Məhkəmə qərarları › İş №1(109)-25/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-25/2024

04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-25/2024 04.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:15 Hakimlər – Heydərov Faiq İnqilab (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2004-cü ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, administrator işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır xəsarət yetirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 20:24 radələrində, Naxçıvan şəhəri, X11 küçəsində, “Park AVM” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən “Life Pub” kafesində, kafeyə müştəri kimi gələn Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi mübahisə zamanı kafenin mətbəxindən götürdüyü bıçaq ilə kafenin arxasında yerləşən sanitar qovşağın qarşısında Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir bıçaq zərbəsi vuraraq qarının ön divarında yara, nazik bağırsağın hissəvi rezeksiyası xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirərək qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından, hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Naxçıvan şəhərindəki “Life Pub” kafesində təxminən altı aya yaxındır ki, administrator işləyir. Nurayın həmin kafedə təxminən 10 gündür işlədiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs isə bir həftə idi ki, tanıdığını, kafedə ofisiant işləyən Nurayın dostu olduğunu, Nuray ofisiant işləyəndən kafeyə müştəri qismində gəldiyini söyləmişdir. Hadisədən təxminən üç gün qabaq Nuray ondan yaxında telefon mağazası olub-olmadığını soruşmuş, o da - “Qarşıda yolun o tərəfində var” - deyə cavab vermiş, özünün də mağazada işi olduğu üçün Nurayla birlikdə kafenin qarşısında yerləşən telefon mağazasına getmiş, Nuray telefon qabı almış və ekranına şüşə çəkdirmişdir. 10 fevral 2024-cu il tarixdə tanımadığı bir nömrədən ona zəng gəlmiş, zəng edənin Turqud olduğunu bildirmiş, ondan harada olduğunu soruşmuş, o da şəhərdə olduğunu, indi kafeyə gəldiyini söyləmişdir. Kafeyə gələndə Turqud onu yanına çağırmış, Turqudun oturduğu stola yaxınlaşaraq onun stolunda əyləşmiş, həmin vaxt müdiri-Gülay xanımın qardaşı Camal onun əyləşdiyi stola yaxınlaşıb ona - “ stollara nəzarət etmək lazımdır” - deyəndə stuldan qalxıb getmişdir. Bir qədər keçdikdən sonra təkrar Turqudun əyləşdiyi stola yaxınlaşmış, Turqud ona - “mənim qızımla harasa gedənin oğlanlığı belə olsun” - demiş, Turquddan “Sən bu məsələni üç-dörd gün qabaq bilmisən nə üçün həmin vaxt mənə heç nə deməmisən?” -deyə soruşmuş, Turqud ətrafdakı insanların yanında ona qarşı nalayiq ifadə işlətdiyi üçün kafenin mətbəxinə gedərək bıçağı götürüb belinə qoymuş, Turqudun əyləşdiyi stola yaxınlaşaraq onu kafenin arxasına dəvət etmişdir. Turqudla mübahisə edə-edə kafenin sanitar qovşağının qarşısına getmişlər. Daha sonra əsəbindən Turqudun qarın nahiyəsindən bıçaqla vurmuş, bıçağı həmin yerə ataraq oradan uzaqlaşmış, bu zaman Turqudun dostu ilə qarşılaşmışdır. Təkrar kafeyə daxil olub kafenin qabaq qapısından çölə çıxaraq həyətə düşüb bir siqaret çəkmiş, daha sonra kafenin yuxarı mərtəbəsinə qalxmışdır. Turquda xəsarət yetirmək üçün vurmuş, məqsədi öldürmək olmamış, 2-ci və 3-cü bıçaq zərbəsini vurmağa imkanı olsa da etməmişdir. Turqudu vurduğu bıçağın tutacaq hissəsinin qara rəngdə, kəsici hissəsinin metallik rəngdə, tutacaq hissəsinin içərisindəki cızığın isə metallik rəngdə olduğunu söyləmişdir. Törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi, özünün səmimi etirafı, şahid ifadələri, ekspert rəyləri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, hadisə baş verəndə Təqsirləndirilən şəxs təxminən 6-7 gün idi ki, tanıyırdı. Hadisə “Park AVM”-in 3-cü mərtəbəsində baş vermiş, həmin gün içki içmək üçün dostu Nurel ilə o kafeyə getmişdir. Kafeyə getmədən qabaq evdə də içki içdiyi üçün hadisəni tam xatırlmadağını, Nuray ilə sevgi münasibətlərinin olduğunu, onun həmin kafedə ofisiant işlədiyini, əvvəldən Rüfətlə heç bir problemi olmadığını söyləmişdir. Rüfətlə bir-birilərini səhv başa düşdüklərini, Nurayla Rüfətin heç bir problemi olmadığını söyləmiş, hadisədən 4-5 gün qabaq telefon qabı almaq üçün Nuray Rüfətlə birlikdə mağazaya getmişdir., Nurayla telefonla danışanda ona -“Rüfətlə telefona kabro almağa getmişdim ”- demişdir. Bunu bilsə də hadisədən əvvəl kafeyə gedəndə bu söhbəti açmamış və Rüfətə söyüş söyməmişdir. Kafedə olarkən Nurelə Rüfət haqqında danışmış, Nurel Rüfətin kim olduğunu soruşanda onun burada olmadığını söyləmiş, daha sonra kafedəki işçilərdən birindən onun nömrəsini alıb zəng etmiş, Rüfətdən harada olduğunu soruşmuş, aşağıda olduğunu deyəndə kafeyə gəlməsini xahiş etmişdir. Rüfət həmin gün 3 dəfə onların stoluna yaxınlaşmış, birinci dəfə Rüfəti Nurelə göstərmək üçün yanlarına o çağırmış, qalan ikisində özü söhbət edib fikrini çatdırmaq üçün yaxınlaşmış, Rüfəti yanına çağıranda onunla görüşmüş və Nurelə - “Rüfət mənim qardaşımdır”- demişdir. Nurel Rüfətə -“Rüfət get, sonra söhbət edərik” - deyə söyləmiş, həmin vaxt Rüfətdən -“ sənin sevgilin səndən xəbərsiz harasa getsə, sən də əsəbləşmərsən?”- deyə soruşmuş, o da - “Bəli, mən də əsəbləşərəm”- deyə cavab vermiş, bunları qısqandığı üçün ona demədiyini bildirmiş, Rüfət ona -“Qardaşımsan gəl, çölə çıxaq” - desə də onunla razılaşmamışdır. Nurel də -“iki bakal pivə içib gedirik, sonra söhbət edərsiniz” - demiş, həmin vaxt müdir Rüfəti çağırmış, o getsə də bir daha gəlib onların stoluna yaxınlaşmışdır. Daha sonra Rüfətlə birlikdə çölə çıxmış, sanitar qovşağa tərəf çönəndə Rüfət ona bıçaqla xəsarət yetirmiş, Rüfəti tutmaq üçün əlini uzadanda o, oradan qaçmış, bıçağı özü çıxarıb zibil qutusuna atmış, bıçağı əlində tutduğu üçün Rüfətin onu ikinci dəfə bıçaqla vurmaq şansı olmamışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını söyləmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla iş yoldaşı olmuşdur. İş vaxtı Rüfətlə birlikdə telefon qabı almaq üçün kafedən aşağıdakı mağazaya getmiş, qayıtdıqdan sonra sevgilisi Turquda zəng edərək - “iş yoldaşımla telefona kabro almağa getmişdim”-demiş, bundan sonra Turqudla ikisinin arasında sözsöhbət olmuş, Turqud da ona - “Mənə deməmiş niyə getmisən?” - deyə əsəbiləşmişdir. Təxminən 2-3 gün sonra Turqud dostu Nurellə birlikdə onun işlədiyi kafeyə müştəri qismində gəlmiş və dostu Nurelə - “Nurayın elədiyi söhbət düzgün deyil, mən eləsəm necə qəbul edərsən?” – deyəndə Turqudla bir daha mübahisələri olmuş, Turqudun əsəbi olduğunu gördüyü üçün stollara baxmağa getmişdir. Daha sonra Rüfət iş yerində olmadığı üçün Turqud kafedəki işçidən onun nömrəsini almış, ona zəng edərək - “qardaş sən haradasan, buraya gələ bilərsən? Səninlə işim var?”- demiş, Rüfət gələndən sonra gedib Turqudun masasına əyləşmiş, həmin vaxt Rüfətlə Turqud mübahisə etmiş, aralarında nə söhbət olduğunu bilməmiş, lakin Turqudun - “qaqaş get da” - dediyini eşitmişdir. Rüfətin barın arxasına getdiyini görmüşdür. Daha sonra nə baş verdiyindən xəbəri olmamışdır. Onların çölə çıxdıqlarını görməmiş, hamının çölə çıxdığını görəndə nə baş verdiyini bilmək üçün o da arxalarınca getmişdir. Turqudun yerdə oturduğunu, əli ilə qarnını tutduğunu görəndə ondan nə olduğunu soruşmuşdur. Turqudun bıçaqlandığını görəndə içəri qayıdaraq “salfetka” gətirib onun yarasına basmışdır. Daha sonra polis əməkdaşları ilə xəstəxanaya getmişlər. Şahid2 ifadəsinə əlavə olaraq bildirdi ki, həmin gün Turqudun içkili olduğunu, Rüfətin ona qarşı heç bir hörmətsizlik etmədiyini, onunla 1-2 həftə bir yerdə işlədiyini, hər hansı bir mənfi xüsusiyyətini görmədiyini, kafedə olan insanlardan Turqudun Rüfəti söydüyünü eşitdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Turqud Park AVM-in 3-cü mərtəbəsində masada əyləşən zaman onu yanına çağırıb Rüfətin nömrəsini istəmiş, həmin vaxt Rüfət işdə olmamış, Rüfətin mobil nömrəsini Turquda vermiş, ondan sonra Turqud zəng vurub Rüfəti yanına çağırmışdır. Rüfət işə gəlməmişdən qabaq Turqud ondan içki istədiyi üçün içki gətirmiş, Rüfət gələndən sonra oturub bir az söhbət etmişlər. Kafedə müştəri çox olduğu üçün müdir tez-tez Rüfəti çağırmış, həmin vaxt Rüfət Turqudla söhbət etmişdir. Sonradan müştəri çox olduğuna görə nə olduğunu bilməmişdir. Hadisə günü Turqudla Nurayın mübahisəsi olmuş, lakin nəyə görə mübahisə etdiklərindən məlumatı olmamışdır. Nuray küsdüyü üçün Turqudun stoluna baxmamış, digər tərəfə getmişdir. Təqsirləndirilən şəxs 4-5 ilə yaxındır ki, tanımış, onunla münasibətləri yaxşı olmuşdur. Nurayın kafedə işlədiyini, Nurayla Rüfətin sadəcə iş yoldaşı olduqlarını, Nuray kafedə işləyəndən sonra Turqudu tanıdığını söyləmişdır. Rüfəti tanıdığı müddət ərzində kimləsə mübahisəsi olduğunu görməmişdir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, hadisədən təxminən 2 saat əvvəl Turqud ona zəng edib görüşmək istədiyini demiş, iş yoldaşları ilə görüşdüyünü deyib onu “Park AVM” kafesində gözləməyini istəmişdir. O, kafeyə gedəndə Turqudun pivə içdiyini görmüş, təxminən, 15 dəqiqə oturandan sonra Turqud Rüfətə zəng etmişdir. Rüfət gələndə əvvəlcə mehriban danışıb görüşmüşlər. Sonra Turqud ona - “bu Rüfətdir, yaxınımızdır, balacadır, yaxşı uşaqdır”- demiş, bir az sonra söhbət böyümüş və Turqud ona -“mənim qızımla gedəni belə-belə olsun”- deyə söyləmiş, ondan sonra Rüfət stoldan getmiş, bir-iki dəfə qayıdıb onların yanına gəlmiş, Rüfət yanlarına gələndə aqressiv olmamışdır. Daha sonra Turqud Rüfətlə birlikdə çölə çıxmışdır. O da Turqud Rüfətə bir şey etməsin deyə onların arxasınca getmişdir. Hadisə təxminən 1 metr qabağında baş vermiş, o, X10a zəng etmişdir. X10la Turqudu xəstəxanaya aparmışlar. Şahid6 ifadəsinə əlavə olaraq bildirdi ki, Rüfəti hadisə baş verən günü tanımış, həmin günə qədər Turqud Rüfətlə bağlı ona heç nə deməmiş, Turqut onu yanlarına Nurayla “kabro” almağa gedib-getmədiyini dəqiqləşdirmək üçün çağırmış, Rüfət yanlarına gəlməmişdən əvvəl Turqut ona - “Rüfətin Nurayla birlikdə “kabro” almağa getdiyini” – demişdir. Turqud əvvəlcə normal danışmış, Rüfətlə aralarında söyüş olduğu üçün birdən aqressivləşmişdir. Turqudun içkili olduğunu söyləmiş, aralarında nə söyüş olduğunu eşitmədiyini bildirmişdir. Rüfətin əlində bıçağı görməmiş, Rüfətin Turqudu bıçaqla 1 dəfə vurub çəkildiyinə şahid olmuş, onun hansı nahiyəsinə bıçaq zərbəsi vurulduğunu görmüşdür. Onlara - “dəfələrlə mübahisə etməyin” - demişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə olan günü “Park AVM” dəki kafedə dostu ilə yemək yemiş, birdən səs-küy olmuş, həmin stola baxan oğlanı çağırıb nə baş verdiyini soruşmuş, həmin vaxt Rüfəti orada görməmişdir. 10 dəqiqə keçməmiş kafedə işləyən qızla Rüfətin çölə qaçdığını görmüş, onlar arxa qapıdan girib qabaq qapıdan çıxmışlar. Onların arxasınca gedəndə bir nəfərin bıçaqlandığını və onu yerə uzatdıqlarını görmüş, kafenin müdirinə - Gülay xanıma zəng edib hadisə baş verdiyini xəbər etmiş, bir az sonra X10 da gəlmişdir. Oğlanın yarasının dərin olmadığını eşitmişdir. Təqsirləndirilən şəxs 5-6 aydır ki, kafedə işləmiş, kafedə işlədiyi müddətdə heç bir problem çıxarmamış, polis əməkdaşları deyəndən sonra müştərini Rüfətin bıçaqladığını bilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan olunmuş: Şahid1 ifadəsində göstərmişdir ki, Şərur rayonu, Çəmənli kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında kirayə yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Zərərçəkmiş şəxs isə kafedə işləyən ofisiant Nurayın sevgilisi olduğunu bilir. Həmin gün Nurayın ona Turqud gəlib oturacağını demişdir. Həmin gün kafedən çıxmamışdan əvvəl Rüfətin ondan bir saatlıq icazə istədiyini, evə gedib pal-paltarını dəyişib qayıtmaq istədiyini demişdir. Rüfətə icazə vermiş, Rüfətə tez gəlməsini demiş, saat 20:00 radələrində kafedən çıxmış, kafedən çıxıb getdikdən sonra təxminən iyirmi dəqiqə sonra kafeni icarəyə götürdüyü Şahid5 ona zəng etmiş, Samiq ona kafedə bıçaqlanma olduğunu demiş, Samiqlə telefonda danışdıqdan beş dəqiqə sonra kafeyə gəlmişdir. Həmin vaxt üçüncü mərtəbəyə qalxmış, Turqutun həmin vaxt kafenin qapısı ilə üzbəüz yan tərəfdə əyləşdiyini görmüş, Turqutun yanında bir neçə şəxs var imiş. Rüfəti axtarmağa başlamış, işçilərdən Rüfəti soruşmuş, işçilərdən bir nəfər Rüfətə zəng etmiş, bir neçə dəqiqədən sonra Rüfət kafeyə gəlmiş. Rüfət kafeyə gəldikdən sonra polis əməkdaşlarına Turqudu bıçaqla vurduğunu demişdir. Rüfət Turqudu bıçaqla vurduğu yerə polis əməkdaşlarını aparmış, həmin vaxt hadisə yerində polis əməkdaşları sanitar qovşaqda zibil qabının arxasında Rüfətin Turqudu vurduğu bıçağı aşkar etmişlər. Turqudu isə həmin vaxt X10 avtomobili gəlib xəstəxanaya aparmış. Təqsirləndirilən şəxs kafedə ofisiant işləyən Turqudun sevgilisi Nuray ilə birlikdə mağazaya telefon üçün kabro almağa getməsindən Turqudun xəbəri olduğu üçün kafedə Rüfətə qarşı nalayiq ifadələr işlədibmiş. Həmin vaxt onların arasında sözlü mübahisə olmuş. Sonda isə Rüfətin Turqudu bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, Şamaxı şəhəri, Çaylı kəndində qeydiyyatda olmaqla, Naxçıvan şəhərində kirayə yaşayır. 2024-cü ilin yanvar ayının 12-si Bakıdan Naxçıvan şəhərinə gəlmişdir. Onu Naxçıvanda işləmək üçün Gülay xanım dəvət etmişdir. Naxçıvan şəhərində icarəyə kafe götürdüyünü və işlətmək üçün ona köməklik etməyimi demiş, ona görə Naxçıvan şəhərinə gəlmiş. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Zərərçəkmiş şəxs isə kafedə işləyən ofisiant Nurayın sevgilisi olduğunu bilirmiş, Rüfət kafedə administrator kimi işləyirmiş. xx.xx.2024-cü il tarixdə mən kafedə idim. Təxminən saat 19:00 radələrində Gülay xanım işi olduğu üçün kafedən çıxmış. Ona kafeyə nəzarət etməyini demiş. həmin vaxt kafedə ofisiant işləyən Nurayın sevgilisi Zərərçəkmiş şəxs da tanışı ilə stolda əyləşibmiş, onun həmin vaxt başı müştərilərə qarışıbmış. O, Turqudun Rüfət ilə stolda sözləşdiyini və onların səs-küy saldıqlarını görmüş, Rüfəti yanıma çağırmış, ona Gülay xanımda yoxdur, mən təkəm, kassadan çıxa bilmirəm, müştərilərə nəzarət et demişdir. Sonra nə isə sözün varsa işdən sonra söhbət edərsən demiş, Rüfət ona baş üstə demiş, Rüfət Turqudun əyləşdiyi stoldan uzaqlaşmışdır. Bir qədər keçdikdən sonra onun başı işə qarışmış, kafeyə polis əməkdaşlarının gəldiyini görmüş, polis əməkdaşlarına yaxınlaşmış, onların, müştəri kimi kafeyə gəldiklərini düşünmüşdür. Həmin vaxt polis əməkdaşları Rüfətin Turqudu bıçaqladığını demişlər. Rüfətin sanitar qovşağının qarşısında Turqudu bıçaqla vurduğunu bilmiş, kafenin arxa qapısından çıxaraq Rüfətin Turqudu bıçaqla vurduğu yerə getmək istəmiş, lakin polis əməkdaşları hadisənin baş verdiyi yerə getməyinə icazə vermədiklərini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4: - 11 fevral 2024-cü il tarixli, 205 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərindəki xəsarətlər: qarnın ön divarında yara, nazik bağırsağın hissəvi rezeksiyası (1,5 metr), piylik yaraları. Göstərilən xəsarətlər hər hansı bir kəsici- deşici alətin təsirindən törənmişdir, eləcədə həmçinin bıçaq zərbəsindən törənə bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa “Ağır zərər vurmaya” aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 25 aprel 2024-cü il tarixli, 384-385 nömrəli məhkəmə-trasoloji və soyuq silahın kriminalistikası ekspertizasının rəyindən məlum olur ki, təqdim edilmiş 01 (bir ) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, batıcı xassəyə malik olan təsərrüfat məişət təyinatlı mətbəx bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin, səthindəki zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin təsirindən əmələ gəlmişdir. Belə predmetə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi və ona oxşar bıçaq tiyələri aiddir. Naxçıvan MR X2 : - 23 aprel 2024-cü il tarixli, 150 nömrəli ambulator məhkəmə - psixatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı “Nevrotik reaksiya” psixi vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçübbiçmək və qiymət vermək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hal-hazırda Azəbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 15 may 2024-cü il tarixli, 455 nömrəli məhkəmə - psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı sinir-psixi gərginlik halı hadisədən bilavasitə əvvəl aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs Qasımovun ünvanına işlətdiyi aşağılayıcı və təhqiredici ifadələr ilə şərtlənmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 10 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, hadisə zamanı T. Fətullayevin vurulmasın da istifadə olunan tutacaq hissəsi qara rəngli, bir hissəsi isə metal rəngdə olan, tutacaq hissəsinin üzərində üç ədəd yumru şaybayabənzər knopkalar olan, kəsici hissəsi metalik rəngdə, uc hissəsi isə qatlanmış formada 1 ədəd bıçaq, X5 məxsus olan bir ədəd qısaqol köynək prosessual qaydada götürülmüşdür. Həmçinin hadisənin baş verdiyi yenə baxış aparılan zaman Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında stolda sözlü mübahisənin baş verdiyi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaq üçün bıçaq götürməsi ilə bağlı kafedə olan kameraların videogörüntüləri prosessual qaydada götürülmüşdür. - 10 may 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, cinayətin törədilməsində istifadə edilən bir ədəd bıçaq və hadisə vaxtı zərərçəkmiş şəxsin üzərində olmuş 1 ədəd qısaqol köynək cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunmasına köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin ƏSİŞ-nə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının 4 №-li sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyətinin Mahmudkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs uzun müddətdir həmin ərazidə yaşamadığı üçün barəsində məlumat verilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 11 fevral 2024-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, 13 fevral 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları şahidlərin ifadələri və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir bıçaq zərbəsi vuraraq qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs kafedə birlikdə işlədikləri Nurayla telefon qabı almaq üçün kafenin aşağısında yerləşən mağaza getmiş, təxminən 2-3 gün sonra bunu öyrənən Nurayın sevgilisi Turqud Nurayla mübahisə etmiş, müştəri qismində dostu Nurellə birlikdə kafeyə gəlmiş, Rüfətin kafedə olmadığını görəndə orada işləyən Ramaldan Rüfətin telefon nömrəsini almış, Rüfətlə əlaqə saxlayıb onu kafeyə çağırmış, kafedə Turqudla Rüfət mübahisə etmişdir. Rüfət Turqudunun ona işlətdiyi nalayiq sözlərə görə əsəbləşərək kafenin mətbəxindən bıçaq götürmüş və onu çölə dəvət etmiş, sanitar qovşağının yanında qarın nahiyəsinə bir bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs daha çox bıçaq zərbəsi vura biləcəyi halda bunu etməmiş, hadisə yerindən uzaqlaşmışdır. Turqud Fəttulayev isə bıçağı çıxararaq atmışdır. Rüfət Turquda bıçaq zərbəsi vurub qaçanda Şahid6la qarşılaşmış, bu hadisə təxminən 1 metr qabağında baş vermiş, Turquda 1 dəfə bıçaq zərbəsi vurmasına şahid olmuşdur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma sayılır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün hər hansı sübut və ya dəlil gətirməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində cinayət hadisəsinin onun işlətdiyi nalayiq ifadələrə görə baş verdiyini dəfələrlə bildirmiş Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməməsini istədiyini məhkəmənin nəzərdiqqətinə çatdırmış, məhkəmədən təqsirləndirilən şəxsi bağışladığını nəzərə almağı və ona cəza təyin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs verdiyi 04 iyul 2024-cü il tarixli ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, cinayət hadisəsini zərərçəkmiş Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-10/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 11 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 11 fevral 2024-cü il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmur və məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 95 ( doxsan beş ) manat və məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Tutacaq hissəsi qara rəngli, bir hissəsi isə metal rəngdə olan, tutacaq hissəsinin üzərində üç ədəd yumru şaybayabənzər knopkalar olan, kəsici hissəsi metalik rəngdə, uc hissəsi isə qatlanmış formada 1 ədəd bıçaq məhv edilməlidir. - bir ədəd qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablansın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə-ballistik ekspertizasına görə 95 ( doxsan beş ) manat və məhkəmə psixoloji ekspertizasına görə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan maddi sübutlar: - Tutacaq hissəsi qara rəngli, bir hissəsi isə metal rəngdə olan, tutacaq hissəsinin üzərində üç ədəd yumru şaybayabənzər knopkalar olan, kəsici hissəsi metalik rəngdə, uc hissəsi isə qatlanmış formada 1 ədəd bıçaq məhv edilsin. - bir ədəd qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1 Arzuyar Kərimov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar