Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-43/2025 05.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 14:30 Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və Kərimov Arzuyar Sadıq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynov Zamiq Zahid oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X2 iştirakları ilə xx xxxxxx 1994-cü il tarixində Türkiyə Respublikası, Adana şəhərində doğulmuş, subay, 1 uşaq atası, Türkiyə Respublikasının vətəndaşı, sürücü işləmiş, orta təhsilli, məhkum olunmamış, Türkiyə Respublikası, Yalova şəhəri, Sahil məhəlləsi, Beş evlər küçə 2, Enes binası mərtəbə 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və az miqdarda narkotik vasitəsini əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 2,309 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini və 0,420 qram az miqdarda tiryək narkotik vasitəsini əldə edib 1 bükümdə üzərində saxlayaraq daşımaqla, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 73AAL933/73AAL934 qeydiyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, xx.xx.2025-ci il tarixdə saat 08 : 10 dəqiqədə Naxçıvan Baş Gömrük İdarəsinin "Şahtaxtı" gömrük postunda onun üzərində aparılmış şəxsi yoxlama zamanı əyninə geyindiyi tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,309 qram külli miqdarda ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və təmiz çəkisi 0,420 qram az miqdarda tünd-qəhvəyi rəngli, spesifik iyli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildən sürücü işləyir və Naxçıvana ilk dəfə giriş edir. 22 avqust 2025-ci il tarixdə Türkiyə Respublikasının Uşaq şəhərindən Özbəkistan Respublikasına Daşkənd şəhərinə aparmaq üçün toyuq yükü yükləyib yola düşmüş, Özbəkistan Respublikasının Daşkənd şəhərindən toyuq yükünü boşaldıb, oradan Türkiyə Respublikasının Gaziantep şəhərinə aparmaq üçün “qoz” yükü yükləyib yola düşmüşdür. İran İslam Respublikası ərazisində olarkən Təbriz şəhərinin yaxınlığında yolun kənarında olan yeməkxanaların birində yemək yediyi zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb, türkləri çox sevdiyini deyərək yanına oturmuş, söhbət zamanı həmin şəxs cibindən metamfetamin psixotrop maddəsini çıxarıb istifadə etməyə başlamışdır. Söhbət əsnasında həmin şəxsə metamfetamin istifadəçisi olduğunu deyib onunla birlikdə metamfetamin maddəsindən istifadə etmişdir. Həmin şəxsdən əlavə metamfetamin psixotrop maddəsi olub-olmadığını soruşduğunda cibindən bir büküm çıxarıb ona verərək içərisində metamfetamin psixotrop maddəsi olduğunu demişdir. Aldığı bükümü açıb az qismini istifadə etmiş, qalanını əynində olan şalvarının sağ cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə gecə vaxtı Azərbaycan Respublikası ərazisindən tranzit keçib Türkiyə Respublikası ərazisinə getmək üçün Şahtaxtı gömrük postuna gəlmişdir. Sənədləşmə işlərini həll etdikdən sonra növbə üçün gözlədiyi zaman gömrük əməkdaşı ona yaxınlaşıb idarə etdiyi yük nəqliyyat vasitəsini videoçəkiliş aparmaqla yoxlayacağını bildirmişdir. Yoxlamaya başlamazdan əvvəl gömrük əməkdaşı ondan idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş nəyinsə olub-olmadığını soruşmuş, gömrük əməkdaşına nəqliyyat vasitəsində 30 kq qarışıq ərzaqdan başqa qanunla qadağan olunmuş bir şeyin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı nəqliyyat vasitəsini yoxlamağa başlamış və nəqliyyat vasitəsindən qadağan olunmuş bir şey aşkar edilməmiş, yük nəqliyyat vasitəsində aparılmış yoxlama ilə bağlı sənədləşmə aparılmış və həmin sənədlər tərəfindən imzalanmışdır. Sonra gömrük əməkdaşı ona üzərində şəxsi yoxlama aparılacağını bildirib onu yoxlamanın keçiriləcəyi otağa aparmış, orada gömrük əməkdaşı ondan üzərində qadağan olunmuş nəyinsə olub-olmadığını soruşmuş, gömrük əməkdaşına üzərində qanunla qadağan olunmuş bir şeyin olmadığını bildirmişdir. Gömrük əməkdaşı videoçəkiliş aparmaqla onun üzərində şəxsi yoxlama aparmış, yoxlama zamanı əyninə geyinmiş olduğu tünd goy rəngli şalvarının sağ yan cibindən şəffaf sellofan paketdə həmin metamfetamin psixotrop maddəsi və tiryək narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Gömrük əməkdaşı tərəfindən sənədlər yazılmış və tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan tiryək özünə məxsus olmuş, metamfetamin psixotrop maddəsini aldığı həmin iranlı şəxsi Təbriz şəhərinin yaxınlığında yerləşən yeməkxanada ilk dəfə görürmüşdür. Tanımadığı həmin şəxsdən yalnız psixotrop maddə olan metamfetamin verməsini istəmiş, o isə ona həmin bir bükümü vermiş, bükümün içərisində əlavə tiryək narkotik vasitəsi olduğunu bilməmişdir. Həmin psixotrop maddəni qanunla qadağan olunduğunu bildiyi üçün gömrük əməkdaşına bəyan etməmişdir. Metamfetamin psixotrop maddəsindən əvvəllər istifadə etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş metamfetamin psixotrop maddəsini satmaq və ya başqasına vermək niyyətində olmamış, qarşılığında həmin iranlı şəxs ondan pul almamışdır. İfadəsinin davamında Təqsirləndirilən şəxs bildirmişdir ki, atası 2016-cı ildə vəfat etmişdir, anası xərçəng xəstəliyindən əziyyət çəkir, himayəsində bir azyaşlı övladı vardır. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixində gündəlik iş qrafikinə uyğun olaraq “Şahtaxtı” gömrük postunda yük nəqliyyat vasitələrinin yoxlanılması postunda olarkən gecə saatlarında Təqsirləndirilən şəxs öz nəqliyyat vasitəsi ilə müayinə postuna yaxınlaşmışdır. İlk olaraq təqsirləndirilən şəxslə şifahi söhbət aparmış, təqsirləndirilən şəxslə bir qədər söhbət etdikdən sonra onun hərəkətləri onda şübhə doğurduğundan onun yük nəqliyyat vasitəsinə yoxlama keçirmək qərarına gəlmişdir. Sürücüdən idarə etdiyi yük nəqliyyat vasitəsində bəyan etmədiyi və ya qadağan olunan hər hansı bir əşya olub olmadığını soruşduğunda Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində 30 kq qarışıq ərzaqdan başqa bir şey olmadığını bildirmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlamanı videoçəkiliş aparmaqla həyata keçirmək məqsədilə həmin gün növbədə olan Şahtaxtı gömrük postunun inspektoru Şahid1 dəvət etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsindən qanunla qadağan olunmuş bir şey aşkar edilməmiş, yoxlamanın nəticəsi barədə sənədlər hazırlanaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparmaq üçün icazə aldıqdan sonra üzərini yoxlamaq üçün onu postun inzibati binasında yerləşən şəxsi yoxlama otağına aparmışdır. Yoxlamadan öncə Y.Emredən üzərində qanunla qadağan olunmuş və ya bəyan edilməli hər hansı predmet olub-olmadığını soruşmuş, o isə üzərində qadağan olunmuş heç nə olmadığını bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli şalvarın sağ cibində olan şəffaf rəngli sellofan paketin içərisindən 1 bükümdə tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər kütlə, 1 bükümdə isə ağ rəngli, iysiz, duz kristalı halında psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüş və götürmə barədə müvafiq protokollar tərtib edilmişdir. Həmin protokollar Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilk əvvəl üzərindən aşkar olunmuş həmin kütlənin ona məxsus olmadığını və yoldan tapdığını bildirsə də, sonradan həmin kütlələrin özünə məxsus olduğunu və İranda olduğu zaman tanımadığı bir şəxsdən aldığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin - 17 sentyabr 2025-ci il tarixli, 977 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən, üzərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Naxçıvan Baş Gömrük İdarəsi...” yazıları olan 01 ədəd kağız zərfin içərisindəki -01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi- 2,309 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir ( İ siyahı, İİ bənd, sıra № 27) -01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,420 qram olan tünd-qəhvəyi rəngli, spesifik iyli, qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na daxildir ( İ siyahı, İ bənd, sıra № 102) Qeyd: Aşkar olunaraq götürülmüş 1 bükümdə təmiz çəkisi 2,309 qram olan metamfetamin psixotrop maddənin 0,05 qramı kimyəvi ekspertiza zamanı tədqiqata sərf edilmişdir, qalıq 2, 259 qramdır. Aşkar olunaraq götürülmüş 1 bükümdə təmiz çəkisi 0,420 qram olan tiryək narkotik vasitənin 0,1 qramı kimyəvi ekspertiza zamanı tədqiqata sərf edilmişdir, qalıq 0,320 qramdır. Y.Budaqov adına Naxçıvan MR X1: - xx.xx.2025-ci il tarixli, 489 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisidir. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. - xx.xx.2025-ci il tarixli, 490 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi vəziyyətdə patalogiya olmamışdır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və qiymət vermək iqtidarına malikdir və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hərəkələri hadisəni törədən anda və hal-hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – 16 sentyabr 2025-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli şalvarın sağ cibində olan şəffaf sellofan paketin içərisindən bir bükümdə qablaşma ilə birlikdə təxmini çəkisi 0,55 qram olan tünd-qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə bənzər kütlə və bir bükümdə qablaşma ilə birlikdə təxmini çəkisi 1,76 qram olan ağ rəngli, duz kristalı halında psixotrop maddəyə bənzər kütlə aşkarlanmış, qablaşdırılaraq götürülmüşdür. Şəxsi yoxlama zamanı əlavə olaraq xarici vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi özünəməxsus U32260788 nömrəli pasport, bir ədəd tünd göy rəngli şalvar, bir ədəd “Redmi 14C” və bir ədəd “Redmi 12” markalı mobil telefonlar da götürülmüşdür. - 22 sentyabr 2025-ci il tarixli video-görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi şalvarın sağ yan cibindən içərisində narkotik maddələrə bənzər kütlənin olduğu 1 ədəd sellofan büküm aşkar olunur, həmin büküm elektron tərəzidə çəkildikdə bükümlə birlikdə çəkisinin 2,85 qram olduğu müəyyən edilir. Həmin büküm açıldıqda içərisində bükümlərdən birində qara rəngli narkotik vasitəyə bənzər maddə, digərində isə ağ rəngli, kristal və toz şəkilli maddə olan 2 ədəd sellofan bükümün olduğu müəyyən edilir. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə içərisində qara rəngli narkotik maddələrə bənzər maddə olan bükümün ümumi çəkisinin 0,55 qram, içərisində ağ rəngli, kristal və toz şəkilli maddə olan bükümün ümumi çəkisinin 1,76 qram olduğu müəyyən edilərək qablaşdırılıb götürülür. Həmin video görüntülərə baxış zamanı aşkar olunmuş bükümlərin “Neck” markalı tərəzidə məhz qram ölçü vahidi ilə yox, dwt ölçü vahidi ilə ölçüldüyü müəyyən olunur. 18 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən gömrük yoxlaması nəticəsində aşkar olunmuş metamfetamin psixotrop maddəsinin bükümlə birlikdə çəkisi 1,76 qram olmasına baxmayaraq, Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 17 sentyabr 2025ci il tarixli 977 nömrəli ekspert rəyində metamfetamin psixotrop maddəsinin təmiz çəkisi 2,309 qram olduğu göstərildiyindən şəxsi yoxlama zamanı qeydə alınıb DVDyə köçürülərək protokola əlavə edilmiş videogörüntüyə baxış keçirilərkən, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd bükümün birlikdə çəkisi 2.85 qram olduğu, həmin büküm açıldıqda içərisində bükümlərdən birində qara rəngli narkotik vasitəyə bənzər maddə, digərində isə ağ rəngli, kristal və toz şəkilli maddə olan 2 ədəd sellofan bükümün olduğu, həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkildikdə, içərisində qara rəngli narkotik vasitəyə bənzər maddə olan bükümün ümumi çəkisinin 0.55 qram, içərisində ağ rəngli, kristal və toz şəkilli maddə olan bükümün ümumi çəkisinin 1,76 qram olduğu müəyyən edilərək qablaşdırılıb götürülür. Həmçinin həmin video görüntülərə baxış zamanı aşkar olunmuş bükümlərin “Neck” markalı tərəzidə məhz “qram” ölçü vahidi ilə deyil “dwt” ölçü vahidi ilə çəkildiyi müəyyən olunur. Baxış zamanı həmin video görüntüdə çəkilərin “dwt” çəki vahidi ilə çəkilməsinə dair fotoşəkil “HP Laser Jet 1102” markalı printerdən istifadə edilməklə çap edilib 03 vərəqdə protokola əlavə edilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, təmiz çəkisi 2,309 qram metamfetaminin və 0,420 qram narkotik vasitə tiryəkin çəkisinin müəyyən olunmasında istifadə olunan “NECK” markalı elektron tərəzidə olan qram və dwt çəki vahidlərinin fərqlərinin yoxlanılması məqsədilə Sertifkatlaşdırma və X3 Hüquqi şəxsinə məxsus olan 1,2,5 qramlıq F1 çəki daşlarından istifadə olunaraq Şahtaxtı” gömrük postunda olan “Neck” markalı elektron tərəzinin “qram” və “dwt” çəki fərqlərinin yoxlanması məqsədilə istintaq eksperimenti aparılmışdır. İstintaq eksperimenti zamanı 1 qramlıq çəki daşının elektron tərəzidə 0.99 qram və ya 0,64 dwt, 2 qramlıq çəki daşının 1.98 qram və ya 1.29 dwt, 5 qramlıq çəki daşının isə 4.96 qram və ya 3.22 dwt olduğu müəyyən edilmişdir. İnternet resurslarından əldə edilmiş məlumata görə 1 dwt = 1.55517384 qram olduğundan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə tiryək narkotik vasitəsinin ümumi çəkisi 0,55 dwt olmuşdur ki, onun qram ölçü vahidi ilə çəkisi təxminən 0,855 qram, bir bükümdə olan psixotrop maddə metamfetaminin ümumi çəkisi 1.76 dwt olmuşdur ki, onun qram ölçü vahidi ilə çəkisi təxminən 2,737 qram olduğu müəyyən edilmişdir. İnternet resurslarından əldə olunmuş məlumatlar “HP Laser Jet 1102” markalı printerdən istifadə edilməklə çap edilərək 01 vərəqdə cinayət işinin materiallarına əlavə edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir bükümdə tiryək narkotik vasitəsinin ümumi çəkisi 0,855 qram, bir bükümdə psxitrop maddə metamfetaminin ümumi çəkisi 2,737 qram olduğu nəzərə alınmalıdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ƏSİŞ-nə göndərilmiş tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 2,309 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini və 0,420 qram az miqdarda tündqəhvəyi rəngli, spesifik iyli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək narkotik vasitəsini əldə edib 1 bükümdə üzərində saxlayaraq daşımaqla, xx.xx.2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 73AAL933/73AAL934 qeydiyat nişanlı "Mersedes-Benz" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş edərkən psixotrop maddəni və narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində Təbriz şəhərinin yaxınlığında yolun kənarında olan yeməkxanaların birində dayanıb yemək yediyi zaman bir nəfər tanımadığı iranlı şəxsin ona yaxınlaşıb, türkləri çox sevdiyini deyərək yanına oturduğunu, söhbət zamanı həmin iranlı şəxsin cibindən metamfetamin psixotrop maddəsini çıxarıb istifadə etməyə başladığını, həmin vaxtı özü də iranlı şəxsə metamfetamin maddəsinin istifadəçisi olduğunu deyib onunla birlikdə metamfetamin maddəsindən istifadə etdiyini, sonra həmin şəxsdən içərisində metamfetamin psixotrop maddəsi olan bir büküm satış məqsədi olmadan öz istifadəsi üçün metanmfetamin psixotrop maddəsi aldığını etiraf etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ...keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama ... daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdar, tiryəkin 0,5 qramdan az olması az miqdardır. Qeyd olunanlara əsasən məhkəmə baxılan iş üzrə cinayətin predmeti olan psixotrop maddənin miqdar məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əyninə geyindiyi tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,309 qram ağ rəngli, kristal və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin külli miqdar kimi, təmiz çəkisi 0,420 qram tünd-qəhvəyi rəngli, spesifik iyli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək az miqdar olaraq qiymətləndirilir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməli ağır cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddələrdə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göstərilənlərə müvafiq olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-65/2025 nömrəli, 17 sentyabr 2025-ci il tarixli həbs qətimkan tədbirinin seçilməsinə dair qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 16 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalı və məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülməlidir. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,259 qram metamfetamin psixotrop maddə və 0,320 qram tiryək məhv edilməlidir. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd tünd göy rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi 14C” və 1 (bir) ədəd “Redmi 12” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus U32260788 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 4 (dörd) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər ASAN Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat miqdarında pul köçürülsün. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan: - tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,259 qram metamfetamin psixotrop maddə və 0,320 qram tiryək məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd tünd göy rəngli şalvar Təqsirləndirilən şəxs qaytarılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Redmi 14C” və 1 (bir) ədəd “Redmi 12” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus U32260788 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 4 (dörd) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov
2. Arzuyar Kərimov