Məhkəmə qərarları › İş №1(107)-93/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-93/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-93/2020 31.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X7 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx.xx.1971-ci ildə Ağdaş rayonunun Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Ağdaş rayonunun Şıxlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişTəqsirləndirilən şəxs CM-in 259.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə saat 23:00-dan 07:00-dək Ağdaş rayonunun Şıxlı kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarətin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 2019-cu ilin fevral ayının əvəllərində meşə fonduna aid olmayan əvvəllər komendat vəzifəsində işlədiyi Ağdaş rayon Şıxlı kənd ərazisində yerləşən Tibb məntəqəsinin ərazisindən öz qulluq mövqeyindən istifadə edərək yaş halda dəyəri 1000 manat olan 01 ədəd 52 sm diametrdə, dəyəri 500 manat olan 01 ədəd 42 sm diametrdə, dəyəri 600 manat olan 01 ədəd 44sm diametrdə, dəyəri 700 manat olan 01 ədəd 46 sm diametrdə, dəyəri 400 manat olan 01 ədəd 36 sm diametrdə 05 ədəd qovaq ağaclarını, dəyəri 250 manat olan 01 ədəd 28 sm diametrdə, dəyəri 300 manat olan 01 ədəd 35 sm diametrdə, dəyəri 400 manat olan 01 ədəd 38 sm diametrdə, dəyəri 120 manat olan 01 ədəd 11 sm diametrdə 04 ədəd yalanqoz ağaclarını, dəyəri 120 manat olan 01 ədəd 12 sm diametrdə 01 ədəd qarağacı, təkrarən xx.xx.2019-cu il tarixdə, saat 14:15 radələrində həmin tibb məntəqəsinin ərazisindən dəyəri 350 manat olan 33 sm diametrli 01 ədəd qovaq ağacını aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq vahid niyyətlə kəsərək təbiətə ümumilikdə 4740 (dörd min yeddi yüz qırx) manat xeyli miqdarda ziyan vurmuşdur. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, hökm ədalətsizdir. Cinayət işində mənim təqsirimi sübut edən heç bir sübut yoxdur. Məhkəmə ittiham aktında yazılanları olduğu kimi öz hökmünə köçürərək məni əsassız yerə məhkum etmişdir. Mən həm ibtidai istintaqda, həm də məhkəmədə qeyd etmişdim ki, cəmi bir ədəd quru ağac kəsmişəm. Quru ağacın kəsilməsi isə heç bir məsuliyyət yaratmır. Özümü məhkəmədə təqsirli bilməsəm də, məhkəmə hökmdə yazmışdır ki, guya mən özümü təqsirli bilmişəm və cinayəti etiraf etmişəm. Bir daha qeyd edirəm ki, mən heç bir cinayət törətməmişəm, heç bir etiraf etməmişəm. Bundan başqa, məhkəmə hökmdə yazır ki, mənim cinayət törətməyim zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə tam sübuta yetirilib. Nəzərinizə çatdırıram ki, qeyd edilən şəxslərin ifadələri ilə mənim cinayət törətməyim nəinki tam, heç qismən də olsa sübuta yetirilmir. Odur ki, göstərilənləri nəzərə alaraq Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və təqsirliliyim sübuta yetirilmədiyindən mənə bəraət verilməsini apelyasiya instansiya məhkəməsindən xahiş edirəm. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirmişdir ki, mən və 8 saylı RETSİ-nin digər əməkdaşları xidməti ərazidə olan zaman Ağdaş rayon Şıxlı kəndi ərazisində reyd keçirərkən Şıxlı kənd xəstəxanasının ərazisindən 12 ədəd köküstə yaş halda olan ağacların kök boğazından kəsilməsi faktına rast gəlmişik. Orada quru ağaclar da var idi. Təqsirləndirilən şəxs iştirakı ilə əraziyə baxış keçirildi, ağacların köklərinin şəkilləri çəkildi. Həmin vaxt Təqsirləndirilən şəxs onların heç birinə quru demədi. Təqsirləndirilən şəxs izahatında ağacları kəsmədiyini, onları Vüqar adlı şəxsin kəsdiyini göstərdi. Vüqar adlı şəxsin şəxsiyyəti müəyyən edildi, o izahatında cəmi bir quru ağacı kəsdiyini, qalanları isə Familin kəsdiyini bildirdi. Cinayət əməlinin tərkibi yarandığından, araşdırmanı Ağdaş RPŞ davam etdirdi. Təqsirləndirilən şəxs komendant kimi diametri 30-35 sm olan ağacların yoxa çıxmasını görməyə bilməzdi. Onu kəsib aparmaq üçün xeyli vaxt lazımdır. Bundan sonra ağacların köklərini ona görə yandırırlar ki, kəsilmiş ağacın yaş və ya quru olmasını müəyyən etmək mümkün olmasın. Bu halda ağacın kökləri torpaqdan çıxarılmalıdır. Təqsirləndirilən şəxs quru ağacı da kəsməyə səlahiyyəti olmamışdır. Bunun üçün tibb məntəqəsinin müdiriyyəti müvafiq icra hakimiyyətinə müraciət edib rəy aldıqdan sonra quru ağacı kəsə bilərdilər. Təqsirləndirilən şəxs izahatını öz xətti ilə yazmış, ağacların kimin kəsdiyini bilmədiyini bildirmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir: İlk əvvəl Təqsirləndirilən şəxs 2 ağac kəsməsinə görə sənədləşmə aparılaraq barəsində inzibati qərar qəbul edilmişdi. Bundan sonra Ağdaş RPŞ-nın idarəmizə ünvanlandığı məktubda həmin tibb məntəqəsinin həyətində 12 ədəd ağac kəsilməsi faktı ilə bağlı cinayət işi başlanaraq araşdırma aparıldığı bildirilmiş və bununla da tərəfimizdən Təqsirləndirilən şəxs barədə çıxarılmış inzibati qərara xitam verilmişdir. Təqsirləndirilən şəxsin iştirakı ilə yalnız yaş kökü olan ağacları qeydiyyata alıb ölçmüşük. Bəzi ağaclar yandırıldığına görə onların yaş ya da quru olduğunu müəyyən edə bilmədik. Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, talasimiya xəstəsiyəm. 24 ildir ki, yaşadığım kəndin ərazisində 1 hektara yaxın ərazisi olan tibb məntəqəsində komendant vəzifəsində işləmişəm. Kəsilmiş qovaq ağaclarının hamısı quru olmuş, külək yıxmış, təhlükəli ağaclar olmuşlar. İş yerində istilik sistemi yoxdur, bununla bağlı bizə odun da vermirdilər. Həyətdən quru budaqları yığıb yandırırdıq. Ona görə də mən 2019-cu ilin fevral ayında yarı qırılmış, quru ağacı kəsdim. Digər ağaclardan məlumatım yoxdur. Biz səhər 9:00-da gəlib 16:00-da evimizə gedirdik. Həmin ərazinin qaravulçusu yoxdur. Ərazi köhnə setkalarla əhatə olunub. Həmin vaxt müdiriyyət də xəstə idi. Bundan başqa, o, verilən sualllara cavab olaraq bildirmişdir ki: Komentdant kimi binada olan inventara cavabdeh idim. Ağaclara nəzarət etmək mənim səlahiyyətlərimə daxil deyildi. Ağacı heç kimə deməmiş kəsmişəm. Kollektivimizdə qadınlar çoxdur. Onlara soyuq olduğundan ağacı kəsmək məcburiyyətində idim. Ona kimi qırılmış budaqları kəsmişik. Kəsilmiş ağacların budaqları və başı tökülmüş, yalnız 5-6 metr uzunluqda kök hissələri qalmışdır. Yalnız bir ağacın kök hisssəsini kəsmişəm, digərlərdən xəbərim yoxdur. Bir dəfə Şahid1 ağac kəsdiyini görmüşəm. Digər hər hansı şəxsin ağac kəsdiyini görməmişəm. Tibb məntəqəsinin işçiləri onlara verilən sənədlərə qol çəkiblər. Məhkəmədə ağac kəsməyimi deməyiblər. Ağacı matorlu mişarla kəsdim. Kəsilmiş ağaclarla bağlı heç yerə müraciət etməmişəm. Çünki, həmin ərəfələrdə ekologiyanın işçiləri gəlib və ağac kəsilməsini özləri görüblər. Tibb məntəqəsinin ərazisinə kənar şəxslərin daxil olması mümkündür. 2019-cu ilin aprel ayında 8 saylı Regional Ekologiya və X4 işçiləri 2 ağacla bağlı sənədləşdirmə aparıblar. İdarənin işçiləri gələndə digər kəsilmiş ağacların kökləri orada idi. Birinci instansiya məhkəməsində bir quru ağac kəsdiyimi bildirmişəm. 12 ədəd kəsilmiş ağacların diametrlərinin ölçməsində iştirak etməmişəm. Mən kənarda dayanmışam. İdarəmizdə ağacların sulanması və budanması ilə fəhlə Şahid2 məşğul olurdu. Tibb məntəqəsinin həyətində ağac kəsən və ya yandıran görməmişəm. 2019-cu ilin fevral ayında cəmi bir quru ağac kəsmişəm. İki ağac kəsməyim barədə ifadə verməmişəm. 2016-cı ildə müdirin tapşırığına əsasən, tibb məntəqəsinin həyətində olan əncir ağacını kəsdiyimizə görə cərimə edilmişik, cəriməni də müdirimiz ödədi. Ondan sonra ağac kəsməmişik. X9 aprel ayında həyəti süpürəndə bir neçə ağacın kəpəklərini gördüyünü mənə demişdi. X12 bundan məlumatım olmadığını bidirdim. Tibb məntəqəsinin həyətində olan ağacların kəsilməsinin cəriməyə səbəb olacağını bilirdim. Tibb məntəqəsinin həyətində kəsilmiş ağacların hamısı quru idi, yaş ağac olmayıb. Kənddə qaz yoxdur, setkadan keçib ağacları kəsirlər. Quru ağacların kəsilməsi barədə məlumat verməyimə də ehtiyac olmadı, çünki ekologiya idarəsinin işçiləri özləri gəlib gördülər. Xadimə mənə ağacların kəpəkləri barədə məlumat verəndə müdiriyyət yerində deyildi, yalnız feldşer orada idi. Ekologiya idarəsinin işçiləri özləri gəlib gördüklərinə görə feldşerə ağacların kəsilməsi barədə deməyə ehtiyac yox idi. 12 ağac birdən bir vaxtda kəsilməyib, müəyyən vaxtlarda kəsilib. Müəyyən vaxtlarda ağacların kəsilməsini görsəm də, bu barədə məlumat verməmişəm. Bu, mənim səhvimdir. Məlumat vermək istəyəndə də ekologiya idarəsinin işçiləri özləri gəldilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslərin müdafiəçisi Emil Əliyev apelyasiya şikayətinin təmin olunmasını və Təqsirləndirilən şəxs bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs CM-in 259.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, baxış keçirilməsi ilə bağlı aktla kifayət qədər sübuta yetirilmişdir. Qeyd etmək istəyirəm ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ilkin olaraq bir ağac kəsdiyini görə özünü qismən təqsirli bilmiş, lakin son sözündə törətdiyi əməli etiraf edərək əməlindən peşman olduğunu demişdir. Bundan başqa, işin faktiki hallarından görünür ki, ittiham aktında göstərilmiş ağaclar hamısı eyni üsulla və motorlu mişarla kəsimişdir. Bu da həmin ağacların eyni şəxs tərəfindən kəsildiyini sübut edir. Hesab edirəm ki, Təqsirləndirilən şəxs verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında ifadə verən Şahid3 ifadəsində bildirmişdir ki, Ağdaş rayonunun Şıxlı kəndi ərazisində yerləşən tibb məntəqəsinin həyətində müxtəlif növlü və müxtəlif diametrli ağaclar kəsilmişdir. Həmin ağaclara baxış keçirilməsində iştirak etmişəm. Qeyd olunan ağaclar matorlu mişarla kəsilmişdir. 1 ədəd yalanqoz və 1 ədəd qarağac ağacı kəsilməmişdən qabaq yaş halda olmuşlar. Digər 10 ədəd ağacın kötüyü cadarlanmışdı. Mənə elə gəlir ki, həmin ağaclar kəsiləndə quru olmuşdur. Amma həmin ağacların kimin tərəfindən və necə kəsildiyini bilmirəm. Bundan başqa o, verilən suallara cavab olaraq demişdir: Ağaclara baxış təxminən 2019-cu ilin may ayında keçirilmişdir. Birinci instansiya məhkəməsində verdiyim ifadəni təsdiq edirəm. Mən orada da belə demişəm. Birinci instansiya məhkəməsində 12 ədəd ağacın hamısının yaş olduğunu deməmişəm. 2 ədəd ağacın kötüklərinin yaş olduğunu dedim. 10 ədəd ağacın kötüklərinin üstü cadarlanmışdı, ona görə də öz nöqteyi-nəzərimdən hesab edirəm ki, onlar yaş olmayıb. Çox yaş olmayıb. Bununla bağlı mənə təsir-təzyiq olmayıb. Mən gördüyümü deyirəm. Həmin ağacların kəsilmə müddəti 3-4 ay olardı. 10 ədəd ağacın kökləri cadarlanmışdı, ona görə də mən hesab edirəm ki, onlar mütləq quru olmalıdır. Onlar çox yaş ola bilməz, çünki çox cadarlanmışdı. Amma digər 2 ədəd ağac tam yaş halda idi. Həmin ağaclar 3-4 ay ərzində 3-4 gün fasilələrlə kəsilmişdi, eyni vaxtda kəsilməmişdi. Kəsilən ağac 3 ay ərzində tamamilə quruya bilməz. Ağacın kötüyü qurudursa, deməli ağac quru halda kəsilib. Həmin ağaclar, yəgin ki, quru olub, mən onları görməmişəm, onu dəqiq deyə bilmərəm. Ağacların kötükləri torpağın nəmliyinə görə tam qurumayıb. Həmin ağaclar kəsiləndə tam quru olmasa da, yarı quru olub. Mən həmin ağacları canlı şəkildə görməmişəm. Həmin ağacların kötükləri yarı nəm idi, bu da torpağa görə olub. Yəni ki, bu ağaclar quru olub. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Şahid2 ifadəsində bildirmişdir ki, 20 ildir Ağdaş rayon Şıxlı kəndi ərazisində olan tibb məntəqəsində bağban işləyirəm. Orada saat 17:00-dan sonra ağac kəsildiyini görmüşəm. Amma ağacları kəsən şəxsi görməmişəm. Bununla bağlı məlumatım yoxdur. Bundan başqa o, verilən suallara cavab olaraq demişdir: Birinci instansiya məhkəməsində üstümə çox düşdülər, həyacanlanmışam. Birinci instansiya məhkəməsində verdiyim ifadə yadımda deyil. Orada yalnız quru ağaclar idi. Bağban kimi quru ağacların dibini təmizləmək, sulamaq, quru ağacları göstərmək, ağac kiminsə tərəfindən kəsilib aparıldıqda məlumat vermək səlahiyyətlərim var idi. Ağacların kəsildiyini görürdüm. Ağacların kəsilməsi barədə komendanta məlumat verməmişəm. Kəsilmiş ağaclardan biri quru idi, yıxılmışdı. Hal-hazırda da xəstəxananın həyətində qurumuş ağaclar var. Hətta 2 ədədi qırılıb. “Ağacların kəsilməsinə, həyətdən yoxa çıxmasına hər hansı bir reaksiya vermisiz?” sualına Şahid2 cavab vermədi. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, tibb məntəqəsinin həyətində olan ağacın biri qırılıb yaşadığım evə gedən elektrik naqilinə maneçilik törədirdi, həmin ağacın qurumuş olduğunu və başının qırıldığını gördüm və həmin ağacı kəsmək qərarına gəldim. Ağacı Famil və köməkçisi ilə doğradıq. Ağac qırılıb yola düşərək, elektrik naqillərinə maneçilik törədirdi. Ağacı kökündən kəsməmişəm. Başqa ağacların kəsildiyini görməmişəm. Həmin ağaclar quru, vaxtı keçmiş ağaclardır. Öz-özünə qırılır. Küləkdən başı qırılıb düşür. Xəstəxanın həyətində Təqsirləndirilən şəxs yaş ağac kəsməsinin şahidi olmamışam və bu barədə eşitməmişəm. Ağacı kəsəndə Famili yanıma çağırmışam. Familin mənimlə ağac kəsdiyini görmüşəm. Bundan sonra Familin ağac kəsdiyini görməmişəm. 1 ədəd quru ağac kəsdiyini görmüşəm. Yaş ağac kəsdiyini görməmişəm. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, Şıxlı kənd xəstəxanasında xadimə işləyirəm. Səhər işə gələndə qapının girəcəyində ağac kəpəkləri gördüm. Sobanı yandırmaqdan ötrü işə səhər tezdən gəlirəm. İşçilər gələndən sonra onlardan maraqlandım. Baxanda gördük ki, 3 ədəd quru, başı küləkdə qırılmış ağac kəsilib. Bu barədə həkimə telefonla məlumat verdik. Həmin vaxt həkim xəstə yatırdı. Mən ağac kəpəklərini qış aylarda, səhər-səhər işə gələndə görmüşəm. Binamızda təmir gedirdi. Təmirdən qalmış materiallarla, qırılmış budaqlarla sobanı yandırırdıq. Biz həkimə məlumat verəndən sonra bu məsələ ilə maraqlanmamışıq. Təqsirləndirilən şəxs tərəfindən hər hansı yaş ağacın kəsilməsinin şahidi olmamışam. Təqsirləndirilən şəxs ağacların kəsilməsi ilə bağlı məlumat verdim, o da mənə dedi ki, bu ağacları Şahid1 kəsmiş olar. Xəstəxanın ərazisinə digər şəxslər də girə bilər. Yerə düşən budaqları Tərlan yığıb doğrayırdı və bizə verirdi. Famil buna nəzarət edirdi. Bunlardan əlavə, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası 8 saylı Regional Ekologiya və X1 daxil olmuş xx.xx.2019-cu il tarixli 745 nömrəli məktubdan məlum olur ki, Ağdaş rayon Şıxlı kəndi ərazisində 8 saylı RETSİ-nin əməkdaşları reydbaxış keçirərkən Şıxlı kənd xəstəxanasının ərazisində 12 ədəd müxtəlif diametrli yəni 7 ədəd qovaq (d = 52 sm, d = 42 sm, d = 44 sm, d = 46 sm, d = 36 sm, d = 33 sm, d = 35 sm), 4 ədəd yalanqoz (d = 28 sm, d = 35 sm, d = 38 sm, d = 11 sm), 1 ədəd qarağac (d = 12 sm) ağacların köküstə yaş halda kəsilərək məhv edilməsi müəyyən olunmuşdur. Həmin faktla bağlı xx.xx.2019-cu ildə 52133 nömrəli akt tərtib edilərək təbiətə 5090 manat məbləğində ziyan dəyməsi göstərilmişdir İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X14 xx xxxxxxx 2019-cu il tarixli 1156 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nın poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 334 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X10 Ağdaş rayon şöbəsindən alınmış **********2 saylı xx.xx.2019-cu il tarixli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ömürlük 2-ci qrup əlildir və hər ay dövlətdən 240 manat 69 qəpik pensiya alır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 259.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biridigərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olmasıbаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-in 259.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, ...Təqsirləndirilən şəxs iştirakı ilə əraziyə baxış keçirildi, ağacların köklərinin şəkilləri çəkildi. Həmin vaxt Təqsirləndirilən şəxs onların heç birinə quru demədi. Təqsirləndirilən şəxs izahatında ağacları kəsmədiyini, onları Vüqar adlı şəxsin kəsdiyini göstərdi. Vüqar adlı şəxsin şəxsiyyəti müəyyən edildi, o izahatında cəmi bir quru ağacı kəsdiyini, qalanları isə Familin kəsdiyini bildirdi. Cinayət əməlinin tərkibi yarandığından araşdırmanı Ağdaş RPŞ davam etdirdi. Təqsirləndirilən şəxs komendant kimi diametri 30- 35 sm olan ağacların yoxa çıxmasını görməyə bilməzdi... Bundan əlavə, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı (İ.v.103-106) verdiyi ifadəsində də göstərmişdir ki, ...Mən və 8 saylı RETSİ-nin əməkdaşları tərəfindən xidməti ərazidə olan zaman Ağdaş rayonunun Şıxlı kənd xəstəxanasının ərazisindən 12 ədəd köküstə yaş halda olan ağacların kök boğazıından kəsilməsi faktına rast gəlmişik... Bundan başqa, məhkəmə kollegiyasının iclasında Şahid2 birinci instansiya məhkəməsində üstünə düşdüklərini və həyacanlandığını bildirsə də, məhkəmə kollegiyasının iclasında verdiyi ifadədən fərqli olaraq birinci instansiya məhkəməsində bildirmişdir ki, ...Familin həmin üç ağacı kök hissədən kəsərək bir hissəsəini evinə apardığını, yerdə qalan xırda budaqları isə sobada yandırmaları üçün məntəqənin həyətinə topladığını, 8 saylı Ekologiya və X4 əməkdaşlarının məntəqəyə gəlib baxış keçirdiklərini, ağacların kəsildiyini müəyyən edərək getdiklərini sonradan eşitdiyini, bildiklərinin bunlardan ibarət olduğunu, Familin həmin məntəqədən cəmi 3 ağac kəsdiyini, bir ədəd ağacı isə həmkəndlisi İlhamın oğlu Vüqarın kəsdiyini, qalan ağacların kim tərəfindən kəsilməsini bilmədiyini, həmin üç ağacın Famil tərəfindən kəsilməsinə heç bir kömək etmədiyini, sadəcə olaraq məntəqədə işləyəndə Familin həmin üç ədəd ağacı kəsdiyini gördüyünü, ... Familin ağacı kəsməyi barədə heç kimdən rəsmi olaraq icazə almadığını, həmin ağacların kəsildiyi yeri göstərə bildiyini... demişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında Şahid2 ifadəsini dəyişməsini həmkəndlisi olan Təqsirləndirilən şəxs təəsübkeşlikdən irəli gələn və təqsirləndirilən şəxsin müdafiəsinə yönəlmiş ifadə kimi qəbul edir. Onun bu ifadəsi obyektiv gerçəklikdən çıxış etmədiyinə və işin faktiki hallarına uyğun olmadığna görə, məhkəmə kollegiyası Şahid2 bu ifadəsini deyil, birinci instansiya məhkəməsində verdiyi ifadəni mötəbər sübut kimi qəbul edir. Digər tərəfdən, cinayət işinin materiallarında olan şahidin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxxxxx 2019-cu il tarixli protokoldan və bu istintaq hərəkətinin gedişatı zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılan Şahid2 Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş üç ədəd ağacı yerində göstərir. Həmin zaman çəkilmiş fotoşəkillərdə kəsilmiş ağacların yerdə qalan gövdə hissəsində çatlar görünsə də, bu əlamətlərə görə həmin ağacların kəsilən zaman quru olmaları müəyyən edilmir. Məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsində 12 ədəd ağacın hamısının yaş olduğunu deməməsini bildirən Şahid3 birinci instansiya məhkəməsində Ağdaş rayonunun Şıxlı kəndində olan tibb məntəqəsinin həyətində müxtəlif növdə və müxtəlif diametrli ağacların kəsildiyini, həmin ağaclara onun tərəfindən baxıldığını, həmin ağcların 11 ədədinin kök dibindən kəsilməsinin müəyyən olunduğunu, həmin ağacların yaş halda 01 ədəd 52 sm diametrdə, 01 ədəd 42 sm diametrdə, 01 ədəd 44 sm diametrdə, 01 ədəd 46 sm diametrdə, 01 ədəd 36 sm diametrdə və 01 ədəd 33 sm diametrdə 06 ədəd qovaq ağacları, 01 ədəd 28 sm diametrdə, 01 ədəd 35 sm diametrdə, 01 ədəd 38 sm diametrdə, 01 ədəd 11 sm diametrdə 04 ədəd yalanqoz ağacları, 01 ədəd 12 sm diametrdə qarağac ağacının kəsildiyinin müəyyən edildiyini, həmin ağacların kəsilməsinin 2019-cu ilin əvvəllərinə təsadüf edildiyini, qeyd olunan ağacların eyni üsulla və matorlu mişarla kəsildiyini, bundan başqa meşə mütəxəssisi kimi həmin ağacların kəsilməmişdən qabaq yaş halında olduqlarını göstərmişdir. Məhkəmə kollegiyası Şahid3 ifadəsini dəyişməsini Təqsirləndirilən şəxs müdafiəsinə yönəlmiş cəhd kimi qiymətləndirir və onun birinci instansiya məhkəməsində verdiyi ifadəni mötəbər sübut kimi qəbul edir. Bundan əlavə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində son söz deyərkən ona elan edilmiş ittihamda özünü tam təqsirli bilməsi, ilk dəfə az ağır cinayət törətməsi, əməlindən səmimi peşmançılıq çəkməsi, ikinci qrup əlil olması və ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin edilməsi barədə xahişinin olmadığı halda, birinci instansiya məhkəməsinin hökmdə belə bir ifadə yazmasına dair apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, CPM-in 51.7-ci maddəsinə əsasən, məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra üç gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə üç gün müddətində protokolla və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda, məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir. Lakin Təqsirləndirilən şəxs barəsində olan hökmdə səsləndirmədiyi fikirlərlə bağlı Ağdaş Rayon Məhkəməsinə müraciət edərək iştirak etdiyi məhkəmə iclasının protokolu ilə tanış olmamış və buna dair qeydlərini verməmişdir. Ona görə də apelyasiya şikayətinin bu dəlili əsalı sayıla bilməz. Bundan başqa, məhkəmə kollegiyasının iclasına təqdim edilmiş 8 saylı RETSİ tərəfindən Təqsirləndirilən şəxs göndərilmiş xx xxxxxx 2019-cu il tarixli 26/İ nömrəli məktubdan görünür ki, idarənin əməkdaşları Ağdaş rayonunun Şıxlı kəndi ərazisində yerləşən tibb məntəqəsinin ərazisində 2 ədəd 33,35 sm yaş halda qovaq ağaclarının qanunsuz olaraq kök boğazından kəsilərək məhv edilməsi faktını müəyyən etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs 8 saylı RETSİ-nin rəisi X3 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2019-cu tarixli ******* nömrəli qərarı ilə iki ədəd ağacın qanunsuz olaraq kök boğazından kəsilərək məhv edilməsinə görə 2000 manat cərimə edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin qeyd olunan qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət vermiş və Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 3(107)-275/2019 nömrəli qərarı ilə şikayət o əsasla təmin edilərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmişdir ki, Təqsirləndirilən şəxs barədə olan xx xxxxxx 2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar bu şikayətə baxılana qədər artıq ləğv olunmuşdur. Yəni Ağdaş rayon Şıxlı kəndi ərazisində reyd keçirilərkən Şıxlı kənd xəstəxanasının ərazisində 12 ədəd kök ütsə yaş halda olan ağacların kök boğazından kəsilməsi ilə bağlı göndərilmiş material əsasında Ağdaş rayon prokuroru Tural İbrahimov tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli MN0044102 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan görünür Təqsirləndirilən şəxs barəsində İXM-in 253.2-ci maddəsi üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Təqsirləndirilən şəxsin apelyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 259.2.3-cü maddəsinin tərkibi vardır, apelyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 259.2.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apelyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin iclasında iştirak edən şahid və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri ilə təqsirinin sübuta yetirilməməsi barədə dəlilinə gəlincə, məhkəmə kollegiyası bununla bağlı təqsirləndirilən şəxs və müdafiəçisinin vəsatətini təmin edərək iş üzrə şahidləri yenidən məhkəmə iclasına çağırmış, onları dinləmiş və bu ifadələrə sübut kimi müvafiq hüquqi qiymət vermişdir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən,əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islahedilməsivəhəm məhkumlar, həmdə başqaşəxslərtərəfindənyeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apelyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apelyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apelyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar