Məhkəmə qərarları › İş №1(109)-29/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-29/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-29/2024 08.07.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin rəisi, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 12 iyun 1999-cu ildə Türkiyə Respublikasının Mardin şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü, məhkum olunmamış, Türkiyə Respublikası Mardin şəhəri, Artuqlu rayonu, Yenişəhər-Akca sitəsi, mərtəbə 1, ev 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 12,449 qramdan artıq külli miqdarda heroin narkotik vasitəsini əldə edib bükümlərdə idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinində gizlədib saxlayaraq daşımaqla, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən "Culfa" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33CTC40/33AGK327 dövlət qeydiyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış yoxlama zamanı avtomobilin kabinində idarəetmə panelinin orta hissəsində olan gözdən bir bükümdə kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0.655 qram, qəhvəyi rəngli çantada olan möhürün içərisindən şəffaf sellofan bükümdə təmiz çəkisi 11,794 qram olmaqla ümumilikdə təmiz çəkisi 12,449 qram külli miqdarda açıq qəhvəyi rəngli, spesifik iyli, toz şəkilli hissəciklərdən ibarət, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə gününün tarixini dəqiq xatırlamır. Türkiyə Respublikasından toyuq yükləyib, Habur gömrüyündən İraq Respublikasına aparmış, apardığı yükü boşaltdıqdan sonra İran İslam Respublikasından bitium yükü yükləyəcəyi üçün İraq Respublikasından İran İslam Respublikasına getmiş, orada olarkən yanacaq satılan, adını xatırlamadığı kənddə tanımadığı İran vətəndaşından 50 ABŞ dollarına 15 qram heroin narkotik vasitəsi almış, əldə etdiyi narkotik vasitənin 3 qramını istifadə etmişdir. Türkiyəyə getmək üçün Azərbaycan Respublikasının Culfa gömrüyünə giriş etmiş, gömrükdə nəqliyyat vasitəsini qeydiyyata aldırdıqdan sonra gömrük əməkdaşı ona yaxınlaşıb idarə etdiyi nəqliyyat vasitəsinə yoxlama keçirəcəyini bildirmiş, ondan “qaçaq bir şey varmı?” deyə soruşmuş, Təqsirləndirilən şəxs qorxduğu üçün nəqliyyat vasitəsindəki narkotiki bəyan etməmiş, o, “yox” cavabını verdikdən sonra gömrük əməkdaşı videoçəkiliş aparmaqla yük nəqliyyat vasitəsinə yoxlama keçirmişdir. Yoxlama zamanı gömrük əməkdaşı ilk əvvəl idarə etmə panelinin orta hissəsində yerləşən balaca gözdən kağıza bükülmüş heroin narkotik vasitəsini, sonra isə kabindəki çantanın içərisində olan firmaya məxsus möhürün iç tərəfindəki boşluqda İran İslam Respublikasında olarkən dağılmasın deyə gizlətdiyi heroin narkotik vasitəsini aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 4 ildir ki, sürücülük etdiyini, Naxçvan Muxtar Respublikasının Gömrük postundan ilk dəfə keçdiyini, 1 ildir narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitə İran İslam Respublikasında ucuz olduğu üçün oradan aldığını, istifadə etmədikdə bədənində ağrılar olduğunu, narkotik vasitəni yandıraraq içdiyini, iynədən istifadə etmədiyini demişdir. O, etdiyi hərəkətin cinayət olduğunu bilmiş, gömrükdə tutulduqda heç bir təzyiq və təsirə məruz qalmamış və törətdiyi əməldən peşman olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 Məmmədəli oğlu ifadəsində göstərmişdir ki, iş yerində tır müayinəsində xidmətdə olarkən iş yoldaşı, gömrüyün baş leytenantı Şahid1 ondan “bir maşından şübhələnmişəm, həmin maşına əsaslı yoxlama həyata keçirəcəm, mümkündürsə səninlə video-çəkiliş aparaq, video-çəkiliş də sənin telefonunda aparılsın” deyə xahiş etmiş, o da razılaşaraq sadəcə video-çəkiliş aparmışdır. Axtarış zamanı tır sahibinə hüquq və vəzifələri izah edilmiş, ona türk dilində bildiriş verilmiş, həmçinin ondan gömrüyə bəyan edilməmiş, gizlədilmiş hər hansı bir predmentin olub-olmaması soruşulmuş, o “yox” cavabı verdikdən sonra əvvəlcə tırın ətrafı yoxlanmış, sonra içəri hissəsində olan “kabinka”ya baxış keçirilərkən Şahid1 möhürün içərisində şəffaf bükümdə üzəri plus formasında lentlə bağlanmış narkotik vasitəyə bənzər kütlə və əlavə olaraq balaca bir aliminium falqaya bükülmüş narkotik vasitəyə bənzər kütlə də aşkar etmişdir. Bükümlər aşkar ediləndən sonra tır sahibindən bükümlərin içərisində nə olduğu, niyə apardığı soruşulmuş o, “dostum xahiş edib, mən də elə bilirdim ki, keçirə biləcəm” demiş, tutulandan sonra özü üçün aldığını etiraf etmiş, narkotik vasitəyə bənzər kütlə tərəzidə ölçülsə də miqdarını uzun müddət keçdiyi üçün tam olaraq xatırlamamışdır. Təqsirləndirilən şəxs axtarış aparılan zaman onlara heç bir maneəçilik törətməmiş, şübhəli hərəkəti olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: - Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa” gömrük postunun inspektoru vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixində iş qrafikinə uyğun olaraq “Culfa” gömrük postunda yük nəqliyyat vasitələrinin müayinəsi postunda xidmətdə olmuş, həmin vaxtı İran İslam Respublikasından gələn Türkiyə Respublikasına məxsus 33CTC40/33AGK327 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sürücüsü Təqsirləndirilən şəxs, onun idarə etdiyi yük nəqliyyat vasitəsinə yoxlanış edəcəyini deyib, ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində bəyan edilməli və ya qanunla qadağan olunmuş nəyinsə olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs ona bəyan etdiyi 10 qutu siqaretdən və 3 kq qarışıq ərzaqdan əlavə heçnəyinin olmadığını bildirmiş, daha sonra “Culfa” gömrük postunun baş inspektoru gömrük xidməti kapitanı Şahid2 tərəfindən video çəkiliş aparılmaqla həmin yük nəqliyyat vasitəsinə baxış keçirməyə başlamış, yoxlama zamanı kabinində, idarəetmə panelinin orta hissəsində yerləşən gözdən ağ rəngli kağız parçasına bükülmüş, kağız parçası ilə birlikdə çəkisi 1.3 qram, kabindəki qəhvəyi rəngli çantada olan möhürün içərisində isə şəffaf sellofan paketdə, sellofan paket ilə birlikdə çəkisi 13.1 qram olan açıq qəhvəyi rəngli toz halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlə aşkarlamış, nəqliyyat vasitəsinin yoxlanılması və aşkar edilmiş predmetlərin götürülməsi haqqında protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra müvafiq icazəni alıb şəxsin üzərinə video çəkiliş aparılmaqla şəxsi yoxlama keçirsə də, şəxsi yoxlama zamanı adı çəkilən şəxsin üzərindən heçnə aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu, dostu üçün aldığını bildirmiş, Təqsirləndirilən şəxs özünü çox narahat və həyəcanlı aparmış, Təqsirləndirilən şəxs ona sözü gedən narkotik vasitə heroini İranda olarkən tanımadığı bir İran vətəndaşından 50 dollar ödəyərək aldığını, aşkar edilmiş narkotik vasitə heroini qorxduğu üçün bəyan etmədiyini və gizlətdiyini bildirmiş, həmin şəxsi saxladıqda əvvəl, ilkin olaraq şəxsin özünün təqdim edilməsi, şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı onunla azərbaycan dilində danışmış, çünki şəxs bu dildə aydın danışırmış, lakin yoxlama başlamazdan əvvəl ona öz ana dili olan türk dilində gömrük nəzarəti tədbirləri həyata keçirilməsi zamanı hüquq və vəzifələrinin əks olunduğu bildiriş təqdim etmiş, eləcə də protokol tərtib olunduqdan sonra müvafiq tərcüməçi tərəfindən məzmunu ona izah olunmuş və ifadəsinə başqa əlavəsi olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 372 nömrəli, 07 aprel 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş sellofan və kağız kəsiyi bükümlərində ümumi təmiz çəkisi - 12,449 qram olan açıq qəhvəyi rəngli, spesifik iyli, toz şəkilli hissəciklərdən ibarət maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr siyahısına” daxildir (siyahı İ, sıra № 49) Heroinin təmiz çəkisi 11,794 qram olmuş, tədqiqata 0,01 qram sərf edilmiş, 11,784 qram qalmışdır. Qablaşdırma üçün istifadə edilən sellofan bükümün ümumi çəkisi - 1,306 qram Heroinin təmiz çəkisi - 0, 655 qram; tədqiqata sərf edildi - 0,01 qram; qalıq - 0,645 qram Qablaşdırma üçün istifadə edilən kağız kəsiyi bükümün ümumi çəkisi-0,645 qram Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məcburi narkoloji yoxlanılmasının xx.xx.2024-cü il tarixli, 170 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Onun məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sidikdə narkotest vasitəsi ilə yoxlanılmış, MOP (morfin) və OPİ (opioid) müsbət olmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 171 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçübbiçmək və qiymət vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri hadisəni törədən anda və hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – 06 aprel 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol və həmin protokola əlavə edilmiş DVD-dən görünür ki, yoxlama zamanı Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 33CTC40/33AGK327 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin kabinində, idarəetmə panelinin orta hissəsində yerləşən gözdən ağ rəngli kağız parçasına bükülmüş, kağız parçası ilə birlikdə çəkisi 1,3 qram, kabindəki qəhvəyi rəngli çantada olan möhürün içərisində gizlədilmiş halda şəffaf sellofan paketdə sellofan paket ilə birlikdə çəkisi 13,1 qram olan açıq qəhvəyi rəngli toz halında, kəskin iyli narkotik vasitəyə bənzər kütlə aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə yoxlama zamanı 1 ədəd “Samsung A50” markalı, İMEİ1: **********2949 və İMEİ2: **********2949 nömrəli, 1 ədəd “İphone7+” markalı mobil telefon, 1 ədəd üzərində “TEK NUR TRANS” yazısı olan möhür, 1 ədəd aluminum folqa parçası götürülmüşdür. 06 aprel 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş DVD-dən görünür ki, yoxlama zamanı, Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə bəyan edilməyən və ya gizlədilmiş heç bir predmet aşkar edilməmişdir. Onun üzərindən özünə məxsus U35910706 nömrəli pasport gğtürülmüşdür. 22 may 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqıında protokoldan məlum olur ki, gömrük yoxlaması zamanı ilk öncə yük nəqliyyat vasitəsinin ön tərəfdən matorxanasına baxılır sonra, sürücü tərəfdən qapısı açılıb qapı cibinə və ətrafına baxılır. Bundan əlavə nəqliyyat vasitəsinin kabininin xaricində və qoşqusunda yerləşən saxlanc yerlərində yoxlama aparılır və həmin yerlərdən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Çəkilişin 6-ci dəqiqə 20-ci saniyəsindən etibarən öndən Təqsirləndirilən şəxs ondan sonrada gömrük əməkdaşı İbrahim İsmayılı sağ tərəfdən nəqliyyat vasitəsinin kabininə daxil olurlar. Təqsirləndirilən şəxs sürücü oturacağında oturmaqla onun iştirakı ilə yük nəqliyyat vasitəsinin kabinində yoxlama aparılmasına başlanılır. 8-ci dəqiqə 56-cı saniyədə kabində idarəetmə panelinin orta hissəsində yerləşən gözdən bir ədəd kağız parçasına bükülmüş büküm aşkar edilir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs həmin bükümdə nə olduğu soruşulduqda, Təqsirləndirilən şəxs əvvəlcə həmin bükümün nə olduğunu bilmədiyini desədə, sonrada həmin bükümdə uyuşdurucu maddə olduğunu və həmin maddəni bir dostu üçün aldığını bildirir. Yoxlama zamanı gömrük əməkdaşı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində gizlədib saxladığı əlavə uyuşdurucu maddə olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs əlavə heç bir maddə olmadığını bildirir. Nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması zamanı çəkilişin 11-ci dəqiqənin 45-ci saniyəsində nəqliyyat vasitəsinin kabinində olan çantaya baxıldıqda çantada olan möhürün içərisindən 1 ədəd sellofan bükümdə həmin maddədə akşar olunur. Aşkar olunmuş həmin bükümlər elektron tərəzidə çəkildikdə kağıza bükülmüş bükümün ümumi çəkisinin 1.3 qram olduğu, sellofan bükümün ümumi çəkisinin isə 13.1 qram olduğu müəyyən edilir. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunmuş narkotik vasitələr ona məxsusdur. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi əlavə olaraq heçnə bildirmirlər. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ittiham verilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda məlum olmayan mənbədən 50 ABŞ dollarına əldə etdiyi 12,449 qramdan artıq külli miqdarda heroin narkotik vasitəsini idarə etdiyi avtomobilin kabinində idarəetmə panelinin orta hissəsində olan gözdə, digər bükümü isə qəhvəyi rəngli çantada olan möhürün içərisində şəffaf sellofan bükümdə gizlətmiş, Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etmiş, xx.xx.2024-cü il tarixdə, saat 19:00 radələrində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun inzibati ərazisində yerləşən "Culfa" gömrük postunun əməkdaşları tərəfindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün səmimi etirafı, şahid ifadələri, və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs tanımadığı İran vətəndaşından 50 ABŞ dolları müqabilində 15 qram narkotik vasitə olan heroin aldığını onun 3 qramını İran İslam Respublikasında olarkən istifadə etdiyini, qalan hissəsini isə idarə etdiyi 33CTC40/33AGK327 dövlət qeydiyat nişanlı, "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsinin kabin hissəsində gizlədərək gömrük nəzarətindən gizli yolla keçirməyə çalışdığını, narkotik vasitənin Azərbaycan Respublikası ərazində qadağan olduğunu bildiyini, qorxduğu üçün gömrük əməkdaşlarına avtomaşınında qadağan olunmuş hər hansı bir predmet və əşyanın olmadığını bildirməsi özünün etiraf edici ifadəsi ilə tam təsdiq olunur. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən heroninin 2 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması külli miqdardır. Qeyd olunanlardan aydın göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, özünü tam təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 27/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Cinayət Məcəlləsinin 52.1-1ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və o əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra: İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində saxlanılan 12,429 qram heroin narkotik vasitəsi məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İphone 7 Plus” və 1 (bir) ədəd “Samsung A50” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - 1 ədəd alüminium folya parçası və 1 ədəd möhür məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus U 27068653 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD şəxsi yoxlama aparılması və nəqliyyat vasitəsinin yoxlanılması zamanı çəkilmiş videoyazılar olan 2 (iki) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə 92.40 (doxsan iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq X3 MR İdarəsinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 aprel 2024-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və o əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, onun Azərbaycan Respublikasına gəlmək hüququ məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra: İş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində saxlanılan 12,429 qram heroin narkotik vasitəsi məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “İphone 7 Plus” və 1 (bir) ədəd “Samsung A50” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. - 1 ədəd alüminium folya parçası və 1 ədəd möhür məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus U 27068653 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd DVD şəxsi yoxlama aparılması və nəqliyyat vasitəsinin yoxlanılması zamanı çəkilmiş videoyazılar olan 2 (iki) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə 92.40 (doxsan iki manat qırx qəp) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq X3 MR İdarəsinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Arzuyar Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar