Məhkəmə qərarları › İş №1(109)-4/2023

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-4/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-4/2023 25.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Nağıyev İsfəndiyar Səfər oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Təranə Xudaverdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 10 may 1985-ci ildə Türkiyə Respublikasının Kayseri şəhərində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, türk, subay, 1 uşaq atası, orta təhsilli, sürücü işləmiş, məhkum olunmamış, Kayseri şəhəri, Tomarza ilçəsi, Arslantaş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Bеlə ki, o, Türkiyə Respublikasında istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi “Mercedes-Benz” markalı, 38GG096/38AER038 nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinində, üst yatağın üzərində olan yorğanın arasındakı siqaret qutusunun içərisində gizlədərək daşımış, 08 yanvar 2023-cü il tarixdə, saat 0041-də X4 vasitəsilə İran İslam Respublikasından gələrək Naxçıvan Muxtar Respublikası ərazisindən yüksüz tranzit keçməklə Türkiyə Respublikasına gedərkən psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, həmin vaxt idarə etdiyi “Mercedes-Benz” markalı, 38GG096/38AER038 nömrə nişanlı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin X4nun əməkdaşları tərəfindən yoxlama aparılarkən 1 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,951 qram və 1 ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 1,416 qram, ümumilikdə təmiz çəkisi 2,367 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmyərək ifadəsində göstərdi ki, 38 yaşı vardır və indiyə kimi Türkiyə Respublikasında yüngül bir əməllə belə ittiham olunmamış, sonuncu səfərinə qədər nə siqaretdən, nə də hər hansı bir maddədən istifadə etməmişdir. Sürücülük fəaliyyətinə yeni başladığı Kayseri şəhərində “Seyfican nakliyat” şirkətindəki Fərhad Taşçı adlı iş yoldaşı ona “sən işə yeni başlamısan, yuxu qaçıran dərman istifadə etsən, tez-tez gedib gələrsən və daha çox pul qazanarsan” deyə söyləmişdir. Yükdaşımada 4-cü, yəni sonuncu səfərinə çıxarkən Fərhad ona iki büküm, toz şəkilli dərmanı vermiş, Fərhada inandığı üçün dərmanı ondan alarkən niyə iki bükümdə olmasını düşünməmiş, hər hansı məsuliyyəti olmasını bilməmiş, dərmanın müqabilində ona 500 türk lirəsi vermiş, yol boyunca gələrkən 3-4 dəfə həmin maddəni burnuna çəkərək istifadə etmiş, əvvəlcə həmin maddənin nə olmasını anlamasa da, sonra yuxusunun qaçmasını hiss etmişdir. Culfa gömrüyünə çatanda gömrük əməkdaşları maşına baxış keçirmək istədiklərini bildirib ondan maşında qadağan olunmuş hər hansı maddə olub-olmamasını soruşmuş, həmin vaxt Fərhadın ona verdiyi maddəni yuxu qaçıran dərman olmasını zənn etdiyinə görə onu bildirmək ağlına gəlməmiş, ona görə də heç tərəddüd etmədən gömrük əməkdaşlarına “xeyr, yoxdur, buyurun, axtarış apara bilərsiniz” deyə söyləmişdir. Maddənin olduğu paket maşının ön tərəfində siqaret paketləri ilə birlikdə sürətlər qutusunun yanında olmuşdur. İki gömrük əməkdaşı maşında axtarış apararkən hər tərəfi söküb-dağıtmış, yataq mərtəbəli olduğu üçün bütün əşyaları qaldırıb yuxarı mərtəbəyə atmışlar. Heç nəyə toxunmadan gözləmiş, gömrük əməkdaşları axtarış zamanı maşında hər hansı bir şey tapa bilməmiş, sonra maşını gömrük əməkdaşlarının tələbi ilə bir az irəliyə sürmüş, bu dəfə it vasitəsilə maşına axtarış həyata keçirərkən itlə gələn gömrük əməkdaşı yatağın yuxarı mərtəbəsinə atılmış paketi tapmışdır. İlk axtarış zamanı maşının yanında iki gömrük əməkdaşı, ikinci axtarış zamanı isə orada bir gömrük əməkdaşı və bir it olmuşdur. Aşkar edilmiş maddə gömrük binasının ən üst mərtəbəsində tərəzidə çəkilib rəsmiləşdirilmiş, həmin vaxt orada iki gömrük əməkdaşı olmuş, hal şahidləri isə yalnız həmin otağa gəlib sənədləri imzalayıb, şəkil çəkdirərək getmişlər. Gömrük əməkdaşları ilk axtarışı həyata keçirdikləri zaman əşyaları yuxarıya atdıqları üçün paket sürətlər qutusunun yanında olsa da, həmin vaxt sanki maddəni yuxarıda, yorğanın arasında gizlətmiş kimi bir görüntü ortaya çıxmışdır. Lakin həmin maddəni tapılan yerdə gizlətməmiş, onun qadağan olunmuş maddə olmasını belə bilməmiş, tutulduqdan sonra həmin maddənin psixotrop maddə olmasını öyrənmişdir. İş yoldaşı Fərhadla eyni firmada işləmiş, Fərhad ona işlə bağlı çox köməklik etmiş, şoferliyi öyrətmiş, bu səbəbdən də ona qarşı səmimi olmuş və Fərhadın ona zərərli bir maddə verəcəyini düşünməmişdir. İstintaq müddətində Fərhadın onu həmin maddəyə alışdırıb, onun vasitəsilə pul qazanmaq məqsədini anlamışdır. İdarə etdiyi nəqliyyat vasitəsində aşkarlanan maddənin psixotrop maddə olmasını bilməmiş, əgər bilsəydi həmin maddəyə əlini belə vurmayacağını bildirib ailəsinin, həmçinin 16 yaşında oğlunun olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, gömrükdə fəhlə işləyir və şoferlərdən aldığı pul müqabilində maşınlardan yük boşaltmaqla məşğuldur. Tarixini xatırlamadığı bir gecə gömrük əməkdaşı bir maşına baxış keçirəcəklərini bildirib hal şahidi olaraq onun da iştirak etməsini təklif etmiş, gömrük əməkdaşı ilə razılaşıb onunla birlikdə getmiş və sonra maşına baxış keçirilmiş, baxış zamanı orada gömrük işçilərindən Mətini və kinoloqu görmüşdür. Axtarış zamanı it reaksiya vermiş və gömrük əməkdaşı maşının kabinkasında, döşəyin arasından siqaret qutusu çıxarmış, qutunun içərisində iki balaca büküm olmasını görmüş, həmin bükümlər tərəzidə çəkilmiş, sonra sürücü dindirmə otağına aparılmışdır. Sənədləşmə zamanı orada olmuş və şəkilləri çəkilmişdir. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, gömrükdə fəhlə işləyir və pul müqabilində maşınlardan yük boşaltmaqla məşğuldur. 8 yanvar 2023-cü ildə gecə saat 01 radələrində gömrük əməkdaşları Mətin və Afiəddin onunla Səfərə bir maşından şübhələndiklərini və baxış keçirəcəklərini söyləyib onlara hal şahidi qismində iştirak etmələrini təklif etmişlər. Onlarla razılaşıb getmiş, maşına baxış keçirilən zaman gömrük əməkdaşı Mətin və sürücü maşının içində olmuş, o sol qapıdan, Səfər isə sağ qapıdan qalxmış, əlavə olaraq itə baxan gömrük əməkdaşı kinoloq da maşının yanında dayanmışdır. İtlə baxış aparılan zaman maşının kabinkasında, yuxarı hissədəki yorğanın arasından siqaret qutusu, onun içindən isə “klyonka”ya bükülmüş iki ədəd büküm çıxmışdır. Bükümlərin içindən aşkar edilmiş maddə otağa aparılmış, tərəzidə çəkilərkən iki bükümün birlikdə çəkisinin 3,6 qram olmasını görmüşdür. Daha sonra şəxsi yoxlama aparılmış, sürücünün üzərinə baxış keçirilmiş, həmin vaxt ona qarşı hər hansı zorakılıq hərəkətləri edilməmiş və onun üzərindən qadağan olunmuş hər hansı bir şey çıxmamışdır. Axtarış və şəxsi yoxlama başa çatdıqdan sonra sənədləşmə işləri aparılmış və o, Səfərlə birlikdə oxuyub həmin sənədləri imzalamışlar. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Naxçıvan Baş Gömrük İdarəsi X4nun inspektoru vəzifəsində işləyir. 8 yanvar 2023-cü ildə gecə saat 0040-da Təqsirləndirilən şəxs maşınını yoxlanış yerinə doğru hərəkət etdirəndə ondan şübhələnmiş, ondan maşında bəyan edilməli olan hər hansı bir predmetin olub-olmamasını soruşmuş, o isə heç nə olmamasını bildirmiş, soruşduğu suallara cavab vermək əvəzinə başqa şeylər haqqında danışmış, buna görə də Rıdvanın hərəkətləri onda əsaslı şübhələr yaratmışdır. Maşına ilk dəfə baxış keçirərkən şübhəli hallar olmasını görmüş, maşının içində aşağı tərəfdə olan bağlı bir neçə siqaret paketi, əlavə əşyalar və paltarların yerini dəyişərək onları maşının içərisində üst tərəfə atmış, lakin narkotik vasitənin aşkar edildiyi siqaret qutusunu digər siqaret paketlərinin yanında görməmiş, həmçinin maşının içərisi yanıq olduğu üçün heç nəyi ayırd etmək mümkün olmamışdır. Şöbə və növbə rəisinə bu barədə məruzə etdikdən sonra Rıdvana maşını 100 metr irəlidə olan anbara sürməsini bildirmiş, daha sonra kinoloq Afiəddin Qasımov və iki nəfər hal şahidini dəvət etmiş, onların iştirakı ilə “Reks” ləqəbli it vasitəsilə maşına yenidən baxış keçirmişdir. Həmin vaxt kinoloji xidmətin iti reaksiya vermiş, itin reaksiya verdiyi yerə yenidən baxdıqda maşının kabinka hissəsində üst yataqdakı yorğanın arasında siqaret qutusunun içərisində iki ədəd büküm aşkar etmişdir. Rıdvandan maşında həmin maddənin olmasını niyə etiraf etməməsini soruşmuş, o isə “qorxduğum üçün demədim, mən bunu İrandan yox, Türkiyədən almışam” cavabını vermiş, həmçinin o, maşınından aşkar edilmiş maddənin “kristal” olmasını, “şoferlər deyir ki, bundan istifadə edəndə yuxun gəlmir, uzun müddət maşın sürə bilirsən, bunu isə yatmayıb tez-tez gedişgəliş edib daha çox pul qazanmaq üçün edirlər” deyə bildirmişdir. Maşına baxış keçirildikdən sonra şöbə rəisinə bu barədə yenidən məruzə etmiş, Təqsirləndirilən şəxs iki nəfər hal şahidinin iştirakı ilə şəxsi yoxlamaya cəlb olunmuş və onun üzərində qadağan olunmuş heç nə aşkar edilməmişdir. Maşından aşkar edilmiş bükümlərdəki kristal şəklində olan maddələrdən birinin çəkisi 1,7 qram, digəri isə 1,9 qram olmuşdur. Maşındakı yorğanları yanmış vəziyyətdə görmüş, həmçinin Rıdvan maşını idarə edərkən özündə olmamış, çox qorxmuş, hətta yoxlama aparılarkən avtomaşınların aşağı hissəsinə baxmaq üçün olan yamaya salacaq vəziyyətdə olmuşdur. Yorğanların yanması barədə Rıdvandan soruşduqda o, “maşında yatmışam, qaz ocağı yorğan-döşəyi yandırıb” cavabını vermiş, yəni Rıdvan yanğından xəbəri olmayacaq vəziyyətdə olmuşdur. Baxış və şəxsi yoxlama zamanı Rıdvana qarşı təzyiq-təsir olmamış, onunla səmimi və mehriban şəkildə rəftar etmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 nömrəli, 9 yanvar 2023-cü il tarixli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, 1 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,951 qram və 1 ədəd gümüşü rəngli falqa bükümündə təmiz çəkisi 1,416 qram, ümumilikdə təmiz çəkisi 2,367 qram olan ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət maddə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na (İ siyahı; İİ bənd; sıra №27) daxil olan, küstar üsulla hazırlanmış metamfetamindir. Tədqiqata daxil olan maddənin ilkin çəkisi qablaşdırıldığı tara ilə birlikdə olan çəkisidir, ekspert rəyində göstərilən çəki isə tədqiqata daxil olan maddənin tarasız, təmiz çəkisidir. Fərqin yaranması bununla əlaqədardır. Ekspertizanın keçirilməsi zamanı tədqiqata 0,05 qram miqdarda metamfetamin sərf olunmuş, 2,317 qram miqdarda metamfetamin psixotrop maddəsi qalıq qalmışdır. Naxçıvan Muxtar Respublikası X2 19 yanvar 2023-cü il tarixli, 08 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs başlanğıc mərhələ “Metamfetamin narkomaniyası” aşkar olunmuş, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs peşə (sürücülük) fəaliyyəti ilə əlaqədar olaraq hər hansı bir narkotik vasitə və ya güclü təsirə malik həblərin (dərmanların) qəbul edilməsinə tibbi cəhətdən yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - 8 yanvar 2023-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi 38GG096/38AER038 nömrə nişanlı, "Mercedes-Benz" markalı yük nəqliyyat vasitəsi yoxlanılarkən “Reks” ləqəbli xidməti it tətbiq edilmiş, itin nəqliyyat vasitəsinin kabinində, üst yatağın üzərində olan yorğana verdiyi reaksiyaya əsasən həmin yorğana baxış keçirilmiş və yorğanın arasındakı siqaret qutusunun içərisindən ağ rəngli kağıza bükülmüş halda, 1-ci bükümün ümumi çəkisi 1,7 qram; 2-ci bükümün ümumi çəkisi 1,9 qram olmaqla 2 büküm, qablaşdırma ilə birlikdə ümumi çəkisi 3,6 qram olan ağ duz kristalı halında, narkotik vasitə və psixotrop maddəyə bənzər kütlə aşkarlanmış, bundan sonra aşkar edilən predmetlər Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülərək qablaşdırılmışdır. 8 yanvar 2023-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs ona məxsus 1 ədəd “İ phone 6s plus” markalı, İMEİ: **********94041 nömrəli mobil telefon, xarici vətəndaşa məxsus U24269192 nömrəli pasport, və 1 ədəd Türkiyə Respublikasına məxsus plastik kart götürülmüşdür. 17 yanvar 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2023–cü il tarixli 0000-2***-*******96/14:45 nömrəli Türkiyə Respublikası Ədliyyə Nazirliyi Məhkumluq qeydləri və Statistika Baş idarəsi tərəfindən Təqsirləndirilən şəxs məhkum olub olmaması haqqında sorğuya verilmiş cavabdan görünür ki, xx.xx.1985ci il Tomarza doğumlu Təqsirləndirilən şəxs barəsində məhkumluq haqqında qeyd yoxdur. Türkiyə Respublikası Kayseri Tomarza Arslantaş məhəllə muxtarlığı və bələdiyyə rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamələrdə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Kayseri şəhər xəstəxanası böyüklər üçün əlilliyə görə Tibbi Şuranın hesabatından görünür ki, Təqsirləndirilən şəxs atası Yusuf İzginin 71% əlillik dərəcəsi vardır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə ittiham verilmiş, məhkəmə istintaqı zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci tərkibini təşkil edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməməsini, həmçinin psixotrop maddəni nəqliyyat vasitəsində daşımaqla qanunsuz yolla gömrükdən keçirməsinin cinayət olduğunu bilməməsini söyləməsi məhkəmə tərəfindən özünü müdafiə kimi qiymətləndirilir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə qanunu bilməmək məsuliyyətdən azad etmir. Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddəni siqaret qutusuna qoyub eyni növ siqaret qutuları ilə nəqliyyat vasitəsinin kabinində saxlamaqla onun tapılmasını çətinləşdirərək gömrük nəzarətindən gizli keçirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs nə üçün əldə etdiyi həmin “yuxu gətirən dərmanı” aptekdən deyil Fərhad adlı şəxsdən almasına, ağız boşluğundan deyil buruna çəkib qoxsulamaqla qəbul etməsinə də cavab verə bilməmişdir. Bütün bu göstərilənlər bir daha təsdiq edir ki, İzgi X3 Respublikasında həmin maddəni Fərhad adlı şəxsdən aldığı andan həmin maddənin psixotrop maddə olduğunu bilmişdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması isə külli miqdardır. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif edilmiş və məhkəmə araşdırması zamanı onun həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, müsbət xarakterizə olunmasını, atası Yusuf İzginin əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin - 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)- 3/2023 nömrəli, 10 yanvar 2023-cü il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 08 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılan 2,317 qram metamfetamin psixotrop maddə müsadirə olunaraq məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 ədəd “İphone 6s plus” markalı mobil telefon və 1 ədəd plastik kart Təqsirləndirilən şəxs verilməlidir. Təqsirləndirilən şəxs məxsus U 24269192 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməli, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 44 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat miqdarında pul köçürülməlidir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin 345-347, 348.2-348.2.4, 348.4, 349, 351-352, 353.1, 353.2, 353.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 08 yanvar 2023-cü il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - İş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlancında saxlanılan 2,317 qram metamfetamin psixotrop maddə müsadirə olunaraq məhv edilsin. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus – 1 ədəd “İphone 6s plus” markalı mobil telefon və 1 ədəd plastik kart Təqsirləndirilən şəxs verilsin. - Təqsirləndirilən şəxs məxsus U 24269192 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin, cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat miqdarında pul köçürülsün. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İsfəndiyar Nağıyev Hakimlər: 1. Hüseyn Məmmədov

2. Faiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar