Məhkəmə qərarları › İş №1(109)-38/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-38/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-38/2025 03.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 12:40 Hakimlər - Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və tərcüməçi X3 iştirakları ilə xx xxxx 1972-ci ildə Türkiyə Respublikasının Qars şəhərində doğulmuş, evli, 2 uşaq atası, Türkiyə Respublikasının vətəndaşı, əvvəllər sürücü işləyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Türkiyə Respublikası, Qars şəhəri, Mərkəzdikmə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Türkiyədə baş vermiş zəlzələ zamanı o, Malatya şəhərində yaşamış, Malatyada olan zəlzələ zamanı ailəsindən 16 nəfər itirmiş, 8-9 ay işləyə bilməmişdir. Bu hadisədən sonra onun psixologiyası pozulmuş, baş vermiş hadisələrdən sonra o narkotik istifadə etməyə başlamışdır. O, əvvəlcədən də tır sürücüsü işləmiş, Naxçıvan-İran yolunu çox gedibgəlmişdir. Hadisə günü Tehran tərəfdən Zəncana gəlmiş, nəqliyyat vasitəsini yolun kənarına çəkib dayanmış, oturub biraz dincəlmiş, yol kənarında satılan qarpızdan alıb yemiş, qarpızı yeyən zaman satıcı narkotik vasitə satdığını bildirərək ona da təklif etmişdir. Oda öz istifadə etdiyi narkotik vasitə olan metamfetamini almış, ona satdığı metamfetaminin isə 50 qram olduğunu bildirmiş, 90 qram olduğunu deməmişdir. Qarpız satana narkotik qarşılığında 50 dollar pul vermişdir. Sonra yük nəqliyyat vasitəsinə minib birbaşa İran İslam Respublikasının Culfa gömrüyünə gəlmiş, orada sənədlərini hazır etdikdən sonra X4 keçmiş, gömrüyə girən zaman sıra ilə avtomobilləri yoxlamışlar, orada gözləyən vaxt heç kim ondan heç nə soruşmamış, daha sonra yük nəqliyyat vasitəsini yoxlamaya aparmışlar, möhürü kəsdikdən sonra yükün şəkillərini çəkmişlər, sonra avtomobilin içərisini yoxlamışlar. Yoxlama zamanı gömrük əməkdaşları ondan üzərində və yük nəqliyyat vasitəsində qanunla qadağan olunmuş nə isə olub-olmadığını soruşmuşlar, təqsirləndirilən şəxs gömrüyə girişdə birinci yoxlanışda üzərində və nəqliyyat vasitəsində qanunla qadağan olunan heç nə olmadığını bildirmiş, gömrük əməkdaşları onun hərəkətlərindən şübhələndiyi üçün nəqliyyat vasitəsini yoxlanış üçün anbara çəkmişlər. Anbarda yük nəqliyyat vasitəsinin yanında şahidlik edən gömrük əməkdaşları olmuşdur. Onlar yük nəqliyyat vasitəsini yoxlamaq üçün kiniloji it gətirmişlər. Gömrük əməkdaşı yoxlamanı telefonla çəkmişdir. İtlə nəqliyyat vasitəsini yoxladıqdan sonra ondan təkərin qoruyucu qapağını göstərib nə olduğunu soruşmuşlar, oda nə olduğunu demiş, gömrük əməkdaşları narkotiki oradan götürmüşlər. Metamfetamini gömrük əməkdaşları tapdıqdan sonra 2 ədəd şüşə kolbanın yerini özü söyləmişdir. İkinci yoxlanış zamanı soruşanda onun narkotik olduğunu və özünün istifadə etdiyini bildirmişdir. Yoxlama zamanı çıxan narkotiki yanında tərəzi də çəkmişlər, daha sonra isə narkotiki nə etdiklərini bilməmişdir. Günlük 5-6 qram, bəzən isə 7 qram narkotik istifadə etmiş, narkotiki falqa vasitəsi ilə çəkmişdir. X8 Respublikasında alıb orada istifadə etdiyini, Azərbaycan tərəfə keçirmədiyini, sonuncu dəfə bacısının ona telefonla zəng etdiyini, danışdıqlarını, bacısının ona - “Anamın səhhəti ağırlaşıb, onu xəstəxanaya aparmaq lazımdır” – söylədiyini bildirmişdir. Həm artıq işləmək istəmədiyi üçün, həm də Türkiyəyə gedəndən sonra anasını Ərzurum şəhər xəstəxanasına aparıb onun yanında qalacağı üçün İran İslam Respublikasına gedə bilməyəcəyini düşünüb Türkiyədə olanda istifadə etmək üçün narkotik vasitəni çox almışdır. Narkotik gizli yerə yox, təkərin qoruyucu qapağındakı boşluğa qoymuş, onun düşmə ehtimalı olmamışdır. İranda olan zaman aldığı narkotikdən 4-5 dəfə istifadə etmiş, narkotikdən istifadə etdikdən sonra yenidən yerinə qoymuşdur. Narkotiki sonradan yox, İran İslam Respublikasında alandan sonra təkərin qoruyucu qapağına qoymuş, metamfetamini orada gizlətməmiş, saxlanc yeri ora olmuşdur. Birinci yoxlanış zamanı özü narkotikdən istifadə etdiyi üçün heç onu bəyan etmək ağlına gəlməmiş, narkotikin burada qadağan olduğunu bilmədiyi üçün bəyan etməmiş, heç bir şeydən qorxmamış, çəkinməmişdir. Gömrük əməkdaşları nəqliyyat vastəsində nə olduğunu soruşmuşlar, oda siqaret və evə aldığı ərzaqlardan başqa qadağan olunan heç nə olmadığını qeyd etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 22 avqust 2025-ci il günorta saatları inspektor Ruslan ona zəng edib kinoloji itlə anbara gəlməyini istəmişdir. Anbarda inspektor Ruslan və Həsən olmuş, Həsən videoçəkiliş etmişdir. Təqsirləndirilən şəxs bildiriş təqdim etmişlər, üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş nə isə olub-olmadığı soruşulmuş, təqsirləndirilən şəxsdə heç bir şey olmadığını söyləmişdir. Anbarın qapısının yanında olan Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsini xidməti itlə yoxlamış, sol tərəfdə it reaksiya vermiş, Ruslan əlavə baxış keçirmiş, itin reaksiya verdiyi yerdən şampun qabının içərisində psixotrop maddəyə bənzər kütlə aşkar etmiş, daha sonra təqsirləndirilən şəxsin özü kolbaların yerin demişdir. Aşkar etdikləri psixotrop maddəyə bənzər kütlənin kimin olduğunu soruşduqda təqsirləndirilən şəxs özünün olduğunu bildirmişdir. Həmin psixotrop maddəyə bənzər kütləni sürücü tərəfdən kırlonun arxasına qoymuş, həmin yer isə gözlə görünən olmamışdır. Təqsirləndirilən şəxsə gömrük əməkdaşları tərəfindən heç bir təyziq və təsir olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunun inspektoru vəzifəsində işləyir. 22 avqust 2025-ci il tarixində Culfa gömrük postunda yük xidmətdə olarkən postun digər əməkdaşı Şahid1 Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs şübhələndiyini bildirmiş, onun idarə etdiyi 34GH9524/76AAR419 dövlət qeydiyyat nişanlı “Mercedes- Benz” markalı yük nəqliyyat vasitəsini yoxlayacağını və həmin yoxlamada videoçəkiliş aparmağını xahiş etmişdir. Yoxlamanın aparılcağı anbara getmiş, kinoloji xidmətin əməkdaşı Şahid3 da orada olmuşdur. Təqsirləndirilən şəxs İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “şüşə yükü apardığını söyləmişdir. Onun tərəfindən videoçəkiliş aparılmış, həmin vaxt təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilmiş, üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş nə isə olub-olmadığı soruşulmuş, təqsirləndirilən şəxsdə heç bir şey olmadığını söyləmişdir. Daha sonra Nurlan xidməti itlə maşını yoxlamağa başlamış, yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin ön təkərlərinin arxa tərəfində olan boşluğa reaksiya vermişdir. Xidməti it reaksiya verən yerlərə baxış keçirmişlər, baxış zamanı nəqliyyat vasitəsinin sol ön təkərinin arxa hissəsindən şampun qabın içərisində gizlədilmiş qara rəngli sellofana bükülmüş bir büküm psixotrop maddəyə bənzər kütlə aşkar etmişlər və psixotrop maddəyə bənzər kütlə aşkar etdikdən sonra təqsirləndirilən şəxsin özü sağ ön təkərinin arxa tərəfi boşluğunda iki ədəd kolba olduğunu bildirmişdir. Təqsirlən şəxs psixotrop maddəyə bənzər kütləni İrandan aldığını söyləmişdir. Sonra aşkar edilmiş həmin bükümü elektron tərəzidə çəkmişlər, sonda yoxlamalar barədə protokol tərtib edilmiş, sürücü, sənədlər və psixotrop maddəyə bənzər kütləni ekspertizaya göndərmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Culfa gömrük postunun inspektoru vəzifəsində işləyir. 22 avqust 2025-ci il tarixində Culfa gömrük postunda nəqliyyat vasitələrinin giriş müayinə postunda xidmət apararkən İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına “şüşə yükü aparan Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 34GH9524/76AAR419 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi gəlmiş, ilk öncə nəqliyyat vasitəsinə vizual baxış keçirmiş, həmin vaxt sürücünün hərəkətlərindən şübhələnmiş, təqsirləndirilən şəxsin özünə “Narkotik vasitə istifadə edənə oxşayırsan” demiş, oda oğlunun polis işlədiyini, heç vaxt elə bir şey etmiyəcəyini bildirmişdir. Üzərində və nəqliyyat vasitəsində qadağan olunmuş nə isə olub-olmadığı soruşulmuş, təqsirləndirilən şəxsdə heç bir şey olmadığını söyləmişdir. Daha sonra nəqliyyat vasitəsini yoxlamaq üçün anbara aparmış, Nurlana zəng edib kinoloji iti anbara gətirməyini söyləmişdir. Anbarda postun digər inspektoru Şahid2 tərəfindən videoçəkiliş aparılmış, Nurlanda xidməti itlə birlikdə nəqliyyat vasitəsini yoxlamağa başlamışdır. Nurlan xidməti iti tətbiqi edəndə it nəqliyyat vasitəsinin ön təkərlərinin arxa tərəfindəki boşluğa reaksiya vermiş, bu zaman nəqliyyat vasitəsinin sol ön təkərinin arxa tərəfindəki boşluğa baxış keçirmiş, orada göy rəngli plastik şampun qabı olduğunu görmüşdür. Həmin qabın içərisindən psixotrop maddəyə bənzər kütlə aşkar etmiş, qabı çıxartdıqdan sonra təqsirləndirilən şəxsin özü kolbaların yerini söyləmişdir. Yoxlanış zamanı təqsirləndirilən şəxs ona və digər gömrük əməkdaşlarına heç bir müqavimət göstərməmiş, sadəcə ailəvi problemi olduğu üçün narkotik istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 23 avqust 2025-ci il tarixli, 901 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim edilən, üzərində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi..” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd üzəri yapışqan bantla sarılmış qara rəngli sellofan bükümün içərisində şəffaf sellofan bükümdə təmiz çəkisi-98, 630 qram olan ağ rəngli, kristal və tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrinin” siyahısına (İ siyahı, İİ bənd, sıra № 27) daxildir. Naxçıvan MR X1 : - 16 sentyabr 2025-ci il tarixli, 435 saylı ambulator məcburi narkoloji yoxlanılması ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomandır və məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs daha çox metamfetamin narkotik vasitəsinə aludədir. - 16 sentyabr 2025-ci il tarixli, 436 saylı ambulator məhkəmə - psixatrik ekspertizasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik yoxdur, o anlaqlıdır, həmçinin onun anlaqlılığı istisna etməyən psixi pozuntusu yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. 25 avqust 2025-ci il tarixli “Maddi sübutun tanınması və saxlanca qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi – 98,630 qram psixotrop maddə olan metamfetamin, 2 ədəd kolba və 1 ədəd göy rəngli plastik qab cinayətin predmeti olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 98,580 qram metamfetamin, 2 ədəd kolba və 1 ədəd göy rəngli plastik qab Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında, 12 ədəd yararsız divar panelinin isə Naxçıvan Baş Gömrük İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 22 avqust 2025-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 34GH9524/76AAR419 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsinin sol ön təkərinin arxasındakı gizli saxlanc yerindən göy rəngli plastik qabın içərisində gizlədilmiş qara rəngli sellofan paketə bükülmüş, sellofan paket ilə birlikdə çəkisi 114 qram olan ağ duz kristalı halında psixotrop maddəyə bənzər kütlə və sağ ön təkərinin arxasındakı gizli saxlanc yerindən 2 ədəd kolba aşkar edilmişdir. Daha sonra nəqliyyat vasitəsinin gizli saxlanc yerlərinə ətraflı baxış kçirilməsi üçün X-Ray rentgen qurğusuna yoxlamadan keçməyə göndərilmiş, lakin heç nə aşkar edilməmişdir. - 22 avqust 2025-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı xarici vətəndaş Təqsirləndirilən şəxs üzərindən gömrük nəzarətinə xarici vətəndaşa məxsus U36300744 nömrəli pasport, 2 ədəd “Redmi 14C” markalı İMEİ 1: **********40303/11 və İMEİ 2: **********540311/11 və İMEİ 1: **********50889/11 nömrəli mobil telefonlar götürülmüşdür. 26 avqust 2025-ci il tarixli qərardan aydın olur ki, “Azərterminalkompleks” Birliyinin Naxçıvan Ərazi İdarəsinin Mühafizə olunan ərazisində saxlanılan – Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 34 GH9524// 76AAR419 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi texniki pasportu ilə birlikdə saz vəziyyətdə X5 verilmişdir. - 09 sentyabr 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-də qeydə alınmış video-görüntünün 6 dəqiqə 20 saniyə olduğu müəyyən edilmişdir və məlum olur ki, gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində bəyan ediləcək əşya olmadığını bildirir. Sonra gömrük əməkdaşı tərəfindən yoxlama başlanılır, həmçinin xidməti itlə birlikdə yoxlama davam etdirilir, xidməti itin çəkilişin 3-cü dəqiqəsində yük nəqliyyat vasitəsinin sol ön təkərinin arxasındakı saxlanc yerinə verdiyi reaksiyaya əsasən həmin yerə baxış keçirilir, həmin yerdən göy rəngli plastik qabın içərisində gizlədilmiş qara rəngli sellofan paketdə bükülmüş, ümumilikdə çəkisi 114 qram olan ağ duz kristalı halında psixotrop maddəyə kütlə aşkarlanır, Təqsirləndirilən şəxs aşkar olunan şeyi öz istifadəsi üçün aldığını bildirir, nəqliyyat vasitəsinə baxış davam etdirilir, nəqliyyat vasitəsinin sağ ön təkərinin arxasındakı saxlanc yerində Təqsirləndirilən şəxs aşkar olunmuş maddəni çəkmək üçün əşya olduğunu deyir və həmin yerdən 2 ədəd trubka aşkar olunur. Aşkar olunmuş qara rəngli sellofanın içərisində olan maddə sellofanla birlikdə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 114 qram olması qeyd olunur. Əlavə yoxlama zamanı nəqliyyat vasitəsindən hər hansı bir əşya aşkar edilmir. Nəticədə, Təqsirləndirilən şəxs oğlu bildirdi ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunmuş maddə metamfetamin psixotrop maddəsidir, həmçinin nəqliyyat vasitəsindən aşkar olunmuş 2 ədəd kolbanı da özü aşkar olunduğu yerə qoymuşdur. Həmin maddələri şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə 22 avqust 2025-ci il tarixdə tərcüməçi və dövlət hesabına müdafiəçi ilə təmin olunub, 24 avqust 2025-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 22 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-1-ci maddələri ilə yenidən ittiham edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X2 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 5-ci bəndinə əsasən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn: üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi, onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metafetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Belə ki, 22 avqust 2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs İran İslam Respublikasında Zəncan tərəfdən gələrəkən idarə etdiyi “Mersedes-Benz” markalı, 34GH9524/76AAR419 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsin yol kənarında saxlamış, yol kənarındakı satıcıdan qarpız almış, satıcı ona narkotik vasitə təklif etmiş, Təqsirləndirilən şəxs onla razılaşaraq 50 dollar qarşılığında metamfetamin almışdır. Satış məqsədi olmadan 98.630 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib qara rəngli sellofana bükərək göy rəngli plastik qabın içərisinə qoyub idarə etdiyi “Mersedes-Benz” markalı, 34GH9524/76AAR419 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sol ön təkərinin arxasındakı gizli saxlanc yerində gizlədərək saxlamaqla daşımış, 22 avqust 2025-ci il tarixdə, X10 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, həmin vaxt onun idarə etdiyi “Mersedes-Benz” markalı, 34GH9524/76AAR419 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin X10nun əməkdaşları tərəfindən yoxlama aparılarkən 1 bükümdə təmiz çəkisi 98,630 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda humanizm və ədalət prinsipləri təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini də özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın təyin edilməsi üç əlaqəli məqsədə nail olmağa xidmət edir: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Burada xüsusilə nəzərə alınmalı olan cəzanın törədilmiş cinayətə görə intiqam xarakterli olması deyil, sosial ədalətin bərpası məqsədi ilə təyin edilməli olmasıdır. Sosial ədalətin bərpası da cəzanın məqsədi kimi o halda həyata keçirilir ki, cinayət törədilməsi ilə sosial balans pozulsun və onun bərpası üçün törədilmiş cinayətə uyğun cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmə maddəsi üzrə sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma maddəsi üzrə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olubolmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs peşman olduğunu, 83 yaşında anası olmağını nəzərə almaqlarını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(078)-61/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 22 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 22 avqust 2025ci il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulmasa da, məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac vardır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarırmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olduğunu müzakirə edərək belə nəticəyə gəlir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla 98,580 qram metamfetamin psixotrop maddəsi, 02 ədəd kolba, 01 ədəd göy rəngli plastik qab məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs oğluna məxsus 02 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U 36300744 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 03 ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin, ona həmin Məcəllənin 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi2 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlancı otağında saxlanılan ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla 98,580 qram metamfetamin psixotrop maddəsi, 02 ədəd kolba və 01 ədəd göy rəngli plastik qab məhv edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 02 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U 36300744 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Cinayət işi üzrə prosessual sənədlərin elektron variantı olan 03 ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar