Məhkəmə qərarları › İş №1(109)-17/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-17/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-17/2025 02.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 14:50 Hakimlər – Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X4 iştirakları ilə 01 noyabr 2001-ci il tarixində Türkiyə Respublikasının Hatay şəhəri Reyhanlı rayonunda doğulmuş, Türkiyə Respublikası vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, qoşqulu yük nəqliyyat vasitəsi idarə edən, Türkiyə Respublikası, Hatay şəhəri, Reyhanlı rayonu, Özkurtuluş məhələsi, ev 4 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və az miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 14,536 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini və 1,380 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə edib bükümlərdə idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində gizlədib saxlayaraq daşımaqla, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 31AİT36/31AİH130 qeydiyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, xx.xx.2024-cü il tarixdə saat 00 : 55 dəqiqədə Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı nəqliyyat vasitəsinin kabininin tavan hissəsində yerləşən havalandırma yerinin kənarındakı boşluqda gizlədilmiş 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,041 qram və 4, 495 qram olmaqla ümumi təmiz çəkisi 14,536 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan paketin içərisində salfet kağızı bükümündə təmiz çəkisi 1,380 qram tünd yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmş qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, sürücü kimi çalışmış, Türkiyədən Naxçıvana oradan da İranın Tehran şəhərinə gedərək dəmir yükünü gömrüyə boşaltmış, sonra tır maşını ilə uzun yol qət etdiyinə görə yuxusuz qalmaq istədiyi üçün narkotik vasitə əldə etmək istəmiş, gömrükdə narkotik vasitədən istifadə edən çox insan olduğundan oradan pulla maddə ala biləcəyini düşünmüş, orada tanımadığı bir şəxsə yaxınlaşaraq şəxsi istifadəsi üçün “kristal” istəmiş, o da cavabında onda olmadığını, lakin tanışında ola biləcəyini söyləmişdir. Daha sonra ona 50 dollar pul vermiş, yaxınlaşdığı həmin şəxs narkotik vasitəni almaq üçün maşını ilə getmiş, özü isə gözləmişdir. Həmin şəxs 15-20 dəqiqə keçdikdən sonra gələrək “Kristal” narkotik vasitəsini, yanında da əlavə olaraq pulsuz başqa maddə və şüşə kolbanı vermiş, o isə yolda təxminən 1 qrama yaxınını içmiş, lakin aldığı maddələrin neçə qram olduğunu tam xatırlamamışdır. Həmin maddələr tozşəkilli hissəciklərdən ibarət olmuş və şəffaf sellofan bükümdə vermişlər. İranda narkotik vasitəni aldığı şəxsi tanımamış, ondan gətirməsini istədiyi tır sürücüsünü tanımışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirmişdir ki, özünə məxsus olan həmin maddələri gömrükdən keçirtməyin qadağan olduğunu bildiyindən onları yük nəqliyyat vasitəsinin havalandırma yerinin boşluğunda gizlədərək Naxçıvanın “Şahtaxtı” gömrüyünə gəlmişdir. Maddələri qəbul etdikdən sonra davamlı olaraq 15 gün yatmadığından yuxusuz olduğu üçün gömrük işçiləri ondan şübhələnərək üzərində qanunla qadağan olunmuş nəsə olub-olmadığını soruşmuş, yoxlama zamanı isə cibindən şüşə kolba çıxmışdır. Yoxlama zamanı maddələrin ona aid olmadığını, yəni onları İranlı bir şəxsdən aldığını söyləmiş, kim olduğunu görmədiyi bir nəfər gömrük işçisi onu aşağı çəkib ayağından təpiklə vurmuş, həmin şəxs ayağına təpiklə vurmamışdan qabaq onun ayağnda kəsik izi olmuş, digər işçi isə yanındakı işçiyə: “onun kimiləri tutub asmalısınız” demiş, o da səbəbini soruşduqda, gömrük işçisi cavabında: “sizin kimilər narkotik gətirib, bizim uşaqlara içirir” – deyə cavab vermiş və ayağını şüşə kəsdiyindən yaxşı yeriyə bilmədiyi üçün onu qolundan çəkə-çəkə yuxarı otağa aparmışlar. Tutularkən müdafiəçisinə bununla bağlı nəsə deməmiş, ayağından təpiklə vuran gömrük işçisindən isə şikayətçi olmadığını söyləmişdir. Gömrük işçiləri cibindən şüşə kolbanı tapdıqdan sonra maşını yoxlamağa başlamış və idarə etdiyi yük nəqliyyat vasitəsinin içərisini axtararaq yuxarıda havalandırma yerinin boşluğunda özünün oraya qoyduğu narkotik vasitələri tapmışlar, ümumilikdə üç dəfə gömrükdən keçmiş, “X-Ray” aparatında da yoxlanış zamanı heç nə aşkarlanmamışdır. Aşkarlanan maddələri özünün gətirdiyini, gömrük işçilərinin üzərinə qoymadığını bildirmişdir. Yoxlanış zamanı videoçəkiliş aparılmış, sonda da ona izlətmişlər. O, əlavə olaraq ifadəsində ana-atasından ayrı yaşadığını, 24 yaşında, evli və 1 uşağı olduğunu, ailənin yeganə qazanc gətirəni də özünün olduğunu söyləmişdir. Əvvəllər də narkotik vasitə kimi esrardan istifadə etmiş, lakin bağımlılıq yaratmamış, ailəsi də bu hərəkətinə yaxşı baxmadığı üçün narkotik vasitələri evə heç aparmamışdır. Gömrükdən narkotik keçirərkən satış məqsədim olmamış, hətta Naxçıvanda belə qalmayacağını, İrandan keçib Türkiyəyə gedəcəyini demişdir. Etdiyi əmələ görə özünü təqsirli bildiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 5 dekabr 2024-cü il tarixdə “Şahtaxtı” gömrük postunda xidmət edərkən nəqliyyat vasitəsini idarə edən şəxs Təqsirləndirilən şəxsı görmüş, onun bir az tələskən olmağı, ətrafa baxması, manipulyasiya etməyə çalışması, nəqliyyat vasitəsinin yoxlanışını tez bitirməyini istəməsi, gözlərində yuxusuzluq, qızartı, bədənində yaraların olması və xarici görünüşü onda şübhə yaratmış, onun maşınını yoxlamaq qənaətinə gəlmişdir. Nəqliyyat vasitəsini yoxlamamışdan öncə ondan haralı olduğunu soruşmuş, o da Hatay şəhəri, Reyhanlı rayonundan olduğunu, “Ənvəroğlu” firmasında işlədiyini və işə yeni başladığını bildirmişdir. Onun gömrük postuna ilk gəlişi olduğunu təxmini xatırlamış və həmin vaxt onun danışığından da şübhələnmişdir. Daha sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində Azərbaycan Respublikasının qanunları ilə qadağan olunan hər hansı bir maddənin olub olmamasını soruşmuş, o da olmadığını bildirmişdir. Yoxlama başlamazdan öncə “Şahtaxtı” gömrük postunun inspektoru Şahid2 çəkiliş aparmasını xahiş etmiş, o da çəkilişi aparmış, beləliklə nəqliyyat vasitəsinin yoxlanışında çəkiliş olmuş, həmin vaxt Təqsirləndirilən şəxs da iştirak etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra onun maşınına baxış keçirtməyə başlamış və təcrübədə bu cür davranan və narkotik vasitə daşıyan şəxslərə rast gəldiyindən maddələri aşkar edə bilmişdir. Baxış keçirərkən maşınında iki ədəd bükümdə şəffaf rəngdə, ağ, iysiz metamfetaminə bənzər maddə və bir ədəd də salfetə bükülmüş halda ümumi çəkisi 4.344 qram olan yaşıl rəngli ot, marixuanaya bənzər maddə aşkar etmişdir. Nəqliyyat vasitəsinə baxış keçirdikdən sonra şəxsin üzərində şəxsi yoxlamanı həyata keçirmək üçün onu dəvət etmiş, həmin vaxt təqsirləndirilən şəxs ona üzərində heç bir qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı da geyindiyi qara rəngli gödəkçənin sol cibində həmin o psixotrop maddəni istifadə etmək üçün bir ədəd sınıq şüşə kolba aşkarlamışdır. O və Şahid2 təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və zorakı hərəkətlər tətbiq etməmiş, təqsirləndirilən şəxslə konfliktə girməmiş, Şahid2 təqsirləndirilən şəxs haqqında: “bu kimi adamları tutub asacaqsan” deyə ifadə işlətməmişdir. Təqsirləndirilən şəxs də onlara qarşı heç bir müqavimət göstərməyərək işlərindən yayındırmamış, yoxlanışı tam normal şəkildə həyata keçirmişlər və onunla Şahid2 başqa yoxlanışda heç bir gömrük əməkdaşı olmamışdır. Sonda onlar sənədləşdirilmiş və lazimi tədbirlər görülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərdi ki, Mən Şahid2 təxminən 12 il müddətdir ki, gömrük orqanlarında xidmət edirəm. Hal-hazırda Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru vəzifəsində çalışıram. Bildirmək istəyirəm ki, xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikimə uyğun olaraq “Şahtaxtı” gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postunda xidmətdə olarkən gecə saatlarında postun digər əməkdaşı Şahid1 mənə yaxınlaşdı və İran İslam Respublikasından gələn bir yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və mənim də yoxlamada iştirak etməyimi və aparılan yoxlamanı videoçəkiliş vasitəsilə qeydiyyata almağımı xahiş etdi. Mən də razılaşdım. Mən Əli ilə birlikdə gömrük nəzarəti xəttində həmin yük nəqliyyat vasitəsinin yanına getdim. Bu zaman 31AİT36/31AİH130 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinin Türkiyə Respublikasına məxsus olduğu və sürücüsünün də Təqsirləndirilən şəxs adlı şəxs olduğu mənə məlum oldu. Sonra yoxlama başladı və Əli ilkin olaraq sürücüdən nəqliyyat vasitəsində qadağan olunmuş hər hansı predmet olub-olmadığını soruşdu. Sürücü qadağan olunmuş heç nə olmadığını bildirdi. Daha sonra aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin kabininin tavan hissəsində yerləşən havalandırma yerinin kənarındakı boşluqda gizlədilmiş çəkisi 16,007 qram olan psixotrop maddəyə bənzər kütlə və çəkisi 4,344 qram olan tünd yaşıl rəngli, kəskin iyli, ot halında narkotik vasitəyə bənzər kütlə aşkar edildi. Nəqliyyat vasitəsinin yoxlanılması bitdikdən sonra sürücünün üzərində aparılan şəxsi yoxlama zamanı onun əyninə geyindiyi qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şüşə kolba aşkarlandı. Sonra yoxlama və götürmə barədə müvafiq protokollar tərtib olundu və bütün iştirakçılar tərəfindən imzalandı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 07 dekabr 2024-cü il tarixli, 1473-1474 nömrəli məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının rəyindən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki; -02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 10,041 qram; - 4,495 qram olmaqla ümumi təmiz çəkisi – 14,536 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq dilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ Siyahı, İİ bənd, sıra №27) - 01 ədəd sellofan paketin içərisində salfet kağızı bükümündə təmiz çəkisi – 1,380 qram olan tünd yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ Siyahı, İ bənd, sıra №146) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 : - 17 yanvar 2025-ci il tarixli, 21 saylı X5 Tibbi Yoxlamasının rəyindən görünür ki, təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs İsmail oğlu narkotik maddə istifadəçisidir. Məcburi müalicəyə ehtiyacı var. - 17 yanvar 2025-ci il tarixli, 22 saylı Ambulator Məhkəmə Psixiatrik ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs İsmail oğlu hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs İsmail oğlu hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs İsmail oğlunun hərəkətləri hadisəni törədən anda və hal hazırda Azərbaycan Respublikası CM-inin 21-ci maddəsinin təsiri altına düşmür. - 13 dekabr 2024-cü il tarixli maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 14,536 qram psixotrop maddə olan metamfetamin, təmiz çəkisi 1,380 qram narkotik vasitə olan qurudulmuş marixuana, qara rəngli gödəkçə və həmin qara rəngli gödəkçənin sol yan cibindən aşkar olunaraq götürülmüş 1 ədəd sınıq şüşə kolba cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınsın, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 14,476 qram psixotrop maddə olan metamfetamin, 1330 qram narkotik vasitə olan qurudulmuş marixuana, qara rəngli gödəkçə və 1 ədəd sınıq şüşə kolbanın Naxçıvan Baş Gömrük İdarəsi maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş- - 06 dekabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan məlum olur ki, yoxlama zamanı Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 31AİT36/31AİH130 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabininin tavan hissəsində yerləşən havalandırma yerinin kənarındakı boşluqda gizlədilmiş iki ədəd şəffaf sellofan bükümdə qablaşdırma ilə birlikdə çəkisi 16,007 qram olan ağ rəngli, iysiz, duz kristalı halında psixotrop maddəyə bənzər kütlə və bir ədəd bükümdə salfetə bükülmüş qablaşdırma ilə birlikdə çəkisi 4,344 qram olan tünd yaşıl rəngli, kəskin iyli, ot halında narkotik vasitəyə bənzər kütlə aşkar edildi. Daha sonra nəqliyyat vasitəsində daşınan yükə baxış keçirilməsi və hər hansı gizli saxlanc yerlərinin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə ətraflı baxış keçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, lakin heçnə aşkar edilməmişdir. - 06 dekabr 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan məlum olur ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi yoxlama zamanı həmin şəxsin əyninə geyindiyi qara rəngli gödəkçənin sol tərəfdəki cibindən şüşədən hazırlanmış psixotrop maddələrin istifadəsi üçün nəzərdə tutulan 1 ədəd sınıq şüşə kolba aşkar edildi. Yoxlama zamanı şəxsin üzərindən aşkar edilmiş 1 ədəd sınıq şüşə kolba Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırıldı. - 03 fevral 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, qeyd edilən DVD-yə baxış zamanı DVD-də qeydə alınmış video-görüntünün 3 dəqiqə 12 saniyə olduğu müəyyən edildi və məlum oldu ki, gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs iştirakı ilə Şahtaxtı gömrük postunun inspektoru gömrük xidməti leytenantı Şahid1 özünü təqdim edərək 05 dekabr 2024-cü il tarixdə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedən 31AİT36/31AİH130 qeydiyyat nişanlı “Mersedes-Benz” markalı yük nəqliyyat vasitəsinə baxış keçiriləcəyini bildirir. Baxış keçirilməsinə başlanılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələırinə dair bildirişin təqdim olunduğu bildirilir, Gömrük əməkdaşı sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində qadağan edilmiş və ya bəyan etmədiyi hər hansı predmetin olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs hər hansı bir əşya olmadığını bildirir. Gömrük yoxlaması zamanı ilk öncə yük nəqliyyat vasitəsinin kabininin xaricində və qoşqusunda yerləşən saxlanc yerlərində yoxlama aparılır və həmin yerlərdən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Sonra sürücü Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin sürücü oturacağında oturmaqla onun iştirakı ilə yük nəqliyyat vasitəsinin kabinində yoxlama aparılmasına başlanılır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində müxtəlif yerlərə baxıldıqdan sonra kabində tavan hissədə havalandırma yerinin kənarlarındakı boşluqdan 2 ədəd sellofan bükümdə işərilərində narkotik vasitəyə bənzər kütlə aşkar edilir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə bükümlərdən birinin ümumi çəkisinin 16,007 qram, digərinin isə ümumi çəkisinin 4,344 qram olduğu müəyyən edilir. Sonda gömrük əməkdaşı nəqliyyat vasitəsinin yenidən X-Ray qurğusundan keçirilməsi üçün çəkilişin dayandırıldığını bildirir - 01 noyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş Təqsirləndirilən şəxs İsmail oğlu haqqında tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. - 01 iyul 2024-cü il tarixli yük nəqliyyat vasitəsinin təhvil verilməsi haqqında aktdan məlum olur ki, X1 Ərazi İdarəsinin Mühafizə olunan ərazisində saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 31AİT36/31AİH130 dövlət nömrə nişanlı “MERCEDES-BENZ” markalı yük nəqliyyat vasitəsi sahibi “ENVEROĞLU ULUSLARARASİ TAŞİMACİLİK otomotiv turizminşaat taahhüt gida İhracat ve Sanayi Limited Şirketi” beynəlxalq nəqliyyat şirkəti Süleyman Gençer direktorluğu tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş etibarnamə əsasında Türkiyə Respublikası vətəndaşı X6 nəqliyyat vasitəsinin texniki pasportu ilə birlikdə saz vəziyyətdə təhvil verilmişdir. - Məhkəmə istintaqı zamanı cinayət işinə əlavə edilmiş CD və DVD-lər tədqiq edilmişdir. Təqsirləndirilən şəxs İsmail oğlu törətdiyi əmələ görə 06 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə tərçüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, 07 dekabr 2024-cü ildə Azərbaycan Respublikası CM-nın 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablanmaqla barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs İsmail oğluna 04 fevral 2025-ci il tarixdə isə Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna həmçinin müdafiəçinin vermiş olduğu vəsatətə tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İsmail oğlunun əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs İsmail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs İsmail oğlunun həmin cinayət əməlini törətməsi cinayət işi üzrə təqsirləndirilən şəxsin ozünü tam təqsirli bilməsi , toplanmış materiallar, şahidlərin ifadələri, ekspert rəyləri, protokollar, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs İsmail oğlu ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 14,536 qram psixotrop maddə olan metamfetaminin və təmiz çəkisi 1,380 qram narkotik vasitə olan qurudulmuş marixuananın ona məxsus olduğunu, narkotik vasitələrdən özünün istifadə etdiyini, həmin kristal dediyi narkotik vasitəni tanımadığı iran vətəndaşından 50 dollar verərək aldığını səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs İsmail oğlunun ifadəsində gömrük əməkdaşı tərəfindən saxlanılan zaman ayağından təpiklə vurmasını, lakin ondan şikayəti olmadığını göstərdiyindən məhkəmənin təşəbbüsü ilə prosessual rəhbərliyi həyata keçirən orqana və penitensiar xidmətə müvafiq sorğular verilmişdir. Alınmış cavablardan məlum olmuşdur ki, təqsirləndirilən şəxs tərəfindən istintaq orqanına hər hansı müraciət daxil olmamış, həmçinin penitensiar xidmətə qəbul zamanı müayinə olunmuş, hər hansı xəsarət müəyyən olunmamışdır. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Həmin qanununa əsasən qurudulmuş marixuananın 5 qramdan artıq olması xeyli, 500 qramdan (İ siyahı Narkotik maddələr) artıq olması isə külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İsmail oğlunun idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,380 qram qurudulmuş marixuana narkotik vasitəsi az miqdar, 14,536 qram metamfetamin psixotrop maddəsi isə külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs İsmail oğlu 1,380 qram qurudulmuş marixuana narkotik vasitəsini və 14,536 qram metamfetamin psixotrop maddəsini əldə etmiş, saxlamış, daşımış və gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirmiş, beləliklə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq cinayətlərini törətmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İsmail oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs İsmail oğlu tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs İsmail oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İsmail oğlunun cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs İsmail oğluna isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs İsmail oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs İsmail oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs İsmail oğlunun əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkumluğunun olmamasını, himayəsində 1 azyaşlı övladının olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Naxçıvan Muxtar Respublikasının Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs İsmail oğlunun barəsində əvvəli əvvəli 06 dekabr 2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs İsmail oğlunun cəzaçəkmə müddətinin başlanğıcı Cinayət- Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 dekabr 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs İsmail oğlu törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Təqsirləndirilən şəxs İsmail oğlu narkotik maddə istifadəçisi olduğu üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs İsmail oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs İsmail oğlunun hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasına görə 180 (yüz səksən) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs İsmail oğlundan tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, maddi sübutlar kimi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 14,476 qram metamfetamin pixotrop maddəsi, 1,330 qram qurudulmuş marixuana narkotik vasitəsi və 01 ədəd sınıq şüşə kolba məhv edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan : - 01 ədəd qara rəngli gödəkçə Təqsirləndirilən şəxs İsmail oğluna qaytarılmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd “Redmi Note 11S” markalı mobil telefon Təqsirləndirilən şəxs İsmail oğluna qaytarılmalıdır. - Təqsirləndirilən şəxs İsmail oğluna məxsus U 30202888 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə 03 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs İsmail oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs İsmail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs İsmail oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs İsmail oğluna narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs İsmail oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs İsmail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs İsmail oğlunun hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasına görə 180 (yüz səksən) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs İsmail oğlundan tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalan 14,476 qram metamfetamin pixotrop maddəsi, 1,330 qram qurudulmuş marixuana narkotik vasitəsi və 01 ədəd sınıq şüşə kolba məhv edilsin. - 01 ədəd qara rəngli gödəkçə Təqsirləndirilən şəxs İsmail oğluna qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - 01 ədəd “Redmi Note 11S” markalı mobil telefon Təqsirləndirilən şəxs İsmail oğluna qaytarılsın. - Təqsirləndirilən şəxs İsmail oğluna məxsus U 30202888 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Heydərov Faiq İnqilab oğlu Hakimlər: 1. Məmmədov Hüseyn Məmməd oğlu

2. Kərimov Arzuyar Sadıq oğlu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar