Məhkəmə qərarları › İş №1(109)-25/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-25/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-25/2025 13.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Culfa Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X3 iştirakları ilə 20 yanvar 1992-ci ildə Türkiyə Respublikası, Şanlıurfa şəhəri, Birecik rayonunda doğulmuş, subay, Türkiyə Respublikası vətəndaşı, sürücü işləmiş, orta təhsilli, məhkum olunmamış, Türkiyə Respublikası, Şanlıurfa şəhəri, Birecik rayonu, Bahçeönü küme evlər, ev 15 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 21,150 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib 1 bükümdə üzərində saxlayaraq daşımaqla, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33AGS734/33ELR42 qeydiyat nişanlı "Volvo" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, xx.xx.2025-ci il tarixdə, saat 07:20-də Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əyninə geyindiyi yaşıl rəngli gödəkçənin sol yan cibindən bir bükümdə təmiz çəkisi 21,150 qram külli miqdarda ağ rəngli kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 fevral 2025-ci il tarixdə 33AGS734/33ELR42 dövlət qeydiyyat nişanlı, dərman yükü yüklənmiş nəqliyyat vasitəsini “Mestur” şirkətindən təhvil alaraq Türkiyə Respublikasının Edirnə şəhərindən İran İslam Respublikasına yola düşmüşdür. 4 gündən sonra İran İslam Respublikasının Təbriz şəhərinə çatmış, sənədlərinin hazırlanması üçün 2 gün orada gözləmişdir. Sənədləri hazır olduqdan sonra Edirnə şəhərindən götürdüyü yükü Tehran şəhərində “Şəhriyar” gömrüyündə boşaltmaq üçün yola çıxmış, 28 fevralda oraya çatmış, növbəti gün yükünü boşaldıb eyni gündə Azərbaycan gömrüyünə gəlmək üçün yola çıxmışdır. 1 gün yarımdan sonra Təbriz şəhərinin 20 kilometr yaxınlığındakı tır parkına çatmışdır. Yorğun olduğundan yatıb dincəlmək üçün dayanacaqda gözləyərkən tanımadığı bir maşın ona yaxınlaşmış, aynadan həmin maşına baxdığında maşının içərisindəki şəxsin özünün da istifadə etmiş olduğu metamfetamin psixotrop maddəsindən istifadə etdiyini görmüşdür. Ona yaxınlaşaraq özünün də metamfetamin istifadəçisi olduğunu, əgər yanında varsa ona da bir qədər verə bilib-bilməyəcəyini soruşmuşdur. Sürücünün ona verdiyi metamfetamini istifadə etdikdən sonra ona “mən sənə 2100 türk lirəsi verim mənə bir qədər də metamfetamin ver” demiş, o razılaşdıqdan sonra 2100 türk lirəsi verərək sellofana bükülü olan metamfetamin psixotrop maddəsini və həmin maddəni istifadə etmək üçün bir ədəd şüşə kolbanı almışdır. Dincəldikdən sonra yenidən Azərbaycan gömrüyünə gəlmək üçün yola çıxmış, 05 mart 2025-ci il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postuna giriş etmişdir. Pasportunu yoxlayan gömrük əməkdaşı ondan “Azərbaycana ilk dəfə gəlirsən?” deyə soruşmuş, o da ilk dəfə gəldiyini bildirmişdir. Pasportunu götürdükdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsini X-Ray aparatından yoxlanışdan keçirmək üçün getmişdir. Yoxlanış zamanı yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş heçnə aşkar edilməmişdir. Sonra ona bildiriş təqdim olunaraq nəqliyyat vasitəsinə baxış keçirilmiş, əvvəlcə ondan idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan edilmiş predmet olub-olmadığı soruşulmuş, o isə heçnə olmadığını bildirmiş və nəticədə qanunla qadağan edilmiş heçnə aşkar edilməmişdir. Gömrük əməkdaşı ona bildiriş təqdim etdikdən sonra şəxsi yoxlanış aparılacağını bildirmiş, ciblərini boşaltmasını istəmiş, bu zaman Təqsirləndirilən şəxs cibindən siqaret və alışqanla birlikdə metamfetamin psixotrop maddəsini çıxarıb vermişdir. Ondan aşkar olunan maddənın nə olduğunu soruşduqlarında şəxsi istifadəsi üçün aldığını, metamfetamin psixotrop maddəsi olduğunu bildirmişdir. Gömrük əməkdaşı aşkar olunan maddəni təkrar cibinə qoymasını demiş, iş yoldaşından əlcək istəmiş və kamera ilə çəkiliş aparmasını xahiş edərək təkrar şəxsi yoxlama aparmışdır. Bu dəfə videoçəkiliş edərək şəxsi yoxlama aparılmış, yoxlama zamanı əynindəki yaşıl rəngli gödəkcənin sol yan cibindən həmin metamfetamin psixotrop maddəsi və şüşə kolbanı çıxarıb təkrar gömrük əməkdaşına təqdim etmişdir. Gömrük əməkdaşı tərəfindən sənədlər hazırlanaraq imzalanmışdır. Yoxlama zamanı ona qarşı hər hansı təzyiq və təsir göstərilməmişdir. İfadəsinin davamında Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 5 ildir ayda 2-3 dəfə olmaqla psixotrop maddə istifadə edir. O, verdiyi pulun müqabilində aldığı maddənin çox olduğunu görsə də, dəqiq çəkisini bilməmiş, gömrük əməkdaşıları onun cibindən aşkarlanan psixotrop maddəni özünün də iştirakı ilə tərəzidə çəkdikdən sonra bükümlə birlikdə 22 qram olduğunu bilmişdir. Gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamamışdan əvvəl ondan idarə etdiyi avtomaşında qanunla qadağan olunmuş predmet olub-olmadığını soruşsa da, ilk öncə üzərində axtarış apararkən bu barədə soruşmamışdır. EminDerin nəqliyyat vasitəsində psixotrop maddə olmadığı üçün gömrük əməkdaşı ondan idarə etdiyi avtomaşında qanunla qadağan olunmuş predmet olub-olmadığını soruşduğunda heç nə olmadığını demişdir. O, üzərində axtarış aparılarkən bu barədə soruşalacağı halda üzərində olan psixotrop maddəni cibindən çıxarıb təqdim edəcəyini, özünün isə qorxduğu üçün üzərində olan psixotrop maddəni bəyan etmədiyini də söyləmişdir. Təqsirləndirilən şəxs gömrük nəzarətindən kənar üzərində psixotrop maddə ilə keçməyin cinayət olduğunu bilsə də, lakin Türkiyə Respublikasında üzərində psixotrop maddə ilə tutularkən satış məqsədi ilə deyil, şəxsi istifadə üçün alındığı zaman cəza verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs son olaraq üzərindən aşkar olunan psixotrop maddə metamfetamini satmaq niyyətinin olmadığını, hər dəfə psixotrop maddə tapıb almağın çətinlik yaratdığını nəzərə alaraq şəxsi istifadəsi məqsədilə bu qədər çox miqdarda aldığını, tutduğu əməldən çox peşman olduğunu qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci il tarixdə Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” Gömrük Postunda xidmətdə olarkən Şahid1 ona yaxınlaşaraq şübhələndiyi üçün nəqliyyat vasitəsinə yoxlanış keçirəcəyini deyərək ondan videoçəkiliş aparmasını xahiş etmişdir. İlk öncə sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində bəyan etmədiyi və ya qadağan olunan hər hansı bir əşya olub olmadığı soruşulmuş, o isə 30 kq qarışıq ərzaqdan başqa heç nəyinin olmadığını bildirmiş, videoçəkilişlə yoxlama aparılmış, nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş heçnə aşkar edilməmişdir. Daha sonra üzərində şəxsi yoxlama aparılması məqsədilə nəqliyyat vasitəsinin sürücüsü postun inzibati binasındakı şəxsi yoxlama otağına aparılmışdır. Şəxsi yoxlamaya başlamadan öncə ondan üzərində qanunla qadağan olunmuş və ya bəyan edilməli olan hər hansı predmet olub-olmadığı soruşulmuş, o isə üzərində qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Şəxsi yoxlama zamanı videoçəkiliş aparılmış, təqsirləndirilən şəxsin əynində olan yaşıl rəngli gödəkcənin sol cibindən göy rəngli sellofana bükülmüş, tərəzidə ölçüldükdən sonra qablaşma ilə birlikdə çəkisi 22.444 qram olduğu müəyyən edilən, ağ rəngli, iysiz, duz kristalı halında psixotrop maddəyə bənzər kütlə və 1 ədəd psixotrop maddənin istifadəsi üçün nəzərdə tutulmuş şüşə predmet aşkar edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar olunan maddənin özünə məxsus olub-olmadığını, kimdən aldığını soruşduqda isə maddənin özünə məxsus olduğunu, Təbriz şəhərindəki taksi sürücüsündən 2100 türk lirəsi ödəyərək satış məqsədilə deyil, şəxsi istifadəsi üçün aldığını söyləmişdir. Aparılan yoxlamaların nəticələri ilə bağlı sənədləşmə işləri aparılmış, hazırlanmış sənədlər imzalanmışdır. İfadəsinin davamında Şahid2 bildirmişdir ki, gömrüyə daxil olan hər bir vətəndaşdan şübhəli halın olub-olmamasına baxmayaraq yoxlama aparılmamışdan əvvəl nəqliyyat vasitəsində, o cümlədən üzərində qanunla qadağan olunmuş predmetin olub-olmadığı barədə soruşulur. Təqsirləndirilən şəxs da şübhəli şəxs olduğu üçün idarə etdiyi nəqliyyat vasitəsinin yoxlanılması, eləcə də şəxsi yoxlamasının aparılması zamanı ondan bu barədə soruşulmuş və videoçəkilişdən istifadə olunmuşdur. Yoxlama zamanı təqsirləndirilən şəxsə qarşı heç bir qanuna zidd hərəkət tətbiq olunmamışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən məlum olur ki, təxminən 2 ildir gömrük orqanlarında xidmətə başlamışdır və haliyyədə Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunun inspektoru vəzifəsində çalışır. xx.xx.2025ci il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlanılması postunda olarkən gecə saatlarında Türkiyə Respublikasına məxsus 33AGS734/33ELR42 qeydiyyat nömrəli “Volvo” markalı yük nəqliyyat vasitəsi yük nəqliyyat vasitələrinin yoxlanılması postuna yaxınlaşmış, sorğu sual zamanı həmin nəqliyyat vasitəsinin sürücünün Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Sürücüyə idarə etdiyi yük nəqliyyat vasitəsinə videoçəkiliş aparmaqla yoxlama keçirəcəyini bildirmiş, videoçəkiliş aparması üçün Şahtaxtı gömrük postunun inspektoru Şahid2 dəvət etmişdir. Sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində bəyan etmədiyi və ya qadağan olunan hər hansı bir əşya olub olmadığını soruşmuş, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində 30 kq qarışıq ərzaqdan başqa heçnə olmadığını bildirmişdir. Videoçəkiliş aparılmaqla yoxlama zamanı nəqliyyat vasitəsindən qadağan olunmuş heçnə aşkar edilməmiş, yoxlamanın nəticəsi barədə sənədlər hazırlanaraq iştirakçılar tərəfindən imzalanmışdır. Həmin şəxsin üzərində şəxsi yoxlama aparmaq üçün icazə aldıqdan sonra həmin şəxsin üzərini yoxlamaq üçün onu postun inzibati binasında yerləşən şəxsi yoxlama otağına aparmış, ondan üzərində qanunla qadağan olunmuş və ya bəyan edilməli hər hansı predmet olub-olmadığı soruşulmuş, sürücü isə üzərində qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Sonra videoçəkiliş aparmaqla həmin şəxsin üzərini yoxlamağa başlamış, yoxlama zamanı sürücünün əyninə geyindiyi yaşıl rəngli gödəkçənin sol yan cibindən 1 ədəd göy rəngli sellofona bükülmüş qablaşma ilə birlikdə çəkisi 22.444 qram olan ağ rəngli, iysiz, duz kristalı halında psixotrop maddəyə bənzər kütlə və 1 ədəd psixotrop maddənin istifadəsi üçün nəzərdə tutulmuş şüşə predmet aşkar etmiş, yoxlama və götürmə barədə müvafiq protokollar tərtib etmiş, həmin protokollar sürücü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, Təqsirləndirilən şəxs ona üzərindən aşkar edilmiş kütlənin və həmin kütləni istifadə etmək üçün nəzərdə tutulan şüşə predmeti İran İslam Respublikasının Təbriz şəhərində tanımadığı taksi sürücüsündən öz istifadəsi üçün 2100 türk lirəsinə aldığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2025-ci il tarixli, 266 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd kağız zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi 21,150 qram olan ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir ( İ siyahı, İİ bənd, sıra № 27) Qeyd: metamfetaminin təmiz çəkisi 21,150 qram; tədqiqata sərf edildi - 0,04 qram; qalıq 21,110 qramdır. Qablaşdırma üçün istifadə edilən sellofan bükümün çəkisi - 1,294 qramdır. Y.Budaqov adına Naxçıvan MR X2: - xx.xx.2025-ci il tarixli, 170 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Onun məcburi müalicəyə ehtiyacı vardır. - xx.xx.2025-ci il tarixli, 171 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkələri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 06 mart 2025-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyinmiş olduğu yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş qablaşma ilə birlikdə çəkisi 22,444 qram olan iysiz, ağ duz kristalı halında psixotrop maddəyə bənzər kütlə və bir ədəd psixotrop maddələrin istifadəsi üçün nəzərdə tutulmuş şüşə predmet aşkar edilərək götürülmüşdür. Bununla yanaşı olaraq xarici vətəndaşın üzərindən bir ədəd ”Samsung J7” markalı mobil telefon, bir ədəd yaşıl rəngli gödəkcə və özünəməxsus U20190989 nömrəli pasport da götürülmüşdür. - 15 aprel 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı yoxlama başlanılmazdan əvvəl Emin Dərinə hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim olunduğu və onun hüquq və vəzifələri ilə tanış olaraq bildirişi imzaladığını, yoxlama zamanı çəkilişin gömrük xidməti inspektoru Şahid2 tərəfindən “İphone 11 markalı mobil telefonla aparıldığı barədə məlumat verilir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş və ya bəyan etmədiyi hər hansı bir əşya olub olmadığını soruşur, Təqsirləndirilən şəxs üzərində bəyan etmədiyi və ya qanunla qadağan olunmuş əşya olmadığını bildirir, bundan sonra gömrük əməkdaşı ona üzərində olan əşyalarını masanın üzərinə qoymasını bildirir. Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sol yan cibindən siqaretlə alışqanı və yaşıl rəngli gödəkçənin sağ cibindən pultu çıxararaq masanın üzərinə qoyur. Bundan sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmağa başlanılır. Yoxlama zamanı gömrük əməkdaşı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan büküm və 1 ədəd şüşə kolbanı aşkar edir. gömrük əməkdaşı Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin və şüşə kolbanın ona məxsus olduğunu bildirir. Onun üzərindən başqa hər hansı bir əşya aşkar olunmur. Sonra gömrük əməkdaşı tərəfindən həmin büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər maddə olduğu bildirilir. Həmin büküm elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 22, 444 qram olduğu müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, X6 İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan təmiz çəkisi 21,150 qram olan külli miqdarda metamfetamin psixotrop maddəsini əldə edib 1 bükümdə üzərində saxlayaraq daşımaqla, xx.xx.2025-ci il tarixdə, saat 21:00 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33AGS734/33ELR42 qeydiyat nişanlı "Volvo" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Məhkəmə istintaqında verdiyi ifadəsində X5 şəhəri yaxınlığındakı tır parkında dincəlmək üçün dayanarkən yanına yaxınlaşan tanımadığı avtomaşının sürücüsündən şəxsi istifadəsi üçün 2100 türk lirəsi qarşılığında metamfetamin psixotrop maddəsini və onu istifadə etmək üçün şüşə kolbanı əldə etdiyini səmimi etiraf etmişdir. Məhkəmə istintaqında verdiyi ifadəsində guya gömrük əməkdaşının ondan üzərində qanunla qadağan olunmuş predmet olub-olmamasını soruşmadan şəxsi yoxlama apardığını, soruşacağı təqdirdə metamfetamin psixotrop maddəsini təqdim edəcəyini söyləməsi inandırıcı deyil və özünümüdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə istintaqında dindirilmiş şahid X4, məhkəmə istintaqında elan edilib araşdırılmış Şahid1 ifadələri ilə, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi yoxlama aparılarkən heç bir qanun pozuntusu olmamış, axtarış və götürmə qanunun tələblərinə uyğun aparılmışdır. Məhkəmə istintaqında tədqiq edilmiş 15 aprel 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxışdan görünür ki, yoxlama başlanılmazdan əvvəl gömrük əməkdaşı Emin Dərinə hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edir və o, hüquq və vəzifələri ilə tanış olaraq bildirişi imzalayır. Yoxlama zamanı çəkilişin gömrük xidməti inspektoru Şahid2 tərəfindən “İphone 11 markalı mobil telefonla aparıldığı barədə məlumat verilir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş və ya bəyan etmədiyi hər hansı bir əşya olub olmadığını soruşur, Təqsirləndirilən şəxs üzərində bəyan etmədiyi və ya qanunla qadağan olunmuş əşya olmadığını bildirir, bundan sonra gömrük əməkdaşı ona üzərində olan əşyalarını masanın üzərinə qoymasını bildirir. Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sol yan cibindən siqaretlə alışqanı və yaşıl rəngli gödəkçənin sağ cibindən pultu çıxararaq masanın üzərinə qoyur. Bundan sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmağa başlanılır. Yoxlama zamanı gömrük əməkdaşı Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan büküm və 1 ədəd şüşə kolbanı aşkar edir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduğunda Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin və şüşə kolbanın ona məxsus olduğunu, həmin büküm açıldıqdan sonra isə içərisində olan narkotik vasitəyə bənzər maddə olduğu bildirilir. Gömrük əməkdaşı tərəfindən həmin büküm elektron tərəzidə çəkildiyində ümumi çəkisinin 22, 444 qram olduğu müəyyən edilir. Məhkəmə istintaqında ifadə verərəkən Təqsirləndirilən şəxs özü də üzərindən aşkar olunan psixotrop maddə metamfetamini və həmin maddəni istifadə etmək üçün olan şüşə kolbanı qorxduğu üçün gömrükdə bəyan etmədiyini bildirir. Həmin maddə aşkar olunan zaman gömrük işçiləri tərəfindən təsir və təzyiqlə ifadə olunan hər hansı kənar müdaxilənin olmadığını, aşkar olunan bükümün və şüşə kolbanın ona aid olduğunu etiraf edir. Odur ki, məhkəmə yuxarıda sadalan mötəbər və təkzibedilməz sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin verdiyi ifadəsində dediyi kimi, yəni onun ilk olaraq idarə etdiyi avto nəqliyyat vasitəsinin yanında soruşulduğunda üzərində olan psixotrop maddə və şüşə kolbanı gömrük əməkdaşına çıxarıb təqdim etməsi, daha sonra aşkar olunan həmin əşyaları təkrar cibinə qoyub otaqda axtarış aparılan zaman çəkiliş aparmaqla çıxarıb təqdim etməsi kimi ifadəsi özünü müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun – 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi yaşıl rəngli gödəkcənin sol yan cibindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 21,150 qram metamfetamin psixotrop maddəsini külli miqdar kimi qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi olaraq etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 28-ci bəndinə əsasən məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 13/2025 nömrəli, 07 mart 2025-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 mart 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Culfa Rayon Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 21,110 qram metamfetamin psixotrop maddəsi və 1 (bir) ədəd kolba məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd yaşıl rəngli gödəkcə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung SM J730f” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U20190989 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Culfa Rayon Vəkil Bürosunun hesabına 275 (iki yüz yetmiş beş) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanıla - tədqiqata sərf edildikdən sonra qalıq qalan 21,110 qram metamfetamin psixotrop maddəsi və 1 (bir) ədəd kolba məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd yaşıl rəngli gödəkcə Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung SM J730f” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U20190989 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Arzuyar Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar