Məhkəmə qərarları › İş №1(109)-3/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-3/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-3/2024 16.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 19 avqust 1959-cu ildə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə saat 13:00 radələrində aralarında yaranmış mübahisə zəminində özündə olan alçıpan kəsən bıçaqla qəsdən həmkəndlisi Zərərçəkmiş şəxs boğaz nahiyəsindən Babək rayonu, Cəhri qəsəbəsində sonuncunun yaşadığı evin qarşısında zərbə endirərək onun sağlamlığına qırtlaq-udlağın daxilə keçən kəsilmiş-deşilmiş yarası kimi həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxslə qonşudur. Hadisə günü Zahid ona bir neçə dəfə zəng vurmuş, “səninlə söhbətim var” demişdir. O, “sənin mənimlə nə söhbətin var?” söyləmiş, onlar görüşmüş, görüş zamanı Zahid ona “o gün səni gömrüyə aparmışdım, 20 manat verdin, 30 manat da əlavə pul verəcəksən” demişdir. Aralarında mübahisə yaranmış, Zahid onu vurmuş, həmin zaman Zahidin yoldaşı Şükufə də orada olmuşdur. Süsaməddin oradan ayrılıb evə getmiş, paltarını dəyişdikdən sonra Zahidgilə yenidən gəlmiş, onu qapıya çağıraraq “məni niyə vurdun?” – deyə soruşmuş, Zahid onu yaxasından tutaraq tikanlığa aparmış, ikinci dəfə onu yenidən vurmuş, o, yerə yıxılmışdır. Süsaməddin ilk görüşdə onun üzərində «rezak» olmadığını, «rezak»ın iş paltarının cibində olduğunu bildirmişdir. Sonra Zahidi uzaqlaşdırmaq üçün cibindəki dəstəyi qırmızı kəsici alət olan «rezak»la onun ayağına 2 dəfə batırmış, Zahid onun yanından getməmiş, onu ayağa qaldırmış, sonra onu qaldıranda kəlləsi ilə gözündən vurmuş və onlar tutaqlaşan zaman Süsaməddin əlindəki «rezak»la istəmədən Zahidə qırtlaq-udlaq nahiyəsindən xəsarət yetirmişdir. Zahid 5 metr uzaqlaşıb yerdən daşı götürüb onu vurmaq istəyən zaman onun ağzından qan gəldiyini görmüş, Zahidin yoldaşı onu qonşuların köməyi ilə xəstəxanaya aparmışdır. Süsaməddin isə «rezak»ı əlindən yerə atıb oradan uzaqlaşmış, istintaqda verdiyi ifadənin yalan olduğunu, bıçağı çaya atmadığını bildirmiş, hadisədən sonra qəbiristanlığın yanından keçən İfi adlı şəxsdən polisə zəng vurmasını, gəlib onu aparmalarını xahiş etmişdir. Həmçinin, o, ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisə baş verməmişdən bir neçə gün əvvəl Süsaməddinlə görüşmüş, ondan ehtiyacı olduğu üçün ona verəcəyi pulu istəmiş, üzərindən bir neçə gün keçdikdən sonra Süsaməddin həyətə gəlib onu çağırmış, o, çölə çıxmış, ona “gəl otur maşına, gedək qəbiristanlığa” – deyəndə “sözün varsa, burada de” – deyə, söyləmiş, Zahid ondan nəyə görə gəldiyini soruşduqda pulla bağlı gəldiyini deyib söyüş söyməyə başlamışdır. Mübahisə zamanı yoldaşı çıxıb onları aralaşdırmış, savaşmağa qoymamışdır. Süsaməddin gedib paltarını dəyişib yenidən gələrək onu çağırmış, onlar orada olan maşının yanına çatdıqda tutaqlaşmış, bu zaman, o, Süsaməddini gözündən vurmuş, Süsaməddin isə şalvarının sol tərəfindən qırmızı uzun dəstəkli bıçağı götürmüş, ona ayağından yox, qırtlaq-udlaq nahiyəsindən xəsarət yetirmişdir. O, Süsaməddinin onu vurduğunu görməmiş, özünü müdafiə etmək üçün yerdən daş götürərkən ağzından qan gəldiyini görmüş, iki dəfə maşının ətrafında qaçaraq hasara tərəf gedib qapını örtmüşdür. Həmin vaxt Süsaməddin “ölməyibsə, başını kəsəcəyəm” – deyə, söyləmiş, hadisədən sonra Zahidin yoldaşı haray-qışqırıq salmış, həyətdə olan qohumu ilə birlikdə onu xəstəxanaya aparmışlar. Həmçinin, o, ifadəsində bədəninin başqa nahiyəsində yara olmadığını, tək yaranın qırtlaq-udlaq nahiyəsində olduğunu bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona yetirilmiş ağır bədən xəsarəti nəticəsində maddi ziyan dəydiyini, maddi ziyanın 2.000 (iki min) manat məbləğində olduğunu və həmin ziyanın təqsirləndirilən şəxsdən alınaraq ona verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə günü yoldaşı evdə olarkən Süsaməddin onu çölə çağırmış, yoldaşı çölə çıxdıqdan sonra Süsaməddinlə tutaqlaşdığını görmüş, çıxıb onları aralaşdırmış, Süsaməddindən çıxıb getməyini istəmiş, həmçinin Süsaməddinin gedərkən yoldaşına “səni bu gün öldürəcəyəm, başını kəsəcəyəm” dediyini eşitmişdir. Üzərindən 10-15 dəqiqə keçdikdən sonra Süsaməddin paltarını dəyişib yoldaşını bir daha çağırmış, yoldaşı çölə çıxmış, Süsaməddin onun qolundan tutaraq “min maşına gedək söhbət edək, sənin benzin pulunu da verəcəyəm” – demiş, yoldaşı da ona “nə sözün varsa, burada de, mənim işim var, çölə nəyə gedim?” – söyləmişdir. Onlar yenidən tutaqlaşmış, o, onların yanına qaçana qədər Süsaməddin Zahidi vurmuş, lakin onu nə ilə vurduğunu görməmiş, Zahidin yanına gəlmiş, “ağzından qan axır, səni vurdu?” – deyə, soruşmuş, yoldaşının boğazında bıçaq izi olduğunu görmüş, bu zaman Süsaməddin ona “gör ölməyibsə, gəlib yenidən öldürüm” söyləmişdir. O, qışqırbağır etmiş, bibisinin gəlini – Gülənbər onun qışqırığına çıxmış, nə olduğunu soruşduqda “Süsaməddin Zahidi vurdu, uşaqlara zəng vur, de” – deyə, söyləmişdir. Sonra qohumu da onun səsinə gəlmiş, ona “bizi xəstəxanaya apar” – söyləmişdir. Həmçinin, o, ifadəsində yoldaşı ilə Süsaməddin arasında əvvəllər hər hansı mübahisə, ədavət olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xalaoğlusu Zahidlə qonşudur, evlərinin arasında təxminən 20 metr məsafə var. Nahar fasiləsi üçün işdən evə gəlmiş, iki kişinin mübahisə etməsinə bənzər səs-küy eşitmiş, boylanıb baxmaq istəmiş, həmin vaxt səs-küy kəsilmişdir. Sonra səs-küy təkrar daha hündürdən gəlməyə başlamış, nalayiq söyüşlər eşitmiş, çölə çıxmış, Zahidi qapının ağzında əyilmiş vəziyyətdə, sinəsindən qan axdığını görmüş, vurulma anını və Süsaməddini hadisə yerində görə bilməmiş, təxminən 100 metr aralıda, qardaşının evinin qapısının yanında dayandığını görmüşdür. Süsaməddinin əlində bıçaq və ya «rezak» görmədiyini, əynində yaşıl paltar olduğunu, həmin vaxt onun nə isə dediyini, tam eşitmədiyini, “ölməyibsə, gəlim öldürüm“ kimi bir şey dediyini söyləmişdir. Həmin vaxt Zahidin yoldaşı Şükufə ora-bura qaçmış, kömək axtarmışdır. Sonra, o, Şükufə ilə birlikdə Zahidin qoluna girmiş, maşından parça götürüb Zahidin yarasının üzərinə sıxmış, öz maşınına apararaq xəstəxanaya çatdırmışdır. Həmçinin, o, ifadəsində Zahidlə Süsamədinin arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə günü evdə olmamışdır. Gülənbərdən ona zəng gəlmiş, ondan Süsaməddinin qayınatasını bıçaqladığını öyrənmiş, oğlu ilə birlikdə evə gələn zaman Süsaməddingilin qapısının qabağından keçəndə Süsaməddin onun qarşısına çıxmış, “yeri, qayınatanın başını kəsmişəm, gör ölməyibsə, gəlib öldürüm” demiş, bu zaman Süsaməddinin əlində heç nə görməmişdir. Evə gəlmiş, evdə heç kəsin olmadığını görmüşdür. Şahid3 ifadəsinin davamında qayınatası Zahidlə Süsammədin arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: - Şahid2 ifadəsində 30 avqust 2023-cü il tarixdə, saat təxminən 13:23 radələrində yaşadığı Cəhri qəsəbəsində yerləşən evin həyətində olan zaman qonşu Şükufə müəllimənin qışqırıb onu çağırdığını eşitmiş və küçəyə tərəf qaçmışdır. Küçəyə çıxan zaman qonşusu Süsaməddinin onların qapısının ağzından evlərinə tərəf getdiyini, onu görüb dayandığını və “Zahidi bıçaqla vurdum, gedin, baxın, görün necədir?” dediyini bildirmiş, onun bu sözündən şok olmuş və Zahidin öz qapılarının qarşısında – küçədə yerdə oturduğunu görmüş, Şükufə müəllimə isə onun yanında ağlayaraq ona yoldaşına zəng vurmağını demişdir. Həmin vaxt səs-küyə gələn qaynı Vüsal Zahidi öz maşını ilə xəstəxanaya aparmış, o, telefonla Zahidin gəlini Ayselə zəng vurub Süsaməddinin qayınatasını bıçaqla vurduğunu demişdir. Aysel yaxınlıqda yaşayan nənəsigildən evlərinə gələndən sonra Süsaməddingilin qapısının qarşısından keçən zaman Süsaməddinin ona “qayınatanı boğazından bıçaqla vurmuşam, get, gör necədir?” dediyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması zamanı, o, öz həyətlərində olmuş, Şükufə müəllimə qışqırıb onu çağıran zaman küçəyə çıxmış və Süsaməddin onu görüb “Zahidi bıçaqla vurdum, get, gör necədir?” demiş, sonra Zahidə tərəf baxanda onun yerdə oturduğunu görmüş və Şükufə müəllimə ondan ərinə zəng vurub onu çağırmağını istəmişdir. Sonra səsə gələn qaynı Vüsal Zahidi öz maşınına qoyub xəstəxanaya aparmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə aralarında hər hansı ədavət və düşmənçiliyin olub-olmaması barədə heç bir məlumatı olmamış, Süsaməddini küçədə görən zaman Şükufə müəllimənin qışqırıq səsinə çıxmış, həyəcanlı olduğuna görə Süsaməddinin əlində bıçaq olmasına fikir verməmiş, Süsaməddini küçədə görən zaman onun əynində yaşıl rəngli şalvar və göy rəngli köynək olmuşdur. Cəhri qəsəbəsinə gəlin gəldiyi üçün burada yaşayanları yaxşı tanımadığını, lakin eşitdiklərinə görə Süsaməddinin əvvəllər də adam öldürməyə görə məhkum olduğunu və məhəllədə çox narahatlıq yaratdığını, mübahisə edən adam olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4: - 30 avqust 2023-cü il tarixli, 1209 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarət: qırtlaq-udlağın daxilinə keçən kəsilmiş-deşilmiş yara. Göstərilən xəsarət kəsicideşici alətin təsirindən törənmişdir. Eləcə də, bıçaq təsirindən törənə bilərdi. Müddəti qərarda göstərilən tarixə, yəni 30 avqust 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. - 30 avqust 2023-cü il tarixli, 1220 nömrəli məhkəmə tibbi ekspertizasının (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, təqsirəndirilən Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər: sol gözaltı nahiyədəki qançır küt əşyanın təsirindən törənmişdir. Müddəti qərarda göstərilən tarixə, yəni 30 avqust 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına X2: - 28 noyabr 2023-cü il, 387 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyi yoxdur, o, anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur, hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - 06 dekabr 2023-cü il tarixli, 1200 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişiklik baş verməmişdir. Təqsirləndirilən şəxs keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmur, lakin Təqsirləndirilən şəxs daxili-psixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsi müəyyən olunur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq yada salmaq imkanına malikdir. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 30 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəldən məlum olur ki, hadisə Babək rayonu, Cəhri qəsəbə mərkəzindən şəhid Rasim Məmmədovun xatirəsinə tikilmiş bulağın qarşısından sağ tərəfə istiqamətlənmiş yolun 280 metr məsafəsində baş vermişdir. Baxış zamanı hadisə yerində qanabənzər ləkələr müəyyən edilmişdir. Həmin qanabənzər ləkələrin bir hissəsi Zərərçəkmiş şəxs yaşadığı evin qapısınadək, bir hissəsi isə yol ayrıcından digər tərəfə istiqamətlənmişdir. Qeyd edilən yerlərdə qanabənzər ləkələrə baxış keçirilərkən onların bir hissəsinin topa halında, bir hissəsinin isə damcı halında olduğu müəyyən edilmişdir. - 30 avqust 2023-cü il tarixli, 160 nömrəli Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər X6 sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır. - 01 sentyabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnaməyə 01 sentyabr 2023-cü il tarixdə verilmiş cavabdan məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. - 08 sentyabr 2023-cü il tarixli Babək Rayon Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. - 07 dekabr 2023-cü il tarixli Babək Rayon Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnaməyə görə Zərərçəkmiş şəxs mənfi xarakterizə olunmuşdur. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və digər işdə olan sənədlərlə tam sübuta yetirilir. Belə ki, o, 30 avqust 2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində yaşadığı Cəhri qəsəbəsində qonşusu Zahidlə pul üstündə mübahisə etmiş, mübahisədən sonra Zahidin arvadı onları aralaşdırmış, evlərinə qayıtdıqdan sonra paltarını dəyişmiş, yenidən Zahidgilə gəlmiş, onu evdən çağıraraq mübahisə etməyə başlamış, üzərində daşıdığı «rezak»la Zahidin qırtlaq-udlaq nahiyəsindən ağır bədən xəsarəti yetirmişdir. Xəsarət yetirdikdən sonra hadisə yerindən uzaqlaşmış, Naxçıvan çayının sahilinə getmiş, «rezak»ı çaya atmış, bir müddət sonra kəndə qayıtmış, sonradan polis əməkdaşı onu kənd ərazisindən gəlib aparmışdır. Təqsirləndirilən şəxs özünü müdafiə etmək və Zərərçəkmiş şəxs qorxutmaq niyyəti ilə ona xəsarət yetirdiyini deməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmağa hesablanmış ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşmanlığını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 30 avqust 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilməlidir. İttiham aktının elektron variantının köçürüldüyü və cinayət alətini axtararkən qeydə alınmış videoçəkilişin olduğu 2 (iki) ədəd DVD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülməlidir. İş üzrə maddi sübut alçıpan kəsənin («rezak»ın) aşkar edilib götürülmədiyi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən 2.000 (iki min) manat maddi ziyan tələb etmək məsələsinə qiymət verərək məhkəmə hesab edir ki, ona mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 180.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən yazılı ərizə təqdim olunmamışdır. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi cəzanı icra edən müəssisəyə göndərilsin. İttiham aktının elektron variantının köçürüldüyü və cinayət alətini axtararkən qeydə alınmış videoçəkilişin olduğu 2 (iki) ədəd DVD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat miqdarında pul köçürülsün. Zərərçəkmiş şəxs maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunsun. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar