Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-96/2020 13.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs1 və müdafiəçisi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 315.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-12/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən hakim N.Misirzadə) xx xxxx 2020-cu il tarixli, 1(016)-12/2020 saylı hökmü ilə, xx.xx.1973-cü ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olan,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, hazırda X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 29,177.2.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-in 29, 177.2.1-ci maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 315.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 (iki) gününü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzaların qismən toplanması yolu ilə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan mərhum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin tutulduğu – xx xxxxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Ağsu rayonu, Pirhəsənli kəndi ərazisindən keçən, “X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan, istismardan çıxarılmış, 220 kv-luq Birinci Mingəçevir hava elektrik verilişi xəttinin 369-374 dayaqları arasında 1 metrinin dəyəri 2,85 manat olmaqla ümumilikdə 1160 metr uzunluqda, əsas hissələri alminium əsaslı ərintidən hazırlanmış, ASU 341 markalı naqillərdən ibarət əmlakı quraşdırıldığı yerdən kəsib yığarkən, həmin vaxt hadisə yerinə gəlmiş, Ağsu rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri polis leytenantı Zərərçəkmiş şəxs və polis baş leytenantı X14 oğlu onları saxladıqlarından, o, əlindəki kəlbətinlə Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə vurub, sonuncuya başın alın nahiyəsinin 1,5 x 0,5sm ölçüdə bir ədəd əzilmiş-çırılmış yarası və başın sol təpə nahiyəsinin 1,4x0,3sm ölçüdə bir ədəd əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə, hakimiyyət nümayəndəsi olan polis əməkdaşına qarşı xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlığı üçün təhlükəli üsulla zor tətbiq etməklə müqavimət göstərmiş, öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək “xxxx” MMC-yə məxsus 3306,00 manat məbləğində özgə əmlakını talamağa cəhd etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-12/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı haqsızlıq edilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirlənidirilən şəxslərə verilmiş ittihamda 1160 metr uzunluqda elektrik naqillərini quraşdırıldığı yerdən kəsib yığarkən saxlanılmışlar. Lakin həmin fakt ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxslər ifadələrində elektrik naqillərini kəsmədiklərini, yerdə kəsilmiş vəziyyətdə olan naqilləri xırda-xırda hissələrlə kəsmiş və təxminən 20 metr uzunluğunda naqil yığmışlar. Zərərçəkmiş şəxs və şahid T.Əliyev də öz ifadələrində göstərmişlər ki, onlar hadisə yerinə çatanda təqsirləndirilən şəxslər yerdə olan naqilləri kəsib arabaya yığırdılar. Digər şahid Dəniz Nizamov da öz ifadəsində təqsirləndirilən şəxslərin yerdə olan naqilləri kəsib arabaya yığdıqlarını göstərmişdir. Bundan başqa təqsirləndirilən şəxslərin 1160 metr uzunluqda elektrik naqillərini yığması da şübhə altındadır. Bundan əlavə məhkəmə iclasında zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi D.Mehdiyev də izahatında bildirdi ki, həmin ərazidən keçən elektrik xətləri 1950-ci illərdə çəkilmiş, hazırda istismardan çıxarılmışdır və istismar olunmur. Bu hadisəyə qədər də xətlərin bir hissəsi kəsilmiş və qırılmış vəziyyətdə olmuşdur. Göründüyü kimi burada oğurluqdan və oğurluğa cəhddən söhbət gedə bilməz. Bundan başqa hadisə zamanı təqsirləndirilən şəxslərə yaxınlaşan polis əməkdaşı mülki geyimdə olmuş, özlərini təqdim etməmiş və kobud rəftar etmişlər. Təqsirləndirilən şəxs1 onun polis əməkdaşı olduğunu bilməmiş və aralarında anlaşılmazlıq baş vermişdir. Məhkəmə isə bu halları nəzərə almamışdır. Odur ki, Təqsirləndirilən şəxs1 bəraət verilməsini xahiş edir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X9 bildirdi ki, həmin naqillər xeyli əvvəl kəsilmişdir. Təqsirləndirilən şəxslər yerə atılmış naqilləri götürmək istəmişlər. Onlar həyətlərində setka hazırlamaq üçün həmin naqilləri götürmək istəmişlər. Həmin vaxt polis əməkdaşları gəlib onları tutmuşdur. Həmin naqillər 10 kiloqramdan artıq olmadığı üçün təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmayıb. Heç kim kəlbətinlə çıxıb dayaqdan naqili kəsə bilməz Həmin ərazidə çobanda deyib ki, bu naqillər çoxdan kəsilib. Apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X11 bildirdi ki, təqsirləndirilən şəxsə CM-in 29,177.2.1 maddəsi ilə bəraət verilməsi digər 315.2 maddəsinin CM-in 70-ci maddəsinə tətbiq olunmasına dair apelyasiya şikayətinin dəlilləri əsassızdır. Lakin, CM-də edilən dəyişikliyə əsasən CM-in 315.2-ci maddəsi əvvəl olan CMin 315.2-ci maddəsindən sanksiyası daha yüngüldür. Ona görə də göstərilən xüsusatlar təqsirləndirilən şəxsin xeyrinə olduğu üçün təqsirləndirlən şəxsə CM-in 315.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət təqibindən qismən imtina etməklə, əməlin CM-in 315ci maddəsi ilə tövsif edilməsini və barəsində cinayət təqibinin CM-in 29, 177.2.1 və 315-ci maddələri ilə davam etdirilməsini, eləcdə təqsirləndirilən şəxsə CM-in 315.2-ci maddəsilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-in 315-ci maddəsinin sanksiyası həddində olduğu üçün həmin cəzanın dəyişduirlməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs1 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. CPM-in 405.1 və 405.1.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi cinayətin tövsifini dəyişdirdiyi və az ağır cinayət haqqında cinayət qanunvericiliyini tətbiq etdiyi halda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apelyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apelyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29,177.2.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-12/2020 nömrəli hökmü dəyişdirilməli,Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 315.2-ci maddəsi CM-in 315-ci maddəsinə tövsif edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1 və 315.2-ci maddələri ilə elan olunmuş itihamda özünü təqsirli bilməyərək göstərdi ki, o Təqsirləndirilən şəxs2lə balıq tutmağa getmişdir. Qayıdarkən yerdə aliminium naqil olduğunu görmüşlər. Həyətlərində setka hazırlamaq üçün həmin naqilləri götürmüşlər. Onlara iki nəfər mülki formada yaxınlaşaraq, özlərini təqdim etmədən polis şöbəsinə getməli olduqlarını bildirmişlər. O da onların kim olduğunu bilməmiş və özlərini təqdim etmələrini tələb etmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Onun əlində kəlbətin olmuşdur. Həmin şəxs onu söymüş və vurmuş, o da özünü müdafiə etmək üçün yerə yıxılmışdır. Yerə yıxılanda əlindəki kəlbətin onun başına dəymişdir. O qəsdən heç kimə zərər vurmamışdır. O, Samirin başının qanını silməyə kömək etmək istəsə də o mane olmuş və polis şöbəsinə getməli olduqlarını bildirmişdir. Sonra UAZ markalı avtomobilİ gəlib onları polis şöbəsinə aparmışlar. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs bildirdi ki, CAB-nin rəisi ona zəng vuraraq bildirdi ki, işıq idarəsinin rəisi məlumat verib ki, yüksək riskli elektrik hava xətləri kəsilib. Rayona işıq gəlmir. O Əliyev Telmanla birlikdə hadisə yerinə getmişlər. X16 getmiş, 2-3 dəqiqədən sonra o getmişdir. Təqsirləndirilən şəxslərin Telmana qarşı müqavimət göstərdiklərini görmüşdür. Onlara yaxınlaşaraq polis əməkdaşları olduğunu bildiriş və şöbəyə getməli olduqlarını qeyd etmişdir. Əvvəlcə təqsirləndirilən şəxslər onlarla getmək istəsələr də, sonradan içkili olduqlarına görə fikirlərini dəyişdilər və müqavimət göstərməyə başladılar. Mübahisə zamanı Təqsirləndirilən şəxs1 nəsə çıxardığını gördmüş, lakin qaranlıq olduğundan nə olduğunu bilməmişdir. Onu yerə yıxmış və bu zaman onun üstünün qan olduğunu görmüşdür. Sonra onun gözünün üstünü qan örtmüş və bundan sonra başının zədələndiyini bilmişdir. Sonra o kəlbətini təqsirləndirilən şəxsdən alıb atmışdır. Hazırda təqsirləndirilən şəxs Nizam Səlimovla barışmamışdır və ondan şikayətçidir. Məhkəmə kollegiyasının iclasında şahid X10 bildirdi ki, hadisə 5 ay bundan qabaq olub. Onlara naqilin qırılıb digər xəttin üstünə düşməsi barədə məlumat vermişlər. Qrup halında getmişlər və 2 nəfərin naqili kəsib arabaya yığdıqlarını görmüşlər. Onlara yaxınlaşaraq, polis şöbəsinə getməli olduqlarını bildirsələrdə, onlar sərxoş olduqlarından onlarla əlbəyaxa olmuş, Təqsirləndirilən şəxs1 kəlbətinlə Zərərçəkmiş şəxs başına vuraraq xəsarət yetirmişdir. Məhkəmə kollegiyasının iclasında Şahid bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 17:50 radələrində gərginlik altında olan 110 KV-luq İsmayıllı hava xətti açılmışdır. Bununla əlaqədar olaraq REŞ MMC-nin direktoru ona zəng edərək həmin əraziyə baxiş keçirilməsini bildirmişdir. O həmin əraziyə baxış keçirən zaman həmin naqilin hadisə yerindən 2-3 dayaq irəlidə kəsilib gərginlik olan xəttin üstünə düşdüyünü görmüşdür. O bu vəziyyəti görüb Ağsu yarımstansiyasının dispetçerinə məlumat vermiş və xətti qoşmamasını bildirmişdir. Həmçinin, həmin ərazi boyu dayaqlara baxış keçirərkən 371 nömrəli dayağın yaxınlığında zəif işığın yanıb söndüyünü müəyyən etmişdir. Kiminsə orda naqilləri kəsdiyini hiss etmişdir. Buna görə də dərhal Ağsu rayon polis şöbəsinə məlumat vermişdir. Şahid suallara cavab olaraq bildirdi ki, dayaqda olan naqili kəlbətinlə kəsmək olmur, lakin oğurluq edən şəxslər naqilləri 2 metrlik 20-lik turbanın başına najovkanı svarka edərək travesin üstünə çıxaraq kəsirlər və bu birinci dəfə deyil. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin iclasında ona CM-in 29, 177.2.1 və 315.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağsu rayonu, Pirhəsənli kəndində yaşayır. Kənddə tikinti sahəsində usta kimi çalışır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 12 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 Əlşiraz oğlu ilə yaşadığı kəndin ərazisində görüşmüş, söhbət edərək gəzmişlər. Həmin vaxt yüksək gərginlikli hava xətlərinin yanından keçəndə, naqillərin kəsilib yerə atıldığını görmüş və gecə gəlib yerdə olan naqillərdən kəsib oğurlamaq qərarına gəlmişlər. Buna görə də, havanın qaralmasını gözləmişlər. Saat təxminən 12 radələrində, o, özü təkcə Pirhəsənli kəndinin alt hissəsində “Barmı” adlanan ərazidən balıq tutmağa getmiş, saat təxminən 14 radələrində geri qayıtmış, evində yemək yemiş, daha sonra təxminən 15:30 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdir. Həmin vaxt İmran və ailə üzvləri evdə olmuş, İmranla bir daha naqilləri hansı qaydada kəsib gətirmək barədə danışıb, hava qaraldıqdan sonra getmək barədə razılaşmışlar. Bundan sonra, İmranla birlikdə onların yaşadığı evdə oturub yeyib-içmişlər. Saat təxminən 18 radələrində hava qaraldığından İmranla birlikdə hava xətləri keçdiyi əraziyə gəlmişlər. Həmin vaxt azyaşlı oğlu X12 da onlarla birlikdə getmişdir. Təqsirləndirilən şəxs2 evdən özü ilə bir ədəd əl arabası və kəlbətin götürmüş, o da evlərindən bir ədəd kəlbətin görmüşdür. Onlar əraziyə çatanda, artıq hava qaralmış olmuşdur. Həmin vaxt o, İmranla birlikdə kəlbətinlə yerdə olan naqilləri 2-3 metrdən bir kəsib, yumrulayaraq arabaya yığmışlar. Təxminən 30 dəqiqə müddətində orada işləmişlər, bu müddət ərzində təxminən 10-12 kiloqram çəkidə, 20 metr uzunluğunda naqil yığmışlar. İş görən vaxt həmin yerə iki nəfər mülki geyimli şəxslər gəlmişlər. Həmin şəxslər Ağsu rayon Polis Şöbəsinin əməkdaşları olmuş və onlara özlərini təqdim etmişlər. Sonradan tanıdığı polis əməkdaşları Zərərçəkmiş şəxs və Telman Əliyev onlardan, birlikdə polis şöbəsinə getməyi tələb etmişlər. Lakin onlar bundan qorxmuş, şöbəyə getməkdən imtina etmişlər. Polis əməkdaşı Samir ona yaxınlaşıb qolundan tutmuş, bir daha şöbəyə getməyi tələb etmişdir. Digər polis əməkdaşı Telman Əliyev isə Təqsirləndirilən şəxs2 tutmuşdur. O, Zərərçəkmiş şəxs oğlu Dənizi evə aparmasına icazə istəsə də, sonuncu yenə də imkan verməmiş, buna görə aralarında mübahisə düşmüşdür. Zərərçəkmiş şəxs onun üzərinə gələndə, o, əlində olan kəlbətinlə özünü müdafiə etmək istəmiş, həmin vaxt kəlbətin Zərərçəkmiş şəxs baş nahiyəsindən dəymiş, sonuncunun başı qanamışdır. Bundan sonra, Samir onu yerə yıxmış, qollarından tutmuşdur. Digər polis əməkdaşı Telman Əliyev də Təqsirləndirilən şəxs2 tutub saxlamışdır. Daha sonra, hadisə yerinə “Uaz” markalı avtomobil gəlmiş, onları polis şöbəsinə gətirmişlər. Onlar elektrik dirəklərinin üzərindən naqil kəsməmiş, yerdə olan naqilləri oğurlamaq məqsədi ilə həmin yerə gəlmişlər. Həmin vaxt, azyaşlı oğlu Dəniz Nizamov onlarla birlikdə olsa da, sonuncu bu hadisədə iştirak etməmiş, sadəcə kənarda dayanıb gözləmişdir. Hadisə zamanı, o, polis əməkdaşı Zərərçəkmiş şəxs vursa da, onunla birlikdə olmuş Təqsirləndirilən şəxs2 polis əməkdaşı Telman Əliyevə qarşı heç bir qanunsuz hərəkət etməmiş, sonuncunu vurmamış, zor tətbiq etməmişdir. Hazırda əməlindən peşmandır. Mülki iddiaya etiraz edərək, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona CM-in 29, 177.2.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 göstərdiklərini təsdiq edərək göstərmişdir ki, o, naqillərin oğurlanması üçün əvvəlcədən Təqsirləndirilən şəxs1la danışıb razılaşmış və xx.xx.2020-ci il tarixdə axşam saat təxminən 18 radələrində, hava qaraldıqdan sonra Səlimlə birlikdə həmin yerə gəlmişlər. Naqilləri kəsib yığmaq üçün özləri ilə kəlbətin və bir ədəd əl arabası götürmüşlər. Elektrik dirəyinin altında iş görən zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, işi dayandırıb, onlarla birlikdə polis şöbəsinə getməyi tələb etmişlər. Həmin vaxt, o və Təqsirləndirilən şəxs1 onların bu təklifini qəbul etməmiş, qaçmaq istəmişlər. Bu vaxt, sonradan adını bildiyi polis əməkdaşı Telman Əliyev onun üzərinə gəlmiş, qolundan tutub saxlamış, o, Telmanın əlindən çıxmaq istəsə də, Telman buna imkan verməmiş, onu yerə yıxıb saxlamışdır. Həmin vaxt, digər polis əməkdaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tutub saxlamış, onlar mübahisə etmişlər. O, yerdən qalaxanda Təqsirləndirilən şəxs1la mübahisə edən polis əməkdaşı Zərərçəkmiş şəxs başından qan axmasının şahidi olmuş, mübahisənin sonunda polis əməkdaşları hər ikisini tutub saxlamış, onlarla birlikdə olmuş Təqsirləndirilən şəxs1 az yaşlı oğlu Dəniz Nizamov isə oradan qaçıb getmişdir. Daha sonra, hadisə yerinə “UAZ” markalı atvomobil gəlmiş, onları polis şöbəsinə gətirmişlər. O, həmin hadisə zamanı polis əməkdaşı Telman Əliyevə qarşı heç bir zorakılıq hərəkətləri etməmiş, sonuncunu vurmamış, xəsarət yetirməmişdir. Sadəcə, Telman Əliyev onu tutub saxlayarkən qaçmaq istəmiş, lakin sonuncu buna imkan verməmiş, onu yerə yıxıb zərərsizləşdirmişdir. Hadisə yerinə polis əməkdaşları gəldiklərindən, onlar naqilləri oğurlaya bilməmişlər. Hazırda əməlindən peşmandır. Mülki iddiaya etiraz edərək, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş iş üzrə Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən Ağsu rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə, polis leytenantı rütbəsindədir. xx.xx.2019-cu il tarixdə, saat təxminən 19:00 radələrində rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı X10 ilə xidməti ərazidə olan zaman CAB-nin rəisi X21 Əliyevə zəng edərək Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində yerləşən örüş sahələrindən keçən yüksək gərginlikli elektrik hava verilişi xətlərinin kəsildiyini, elektrik enerjisinin verilməsində fasilə yarandığını deyib, həmin əraziyə gedərək baxış keçirmələrini tapşırmışdır. Bundan sonra, o, Telman Əliyevlə birlikdə sonuncunun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə dərhal həmin əraziyə gəlmiş, avtomobili asfalt yolun kənarında saxlayaraq, piyada hərəkət etməklə yüksək gərginlikli xətlərə baxış keçirtməyə başlamışlar. Piyada bir qədər irəllədikdən sonra, xətlərin yanında, dayağın birinin altında iki nəfər, adlarını sonradan bildiyi Ağsu rayonu, Pirhəsənli kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elektrik xətlərini kəsdiklərini, özləri ilə əraziyə gətirdikləri yük daşımaq üçün nəzərdə tutulmuş əl arabasına yığdıqlarını görmüşlər. Onların yanında Təqsirləndirilən şəxs1 oğlu azyaşlı oğlu Dəniz Nizamov da olmuşdur. Onlar həmin şəxslərə yaxınlaşıb, özlərini təqdim etmiş, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib, birlikdə polis şöbəsinə getmələrini tələb etmişlər. Lakin, həmin şəxslər onların qanuni tələblərinə məhəl qoymayaraq heç bir yerə getməyəcəklərini bildirmişlər. Hər ikisi sərxoş olduğundan, o, onların sakit tərzdə, tabeçilik göstərmələrinə çalışmış, lakin onlar əhəmiyyət verməmiş, Təqsirləndirilən şəxs1 gödəkçəsinin içəri döş cibindən kəlbətin çıxardıb, ondan yaxın gəlməməsini tələb etmiş, qaçmaq istəmişdir. Bu vaxt, o, Təqsirləndirilən şəxs1 üzərinə getmiş, sonuncunu tutub saxlamaq istəyəndə, Səlim əlindəki kəlbətinlə onun baş nahiyəsindən iki dəfə vurmuş, o, başının ön alın və arxa ənsə nahiyəsindən xəsarət almış, başından qan axmışdır. Buna baxmayaraq, o, Təqsirləndirilən şəxs1 tutub saxlamış, Telman Əliyev də Təqsirləndirilən şəxs2 yerə yıxıb saxlamışdır. O, polis əməkdaşı Telmanla birlikdə həmin şəxsləri bir təhər zərərsizləşdirdikdən sonra, hadisə yerinə “UAZ” markalı avtomobillə X17 əməkdaşları gəlmiş, Səlimi və İmranı birlikdə polis şöbəsinə gətirmişlər. Onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət başında yaxalamış, həmin şəxslərin naqilləri oğurlayıb aparmalarına imkan verməmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona zor tətbiq etməklə müqavimət göstərsə də, Təqsirləndirilən şəxs2 onunla təmasda olmamış, ona qarşı yönəlmiş hər hansı hərəkətə yol verməmişdir. İmranı digər polis əməkdaşı Telman Əliyev saxlamışdır. Hadisə zamanı, İmran X2rşı zor tətbiq etməmiş, sonuncunu vurmamış, xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs1 Ömrə oğluna qarşı şikayətçidir və ona qanunla müəyyən edilmiş qaydada daha ağır cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin, həmçinin mülki iddiaçının nümayəndəsi X7 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Ağsu rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Əmrahov Rövşən Vahid oğlu tərəfindən aparılmış ibtidai araşdırma ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və İmran Pirverdivev özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə, saat 18:00 radələrində Ağsu rayonu, Pirhəsənli kəndi ərazisindən keçən,“X3 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətin balansında olan, hazırda istismarda olmayan, 220 kv-luq Birinci Mingəçevir hava elektrik verilişi xəttinin 368-374 dayaqları arasında, 1 metrinin dəyəri ibtidai istintaq tərəfindən müəyyən edilmiş 2,85 manat olmaqla ümumilikdə 1160 metr uzunluqda, əsas hissələri alüminium əsaslı ərintidən hazırlanmış, ASU341 markalı naqillərdən ibarət əmlakı quraşdırıldığı yerdən kəsib yığarkən, həmin vaxt hadisə verinə gəlmiş, Ağsu rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkilləri polis leytenantı Zərərçəkmiş şəxs və polis baş leytenantı X8 onları tutub saxladıqlarından, Təqsirləndirilən şəxs1 əlindəki kəlbətinlə Zərərçəkmiş şəxs baş nahiyəsinə iki dəfə vurub, sonuncuya başın alın nahiyəsinin 1,5x0,5 sm ölçüdə bir ədəd, əzilmiş-cırılmış yarası və başın sol təpə nahiyəsinin 1,4x0,3 sm ölçüdə bir ədəd əzilmiş-cırılmış yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə, hakimiyyət nümayəndəsi olan polis əməkdaşına qarşı xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlığı üçün təhlükəli üsulla zor tətbiq etməklə müqavimət göstərmiş, öz iradəsindən asılı olmayan səbəblərdən əməllərini başa çatdıra bilməyərək “xxxx” MMC-yə məxsus 3306,00 manat məbləğində özgə əmlakını talamağa cəhd etmişlər. Onlar elektrik naqillərini kəsərkən, istismarda olmayan, yəni gərginlik altında olmayan 220 kv-luq 1-ci Mingəçevir hava elektrik verilişi xəttinin 373-374 saylı dayaqlar arasındakı sağ fazasının kəsilərək 110 kv-luq İsmayıllı hava xəttinin 5-6 saylı dayaqlan arasındakı gərginlik altında olan məftillərin üzərinə düşməsi nəticəsində qəza baş vermiş və İsmayıllı hava xətti qəzadan açılmışdır. Təqsirləndirilən şəxslər öz iradələrindən asılı olmayan səbəblərə görə kəsdikləri elektrik naqillərini oğurlayıb apara bilməsələr də, dayaqlardakı naqilləri kəsməklə zərərçəkmiş şəxs “xxxx” MMC-yə xeyli miqdarda ziyan vurmuşlar. Belə ki, dayaqlararası bir fazada həmin xəttin bərpası üçün hesablanmış smetaya əsasən 18867,82 manat vəsait tələb olunur. Bu vəsaitə mal-material xərci, nəqliyyat xərci və əmək haqqı aiddir. Beləliklə, təqsirləndirilən şəxslər tərəfindən “xxxx” MMC-yə 18867,82 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin maddi ziyanın təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq “xxxx” MMC-yə ödətdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş iş üzrə şahid Ağsu rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X10 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, həmin gün, o, Zərərçəkmiş şəxsla birlikdə hadisə yerinə gəldikdə, sonradan tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət başında yaxalamışlar. Belə ki, onlar hadisə yerinə çatan zaman adları göstərilən şəxslərin hər ikisi, yerdə olan naqilləri kəsib, əl arabasına yığmaqla məşğul olmuşdur. O və Zərərçəkmiş şəxs İmran və Səlimdən təslim olmalarını, onlarla birlikdə polis şöbəsinə getmələrini tələb etsə də, hər ikisi qaçmağa cəhd etmişlər. O, Təqsirləndirilən şəxs2, Samir isə Təqsirləndirilən şəxs1 tutub saxlamağa çalışmışlar. Təqsirləndirilən şəxs2 həmin vaxt onun əlindən çıxıb qaçmaq istəmiş, lakin o, imkan verməmiş, buna görə İmrana güc tətbiq edib yerə yıxmışdır. Yerdə, İmranın əllərini tutub saxlamış, sonuncudan tərpənməməsini tələb etmişdir. Bu vaxt, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1la mübahisə etdiyini, sonuncunun Samiri əlində olan kəlbətinlə başından vurduğunu görmüşdür. Zərbənin təsirindən Samirin başı qanamışdır. Buna baxmayaraq, Samir bir təhər Səlimi tutub zərərsizləşdirmişdir. Daha sonra, hadisə yerinə Elektrik Şəbəkəsinə aid “UAZ” markalı atvomobil gətirilmiş, onların hər iksi avtomobillə polis şöbəsinə gətirilmişlər. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs2 onun əlindən çıxıb qaçmaq istəsə də, ona qarşı zor tətbiq etməmiş, onu vurmamış, xəsarət yetirməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş iş üzrə şahid X12 qanuni nümayəndəsi Nizamova Sevinc Böyükağa qızının iştirakı ilə birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, onun 11 yaşı var, Ağsu rayonu Pirhəsənli kənd orta məktəbinin 5-ci sinifində oxuyur. Təqsirləndirilən şəxs1 atasıdır. Atası Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə polis əməkdaşları ilə mübahisə etməsini görmüşdür. Həmin gün, o, atası Səlim və atasının dostu İmran ilə birlikdə Ağsu rayonu, Pirhəsənli kəndi ərazisində, yerdə olan naqilləri yığmağa getmişlər. Atası və İmran əmisi özü ilə bir ədəd əl arabası və kəlbətin götürmüşlər. O, da atasının yanında getmişdir. Ora çatanda atası Səlim və İmran əmisi yerdə olan naqilləri kəlbətinlə kəsib qatlayaraq arabaya yığmışlar. O, da kənarda dayanıb gözləmişdir. Bu vaxt, onların yanına iki nəfər polis əməkdaşları gəlmiş, atası Səlim və İmran əmisinə polis olduqlarını bildirmişlər. Bundan sonra, atası ona evlərinə getməsini demiş, o, qaçıb oradan uzaqlaşmışdır. Uzaqdan baxdıqda polis əməkdaşlarının atasını və İmranı tutuqlarını görmüş, bu barədə İmranın evinə gəlib ailə üzvlərinə məlumat vermişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin xx.xx.2020-ci il tarixli 06 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş-başın alın nahiyəsinin bir ədəd əzilmişçırılmış yarası və başın sol təpə nahiyəsinin bir ədəd əzilmiş-çırılmış yarası, sol diz oynağının sıyrığı xəsarətləri bərk küt əşyanın təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2020-ci il tarixə uygun gəlməklə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olub, qəsdən sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 1164/1165 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş nümunə əsasında alüminium əsaslı ərintidən hazırlanmış, istismardan çıxarılmış, istifadəyə yararsız naqilin 2020-ci ilin yanvar ayına 1 metrinin orta bazar qiyməti təxminən 2,85 manat, 11xx xxxxx 3306,00 manat müəyyən edilmişdir. Hazırda öyrənilən işdən aydın olur ki, işə apelyasiya qaydasında yenidən baxılarkən həm təqsirləndirilən şəxs, həm də onun müdafiəçisi ümumiyyətlə təqsirləndirilən şəxsin CM-in 29,177.2.1 və 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyini göstərmişdir. Apelyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin göstərilən dəlilləri, eləcədə təqsirləndirilən şəxsin CM-in 29,177.2.1 və 315.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi ilə bağlı ifadəsi inandırıcı qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 hazırda verdiyi ifadəsində ona ittiham edilmiş əməli törətmədiyini bildirsə də, həm cinayət işini ibatidai istintaqı zamanı, həm də birinci intansiyası məhkəməsinin iclasında verdiyi ifadəsində CM-in 29,177.2.1 və 315.2-ci maddələri ilə verilmiş ittihamda təqsirli bilmiş, lakin bildirmişdir ki, onlar elektrik dirəklərinin üzərindən naqil kəsməmiş, yerdə olan naqilləri oğurlamaq məqsədi ilə həmin yerə gəlmişlər. Bundan başqa digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 birinci intansiyası məhkəməsinin iclasında verdiyi ifadəsində naqillərin oğurlanması üçün əvvəlcədən Təqsirləndirilən şəxs1la danışıb razılaşdığını, xx.xx.2020-ci il tarixdə axşam saat təxminən 18 radələrində, hava qaraldıqdan sonra Səlimlə birlikdə həmin yerə gəldiklərini, naqilləri kəsib yığmaq üçün özləri ilə kəlbətin və bir ədəd əl arabası götürdüklərini bildirmişdir. Göstərilən bu xüsusatlar həmçinin, hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokolla və ona əlavə edilmiş foto cədvəllə (bax cinayət işi vərəq 2-10), şahid ifadələri, ekspertiza rəyləri, eləcədə işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. Bundan başqa Təqsirləndirilən şəxs1 ifadəsində elektrik dirəklərinin üzərindən naqili kəsmədiyini, ümumiyyətlə elektirik dirəyindən faktiki olaraq kəlbətinlə naqili kəsməyin mümkünsüz olduğunu bildirsə də, “X3 Şəbəkəsi” MMC-nin Ağsu sahəsi üzrə baş mühəndisin müavini Şahid ifadəsindən görünür ki, elektrik enerjisinin verilişində problemlər yaranmış və həmin səbəbdən hadisə yerinə getmişlər. Hadisə yerinə gələn zaman isə təqsirləndirilən şəxslərin elektrik dirəyinin yanında naqilləri kəsdiklərini görmüşlər. Daha sonra verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, dayaqda olan naqili kəlbətinlə kəsmək olmur, lakin oğurluq edən şəxslər naqilləri 2 metrlik 20-lik turbanın başına najovkanı svarka edərək travesin üstünə çıxaraq kəsirlər və bu birinci dəfə deyil. Digər tərəfdən məhkəmə kollegiyası, apelyasiya şikayətinin “bundan başqa təqsirləndirilən şəxslərin 1160 metr uzunluqda elektrik naqillərini yığması da şübhə altındadır” kimi dəlilinə də hüquqi qiymət verərək qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxsə 1160 metr uzunluqda elektrik naqillərini yığaraq oğurlamasına görə yox, həmin uzunluqda naqilləri oğurlamağa cəhd etdiyinə görə ittiham verilmişdir. Göründüyü kimi, baş vermiş hadisənin ümumi mənzərəsi, hadisələrin praktiki olaraq üst-üstə düşməsi, yəni xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 17:50 radələrində gərginlik altında olan 110 KV-luq İsmayıllı hava xətti açılması, bununla əlaqədar olaraq REŞ MMC-nin direktorunun baş mühəndisinin müavini Şahid zəng edərək, həmin əraziyə baxiş keçirilməsini bildirməsi, əraziyə baxış keçirən zaman həmin naqilin hadisə yerindən 2-3 dayaq irəlidə kəsilib gərginlik olan xəttin üstünə düşməsi, həmçinin həmin vaxt təqsirləndirilən şəxslərin yerdə oaln naqilləri kəsərək, kiçik hissələrə ayırmaları təqsirləndirilən şəxslərin CM-in 29,177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinaəyət əməlini törətmələrini düşünməyə kifayət qədər əsas verir. Bundan başqa, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətində polis əməkdaşlarının özlərini təqdim etmədiklərini bildirsə də digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 birinci intansiyası məhkəməsinin iclasında verdiyi ifadəsində elektrik dirəyinin altında iş görən zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, işi dayandırıb, onlarla birlikdə polis şöbəsinə getməyi tələb etdiyini göstərmişdir. Eləcədə, Təqsirləndirilən şəxs1 ifadəsində zərərçəkmişi kəlbətinlə vurmadığını bildirsə də ibtidai istintaq zamanı ona verilən suala cavab olaraq Zərərçəkmiş şəxs əlindəki kəlbətinlə baş nahiyəsindən bir dəfə vurduğunu bildirmişdir. Yuxarıda sadalanlara görə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun hazırkı məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatlar obyektiv gerçəkliyi əks etdirməməklə, özünümüdafiə xarakteri daşıyır. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs1 əməlinin CM-in 29,177.2.1 və 315.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Lakin, hazırda qüvvədə olan CM-dən bəlli olur ki, xx xxx xxxx-xx xx xxxxxxx xxxxxx xöxrəli Azərbaycan Respublikasının Qanunu ilə CM-in 315-ci maddənin mətni yeni redaksiyada verilmişdir. Belə ki, CM-in 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə–iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oxşar münasibətləri tənzimləyən CM-in 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətdədir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 315.2-ci maddəsi CM-in 315-ci maddəsinə tövsif edilməli və sonuncu həmin maddə ilə təqsirli bilinib, madənin sanksiyası həddində cəzalandırılmalıdır. Bu baxımdan da məhkəmə kollegiyası təqsirləndirilən şəxsə CM-in 315-ci maddəsi ilə təyin ediləcək cəzanın növü və həddinə münasibət bildirmək istəyir. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin olunmasını əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Tədqiq edilən işdən aydın olur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmamış və sonuncu verdiyi ifadəsində zərərçəkmiş şəxsdən şikayətçi olduğunu bəyan etmişdir. Ona görə də məhkəmə kollegiyası cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq, təqsirləndirilən şəxsə CM-in 315-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini daha məqbul hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-12/2020 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 315.2-ci maddəsi CM-in 315-ci maddəsinə tövsif edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1 oğlu tərəfindən verilmiş аpellyаsiyа şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(016)-12/2020 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 315.2-ci maddəsi CM-in 315-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 CM-in 315-ci maddəsi ilə təqsirli bilinib 2 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 CM-in 29,177.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi 2 il müddət CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın 2 (iki) gününü 1 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzaların tam toplanması yolu ilə qəti olaraq üzərində 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli, tutulduğu – xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-96/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-96/2020
13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver