Məhkəmə qərarları › İş №1(109)-29/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-29/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-29/2025 29.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, təqsirləndirilən şəxsin müdafiəçisi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ordubad rayonu, Nəsirvaz kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, Ordubad rayon Elektrik Şəbəkəsində növbətçi montyor işləyən, orta təhsilli, məhkum olunmamış, Ordubad rayonu, Nəsirvaz kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 263-1.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 06 mart 2025-ci il tarixdə, saat 13:45-də nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarə etdiyi “Vaz 21213” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Ordubad avtomobil yolu ilə Ordubad rayonu istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbini pozaraq yəni mexaniki nəqliyyat vasitələrinin sürücüsü xəstə, əzgin və yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, Culfa rayonu ərazisinə düşən həmin yolun 36-cı kmdə sükan arxasında yatdığı üçün avtomobillə asfalt yoldan çıxaraq yolun sağ kənarında çay yatağında olan X11 vurmuş, nəticədə Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Malik Əliyevə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sağ təpə-gicgah nahiyəsinin və kəllə əsasının sınığı, baş-beyin toxumasının əzilməsi, hematoması və qansızması, başın sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması və həmin hematomanın mərkəzindəki əzilmiş yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması, sol almacıq nahiyəsinin qançırı və yarası, sol diz oynağının ön səthinin sıyrıqları, sol baldır nahiyəsinin sıyrıqları, sol bud sümüyünün və qabırğaların qapalı sınığı” xəsarətləri vuraraq ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq işi ilə əlaqədar Naxçıvan şəhərində yerləşən Naxçıvan şəhər Elektrik Baş Şəbəkəsinə montyorluq kursuna gəlmiş, həmin gün sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən vəsiqəsini dəyişmək üçün “Asan Xidmət”ə müraciət etmişdir. Günün sonunadək sürücülük vəsiqəsi qüvvədə olduğu üçün ona vəsiqəsini xx.xx.2025-ci il tarixdə dəyişə biləcəyi barədə məlumatı verildiyi üçün o, Nəsirvaz kəndindəki yaşadığı evə qayıtmışdır. Sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyi üçün xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə kursa avtobusla gəlmiş, xx.xx.2025-ci il tarixdə isə avtobusa gecikdiyi üçün məcbur qalıb qardaşının mülkiyyətində olan etibarnamə ilə idarə etdiyi “Vaz 21213” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Naxçıvan şəhərinə gəlmişdir. Kursda işi bitdikdən sonra “Asan Xidmət”ə müraciət etdiyində sürücülük vəsiqəsini “online” qaydada ala biləcəyini öyrəndiyi üçün evə qayıdıb vəsiqəsini evdə rahat şəkildə “online” qaydada almaq qərarına gəlmişdir. Ordubad rayonuna qayıtmaq üçün idarə etdiyi avtomobillə Naxçıvan şəhərindən yola çıxmış və Naxçıvan-Ordubad avtomobil yolunda Culfa rayonunu keçib Ordubad rayonu istiqamətində birinci hərəkət zolağında təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Ordubad rayonu istiqamətində yolun sol kənarında olan “Darıdağ” yolayrıcına yaxınlaşan zaman sükan arxasında yuxuladığı üçün bir anlıq idarəetməni itirmiş və avtomobil yoldan çıxmışdır. Avtomobil asfalt yoldan kənara çıxıb çınqıl tökülmüş hissədə hərəkət edərkən ayılmış, həyəcanlı olduğundan avtomobili saxlaya bilməmiş, avtomobil bir az enişə doğru getdikdən sonra düzənliyə çıxmış, orada qazıntı işi aparıldığı üçün iri daşlar olduğundan avtomobilin ön hissəsi həmin daşlara çırpılmışdır. Çırpılma nəticəsində sağ təkərin qolu, rul və avtomobilin ön şüşəsi qırılmış, avtomobil dönüb dərəyə tərəf getməyə başlamış və asfalt yoldan təxminən 40-50 metr aralıdakı çökəkdə uzanmış vəziyyətdə olan zərərçəkmiş şəxsin üzərinə düşmüşdür. Bundan sonra avtomobil bir neçə metr gedərək dayanmışdır. O, dərhal avtomobildən düşüb zərərçəkmiş şəxsin yanına getmiş, həmin vaxt onun nəfəs aldığını görmüş, üzünü su ilə təmizləmiş, bu vaxt yoldan keçən “Ford” markalı avtomobilin sürücüsündən təcili yardım çağırmasını istəmişdir. Təcili yardım hadisə yerinə gəlsə də şəxs hadisədən 2-3 dəqiqə sonra ölmüşdür. Təcili yardım gəldikdən sonra həkimlər də həmin şəxsi müayinə etdiklərində onun öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxs 10 ildir ki, avtomobil idarə etdiyini, hadisənin gedişatını xatırladığını, ramazan ayı olduğundan oruc tutduğu üçün ola bilsin ki, bu səbəbdən bir anlıq yuxulayıb idarəetməni itirdiyini bildirmişdir. Avtomobil zərərçəkmiş şəxsə dəyməmişdən öncə aralarında 3-4 metr mesafə qaldığında çökəkdə adam olduğunu görmüş, əyləcdən istifadə etsə də daşa çırpıldıqdan sonra avtomobilin sağ təkərinin qolu, rulu və ön şüşəsi qırıldığı üçün avtomobilin idarəetməsini əla ala bilməyərək zərərçəkmişi vurmuşdur. Qəza törədən ana qədər avtomobildə heç bir nasazlıq olmadığını,avtomobilin yoldan çıxmasına səbəb olacaq heç bir maneə ilə rastlaşmadığını, hadisənin ani beyin durmasından baş verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirmişdir ki törətdiyi əməldən çox peşmandır. Hadisədən sonra valideynləri və qohumları zərərçəkmiş şəxsin evinə getmiş, yas mərasimində iştirak etməklə müəyyən maddi köməklik göstərmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, əri X21 rayon Yol İdarəsində fəhlə işləyirmiş. Teyyibə Əliyeva gəlininin səhhəti ilə bağlı onu Bakı şəhərinə həkimə aparmışdır. Hadisə günü əri ilə telefonda danışarkən o, işdə olmuş, telefon danışığı zamanı anidən səs kəsilmişdir. Bir qədər sonra başqa bir nömrədən zəng gəlmiş və ona ərinin maşın vurduğu üçün öldüyü deyilmişdir. Teyyibə Əliyeva təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığı, valideyninin və yaxın qohumlarının yas mərasimində iştirak etdiklərini və ailənin ehtiyacları ilə maraqlandıqlarını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 mart 2025-ci ildə tarixdə evdə olarkən həmkəndlisi yoldan keçən zaman hadisəni görüb ona zəng edərək qardaşı Malik Əliyevi maşın vurduğunu demişdir. Onlar hadisə yerinə çatdıqda artıq qardaşı ölmüşdür. O, yolun kənarında təcili tibbi yardım maşınını, yoldan təxminən 8-10 metr aralıda çayın kənarında “Niva” markalı avtomobilin dərəyə düşüb dayandığını və qardaşının meyitini kənara uzatdıqlarını görmüşdür. Şahid1 qardaşının avtomobillə qəsdli olaraq vurulduğunu düşünmədiyini, qəzanın təsadüfən baş verdiyini, qarşı tərəfin ailə üzvlərinin qardaşının yas mərasimində iştirak etdiklərini qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Culfa rayon Yol İdarəsində fəhlə işləyir. 06 mart 2025-ci il tarixdə bacısının əri Malik Əliyevlə birlikdə asfalt yolun kənarını təmizləmiş, daha sonra yemək vaxtı olduğundan təxminən yoldan 3-4 metr aralıda dərədə üz-üzə oturaraq yemək yeməyə başlamışlar. Bacısı gəlininin gözlərində problem olduğu üçün onunla birlikdə Bakı şəhərinə həkimə getmişdir. Hadisə baş verən zaman Malik Əliyev telefonda arvadı ilə danışmış, özü isə fikri başqa yerdə olduğundan maşının səsini eşitməmiş və anidən avtomobilin M.Əliyevin üzərinə düşdüyünü görmüşdür. Avtomobil onu 2 metr sürüyərək qabağa aparmışdır. Dərhal sürücü ilə birlikdə Malik Əliyevin yanına gedib baxmış, lakin onun artıq öldüyünü öyrənmişdir. Bundan sonra təcili yardıma zəng etmiş və gələn həkimlər də M.Əliyevin öldüyünü təsdiqləmişlər. Şahid2 ifadəsində sürücünün hadisədən sonra hadisə yerindən kənara getmədiyini, onunla birlikdə zərərçəkmişin yanında dayandığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyindən verilmiş: - 06 mart 2025-ci il tarixli, 08 nömrəli ekspert rəyindən (meyitin ekspertizası) görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər: sağ təpə-gicgah nahiyəsinin və kəllə əsasının sınığı, baş-beyin toxumasının ödəmi, əzilməsi, hematoması və qansızması, başın sağ təpə-gicgah nahiyəsinin dərialtı hematoması və həmin hematomanın mərkəzindəki əzilmiş yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması, sol almacıq nahiyəsinin qançırı və yarası, sol diz oynağının ön səthinin sıyrıqları, sol baldır nahiyəsinin sıyrıqları, sol bud sümüyünün və qabırğaların qapalı sınığı. Göstərilən xəsarətlər həyati olub, ölümündən az əvvəl əmələ gəlmişdir. Bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, eləcə də yolnəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və şəraitə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. X1 ölümünə səbəb baş-beyin toxumasının əzilməsi ilə müşayiət olunan baş-beyin toxumasına qansızma olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğun gəlir. - 19 mart 2025-ci il tarixli, 47 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş xəsarətlər-alnın sağ yarısındakı qançır və burnun sol yarısındakı sıyrıq küt əşya (əşyalar) təsirindən törənmişdir, eləcədə sürücüsü olduğu mini avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən yəni, xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri mümkündür və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 30 aprel 2025-ci il tarixli 465 nömrəli ekspert rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “Vaz 21213” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. Mexaniki nəqliyyat vasitələrinin sürücüsü xəstə, əzgin və yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməlidir. - 02 iyun 2025-ci il tarixli 555 nömrəli ekspert rəyindən görünür ki, “Vaz 21213” markalı **-BE-*** qeydiyyat nişanlı avtomobilin ekspertizaya daxil olmuş sağ tərəf dartqı qolunun (tyaqasının) nizamlayıcısının sınması avtomobilin yoldan çıxdıqdan sonra torpaq sahədə və çay yatağında hərəkəti zamanı ona bir dəfəyə təsir etmiş böyük qiymətli dinamiki zərbədən yaranmağa xarakterikdir. Ekspertizaya daxil olmuş sağ tərəf dartqı qolunun üzərində olan zədələrin yaranması ilə “Vaz 21213” markalı avtomobilin yoldan kənara çıxması və hadisənin baş verməsi arasında texniki səbəbli əlaqə olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş 06 mart 2025-ci il tarixli baxış aparılması haqqında protokol, həmin protokola əlavə edilmiş sxem və fotocədvəllərdən görünür ki, Ordubad rayonu istiqamətində asfalt yolun sağ kənarında olan ehtiyat torpaq yolda bir ədəd iz başlayaraq 10 metr uzunluğunda davam edir və dərəyə doğru keçir. Baxışa davam etdikcə dərədə torpaq üzərində bəzi yerlərdə qazılma izləri və digər izlərin olması müşahidə olunur. İzlərin istiqamətində baxışa davam edilir, dərədən çökəkdə çay yatağı vardır. Həmin çay yatağını yolun digər hissəsi ilə beton örtüklü kanal birləşdirir. Çay yatağında da torpağın qazılma izləri müşahidə edilir. Həmin torpağın qazılma istiqamətində baxışa davam edilir. Çay yatağından çıxdıqdan sonra başqa bir çökək yerdə ağ rəngli “Vaz 21213” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanıb. Avtomobilin qabaq hissəsi qəzalı vəziyyətdədir. Avtomobil asfalt yolun kənarından 13 metr məsafədədir. Hadisə yerində şahidin və sürücünün göstərməsindən müəyyən olunur ki, çay yatağında torpağın qazıldığı yerdə X14 olmuş, sürücü avtomobilin idarəetməsini itirdikdən sonra ehtiyat torpaq yolda 10 metr məsafə hərəkət etmiş, 40 metr məsafədə torpaqda hərəkətə davam edib çay yatağında olan Malik Əliyevi vurmuş və M.Əliyev avtomobilin altında sürüklənmişdir. Hadisə baş verdikdən sonra avtomobil 10 metr məsafə qət edib dayanmış, Malik Əliyev avtomobilin sol tərəfinə düşmüşdür. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X4 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyəti Nəsirvaz kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdurlar. 06 mart 2025-ci il tarixli, 34 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş X10 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir.Onunla barışmışdır. Ona görə də hadisə zamanı ərinin ölümünə səbəb olmuş Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə daxil olmuş X12 tərəfindən verilmiş ərizədən görünür ki, qardaşı Təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. Və bu məsələ ilə bağlı heç bir şikayəti yoxdur. Naxçıvan Muxtar Respublikası DİN-nin İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNH dair işlər üzrə istintaq və təhqiqat qrupunun müstəntiqi polis mayoru X6 başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair 08 may 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, X5 hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Teyyibə Əliyeva məhkəmədən hökm çıxararkən mövqeyinin nəzərə alınmasını xahiş edir. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3 və 86.1-ci maddələrinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etdikdə (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun yaşını, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə araşdırması zamanı etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Bu hissədə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə bu hissədə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən ona göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Ordubad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə əlavə cəzası təyin edilməli və əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış məhkəmə yol-nəqliyyat ekspertizasına görə 80 (səksən) manat və yol nəqliyyat hadisələrinin ekspertizasına görə 80 (səksən) manat olmaqla ümumilikdə 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X23 İdarəsində saxlanılan “VAZ21213” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X7 qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan “VAZ21213” markalı avtomobilə məxsus AD № 340621 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi avtomobilin sahibi X7 qaytarılmalıdır. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmaldır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarət Ordubad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə yol-nəqliyyat ekspertizasına görə 80 (səksən) manat və yol nəqliyyat hadisələrinin ekspertizasına görə 80 (səksən) manat olmaqla ümumilikdə 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X23 İdarəsində saxlanılan “VAZ21213” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobil sahibi X7 qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan “VAZ21213” markalı avtomobilə məxsus AD № 340621 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi avtomobilin sahibi X7 qaytarılsın. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar