Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-21/2025 14.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 12:30 Hakimlər – Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1977-ci ildə Balakən rayonu, Hənifə kəndində doğulmuş, subay, 2 uşaq anası, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, 30 sentyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərdən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda təsir maddəsinin ümumi miqdarı 2,98 qram olan 298 ədəd psixotrop maddə olan klobazam həblərini əldə edib üzərində “CL” yazısı olan 99 ədədini “Sustac 2.6” etiketli plastik qaba və üzərində “CL” yazısı olan 199 ədədini isə “X- X8” etiketli plastik qaba qoyaraq saxlamaqla daşımış, 30 sentyabr 2024-cü il tarixdə saat 09:00 radələrində Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən **-AE-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtobusla İran İslam Respublikasının ərazisindən tranzit keçməklə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Culfa Gömrük postu vasitəsilə ölkəyə giriş edərkən külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının Gömrük sərhədindən, gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, həmin vaxt onun əl yüklərinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Culfa Gömrük postunun əməkdaşları tərəfindən yoxlama aparılarkən qeyd olunan psixotrop maddələr aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, təxminən 2-3 ayda bir dəfə olmaqla bazarlıq etmək məqsədilə avtobusla Bakıdan İran İslam Respublikasının Culfa şəhərinə gedərək alver edir və oradan da Naxçıvan şəhərinə gəlib gün ərzində yenidən Bakı şəhərinə qayıdır. 30 sentyabr 2024-cü il tarixdə eyni məqsədlə Bakı-Naxçıvan marşrutuna işləyən avtobusa bilet almışdır. Anasının müalicəsi üçün aldığı dərmanların qiymətləri Bakı şəhərində çox baha olduğundan və daha əvvəl İranda olarkən öz istifadəsi üçün D vitamini aldığı zaman dərmanların qiymətlərinin daha ucuz olduğunu öyrəndiyindən İran İslam Respublikasının Culfa şəhərində anasının dərmanlarını almaq məqsədilə aptekə getmişdir. Resept əsasında dərmanları aldıqdan sonra aptekdə işləyən xanıma anasının “alzheimer” xəstəsi olduğunu, çox aqressiv hərəkətlər etdiyini demiş, onu sakitləşdirmək üçün də əlavə dərman istəmişdir. Həmçinin özünün zob xəstəliyi ilə bağlı əməliyyat olunduğunu, ürəyində döyüntülər olduğunu, “panik atak” keçirdiyini, əlində qıcolmalar və boğulmalarının olduğunu deyib “Egiloq” və “Maqnezium” dərmanları istəmişdir. Aptekdə işləyən xanım ona 2 ədəd plastik qabda dərman vermişdir. Həmin dərmanları alması üçün təxminən 1 il əvvəl onkoloji xəstəxanada həkim Nigar Yaqubova resept yazsa da, resepti itirdiyi üçün 2 dəfə Naxçıvan şəhərinə gəlib-getsə də dərmanları almamışdır. Sonuncu dəfə gömrükdə problem yaranmayacağını düşünərək dərmanları reseptsiz almış və hadisə baş verdikdən sonra həmin resepti tapmışdır. Anası üçün aldığı dərmanlara 100 manat, öz dərmanlarına isə 7 manat ödəyərək aptekdən çıxmış, aldığı dərmanlara ətraflı baxmamış, avtobusa gecikəcəyindən qorxaraq tələsik ərzaq almağa getmişdir. İşlərini bitirib Culfa gömrüyünə gəlmiş, əvvəlcə pasportuna möhür vurdurmuş, sonra infoköşkə gələrək orada üzərində nə olduğunu soruşan gömrük işçisinə anası üçün aldığı dərmanları, 1 blok siqareti, 13 kiloqram yuyucunu və ərzağı bəyan etmiş, dərmanların reseptli olduğunu qeyd etdiyi halda gömrük işçisi ondan dərmanları və resepti göstərməsini tələb etməmişdir. Daha sonra rentgen qurğusuna yaxınlaşaraq əl yüklərinin hamısını monitora qoymuş, infoköşkdə bəyannaməyə qeyd etdiyi üçün monitora baxan xanıma dərmanlar barədə deməmişdir. Monitora baxan xanım gömrük işçisi ona əl yüklərindən birinin içərisində dərmanlar olduğunu söylədikdə “bəli var, resept də var, əşyalarımı qoyum kənara insanlar çoxdu, götürürlər, oğurlayanlar olur, əziyyətlə buraya qədər gətirmişəm” deyə cavab vermiş, resepti çıxarıb anası və özü üçün aldığı dərmanları təqdim etmişdir. Gömrük işçisi anasının dərmanlarına baxıb resepte uyğun olduğu üçün kənara qoyduqdan sonra özü üçün aldığı “Egiloq” və “Maqnezium” dərmanlarını göstərib nə dərmanlar olduğunu soruşduqda “Egiloq”un ürək dərmanı olduğunu, boğazına və “panik atak” keçirdiyinə görə aldığını, digərinin “Maqnezium” olduğunu bildirmişdir. Dərmanların qapağını açdıqda hər ikisinin içərisindən eyni görünüşdə dərman aşkar olunmuş, ondan xəbərinin olub-olmaması barədə soruşduqlarında isə xəbərinin olmadığını, aptekdən alıb çantasına qoyaraq gətirdiyini demişdir. Bir müddət proseslər davam etdikdən sonra pasportunu geri almaq istədiyində ona gedə bilməyəcəyini, gözləməli olduğunu bildirmişlər. Daha sonra onu yuxarı aparıb iştirakı ilə çantasından aşkar olunaraq götürülmüş dərmanları açıb sayaraq sənədləşdirib yazmışlar. Protokol tərtib olunmuş, ona sənədləri nə üçün imzalamalı olduğu başa salındıqdan sonra imzalamışdır. Növbəti gün Baş Gömrük İdarəsinə getmiş, orada çantasından aşkar olunan dərman qablarının içərisində psixotrop maddə aşkar edildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirmişdir ki, dərmanları aptekdən aldığı vaxtdan dərmanlar gömrükdə aşkar olunanadək çantasını üzərində daşımış, kənar şəxslər, o cümlədən gömrük işçiləri tərəfindən çantanın içərisinə müdaxilə olunması və aşkar olunan dərmanların çantaya qoyulması ehtimalı olmamışdır. Gömrükdəki yoxlama zamanı çantasına onun öz iştirakı ilə baxılmış, axtarış aparılarkən ona qarşı hər hansı şəkildə təyziq və təsir edilməmişdir. Dərmanları İranda aptekdən almış və aptekdə işləyən xanımı əvvəllər tanımamışdır. Dərman qablarının içərisində başqa dərman olacağını düşünmədiyindən, həmçinin daha əvvəl həmin dərmanları istifadə etmədiyi üçün aldığı dərman qablarının üzərini oxusa da içini açıb baxmamışdır. Çantasından aşkar olunan üzərində “Sustac 2.6” etiketli plastik qaba yığılmış üzərində “CL” yazısı olan 99 ədəd və “X- X8” etiketli plastik qaba yığılmış üzərində “CL” yazısı olan 199 ədəd dərmanların özünə aid olduğunu, çantasından aşkarlandığını və çantaya özünün cavabdehlik daşıdığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2024-cü il tarixdə gündəlik iş qrafikinə uyğun olaraq xidmətdə olmuş və rentgen qurğusunda sərnişinlərin əl yüklərinə baxışı həyata keçirmişdir. Ümumi qaydaya əsasən, sərnişinlər özləri ilə gətirdikləri malları - pul, qızıl, ərzaq, siqaret, dərman və s. rentgen qurğusuna yaxınlaşmamışdan əvvəl infoköşkdə bəyan etməli, daha sonra rentgendən keçirməlidirlər. İnfoköşkdə dayanan əməkdaş vətəndaşın pasportuna baxaraq infoköşkə daxil edir, vətəndaşdan üzərində nə olduğunu soruşur, vətəndaş özü üzərində olanları bəyan edir. Daha sonra rentgen qurğusunda əyləşən əməkdaş monitorda baxaraq yüklərinin içərisində gördüyü əşyalara münasibətdə həmin əl yükünə post əməkdaşları tərəfindən baxılıb baxılmamalı olduğunu bildirir. Sonradan aparılan sənədləşmədən ona məlum olmuşdur ki, həmin gün Təqsirləndirilən şəxs infoköşkdə resepti olan maz və dərmanlarını bəyan etsə də, sonradan psixotrop maddə olduğu müəyyən edilmiş, kustar üsula müdaxilə edilmiş qablara yığılmış dərmanları rəsmi qaydada bəyan etməmişdir. Monitorda Təqsirləndirilən şəxs əl yükünə baxış zamanı içərisində dərmanlar olduğunu görmüş və Ruhiyyə xanıma həmin dərmanları göstərməsini bildirsə də, o, mazları göstərmiş, dərmanları isə göstərməmişdir. O, əl yüklərinə gömrük baxışını həyata keçirən iş yoldaşı X2 Mehdiyevanın əl yükündə dərmanlar və mazlar olduğunu bildirərək baxış keçirməsini istəmiş, çantalara baxış keçirənə qədər nəzarətdə saxlamış, sonra Pərvər Allahverdiyava Təqsirləndirilən şəxs tez yola saldığından ondan çantalara baxış keçirib keçirmədiyini soruşmuş, P.Allahverdiyeva yalnız mazlar olan çantaya baxış keçirdiyini dedikdə ona təkrar baxmasını və ayrıca tabletkalar olan çantaya da baxış keçirməsini demişdir. Baxış zamanı P.Allahverdiyeva dərmanların bəzilərində qablarının açıldığını, kustar üsula müdaxilə edildiyini, qapağının bağlanıb yenidən super yapışdırıcı ilə yapışdırıldığını və qabın kənar hissəsindən bir qədər yapışdırıcı axdığını müşahidə etmişdir. Bu hal şübhə yaratdığından yapışdırılmış qablar açılmış, qabın üzərində maqnezium yazıldığı üçün post əməkdaşları eyniləşdirmə aparmaq məqsədilə internetdən baxıb araşdırmışlar. Əslindən fərqli olaraq aşkar olunan dərmanlar balaca və ağ rəngli olduğundan 2 ədəd tabletka laboratoriyaya göndərilmişdir. Laboratoriya cavabından sonra aşkarlanan və rəsmi qaydada bəyan edilməyən dərmanların psixotrop maddə olduğu müəyyən edilmişdir. Şahid1 ifadəsinin davamında bildirmişdir ki, Təqsirləndirilən şəxs istər yoxlama zamanı, istərsə də aşkar olunan dərmanların psixotrop maddə olduğunu öyrənən zaman özünü çox sakit aparmış, narahatçılıq və həyəcan keçirməmiş, aptekdən maqnezium dərmanı verməsini istədiyini, aldığı dərmanlara baxmadan çantasına qoyduğunu bildirmiş, hərəkətlərində şübhə çəkən bir məqam olmamışdır. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən sentyabr ayında işdə olarkən gömrük işçisi tərəfindən Şahid3 ilə birlikdə hal şahidi kimi iştirak etmələri üçün dəvət olunmuş və könüllü olaraq dəvəti qəbul etmişlər. Həmin vaxt Sədaqət xanım monitorda olmuş, Pərvər xanım isə vətəndaşları yoxlamışdır. Ruhiyyə xanımın əl yükləri yoxlanılarkən çantasından aşkarlanan dərman qablarının qapağının açılıb təkrarən yapışdırıldıgını görmüş, maqnezium qabı olmasına baxmayaraq qabın içərisində başqa dərman olduğu gömrük işçiləri tərəfindən bildirilmişdir. Yoxlama zamanı Ruhiyyə xanıma qarşı hər hansı şəkildə təyziq və təsir göstərilməmişdir. Sənədləşmə aparıldıqdan sonra hal şahidi kimi protokolu imzalamışdır. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, gömrük işçisi Sədaqət xanım Ruhiyyə xanımı saxlamış, Pərvər xanım isə Ruhiyyə xanımın da iştirakı ilə yoxlanış aparmışdır. Yoxlama zamanı Ruhiyyə xanıma məxsus çantadakı vitamin qablarının içərisindən naməlum tərkibli dərmanlar aşkar edilmişdir. Aşkarlanan dərmanların vitamin olmadığı gömrük işçiləri tərəfindən qeyd edilmişdir. Ruhiyyə xanımın iştirakı ilə dərmanlara baxış keçirilərkən həmin vitamin qablarınının qapağının açılaraq təkrar yapışdırıcı ilə yapışdırıldığı müəyyən olunmuşdur. Yoxlama zamanı gömrük işçiləri tərəfindən Təqsirləndirilən şəxs heç bir təyziq və təsir göstərilməmiş, sənədləşmə işləri aparıldıqdan sonra hal şahidi olaraq protokolu imzaladığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində gündəlik iş qrafikimə uyğun olaraq xidmətdə idim və sərnişinlərin gömrük yoxlanışını həyata keçirirdim. Həmin gün səhər saatlarında Bakı-Naxçıvan marşrutu ilə hərəkət edən 85AE044 nömrəli avtobusun sərnişini Təqsirləndirilən şəxs yoxlama keçirilməsi üçün “Rapiscan” rentgen qurğusuna yaxınlaşdı və mən həmin şəxsin üzərinə gömrük baxışı keçirdikdən sonra “Hi scan100100T-2is” markalı rentgen qurğusunda sərnişinlərin əl yüklərinə baxış keçirən iş yoldaşım Sədaqət mənə bildirdi ki, üzərinə baxış keçirdiyin sərnişin Təqsirləndirilən şəxs çantalarının ikisində dərman preparatları var, onlara baxış keçirərsən. Mən də Ruhiyyə xanımdan dərman preparatları olan çantasını gömrük baxışına təqdim etməsini xahiş etdim və mazlar olan çantaların birinə iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirməyə başladım. İş yoldaşım Sədaqət mənə bildirdi ki, “tabletkalar olan çantaya da baxdın?” Mən də bildirdim ki, “vətəndaş yalnız mazlar olan çantanı baxışa təqdim edib”. Bundan sonra vətəndaş tabletkalar olan çantanı da baxış üçün təqdim etdi və iki nəfər hal şahidinin iştirakı ilə yoxlama keçirməyə başladım. Yoxlama zamanı tabletkalar olan çantanın içərisindən vətəndaşın özünün elektron şəkildə bəyan etdiyi dərmanlardan əlavə gömrük nəzarətinə bəyan etmədiyi, üzərində “Sustac 2.6” yazılmış plastik qabın içərisindən üzərində “CL” yazısı olan 99 ədəd və üzərində “Magni Well” yazılmış plastik qabın içərisindən isə üzərində “CL” yazısı olan 199 ədəd naməlum tərkibli həblər aşkar edərək qablaşdırıb götürdüm. Sonra şəxsin çantasına yoxlama keçirilməsi ilə bağlı protokol tərtib etdim və iştirakçılar tərəfindən imzalandı. Daha sonra müəyyən icazələri aldıqdan sonra sərnişin Təqsirləndirilən şəxs üzərinə iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlama keçirdim. Şəxsi yoxlama zamanı şəxsin üzərindən qanunla qadağan olunmuş hər hansı bir predmet aşkar etmədim. Yoxlamanın yekununda şəxsin üzərinə şəxsi yoxlama keçirilməsi haqqında protokol tərtib etdim və iştirakçılar tərəfindən oxunub imzalandı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2024-cü il tarixli, 6/4838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Sustac 2.6” göstəricisi olan bir ədəd plastik qabda 99 ədəd, üzərində “X-X8” göstəricisi olan plastik qabda üzərində “CL” göstəricisi olan 199 ədəd ümumilikdə 298 ədəd ağ rəngli həbin tərkibində klobazamın təsir maddəsinin ümumi miqdarının 2,98 qram olduğu müəyyən edildi. Klobazam 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Klobazam həbinin sayı - 298 ədəd, tədqiqata sərf edildi - 8 ədəd, qalıq 290 ədəd Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3: - 28 yanvar 2025-ci il tarixli, 39 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o, anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və halhazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - 28 yanvar 2025-ci il tarixli, 38 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinə tutulmamışdır, lakin fiziki və psixi asılılıq olmadan narkotik və psixotrop maddə qəbulu inkar edilmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş 30 sentyabr 2024-cü il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus əl yüklərinə daxil olan 1 ədəd çantanın içərisindən üzərində “Sustac 2.6” yazılmış qutunun içərisindən üzərində “CL” yazısı olan 99 ədəd və üzərində “X-X8” yazılmış qutunun içərisində isə üzərində “CL” yazısı olan 199 ədəd naməlum tərkibli həblər aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X5 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barədə verilmiş xasiyyətnamədə 137 saylı MKİS-ə barəsində heç bir narazılıq və şikayət ərizəsi daxil olmadığı göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş **********351 nömrəli fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamədən məlum olur ki, Təqsirləndirilən şəxs (şəxsiyyəti təsdiq edən sənədin nömrəsi C********) İran İslam Respublikasından Azərbaycan Respublikasına (Naxçıvan MR) gələrkən Culfa Gömrük məntəqəsində qanuna müvafiq şəkildə fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə ilə gömrük sərhədindən keçirdiyi malları - qida əlavələri, dərman/ Fingolimed - 28 ədəd, Tretinoin maz - 3 ədəd, Riluzole - 84 ədəd, Triptorelin - 8 ədəd, Tetracosactide - 20 ədəd, Vitamin K1 - 20 ədəd rəsmi qaydada bəyan etmişdir. Bəyannamədən də göründüyü kimi Təqsirləndirilən şəxs üzərində olan əl çantasından aşkar edilmiş, üzərində “CL” yazısı olan 99 ədədini “Sustac 2.6” etiketli plastik qaba və üzərində “CL” yazısı olan 199 ədədini isə “X-X8” etiketli plastik qaba qoyduğu külli miqdarda təsir maddəsinin ümumi miqdarı 2,98 qram olan 298 ədəd psixotrop maddə olan klobazam həblərini bəyan etmədən gömrük nəzarətindən kənar keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən təqdim edilərək cinayət işinə əlavə olunmuş 015009 nömrəli şəhid ailəsi üzvü olmasına dair vəsiqənin notarial qaydada təsdiqlənmiş surətindən məlum olur ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə qarşı verilən ittihamı qəbul etməyərək törədilmiş cinayət əməli ilə bağlı təqsirləndirilən şəxsin günahsız olduğunu bildirməklə ibtidai istintaq orqanının topladığı sübutlara dair öz etirazlarını bildirərək ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirsələr də, həmin sübutları təkzib edəcək yetərli dəlilləri məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində daşıdığı dərman vasitələrini bəyan etdiyini, həmin dərman vasitələrinin psixotrop maddə olmasından xəbərsiz olduğunu, təqsirləndirildiyi cinayət əməlini törətmədiyini, İran İslam Respublikasında aptekdən “Egiloq” və “Maqnezium” dərmanları istəməsinə baxmayaraq, psixotrop maddə verildiyindən məlumatsız olduğunu, dərmanın qablaşdırılmasının tamlığının pozulmasından xəbərinin olmadığını bildirməsi inandırıcı deyil və özünümüdafiə xarakteri daşıyır. Belə ki, İran İslam Respublikasnda aptekdən dərmanları alıb çıxdıqdan sonra çantasını yanından ayırmaması, gömrük işçilərinin onun iştirakı ilə yoxlama apardığını deməsi, çantasından aşkarlanan dərmanlarla bağlı protokol tərtib olunan zamanı gördüyü dərmanların eynilik təşkil etməsi, dərmanların özünə məxsus olmasını təsdiqləməsi, çantasından aşkarlandığını qəbul etməsi özündən başqa şəxsin onun çantasına müdaxilə etmədiyini göstərir. Cinayət işinin materiallarına əlavə edilmiş **********351 nömrəli fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamədən də görünür ki, Təqsirləndirilən şəxs əl yükündə olan Fingolimed - 28 ədəd, Tretinoin maz - 3 ədəd, Riluzole - 84 ədəd, Triptorelin - 8 ədəd, Tetracosactide - 20 ədəd, Vitamin K1 - 20 ədəd dərmanlarını rəsmi qaydada bəyan etsə də, özünün dediyi kimi, aptekdə ürəyində döyüntülər olduğunu, “panik atak” keçirdiyini, əlində qıcolmalar və boğulmalarının olduğunu söyləyərək bu xəstəliklərin müalicəsində istifadə etməsi üçün aldığı üzərində “Egiloq” və “Maqnezium” etiketləri olan plastik qablara yığılmış dərmanları (psixotrop maddə olan Klobazam həblərini) gömrükdə bəyan etməmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, içərisindən 298 ədəd psixotrop maddə olan Klobazam həbləri aşkarlanan qablara digərlərindən fərqli olaraq kustar üsula müdaxilə edilmiş, qapaqlar açılaraq içərisinə psixotrop maddə olan klobazam yığıldıqdan sonra üzərində “Egiloq” və “Maqnezium” etiketləri olan plastik qablar sonradan yenidən yapışqanla yapışdırılmışdır. Təqsirləndirilən şəxs bütün bu hallarla bağlı məlumatsız olmasını söyləməsi isə inandırıcı deyil. Həmçinin Təqsirləndirilən şəxs üzərində daşıdığı çantadan aşkar edilmiş psixotrop maddənin növünə, təsir gücünə, o cümlədən sayına (298 ədəd) diqqət yetirdikdə məlum olur ki, aşkar edilmiş psixotrop maddənin say miqdarı psixotrop maddə aludəçisi olan şəxsin bir neçə aylıq dozasını təşkil etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.4.3-cü maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11-ci maddəsinə görə narkotik vasitələri və psixotrop maddələri qanunsuz satma dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən klobazamın 2 (iki) qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdar təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri üzrə əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun qeyd edilən cinayətlər üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxsn təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə maddənin sahksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, şəhid ailəsi üzvü olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş psixotrop maddənin sayını və çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, akarlanmış psixotrop maddənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona məhz, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Mətin Allahverdiyevin qətimkan tədbiri seçmə barədə 09 yanvar 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin müddəti təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxil deyildir. Təqsirləndirilən şəxs törətdiyi əməlin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasına görə 65 (altmış beş) manat, məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 290 ədəd klobazam həblərinin və “Sustac 2.6” etiketli və “X-X8” etiketli plastik qablar məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsi və C04082990 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd DVD və 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunacağından və hökmün icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizasına görə 65 (altmış beş) manat, məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 290 ədəd klobazam həblərinin və “Sustac 2.6” etiketli və “X-X8” etiketli plastik qablar məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AZE №******** nömrəli şəxsiyyət vəsiqəsi və C04082990 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd DVD və 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Arzuyar Kərimov