Məhkəmə qərarları › İş №1(109)-37/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-37/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-37/2024 28.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 01 avqust 1996-cı ildə Naxçıvan MR, Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 uşaq atası, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2an barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, 08 may 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə, qanunsuz olaraq 303,08 qram xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşıma və Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə keçirmək barədə qabaqcadan razılığa gəlmiş, cinayətkar qrupun üzvləri arasında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq bu məqsədlə cinayətkar qrupun İran İslam Respublikasındakı şəxsiyyəti istintaqa məlum olmayan üzvündən tamah və satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 303,08 qram xeyli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini 1000 manat müqabilində Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasında istintaqa məlum olmayan yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə çatdırmaq məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə əyninə geyindiyi qara rəngli alt paltarının içərisinə tikilmiş boz rəngli corabın içərisində 9 ədəd 39,790 qram, 29,769 qram, 39,961 qram, 33,133 qram, 39,531 qram, 39,416 qram, 39,589 qram, 39,519 qram və 2,372 qramdan ibarət bükümlərdə olmaqla ümumilikdə təmiz çəkisi 303,08 qram xeyli miqdarda tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı saxlamış, 08 may 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daşımaqla, həmin gün saat 09 radələrində Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün gömrük əməkdaşları tərəfindən keçirilən yoxlamalar nəticəsində qeyd olunan xeyli miqdarda narkotik vasitələr saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şərur şəhər sakini Faiq adlı şəxslə qonşuluq münasibətləri var. Türkiyədə olarkən narkotik vasitə istifadə etməyə başlamış, Şərura qayıtdıqdan sonra Faiqlə tanış olmuş, Faiq özü də narkotik vasitə istifadəçisi olduğundan, onun Türkiyədə narkotik vasitə istifadə etdiyini öyrəndikdən sonra birlikdə narkotik çəkməyi təklif etmişdir. Faiqlə birlikdə ilk dəfə marixuanadan istifadə etmişlər. Sonrakı vaxtlarda Faiq Türkiyədən, eləcə də başqa ona məlum olmayan mənbələrdən narkotik vasitə əldə etmiş və birlikdə istifadə etmişlər. Birlikdə narkotik istifadə etdikləri vaxtlarda Faiq narkotik satışı ilə də məşğul olmuşdur. Faiq özü İran İslam Respublikasına gedərək Mehdi adlı şəxsdən marixuana alıb gətirmişdir. Məhəllədə oturub birlikdə həmin marixuana narkotik vasitəsini istifadə edərkən Faiq marixuananı Mehdi adlı şəxsdən aldığını söyləmiş və onu da narkotik alveri ilə məşğul olmağa təhrik etmişdir. “Whatsapp” proqramı vasitəsi ilə görüntülü zəng edərək onu İran vətəndaşı Mehdi adlı şəxslə tanış etmişdir. Faiq adlı şəxslə aralarında İrandan narkotik vasitə gətirməklə bağlı razılığa gəldikdən sonra Faiq ona heç nədən qorxmamasını, heç kimin onu tutmayacağını, tutulacağı təqdirdə onu qurtaracağını bildirərək çəkinmədən İran İslam Respublikasından narkotik vasitə gətirməsini tapşırmışdır. Faiq əvvəlcədən “Whatsapp” proqramı vasitəsi ilə İran vətəndaşı Mehdi ilə görüntülü əlaqə yaradıb güclü təsirə malik “ot” saxlamasını və gəlib götürücəklərini demişdir. Ona gətirəcəyi narkotikin növünü, kimdən götürəcəyini, gömrükdən keçib Bakı şəhərinə gedəcəyini, şübhələnməsinlər deyə bir neçə gün orada qaldıqdan sonra Naxçıvana qayıdarkən narkotiki İranlıdan alıb gətirəcəyini izah etmişdir. İlk dəfə 2023-cü ilin dekabr ayında narkotik vasitə almağa getmiş, Mehdi adlı şəxsdən 100 qram marixuana almış, əvəzində ona 350 manat pul vermişdir. O, aldığı marixuananı Faiqə gətirmiş, gətirdiyi marixuanaya görə Faiq ona 130 manat pul vermişdir. Faiq marixuananı həm özü istifadə etmiş, həm də başqa şəxslərə satmış, bəzən satdığı narkotik vasitəyə görə əldə etdiyi qazancdan ona da pul vermişdir. Faiqin sifarişi və göstərişi əsasında üç dəfə İrandan narkotik gətirdikdən sonra Faiq səbəbsiz yerə onunla əlaqəni kəsib narkotik alverindən uzaqlaşmış və ona “get nə edirsənsə et” demişdir. İranlı Mehdi narkotik alveri ilə məşğul olduğundan onu təhdid etməyə başlamış, ona “bu işi görməyə davam etməsən evinə adam göndərəcəyəm, ailənin qabağına adam çıxaracağam.” demiş, o isə Mehdinin Naxçıvanda tanıdığı çox adamı olduğundan onun təhdidlərini real qəbul edib ailəsinə görə məcbur qalaraq narkotik satmağa davam etmişdir. Faiqin vasitəçiliyi olmadan Mehdi ilə Aslandüz adlanan yerdə görüşüb ondan 130 qram marixuana narkotik vasitəsini almış, qarşılığında pul ödəməmiş, Şərur rayonunda hər dəfə fərqli yerlər müəyyən edib şəklini çəkərək Mehdiyə “Whatsapp” proqramı vasitəsi ilə məlumat vermiş, o da alıcıları narkotik vasitələri götürmək üçün həmin yerlərə yönləndirmişdir. Alıcılarla heç bir əlaqəsi olmamış, onlar narkotik vasitəni götürdükdən sonra Mehdi ilə danışıb pulu onun kartına atmış, Mehdi isə puldan onun payına düşən hissəni ona göndərmişdir. Təxminən 8 dəfə İrandan narkotik vasitə gətirmiş, onlardan 3 dəfəsində gətirdiyi narkotiki Faiqin sifarişi əsasında gətirdiyi üçün qarşılığında 130 manat nağd pul, yemək, yol və Bakıda qalmaq xərclərini qarşılamaq üçün pul almışdır. Faiq ondan ayrıldıqdan sonra narkotik vasitələri satmağa özü gətirmişdir. 8 may 2024-cü il tarixdə 9-cu dəfə ayrıayrı bükümlərdə təxminən 303 qram marixuana keçirmək istəmiş, bir bükümdə böyük olacağı üçün ayrı-ayrı bükümlərdə olmuş, 303 qram olmasını iranlı demiş, özü çəkməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında narkotik vasitəni alt paltarına corab formasında cib tikib həmin cibdə keçirməsi barədə göstərişi Faiqin verdiyini, Mehdinin tapşırığı əsasında Şərurda narkotik vasitəni qoyduğu yerlərin şəklini çəkib ona atdığını, maddi ehtiyacı olduğu üçün bu işə başladığını, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024 tarixdə, səhər saat 09:00-10:00 radələrində gömrük əməkdaşı Şahid2 onunla birlikdə işləyən Şahid4 yaxınlaşaraq avtobusda gələn bir sərnişindən şübhələndiyini, onun üzərinə baxış keçirmək istədiyini deyərək yoxlama zamanı hal şahidi kimi iştirak etmələrini xahiş etmişdir. Onlar könüllü olaraq şəxsi yoxlama otağına gedib yoxlamada iştirak etmişlər. Yoxlama zamanı gömrük əməkdaşı əvvəlcə sərnişindən üzərində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub-olmadığını soruşmuş, o, heç nə olmadığını bildirdikdən sonra yoxlamağa başlamışdır. Təqsirləndirilən şəxs alt paltarına tikilmiş corabın içərisindən 9 ədəd paket aşkarlanmış, onlardan biri mavi, digər səkkizi şəffaf rəngdə olmuşdur. Aşkar olunanlar tərəzidə çəkildiyində 349.9 qram olduğu müəyyən edilmişdir. Gömrük əməkdaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunanların nə olduğunu soruşduğunda, marixuana olduğunu, İrandan öz istifadəsi üçün gətirdiyini bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs qarşı təsir və təzyiq edilməmiş, o da gömrük əməkdaşına müqavimət göstərməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Culfa Gömrük postunda iş qrafikinə uyğun olaraq sərnişin xəttində sərnişinlərin müayinəsi ilə məşğul olmuşdur. Digər sərnişinlərdən fərqli olaraq Təqsirləndirilən şəxs fikri əlindəki qara paketdə olan ərzaqda olmamış, tez-tez başını qaşıyıb ətrafa baxmış, xətti keçməyə tələsmiş, bütün bunlara görə ondan şübhələnməyə başlamışdır. Bundan sonra müvafiq icazəni alıb iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmişdir. Yoxlamadan öncə ondan üzərində qanunla qadağan olunan predmetin olub-olmadığını soruşmuş, o isə heç nə olmadığını demişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli alt paltarının içərisində ona tikilmiş olan boz rəngli corab aşkar edilmişdir. Həmin corabın içərisindən 8-i böyük olmaqla 9 ədəd bükümdə bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunanlar barədə soruşduğunda, marixuana olduğunu və öz istifadəsi üçün aldığını demişdir. Həmin bükümlər tərəzidə çəkilmiş və çəkisinin 349,9 qram olduğu müəyyən olunmuş, sənədləşmə işləri aparılaraq Baş İdarəyə məlumat verilmişdir. Şahid4 Bəxtiyar oğlu Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 09 may 2024-cü il tarixli, 477 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, 08 ədəd üzəri yapışqan lentlə sarınmış şəffaf sellofan bükümlərdə və 1 ədəd üzəri mavi rənglə yapışqan lentlə sarınmış şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 39,790 qram, 29,769 qram, 39,961 qram, 33,133 qram, 39,531 qram, 39,416 qram, 39,589 qram, 39,519 qram və 2,372 qram olmaqla ümumi təmiz çəkisi 303,08 qram olan tünd-yaşıl rəngli, kəskin iyli, xırdalanmış bitki mənşəli kütlə, narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı İ bənd sıra № 146). Marixuana təmiz çəkisi 303.08 qram, tədqiqata sərf edilən 0,09 qram, qalıq 302.99 qramdır. Qablaşdırma üçün istifadə edilən 08 ədəd yapışqan lent və sellofan bükümün ümumi kütləsi 44.96 qram ( 1 bükümün kütləsi 5,62 qram), 01 ədəd mavi rəngli yapışqan lentlə sellofan bükümün kütləsi - 1,86 qram təşkil edir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2: - xx.xx.2024-cü il tarixli, 184 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir. Onun məcburi müalicəyə ehtiyacı vardır. - xx.xx.2024-cü il tarixli, 185 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 08 may 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli alt paltarının içinə tikilmiş boz rəngli corabın içində gizlədilmiş 8 ədəd şəffaf rəngli sellofan bükümdə, 1 ədəd isə mavi rəngli yapışqanla bandlanmış bükümdə qablaşdırılmış ümumi çəkisi 349,9 qram olan kəskin iyli, yaşıl rəngli, qurudulmuş ot halında narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Həmçinin şəxsi yoxlama zamanı şəxsin üzərindən 1 ədəd “Redmi Note 9” markalı, İMEİ1:**********43767 İMEİ2:**********50282 nömrəli mobil telefon və 1 ədəd C00032178 nömrəli pasport götürülmüşdür. - 11 iyun 2024-cü il tarixli kart məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs 5239 1517 3969 4753 hesab nömrəli bank kartına X9 tərəfindən 28 dekabr 2023-cü il tarixdə 220 manat, şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən 05 yanvar 2024-cü il tarixdə 10 manat, 07 yanvar 2024-cü il tarixdə 30 manat, 27 yanvar 2024-cü il tarixdə 15 manat, 31 yanvar 2024-cü il tarixdə 15 manat, X4 tərəfindən 08 fevral 2024-cü il tarixdə 20 manat və 10 fevral 2024-cü il tarixdə 20 manat olmaqla ümumilikdə 40 manat, şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən 11 fevral 2024-cü il tarixdə 5 manat, 22 mart 2024-cü il tarixdə 80 manat, 06 aprel 2024-cü il tarixdə 200 manat , X7 tərəfindən 07 aprel 2024-cü il tarixdə 100 manat, şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən 16 aprel 2024-cü il tarixdə 1 manat, 15 aprel 2024-cü il tarixdə 450 manat, 26 aprel 2024-cü tarixdə 300 manat, 03 may 2024-cü il tarixdə 300 manat mədaxil olunmuşdur. - 18 iyun 2024-cü il tarixli telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan +**********19 mobil nömrəsinə aid telefon danışıqlarına dair məlumatların köçürüldüyü bir ədəd CD-ə baxış keçirilmiş, X5 istifadəsində olmuş +**********00 mobil nömrəsi ilə 13 oktyabr 2023-cü ildən 6 may 2024-cü ilədək aralarında çoxsaylı danışıqlar olması, həmçinin X6 istifadəsində olmuş +**********85 mobil nömrəsi ilə 13 yanvar 2024-cü ildən 6 may 2024-cü ilədək aralarında çoxsaylı danışıqlar olması müəyyən olunmuşdur. - 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9” markalı mobil telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində əvvəllər də bir neçə dəfə İran İslam Respublikasından narkotik vasitə alaraq Naxçıvan Muxtar Respublikasına gətirdiyini, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Mehdi adlı şəxsdən aldığını və Naxçıvan Muxtar Respublikasında Mehdinin dediyi yerlərə qoymaqla istintaqa məlum olmayan şəxslərə çatdırdığını və narkotik vasitələri qoyduqdan sonra mobil telefonu ilə yerinin şəkillərini çəkib Mehdiyə göndərdiyini və daha sonra həmin şəkilləri telefonundan sildiyini bildirdiyindən Təqsirləndirilən şəxs mobil telefonundan silinmiş şəkilləri geri qaytarmaq üçün mobil telefon internetə qoşularaq “Play Store” adlı proqrama daxil olunmuş, “Play Store” proqramından silinmiş şəkilləri bərpa etmək üçün yaradılmış proqram olan “DiskDigger Photo Recovery” adlı proqram mobil telefona yüklənmiş və daha sonra proqram işə salınaraq mobil telefondan silinmiş şəkillər bərpa edilmişdir “DiskDigger Photo Recovery” proqramı vasitəsilə mobil telefondan silinmiş şəkillərdən 6 ədəd şəkil iş üzrə əhəmiyyət kəsb etdiyindən bərpa olunaraq mobil telefonun yaddaşına yüklənmiş və qeyd olunan şəkillərdən ibarət fotocədvəl protokola və cinayət işinin materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Naxçıvan MR Şərur Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnaməyə görə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. 11 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, törətdikləri cinayət əməlinə görə Təqsirləndirilən şəxs məhkəmə məsuliyyətinə verilməsi, cinayətin iştirakçısı olan digər şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi məqsədi ilə cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan ********* nömrəli cinayət işindən cinayətin iştirakçısı olmuş digər şəxslər barəsində, habelə digər fakt və cinayət xarakterli məlumatlarla bağlı Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq müstəntiqin icraatına qəbul edilmişdir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə, digəri (digərləri ) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1, 206.1-1, 206.1-2 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Cinayət işinin materiallarında olan şəxsi yoxlama aparılması haqqında protokoldan, o cümlədən Təqsirləndirilən şəxs məxsus “Redmi Note 9” markalı mobil telefona baxış zamanı mobil telefonun telefon adlı proqramının gedən və gələn zənglər siyahısından aşkar olunaraq götürülmüş 3 ədəd səs yazısının olduğu DVD-yə baxış keçirilməsi haqqında protokoldan, o cümlədən telefonun yaddaşından silinmiş sonradan proqram vasitəsilə bərpa olunmuş şəkillərdən görünür ki, F.Məmmədovun göstərişləri əsasında S.X15 Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən aldığı narkotik vasitələri həm F.Məmmədova , o cümlədən Mehdinin tapşırığı ilə onun dediyi şəxslərə çatdırması və əvvəlcədən dediyi yerlərə qoyduqdan sonra həmin yerlərin şəkillərini çəkib ona atması bir daha onun Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayər əməllərini törətməsini təsdiq edir. İşdə olan Təqsirləndirilən şəxs məxsus olan +**********19 mobil nömrəsi ilə əlaqə saxladığı şəxslərlə arasında olan telefon danışıqlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs X5 istifadəsində olmuş +**********00 mobil nömrəsi ilə 13 oktyabr 2023-cü ildən 6 may 2024-cü ilədək, həmçinin X6 istifadəsində olmuş +**********85 mobil nömrəsi ilə 13 yanvar 2024-cü il tarixdən 6 may 2024-cü il tarixədək aralarında çoxsaylı danışıqlar olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsindən, o cümlədən işdə olan mötəbər sübutlardan görünür ki, qabaqcadan aralarında olan razılaşmaya görə cinayətkar dəstənin digər üzvü onunla qabaqcadan əlbir olan Faiq Məmmədovun göstərişləri əsasında təqsirləndirilən şəxs S.X15 Respublikasının vətəndaşı Mehdi adlı şəxsdən bir neçə dəfə narkotik vasitə alıb əldə etməklə gömrük nəzarətindən gizli keçirib F.Məmmədova çatdırmış, o isə öz növbəsində həmin narkotik vasitələrin müxtəlif şəxslərə satışını reallaşdırmışdır. Həmin narkotik vasitələri gətirərkən Təqsirləndirilən şəxs Faiqin göstərişi əsasında geyindiyi alt paltarının içərisinə corab formasında cib tikmiş və hər dəfəsində narkotik vasitələri həmin cibdə gizlədərək gömrükdən keçirib gətirməklə cinayətkar qrupun digər üzvü F.Məmmədova çatdırmışdır. Hər dəfə gətirdiyi mala görə həm F.Məmmədov tərəfindən nağd şəkildə, həm də narkotik vasitə satdığı müxtəlif şəxslərin adından istifadəsində olan 5239 1517 3969 4753 hesab nömrəli bank kartına ödənişlər olunmuşdur. Cinayət işində olan 11 iyul 2024-cü il tarixli 49 №li “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə cinayəti törətməkdə əlbir olan digər şəxslərin barəsində hazırki cinayət işinin materiallarında Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə ittiham verilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən qurudulmuş marixuananın 5 qramdan (İ siyahı Narkotik vasitələr) artıq olması xeyli miqdardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlardan aydın göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olmasını, bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən gömrük nəzarətindən kənar və ya ondan gizli... keçirilməsi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin, bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə Cinayət Məcəlləsinin 234.4.1-ci tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2cü maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 31/2024 nömrəli, 10 may 2024-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 08 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 302,99 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. - 01 ədəd alt tumanı Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi Note 9” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus C00032178 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd DVD və 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, 234.4.1-ci maddəsi ilə 6 (altı) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə-bioloji ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 302,99 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. - 01 ədəd alt tumanı Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi Note 9” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus C00032178 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd DVD və 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Arzuyar Kərimov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar