Məhkəmə qərarları › İş №1(107)-94/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-94/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-94/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşunas X2 Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 218.2, 12.1, 279.1 və 283-1.3-cü maddələri ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-9/2020 saylı hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(091)-9/2020 saylı (sədrlik edən hakim Bilal Məmmədov) hökmü ilə, xx xxxx 1973-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmiş, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 12.1, 218.2, 12.1, 279.1 və 283-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-in 218.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, CM-in 279.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, CM-in 283-1.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi Türkiyə Respublikasında həbsdə olduğu 02 (iki) il, 11 (on bir) ay, 13 (on üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il, 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməsi, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda Pakistan İslam Respublikasının ərazisində aparılan qanunsuz silahlı birləşmələrdə iştirak etmək məqsədi ilə 2010-cu ilin aprel ayının 13-də İran İslam Respublikasına getmiş, oradan həmin ölkənin sərhədini qanunsuz yolla keçərək 2010-cu ilin may ayının axırlarında Pakistan İslam Respublikasının Vəziristan vilayətinin Miranşah şəhərinə getmişdir. Təqsirləndirilən şəxs həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “Taliban” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan “Zubeyr” dini ləqəbli şəxsin rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq 2010-cu ilin oktyabr ayının axırlarınadək olan müddət ərzində həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə “Kalaşnikov” markalı avtomat tipli silahından istifadə etməklə bu silahlı birləşmənin nəzarətindəki postların mühafizəsində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamış və 2010-cu ilin oktyabr ayının axırlarında Pakistan İslam Respublikasından İran İslam Respublikasının sərhədini qanunsuz olaraq keçib həmin ölkənin ərazisinə gəlmiş, oradan isə 2010-cu ilin oktyabr ayının 28-də Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən Azərbaycan Respublikasının hüdudlarından kənarda Pakistan İslam Respublikasının ərazisində aparılan qanunsuz silahlı birləşmələrdə iştirak etmək məqsədi ilə 2011-ci ilin aprel ayının 28-də İran İslam Respublikasına getmiş, oradan həmin ölkənin sərhədini qanunsuz yolla keçərək 2011-ci ilin iyun ayının əvvəllərində Pakistan İslam Respublikasının Vəziristan vilayətinin şimal hissəsinə gəlmişdir. Təqsirləndirilən şəxs həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “Taliban” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olmayan Hafiz adlı pakistanlının rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq 2012-ci ilin mart ayın əvvəllərinədək olan müddət ərzində həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə “Kalaşnikov” markalı avtomat tipli silahından istifadə etməklə bu silahlı birləşmənin nəzarətindəki postların mühafizəsində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Pakistan İslam Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamış və 2012- cu ilin mart ayının əvvəllərində Pakistan İslam Respublikasından İran İslam Respublikasının sərhədini qanunsuz olaraq keçib həmin ölkənin ərazisinə gəlmiş, oradan isə 2012-ci ilin aprel ayının 5-də Azərbaycan Respublikasına geri qayıtmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Suriya Ərəb Respublikasının ərazisində aparılan qanunsuz silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 2014-cü ilin may ayının 27-də Gürcüstana, oradan isə həmin ölkənin sərhədini qanunsuz yolla keçərək Türkiyə Respublikasına getmiş, 2014-cu ilin iyun ayının əvvəllərində Türkiyə Respublikasının Hatay şəhəri istiqamətindən Suriya Ərəb Respublikasının sərhədini qanunsuz yolla keçərək həmin ölkənin Hələb şəhərinə çatmışdır. Təqsirləndirilən şəxs həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədi ilə yaradılmış “İŞİD” adlı cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan Rövşən Bədəlovun rəhbərlik etdiyi “Xalid dayının camaatı” adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olaraq 2015-ci ilin yanvar ayınadək olan müddət ərzində həmin silahlı birləşmənin digər üzvləri ilə birlikdə “Kalaşnikov” markalı avtomat tipli silahından istifadə etməklə bu silahlı birləşmənin nəzarətindəki postların mühafizəsində iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamış və 2015- ci ilin yanvar ayının axırlarında Suriya Ərəb Respublikasından Türkiyə Respublikasının sərhədini qanunsuz olaraq keçməklə İstanbul şəhərinə gəlmiş, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya protestinin, apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında həbsinə səbəb olmuş və ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş hərəkətlər, yəni onun “İŞİD” (Türkiyə Respublikasında verilən ittihamda DAEŞ) terror təşkilatının üzvü kimi Türkiyə Respublikası ilə Suriya Ərəb Respublikasının dövlət sərhəddinə yaxın olan hərbi qadağan olunmuş ərazidə tutulması Azərbaycan Respublikasında həmin epizod üzrə təqsirli bilinməsə də ona elan olunmuş ittihamda nəzərdə tutulan digər əməllərlə eyni xarakterli əməllərdir və odur ki, məhkəmə tərkibi Türkiyə Respublikasında həbsdə qaldığı müddətin CM-in 69-cu maddəsinə əsasən hazırkı iş üzrə cəza təyini zamanı nəzərə alınmalı qərarına gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar 2010-2015-ci ilin yanvar ayınadək olan müddəti əhatə etdiyi halda, Türkiyə Cümhuriyyəti tərəfindən tutulması isə 2016-cı ilin yanvar ayında baş vermişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi tərəfindən istitaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs 2016-cı ilin yanvar ayında Suriya Ərəb Respublikasına terror təşkilatına üzv olmaq üçün və ya hər hansı digər məqsədlərlə Türkiyə Respublikasının sərhədlərini keçməsi ilə bağlı xüsusatlar məhkəmənin özünün Təqsirləndirilən şəxs təqsirli bildiyi hazırkı ittihamlarda yer almamış və bu epizodlar üzrə ona ittiham irəli sürülməmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ona elan edilmiş ittiham üzrə törətdiyi cinayət əməlləri Türkiyə Respublikasında ona irəli sürülmüş ittihamla heç bir bağlılıq təşkil etmir və müstəqil əməllər kimi də qəbul edilməlidirlər. Şəxsin oxşar cinayətə görə başqa ölkədə qanuni və ya qanunsuz həbsdə saxlanılması, şübhəli kimi tutulması milli cinayət-prosessual qanunvericiliyin tələblərinə və bu münasibətləri tənzimləyən digər qanunlara əsasən Azərbaycan Respublikasının hüquqmühafizə orqanları tərəfindən istintaqı aparılan və ya məhkəmənin icraatında olan cinayət işi ilə əlaqəsi müəyyən edilməmişdirsə, məntiqi olaraq şəxs barəsində cəza təyini zamanı onun barəsində başqa ölkədə görülmüş hüquqi tədbirlər də nəzər alınmamalıdır. Məhkəmənin gəldiyi mövqeyinə əsasən şəxsin fərqli ölkələrin ərazisində oxşar cinayətlərə görə məsuliyyətə cəlb edilməsi və ya barəsində görülmüş hüquqi-tədbirlər sonuncu iş üzrə nəzərə alınmalı və cəza təyini zamanı həmin hallar mütləq hesablanmalıdır. Həmin məntiqin davamı olaraq qeyd edilməlidir ki, törədilmiş cinayətlər mahiyyətcə eynidirsə və əlaqəlidirsə, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ittiham hökmünün çıxarılması qeyri-mümkün olmalıydı. Belə ki, həmin ittihamla bağlı Türkiyə Respublikası məhkəməsi Təqsirləndirilən şəxs İŞİD silahlı qruplaşmasına üzv olmasının sübuta yetirilmədiyi qənaətinə gələrək onu həbsdən azad etmişdir. Belə olan halda X6 Məhkəməsinin hazırkı hökmündə sərgilədiyi mövqeyi özü-özlüyündə ziddiyyətli olmuşdur. Digər tərəfdən, verilən ittihamın özündən də göründüyü kimi, Təqsirləndirilən şəxs həmin əməllərinə görə xarici dövlətdə məhkum olunmaması məhz onun Azərbaycan Respublikası məhkəməsində həmin ittihamlar üzrə işinə baxılmasını və cinayət hüquqi qiymət verilməsini zəruri etmişdir. Məhkəmə özü də hökmündə gəlinən nəticə ilə birbaşa olaraq Təqsirləndirilən şəxs hazırkı iş üzrə xarici dövlətdə məhkum olunmamasını və həbsdə saxlanılmamasmı qəbul edir. Bununla belə, məhkəmə, təbii ki, Təqsirləndirilən şəxs hazırkı ittihamlar üzrə kifayət edən sübutların tədqiqi nəticələrinə əsasən təqsirli bilməkdə haqlı olmuş, lakin onun hazırkı iş üzrə həbsdə olmadığı müddəti onun cəzasının çəkilmiş hissəsi kimi qəbul etməklə qanun normasını düzgün tətbiq etməmişdir. Digər tərəfdən məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikası ərazisində həbsdə saxlanılması onun hazırkı iş üzrə həbsə alınmaqla verilməsinə dair Azərbaycan Respublikasının səlahiyyətli qurumlarının müraciəti üzrə olmamışdır. Məhkəmənin hazırki iş üzrə yanaşması doğru olmayan yanaşmadır və belə olan halda cəzanın məqsədlərinə nail olmaq qeyri-mümkündür, həmçinin, şəxsə təyin edilən cəzadan aiddiyyatı olmayan iş üzrə həbs müddətini çıxılaraq faktiki olaraq az cəza təyin edilməsi terrorizmlə mübarizə və dövlətin təhlükəsizliyi sahəsində xoşagəlməz və nəticəsi qənaətbəxş olmayan halların yaranmasına gətirib çıxara bilər. Həmçinin, Türkiyə Respublikasından tələb edilərək cinayət işi materiallarına əlavə edilmiş məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin ölkənin hüquqmühafizə orqanları tərəfindən saxlanılmasına səbəb Türkiyə Respublikası ilə Suriya Ərəb Respublikasının hərbi sərhədini keçməsi zaman baş vermiş və bundan sonra o, terror təşkilatına üzv olmaqda şübhəli bilinmişdir. Ona qarşı olan şübhə gələcəkdə qruplaşmaya üzv olması ilə bağlı edilən hərəkətləri özündə ehtiva etmişdir. Suriya Ərəb Respublikasına keçdikdən sonra silahlı qruplaşmalara üzv olub-olmayacağı, silahlı döyüşlərdə iştirak edibetməyəcəyi sual altında olduğu halda, həmçinin, şəxs özü bu halları təkzib etdiyi halda hazırkı iş üzrə məhkəmə kollegiyası heç bir əsas olmadan həmin xüsusatı elan edilmiş ittihamla əlaqələndirmiş və başqa əməli üzrə həbsdə qaldığı müddəti hazırkı iş üzrə təyin etdiyi cəzadan çıxmışdır. Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2, 12.1, 279.1 və 283-1.3 maddələri ilə məhkum edilməsinə dair X6 Məhkəməsinin xx xxxx 2020- ci il tarixli hökmü CM-in 69.3-cü maddəsinin tətbiqinə dair müddəa xaric edilib cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilib apelyasiya protestinin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X6 Məhkəməsinin xx xxxx 2020-cu il tarixli, 1(091)-9/2020 saylı hökmünün ləğv edilərək barəsində daha ədalətli qərar çıxarmaqla apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlilləri ilə bağlı oxşar məzmunda çıxış edən dövlət ittihamçısı X4 göstərdi ki, Təqsirləndirilən şəxs haqqında azadlıqdan məhrum etmə cəzası təyin edilərkən CM-in 69.3 maddəsinə istinad edərək ona cəza təyin edilmişdir. X6 Məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bildikdən sonra ona CMin 69.3 maddəsini tətbiq etməsi aidiyyatı iş üzrə onun həbsdə olduğu müddəti əhatə etməmişdi. Həmçinin, Türkiyədə başqa iş üzrə həbsdə olan müddəti hazırki işə aid olduğunu bildirərək hər hansı rəsmi sənədə istinad etmədən həmin Türkiyədə tutulduğu müddətin hazırki işə əlaqəli olmasını təsdiq etmədən həmin müddəti məhkuma təyin edərkən CM-in 69.3 maddəsinə əsasən cəzadan çıxılmaqla düzgün qərar qəbul edilməmişdir. Ona görə də, apelyasiya protestinin təmin edilməsini X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünü CM-in 69.3-cü maddəsinin tətbiqinə dair müddəa xaric edilib, cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini, apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X5 göstərdi ki, apelyasiya protestinin dəlilləri əsassızdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza cinayət xarakterli ümumi tədbirlər ədalətli olmalıdır. Yəni cəza təyin olunarkən şəxsiyyəti və digər hallar nəzərə alınmalıdır. Şəxs müəyyən müddətdə həbsdə qalmaqla cəzasını çəkib. Hal hazırda hesab edir ki, həmin məhkəmə tərəfindən təyin olunmuş cəzada cinayət törətmiş şəxsin şəxsiyyətinə uyğun deyildir. Apelyasiya protestinin təmin edilməməsini, apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs göstərdi ki, apelyasiya protesti ilə razı deyil. Apelyasiya protesti əsassızdır. X7 Ərəb Respublikasına qaçaq yolla keçməyə cəhddə ittiham etdilər və “terror örgütünə üye olmaqda” yəni “İşid” silahlı qruplaşmalarına qoşulmaq üçün sərhəddi keçməyə cəhd etməkdə şübhəli olduğunu bildirərək həbs etdilər. Təxminən 3 il müddətində Türkiyə Respublikasında həbsdə qaldıqdan sonra ona qarşı ittiham elan etmək üçün sübut olmadığından 2019-cu ilin yanvar ayının 9-da onu məhkəmədən azad edərək, əcnəbi olduğundan “Köç İdarəsi” adlanan idarəyə göndərdilər. Orada bir müddət qaldıqdan sonra o xx xxxxxx 2019-cu il tarixdə gecə Türkiyə Respublikasından deport edildiyinə görə həmin gün Türkiyənin İstanbul şəhərində yerləşən hava limanından təyyarə ilə xx xxxxxx 2019-cu il tarixdə Azərbaycana çatmış və həmin gün gecə saat 2-3 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava limanında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda ona təyin edilmiş cəza həddindən artıq ağırdır. Ona görə də, cəzasının yüngülləşdirlməsini, apelyasiya protestinin isə təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərarqəbuledəbilər. CPM-in 399.1 və 399.14-cü maddəsinə görə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüdudlar həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, bu qənaətə gəlir ki, apelyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, apelyasiya protesti təmin edilməklə, X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi Türkiyə Respublikasında həbsdə olduğu 02 (iki) il, 11 (on bir) ay, 13 (on üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il, 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı hissəsində dəyişdirilməli və həmin hissə hökmdən xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 12.1,218.2, 12.1,279.1 və 283-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CM-nin 12.1,218.2, 12.1,279.1 və 283-1.3-cü maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 12.1,218.2, 12.1,279.1 və 283-1.3-cümaddəsi ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 12.1, 218.2, 12.1, 279.1 və 283-1.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, lakin hökmün CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi Türkiyə Respublikasında həbsdə olduğu 02 (iki) il, 11 (on bir) ay, 13 (on üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il, 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması hissəsini əsaslı hesab etmir və bu fikirdədir ki X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq edilmədiyi üçün dəyişdirilməlidir. Çünki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Türkiyə Respublikasında həbsinə səbəb olmuş və ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş hərəkətlər, yəni onun “İŞİD” (Türkiyə Respublikasında verilən ittihamda DAEŞ) terror təşkilatının üzvü kimi Türkiyə Respublikası ilə Suriya Ərəb Respublikasının dövlət sərhəddinə yaxın olan hərbi qadağan olunmuş ərazidə tutulması Azərbaycan Respublikasında həmin epizod üzrə təqsirli bilinməsə də ona elan olunmuş ittihamda nəzərdə tutulan digər əməllərlə eyni xarakterli əməllərdir və odur ki, məhkəmə tərkibi sonuncunun Türkiyə Respublikasında həbsdə qaldığı müddətin CM-in 69-cu maddəsinə əsasən hazırkı iş üzrə cəza təyini zamanı nəzərə alınmalı olması qərarına gəlmişdir. Halbuki, CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 5.1 -ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs 2010-cu ilin aprel ayından həmin ilin oktyabr ayına kimi və 2011 -ci ilin aprel ayından 2012-ci ilin aprel ayına kimi Pakistan İslam Respublikasında, 2014-cü ildən 2015-ci ilin yanvar ayına kimi müddət ərzində Suriya Ərəb Respublikasında qanunsuz silahlı birləşmələrdə iştirak etmiş, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi isə Türkiyə Respublikasında həbsdə olmuşdur. Göründüyü kimi, hazırkı iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar 2010-2015-ci ilin yanvar ayınadək olan müddəti əhatə etdiyi halda, onun Türkiyə Cümhuriyyəti tərəfindən tutulması 2016-cı ilin yanvar ayında baş vermişdir. Bundan əlavə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 2016-cı ilin yanvar ayında Suriya Ərəb Respublikasına terror təşkilatına üzv olmaq üçün və ya hər hansı digər məqsədlərlə Türkiyə Respublikasının sərhədlərini keçməsi epizodları ilə bağlı ittiham verilməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs hazırkı iş üzrə ona elan edilmiş ittiham üzrə törətdiyi cinayət əməllərinin Türkiyə Respublikasında ona irəli sürülmüş ittihamla heç bir bağlılıq təşkil etməməsi ilə bağlı apelyasiya protestinin dəlillərini inandırıcı qəbul edir. Oxşar münasibətləri nizama salan CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Göründüyü kimi yuxarıda iqtibas edilmiş normalarda cəza təyin edilən zaman hansı müddətlərin cəza müddətinə aid olmasını konkret olaraq təsbit edilmiş, eləcədə bu normalarda xarici ölkədə oxşar cinayətlə bağlı həbsdə saxlama müddətinin hökmlə təyin ediləcək cəza müddətinə daxil olması halı öz əksini tapmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, Türkiyə Respublikası məhkəməsinin Təqsirləndirilən şəxs barədə qərarı Azərbaycan Respublikasında tanınmamışdır. Azərbaycan Respublikasının Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (CM-in 1.2 və 2.2-ci maddələri). Bu baxımdan da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs CM-in 12.1, 218.2, 12.1, 279.1 və 283-1.3 maddələri ilə məhkum edilməsinə dair X6 Məhkəməsinin xx xxxx 2020- ci il tarixli hökmünü CM-in 69.3-cü maddəsinin tətbiqinə dair müddəa xaric edilməklə cinayət qanunun norması düzgün tətbiq edilməklə dəyişdirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın sərtliyi ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası X6 Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməli, X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi Türkiyə Respublikasında həbsdə olduğu 02 (iki) il, 11 (on bir) ay, 13 (on üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) il, 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılması hissəsi hökmdən xaric edilməklə dəyişdirilməli, Təqsirləndirilən şəxs apellyasiya şikayəti isə təmin edilməməlidir. Nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilsin. X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-9/2020 nömrəli hökmü dəyişdirilsin. X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-9/2020 nömrəli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə dair müddəa xaric edilsin, Təqsirləndirilən şəxs təqsirli bilindiyi 12,1, 218.2, 12.1, 279.1 və 283-1.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilməsin. X6 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(091)-9/2020 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar