Məhkəmə qərarları › İş №1(109)-33/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-33/2024

05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-33/2024 05.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 15:45 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X4 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X13 və Təqsirləndirilən şəxs iştirakları ilə 24 dekabr 1972-ci ildə Şahbuz rayonu, Yuxarı Remeşin kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi fəaliyyətlə məşğul olmuş, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan üç şəxsin ölümünə, bir şəxsin isə ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, o, 19 mart 2024-cü il tarixdə, saat 10:30-da BD 854239 nömrəli sürücülük vəsiqəsi və ƏN-Vİİ 950996 nömrəli etibarnamə ilə idarə etdiyi “Hyundai Santafe” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Şahbuz avtomobil yolu ilə Naxçıvan şəhəri istiqamətində hərəkətdə olarkən "X35" Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələbini pozmaqla, yəni avtomobillər üçün maksimal hərəkət sürətinin 80 km/saat sürət olduğu yerdə 100-110 km/saat sürətlə hərəkət edərək və "X35" Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozmaqla, yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək, 1.3 nişanının tələbini pozaraq avtomobil ilə əks istiqamətli yola keçmiş və Şahbuz rayonu, Daylaqlı kənd ərazisinə düşən həmin yolun 24-cü km-də Şahbuz şəhəri istiqamətində hərəkətdə olan X6 etibarnamə ilə idarə etdiyi “VAZ 21214” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşmuş, nəticədə X7 alının sağ yarısında 3 ədəd yara, alının sol yarısında yara, sağ qaşüstü nahiyədə yara, sağ üst göz qapağında yara, sol qaşüstü nahiyədə yara, sol gözün bayır bucağında yara, sağ sağrı nahiyəsində sıyrıq, sağ baldırın orta 1/3 hissəsinin içəri səthində yara, döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİ-Vİİİ-qabırğaların yerini dəyişən sınığı, sol paravertebral xətt üzrə İİ-İX qabırğaların yerini dəyişməyən sınığı, hər iki ağciyər kökünə qansızma, döş boşluğunda 2.5 litr qan olmaqla dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə, “VAZ 21214” markalı avtomobildə olan sərnişin X17 alının sağ yarısında 3 ədəd yara, alının sol yarısında yara, sağ qaşüstü nahiyədə yara, sağ üst göz qapağında yara, sol qaşüstü nahiyədə yara, sol gözün bayır bucağında yara, sağ sağrı nahiyəsində sıyrıq, sağ baldırın orta 1/3 hissəsinin içəri səthində yara, döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİ-Vİİİ qabırğaların yerini dəyişən sınığı, sol paravertebral xətt üzrə İİ-İX qabırğaların yerini dəyişməyən sınığı, hər iki ağciyər kökünə qansızma, döş boşluğunda 2.5 litr qan olmaqla dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə, “VAZ 21214” markalı avtomobildə olan digər sərnişin X5 bazunun ön səthində bazunun yuxarı 1/3 hissəsindən başlayıb orta 1/3 hissəsinə qədər davam edən çapıq toxuması, sol dirsək nahiyəsinin arxa səthində yara, sağ dirsək nahiyəsinin ön səthinin içəri yarısında qançır, sağ dizin ön səthində yara, döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİİ, V qabırğaların yerini dəyişməyən, İV qabırğanın qismən yerini dəyişən sınığı, sol parasternal xətt üzrə İİ-İİİ-İV- qabırğaların yerini dəyişməyən, V qabırğanın isə yerini dəyişərək ürək və perikard qişasını dəlmiş yerini dəyişən sınığı, hər iki ağciyər kökünə və qaraciyərin diafraqma səthində sağ payın üzərinə qansızma, döş boşluğunda 2 litr qan olmaqla dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə, “VAZ 21214” avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, ağciyərlərin əzilməsindən ibarət olan xəsarətlər yetirərək dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19 mart 2024-cü il tarixində əmisi Qəşəm və qardaşı Seyfəli ilə birlikdə Naxçıvan şəhərindən Şahbuz rayonun Yuxarı Remeşin kəndindəki qəbri ziyarət etmək üçün getmişdir. Naxçıvandan çıxanda güclü yağış yağdığını, saat 09:00-da Naxçıvandan çıxdığını, kəndə saat 10:00-da çatıb işlərini həll etdikdən sonra 10:30-da şəhərə yola düşdüyünü söyləmişdir. Kəndə çatıb qəbirləri ziyarət etmişlər. Təxminən 5-10 dəqiqə sonra Şahbuz rayonundan Naxçıvan şəhərinə doğru yola çıxmışlar. Naxçıvana tez gəlməkdə məqsədi qəbiristanlığa gedib rəhmətə gedən qardaşının iki oğlu və yoldaşı üçün quran oxutdurmaq olmuşdur. Yolda maşını sürətlə sürdüyünü xatırlamadığını bildirmiş, Şahbuzu keçdikdən sonra Daylaqlı yolunda qarşıdan gələn maşının onun üstünə doğru sürdüyünü hiss etmişdir. Şahbuz yolunda məktəbdən yuxarıdakı döngədə Vaz 21214 markalı avtomobili görmüş, aralarındakı məsafə təxminən 30-40 metr olmuşdur. Döngədə maşını görəndə üstünə gəldiyini düşünüb rolu tərpətmiş, bu zaman maşın nəzarətindən çıxmışdır. O, maşını qaçırtmaq istəmiş, lakin nəzarəti itirmiş və həmin an qəza olmuşdur. Hadisə zamanı özünü itirmiş və nə edəcəyini bilməmişdir. Uzun müddət sovet avtomobili sürdüyü üçün xarici maşına alışa bilməmişdir. Qəzadan sonra Vaz 21214 markalı avtomobil birinci yolda üzü yuxarı istiqamətdə durmuş, onun avtomobili isə öz yolunda üzü yuxarı doğru dayanmışdır. Maşına nəzarət edə bilməmiş və digər maşınla toqquşmuşdur. Avtomobilin idarəsi onun nəzarətindən çıxdıqdan sonra sağ tərəfi Vaz 21214 “Niva”ya dəymiş, vurulan kimi maşın üzü yuxarı çönüb yolun əks istiqamətində dayanmışdır. Vaz 21214 markalı avtomobil onun avtomobilinə sağ tərəfindən dəymiş, digər avtomobildə isə sürücü tərəf çox əzilmişdir. Avtomobilin qoruyucu hava yastıqları açılıb onu sıxışdırmışdır. Qardaşının ortada oturduğunu, hadisə zamanı qabırğasının batdığını, maşından yerə düşüb əmisinə tərəf getdiyini, əmisinin qapıya söykəndiyini söyləmişdir. Qapının əzildiyi üçün açılmadığını görəndə “Niva”nınyanına qaçmış, orada kömək üçün çoxlu adam yığıldığına şahid olmuşdur. Vaz 21214 markalı avtomobildə qabaqda oturan qadının vəziyyətinin ağır olduğunu, onu çıxardıqdan sonra “Niva”dakı sərnişinlərə kömək edənlərin çox olduğunu görüb əmisinin yanına qayıtmışdır. Oradakı vətəndaşlar kömək edib qapını açaraq əmisini maşından çıxarmışlar. Əmisi Qəşəm yaralanmış, qardaşının qabırğası batmış, o isə özündə olmuşdur. Əmisini və qardaşını maşından çıxarmağa kömək etmiş, yoldan keçən göy rəngdə vaz 2107 markalı avtomobillə Şahbuz rayon xəstəxanasına yola salmışdır. Hadisə yerinə Şahbuz polisi, yanğın söndürən və təcili yardım gəlmişdir. Həmin vaxt öz vəziyyəti də getdikcə pisləşmiş, polislər sarı rəngdə vaz 2106 markalı avtomobillə onu Naxçıvan şəhər xəstəxanasına yola salmışlar. Başından travma aldığı üçün 7-8 gün xəstəxanada qaldıqdan sonra evə buraxılmış, əmisi isə ağır yaralandığı üçün xəstəxanada çox qalmışdır. Hadisə yerində Vaz 21214 markalı avtomobildə kiminsə öldüyünü bilməmiş, xəstəxanada olan zaman həmin avtomobildə olan sərnişinlərdən üç nəfərin öldüyünü söyləmişlər. Xəstəxanadan evə buraxıldıqdan sonra onu Şahbuz Rayon Polis Şöbəsindən çağırmışlar, oraya gedib müstəntiqə izah verdikdən sonra haqqında polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İdarə etdiyi avtomobil oğluna məxsus olduğu üçün onu etibarnamə ilə sürmüşdür. Şahbuzdan qayıdan zaman güclü yağış yağmış, şüşə silənlər işlədiyi üçün yol görülməz vəziyyətdə olmamışdır. Hadisə vaxtı və ondan əvvəl xəstəliyi olmadığını bildirmiş, qəza Əzizbəyovdan yuxarıda Daylaqlı deyilən yerdə olmuş, özünü itirdiyi üçün tormozdan istifadə edə bilməmişdir. Yolun iki gediş, iki gəlişi olmuş, o, avtomobili ikinci yolla idarə etmiş, bəlkə də, özünün digər avtomobilin yoluna keçdiyini söyləmişdir. Avtomobili idarə edən vaxt maşında kimləsə danışmamış, qarşı yola keçməyini, ya da digər maşının onun yoluna keçməyini dəqiq xatırlamamışdır. O, maşını görəndə onun maşını ilə həmin maşın arasında 30-40 metr məsafə olmuşdur. Maşını görəndə özünü itirmiş, sükanı tərpədəndə maşın yolun o başından bu başına gəlmişdir. Maşını mart ayında Respublika Dövlət Yol Polisi İdarəsindən texniki baxışdan keçirtdiyini, ustada yoxlatdığını, təkərlərini də təzə dəyişdiyini və heç bir nasazlığı olmadığını söyləmişdir. Hadisənin səbəbini sürətlə idarə etməyində gördüyünü bildirmişdir. Törətdiyi əməldən çox peşmandır. Zərərçəkmiş şəxs xəstəxanada olanda müalicəsi ilə maraqlanmış, Bakıdan həkim gətirtmişdir. Zərərçəkənin övladının yetkinlik yaşına çatana kimi xərclərini qarşılayacağına söz vermişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, mart ayı bacısının qara bayramı olmuş, onu yasdan çıxarmaq üçün Keçili kəndindən baldızının oğlanları yanına gəlmiş, evdə olan zaman hərbi hissədən Turaldan zəng gəlmiş, Məhəmmədin harada olduğunu soruşmuş, Məhəmmədə zəng etdiyini, lakin ona zəng çatmadığını bildirmişdir. Məhəmmədin şəhərə getdiyini, bir azdan gələcəyini bildirmişdir. Həmin vaxt qardaşının qızı da onlarda olmuş, onun da telefonuna zəng gəlmiş, Məhəmmədin harada olduğunu soruşmuşlar. Yoldaşı ona - “Bu nə məsələdir, hamısı Məhəmmədi soruşur”- demiş, o, Məhəmmədə zəng etsə də, telefonuna cavab verməmişdir. Sonra qızının qaynatası Mütəllimə zəng etmiş, telefonu açan qadından Mütəllimin harada olduğunu soruşmuş, təzyiqi qalxdığı üçün xəstəxanaya gəldiyini, telefonun xəstəxanada stolun üstündə qaldığını söyləmişdir. O, gödəkçəsini geyinib evdən çıxaraq şəhərə xəstəxanasına getməyi planlaşdırmış, qardaşının arxasından maşınla gəldiyini görmüşdür. Şəhərə gedəndə yolda maşınlarının Şahbuzdan şəhərə gələn birinci yolda, dərənin kənarında durduğunu görmüş, xəstəxanaya çatanda polislər onu saxlayıb - “dayı narahat olma, Məhəmməd əməliyyatdadır” - demiş, onun qolundan iynə vurub yatırtmışlar. Nə qədər xəstəxanada qaldığını bilməmiş, ona -“uşaq yaxşıdır, narahat olma, kəndə get, sabah gələrsən”- demişlər. Maşına oturub xəstəxanadan çıxmış, bu zaman maşının 4 yoldan şəhər istiqamətinə çöndüyünü görüb hara getdiklərini, kəndə niyə getmədiklərini soruşmuş, sürücü - “Şəhərdə sənəd var, onu alım gedək”- deyə söyləmiş, İran məscidin yanına çatanda hacı Sahibi görüb oğlu Məhəmmədin rəhmətə getdiyini anlamışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxsdən nəvəsinə baxmağa köməklik etməyini tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hər il bayramlarda kəndə gedib qəbiristanlığı ziyarət etmişdir. Qüdrət ona - “Kəndə gedəndə xəbər et, birlikdə gedək”- demiş, Qüdrət və qardaşı Seyfəli ilə birlikdə kəndə getmişdir. O, Şahbuza gedəndə havanın çiskinli olduğunu, Naxçıvana qayıdan zaman isə güclü yağış yağdığını, avtomobilin qabaq oturacağında əyləşdiyini, maşının sürətlə idarə edildiyini hiss etmədiyini, yolda olarkən arabir söhbət etdiklərini söyləmişdir. Kənddən Naxçıvana qayıdanda Qüdrət onlara -“ Gedək, atamın qəbrini ziyarət edək” – demişdir. Şahbuzdan şəhərə qayıdan zaman yolda qəza baş vermişdir. Gözünü açanda xəstəxana olduğunu görmüş, qəzanın necə olduğunu hiss etməmişdir. Xəstəxanadan çıxdıqdan sonra 3 ay yataq vəziyyətində olduğu üçün yaslara gedə bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Naxçıvan Şahbuz yolunda avtobus sürücüsü işlədiyini söyləmişdir. Hər gün səhər Şahbuzdan 8:00-da çıxdığını, Naxçıvandan Şahbuza isə 10:05-də qayıtdığını, hadisə günü yağış yağdığı üçün avtobusu 70-80 arası sürətlə sürdüyünü söyləmişdir. Naxçıvandan qayıdanda Sələsüz yolunda 10-15 metr məsafədə ağ rəngli Vaz 21214 markalı avtomobilin arxasından gəldiyini demişdir. “Santafe” markalı avtomobil Şahbuz tərəfdən gəldiyi üçün onu görmüş, arxadan gələn maşını isə məsafə çox olduğundan görməmişdir. “Santafe” markalı avtomobil gəlişdə 1-ci dərəcəli yolda olmuşdur. Hava şəraiti yaxşı olmadığı üçün diqqəti yolda olmuş, sərnişinin enməsi üçün gözləyəndə arxadan səs gəldiyini eşitmiş, aynadan baxanda arxada iki maşın toqquşduğunu, 2 avtomobilin də qoşa xəttin ortasında qaldığını görmüşdür. Avtobusdan düşən kimi “Santafe” markalı avtomobilə yaxınlaşmış, onların xəsarət almadıqlarını görüb, digər maşına yaxınlaşaraq qabaqda oturan qadını çıxarmışdır. Daha sonra arxa oturacaqda oturan ikinci adamı çıxaranda yoldan keçən vətəndaşlar gəlib kömək etmiş, digərlərini də maşından çıxarmışlar. Hadisə olan yerlə vətədaşların düşməsi üçün təyin olunmuş dayanacağın arasındakı məsafənin 30 metr olduğunu, “Santafe” markalı avtomobilin hansı sürətlə hərəkət etdiyini dəqiq deyə bilməyəcəyini, qəzadan sonra Vaz 21214 markalı avtomobilin matorxanasının 2-ci dərəcəli yolda dayandığını, avtomobilin onun avtobusunun arxasınca gəldiyini, heç bir ötmə əməliyyatı olmadığını söyləmişdir. Avtomobillərin toqquşduğu yerlə onun saxladığı yerə qədər məsafə 20 metr olmuşdur. “Santafe” markalı avtomobilin əzildiyini görməmiş, amma Vaz 21214 markalı avtomobilinin isə sol tərəfinin əzildiyini söyləmişdir. Vaz 21214 markalı avtomobildəki insanları çıxaranda qadın ölmüşdür. “Santafe” markalı avtomobildəki sərnişinləri çıxarmağa kömək etməmiş, özləri yerə düşmüşdülər. Təcilli yardım gəlib xəsarət alanları xəstəxanaya apardıqdan sonra o da avtobusuna minib yoluna davam etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, həmin gün güclü yağış yağdığını, avtomobildə 3 nəfər olduqlarını, hadisənin isə bir anda baş verdiyini söyləmişdir. Avtomobillərin toqquşduğunu görməmiş, sürəti hiss edə bilməmiş, maşının sürüşdüyünü hiss etmiş, qəza baş verəndən sonra maşından düşəndə Vaz 21214 markalı avtomobilə yaxınlaşıb kömək etmək istəmiş, avtomobilin yanında çox adam görüb, qayıdıb əmisinə kömək etmişdir. Şokda olduğu üçün nə etdiyini bilməmiş, lakin huşunu itirməmişdir. O, xəstəxanada axşama kimi qaldıqdan sonra çıxmışdır. Zərərçəkmişlərin yaslarında iştirak etmişdir. Şahbuzu keçəndə Qüdrətə - “Yağış güclü yağır, maşını ehtiyatlı sürmək lazımdır” - deyə söyləmişdir. O, maşından düşəndə “Santafe” markalı avtomobil şəhər istiqamətində, sağ tərəfdə, 1-ci dərəcəli yolda durmuş, Vaz 21214 markalı avtomobil isə yoxuşa gedən 1-ci dərəcəli yolda dayanmışdır. Zərərçəkmişin uşağı üçün lazım olan hər şeyi edəcəklərini söyləmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş: Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən il yarım olar ki, Bakı şəhərində yaşayır, Bakı şəhərində qaynaqçı işləyir, 17 mart 2024-cü il tarixdə novruz bayramını qeyd etmək üçün təyyarə ilə Naxçıvana gəlmiş, atası onu hava limanında qarşılayaraq Şahbuz rayon Nursu kəndlərindəki evlərinə gəlmiş, həmin günü Nursu kəndindəki evlərində qalmış, 18 martda isə Naxçıvan şəhərində yaşayan Davud adlı dayısının evinə gedərək həmin axşamı onlarda qalmış, o, 19 martda Nursu kəndinə gəlməlimiş, amma həmin günü dayısının evindən necə çıxmağı və həmin günü baş verənlər barədə heç nə xatırlamır, son yadına gələn isə xəstəxanada özünə gəlib orada olanlardan nə baş verdiyini soruşmuş, orada olan həkimlər isə ona qəzaya düşdüyünü bildirmişlər. Təxminən 12-13 gün xəstəxanada qaldıqdan sonra evə gəlmiş, hal-hazırda da hadisə gününü və hadisənin necə baş verdiyini xatırlamır, ən son xatırladığı isə 18 martda Davud adlı dayısının evində olmasıdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərin hüquqi varisləri qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: X24 ifadəsində göstərdi ki, təxminən 22 ildir ki, Bakı şəhərində yaşayır və orada tikinti şirkətində çalışır. Atası Mütəllim və anası Zərifənin Şahbuz rayon Nursu kəndində yaşadıqlarını, onların hər il payız vaxtı Bakı şəhərinə gəlib onun və qardaşı Səbuhinin evində qaldıqlarını, mart-aprel aylarında isə Şahbuz rayon Nursu kəndinə qayıdırlar. Təxminən 2023-cü ilin oktyabr ayında atası Mütəllim və anası Zərifənin Bakı şəhərinə gəldiklərini, qış fəslində Bakı şəhərində qaldıqlarını, 21 mart 2024-cü il tarixdə Şahbuz şəhərində yaşayan bacısının oğlu Ayxanın toy məclisi olacağı üçün atası və anası təxminən 2 mart 2024-cü ildə Naxçıvana gəlmişlər. 19 mart 2024-cü il tarixdə bayram günü olduğu üçün atasına zəng vuraraq bayramlarını təbrik etmək istəmiş, atasının telefonuna zəng vurduqda atasının, telefonuna tanımadığı şəxs cavab vermiş, həmin şəxs Şahbuz rayon xəstəxanasının həkimi olduğunu demiş, ondan nə baş verdiyini soruşduqda həmin şəxs ona atasnın qan təzyiqinin qalxdığı üçün xəstəxanaya daxil olduğunu, oradan isə Naxçıvan şəhərinə xəstəxanaya göndərdiklərini, telefonun isə yadından çıxaraq orada qaldığını bildirmişdir. Sonra o, narahat olduğuna görə Bakı şəhərində yaşayan qardaşı Səbuhiyə zəng vurmuş, Səbuhi də ona onun da atasının telefonuna zəng vurduğunu, telefona xəstəxanadakı həkimin cavab verdiyini bildirmişdir. Sonra o, qardaşı Səbuhi ilə görüşmüş, kənddə yaşayan bacıları ilə əlaqə saxladıqda onlardan atası və anasının avtoqəzaya düşdüklərini eşitmiş, O. X25 gəlmək üçün təyyarəyə bilet almış, hava limanında olan vaxtı bacısıgil telefonda ona atasının və anasının avtoqəzada öldüklərini bildirmişlər. Onlar axşamüstü saat təxminən 18:00 radələrində təyyarə ilə Naxçıvana çatmış, Nursu kəndindəki evlərinə getmiş, o Naxçıvana çatana qədər atası və anasının dəfn olunduğunu bildirmişlər. X21 ifadəsində göstərdi ki, Bakı şəhərində yaşayır və orada tikinti şirkətində çalışır, təxminən 2023-cü ilin oktyabr ayında atası Mütəllim və anası Zərifə bakı şəhərinə gəlmiş, atası və anasının hər il payız vaxtı Bakı şəhərinə gələrək onun və qardaşı Arifin evində qalır, mart-aprel aylarında isə Şahbuz rayon Nursu kəndinə qayıdırmışlar. Atası və anası təxminən 02 mart 2024-cü ildə Naxçıvana gəlmiş, 19 mart 2024-cü il tarixdə səhər saat təxminən 11:00 radələrində atasının mobil telefonuna zəng vurmuş, telefona tanımadığı şəxs cavab vermiş, həmin şəxs ona Şahbuz rayon xəstəxanasının həkimi olduğunu demiş, o, həkimdən nə baş verdiyini soruşduqda, həmin şəxs ona atasının qan təzyiqinin qalxdığı üçün xəstəxanaya daxil olduğunu, oradan isə Naxçıvan şəhərinə xəstəxanasına göndərdiklərini, telefonun isə yadından çıxaraq orada qaldığını bildirmişdir. Sonra o, narahat olduğuna görə kənddə yaşayan bacıları ilə əlaqə saxlamış, onlardan atası və anasının avtoqəzaya düşdüklərini eşitmiş, o və Bakı şəhərində yaşayan böyük qardaşı Ariflə birgə Naxçıvana gəlmək üçün təyyarəyə bilet almış, hava limanında olan vaxtı bacısıgil ona atasının və anasının avtoqəzada öldüklərini demişlər. Onlar Naxçıvana çatana qədər atası və anası dəfn edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12: - 01 aprel 2024-cü il tarixli, 20 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( meyitin ekspertizası) görünür ki, X15 bədənində aşkar edilmiş xəsarətlər: a) alının sağ yarısında 3 ədəd yara, alının sol yarısında yara, sağ qaşüstü nahiyədə yara, sağ üst göz qapağında yara, sol qaşüstü nahiyədə yara, sol gözün bayır bucağında yara, sağ sağrı nahiyəsində sıyrıq, sağ baldırın orta 1/3 hissəsinin içəri səthində yara vardır. b) döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİ-Vİİİ qabırğaların yerini dəyişən sınığı, sol paravertebral xətt üzrə İİ-İX qabırğaların yerini dəyişməyən sınığı, hər iki ağciyər kökünə qansızma, döz boşluğunda 2,5 litr qan aşkar edildi. Xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən törənmişdir. Eləcədə avtomobil qəzası nəticəsində törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. X3 ölümünə səbəb kəskin daxili qanitirmə olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğundur. - 03 aprel 2024-cü il tarixli, 21 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( meyitin ekspertizası) görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər: a) alının sağ yarısında 3 ədəd yara, alının sol yarısında yara, sağ qaşüstü nahiyədə yara, sağ üst göz qapağında yara, sol qaşüstü nahiyədə yara, sol gözün bayır bucağında yara, sağ sağrı nahiyəsində sıyrıq, sağ baldırın orta 1/3 hissəsinin içəri səthində yara vardır. b) döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİ-Vİİİ qabırğaların yerini dəyişən sınığı, sol paravertebral xətt üzrə İİ-İX qabırğaların yerini dəyişməyən sınığı, hər iki ağciyər kökünə qansızma, döz boşluğunda 2,5 litr qan aşkar edildi. Xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən törənmişdir. Eləcədə avtomobil qəzası nəticəsində törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. X1 ölümünə səbəb kəskin daxili qanitirmə olmuşdur. X2 ölümündən əvvəl spirtli içki qəbul etməmişdir. - 03 aprel 2024-cü il tarixli, 19 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( meyitin ekspertizası) görünür ki, X11 bədənində aşkar edilmiş xəsarətlər: a) sol bazunun ön səthində bazunun yuxarı 1/3 hissəsindən başlayıb orta 1/3 hissəsinə qədər davam edən çapıq toxuması, sol dirsək nahiyəsinin arxa səthində yara, sağ dirsək nahiyəsinin ön səthinin içəri yarısında qançır, sağ dizin ön səthində yara, b) döş sümüyünün dəstəsinin arxa səthində hematoma, döş qəfəsinin sağ yarısında sağ məmə xətti üzrə İİİ, Vqabırğaların yerini dəyişməyən, İV qabırğanın qismən yerini dəyişən sınığı, sol parasternal xətt üzrə İİ-İİİ-İV qabırğaların yerini dəyişməyən, V qabırğanın isə yerini dəyişərək ürək və perikard qişasını dəlmiş yerini dəyişən sınığı, hər iki ağciyər kökünə və qaraciyərin diafraqma səthində sağ payın üzərinə qansızma, döş boşluğunda 2 litr qan aşkar edildi. Sol bazudakı çapıq toxumasının müddəti köhnədir. Digər xəsarətlər həyati olub, bərk küt əşyanın təsirindən törənmişdir. Eləcədə avtomobil qəzası nəticəsində törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. X11 ölümünə səbəb kəskin daxili qan itirmə olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğundur. - 06 aprel 2024-cü il tarixli, 607 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: Qapalı kəllə-beyin travması, başbeyin silkələnməsi, bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, eləcədə avtomobil qəzası nəticəsində də yarana bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 19 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - 06 aprel 2024-cü il tarixli, 608 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( canlı şəxsin ekspertizası) görünür ki, Şahid2 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sağ alın nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, eləcədə avtomobil qəzası nəticəsində də yarana bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 19 mart 2024-cü il tarixə uyğun gəlir, həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - 08 aprel 2024-cü il tarixli, 676 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( canlı şəxsin ekspertizası) görünür ki, Şahid3 məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: Baş-beyin silkələnməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcədə avtomobil qəzası nəticəsində də yarana bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 19 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - 09 aprel 2024-cü il tarixli, 677 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthi üzərində aşkar edilmiş xəsarət: Qapalı kəllə-beyin travması, başbeyin əzilməsi, ağciyərlərin əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcədə avtomobil qəzası nəticəsində də yarana bilərdilər, müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 19 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 09 aprel 2024-cü il tarixli, 333 nömrəli yol–nəqliyyat hadisələri ekspertizasının rəyindən məlum olur ki, istintaq tərəfindən göstərilən vəziyyətdə Hyundai Santafe markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X35” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. İstintaq tərəfindən göstərilən vəziyyətdə, yəni VAZ-21214 markalı avtomobilin toqquşmaya qədər öz yolu ilə hərəkətdə olması, əks istiqamətdə hərəkətdə olan Hyundai Santafe markalı avtomobilin sürücüsünün hərəkəti üçün hər hansı təhlükə yaratmaması, əks hərəkət zolağına çıxan Hyundai Santafe markalı avtomobilə aid hər hansı tormoz izinin olmaması və toqquşma anında VAZ-21214 markalı avtomobilin hərəkət zolağında 1,3 nişanlanma xəttindən yəni hərəkət hissəsini ayıran qoşa xətdən 4,1 metr məsafədə baş verməsi şəraitində VAZ-21214 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. - 20 may 2024-cü il tarixli, 464 nömrəli məhkəmə iqtisadi ekspertizası rəyindən aydın olur ki, 2007-ci il buraxılışlı, “VAZ 21214” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobilinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tam yararsız vəziyyətə düşdüyündən, avtomobilin təmir olunaraq istifadəyə yararlı hala salınmasının imkan xaricində olması müəyyən edilmişdir. “VAZ 21214” markalı, “Universal” tipli, 2007-ci il buraxılış ili olan minik avtomobilinin normal vəziyyətdə orta bazar qiyməti 6500 (altı min beş yüz) manat həcmində müəyyən olunur. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 19 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş sxem və foto cədvəllərdən məlum olur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin Naxçıvan-Şahbuz avtomobil yolunun 24-cü km-də, Şahbuz rayonu, Daylaqlı kənd ərazisindən keçən hissəsindədir. Avtomobil yolu yağış yağdığı üçün yaşdır və halhazırda da yağış yağır. Avtomobil yolu Şahbuz rayonu istiqamətində yoxuş, Naxçıvan şəhəri istiqamətində isə enişdir. Yol iki gedişli, iki gəlişli olmaqla 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolağın eni 4 metr qoşa xəttin eni isə 0.50 metr olmaqla yolun ümumi eni 16.50 metrdir. Hər iki istiqamətdə yolun kənarları 2 metr enində preslənmiş çınqıl qarışığı torpaqdan ibarət olan ehtiyat torpaq yoldur. Ehtiyat torpaq yoldan sonra isə Şahbuz rayon istiqamətində 1.50 metr enində su kanalı sonra isə ağaclıq ərazidir. Hadisə yerində Şahbuz rayonu istiqamətində əks istiqaməti iki zolağın orta hissəsində üzü qoşa xətdə tərəf dayanmış vəziyyətdə ağ rəngli Hyundai Santafe markalı **-BB-*** qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin minik avtomobilinin ön hissəsi qəzalı vəziyyətdədir. Hyundai Santafe markalı avtomobil ön sağ təkərindən qoşa xətdə olan məsafə 3.60 metr, ön sol təkərindən qoşa xətdə olan məsafə isə 2.40 metr, arxa sol təkərindən qoşa xətdə olan məsafə 4.10 metr, yolun sol kənarına olan məsafə 3.90 metr, arxa sağ təkərindən yolun sol kənarına olan məsafə isə 2.90 metrdir. Avtomobilin ətrafında asfalt yol üzərində qara rəngli kapron qırıntılar vardır. Şahbuz şəhəri istiqamətində baxışa davam edən zaman görünür ki, həmin istiqamətdə birinci hərəkət zolağında üzü qoşa xətdə tərəf ön hissəsi deformasiyaya uğramış qəzalı vəziyyətdə olan ağ rəngli “Vaz 21214” markalı **- BB-*** qeydiyyat nişanlı avtomobil dayanıb. Həmin avtomobilin arxa sağ təkərindən yolun sağ kənarına olan məsafə 1.50 metr, arxa sol təkərindən olan məsafə 2.40 metr, ön sol təkərindən qoşa xətdə olan məsafə 4.30 metr, ön sağ təkərindən qoşa xətdə olan məsafə isə 4.40 metrdir. Hadisə yerində həm “Vaz 21214” markalı avtomobilə, həm də “Hyundai Santafe” markalı avtomobilə məxsus detal və hissəciklər Şahbuz rayonu istiqamətində olan hərəkət hissəsinə səpələnmişdir. Detalların əsas tökülmə yeri Şahbuz rayonu istiqamətində olan hərəkət hissəsidir. Şahbuz rayonu istiqamətində olan hərəkət hissəsində iki hərəkət zolağını ayıran ağ rəngli qırıq xəttin üzərində “Hyundai” markalı avtomobilə məxsus “H” hərfli loqo, həmin istiqamətdə hərəkət hissəsində elektrik qoruyucular qutusunun qapağı, təkərin qoruyucusunun qapağı, ön buferin dumanlı faranın alt hissəsi, ön sol faranın şüşəsi, radiator, faranın işıqqaytaracısı, ön buferin qırığı, fara korpusu, havalanma patruvkası, radiatr üst qapağı, ön radiator barmaqlığının qırılmış hissəsi, akkumulyator qapaq hissəsinin qırığı asfalt yola səpələnmişdir. - 20 mart 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, avtomobilin ön hissəsi tamamən yararsız vəziyyətə düşmüş, ön panel, ön kapot, ön bufer, ön sağ və sol faralar, dam, ön sağ və sol krılolar əzilmiş, ön alın şüşə qırılmış, oturacaqlar qırılmış, sağ arxa krılo əzilmiş, sağ və sol qapı tamamilə yararsız vəziyyətə düşmüşdür. - 20 mart 2024-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokolundan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, avtomobilin ön hissəsi yararsız vəziyyətə düşmüş, ön kapot, ön sağ və sol krılolar əzilmiş, ön alın şüşə qırılmış, ön faralar, radiator, radiator barmaqlığı yararsız vəziyyətə düşmüş, ön hava yastıqları açılmış vəziyyətdədir. - 21 may 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, hadisənin törədilməsində vasitə kimi istifadə edilmiş, “Hyundai Santafe” markalı 71- BB-944 qeydiyyat nişanlı avtomobil və “VAZ 21214” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilsin və qeyd edilən avtomobillər Naxçıvan Muxtar Respublikası DİN-in DYPİ-nin duracağına saxlanca verilsin. - 19 mart 2024-cü il tarixli, 1219 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktdan məlum olur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur və ağızdan alkolun və ya digər güclü təsir göstərən maddələrin iyi gəlmir. - 22 mart 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X9 göndərilmiş tələbnamədən görünür ki, əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - 02 may 2024-cü il tarixli nöqsan aktından məlum olur ki, baxış zamanı “VAZ 21214” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə avtomobilin təmir olunaraq istifadəyə yararlı hala salınmasının imkan xaricində olması müəyyən edildi. - 12 iyun 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan məlum olur ki, elektrik qoruyucular qutusunun qapağı, “H” hərfi Hyundai emblemi, təkərin qoruyucusunun qapağı, ön buferin dumanlı farasının alt hissəsi, turbonun radiatoru, faranın işıqqaytarıcısı, ön buferin qırılmış hissəsi, ön faranın korpusu, havalandırmanın patruvkası, radiator üstünün qapağı-“Hyundai Santafe” markalı ** BB *** qeydiyyat nişanlı avtomobilə məxsusdur. Ön radiator barmaqlığının qırılmış hissəsi-“VAZ 21214” markalı **- BB-*** qeydiyyat nişanlı avtomobilə məxsusdur. Akkumlyatorun qırığı- hər iki avtomobilə məxsus ola bilər. - 13 iyun 2024-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan məlum olur ki, hadisə yerindən götürülmüş detal və hissəciklər cinayət işi üzrə maddi sübut hesab edilməsin və Şahbuz rayon Polis Şöbəsinin saxlancına verilməsin. - Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər İcra Hakimiyyəti 1 №-li sahə ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 16 aprel 2024-cü il tarixdə dövlət hesabına müdafiəçi ilə təmin olunub, həmin tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 16 aprel 2024cü il tarixə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X22 01 iyun 2024-cü il tarixdə ərizə verərək Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı 31 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X24 07 iyun 2024-cü il tarixdə ərizə verərək Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı 25 iyul 2024-cü il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Onların iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini, yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X21 07 iyun 2024-cü il tarixdə ərizə verərək Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı 26 iyul 2024-cü il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Onların iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini, yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs 26 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini, yekun məhkəmə qərarının çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “X19 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə 11 iyul 2016-cı il tarixli qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmamış, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır və Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı özünün etirafı, cinayət işi üzrə toplanmış materiallar və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü tam təqsirli bilərək cinayəti törətdiyini etiraf etmiş, məhkəmə onun bu etirafını iş üzrə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək inandırıcı qəbul etmişdir. Çünki onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsində cinayət əməlini törətməsinə dair etirafları, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri, şahidlərin ifadələri, maddi sübutlar və işin digər halları ilə tam təsdiqini tapmışdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq üç şəxsin ölümünə, bir şəxsin isə ağır xəsarət almasına səbəb olmuşdur. Belə ki, 19 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Hyundai Santafe” markalı, **-BB-*** qeydiyyat nişanlı avtomobillə Naxçıvan-Şahbuz avtomobil yolu ilə Şahbuz şəhəri, Yuxarı Remeşin kəndinə qəbri ziyarət etmək üçün getmişdir. Kənddə işini həll etdikdən sonra saat 10:30-da Naxçıvan-Şahbuz avtomobil yolu ilə Naxçıvan şəhərinə yola düşmüşdür. Şəhərə tez getməkdə məqsədi mollanın şəhərdə onun gözləməsi olmuşdur. Həmin vaxt güclü yağış yağdığı üçün yolun hərəkət istiqaməti məhdudlaşmış, sürətlə getməyini hiss etməmiş və qarşıdan gələn maşının onun üstünə gəldiyini düşənərək rolu oynatmış, bu zaman hadisə baş vermişdir. Təqsirləndirilən şəxs hadisənin necə olduğunu xatırlamır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “X35” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “X35” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət- Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamdan müdafiə olunması üçün hər hansı sübut və ya dəlil gətirməmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ nəzərdə tutulduğundan, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Barışığın əldə edilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu maddədə nəzərə tutulmuş qayda Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduğu təqdirdə, həm də cəzanı ağırlaşdıran hallar olmadıqda tətbiq olunur. Cəzanı ağırlaşdıran hallar dedikdə Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan hallar başa düşülməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin tətbiqi ilə əlaqədar təyin olunacaq cəza konkret maddədə müəyyən edilən cəzanın aşağı həddindən də aşağı olduğu hallarda CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Məhkəmələr nəzərə almalıdırlar ki, cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi CM-in 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması” “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. 5-1. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 59.1.11-ci maddəsinin mənasına görə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardımın göstərilməsi o halda qeyd edilən maddədə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməklə təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsinin tətbiqi üçün əsas ola bilər ki, belə yardım zərərçəkmişin həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına səbəb olsun. (Məsələn, yol nəqliyyat hadisəsindən dərhal sonra sürücü tərəfindən hələ sağ olan zərərçəkmişin tibb müəssisəsinə aparılaraq orada yerləşdirilməsi və sonuncuya ixtisaslı tibbi yardımın göstərilməsi nəticəsində onun yalnız bir müddətdən sonra vəfat etməsi təqsirkarın hərəkətlərində CM-nin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması haqqında nəticəyə gəlməyə və buna görə onun barəsində CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsinə əsas verir). Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirici hallar, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olması, həm zərərçəkmiş şəxslə, həm də zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmasını onun vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə həmin Məcəllənin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında göstərilən minimum həddə əsas cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hökmün nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Həmin Məcəllənin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Sözügedən Məcəllənin 154.2-ci maddəsinin tələbinə görə müvafiq orqan qanunvericiliklə müəyyən edilmiş qaydada məhkumun nəqliyyat vasitəsini idarəetmə hüququndan hökmlə müəyyən olunmuş müddətə məhrum edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarəetmə hüququnu verən sənədin saxlanılması üçün tədbirlər görməlidir. Bu mənada məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunan nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etməyə dair əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı və bu cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Sözügedən Məcəllənin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqda məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azadlıqdan məhrumetmə cəzasına aid hissədə hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin qeydiyyatda olduğu ərazi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X18 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış məhkəmə yol-nəqliyyat ekspertizasına görə 120 (yüz iyirmi) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 40 (qırx) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Cinayət işi üzrə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21214” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilə dəymiş maddi ziyana görə avtomobilin təmir olunaraq istifadəyə yararlı hala salınmasının imkan xaricində olması barədə nöqsan aktı olsa da, iş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda cinayət işi üzrə zərərçəkmiş şəxslərə və mərhum zərərçəkmişlərin hüquqi varislərinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqları izah olunmalıdır. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan 1 ədəd Hyundai markalı avtomobilə məxsus “H” hərfli logo, 1 ədəd elektrik qoruyucular qutusunun qapağı, 1 ədəd təkərin qoruyucusunun qapağı, 1 ədəd ön buferin dumanlı faranın alt hissəsi, 1 ədəd ön sol faranın şüşəsi, 1 ədəd radiator, 1 ədəd faranın işıq qaytardıcısı, 1 ədəd ön buferin qırığı, 1 ədəd fara korpusu, 1 ədəd havalanma patrupkası, 1 ədəd radiator üst qapağı, 1 ədəd ön radiator barmaqlığının qırılmış hissəsi, 1 ədəd akkumulyator qapaq hissəsinin qırığı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikası DİN-in DYPİ-nin duracağında saxlanılan maddi sübutlar: Hadisənin törədilməsində vasitə kimi istifadə edilmiş, “Hyundai Santafe” markalı 71- BB-944 qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “VAZ 21214” markalı **-BB-*** qeydiyyat nişanlı avtomobil isə X16 qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, əlavə cəzanın icrası ilə əlaqədar isə sürücülük vəsiqəsi, Təqsirləndirilən şəxs adına verilmiş etibarnamə və cəzanın icrasına nəzarət edən orqan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və probasiya şöbəsinə göndərilməlidir. - Hyundai SANTA – FE markalı **-BB-*** nömrə nişanlı nəqliyyat vasitəsinə aid qeydiyyat şəhadətnaməsi, Hyundai SANTA – FE markalı nəqliyyat vasitəsinə aid elektron talon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - X7 aid sürücülük vəsiqəsi, VAZ-21214 markalı nəqliyyat vasitəsinə aid elektron talon, **-BB-*** nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, X6 adına verilmiş etibarnamə, VAZ-21214 markalı avtomobilə aid icbari sığorta şəhadətnaməsi X16 qaytarılmalıdır. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. 16 aprel 2024-cü il tarixli qərarla təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 ( beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Azadlıqdan məhrumetmə cəzasına aid hissədə hökmün icrasına nəzarət təqsirləndirilən şəxsin qeydiyyatda olduğu ərazi üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X18 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış məhkəmə yol-nəqliyyat ekspertizasına görə 120 (yüz iyirmi) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 40 (qırx) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan 1 ədəd Hyundai markalı avtomobilə məxsus “H” hərfli logo, 1 ədəd elektrik qoruyucular qutusunun qapağı, 1 ədəd təkərin qoruyucusunun qapağı, 1 ədəd ön buferin dumanlı faranın alt hissəsi, 1 ədəd ön sol faranın şüşəsi, 1 ədəd radiator, 1 ədəd faranın işıq qaytardıcısı, 1 ədəd ön buferin qırığı, 1 ədəd fara korpusu, 1 ədəd havalanma patrupkası, 1 ədəd radiator üst qapağı, 1 ədəd ön radiator barmaqlığının qırılmış hissəsi, 1 ədəd akkumulyator qapaq hissəsinin qırığı Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikası DİN-in DYPİ-nin duracağında saxlanılan maddi sübutlar: - Hadisənin törədilməsində vasitə kimi istifadə edilmiş, “Hyundai Santafe” markalı 71- BB-944 qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “VAZ 21214” markalı **-BB- *** qeydiyyat nişanlı avtomobil isə X16 qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, əlavə cəzanın icrası ilə əlaqədar isə sürücülük vəsiqəsi, Təqsirləndirilən şəxs adına verilmiş etibarnamə və cəzanın icrasına nəzarət edən orqan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan şəhər İcra və probasiya şöbəsinə göndərilsin. - Hyundai SANTA – FE markalı **-BB-*** nömrə nişanlı nəqliyyat vasitəsinə aid qeydiyyat şəhadətnaməsi, Hyundai SANTA – FE markalı nəqliyyat vasitəsinə aid elektron talon Təqsirləndirilən şəxs qaytarılsın. - X7 aid sürücülük vəsiqəsi, VAZ-21214 markalı nəqliyyat vasitəsinə aid elektron talon, **-BB-*** nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, X6 adına verilmiş etibarnamə, VAZ-21214 markalı avtomobilə aid icbari sığorta şəhadətnaməsi X16 qaytarılsın. Cinayət işinin materiallarının köçürüldüyü 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar