxtda otaqdakı çarpayının üzərində uzanıb yatmış, bir neçə dəfə həmin şəxsi yuxudan oyatmağa dəfə cəhd etsələr də oyada bilməmişlər. Zərərçəkmiş şəxs məxsus olan bir ədəd qış gödəkçəsi və «Samsung S4» markalı telefon stolun üzərində olmuş, Asim oradakı şəxslərdən «Nokia» markalı telefonunun və 45 manat pulunun harada olduğunu soruşduqda ordakı şəxslərdən biri həmin telefonu və pulu Təqsirləndirilən şəxs götürdüyünü bildirmişdir. Stolun üzərində və ortalıqda narkotik vasitə və ya qanunsuz heç bir əşya olmadığından və baş verən hadisənin istintaq tərəfindən araşdırılmalı olduğunu hesab edərək Zərərçəkmiş şəxs şikayət ərizəsini yazmağı tövsiyyə etmişlər. Zərərçəkmiş şəxs onlarla birlikdə Balakən RPŞ-yə gələrək şikayət ərizəsini yazmışdır. Birinci instansiya məhkəməsində zamanı şahid qismində dindirilmiş Balakən rayon X17 Patrul Xidmət Bölüyünün manqa komandiri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə Şahid7 yaşadığı evə getmiş, Elmangildə onun özündən başqa digər qonaqlar da olmuşdur. Həmin qonaqlardan 2 nəfəri Yevlax rayon sakinləri olmuş, Vasayev Kamran adlı şəxsin 2 oğlu da orda olmuşdur. Yarım saata qədər həmin şəxslərlə birlikdə süfrənin arxasında əyləşib çörək yeyib spirtli içki qəbul etdikdən sonra yorğun olduğundan həmin otaqdakı çarpayıya uzanaraq yuxuya getmiş, Balakən RPŞ-nin əməkdaşı Şahid4 onu oyadaz zaman ayılmışdır. Həmin vaxt Mahirlə Asimin arasında dava olduğunu bilmiş, lakin heç bir dava görməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə axşam vaxtı Balakən şəhəri ərazisində özünə məxsus avtomaşınla taksi fəaliyyəti ilə məşğul olduğu zaman Təqsirləndirilən şəxs ona zəng edərək onu çağırmış, Mahiri yaşadığı Balakən rayonu Qullar kəndindəki evindən avtomaşına mindirmişdir. Bir neçə mağazaya çatdıqdan sonra Mahir ona Asimi də yoldan götürməli olduğunu demişdir. Asim adlı tanıdığı şəxsi yaşadığı evin yaxınlığından, yəni «Bazar başı» adlanan yerdən avtomaşına mindirmişdir. X18 kəndində «Göygöl» adlanan ərazidə tanımadığı evin qarşısında düşürdüb getmişdir. 22 aprel 2021ci il tarixdə Mahir onu evlərinə çağıraraq özünü Qullar kəndində yerləşən “Arılıq” yanacaqdoldurma məntəqəsinin yanına aparmasını bildirmişdir. Mahiri evindən götürüb asfalt yola çıxdıqda polis əməkdaşları onları saxlayaraq minik avtomobilində narkotik tərkibli bitikilərin olmasından şübhələnərək onları Balakən rayon Polis Şöbəsinə gətirmişlər. Orada onun avtomaşının yük yerinə baxış keçirilən zaman avtomobilinin yük yerindən 12 ədəd narkotik tərkibli çətnə bitkisinə oxşar bitki şitilləri aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitki şitillərinə oxşar şitilləri maşının yük yerinə özünün qoymasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə tanışı Şahid10 ilə birlikdə Balakən rayonundan olan Vasayev Mahir və Vasayev Sabir qardaşlarına Balakən Asan Xidmət mərkəzindən sənəd almaq üçün idarə etdiyi avtomaşını Balakən rayonuna gəlmiş, həmin gün Vüqar Bodurov adlı şəxsin evində yemək yedikdən sonra sonuncunun ailə üzvləri evə gəldiyinə görə Şahid7 evinə getmişlər. Orada da süfrə açılmış, bir müddət yeyib ondan başqaları spirtli içki də qəbul etdikdən sonra hamısı yorğun olduqlarından yatmışlar. Gecənin bir vaxtı yuxudan səs-küyə oyanmış, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs sonradan adının Asim olduğunu öyrəndiyi şəxslə mübahisə etdiyini görmüşdür. Həmin vaxtı stolun üzərində Asimə məxsus olduğunu başa düşdüyü iki ədəd mobil telefon və gödəkçə olmuş, həmin vaxtı həyətə düşmüşdür. Mahir onu həyətdən çağıraraq başqa heç kimdə avtomaşın olmadığına görə Asimi evinə aparıb geri gətirməyini xahiş etmişdir. Vasayev Mahiri də özü ilə götürərək Asimi idarə etdiyi avtomobilə mindirərək evinə aparmışdır. Təxminən 10-15 dəqiqə arası yol getdikdən sonra Asim maşını saxlamalarını bildirib geri qayıdacağını deyərək evə getmiş, Asim geri qayıdacağını bildirsə də Asimlə Mahirin arasında mübahisə olduğundan və mübahisənin uzanmağını istəmədiyindən Asimi gözləməyərək geri Elmangilə qayıtmışdır. Geri qayıtdıqda Mahir ondan Asimi soruşduqda gözləməyərək geri qayıtdığınıı bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 eyni məzmunlu ifadə verərək Şahid9 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə dəqiq vaxtını xatırlamadığı gecə radələrində Zərərçəkmiş şəxs ona zəng edərək özünə məxsus olan gödəkçəni və telefonunu Qullar kənd sakini Təqsirləndirilən şəxs götürdüyünü deyərək həmin əşyaları Mahirdən geri götürməyini ondan xahiş etmişdir. Avtomaşınında müştəri olduğunu, həmin müştərini çatdırıb geri qayıdanda ona zəng edəcəyini bildirmiş, müştərini sifariş etdiyi ünvana çatdırıb geri qayıdarkən Asimə zəng etmişdir. Asim ona artıq polisdə olduğunu və şikayət etdiyini bildirmişdir. O da artıq polisə şikayət etdiyinə görə onun həmin məsələyə müdaxilə etməyinə ehtiyacın olmadığını Asimə bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə axşamüstü qonşusu «Qoçu» ləqəbli X10 yaşadığı evə gələrək evdə ailəsinin olduğunu bildirib tək olduğuna görə evinə qonaq gəlmiş şəxsləri evində qonaq etməsini ondan xahiş etmiş, Vüqarın təklifi ilə razılaşaraq sonradan Balakən rayon sakini Vasayev Kamran adlı şəxsin iki yeniyetmə oğlunu və həmin uşaqları gətirib Balakənə gəlmiş iki nəfər Yevlax rayon sakini olduqlarını bildiyi şəxsləri evinə qonaq qəbul etmişdir. Söhbət əsnasında həmin uşaqların Rusiyaya getməli olduqlarından şəxsiyyət vəsiqəsi almaq üçün Balakən rayonuna gəldiklərini öyrənmişdir. Həmin şəxslərə süfrə açıb bir litrlik meyvə arağını da alıb yeyib-içməyə başlamışlar. Təxminən 15-20 dəqiqə sonra Şahid6 adlı Gərəkli kənd sakini də onlara qonaq gəlmiş, bir saat sonra Bodurov Vüqar özü də onlara gəlmişdir. Bir müddət hamısı birlikdə yeyib içəndən sonra o yuxuya getmişdir. Gecə saat 12 və 01 radələrində otaqdakı dava səsinə yuxudan ayılmış, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs adlı şəxslərin mübahisə etdiklərini görmüşdür. Həmin şəxslərin hər ikisi o yuxuda olarkən onlara gəlmiş, sonuncuların necə gəldiklərindən xəbəri olmamışdır. Yuxudan ayılanda stolun üstündə iki ədəd telefonun və bir ədəd qış gödəkçəsinin olduğunu görmüş, Mahir Asimi «şüşə» gətirməyə göndərmiş, «şüşəni gətirəndə telefonlarını, kurtkanı və pulunu götürərsən» demişdir. Mahirə iradını bildirərək «bura sizin üçün razborka yeridirmi?» demiş, Mahir Asimi yevlaxlılardan birinin maşını ilə «şüşə» gətirib gəlmək üçün yola salmışdır. Bir müddət sonra özü də Asimin arxasınca çıxmış, təxminən 20 dəqiqə sonra polis əməkdaşları Zərərçəkmiş şəxslə birlikdə yaşadığı ünvana gəlmişlər. Asim polislərə heç bir günahlarının olmadığını, Mahirlə probleminin olduğunu bildirmişdir. Stolun üstündə kurtka ilə telefonlar qalmış, polis əməkdaşları həmin əşyaları Asimə vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 23 aprel 2021-ci il tarixli 17/292 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət.Şahid8 idarə etdiyi...avtomaşının yük yerində vət.Təqsirləndirilən şəxs saxladığı narkotik tərkibli çətənə ....” sözləri yazılmış zərfin içərisindəki 12 (on iki) ədəd, hündürlükləri 8 sm.dən 16 sm.-dək ümumi təmiz çəkisi – 2,21 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronom Şahid5 tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli aqronom rəyinə əsasən təqdim olunmuş 12 (on iki) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə ...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-455,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 08 may 2021-ci il tarixli 535 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.01.2011-ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.10.2020ci ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1 və 18.2.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədiyinə görə Təqsirləndirilən şəxs əməlində CMin 234.1 və 237.1-ci maddələrinə münsibətdə cinayətlərin residivi, CM-in 235.3.4-cü maddəsinə münasibətdə isə cinayətlərin təhlükəli resdivi vardır. İş materiallarında olan baxış keçirilməsinə dair 23 aprel 2021-ci il tarixli protokola və ona əlavə edilmiş video görüntünün olduğu CD-diskə əsasən müəyyən edilmişdir ki, VAZ21099 markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman 12 ədəd çətənə bitkisinin şitili və Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman 461 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş 23 aprel 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 0130da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim edilmiş arayış və xasiyyətnamədən görünür ki, Orucov X8 rayonu Qullar kəndində yaşamaqla yaşadığı yer üzrə müsbət səciyyələndidilmişdir. İşdən görünür ki, həm apellyasiya protestində həm də, apellyasiya şikayətində hazırkı cinayət işinin faktiki halları və əməlinin tövsifi deyil, yalnız cəza məsələsi mübahisələndirilmişdir. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət səciyyələndirilməsi və zərər çəkmiş şəxslə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Bundan başqa iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.01.2011-ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.10.2020ci ildə cəzasının sonu ilə azad edilmişdir. CM-in 18.1 və 18.2.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədiyinə görə Təqsirləndirilən şəxs əməlində CM-in 234.1 və 237.1-ci maddələrinə münsibətdə cinayətlərin residivi, CMin 235.3.4-cü maddəsinə münasibətdə isə cinayətlərin təhlükəli resdivi vardır. Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (CM-in 65.1). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (CM-in 65.2). Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir Ona görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş səkkiz il müddətinə azadlıqdan məhrum etmə cəzasını onun şəxsiyəti və törətdiyi cinayət əməlinə görə cəzanın məqsədlərinin təmin olunması baxımından əsaslı hesab edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 235.3.4 və 237.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 1(091)-182/2021 nömrəli hökmü baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar