Məhkəmə qərarları › İş №1(109)-13/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-13/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-13/2024 16.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və tərçüməçi X6 iştirakları ilə 21 dekabr 1997-ci ildə Türkiyə Respublikası, Gaziantep şəhəri, Oğuzeli rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, 2 uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikasının Gaziantep şəhəri, Osmanqazı məhəlləsi, 56017 nömrəli küçəsi, Hira binası nömrə 14, 4-cü mərtəbə, 8-ci mənzil ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə təkrar qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq satış məqsədi olmadan 85,040 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamin əldə edib bir qismini istifadə etdikdən sonra 82,074 qram metamfetamini şəffaf sellofana bükməklə idarə etdiyi “SCANİA” markalı 61UB500/34HC3792 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabininin ön yuxarı hissəsində olan əşyalar qoyulmaq üçün nəzərdə tutulmuş orta yeşiyin içərisində yan üzlüyün arxasında, 2,966 qram metamfetamini isə şəffaf sellofana bükməklə həmin avtomobilin idarəetmə panelinin arxasında gizlədərək saxlamaqla daşımış, 02 dekabr 2023-cü il tarixdə saat 12 radələrində Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun inzibati ərazi dairəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisinə daxil olarkən həmin 2 bükümdə külli miqdarda psixotrop maddə metamfetamini əynində olan gödəkcəsinin sol iç cibinə qoyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bundan başqa, o, 2 dekabr 2023-cü il saat 22 radələrində Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedərkən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamindən 1 ədəd şəffaf sellofan bükümdə 82,074 qram hissəsini idarə etdiyi “SCANİA” markalı 61UB500/34HC3792 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabininin ön yuxarı hissəsində olan əşyalar qoyulmaq üçün nəzərdə tutulmuş orta yeşiyin içərisində yan üzlüyün arxasında və 1 ədəd şəffaf sellofan bükümdə 2,966 qram hissəsini həmin avtomobilin idarəetmə panelinin arxasında yenidən gizlədərək daşımaqla Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postundan ölkədən tranzit çıxış edərkən külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə təkrar qaçaqmalçılıq etmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” Gömrük postunun əməkdaşları tərəfindən nəqliyyat vasitəsində yoxlama aparılarkən 2 ədəd 82,074 qram və 2,966 qramdan ibarət bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 85,040 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, yük nəqliyyat vasitəsində olan saç boyasını Özbəkistan Respublikasında təhvil verdikdən sonra İran İslam Respublikasına gəlmiş, orada olduğu zaman tanımadığı bir İran vətəndaşının öz maşınında psixotrop maddədən istifadə etdiyini görmüş, ondan aldığı psixotrop maddəni həmin şəxsin maşınında istifadə etmiş, bir azını isə pul qarşılığında ona satmasını istəmişdir. Lakin İran vətəndaşı az miqdarda psixotrop maddə satmaq istəmədiyini, yalnız bütöv şəkildə satacağını bildirdikdə 300 dollar ödəyərək çəkisini dəqiq bilmədiyi bükümün hamısını öz istifadəsi üçün almışdır. Psixotrop maddə 1 bükümdə olmuş, yolda olarkən onu rahat şəkildə istifadə etməyi üçün iki hissəyə ayırmışdır. Türkiyə gömrüyündə tutulmamaq üçün içərisində psixotrop maddə çox olan bükümü maşının üst tərəfində çəkməcənin içərisinə qoymuş, digər bükümü isə özünə yaxın yerdə sükanın arxasında gizlətmişdir. O, Türkiyə Respublikasında həmin psixotrop maddənin istifadəsinin qanunsuz olduğunu bilmiş, lakin Azərbaycan Respublikasında istifadəsinin qanunsuz olduğundan xəbərsiz olmuş, buna görə də Şahtaxtı gömrük postunda həmin maddəni gömrük əməkdaşına bildirməmişdir. Sədərək postunda olduğu zaman içərisində psixotrop maddə olan 2 büküm maşınında, həmin maddəni istifadə etdiyi şüşə kolba isə cibində olmuşdur. Sədərək gömrük postunun əməkdaşı ondan -“üzərində qadağan olunmuş nə isə varmı?”- deyə soruşduqda cibində olan kolbanı gömrük əməkdaşına təhvil vermişdir. Əlavə olaraq əməkdaş - “maşınında qadağan olunmuş nə isə var?” - deyə soruşduqda o, - “yoxdur”deyə bildirmişdir. Kolbanı təhvil verdikdən sonra gömrük əməkdaşları maşını axtarmağa başlamış, maşından psixotrop maddənin olduğu bükümlərdən birini götürmüş, digərini isə özü təhvil vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, 2 il müddətində psixotrop maddə istifadəçisi olmuş, lakin son 6 ay ərzində istifadə etməmiş, törətdiyi əməldən peşman olmuşdur. Gömrük yoxlanışı zamanı əməkdaş ona - “maşında qanunla qadağan olunmuş nə isə varsa könüllü təqdim et”- deyə söylədikdə o, “qadağan” sözünün mənasını başa düşməmiş, bu səbəbdən maşınında aşkar olunan psixotrop maddəni könüllü təqdim etməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü “Sədərək” Gömrük postunda xidmətdə olmuş, Özpınar Mehmetin hərəkətlərində əsaslı şübhələr hiss etdiyi üçün onda və onun idarə etdiyi yük nəqliyyat vasitəsində əsaslı yoxlama aparmaq qərarına gəlmişdir. Baxış zamanı çəkiliş aparılması üçün gömrük əməkdaşı Şahid2 ona kömək etməsini xahiş etmiş, nəqliyyat vasitəsinə baxış keçirilən zaman Özpınar Mehmetə suallar vermiş, verilən suallara qeyri-səmimi cavablar aldığı üçün şübhəsi daha da artmışdır. Daha sonra təqsirləndirilən şəxs şüşə kolbanı ona təhvil vermiş, ətraflı baxış zamanı yük nəqliyyat vasitəsinin salonundakı üst çəkməcədən narkotikə bənzər maddəni aşkar etmiş, digər balaca bükümü isə Özpınar Mehmetin özü təqdim etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə 03 dekabr 2023-cü il tarixdə axşam saatlarında baş vermişdir. Xidmət zamanı gömrük əməkdaşı Şahid1 ona yaxınlaşaraq yük nəqliyyat vasitəsinə baxış keçirilən zaman video çəkiliş etməsini xahiş etmişdir. Video çəkiliş edən zaman Özpınar Mehmetin hərəkətlərində əsaslı şübhələr hiss etdikləri üçün Şahid1 - “üzərində qadağan olunmuş nəsə var?” - deyə soruşmuş, bu zaman Özpınar Mehmet üzərində olan bir şüşə kolbanı Şahid1 təhvil vermiş, həmin şüşə kolbanı nəyə istifadə etdiyini soruşduqda isə təqsirləndirilən şəxs psixotrop maddə istifadə edən zaman lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin istifadə etdiyi nəqliyyat vasitəsinin salonun içərisində yuxarı hissədəki 2-ci ya da 3-cü çəkməcədən psixotrop maddəyə bənzər maddələr aşkar edilmiş, həmin maddələr aşkar olunduqdan sonra Şahid1 “bu nədir?” deyə soruşmuş, təqsirləndirilən şəxsdə istifadə etdiyi metamfetamin maddəsi olduğunu söyləmişdir. Böyük bükümdəki psixotrop maddəni Şahid1 aşkar etdikdən sonra Özpınar Mehmetdən - “başqa hardasa nəsə var?” - deyə soruşmuşdur. Bundan sonra təqsirləndirilən şəxs özü könülli olaraq sükanın arxasında alətlər panelinin arxa tərəfində gizlətdiyi psixotrop maddəni Şahid1 təhvil vermişdir. Xatırladığına görə digər şüşə kolba isə çəkməcədə olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı izahatı elan olunmuş:Şahid3 izahatında göstərmişdir ki, təxminən 7 ildir ki, Dövlət Sərhəd Xidmətində xidmət edirəm. Hal-hazırda X17 X11 Bölməsinin zabit nəzarətçisi vəzifəsində çalışıram. Baş leytenant hərbi rütbəsi daşıyıram. Bildirmək istəyirəm ki, xx.xx.2023-cü il tarixində X17 X11 Bölməsində nəqliyyat vasitələri və yüklərə baxış sərhəd naryadı xidmətində olarkən gecə yarısından sonra gömrük əməkdaşı Şahid1 ilə birlikdə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına qurudulmuş gavalı yükü aparan Türkiyə respublikası vətəndaşı xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi 61UB500/34HC3792 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük nəqliyyat vasitəsinə yoxlama keçirdik. Yoxlama zamanı gömrük əməkdaşı yük nəqliyyat vasitəsindən bir bükümdə təxmini çəkisi 84,3 qram və bir bükümdə təxmini çəkisi 3,4 qram olan şəffaf sellofana bükülmüş duz kristalları formasında psixotrop maddəyə bənzər kütlələr və 2 ədəd şüşə kolba aşkar etdik və onlar qablaşdırılaraq götürüldü. Daha sonra müvafiq sənədlər hazırlandı və iştirakçılar tərəfindən imzalandı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4 dekabr 2023-cü il tarixli, 1196 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən və ona əlavə edilmiş sxemdən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş 02 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 82,074 qram, -2,966 qram olmaqla ümumilikdə təmiz çəkisi -85,040 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir.(İ siyahı; İİ bənd; sıra №27) Naxçıvan Muxtar Respublikası X2: - 13 dekabr 2023-cü il tarixli, 419 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetamin narkotik maddəsi qəbul edir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı vardır. - 30 dekabr 2023-cü il tarixli, 445 nömrəli Ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - - 03 dekabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 61UB500/34HC3792 dövlət qeydiyyat nişanlı, “SCANİA” markalı yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılmış, yoxlama zamanı yük nəqliyyat vasitəsinin sürücü kabinəsinin ön yuxarı hissəsində olan əşyalar qoyulmaq üçün nəzərdə tutulmuş orta yeşiyin içərisində yan üzlüyün arxasından şəffaf sellofana bükülmüş bir büküm şəffaf duz kristalları halında olan qablaşdırma ilə birgə çəkisi 84,3 qram, idarəetmə panelinin arxasından şəffaf sellofana bükülmüş bir büküm şəffaf duz kristalları halında olan qablaşdırma ilə birgə çəkisi 3,4 qram olan psixotrop maddəyə bənzər kütlələr və sürücü oturacağının yuxarı ön tərəfində olan əşyalar qoyulmaq üçün nəzərdə tutulmuş yeşiyin içərisindən psixotrop maddə istifadə etmək üçün 1 ədəd şüşə kolba aşkar edilmişdir. 07 dekabr 2023-cü il tarixli “SCANİA” markalı, 61UB500/34HC3792 nömrəli nəqliyyat vasitəsinin təhvil-təslim edilməsi haqda aktdan məlum olur ki, “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi idarəsinin Mühafizə olunan ərazisində saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “SCANİA” markalı, 61UB500/34HC3792 dövlət nömrə nişanlı “SCANİA” markalı yük nəqliyyat vasitəsi Türkiyə Respublikasının vətəndaşı Özpınar Mustafaya nəqliyyat vasitəsinin texniki pasportu ilə birlikdə saz vəziyyətdə təhvil verilmişdir. - 03 dekabr 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə bəyan edilməyən həmçinin aparılması və gətirilməsi qanunvericiliklə qadağan olunmuş və ya məhdudlaşdırılmış heç bir predmet aşkar edilmədi. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən xarici vətəndaşa məxsus U35043965 nömrəli pasport, 1 ədəd “Xiaomi 13 Ultra” markalı, İMEİ1: **********16927; İMEİ2: **********6935 nömrəli mobil telefon götürülmüşdür. - 07 dekabr 2023-cü il tarixli yük nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən görünür ki, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. - 10 yanvar 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi 13 Ultra” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyətli ola biləcək hər hansı bir məlumat əldə edilməmişdir. - 18 yanvar 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-də qeydə alınmış video-görüntü 7 dəqiqə 37 saniyədir. Gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində və nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində bəyan ediləcək əşya olmadığını, lakin üzərində olduğunu deyərək geyindiyi gödəkcənin sağ cibindən bir ədəd şüşə kolbanı çıxararaq gömrük əməkdaşına təqdim edir. Sonra gömrük əməkdaşı tərəfindən Gömrük yoxlaması zamanı ilk öncə yük nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısı açılıb qapı cibinə baxıldıqdan sonra, nəqliyyat vasitəsinin kabininin xaricində və qoşqusunda yerləşən saxlanc yerlərində yoxlama aparılır və həmin yerlərdən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Çəkilişin 4-cü dəqiqə 36-cı saniyəsində sürücü oturacağının ön tərəfində olan əşyalar qoyulmaq üçün nəzərdə tutulmuş yeşiyin içərisindən psixotrop maddə istifadə etmək üçün 1 ədəd şüşə kolba, 4-cü dəqiqənin 58-ci saniyəsində sürücü kabinəsinin ön yuxarı hissəsində olan əşyalar qoyulmaq üçün nəzərdə tutulmuş orta yeşiyin içərisində yan üzlüyün arxasından şəffaf sellofana bükülmüş bir büküm şəffaf duz kristalları müəyyən edilir, gömrük əməkdaşı Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu soruşduqda ona metamfetamin olduğunu deyir. 5-ci dəqiqənin 16-cı saniyəsində isə gömrük əməkdaşının qeyd olunan maddədən nəqliyyat vasitəsində yenə olub-olmamasına dair sualına isə Təqsirləndirilən şəxs xırda bir bükümün olduğunu deyərək idarəetmə panelinin arxasından şəffaf sellofana bükülmüş bir büküm şəffaf duz kristallarını çıxararaq təqdim edir. Əlavə yoxlama zamanı nəqliyyat vasitəsindən qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilmir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmış, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunmuş psixotrop maddə ona məxsusdur. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 əlavə olaraq heç nə bildirmədilər. 22 dekabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.1 və 234.1-1-ci maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... təkrar keçirilməsi Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsini özünün səmimi etirafı, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, o, tanımadığı İran vətəndaşından 300 dollar ödəyərək psixotrop maddə olan metamfetamin aldığını, bir bükümdə olan həmin maddəni iki hissəyə ayırdığını, gömrükdə tutulmamaq üçün həmin bükümlərin birini maşında çəkməcənin içərisinə qoyduğunu, digər bükümü isə özünə yaxın yerdə sükanın arxasında gizlətdiyini, Türkiyə Respublikasında psixotrop maddə olan metamfetaminin istifadəsinin qanunsuz olduğunu bildiyini, lakin Azərbaycan Respublikasında istifadəsinin qanunsuz olduğundan xəbərsiz olmasını, buna görə də gömrükdə həmin maddəni gömrük əməkdaşına bildirmədən keçirdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetaminin Azərbaycan Respublikası ərazisində qadağan olduğunu bilmədiyini söyləməsi, gömrük yoxlanışı zamanı - “üzərində qadağan olunmuş nə varsa könüllü təqdim et”- deyildikdə qadağan olunmuş sözünün mənasını başa düşmədiyini söyləməsi özünü müdafiə xarakteri daşıyan məsuliyyətdən yayınmağa yönəlmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrindən, təqsirləndirilən şəxsin hərəkətlərində əsaslı şübhələr hiss olunduğu, verilən suallara qeyri-səmimi cavablar verdiyi, baxış zamanı şüşə kolbanı gömrük əməkdaşlarına təhvil verdiyi, psixotrop maddəyə bənzər kütlənin isə özləri tərəfindən aşkar edildiyi tam təsdiq olunur. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.1 və 234.1-1-ci maddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.3.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, 2 az yaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-119/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 03 dekabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 03 dekabr 2023cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 84,990 qram metamfetamin psixotrop maddəsi və 02 ədəd şüşə kolba məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi 13 Ultra” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 35043965 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, yük nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində saxlanılan 84,990 qram metamfetamin psixotrop maddəsi və 02 ədəd şüşə kolba məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi 13 Ultra” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 35043965 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 01 (bir) ədəd DVD, yük nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair 01 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar