Məhkəmə qərarları › İş №1(109)-39/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-39/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-39/2024 27.08.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin ikinci dərəcəli hüquqşünası Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, evli, 3 uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, sürücü işləyən, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi Balandin 42 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Yeni yaşayış massivi 174 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 6 həb xeyli miqdarda narkotik vasitə olan metadon dərman preparatı, 0,377 qramdan artıq xeyli miqdarda narkotik vasitə heroin və 2,208 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, 1 həb narkotik vasitə olan metadon dərman preparatı ilə birlikdə heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsinin bir qismini istifadə etdikdən sonra malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə qalan ümumilikdə təsiredici maddəsinin miqdarı 0,1 qram olan 5 həb xeyli miqdarda olan narkotik vasitə olan metadon dərman preparatının 1 həbini əyninə geyindiyi idman şalvarının sağ cibində, digər 4 həbi, şəffaf sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 0,377 qram xeyli miqdarda olan narkotik vasitə heroini və şəffaf sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 2,208 qram külli miqdarda olan psixotrop maddə metamfetamini siqaret qutusuna qoyaraq sağ ayağındakı corabın içərisində gizlədərək saxlamaqla daşımış, 20 may 2024-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, həmin vaxt onun üzərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa“ Gömrük postunun əməkdaşları tərəfindən şəxsi yoxlama aparılarkən ümumilikdə təsiredici maddəsinin miqdarı 0,1 qram olan 5 həb xeyli miqdarda narkotik vasitə olan metadon dərman preparatı, bir ədəd bükümdə təmiz çəkisi 0,377 qram xeyli miqdarda açıq qəhvəyi rəngli, spesifik iyli tozşəkilli hissəciklərdən ibarət maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 2,208 qram külli miqdarda ağ rəngli, kristal formada və tozşəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aldığı şəxsi daha əvvəl tanımamış, onun mobil nömrəsini Bakı şəhərində olarkən narkotik vasitə istifadəçisi olan Elzamin adlı şəxsdən almışdır. Elzamin adlı şəxs İrandakı həmin şəxslə danışaraq ona Vüsaldan pul almamasını tapşırmış, Təqsirləndirilən şəxs Bakı şəhərindən Naxçıvan şəhərinə gübrə yükü gətirərkən İran İslam Respublikasında olan Niko adlı şəxslə əlaqə saxlayaraq ondan şəxsi istifadəsi üçün ödəniş etmədən narkotik vasitə almışdır. Niko adlı şəxsdən heroin narkotik vasitəsi və metadon həbi gətirməsini istə də, həmin şəxs ona hədiyyə olaraq metamfetamin psixotrop maddəsini də gətirmişdir. Naxçıvan şəhərinə gəlməmişdən bir gün əvvəl İranda olarkən aldığı narkotik vasitələrin və psixotrop maddənin bir qismini istifadə etmiş, qalanını isə üzərində Naxçıvan şəhərinə keçirmək istəyərkən Culfa gömrük postunun əməkdaşları tərəfindən tutulmuşdur. Culfa gömrük postunda şübhəli şəxs kimi saxlanılmış, ondan üzərində qanunla qadağan olunmuş hər hansı predmetin olub-olmadığı soruşulduqda üzərindəkiləri bəyan etməmişdir. Şəxsi yoxlama aparıldıqda cibindəki metadon həbi və corabında gizlətdiyi siqaret qutusunun içərisindəki narkotik vasitə və psixotrop maddə aşkar edilmiş, yoxlama zamanı video çəkiliş aparılmış, ona qarşı heç bir qanunsuz hərəkət, təsir və təzyiq göstərilməmiş, aşkar olunanlar sənədləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirmişdir ki, təxminən 2 ildir mütamadi olaraq ağrıları olan zaman iynə vurmaqla narkotik vasitə qəbul edir. Daha əvvəl bir neçə dəfə müalicə almasına baxmayaraq, narkotikdən istifadə etməyə davam etmişdir. Üzərindən aşkar olunan narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün almışdır. Aldığı mallara pul ödəmədiyi üçün çəkisini dəqiq bilməmişdir. Gömrük əməkdaşları ondan üzərində qanunla qadağan olunmuş əşyanın olmasını soruşduqları zaman üzərində gizlətdiyi narkotik vasitə və psixotrop maddəni əlindən almasınlar deyə bəyan etməmişdir. Törətdiyi əməldən çox peşmandır. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 may 2024-cü il tarixində “Culfa“gömrük postunda xidmətdə olarkən Bakıdan Naxçıvana gələn yük nəqliyyat vasitəsində hal şahidlərinin iştirakı ilə yoxlama keçirmiş, yük nəqliyyat vasitəsində qanunla qadağan edilmiş bir şey aşkar etməmişdir. Sürücünün danışıqları və hərəkətləri, qolundakı bəzi izlər onda şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama aparmaq qərarına gəlmiş, müvafiq icazəni aldıqdan sonra sürücünü şəxsi yoxlama otağına dəvət etmişdir. Əvvəlcə ondan üzərində qanunla qadağan olunmuş hər hansı predmetin olub olmadığını soruşmuş, sürücü “xeyr” cavabını verdikdən sonra şəxsi yoxlamaya başlamışdır. Post əməkdaşı Şahid2 isə video çəkiliş aparmışdır. Şəxsi yoxlama zamanı sürücünün sağ cibindən ağ rəngli salfetə bükülmüş 1 ədəd naməlum tərkibli dərman, sağ ayağına geyindiyi corabın içərisində olan siqaret qutusunda iki büküm narkotik vasitəyə bənzər kütlə, siqaret qutusunun içindən çıxan kibrit qutusundan bir ədəd şpris iynəsi və bir ədəd baş hissəsi qırılmış boş ampul, sürücünün sol ayağına baxış keçirərkən geyindiyi corabın içərisindən iki ədəd göy rəngli plastik şpris (iynələri ilə birlikdə) aşkar etmişdir. Aşkar etdiyi iki bükümü ayrı-ayrılıqda elektron tərəzidə çəkmiş, toz halında olan kütlənin çəkisinin 0.8 qram, kristal halında olan kütlənin çəkisinin isə 2.7 qram olduğu məlum olmuşdur. Şəxsi soyundurmaq zərurəti yarandığından videoçəkilişi dayandırıb iki nəfər hal şahidi çağırmış, onların iştirakı ilə keçirilən yoxlama zamanı qanunla qadağan olunmuş heç nə aşkar etməmişdir. Sürücü şəxsi yoxlama zamanı heç bir müqavimət göstərməmiş, aşkar olunan bükümlərdəki maddələr barədə soruşduğunda, həmin narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 may 2024-cü il tarixdə xidmətdə olduğu zaman iş yoldaşı Şahid1 ona avtonəqliyyat vasitəsinə baxış keçirdiyini zaman həmin avtonəqliyyat vasitəsini idarə edən sürücüdən şübhələndiyi üçün şəxsi yoxlama aparmaq qərarına gəldiyini bildirmiş və ondan videoçəkiliş aparmasını xahiş etmişdir. Şəxsi yoxlama aparılması üçün ayrılmış otaqda sürücünün üzərinə baxış keçirilən zaman telefonu ilə videoçəkiliş aparmışdır. Yoxlama zamanı gömrük əməkdaşı Şahid1 sürücüdən üzərində qanunla qadağan olunmuş hər hansı predmetin olubolmadığını soruşmuş, sürücü “xeyr” cavabını verdikdən sonra yoxlamaya başlamışdır. Sürücünün cibindən salfetə bükülmüş bir ədəd tabletka, ayağına geyindiyi corabın içərisindəki siqaret qutusunun içərisindən bükümdə narkotikə bənzər maddə, digər ayağına geyindiyi corabın içərisindən şpris və onun iynəsi aşkar olunmuşdur. Şahid1 ondan üzərindən aşkar olunanlar barədə soruşduğunda sürücü xəstə olduğunu, narkotik vasitə istifadə etdiyini, İran İslam Respublikasından öz istifadəsi üçün aldığını və ilk dəfədir bu yolu getdiyini bildirmişdir. Daha sonra aşkarlanan bükümlər tərəzidə çəkilmiş, sənədləşmə aparılaraq Baş İdarəyə göndərilmişdir. Təqsirləndirilən şəxs yoxlama zamanı gömrük əməkdaşına hər hansı şəkildə müqavimət göstərməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 21 may 2024-cü il tarixli, 530 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd kağız zərfin içərisindəki, - 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,208 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olam metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir (İ siyahı; İİ bənd; sıra № 27). - 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,377 qram olan açıq-qəhvəyi rəngli spesifik iyli tozşəkilli hissəciklərdən ibarət maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı"na daxildir (İ siyahı; № 49). - 01 ədəd salfet bükümdə 01 ədəd və 01 ədəd şəffaf sellofan bükümdə 04 ədəd olmaqla ümumilikdə 05 ədəd ağ rəngli dərman preparatları (təsiredici maddəsinin miqdarı 0,1 qram) narkotik vasitə olan metadon dərman preparatlarıdır. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısı"na daxildir (İİ siyahı; İ bənd; sıra № 6). Metamfetaminin təmiz çəkisi 2,208 qram, tədqiqata sərf edilən 0,03 qram, qalıq 2,178 qramdır. Qablaşdırma üçün istifadə edilən 01 ədəd sellofan bükümün çəkisi 0,492 qramdır. Heronin təmiz çəkisi 0,377 qram, tədqiqata sərf edilən 0,02 qram qalıq 0,357 qramdır. Qablaşdırma üçün istifadə edilən 01 ədəd sellofan bükümün çəkisi 0,423 qramdır. Metadon həblərinin sayı 05 həb, tədqiqata sərf edilən 01 həb, qalıq 04 həbdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2: - xx.xx.2024-cü il tarixli, 213 saylı ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs opioid narkomaniyası aşkar olundu. Hazırda məcburi müalicəyə ehtiyacı var. Dispanser qeydiyyata alınması məsləhətdir. - xx.xx.2024-cü il tarixli, 214 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində göstərilir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. O, cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 20 may 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi 77JE852/99YF629 dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsində 20 kq qarışıq ərzaqdan, 46 qutu (920 ədəd) siqaret və 232 ədəd dərman preparatından əlavə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və bəyan ediləsi hər hansı predmetin olmadığını bildirmiş, yük nəqliyyat vasitəsindən qanunla qadağan edilmiş heçnə aşkar edilməmişdir. - 20 may 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi idman şalvarının sağ cibindən ağ salfetə bükülmüş, ağ rəngli bir ədəd naməlum tərkibli dərman preparatı, sağ ayağına geyindiyi corabın içərisində olan siqaret qutusundan şəffaf sellofana bükülmüş, ağ rəngli dörd ədəd naməlum tərkibli dərman preparatı, şəffaf sellefona bükülmüş bir bükümdə qablaşdırma ilə birgə çəkisi 0.8 qram olan toz şəklində, tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə, şəffaf sellofana bükülmüş bir bükümdə qablaşdırma ilə birgə çəkisi 2.7 qram olan duz kristalları halında psixotrop maddəyə bənzər kütlə, siqaret qutusunun içindəki kibrit qutusundan isə bir ədəd şpris iynəsi və bir ədəd başı qırıq boş ampul, sol ayağına geyindiyi corabın içərisindən isə şəffaf sellofana bükülmüş iki ədəd iynəsi ilə birgə göy rəngli plastik şpris aşkar edilmişdir. Həmçinin götürmə zamanı şəxsin əyninə geyindiyi idman şalvarı, sağ və sol ayağına geyindiyi corablar, bükümlərin aşkar edildiyi siqaret qutusu və kibrit qutusu qablaşdırılaraq götürülmüşdür. Şəxsin gömrük nəzarətinə təqdim etdiyi özünə məxsus C03205258 nömrəli pasport və Samsung Galaxy A02s markalı, **********47382/**********47385 imei nömrəli mobil telefon götürülmüşdür. - 24 iyul 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DVD-də qeydə alınmış video-görüntü 3 dəqiqə 16 saniyə olması müəyyən edildi və məlum oldu ki, gömrük yoxlaması video çəkilişlə Təqsirləndirilən şəxs gömrük əməkdaşı tərəfindən hüquq və vəzifələri izah olunmaqla başlayır. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs üzərində bəyan ediləcək əşya olmadığını bildirir. Sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmağa başlanılır. Yoxlama zamanı əyninə geyindiyi idman şalvarının sağ cibindən bir ədəd ağ rəngli həb, sonra sağ ayağındakı corabın içərisindən siqaret qutusu aşkarlanır ki, həmin siqaret qutusuna baxış zamanı içərisindən bir ədəd kibrit qutusu, 4 ədəd ağ rəngli həb, şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütlə və şəffaf sellofana bükülmüş bir bükümdə psixotrop maddəyə bənzər kütlə, kibrit qutusunun içərisindən 1 ədəd şpris iynəsi və 1 ədəd başı qırılmış ampul və sol ayağına geyindiyi corabın içərisindən göy rəngli şprislər aşkarlanır və videoçəkiliş şəxsi soyundurmaq zərurəti yarandığı üçün şəxsi yoxlamaya hal şahidlərinin iştirakı ilə davam ediləcəyi bildirilərək dayandırılır. Nəticədə, Təqsirləndirilən şəxs bildirdi ki, üzərində keçirilmiş şəxsi yoxlama onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı üzərindən aşkar olunmuş maddələr ekspert rəyində göstərilmiş maddələrdir ki, həmin maddələr onun özünə məxsus olub, öz istifadəsi üçün daşımışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə baxışı prosesində təqdim olunmuş 03 iyun 2024-cü il tarixli, 3113 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs iki dəfə stasionar, dəfələrlə ambulator müalicə alıb. xx.xx.2022xx.xx.2022 və xx.xx.2023-xx.xx.2023 tarixlərdə “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində stasionar müalicədə olub. xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsində ambulator müalicə almışdır. Müalicə müddətlərində Tramadol 50 mg, Preqabalin 150 mg, Eqolanza 5mg, Ketilept 100 mg, Truksal 50 mg, Fenozepam 1 mg, Klonozepam 2 mg ayrı-ayrı vaxtlarda təyin olunmuşdur. Ən son xx.xx.2024-cü il “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinə müraciət etmişdir. Tramadol 50 mg №30, Klonozepam 2 mg № 20 təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1- 1-ci maddələri ilə ittiham verilmiş, onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bеlə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 6 həb xeyli miqdarda narkotik vasitə olan metadon dərman preparatı, 0,377 qramdan artıq xeyli miqdarda narkotik vasitə heroin və 2,208 qramdan artıq külli miqdarda psixotrop maddə metamfetamini əldə edib 1 həb narkotik vasitə olan metadon dərman preparatı ilə birlikdə heroin narkotik vasitəsi və metamfetamin psixotrop maddəsinin bir qismini istifadə etdikdən sonra malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə edilməklə qalan ümumilikdə təsiredici maddəsinin miqdarı 0,1 qram olan 5 həb xeyli miqdarda olan narkotik vasitə olan metadon dərman preparatının 1 həbini əyninə geyindiyi idman şalvarının sağ cibində digər 4 həbi, şəffaf sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 0,377 qram xeyli miqdarda olan narkotik vasitə heroini və şəffaf sellofana bükülmüş bir bükümdə təmiz çəkisi 2,208 qram külli miqdarda olan psixotrop maddə metamfetamini siqaret qutusuna qoyaraq sağ ayağındakı corabın içərisində gizlədərək saxlamaqla daşıması, 20 may 2024-cü il tarixdə saat 20 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etməsi özünün səmimi etirafı, şahid ifadələri, şəxsi yoxlama aparılması haqqında protokol və digər sənədlərlə tam sübuta yetir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb“edilməsinə əsas verən“narkotik vasitələrin və psixotrop maddələrin“xeyli, külli və xüsusilə külli miqdarlarına“görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən heroinin 0,15 qramdan artıq olması xeyli miqdar, (İ siyahı Narkotik vasitələr) metamfetaminin 2 qramdan artıq olması külli miqdardır. (İİ siyahı Psixotrop maddələr) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlardan aydın göründüyü kimi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdə nəzərdə tutulan cinayətləri törətmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, üç övladının olmasını, onlardan ikisinin yetkinlik yaşına çatmayan olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda“əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 32/2024 nömrəli, 22 may 2024-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 20 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinəəsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, komputer texniki ekspertizasına görə 60 (altmış) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X3 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 30 (otuz) manat miqdarında pul köçürülməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,178 qram metamfetamin psixotrop maddəsi, 0,357 qram heroin narkotik vasitəsi, 4 ədəd həb metadon dərman preparatı narkotik vasitəsi məhv edilməlidir. - 01 ədəd siqaret qutusu, 01 ədəd kibrit qutusu, 01 ədəd şpris iynəsi, 01 ədəd başı qırılmış boş ampula, 02 ədəd şəffaf sellofana bükülmüş göy rəngli plastik şpris (iynəsi ilə birlikdə) məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar və 01 cüt corab Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus C03205258 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd CD və 5 (beş) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2, 348.2.4, 348.4, 349, 351, 352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddəsi ilə 3 (üç) il 5 (beş) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 3 (üç ) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2024-cü il tarixdən, hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, komputer texniki ekspertizasına görə 60 (altmış) manat olmaqla, ümumilikdə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X3 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 30 (otuz) manat miqdarında pul köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,178 qram metamfetamin psixotrop maddəsi, 0,357 qram heroin narkotik vasitəsi, 4 ədəd həb metadon dərman preparatı narkotik vasitəsi məhv edilsin. - 01 ədəd siqaret qutusu, 01 ədəd kibrit qutusu, 01 ədəd şpris iynəsi, 01 ədəd başı qırılmış boş ampula, 02 ədəd şəffaf sellofana bükülmüş göy rəngli plastik şpris (iynəsi ilə birlikdə ) məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar və 01 cüt corab Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus C03205258 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 1 (bir) ədəd CD və 5 (beş) ədəd DVD cinayət işində saxlanılsın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Arzuyar Kərimov

2. Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar