Məhkəmə qərarları › İş №1(109)-2/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-2/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-2/2023 27.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ NAXÇİVAN MUXTAR RESPUBLİKASİNİN AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Nağıyev İsfəndiyar Səfər oğlu (məruzəçi) və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Tarverdiyeva Bətulə Arzu qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X10, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1977-ci ildə Şərur rayonu, Kərimbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay - 4 uşaq atası, fərdi təsərrüfatçı, məhkumluğu olmayan, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 120.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, 08 noyabr 2022-ci il tarixdə saat 21 radələrində sərxoş halda yaşadıqları evdə bacısı Şahid4 məxsus çöl torpaq payında əkilmiş buğdanı suvarmaqla bağlı onunla və anası X23 ilə mübahisə etmiş, bacısı Şahid4 və onlara qonaq gələn qohumları Şahid3 evdən qovaladıqdan sonra da mübahisəni davam etdirmiş, həmin vaxt rəsmi nikahı olmadan ailə münasibətlərində yaşadığı (arvadı) X14 və anası Sara Cəfərova tərəfindən onun spirtli içki içməsinə irad bildirilməsi səbəbindən yaranmış ailə münaqişəsi zəminində Vüsalə Hüseynovanın qarın nahiyəsindən təpiklə vurduqdan sonra V.Hüseynovanı qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçağı cibindən çıxarıb öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb bunları arzu edərək sonuncuya döş qəfəsinin sol arxa səthində V-Vİ qabırğa arası nahiyədən daxili döş boşluğuna keçən sol ağciyərin yuxarı payını, sol ağciyərin arteriyasını zədələyən və şəxsdə güclü daxili və xarici qanaxmaya səbəb olan bir ədəd zərbə endirərək ona ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Vüsalə Hüseynova ilə 6 il qeyri-rəsmi nikahda olmuş və bu münasibətdən dörd yaşında bir övladı var. 8 noyabr səhər saat 06-da yuxudan oyanmış, Vüsalə ilə gedib mal-heyvanı hörükləmiş, oradan bacısı Rəsmiyyənin torpağını suvarmağa getmiş, saat 17-18 radələrində evə gəlib oğlu Samirlə birlikdə əmioğlusu Ərşadgilin həyətinə gedib orada odun doğramış, Ərşadı araq alması üçün dükana göndərmiş, odunu doğrayıb bitirdikdən sonra Ərşad arağı alıb gətirmiş, onunla birlikdə oturub yeyib-içərkən arağın çoxunu özü içmiş, bir azdan Vüsalə oraya gəlib oğlu Samiri yemək yedirtmək üçün evə aparmış, Ərşadla arağı içdikdən sonra birlikdə evdən çıxıb əlavə olaraq 2 ədəd pivə içib qəbiristanlığa getmişlər. Orada Ərşad atasının baş daşının şəklini çəkib İstanbulda yaşayan qardaşına göndərmişdir. Adətən həmişə mal-heyvanı otarmağa apararkən qara dəstəkli, kəsici hissəsində banka açmaq üçün oyuq olan bıçaq çantasında olmuş, həmin gün isə qəbir daşının qranitini yonmaq üçün bıçağı hərbi buşlatının cibinə qoymuşdur. Evə gəldiyi zaman əynindəki buşlatı çıxarmış, bacısı Rəsmiyyə ilə mübahisə etmiş, onun torpağını suvararkən yorulmasını söyləmiş, Rəsmiyyə ona “suvarırsan suvar, suvarmırsan cəhənnəmə suvar” deyə bildirmiş, sonra da anası ilə mübahisə edib çölə çıxmışdır. Arvadı “gəl yeməyi qızdırıram, çörəyini verim” deyərkən ona “gəlirəm” cavabını vermiş, evə gəldikdən sonra anası ilə mübahisəsi davam etmiş, arvadının mətbəxdə olmasını düşünmüş, onun divanda olmasını görməmiş, buşlatın cibində olan bıçaqla divana zərbə vurmuş, sonra bacısı Fəxriyyə ona “səni tikə-tikə olasan, bıçaq Vüsaləyə dəyib” deyə qışqırmış, həmin vaxt özünə gəlmiş, Vüsaləni necə və hansı nahiyəsindən vurmasını bilməmiş, Vüsaləni bıçaqla vurarkən oğlu Samirin harada olmasını xatırlamamış, Fəxriyyə qışqıraraq təcili yardıma zəng etməsini söyləmiş, cəld təcili yardıma zəng etmiş, təcili yardım gecikdiyinə görə kömək üçün polisə zəng etmişdir. Arvadına kömək etmək məqsədilə ayaqyalın maşını olan qonşusugilə qaçmış, həmin vaxt qonşusu digər yoldan onlara gəlmiş, evə qayıdarkən təcili tibbi yardım maşınının qapıdan çıxmasını görüb arxasınca qaçmışdır. Evdən təxminən 300 metr aralıda polislərlə qarşılaşmış, onlarla birlikdə evə gəlib paltarını geyinib getmiş, bunlardan başqa bir şey xatırlamamışdır. Hadisə günü Vüsalə ilə mübahisəsi olmamış, bıçağı buşlatının cibindən götürüb Vüsaləni necə və hansı bədən nahiyəsindən vurmasını xatırlamasa da, “mən bıçaqlamışam, amma bilərəkdən etməmişəm” deyib törətdiyi əməli etiraf etmişdir. Törətdiyi əməldən çox peşmandır. Şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X18 ifadəsində göstərdi ki, bacısı Vüsalə Hüseynova ilə Təqsirləndirilən şəxs ailə qurmaqlarına razılığı olmamış, Vüsalədən rəsmi nikahın nə zaman olacağını soruşarkən o hər dəfə dini nikahlarının olmasını, bu günə, sabaha rəsmi nikahlarının olacağını demiş, bu evlilikdən onların bir övladları olmuşdur. 8 noyabr 2022-ci il tarixdə axşam saat 20-21 radələrində evdə televizora baxarkən xalası oğlu Qənbər ona zəng edərək bacısı Vüsalənin xəstəxanada olmasını söyləmiş, xəstəxanaya gedib oradakı polislərdən bacısının Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasını, təxminən 1 saat sonra isə onun rəhmətə getməsini öyrənmişdir. Ekspertizadan sonra Vüsalənin meyitini aparıb öz kəndlərində dəfn etmişlər. Vüsalə qayınanası ilə yola getmədiyi üçün ailələrində söz-söhbətləri olmuş, Elnurun anası Vüsaləni yola verməmiş, dəfələrlə Vüsalənin Elnurgilə getməyindən narazı olmuş, ona “yola getmirsinizsə ora getmə” demiş, axırıncı söz-söhbət zamanı Vüsalə Elnurla birlikdə 1-2 gün onlarda qalmış, əvvəllər Elnurun Vüsaləyə xəsarət yetirməsi ilə bağlı heç nə eşitməmiş, Elnur və ailəsi ilə ədavət və düşmənçiliyi olmamış, Elnuru pis insan kimi tanımamış, normal insan olaraq hörmət etmişdir. Hadisədən sonra Elnurgil tərəfdən heç kim, həmçinin anası, bacısı barışığa gəlməmiş və yasda iştirak etməmişlər. Elnurun heç bir səbəb olmadan bacısını öldürməsini bağışlamır, ona ən yüksək cəzanın verilməsini məhkəmədən xahiş edir. Şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə olan günü qardaşı Elnurgilə getmiş, onlarda yemək yeyib, çay içmiş, orada olduğu müddətdə qohumları Xəqani də onlara gəlmişdir. Saat 20 radələrində qardaşı içkili halda evə gəldikdə anası ondan “Elnur, bu vaxta qədər harada idin?” deyə soruşmuş, Elnur “saçımı vurdurdum” demiş, anası “üzünü də vurdurardın” deyə söyləyərkən həmin vaxt Vüsalə “Elnur üzünü də vurdurub” cavabını vermiş, anası Elnurdan evə niyə gec gəlməsini soruşmuş, Elnur isə torpağı suvarmasını söyləmişdir. Elnur gündüzlər onun əkin sahəsini suvardığına görə ondan həmin sahənin suvarılmasının qurtarıb-qurtarmamasını soruşmuş, qardaşı ona hirslənərək “yox, o nə yerdi düzəltmisən? Əllərimə bax gör nə gündədir, qabar töküb” cavabını vermiş, qardaşına “suvarmırsan suvarma, mənim üstümə niyə çığırırsan, özünə pul qazanırsan, gedib özüm suvararam” deyə söyləmiş, Elnur isə “mənim pulumu gətir, 9 kərdin qalır, onu da özün suvar” deyə bildirmişdir. Həmin vaxt Xəqani “ay Elnur nə olub, niyə belə qışqırırsan, əsəbiləşirsən?” deyə soruşarkən Elnur Xəqaniyə “çıx eşiyə, sən kimsən mənim evimdə mənə söz deyirsən” deyə hirslənib Xəqaninin qolundan tutub itələyərək çölə çıxarmış, qardaşına “ay Elnur nə olub axı” deyə söylərkən Elnur onun da qolundan tutub Xəqaninin arxasınca çölə itələmişdir. Evinə gedərkən yolun yarısında telefonunun Elnurun oğlu Samirdə qalmasını xatırladığı üçün qardaşıgilə geri qayıtmış, həmin vaxt Elnurun Vüsaləyə ac olmasını və yeməyi qızdırmasını deməsini eşitmiş, telefonunu alıb evinə getmişdir. Bir azdan Xəqani ona zəng edib “ay Məsi, anan deyir ki, Elnur evdə dava edir, gəlin kömək edin” deyə söyləmiş, Xəqaniyə polisə zəng etməsini deyib çölə çıxmış, bacısı Fəxriyyənin “ay havar köməyə gəlin, Vüsalə öldü” deyə səsini eşitmişdir. Qapını bağlayıb onlara gedənə kimi bir maşının anasıgil tərəfə getməsini, Elnurgilin qapısına çatanda isə təcili tibbi yardım maşınının qapıdan çıxmasını görmüşdür. Sonra xəstəxanaya getmiş, anası və bacısı Fəxriyyə də orada olmuş, onlardan Elnurun Vüsaləni bıçaqlamasını öyrənmiş, təxminən 20- 25 dəqiqə sonra isə Vüsalənin üzü örtülü vəziyyətdə aparılmasını görmüşdür. Vüsalə Hüseynova və onun ailə üzvləri ilə münasibəti yaxşı olmuş, nə Vüsalə ilə, nə də qardaşı Elnurla söz-söhbəti olmamış, Vüsalənin ailəsi yas mərasiminə getmələrini istəmədikləri üçün yasa getməmiş, onun yas mərasimini öz evlərində saxlamışlar. Şahid kimi dindirilmiş X23 ifadəsində göstərdi ki, hadisə günü qızı Rəsmiyyəgildə ət qovurmuş, evə gəldikdən sonra evdə heç kimi görməmiş, mal-heyvanı, toyuq-cücəni yerbəyer etmiş, bir azdan gəlini Vüsalə evə gəlmiş, ondan Elnurun harada olmasını soruşduqda o “bilmirəm, oğul sənindir, sən maraqlan” cavabını vermiş, ona “mən Elnuru görməmişəm ki, məni pəncərədən çağırıb, çıxıb gedib, aradan 4 saat keçib” deyə bildirmişdir. Sonra qızı Rəsmiyyə onlara qovurma gətirmiş, Vüsalə isə çay dəmləmiş, qızları Rəsmiyyə, Fəxriyyə, gəlini Vüsalə ilə birlikdə çay içərkən qohumu Xəqani də onlara gəlmişdir. Elnur evə gəldikdə onun rənginin ağappaq olmasını görmüş, ona “sənin rəngin niyə ağappaq olub?” deyə soruşarkən Elnur saçını vurdurmasını söyləmiş, ona üzünü də vurdurmasını dedikdə isə gəlini Vüsalə “üzünü də vurdurub” deyə bildirmişdir. Rəsmiyyə Elnurdan torpağını suvarıb-suvarmamasını soruşarkən Elnur “suvarmıram, bax gör əllərim qabar qoyub” cavabını vermiş, Rəsmiyyə “suvarırsan, pulunu alırsan da” deyə söyləmiş, Elnur isə “9 kərdin qalıb, get nə edirsən et, işığı da aralayıb gəlmişəm” deyə bildirmişdir. X28 və Rəsmiyyənin qollarından tutub çölə çıxarmış, bir azdan Rəsmiyyə yenidən gəlib telefonunun qalmasını söyləmiş və telefonunu götürüb getmişdir. Oğlu eyvandan taxta mətbəx bıçağını götürüb özünü vurmaq istəmiş, Vüsalə ilə Fəxriyyə bıçağı onun əlindən almışlar. Elnur onu və bacısı Fəxriyyəni divana itələmiş, Vüsalə Elnura “onlara niyə elə edirsən, içib gəlib yediyimizi niyə zəhər edirsən” deyə bildirmiş, Elnur isə Vüsaləyə də çölə çıxmasını söyləmiş, lakin o çıxmamışdır. Oğlu gəlininə təpik vurmuş, gəlini əlini böyrünə tutub “mama, mən öldüm” deyə bildirmiş, əvvəlcə Elnurun vurduğu təpiyə görə Vüsalənin böyrəyinə nəsə olmasını düşünmüş, lakin gəlinin paltarını yuxarı qaldıranda əlinə qan dəymiş, Fəxriyyəyə “əlim qana dəydi, gəlinə nəsə oldu” deyə qışqırmış, həmin vaxt Vüsalə qapını açıb çölə qaçmış, onun arxasınca Fəxriyyə də qaçmışdır. Özü də çölə çıxıb onların yanına çatanda Vüsaləni Fəxriyyənin qucağında görmüş, Fəxriyyənin “ay Vüsalə özünə gəl” deyə söyləməsini və Elnuru söyməsini eşitmişdir. Sonra Vüsalənin yanında bıçağı görmüş, Elnurun hirslənib onları da vuracağından ehtiyat edərək bıçağı götürüb evlərinin yanındakı damın açıq qalan pəncərəsinə atmışdır. Vüsalənin anası-atası, söhbət edəcəyi yaşıdı olmadığına görə onun ailəsi ilə münasibəti soyuq olmuş, ailəsi “yas yerinə gəlməyin, gəlsəniz öldürəcəyik” deyə xəbər göndərdikləri üçün onun yas mərasiminə getməmişlər. Şahid kimi dindirilmiş X8 ifadəsində göstərdi ki, 8 noyabr 2022-ci il tarixdə saat 16- 17 radələrində dükanda olmadığı vaxt Elnurun qonşusu Ərşad onun dükanından araq almış, bu barədə ona satıcı məlumat vermiş, saat 19-20 radələrində dükanında olarkən Ərşad yenidən dükana gəlib ondan “tuz ruhu” almış, həmin vaxt Elnur küçədən Ərşadı çağırmış, daha sonra o da dükana daxil olaraq salam verib Ərşada “gəl gedək, səni gözləyirəm” deyə söyləmiş, həmin vaxt Elnurda sərxoşluq hiss etməmiş, Elnurla Ərşad dükandan birlikdə çıxıb getmişlər. Təqribən 2 saat sonra evinə getmiş, yemək yediyi vaxt böyük nəvəsi gəlib çoxlu maşınların və təcili tibbi yardım maşınının evləri tərəfdən keçib getməsini söyləmiş, çölə çıxıb maşınları görüb qonşulardan kiminsə xəstələnməsini düşünmüş, həmin istiqamətdə gedərkən Elnurgilin qapısının yanında polis maşınlarının dayanmasını görmüş, polislər Elnurgilin həyətinə heç kimi buraxmamış, onlardan nə baş verməsini soruşduqda Elnurun arvadını vurmasını bildirmişlər. Elnurla Vüsalə hər gün mal-heyvanı apararkən onun evinin yanından keçmiş, hər dəfə onları çox mehriban görmüş, Elnurla Vüsalənin, həmçinin onların ailələrinin arasında davadalaş olması barədə heç nə eşitməmişdir. Elnuru qonşuluqda yaxşı, kimsə dara düşsə, ona kömək edən bir insan kimi, Vüsaləni isə çox gözəl, xoş xasiyyətli, mehriban, yüksək səslə danışmayan, kimləsə dava etməyən bir qadın kimi tanımışdır. Şahid kimi dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Kərimbəyli kəndinin sahə müvəkkili vəzifəsində işləyir. 8 noyabr 2022-ci il tarixdə saat 2000-da xidmət vaxtı qurtardığına görə qayınatasıgildən uşaqlarını götürüb evə gəlmiş, saat 2050-də post patrul xidmətinin komandiri Natiq Əzizov ona zəng edib “Kərimbəylidə hadisə olub, biz başqa yerə gedirik, çatdıra bilmirik, nə hadisə olduğunu bilmirik, get bax” deyə söyləmiş, dərhal hadisə yerinə getmiş, yolda olarkən serjantı Asimana zəng edib nə hadisə olmasını soruşmuş, o da nə hadisə olmasını bilməməsini və həmin yerə getməsini bildirmişdir. Yolda olarkən təcili tibbi yardım maşınını, hadisə yerinə çatanda isə artıq Təqsirləndirilən şəxs Asimanın yanında görmüş, həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, Asiman isə cinayət hadisəsi olmasını söyləmişdir. Sonra prokurorluq işçiləri gəlmiş, hadisə yerində, evin 2-3 addımlığında qan izlərini görmüş, bıçaq isə prokurorluq işçiləri tərəfindən evin yan damında pəncərənin içərisindən tapılmış və götürülmüşdür. Kənddə xidmət etdiyi müddətdə Elnurun ailəsi tərəfindən onun barəsində heç bir şikayət edilməmiş, Elnuru heyvandarlıqla məşğul olan, nizam-intizamlı, ayıq olanda heç kimlə işi olmayan biri kimi tanımışdır. Şahid kimi dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Kərimbəyli kəndinin sahə müvəkkilinin köməkçisi vəzifəsində işləyir. 8 noyabr 2022-ci il tarixdə axşam saat 2140-da sahə müvəkkili Şahid10 ona zəng edərək “Elnurgil tərəfdə dalaşma var, get oraya bax” deyə bildirdiyi üçün dərhal yola çıxmış, 10-15 metr getdikdən sonra yolda kənd sakini Xəqani ilə qarşılaşmış, Xəqani ona “Elnurgildə dava-dalaş olub, ora get” deyə söyləmiş, yolda olarkən təcili tibbi yardım maşınının gəlməsini görmüş, təcili yardım maşınına əyləşərək onlara istiqamət verib Elnurgilə aparmışdır. Hadisə yerinə çatanda bir qadını yerdə uzanmış vəziyyətdə, Elnurun isə içkili vəziyyətdə onun yanında dayanmasını görmüş, orada olan tanımadığı iki qadın xəsarət alan qadını təcili tibbi yardım maşınına qoymağa kömək etmiş, Elnurun bacısı olduğunu zənn etdiyi bir qadın da oraya gəlmiş, lakin hadisə yerini mühafizə etdiklərinə görə onu həyətə ötürməmişdir. Elnur ona arvadını vurmasını söyləmiş, ona yerində sakit dayanmasını, idarədən gələn polis əməkdaşlarının onu aparacağını bildirmiş, bir azdan onu polis idarəsinə təhvil vermişdir. Prokurorluq işçiləri gəldikdən sonra rəis cinayətin alətinin tapılması barədə onlara göstəriş vermiş, cinayətin aləti olan bıçağı köhnə ərzaq damından tapıb əl vurmadan prokurorluq işçilərinə təhvil vermiş, səhərə qədər hadisə yerini mühafizə etmişdir. Təqsirləndirilən şəxs sakit, öz işində olan bir insan kimi tanımışdır. Şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla qohumdur. Hadisə olan günü saat 2100 radələrində Elnurgilə getmiş, onlara getdikdən 15 dəqiqə sonra Elnur sərxoş vəziyətdə evə gəlmiş, o gündüzdən bacısı Rəsmiyyəyə məxsus əkin sahəsini suvarmış, əlinin qabarını Rəsmiyyəyə göstərib yeri pis düzəltdirməsini söyləmiş və bacısı ilə mübahisə etmişlər. Elnura “ay dayıoğlu, nə olub, niyə çığırırsan?” deyərək onu sakitləşdirmək istəmiş, lakin Elnur “sən kimsən, mənim evimdə mənə əl-qol açırsan” deyərək onu itələyib çölə çıxarmışdır. Onlardan çıxdıqdan təxminən 15 dəqiqə sonra yolda olanda Elnurun anası Sara ona zəng edib “Elnur Vüsaləni öldürdü, polisə zəng elə, gəlin” deyə söyləmiş, həmin vaxt Elnurun Vüsaləni döyüb öldürməsini düşünmüş, sahə müvəkkili Ülvi müəllimə zəng edib bu barədə məlumat verərkən o “bilirəm, məlumatım var” deyə bildirmiş, sonra Rəsmiyyəyə zəng edib Saranın ona dediklərini söyləmiş və birlikdə Elnurgilə getməyi təklif etmiş, Rəsmiyyə isə getməyəcəyini dediyindən o da geri qayıtmamışdır. Evinə çatanda yolda polis serjantı Asiman ilə üz-üzə gəlmiş, Asiman ona “Elnur yoldaşını öldürüb” deyə bildirmiş, sonra təcili yardım maşını gəlmiş və Asiman onlarla birlikdə getmişdir. Az müddət sonra Şərur rayon xəstəxanasına getmiş, orada Elnurun arvadını bıçaqla vurub öldürməsini öyrənmişdir. Elnurla aralarında heç vaxt söz-söhbət olmamış, təsərrüfat işlərində bir-birlərinə köməklik etmişlər. X12 mübahisə etməsinə şahid olmamış, onlar həmişə mehriban yola getmişlər. Şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Elnurgillə qonşudur. Hadisə günü axşam siqaret çəkmək üçün çölə çıxmış, Elnurgildən “kömək edin” deyə səs eşitmiş, nə baş verməsini öyrənmək üçün maşınına minib onlara getmiş, Elnurgilin həyətinə çatanda Elnurun arvadı Vüsaləni yaralı, Fəxriyyənin qucağında uzanmış vəziyyətdə, ağzından qan gəlməsini və sinəsində qan olmasını görmüş, lakin onun hansı nahiyəsindən yaralanmasını bilməmişdir. Həmin vaxt Elnur içkili və şok vəziyyətində olmuş, o heç bir hərəkət etmədən yerində dayanmışdır. Vüsaləni xəstəxanaya aparmaq üçün maşınına qoymaq istəyərkən təcili tibbi yardım maşınının gəlməsini görmüş, Elnur təcili tibbi yardım maşını gəldikdən sonra kömək etmək üçün əl-ayağa düşmüş, Vüsaləni qonşu Ərşadla köməkləşib təcili tibbi yardım maşınına mindirmişlər. Maşın getdikdən sonra onlar da arxasınca xəstəxanaya getmiş, xəstəxanada olarkən Vüsalənin ölməsini öyrənmişlər. Elnur və Vüsaləni çox yaxşı insanlar kimi tanımış, onlar arasında heç bir mübahisənin şahidi olmamışdır. Şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 8 noyabr saat 1600-da işdən çıxıb evə gəlmiş, saat 1700-1800 radələrində Elnur balaca oğlu ilə onlara gəlmiş, Elnurla birlikdə odun doğramış və dükandan 5 manata aldığı yarım litlrik arağı içmişlər. Yeyib-içən vaxt Elnurun arvadı Vüsalə onlara gəlib oğlu Samiri evlərinə aparmış, həmin vaxt Elnurla Vüsalə arasında heç bir söz-söhbət olmamış, sadəcə Vüsalə Elnura çox içməməsini söyləyib getmişdir. Arağın çoxunu Elnur içmiş, sonra onunla birlikdə kəndə gedib, dükandan siqaret, “tuz ruhu” və özünə pivə almış, oradan qəbiristanlığa getmiş, atasının qəbrinin taxtasını birlikdə sökmüşlər. Pivədən bir az içmiş, aldığı “tuz ruhu”nu və pivənin qalanını kənddə Əli adlı xəstə uşağa verib evə getməsini söyləmişdir. Elnur da özünə pivə almış, qəbiristanlığa gedəndə o pivəni içmişdir. Sonra evinə getmiş, evdə olarkən Saranın havar səsinə çölə çıxmış, ayaqyalın Elnurgilə qaçmış, Vüsaləni su pompasının yanında uzanmış vəziyyətdə, başı Fəxriyyənin dizinin üstündə görmüş, onun haradan yaralanmasını bilməmiş, Elnur hadisə yerində özünü normal aparmış, onun təcili tibbi yardıma zəng etməsini öyrənmiş, sonra köhnə nömrəsi ilə polisə zəng edib qonşuda cinayət hadisəsi baş verməsini söyləmişdir. Elnuru yaxşı insan kimi tanımış, yardıma ehtiyacı olanda həmişə kömək etmiş, Elnur və Vüsalə, eləcə də ailələri arasında söz-söhbət olması ilə bağlı heç nə eşitməmişdir. Şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 8 noyabr 2022-ci il tarixdə saat 30 21 radələrində 103 xidmətinə zəng gəlmiş, zəng edən şəxs ona “mən Elnuram, həyat yoldaşımı bıçaqlamışam, təcili yardım gəlsin, evimiz qayı Qumralgilin evinin yanındadır” deyə bildirmiş, cəld yola çıxmış, evin ünvanını tapmağa kömək etsinlər deyə polisə də zəng edib məlumat vermiş, kənd mərkəzindən sahə müvəkkilini də götürüb hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda yaralının həyətdə arxası üstə uzadılmasını, ağız-burnundan qan gəlib qurumasını görmüş, qaranlıq olduğu üçün orada kimlərin olmasına diqqət yetirməmiş, Elnurun həyəcanlı vəziyyətdə “kömək edin” deməsini eşitmişdir. Hadisə yerində zərərçəkmiş şəxsi müayinə etdikdə onun arterial təzyiqi 0 olmuş, göz bəbəkləri böyümüş, heç bir həyat əlaməti olmamış, yəni vəfat etdiyini öyrənmişdir. Lakin onun hansı bədən nahiyəsindən xəsarət almasını bilməmiş, oradakılara heç nə demədən yaralını təcili yardım maşınına qoyub xəstəxanaya aparmışlar. Xəstəxanaya gətirdikdən sonra onu növbətçi həkim ilə müayinə etmiş, əvvəlcə heç bir yerində xəsarət görməmiş, qohumu olan qadınlardan biri kürəyindən vurulmasını bildirdikdə onun kürəyində bıçaq xəsarəti aşkar etmişlər. Şahid kimi dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, mərhumə Vüsalə Hüseynova onun bacısıdır. Hadisə günü gecə qardaşı Pənah zəng edib ona “Elnur bacını öldürüb, maşın yollayıram, gəl” deyə söyləmiş, xəstəxanaya getmiş, xəstəxanada bir az gözlədikdən sonra bacısı Vüsalənin ölməsini, meyiti verəcəklərini bildirmişlər. Vüsalə günahsız, sakit qadın olmuş, Vüsalə sağ olarkən dəfələrlə ona “Elnur elə təpiklə vururdu ki, nəfəsim kəsilirdi” deyə söyləmiş, Elnurun onu nə səbəbə döyməsini bilməmiş, Elnurun heç bir yaxşılığını görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, “X26 kəndində yaşayıram. Şəkər xəstəliyim olduğu üçün Naxçıvan respublika xəstəxanasında müalicə alırdım. 26 oktyabr 2022-ci il tarixdə xəstəxanadan çıxdım və qızlarımın ikisi də evli olduğundan mənə baxan olmadığı üçün ata evinə gəldim. 08 oktyabr 2022-ci il tarixdə qardaşım Elnur bacım Rəsmiyyənin yerini suvarmağa getmişdi. Elnur təxminən 20 radələrində evə gəldi. Bu zaman bacım Rəsmiyyə və Xəqani də bizdə idi. Bacım Rəsmiyyə mənim yanıma xəstə olduğum üçün gəlmişdi. Xəqani də anam Saradan inək almaq üçün gəlmişdi ki, satırsansa inək alanlar var. Evdə Rəsmiyyə, gəlinimiz Vüsalə və anam Sara birlikdə çay içirdik. Bu vaxt Elnur evə gəldi və bacım Rəsmiyyəyə o nə yerdir düzəltdirmisən mən onu suvarmayacağam dedi. Rəsmiyyə də Elnura suvarmayacaqsansa mən özüm gedib suvararam dedi, nə qədər yerimi suvarıbsansa onun pulunu sənə verəcəyəm dedi və öz evlərinə gedən zaman qardaşım Elnur Rəsmiyyənin yaxasından tutaraq həyətə itələdi və qapını da möhkəm örtdü. Sonra Xəqaninin sinəsindən itələdi və Xəqaniyə də gəl çıx burdan, sən burada nə edirsən dedi. Xəqani də Elnura mən sənə nə edirəm ki, çıxıram gedəm dedi. Rəsmiyyə ilə Xəqani çıxıb öz evlərinə getdilər. Onlar qapıdan çıxan zaman Elnur arvadından yemək istədi, Vüsalə də Elnura yaxşı gedirəm qoyam qızsın dedi. Vüsalə yemək qızdırmaq üçün mətbəxə getdi. Elnur anam Saraya hirslənərək onu söyürdü, bu zaman anam Sara telefonu götürüb polisə zəng etmək istəyəndə Elnur anamın qolundan tutaraq itələyib balkona saldı. Bu zaman mən Elnura dedim ki, utanmırsan xəstə ananı söyüb vurursan , Elnur yenə də anama söyməyə davam edirdi. Bu vaxt Elnur mətbəxə getdi və yenidən biz oturduğumuz otağa qayıtdı. Elnur otağa gəldikdən sonra yaxasını cıraraq mətbəxdən götürdüyü taxta qulplu bıçaqla özünü vurmaq istədi. Bu zaman mən Elnurun qollarını arxadan tutdum və gəlinimiz Vüsalə bıçağı Elnurun əlindən aldı. Həmin vaxt Elnur məni qolumdan tutaraq itələdi, mən otaqda olan taxtın sol tərəfindəki yatağın yanına yıxıldım. Vüsalə Elnura ay Elnur Fəxriyyənin şəkəri qalxdı elə etmə dedi, anam isə hərəkətsiz yataq taxtında qalmışdı. Anam Elnura gündə gedib içib gəlib niyə bizim yediyimizi, içdiyimizi zəhər edirsən, gör mən Ərşadın başına nə oyun açacam dedi. Xatırladım ki, Elnur evə gəlməmişdən öncə mən mətbəxdən su götürüb dərmanlarımı atmaq üçün getmişdim. Vüsalə də mətbəxdə idi, səs eşitdim, pəncərəni açdım və gördüm ki, X21 girdilər. Onların əllərində qara klokda nəsə var idi. Mən bu zaman Vüsaləyə dedim ki, Elnurla Ərşadın əlində nə var görəsən apardılar Ərşadgilə, Vüsalə də mənə nə olacaq yəqin ki, araq alıblar içələr dedi. Həmin vaxt Elnur anama mən Ərşadla içməmişəm dedi. Elnur anamın üstünə gedib anama söyüş söyən zaman Vüsalə də Elnura “ay Elnur o sənə nə deyir ki axı hər gün evə içib gəlirsən” dedi. Bu zaman Elnur da Vüsaləyə sən nə deyirsən deyərək Vüsaləni təpiklə vurdu, Vüsalə də çığıraraq “ay Fəxriyyə qoyma məni döysün” dedi. Vüsaləni Elnurun əlindən aldım. Samirə də telefonu verib o biri otağa apardım. Vüsalə də divanın yanında yerdə ağlayırdı, mən Vüsalənin əlindən yapışıb ayaq üstə qaldırmaq istəyəndə anam dedi ki, Vüsaləni qan götürdü, baxdım ki, bıçaq Vüsalənin kürəyinə saplanıb. Bu zaman Vüsalənin səsi çıxmırdı, mən Vüsalənin kürəyindən bıçağı çıxartdıqdan sonra Vüsalə çığıra-çığıra “ay ana öldüm gəl” deyərək həyətə qaçdı, mən də Vüsalənin arxasınca həyətə qaçdım və dedim ki, Vüsalə çığırma qanın çox gedəcək. Bu zaman Vüsalənin əynindəki köynəyi yarasına basdım. Arxamızdan Elnur da həyətə çıxdı və təcili tibbi yardıma zəng etdi və onlara arvadımı bıçaqlamışam gəlin Kərimbəyli kəndinə dedi. Vüsalə başını dizimə qoyub xırıldayırdı, anam Sara qışqıraraq qonşumuz Ərşadı çağırdı. Elnur yanımıza gəldi və Vüsaləyə məni halal elə dedi. Həmin vaxtı Vüsalə hərəkətsiz xırıldayaraq titrədi. Bu zaman Rəşad ilə arvadı, onların arxasıca isə qonşumuz Cəfər gəldi. Cəfər həyətə girən vaxtı təcili tibbi yardım maşını və polislər həyətə daxil oldular. Təcili tibbi yardım işçiləri Vüsaləni təcili tibbi yardım maşınına qoydular. Mən, anam Sara, qonşumuz Sevinc birlikdə Vüsalənin olduğu ambulansa minərək xəstəxanaya getdik”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6: - 22 noyabr 2022-ci il tarixli, 55 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (meyitin eksperti) görünür ki, X1 meyitinin məhkəmə tibb ekspertizası zamanı döş qəfəsinin sol arxa səthində kəsilmiş-deşilmiş yara, sol ağciyər arteriyasının zədələnməsi, sol əlin arxa səthinin əzilmiş-cırılmış yarası, sağ qalçatini nahiyəsində sıyrıq aşkar edilmişdir. Döş qəfəsinin sol arxa səthində V-Vİ qabırğaarası nahiyədə olan bir ədəd kəsilmişdeşilmiş yara, bir alətlə kəsici-deşici alətlə yetirilmişdir, eləcə də ekspertizaya təqdim edilmiş bıçaqla da yetirilməsi inkar olunmur. Xəsarətlərin yetirilmə müddəti meyitin müayinəsindən az əvvələ uyğun gəlir və ağırlıq dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol əlin arxa səthində olan əzilmiş-cırılmış yara və sağ qalçatini nahiyədə olan sıyrıq isə küt mexanizmdən bərk küt əşyanın təsirindən törənmişlər, xəsarətlərin yetirilmə müddəti meyitin müayinəsindən az əvvələ uyğun gəlir və ağırlıq dərəcəsinə görə sağlam şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. X1 ölümünə döş boşluğuna keçən sol ağciyərin yuxarı payının arxa səthində sol ağciyər arteriyasını zədələyən, güclü daxili və xarici qanaxma ilə müşahidə olunan döş qəfəsinin sol arxa səthində olan bir ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara səbəb olmuşdur. X1 sol əlində və sağ qalçatini nahiyələrdə olan yara və sıyrığın yerləşmə və morfoloji xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər çarpışma və özünü müdafiə etməyə xarakterikdirlər. Meyitin döş qəfəsinin sol arxa səthində olan bir ədəd kəsilmiş-deşilmiş yara meyitin əynində olmuş qara rəngli koftanın arxa səthində olan bir ədəd kəsiklə üst-üstə düşür. X1 meyitinin daxili müayinəsi zamanı çanaqlığın daxilinin boş olduğu müəyyən olunmuşdur, yəni hamiləlik qeyd olunmamışdır. - 22 noyabr 2022-ci il tarixli, 134 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və onun obyektiv əlamətləri aşkar olunmamışdır. - 02 dekabr 2022-ci il tarixli, 06 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən (maddi sübutların ekspertizası) görünür ki, cinayət törədilən zaman istifadə olunan bıçaqda, hadisə yerindən götürülmüş qırmızı rəngli döşəkçə üzlüyündə, divardan, evin açıq balkonundan və həyətdə yerdə olan qanabənzər axıntıdan pambığa hopdurularaq götürülmüş nümunələrdə olan qanabənzər ləkələr qandır, bu qan insan qanıdır və X2 aiddir. Meyitin üzərindən götürülmüş 1 ədəd qara rəngli, önündə ağ rəngli zolaqları olan koftada, narıncı rəngli maykada və qara rəngli, yanlarında ağ zolaqları olan retuzda qan vardır, bu qan insan qanıdır və Vüsalə Hüseynovaya aiddir. Mavi rəngli tursikdə və 1 cüt qara rəngli corabda qan aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli idman şalvarında qan vardır, bu qan insan qanıdır və mərhumə Vüsalə Hüseynovaya, yəni Aβ(İİ) qan qrupuna aiddir. Hərbi buşlatda qan aşkar edilməmişdir. Naxçıvan Muxtar Respublikası X5: - 06 dekabr 2022-ci il tarixli, 81 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir, onun alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. - 06 dekabr 2022-ci il tarixli, 82 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin müddəalarının təsiri altına düşmür. Təqsirləndirilən şəxs anlaqlıdır, o, halhazırda öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 07 dekabr 2022-ci il tarixli, 361-362 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirəcək heç bir əlavə dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş Vüsalə Hüseynovanın əynində olmuş qara rəngli uzunqol köynəyin səthindəki “a” zədəsi (1 ədəd) bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri də aiddir. Tədqiqata təqdim edilmiş qara rəngli, uzunqol köynəkdə olan “b,c” zədələri isə istismar nəticəsində yaranmağa xarakterik, ilişib cırılma zədəsidir. - 23 dekabr 2022-ci il tarixli, 388 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyini adekvat olaraq qavramaqla, onun mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuş, o baş vermiş hadisə zamanı sinir-psixi gərginlik halında olmuş, keçirmiş olduğu sinir-psixi gərginlik halının yaranması hadisədən bilavasitə əvvəl bacısı və anası ilə aralarında yaranmış sözlü mübahisə ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyacan vəziyyəti) halında olmamış, hal-hazırda emosional fonu aşağı olmaqla, onda ruh düşkünlüyü müşahidə olunur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – 08 noyabr 2022-ci il tarixli, 194 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs ağır dərəcəli sərxoşluq əlamətləri vardır. 08 noyabr 2022-ci il tarixli baxış aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, hadisənin baş verdiyi Şərur rayonu, Kərimbəyli kəndində Təqsirləndirilən şəxs məxsus olan fərdi yaşayış evinə və həyətinə baxış keçirilmiş, baxış zamanı yaşayış evindən cinayətin aləti ola biləcək üzərində qanabənzər ləkələr olan bıçaq, hadisə olan otaqdakı divanın üzərində olan qırmızı rəngli döşəkçə üzlüyü, evin açıq balkonundakı qanabənzər damcılar, divarda olan qanabənzər ləkələr və Vüsalə Hüseynovanın həyətdə yıxıldığı yerdə olan qanabənzər axıntı pambığa hopdurularaq hal şahidlərinin iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq, həmçinin Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, X9 məxsus AZE 14522942 nömrəli şəxsiyyət vəsiqəsi, ona məxsus KQ-475677 nömrəli doğum haqqında şəhadətnamə və onların oğlu X11 adına olan AZE İV N-462718 nömrəli şəhadətnamə götürülmüşdür. 08 noyabr 2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, X7 meyitinə baxış keçirilmiş, meyitin bədən səthində olan xəsarətlər müəyyən olunmuş və hadisə zamanı V.Hüseynovanın əynində olmuş qara rəngli, önündə ağ rəngli zolaqları olan retuz, mavi rəngli tursik və qara rəngli bir cüt corab müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 09 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs cinayəti törədərkən üzərində olan paltarları və istifadəsində olan “HUAWEİ” markalı smartfon telefonu könüllü surətdə vermək istəmiş, ondan öndən düymələnən, üzərində hərbi naxışları olan bir ədəd buşlat, göy rəngli bir ədəd idman şalvarı, “HUAWEİ” markalı smartfon telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. 10 noyabr 2022-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “HUAWEİ” markalı smartfon telefona baxış keçirilmiş, baxış zamanı telefonun gələn-gedən zənglər bölməsində 08 noyabr 2022-ci il tarixdə saat 21:30-da 2 dəfə, 21:38-də 2 dəfə “Təcili yardım” adı ilə qeyd edilən 103 xidmətinə 4 dəfə zəng edildiyi və danışıqların olduğu, saat 21:29-da “Polis” adı ilə qeyd edilən 102 xidmətinə 2 dəfə zəng edildiyi, lakin danışığın olmadığı müəyyən edilmişdir. 26 və 29 noyabr 2022-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan görünür ki, Şərur rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan şahidlər Şahid2, X23 və Təqsirləndirilən şəxs hadisənin necə baş verməsi ilə bağlı xüsusatları bir daha göstərərək danışmış, bu zaman video çəkilişdən istifadə olunmuş və cinayət işinə əlavə edilmişdir. 15 noyabr 2022-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 331.2; 62-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 300 misli miqdarında cərimə cəzasına məhkum edildiyi və məhkumluğunun ödənildiyi, xx.xx.2006-cı il tarixdə isə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılmış, araşdırma materialı Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdıqda) cinayət işinin başlanması rədd edildiyi müəyyən edilmişdir. Şərur rayon Kərimbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli xasiyyətnamələrdə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Vüsalə Hüseynova müsbət xarakterizə olunmuşlar. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün ifadəsindən əlavə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin, məhkəmə iclasında iştirak edə bilməyən şahidin ifadələri, həmçinin ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə tam sübuta yetir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Vüsalə Hüseynovanı öldürdüyünü xatırlamasa da, məhkəmə baxışı zamanı söylədiyi “özümü tam təqsirli bilirəm”, “Vüsalə Hüseynovanı necə və hansı nahiyəsindən bıçaqla vurmağımı içkinin təsirindən xatırlamıram, boynuma alıram, mən bıçaqlamışam, amma bilərəkdən etməmişəm, Fəxriyyə qışqıranda bilmişəm ki, Vüsaləni bıçaqla vurmuşam”, “törətdiyim əməldən çox peşmanam” kimi ifadələrlə zərərçəkmiş şəxsi özünün öldürdüyünü etiraf etmiş, lakin içkinin təsiri altında olduğundan həmin cinayəti necə törətdiyini xatırlamadığını vurğulamışdır. Lakin Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs alkoqollu içkinin təsiri altında olduğundan təqsirləndirildiyi cinayəti hansı səbəbdən, nə məqsədlə, necə törətdiyini xatırlamadığını göstərməsi özünümüdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 08 noyabr 2022-ci il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evə gələrək, bacısı Şahid4 məxsus çöl torpağını suvarması ilə bağlı onunla və anası X23 ilə mübahisə etmiş, bacısı Şahid4 və onlara qonaq gəlmiş qohumları Şahid3 evdən qovmuş, mübahisəni davam etdirib eyvandan mətbəx bıçağını götürərək özünü vurmaq istəmiş, lakin rəsmi nikahı olmadan ailə münasibətlərində yaşadığı (arvadı) Vüsalə ilə bacısı Fəxriyyə bıçağı onun əlindən almış, sonra yaranmış ailə münaqişəsi zəminində Vüsalə Hüseynovanın qarın nahiyəsindən təpiklə vurmuş və həmin gün geyindiyi buşlatının cibində olan qara dəstəkli, banka açan bıçaqla V.Hüseynovaya döş qəfəsinin sol arxa səthində V-Vİ qabırğa arası nahiyədən daxili döş boşluğuna keçən sol ağciyərin yuxarı payını, sol ağciyərin arteriyasını zədələyən və şəxsdə güclü daxili və xarici qanaxmaya səbəb olan bir zərbə endirərək ona ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən həyatdan məhrum etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibi vardır. Ona düzgün olaraq həmin maddə ilə ittiham verilmişdir və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibini təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, səmimi peşmançılığı, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün təcilli tibbi yardım çağırması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Şərur Rayon Məhkəməsinin 4(110)-04/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 09 noyabr 2022-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra yəni, 08 noyabr 2022-ci il tarixdə Şərur rayon Polis İdarəsinə aparılaraq azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 08 noyabr 2022-ci il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Cinayət işi üzrə maddi sübut olan 1 ədəd bıçaq müsadirə olunaraq, qanabənzər damcılardan, ləkələrdən və axıntıdan pambığa hopdurularaq götürülmüş 3 ədəd nümunələr, mərhumə Vüsalə Hüseynovanın qan nümunəsi 1 ampulada məhv edilməlidir. - Ağ rəngli zolaqları olan 1 ədəd uzunqol kofta, narıncı rəngli 1 ədəd mayka, qara rəngli yanlarında ağ rəngli zolaqları olan 1 ədəd retuz, mavi rəngli 1 ədəd tursik, qara rəngli bir cüt corab zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılmalıdır. - 1 ədəd “HUAWEİ” markalı cib telefonu,1 ədəd hərbi buşlat, mavi rəngli 1 ədəd idman şalvarı, 1 ədəd qırmızı rəngli döşəkçə üzlüyü təqsirləndirilən şəxsin anası X19 qaytarılmalıdır. 09 yanvar 2023-cü il tarixli aktdan görünür ki, 08 noyabr 2022-ci il tarixdə hadisənin baş verdiyi yerə baxış zamanı istintaqa təqdim edilən Təqsirləndirilən şəxs azyaşlı oğlu X16 məxsus AZE İV N-462718 nömrəli doğum haqqında şəhadətnaməni Şahid4 təhvil verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. X2 məxsus AZE 14522942 nömrəli şəxsiyyət vəsiqəsi Şərur Rayon Polis İdarəsinin Qeydiyyat və X13 göndərilməlidir. X2 məxsus KQ-475677 nömrəli doğum haqqında şəhadətnamə zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılmalıdır. İstintaq hərəkətlərinin elektron variantının köçürüldüyü 3 (üç) ədəd DVD və ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Cinayət işi üzrə maddi sübut olan 1 ədəd bıçaq müsadirə olunaraq, qanabənzər damcılardan, ləkələrdən və axıntıdan pambığa hopdurularaq götürülmüş 3 ədəd nümunələr, mərhumə Vüsalə Hüseynovanın qan nümunəsi 1 ampulada məhv edilsin. - Ağ rəngli zolaqları olan 1 ədəd uzunqol kofta, narıncı rəngli 1 ədəd mayka, qara rəngli yanlarında ağ rəngli zolaqları olan 1 ədəd retuz, mavi rəngli 1 ədəd tursik, qara rəngli bir cüt corab zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılsın. - 1 ədəd “HUAWEİ” markalı cib telefonu,1 ədəd hərbi buşlat, mavi rəngli 1 ədəd idman şalvarı, 1 ədəd qırmızı rəngli döşəkçə üzlüyü təqsirləndirilən şəxsin anası X19 qaytarılsın Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. X2 məxsus AZE 14522942 nömrəli şəxsiyyət vəsiqəsi Şərur Rayon Polis İdarəsinin Qeydiyyat və X13 göndərilsin. X2 məxsus KQ-475677 nömrəli doğum haqqında şəhadətnamə zərərçəkmiş şəxsin hüquqi varisi X15 qaytarılsln. İstintaq hərəkətlərinin elektron variantının köçürüldüyü 3 (üç) ədəd DVD və ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Hüseyn Məmmədov (sədrlik edən) İsfəndiyar Nağıyev (məruzəçi) Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar