Məhkəmə qərarları › İş №1(109)-15/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-15/2023

09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-15/2023 09.08.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə 21 dekabr 1989-cu ildə Türkiyə Respublikasının Malatya şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikası, Malatya şəhəri, Tandoğa məhəlləsi, Aydemir küçəsi,Abdulvahab Qazi döngəsi ev 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda 126,086 qram olan həşiş qətranı narkotik vasitəsinin bir bükümünü əyninə geyindiyi şalvarın sağ cibinə, bir bükümünü isə əyninə geyindiyi alt paltarının içərisinə, həmçinin təmiz çəkisi 16,687 qram olan narkotik vasitə qurudulmuş marixuananı bir bükümdə əyninə geyindiyi alt paltarının işərisinə gizlədərək idarə etdiyi 44 ABB605/44ABC595 dövlət qeydiyyat nişanlı, “Mersedes Bens” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün Azərbaycan Respublikasının ərazisinə tranzit giriş edərkən 27 aprel 2023-cü il tarixdə saat 10:00 radələrində Kəngərli rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş, gömrük postunda üzərinə baxış keçirilərkən, qeyd edilən külli miqdarda 125,086 qram olan həşiş qətranı və 16,687 qram qurudulmuş marixuana narkotik vasitələri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19 ildir sürücü kimi Türkiyə Respublikasından bir çox xarici dövlətə yük daşımaqla məşğul olmuşdur. Tutulmamışdan 4-5 gün əvvəl özünə məxsus olan 44ABB605-44ABC595 nömrəli yük nəqliyyat vasitəsi ilə Özbəkistandan iplik yükləyərək Türkmənistana, oradan da İrana keçmişdir. 25 aprel 2023-cü il tarixdə Tehran şəhəri yaxınlığında yerləşən tır parkında olarakən gecə tütünü kağıza bükməklə özünə siqaret hazırlayarkən tanımadığı bir iranlı ona yaxınlaşmış və narkotik çəkdiyini soruşduqda həmin şəxsə narkotik deyil tütünü kağıza bükərək çəkdiyini demişdir. İranlı cibindən balaca bir şey çıxarmış, çəkmək istədiyini soruşmuş və o, həmin şeyin “afkan macunu” olduğunu görmüşdür. Əfqanıstanda əsgərlikdə olduğu zaman əvvəllər istifadə etdiyi üçün afkan macununu ordan tanıyırmış. Həmin vaxt iranlı ondan afkan macunu gətirməsi üçün pul istəmişdir. O da iranlıya çox pul verdiyi halda gedib qayıtmayacağını düşünərək 20 dollar pul vermişdir. Bir azdan iranlı qayıtmış və gətirdiyi “afkan macununu” və “otu” ona vermişdir. Gecə avtomaşının içərisində iranlının gətirdiyi həmin narkotikləri tütün kağızına doldurub çəkmişdir. 27 aprel 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi avtomaşınla Azərbaycan Respublikasının Şahtaxt gömrüyünə daxil olmuşdur. Orada gömrük əməkdaşı ona yaxınlaşaraq idarə etdiyi yük nəqliyyat vasitəsində yoxlama keçirəcəyini bildirmiş, avtomaşında və üzərində qadağan olunmuş və ya gizlədilmiş hər hansı bir şeyin olub-olmamasını soruşmuşdur. O, isə cavabında avtomaşınında və üzərində qadağan olunmuş heç nə olmadığını bildirmişdir.Bundan sonra nəqliyyat vasitəsində yoxlama aparılmış, heç nə aşkar edilmədiyindən üzərində şəxs yoxlama aparılması üçün yoxlama otağına getmişdir. Yoxlama zamanı onun əynində olan şalvarının sağ balaca cibində və alt paltarında gizlətdiyi narkotik maddələr aşkar edilərək götürülmüşdür. Şəxsi istifadəsi üçün aldığı narkotik maddələr, “afkan macununu” və “otu” gömrük sərhəddindən keçirməyin qanunla qadağan olunduğunu bildiyi üçün şalvarının cibində və alt paltarında gizlətmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs himayəsində üç uşağının olmasını, ilk dəfə cinayət törətməsini, xəstə atasının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun baş müfəttişi vəzifəsində işləyir. 27 aprel 2023-cü il tarixdə saat 11 radələrində İran İslam Respublikasından gələn “Mersedes-Benz” markalı yük nəqliyyat vasitəsi gömrüyə daxil olduqdan sonra avtomaşına yaxınlaşıb sürücüdən qanunla qadağan olunmuş hər hansı malın olmasını soruşmuş, o isə cavabında idarə etdiyi nəqliyyat vasitəsində qadağan olunmuş və ya gizlətdiyi hər hansı bir şeyin olmadığını bildirmişdir.Bundan sonra iki nəfər hal şahidinin iştirakı ilə nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı avtomaşında qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Yoxlama zamanı sürücünün davranışı və gözlərinin qızarması onda şübhə yaratdığ üçün sürücünün üzərində şəxsi yoxlama aparması üçün hal şahidlərinin iştirakı ilə sürücünü şəxsi yoxlama otağına aparmışdır. Yoxlama zamanı sürücünün əynində olan şalvarın balaca sağ cibindən şəffaf selefona bükülmüş təxmini çəkisi 1,3 qram olan narkotik vasitəyə bənzər maddə aşkar etmiş, daha sonra sürücünün əynindəki alt paltarının içindən şəffaf seleona bükülmüş bir bükümdə təxmini çəkisi 129 qram, digər bükümdə təxmini çəkisi 18 qram olan narkotik vasitəyə bənzər maddələr aşkar etmişdir.Bütün bunlar sənədləşdirilmiş və imzalanmışdır. Şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şahtaxtı gömrüyündə fəhlə kimi avtomaşınlardan yük boşaltmaqla məşğuldur. 27 aprel 2023-cü il tarixdə gündüz vaxtı “Şahtaxtı” gömrüyündə yük boşaldan zaman gömrük əməkdaşı Elvin ona və onunla birlikdə fəhlə işləyən Nicata İrandan gələn “Mersedes-Benz” markalı avtomaşına baxış keçirəcəklərini söyləyib hal şahidi kimi orada iştirak etmələrini xahiş etmiş, onlar da təkliflə razılaşmışlar.Gömrük əməkdaşı avtomaşını yoxlamış, lakin qanunla qadağan olunmuş heç nə aşkarlanmamışdır. Daha sonra sürücünün üzərinə baxış keçirmək üçün yoxlama otağına gəlmişlər.Axtarış zamanı gömrük işçisi sürücüdən üzərində qanunla qadağan olunmuş nəsə varsa təqdim etməyi təklif etmiş, o, isə heç nə olmadığını bildirmişdir.Gömrük işçisi Elvin onun üzərini axtarmağa başlamış və sürücünün əyninə geyindiyi şalvarın balaca sağ cibindən şəffaf sellofana bükülmüş bir bükümdə çəkisi təxminən 1,3 qram olan maddə aşkar olunmuş, bundan sonra gömrükçü ona paltarlarını çıxarmasını xahiş etmiş, onun alt paltarının içərisindən bir bükümdə təxmini çəkisi 130 qram, digər bükümdə isə təxmini çəkisi 18 qram olan maddələr aşkar edilmişdir.Yoxlama qurtardıqdan sonra sənədləşmə aparılmış və onlar da imzalamışlar. Şahid X4 şahid X3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 445 nömrəli, 28 aprel 2023-cü il tarixli məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyindən görünür ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan kəsiyinə bükülmüş bükümlə birlikdə çəkisi 1,306 qram və 01 ədəd sellofana bükülmüş halda bükümlə birlikdə çəkisi 129,117 qram olan 2 ədəd bükümdə bükümlə birlikdə ümumi çəkisi 130,423 qram, ümumilikdə təmiz çəkisi 125,086 qram olan yaşımtıl-qəhvəyi rəngli, spesifik iyli, qətrana bənzər kütlə, narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranıdır. Həşiş qətranı 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na (İ siyahı, İ bənd, sıra №56) daxildir. 01 ədəd sellofana bükülmüş halda bükümlə birlikdə çəkisi 18,050 qram, təmiz çəkisi 16,687 qram olan xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na (İ siyahı, İ bənd, sıra №146) daxildir. Ekspertizaların keçirilməsi zamanı xalis təmiz çəkisi 125,086 qram olan həşiş qətranının 0,04 qramı, 16,687 qram miqdarda marixuananın 0,02 qramı tədqiqata sərf olunmuş,125,046 qram həşiş qətranı və 16,667 qram qurudulmuş marixuana narkotik vasitələri qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-cü il tarixli, 128 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs həşiş narkomaniyası aşkar olundu. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Psixi Xəstəliklər Dispanserinin xx.xx.2023-cü il tarixli, 129 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır, onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur.O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - 27 aprel 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 44ABB605/44ABC595 dövlət qeydiyyat nişanlı, "Mercedes-Benz " markalı yük nəqliyyat vasitəsi yoxlanılarkən nəqliyyat vasitəsindən qanunla aparılıb gətirilməsi qadağan olunan heç nə aşkarlanmamışdır. 27 aprel 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı, Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın balaca sağ cibindən şəffaf sellofana bükülmüş halda 1 bükümdə, tünd qəhvəyi rəngli, kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 1,306 qram, əyninə geyindiyi alt paltarının-tumanın içindən şəffaf sellofana bükülmüş halda 1 bükümdə, tünd qəhvəyi rəngli,kəskin iyli, qablaşma ilə birlikdə ümumi çəkisi 129,117 qram və şəffaf sellofana bükülmüş halda 1 bükümdə, kəskin iyli bitki kütləsi, qablaşma ilə birlikdə ümumi çəkisi 18,050 qram olan narkotik vasitəyə bənzər predmetlər aşkar edilmişdir. Həmin tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Redmi Note 11” markalı, İMEİ 1:**********29682/78; İMEİ 2: **********29690/78 nömrəli mobil telefon, 1 ədəd “Samsung J 5 prime” markalı İMEİ 1:**********07467/01; İMEİ 2:**********07475/01 nömrəli mobil telefon, 1 ədəd göy rəngli “Samsunq” markalı mobil telefon,xarici vətəndaşa məxsus U 27444713 nömrəli pasport götürülmüşdür. 13 iyun 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ittiham verilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda 126,086 qram olan həşiş qətranı narkotik vasitəsinin bir bükümünü əyninə geyindiyi şalvarın sağ cibinə, bir bükümünü isə əyninə geyindiyi alt paltarının içərisinə, həmçinin təmiz çəkisi 16,687 qram olan narkotik vasitə qurudulmuş marixuananı bir bükümdə əyninə geyindiyi alt paltarının işərisinə gizlədərək idarə etdiyi 44 ABB605/44ABC595 dövlət qeydiyyat nişanlı, “Mersedes Bens” markalı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasından Türkiyə Respublikasına getmək üçün 27 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postundan qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi, gömrük postunda üzərinə baxış keçirilərkən, qeyd edilən külli miqdarda 125,086 qram olan həşiş qətranı və 16,687 qram qurudulmuş marixuana narkotik vasitələrinin aşkar edilməsi Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə cinayətini törətməsini təsdiq edir və məhkəmə istintaqı zamanı həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həşiş qətranının 40 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması külli miqdardır. Qeyd olunanlardan aydın göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 44/2023 nömrəli, 29 aprel 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 27 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 125,046 qram həşiş qətranı və 16,667 qram qurudulmuş marixuana narkotik vasitələri məhv edilməlidir. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 (bir) ədəd “Samsung J5 prime” markalı İMEİ 1: **********07467/01; İMEİ 2: **********07475/01 nömrəli mobil telefon, 1 (bir) ədəd “Redmi Note 11” markalı İMEİ 1: **********29682/78; İMEİ 2: **********29690/78 nömrəli mobil telefon, 1 ədəd göy rəngli “Samsung” markalı mobil telefon, və AN 789964 nömrəli sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs verilməlidir. - Təqsirləndirilən şəxs məxsus U 27444713 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Cinayət Məcəlləsinin 52.1-1ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi1 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2-348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə və 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 aprel 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan 125,046 qram həşiş qətranı və 16,667 qram qurudulmuş marixuana narkotik vasitələri məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 (bir) ədəd “Samsung J5 prime” markalı mobil telefon, 1 (bir) ədəd “Redmi Note 11” markalı mobil telefon, bir ədəd göy rəngli “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs məxsus AN 789964 nömrəli sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs verilsin. - Təqsirləndirilən şəxs məxsus U 27444713 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və o əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi1 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar