Məhkəmə qərarları › İş №1(107)-96/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-96/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-96/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun müdafiəçi X6 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(016)-56/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən E.Hümbətov) 18 noyabr 2021-ci il tarixli, 1(016)-56/2021 nömrəli hökmü ilə, xx xxxxxx 1967-ci ildə Ağsu rayonu Bico kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağsu rayonu Bico kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02(iki) il 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan 4 (dörd) ay 18 (on səkkiz) gün çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 03 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalından azad edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə (CPM-in 7.0.35-ci maddəsinə əsasən gecə vaxtı - yerli vaxtla axşam saat 22-dən səhər saat 7-dək olan vaxt müddətidir;) saat 23.30-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş maddi sübut – Təqsirləndirilən şəxs Ağsu rayonu Bico kəndində yaşadığı evin həyətində yetişdiriyi əkilib-becərilməsi qadağan olunmuş, 300-400 sm hündürlüyündə, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 85 kiloqram 150 qram olan, 13 (on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin möhürlənərək qablaşdırıldığı 01 (bir) ədəd sintetik kisədə olan narkotik tərkibli çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Təqsirləndirilən şəxs Ağsu rayon Bico kəndində yaşadığı evinə baxış və götürmə aparılmasını özündə əks etdirən 01 (bir) ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 35.97 (otuz beş manat doxsan yeddi qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilməsi X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01.hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ortalarında Ağsu rayonu Bico kəndində yerləşən yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan 13 (on üç) ədəd çətənə (kannabis) bitkilərini satış məqsədi olmadan xeyli miqdarda əkib onlara aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, 09 sentyabr 2021-ci il tarixdə Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində əkib yetişdiriyi əkilib-becərilməsi qadağan olunmuş, 300-400 sm hündürlüyündə, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 85 kiloqram 150 qram olan, 13 (on üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(016)-56/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs azadlıqdan məhtumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X7 apellyasiya protestinin təmin edilməsini və Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(016)-56/2021 nömrəli hökmünün dəyişdirilməsini və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya protestinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs, onun müdafiəçisi, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CMin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(016)-56/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 237.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs əməlinin CM-in 237.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı gəldiyi qənaətlə razılaşsada, barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, təyin edilmiş həmin cəza işin faktiki hallarına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun deyildir. Çünki, məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə dövlət ittihamçısının apellyasiya protestinin dəlillərinə iki aspektdən, həm Cinayət Məcəlləsinin ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından yanaşıb təhlil aparılmasını məqsədəuyğun hesab edir. Apellyasiya protestinin təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə dəlili ilə razılaşan məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir və cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İş materialları ilə müəyyən edilir ki, 13 ədəd xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabıs bitkilərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmə cinayətini təqsirin birbaşa qəsd forması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən, törətmiş olduğu cinayət əməli başa çatmış olmaqla az ağır cinayətlər kateqoriyasına aid olan cinayət əməlinə görə Təqsirləndirilən şəxs əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül nöw cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış Ağsu Rayon Məhkəməsi tərəfindən cinayət qanununun normalarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkum şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” 28.06.2005-cı ıl tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İİİ siyahısında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün çətənə növlü bitkilərin qanunsuz kultivasiya edilən aşağ; həddi 3 ədəd müəyyən edilmişdir. Onun külli miqdarı 15 ədəddən başlanır. Göründüyü kimi. Təqsirləndirilən şəxs qanunsuz olaraq əkibyetişdirərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin miqdarı aşağı həddən dəfələrlə artıq, külli miqdara yaxın, yəni 13 ədəd olmuş, həmçinin hündürlüyü 300-400 sm olmaqla, çəkisi 85 kiloqram 150 qram olmuşdur ki, bu da həmin cinayəti törədən şəxsin əməlinin ictimai təhlükəliliyinə dəlalət edən əsas hallardan biridir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Bico kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş formal xasiyyətnaməyə istinad etməklə cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Halbuki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 14 sentyabr 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Mahmudov X5 Vilayəti Məhkəməsinin 23.04.1992-ci il tarixli hökmü ilə 04 il azadlıqdan məhkumetmə cəzasına məhkum olunmuş, AR 15.07.1992-ci il tarixli Amnistiya qərarı ilə çəkilməmiş cəzası 1/3 qədər azaldılaraq, 02 il 11 gün cəza saxlanılmış, Əzizbəyov Rayon Xalq Məhkəməsinin 08.10.1992-ci il tarixli qərarı ilə 01 il 10 ay 16 gün şərti azad edilmiş, Nərimanov Rayon Xalq Məhkəməsinin 22.10.1993-cü il tarixli qərarı ilə 10 ay 03 gün vaxtından əvvəl şərti azad edilmiş, Nəsimi Rayon Xalq Məhkəməsinin 06.02.1996-cı il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 06 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 22.01.2002-ci ildə cəzasının sonu ilə azad olunmuş və Şamaxı Rayon Məhkəməsinin 30.05.2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 03.08.2012-ci il tarixli qərarı ilə 30.05.2012-ci il tarixli hökm dəyişdirilərək təyin olunmuş 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Xəzər Rayon Məhkəməsinin 28.02.2013-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Göründüyü kimi şəxs dəfələrlə məhkum olunmasına baxmayaraq islah olunmamış və yenidən qəsdən cinayət törətmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 237.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Birinci instansiya məhkəməsi həmin maddələrin tələblərini nəzərə almadan Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz sayılmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin ədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X4 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya protestində qeyd edilən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə cinayət qanunvericiliyinin normasının birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməməsi ilə bağlı dəlilləri əsaslı sayır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 237.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(016)- 56/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilməli, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 9 (doqquz) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində 09 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 15 fevral 2022-ci il tarixdən hesablanmalı, hökm apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli, 1(016)-56/2021 hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 9 (doqquz) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində 09 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli bu gündən, yəni 15 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs olunsun. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar