Məhkəmə qərarları › İş №1(109)-3/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-3/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-3/2023 15.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Nağıyev İsfəndiyar Səfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Talıblı Türkanə İsmayıl qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 19 dekabr 1997-ci ildə Türkiyə Respublikasının Hatay şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Türkiyə Respublikası, Hatay şəhəri, Antakya Mərkəzdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi “Mercedes-Benz” markalı, 31ASJ84/31AGN925 nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinində, sürücünün ayaqaltı rezininin altında saxlayaraq daşımış, 6 dekabr 2022-ci il tarixdə, saat 11:12-də X3 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına yük apararkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, həmin vaxt idarə etdiyi “Mercedes-Benz” markalı, 31ASJ84/31AGN925 nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin X3nun əməkdaşları tərəfindən yoxlama aparılarkən həmin ağ rəngli sellofan paketin içərisində gümüşü rəngli folqaya bükülmüş təmiz çəkisi 14.787 qram təşkil edən ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, başqa bir sürücü ilə birlikdə Türkiyə Respublikasından İran İslam Respublikasına yük aparmış, apardığı yükü İran İslam Respublikasında maşından boşaltmış, sonra Türkiyə Respublikasına qayıdarkən maşına başqa bir yük yükləmişdir. İran İslam Respublikasında təsadüfən rastlaşdığı bir şəxsdən ağrıkəsici, narkotik istəmiş, əvvəllər də baş ağrıları olanda metamfetamin adlı psixotrop maddədən bir neçə dəfə istifadə etmiş, iranlıdan həmin maddəni özünün istifadəsi üçün almış, onun çəkisini bilməmiş, Culfa gömrüyünə girməmişdən əvvəl aldığı psixotrop maddədən istifadə etmiş və onu idarə etdiyi maşında ayağının altındaki rezinin altına qoymuşdur. Gömrük yoxlanışından keçərkən gömrük əməkdaşları idarə etdiyi maşını yoxlamış və həmin maddəni qoyduğu yerdən tapıb götürmüşlər. Törətdiyi əməlin səhv olduğunu bilir və əməlindən peşmandır. İran İslam Respublikasına cəmi iki dəfə yük aparmış, bundan əvvəl getdiyində də metamfetamin psixotrop maddəsindən orada istifadə etmiş, Türkiyədə olarkən psixotrop maddədən istifadə etməmiş, gömrük ərazisində yoxlanılarkən, ibtidai istintaqda ifadə verərkən ona qarşı heç bir təzyiq olmamış, həmin vaxt psixotrop maddənin təsirində olduğundan verdiyi ifadələrin səhv və ya yanlış olmasını xatırlamır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Naxçıvan Baş Gömrük İdarəsi X3nun inspektoru vəzifəsində işləyir. 6 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs sürücü olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına giriş etmiş, Təqsirləndirilən şəxs həyəcanlı hərəkətləri diqqətini çəkmiş, onun tez-tez siqaret çəkməyindən, qeyri-iradi hərəkətlərindən şübhələndiyi üçün maşına baxış keçirmək qərarına gəlmişdir. Hal şahidlərini dəvət edib onların iştirakı ilə avtomobilə baxması üçün kinoloji xidmətin əməkdaşına da xəbər vermişdir. Anbarda Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirən zaman kinoloji xidmətin əməkdaşı xidməti iti tətbiq etmiş, sözügedən avtomobilin kabininə it reaksiya vermiş, sonra avtomobilə baxış keçirərkən sürücü tərəfdə ayaqaltı rezinin altından şəffaf sellofan paketin içərisində gümüşü rəngli, folqaya bükülmüş maddə aşkar etmişlər. Aşkarlanan maddəni götürüb tərəzidə çəkmiş və Təqsirləndirilən şəxs göstərmişdir. Avtomobilə baxış keçirərkən Təqsirləndirilən şəxs həyəcanlı olduğu üçün özünü tam ifadə edə bilməmiş, sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkarlanan maddənin nə olmasını soruşduqda o, maddəni özünün istifadə etməsi üçün gətirməsini və onu İrandan almasını söyləmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Culfa gömrüyündə fərdi qaydada fəhlə işləyir. 6 dekabr 2023-cü ildə gömrükdə olarkən Təqsirləndirilən şəxs xurma yüklü avtomobili gömrükdə monitordan keçirilərkən gömrük əməkdaşları Təqsirləndirilən şəxs şübhələndikləri üçün onun maşını anbara aparılmışdır. Gömrük əməkdaşı Şahid1 ona və onunla birlikdə fəhlə işləyən Şahid2 maşında baxış keçirəcəklərini söyləyib hal şahidi kimi orada iştirak etmələrini onlara təklif etmiş, onlar təkliflə razılaşmış, sonra onların şahidliyi ilə maşına baxış zamanı əvvəlcə kinoloji xidmətin əməkdaşı xidməti iti tətbiq etmiş və it reaksiya vermiş, sonra gömrük əməkdaşı tərəfindən maşına baxış keçirilərkən sürücü tərəfdə ayaqaltı rezinin altından maddə aşkarlanmış, həmin maddə götürülüb tərəzidə çəkilmiş, sellofan torbada, folqalı kağıza bükülmüş maddənin çəkisi 15 qram olmuşdur. Gömrükdə təqsirləndirilən şəxsə qarşı gömrük əməkdaşları tərəfindən heç bir təzyiq, təsir olmamışdır. Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 424 nömrəli, 28 dekabr 2022-ci il tarixli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli, folqa bükümündə təmiz çəkisi 14,757 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na (İ siyahı; İİ bənd; sıra №27) daxildir. Tədqiqata daxil olan maddənin ilkin çəkisi qablaşdırıldığı tara ilə birlikdə olan çəkisidir, ekspert rəyində göstərilən çəki isə tədqiqata daxil olan maddənin tarasız, təmiz çəkisidir. Fərqin yaranması bununla əlaqədardır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7 dekabr 2022-ci il tarixli, 374 nömrəli ekspert arayışına əsasən ilkin tədqiqat zamanı metamfetaminin təmiz çəkisi 14,787 qram olmuşdur. Ekspertizaların keçirilməsi zamanı tədqiqata 0,08 qram miqdarda metamfetamin sərf olunmuş, 14,707 qram miqdarda metamfetamin psixotrop maddəsi qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası X2 27 dekabr 2022-ci il tarixli, 91 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs “Metamfetamin narkomaniyası” aşkar olunmuş, hazırda məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - 6 dekabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 31ASJ84/31AGN925 nömrə nişanlı, "Mercedes-Benz Actros" markalı yük nəqliyyat vasitəsi yoxlanılarkən nəqliyyat vasitəsinin kabinində, sürücünün ayaqaltı rezininin altından ağ rəngli sellofan paketin içərisində gümüşü rəngli, folqaya bükülmüş şəkildə ümumi çəkisi 15,45 qram təşkil edən duz kristalı halında iysiz, ağ rəngli narkotik vasitə və ya psixotrop maddəyə bənzər kütlə, kabində olan kağız stəkanın içərisindən tərkibi naməlum olan 1 ədəd həb, kabində olan soyuducunun içərisindən qəhvəyi rəngli 2 ədəd şüşə butulkada ümumi çəkisi 181 qram və 134 qram olan naməlum tərkibli maye aşkar edilmiş, yoxlama zamanı “Reks” ləqəbli xidməti it tətbiq edilmiş və xidməti it aşkar edilmiş predmetlərə reaksiya vermiş, bundan sonra aşkar edilən, predmetlər Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək 1 ədəd 108551 nömrəli sellofan paketdə qablaşdırılmışdır. 6 dekabr 2022-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs ona məxsus 4 ədəd 100 ABŞ dolları nominalında pul vəsaiti, 1 ədəd 50 ABŞ dolları nominalında pul vəsaiti, 1 ədəd 20 ABŞ dolları nominalında pul vəsaiti, 1 ədəd 10 ABŞ dolları nominalında pul vəsaiti, 1 ədəd 20 Azərbaycan manatı nominalında pul vəsaiti, 3 ədəd 5 Azərbaycan manatı nominalında pul vəsaiti, 12 ədəd 1 Azərbaycan manatı nominalında pul vəsaiti, 2 ədəd 500000 nominalında İran rialı, 3 ədəd 100000 nominalında İran rialı, 1 ədəd 50000 nominalında İran rialı, 1 ədəd 20000 nominalında İran rialı, 1 ədəd “Redmi Note 11” markalı, **********49641/**********49658 İMEİ nömrəli göy rəngli mobil telefon, 1 ədəd “Samsung” markalı işləməyən mobil telefon, xarici vətəndaşa məxsus U 23979810 nömrəli pasport, 31ASJ84/31AGN925 nömrə nişanlı, "Mercedes-Benz Actros" markalı yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport götürülmüşdür. 6 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı götürülmüş 31ASJ84/31AGN925 nömrə nişanlı, "Mercedes-Benz Actros" markalı yük nəqliyyat vasitəsinə aid 2 ədəd texniki pasport nəqliyyat vasitəsinin təyinatı üzrə göndərilməsi üçün Təqsirləndirilən şəxs razılığı əsasında Müdafiəçi təhvil verilmişdir. 13 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs şəxsi yoxlama zamanı götürülmüş 4 ədəd 100 ABŞ dolları nominalında pul vəsaitindən 1 ədəd 100 ABŞ dolları təqsirləndirilən şəxsin gündəlik tələbatının ödənilməsindən ötrü Təqsirləndirilən şəxs təhvil verilmişdir. 10 dekabr 2022-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması isə külli miqdardır. Qeyd olunanlardan aydın göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkünlüyü məsələsini müzakirə edərək bu nəticəyə gəlir ki, onun barəsində Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə görə məhkəmə cinayət törətmiş... narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən ... narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, ... narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 33/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 06 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılan 14,707 qram metamfetamin psixotrop maddə müsadirə olunaraq məhv edilməlidir. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 (bir) ədəd işlək vəziyyətdə olmayan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd “Redmi Note 11” markalı mobil telefon, 380 ABŞ dolları, 47 Azərbaycan manatı və 1.370.000 İran rialı Təqsirləndirilən şəxs verilməlidir. - Təqsirləndirilən şəxs məxsus U 23979810 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Cinayət Məcəlləsinin 52.1-1ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2-348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə və 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 06 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılan 14,707 qram metamfetamin psixotrop maddə müsadirə olunaraq məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 (bir) ədəd işlək vəziyyətdə olmayan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd “Redmi Note 11”markalı mobil telefon, 380 ABŞ dolları, 47 Azərbaycan manatı və 1.370.000 İran rialı Təqsirləndirilən şəxs verilsin. - Təqsirləndirilən şəxs məxsus U 23979810 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və o əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. İsfəndiyar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar