Məhkəmə qərarları › İş №1(109)-6/2024

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-6/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-6/2024 28.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Heydərov Faiq İnqilab oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rzayeva Səfa Vüsal qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə Şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1966-ci ildə Naxçıvan MR, Babək rayonu, Qahab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonu, Qahab kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 274-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün xarici xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında tamah məqsədilə qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etməklə dövlətə xəyanət etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün xarici xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında tamah məqsədilə qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanının X7 adlı nümayəndəsi tərəfindən 2022-ci ilin mart ayının 5-da Naxçıvan şəhərində məxfi əməkdaşlığa cəlb edilmiş, sonuncudan, eləcə də 2022-ci ilin iyun ayının 25-də məxfi əməkdaşlığı davam etdirmək üçün əlaqəsinə verildiyi xüsusi xidmət orqanının Mohammad adlı əməkdaşından Azərbaycan Ordusunun komplektləşdirilməsi, Türkiyə, İsrail və Pakistan dövlətləri ilə hərbi əməkdaşlıq planları, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan ərazisində keçirilən birgə taktiki təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin dəqiq sayı və tərkibi, hərbi qulluqçuların hərbi rütbələri və Naxçıvan ərazisində müvəqqəti yaşadıqları ünvanları, Naxçıvan Muxtar Respublikası ərazisində Türkiyə Respublikasına məxsus “F-16” qırıcı-döyüş təyyarələrinin və dronlarının olub-olmaması, Muxtar Respublika ərazisində dislokasiya olunmuş hərbi hissələr, orada hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, Naxçıvan ərazisində, o cümlədən Culfa və Ordubad rayonları ərazisində yerləşən yanacaq-doldurma məntəqələri, orada quraşdırılmış yanacaq dispenserlər və müşahidə kameralarının dəqiq sayı və növü, həmin yanacaq-doldurma məntəqələrinin sahibləri və orada işləyən bütün əməkdaşlar, yanacaq doldurma məntəqələrinə aid yanacaq anbarları, Naxçıvan Muxtar Respublikasının Babək və Şahbuz rayonlarının Cəhri, Gülşənabad, Payız, Gərməçataq və Aşağı Buzqov kəndləri ərazisində yerləşən, o cümlədən “Vayxır” və “Sirab” kompleks təyinatlı su hövzələrinin coğrafi koordinatları və hövzələrdə su ehtiyatlarının vəziyyəti, Babək rayonunun Xal-Xal kəndi ərazisində fəaliyyət göstərən günəş elektrik stansiyasının ümumi enerji hasilatının miqdarı, Naxçıvanda yerləşən strateji əhəmiyyət kəsb edən və hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edən körpülər, Naxçıvan ərazisində fəaliyyət göstərən taxıl anbarı komplekslərinin və məscidlərin yerləşdiyi ərazilər, əslən Quba rayonundan olan Naxçıvan Muxtar Respublikasında yaşayan, Muxtar Respublikanın Melorasiya və su təsərrüfatı və qaz istismarı xidmətində işləməklə etibarlı ola biləcək Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikası ərazisinə çıxarılaraq xüsusi xidmət orqanı nümayəndələrinin əlaqəsinə verilməsi, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayon sakinlərinin İran İslam Respublikasına olan münasibətləri barədə məlumatların toplanması, foto və videoçəkilişlərin aparılması və ümumilikdə göstərilən istiqamətlərdə məlumatların toplanıb uzun müddətli casusluq fəaliyyətini sərbəst həyata keçirməsi üçün məxfi əlaqə üsulu kimi mobil telefonun “WhatsApp” proqram təminatı vasitəsilə əlaqə saxlayaraq müntəzəm ötürülməsi və sair hallara dair tapşırıqlar almışdır. Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün həmin xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndələri tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində 2022-ci ilin mart ayının 5-dən 2023-cü ilin sentyabr ayının 14-dək olan müddət ərzində tamah niyyəti ilə qəsdən fəaliyyət göstərərək Naxçıvan Muxtar Respublikasının X3 tabeliyində olan «N» saylı hərbi hissələrdə hərbi xidmətdə olan yuxarı zabit heyəti barədə, Culfa və Ordubad rayonları ərazisində yerləşən yanacaqdoldurma məntəqələri, orada quraşdırılmış yanacaq dispenserlər və müşahidə kameralarının dəqiq sayı və növü, həmin yanacaq-doldurma məntəqələrinin sahibləri və orada işləyən əməkdaşların dəqiq sayı, Naxçıvan Muxtar Respublikasının Babək və Şahbuz rayonlarının Cəhri, Gülşənabad, Payız, Gərməçataq və Aşağı Buzqov kəndləri ərazisində yerləşən, o cümlədən “Sirab” və kompleks təyinatlı “Vayxır” su hövzələrinin çoğrafi koordinatlarını, Babək rayonunun Xal-xal kəndi ərazisində fəaliyyət göstərən günəş elektrik stansiyasının ümumi enerji hasilatının miqdarı, Naxçıvan Muxtar Respublikasında, o cümlədən Ordubad rayon sakinlərinin İran İslam Respublikasına olan münasibətləri barədə məlumatları açıq mənbələrdən və digər üsullarla toplayaraq özünə məxsus müxtəlif qeyd kitabçalarında müvafiq qeydlər aparmaqla, istifadəsində olmuş “Samsung Galaxy A5” və “Samsung Galaxy S4” markalı mobil telefonlarla Naxçıvan Muxtar Respublikasının X3 tabeliyində olan “N” saylı hərbi hissələrin, Naxçıvanda yerləşən strateji əhəmiyyət kəsb edən və hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edən körpülərin, Naxçıvan ərazisində fəaliyyət göstərən taxıl anbarı komplekslərinin və məscidlərin yerləşdiyi ərazilərin foto və video çəkilişlərini aparmış, daha sonra həmin çəkilişləri telefonunun “Whatsapp” proqram təminatı vasitəsilə xarici xüsusi xidmət orqanı əməkdaşının istifadəsində olan **********67 və **********12 №-li telefonlarına göndərmiş, aldığı tapşırıqların icrası üzrə topladığı digər məlumatları 2022-ci ilin iyun ayının 25-də və həmin ilin dekabr ayının 08-də İran İslam Respublikasına etdiyi çoxsaylı səfərlərində konspirativ görüş üçün nəzərdə tutulmuş xüsusi məkanlarda həmin xüsusi xidmət orqanının nümayəndələrinə vermiş, məxfi əməkdaşlıq müddətində müxtəlif məbləğlərdə pul vəsaiti almasına dair müvafiq qəbzləri imzalayaraq bu barədə qeydlər etmiş, digər formada bütün davranış və fəaliyyətini xarici xüsusi xidmət orqanının nümayəndələri ilə razılaşdırmaqla əldə etdiyi məlumatları onlara ötürmüş, casusluq və xarici xüsusi xidmət orqanı nümayəndələrinin müvafiq tapşırıqlarını yerinə yetirib kömək etməklə dövlətə xəyanət etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Kərim Heydarini 1990-ci ildə sərhədlər açılandan sonra tanımış, İrana apardığı məişət mallarını satmaqda ona köməklik göstərdiyi üçün Kərimlə aralarında dostluq münasibətləri yaranmışdır. Kərim həmin dövrdə avtomaşınların motorunun təmiri ilə məşğul olmuşdur.Yaxın münasibətləri yarandıqdan sonra Kərim Naxçıvana gəlmiş, burada olarkən restoranda və hava limanının yaxınlığındakı mağazalarda işləmişdir. Bu müddət ərzində Naxçıvanda olmadığı üçün Kərimlə əlaqə saxlamamışdır. 20 ilə yaxın müddət ərzində üç il bundan əvvələdək Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etmiş, İran İslam Respublikasında yaşayan ermənilərin məskunlaşdıqları yerlər, onların Azərbaycana qaçaq gəlmələri barədə olan məlumatları öyrənməsi üçün ona təlimatlar verilmiş, topladığı məlumatları eləcə də İran İslam Respublikasının xüsusi xidmət orqanlarının şəkillərini Azərbaycan DTX-ə təqdim etmişdir. Dövlət Təhlükəsizlik Xidməti ilə olan əməkdaşlığı bitdikdən sonra təxminən 2022-ci ilin mart ayından Kərim Naxçıvana gəlib-getməyə başlamış, onların yenidən əlaqələri yaranmışdır. İstifadəsində olan ***-***-**-** mobil nömrəsi üzərindən Kərimlə əlaqə saxlamış, Azərbaycanda olduğu müddətdə istifadə etməsi üçün adına olan ***-**-** mobil nömrəsini Kərimə vermişdir. Daha sonra Kərim həmin nömrəni öz adına keçirmişdir. Kərim ona əməkdaşlıq təklif edərkən özünün “Ettalaat”ın, yəni İran Xüsusi xidməti orqanının əməkdaşı olmasını söyləməmiş, daha sonra Mohammad adlı şəxslə tanış olduqda Kərimin İran Xüsusi xidməti orqanının əməkdaşı olduğunu öyrənmişdir. Dəqiq xatırlamadığı tarixdə Kərim ona zəng edərək görüşmək istədiyini bildirmiş və onlar “Türk məscidi”nin yanında görüşmüşlər. Kərim məscidin şəkilini çəkməyi təklif etdikdə ondan səbəbini soruşmuş, Kərim isə cavabında məscidlərin böyüklüyünə, bərbəzəyinə baxacağını dediyi üçün ondan şübhələnməmişdir. Həmin gün “İran məscidi”nin, həmçinin 4 yoldan taksi vasitəsilə Kərimlə birlikdə Böyükdüz, Cəhri kəndlərinə gedərək orada olan məscidlərin və Sirab gölünün şəklini çəkmişlər. Günün sonunda Kərim İrana qayıtmış, çəkilən şəkillərə görə ona pul verməmişdir. Kərim İrana gedərkən ona Ordubad istiqamətində yerləşən yanacaq doldurma məntəqələrinin şəkillərini çəkməyi tapşırmış, bunun səbəbini soruşduqda Kərim ona İrandan benzin gətirib satacağını bildirmişdir. Kərimin əvvəllər də bu işlə məşğul oluğunu bildiyi üçün ondan şübhələnməmişdir. Ordubad ərazisində 4 ədəd yanacaq doldurma məntəqəsi olduğundan bir neçə dəfə oraya getmiş, hər dəfə bir yanacaq doldurma məntəqəsinin şəklini çəkmişdir. Həmin vaxt yanacaq doldurma məntəqəsinin işçiləri ilə aralarında heç bir söhbət keçməmiş, onlar Təqsirləndirilən şəxs görməmişlər. 2022-ci ilin aprel ayında Kərim Naxçıvana gəlmiş və onlar səhər saatlarında görüşmüşlər. Daha sonra Kərim onun istifadəsində olan telefonu alaraq tək başına Ordubada getmişdir. İrana həkimə gedərkən Kərim onu Mohammad adlı şəxslə tanış etmiş, onlar maşınla bir qədər getdikdən sonra parkda oturub çay içmişlər. Bankdan pul götürmək üçün orada kağız imzalamış, Mohammad adlı şəxs Kərimə bir qədər pul verərək ondan Fizuli üçün ərzaq almasını istəmişdir. Parkda çay içərkən Mohammadın “Ettalaat”ın üzvü olduğunu bilməmiş, sonuncu dəfə Kərim Naxçıvana gəldikdə Mohammadın İran xüsusi xidmət orqanı “Ettalaat”ın əməkdaşı olduğunu öyrənmişdir. Mohammadla Naxçıvan şəhərində qarşılaşmamış, onunla iki dəfə İranın Culfa şəhərində yerləşən parkdakı yeməkxanada görüşüb çay içmişlər. Həmin görüşlərdə Mohammad adlı şəxs ondan göllərin, su şırnaqlarının, yeni tikintilərin şəkillərini çəkməsini istəmiş, Naxçıvanda əslən Quba rayonundan olan şəxslərin olub-olmamasını, həmçinin Naxçıvanda təlim keçən türk zabit və əsgərlərin qaldıqları yerlər, kimlikləri və rütbələri barədə soruşmuş, o isə məlumatının olmadığını demişdir. Mohammad Ordubadda yaşayan əhalinin İran İslam Respublikasına olan münasibəti barədə maraqlanmasını istəmiş, o da ordubadlıların İranı və orada yaşayan əhalini sevdiyini bildirmişdir. Görüş zamanı Mohammad ondan Vayxır, Sirab göllərinin şəklini çəkməsini istəmiş, Türkiyə və Pakistan ordusunun Naxçıvanda təlim keçməsi, Naxçıvnda “F-16” qırıcı təyyarələrinin olması barədə soruşmuş, o da Pakistan ordusu və “F-16” qırıcı təyyarələri barədə məlumatsız olduğunu, Türkiyə ordusunun isə Naxçıvanda təlimlər keçdiyini söyləmişdir. Hava limanının yaxınlığındakı hərbi hissənin şəkilini çəkənədək etdiyi hərəkətlərin məsuliyyətini dərk etməmiş, məscidlərin, məktəblərin, körpülərin şəkilini çəksə də, digər hərbi hissə ilə bağlı məsələlərdən məlumatı olmamış, Kərim Naxçıvana gəldikdə telefonumun şarjı qurtarıb dediyi üçün telefonunu ona vermiş, telefonu geri qaytardıqda isə telefona baxmamış, tutulduqdan sonra Kərim tərəfindən onun telefonu ilə müxtəlif strateji obyektlərin şəkillərinin çəkildiyini öyrənmişdir. Qeyd olunan obyektlərin şəklini çəkməyə onu heç kim məcbur etməmiş, çəkdiyi şəkillərə, eləcə də verdiyi məlumatlara görə ona bir neçə dəfə 50-60 manatlıq, son dəfə isə 70 manatlıq ərzaq verilmiş, İranda olarkən müalicə xərcləri Kərim tərəfindən qarşılanmışdır. Uşağı xəstəxanada olarkən onu çıxarmaq üçün pula ehtiyacı olmuş, Naxçıvanda borc pul tapa bilmədiyi üçün Kərimdən pul istəmiş, o isə özündə olmadığını söyləyərək Şahid1 zəng etmiş və sonuncu ona 300 manat pul vermişdir. İşləyərək həmin borcu Kərimə qaytarmışdır. Şahid1 kamaz sürücüsü işləmiş, onun da Kərim və Mohammadla münasibəti olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə il Şahid1 yanında fəhləlik etmişdir. Sonuncu dəfə əlaqə saxladıqda Kərim ondan hərbi hissənin şəklini çəkməsini istəmiş, o da hərbi hissənin şəklini çəkərkən ona yaxınlaşaraq nə etdiyi soruşulduqda oranın şəklini çəkdiyini söyləmiş, daha sonra tutularaq DTX işçilərinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirmişdir ki, Kərim Heydari uzun müddət Naxçıvan şəhərində yaşadığı üçün onun burada çoxlu tanışı var. Lakin hansı səbəbdən məhz onunla əlaqə saxladığını, çəkilişlərə onunla birlikdə getdiyini, ona tapşırıqlar verdiyini anlamamışdır. Aralarındakı münasibət çox yaxşı olduğundan ondan şübhələnməmiş, beyin əməliyyatı keçirdiyi üçün etdiyi hərəkətlərin məsuliyyətini tam olaraq dərk etməmişdir. Tutulmamışdan 5-6 ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq etdiyi vaxtlardan tanıdığı 1-2 şəxsə bir neçə dəfə zəng edərək etdiyi hərəkətlər barədə məlumat vermək istəmiş, lakin əlaqə saxlaya bilməmişdir. Son anadək İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bilməmiş, hava limanın yaxınlığındakı hərbi hissənin şəkilini çəkdikdən sonra mövcüd vəziyyəti anlamışdır. Törətdiyi əməldən çox peşmandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs gündəlik pul müqabilində fəhlə işləmiş, aylıq qazancı təxminən 100-150 manat olmuşdur. O, tutulduqdan sonra ailədə heç kəs işləmədiyindən dolanışıqları çox çətin olmuş, son 10-15 gün olar ki, oğlu avtoyuma məntəqəsində işləməyə başlamışdır. X15 ilə hansı şəraitdə tanış olması barədə məlumatı olmamış, onların telefon danışıqlarını eşitməmiş, Təqsirləndirilən şəxs məxsus qeyd kitabçasını görməmişdir. Əri törətdiyi bu əməllə onun və övladlarının başını aşağı etmişdir. Bir neçə il bundan öncə övladları balaca olarkən onları İrana həkimə aparmış, ərinin təkidi ilə bir gecə ailəlikcə onun Mərənd şəhərində yaşayan tanışı Kərim adlı şəxsin evində qalmışlar. Səhəri gün Naxçıvana qayıtmışlar. X11 gəldiyi zaman bir gecə onların evində qalmış, bundan sonra bir daha Kərim Heydarini görməmişdir. Əlavə olaraq bir neçə dəfə qonşuları, əri və uşaqları ilə birlikdə ərzaq almaq və həkim müayinəsindən keçmək üçün İrana getmişdir. Ərinin təzyiq xəstəsi olduğunu, Türkiyədə olarkən beyninə qan sızdığı üçün başından işlədiyi yerin müdirinin maddi yardımı ilə əməliyyat olunduğunu, qızının isə halhazırda ağır xəstə olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2007-ci ildən 2011-ci ilədək onun yanında İrandan gətirilən malların daşınmasında, yüklənib-boşaldılmasında fəhlə kimi işləmişdir. İşlədiyi müddətdə onu normal biri kimi tanımış, daha sonra Türkiyəyə getmiş, uzun müddət orada qalmışdır. 2018-ci ildə Türkiyədən geri qayıtmış, Əfqan adlı şəxslə problem yaşadığı üçün yenidən Türkiyəyə getmişdir. Türkiyədə başından xəsarət aldığı üçün əməliyyat olunmuş və Türkiyədən Naxçıvana qayıtmışdır. Naxçıvanda olduğu müddətdə hərdəh Fizuli ilə yolda qarşılaşmış və ondan nə işlə məşğul olduğunu soruşduqda gündəlik fəhləlik etdiyini demişdir. Kərim adlı İran vətəndaşını 2011-ci ildə Təqsirləndirilən şəxs vasitəsilə tanımış, onların dost olduğunu, Naxçıvana gələrkən Kərim Heydarinin Təqsirləndirilən şəxs evində qalması barədə məlumatı olmuşdur. Kərimlə olan münasibəti Kərim ona İrandan kran alıb gətirdikdən sonra yaranmış, texnikanı yaxşı bildiyindən avtomaşınlarının təmiri üçün lazım olan avdanlıqları İrandan alıb ona göndərmişdir. İranla quru yolu əlaqəsi bağlanmamışdan əvvəl avtomobil hissəsi almaq üçün Təbriz şəhərində olarkən Kərimin evində qalmışdır. Kərimin İranın xüsusi xidmət orqanında işləməsindən məlumatı olmamış, sexdə maşın çənləri yığdığını, çox vaxt Tehran şəhərində olduğunu bilmişdir. Söhbətləri əsnasında Kərim hərdən ona Təqsirləndirilən şəxs kasıb olduğu üçün yazığı gəldiyini, Türkiyədə başına gələn hadisədən sonra işləyib ailəsini dolandıra bilmədiyini, ona görə də göndərilən texnikalar üçün ona etməli olduğu pul ödənişini Fizuliyə Əsədova verməyini tapşırmışdır. Onun bu təkliflərindən şübhələnməmiş, Təqsirləndirilən şəxs bir neçə dəfə 30, 40, 50 manat məbləğində, sonuncu dəfə isə 250 manat pul vermişdir.Pulu verdikdən sonra Kərim Heydariyə zəng edərək ona olan borcunu Təqsirləndirilən şəxs verdiyini, sonra ondan yenidən pul istəməməsini söyləmişdir. Fizulinin özündən isə heç vaxt bu pulun ona nəyə görə verilməsi ilə bağlı soruşmamışdır. X11 gəldiyi zamanlarda harada qalması barədə məlumatı olmamış, istifadəsində olan avtomaşın İran istehsalı olduğu üçün həmin nəqliyyat vasitəsinin motorunu Kərim Heydari təmir etmişdir. Kərim Heydari ilə hər görüşündə Təqsirləndirilən şəxsla maraqlanmışdır. İfadəsinin davamında Şahid1 bildirmişdir ki, Kərim Heydari onu yaxşı tanıdığı üçün heç vaxt İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə ona təklif etməmişdir. Əvvəllər Təqsirləndirilən şəxs törətdiyi əməl barədə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş: Şahid2 ifadəsində göstərmişdir ki, o, 1997-2011-ci illərdə Şərur rayonu, Dəmirçi kəndində yanacaq doldurma məntəqəsinin rəhbəri vəzifəsində işləmiş, həmin dövrdə İran İslam Respublikasında yanacağın qiyməti ucuz olduğundan əksərən yanacağı İran vətəndaşlarından almışdır. Təxminən 2002-ci ildə İran İslam Respublikasının vətəndaşı olan hündür boy, arıq, qaraşın görkəmə malik Kərim Heydari adlı şəxs Şərur rayonuna gələrək yanacaq satışı ilə məşğul olmuş, bir neçə dəfə ondan yanacaq almışdır. Ticarət əlaqələri zamanı Kərim Heydari ilə münasibəti yaranmışdır. İlk tanışlıqları zamanı Kərim Heydari ilə sadəcə ticarət əlaqələri mövcud olmuş, daha sonralar bir neçə dəfə Naxçıvana səfər etdikdə zəng vurub görüşmək istəmiş, çox vaxt onun təklifini qəbul etməsə də bəzən onunla görüşüb söhbətləşmişdir. 2012-ci ildə atası Kərimov Kərim vəfat etdikdə Kərim Heydari onların evinə gələrək yas mərasimində iştirak etmiş, ailə üzvlərindən yalnız onun oğlu X14 tanımışdır. Təxminən 3 il əvvəl oğlu Xəyalın həyat yoldaşı İlhamənin səhhətində problemlər yarandığı üçün Kərim Heydari ilə əlaqə saxlamış, İrana gəldikləri vaxt onlara köməklik göstərməsini xahiş etmişdir. Kərim Heydari də xahişini nəzərə alaraq həkim tapmaqda onlara köməklik göstərmiş və həmin gün oğlu və gəlini Azərbaycana geri qayıtmışlar. Təxminən 2-3 il əvvəl X4rkən ona boş vaxtının olduğunu, görüşmək istədiyini bildirmiş, onunla görüşdükdə köhnə yanacaq doldurma məntəqəsinin harada yerləşməsini soruşaraq öz avtomobili ilə onu Naxçıvanın müxtəlif bölgələrinə, o cümlədən Sədərək rayonuna getmək istədiyini bildirmiş, Sədərək rayonuna gedərkən yanacaq doldurma məntəqələrinin harada yerləşməsini soruşaraq xatirə qalmasını istədiyini bildirərək həmin yerləri videoya çəkmişdir. O, Türkiyə və İrana səfər etmiş, səfərlərinin məqsədi yalnız ticarətlə bağlı olmuşdur. İran İslam Respublikasına getdikdə isə orada heç bir xarici vətəndaşla ünsiyyətdə olmamış, ticarət edib geri dönmüş, İran İslam Respublikasının vətəndaşı Kərim Heydari adlı şəxs isə heç vaxt onu məxfi əməkdaşlığa cəlb etməyə cəhd etməmiş, Kərim Heydari onun yanında olarkən yalnız Ramazan adlı şəxsin adını çəkmiş, yaxın dost olduqlarını vurğulamış, X4rkən Ramazanın evində qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: - 13 noyabr 2023-cü il tarixli, 4/1691-5/1587 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “COPYBOOK” yazıları olan damadama şagird dəftərinin üz qabığının arxa tərəfinin yuxarı sol hissəsində olan yazılardan və dəftərdə şərti olaraq 1, 4, 5-24-cü vərəqlərində olan yazılar; Üz qabığı göy rəngli qeyd dəftərinin şərti olaraq 1-7-ci, 10-26-cı, 39-41-ci, 69-73-cü vərəqlərində olan yazılar; Üz qabığı qəhvəyi rəngli üzərində “4M” yazıları olan qeyd dəftərinin üz qabığının arxa tərəfində olan yazılardan (“Adnan Sivas” yazılarından başqa) və şərti olaraq 8-13-cü, 25-37-ci və arxa qabığının iç tərəfindəki yazılar (“Albumin 20%” yazılarından başqa); Üz qabığı qəhvəyi rəngli üzərində “Gələcəyinizi bizə əmanət edin!” yazıları olan qeyd dəftərinin şərti olaraq 1-9-cu, 12-16-cı, 18-22-ci, 24-33-cü vərəqlərində olan yazılar; Üz qabığı gümüşü rəngli qeyd dəftərinin 2-4-cü, 6-10-cu, 13-15-ci, 70-ci, 72-ci, 73cü, 75-78-ci vərəqlərində olan yazılar; 1 ədəd şərti olaraq 1 rəqəmi ilə işarələnmiş dama-dama kağız parçası üzərində olan yazılar; 1 ədəd şərti olaraq 2 rəqəmi ilə işarələnmiş kağız parçasında “********** pyhyпa” yazıları; 1 ədəd şərti olaraq 3 rəqəmi ilə işarələnmiş dama-dama kağız parçası üzərində olan yazılar; 1 ədəd şərti olaraq 4 rəqəmi ilə işarələnmiş kağız parçası üzərində olan yazılar; 1 ədəd şərti olaraq 6 rəqəmi ilə işarələnmiş kağız parçası üzərində olan rəqəmli yazılar; 1 ədəd şərti olaraq 7 rəqəmi ilə işarələnmiş kağız parçasının üz və arxa tərəfində olan rəqəmli yazılar; 1 ədəd şərti olaraq 8 rəqəmi ilə işarələnmiş kağız parçasının üz və arxa tərəfində olan rəqəmli yazılar; 2 ədəd şərti olaraq 10 və 11 rəqəmləri ilə işarələnmiş dama-dama şagird dəftər vərəqi üzərində olan yazılar - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim edilmiş 1 ədəd şərti olaraq 2 rəqəmi ilə işarələnmiş kağız parçasının üz və arxa tərəfində olan yazılar (“********** pyhyпa” yazılarından başqa); 1 ədəd şərti olaraq 5 rəqəmi ilə işarələnmiş kağız parçasının üz və arxa tərəfində olan yazılar; 1 ədəd şərti olaraq 9 rəqəmi ilə işarələnmiş milə-mil şagird dəftəri vərəqinin üz və arxa tərəfində olan yazılar; üz qabığı qəhvəyi rəngli üzərində “4M” yazıları olan qeyd dəftərinin üz qabığının arxa tərəfində “Adnan Sivas” yazıları və həmin qeyd dəftərinin arxa qabığının iç tərəfindəki “Albumin 20%” yazıları - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) icra edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli, 2998 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırda psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri müəyyən edilməmişdir. Onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxsnin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - 14 sentyabr 2023-cü il tarixli baxış protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndindəki evinə baxış keçirilmiş, baxış zamanı evin yataq otağından kiçik ağ rəngli şkafın içərisindən qara rəngli kiçik əl çantası, həmin çantanın içərisindən isə müxtəlif qeydlər aparılmış (mobil telefon nömrələri, hərbi hissələr və həmin hərbi hissələrdə xidmət keçən hərbi qulluqçular və s.) qeyd kitabçaları, digər yataq otağından “Samsung” və “Nokia” markalı mobil telefonlar, üzərilərində müxtəlif qeydlər aparılmış vərəqlər, 02 ədəd “Kapital Bank ASC” yə məxsus, üzərində Zeynəb Zeynalova və Fizuli Asadov yazılmış plastik bank kartı, 01 ədəd İran İslam Respublikasına məxsus plastik kart, 04 ədəd “Azercell” mobil operatoruna məxsus, 01 ədəd "xxxx" mobil operatoruna məxsus, 01 ədəd “AzerFon” mobil operatoruna məxsus telefon kartı, 01 ədəd İran İslam Respublikasına məxsus üzərində MTN yazılmış sim kart və qeyd dəftəri aşkar edilərək götürülmüşdür. - 27 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolu və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndindəki evindən götürülmüş əşya və sənədlərə baxış keçirilmiş, baxış zamanı qara rəngli kiçik əl çantası, həmin çantanın içərisindən müxtəlif qeydlər olan kitabçalar, “4M Danışmalık Tic. Ltd. Şti.” yazısı olan qəhvəli rəngli kiçik ölçülü qeyd kitabçası, zərli, mavi rəngli və mərkəzində “Eyfel” qülləsinin şəkli əks olunmuş üz qabıqlı qeyd kitabçası, “217 hərbi” yazısı ilə başlayan kağız parçası, “Gələn” yazısı ilə başlayan kağız parçası, “217 komandiri” yazısı ilə başlayan kağız parçası, üzərində qız şəkli əks olunmuş qeyd kitabçası, “Cəhri” yazısı ilə başlayan kağız parçası, üz qabığında “Araz kursları” yazılmış qeyd kitabçası, üzərilərində müxtəlif qeydlər aparılmış kağız parçaları, 02 ədəd “Kapital Bank ASC” yə məxsus, üzərində Zeynəb Zeynalova və Fizuli Asadov yazılmış plastik bank kartı, “Samsung Galaxy 05”, “Samsung Galaxy S4” markalı qara rəngli və “Nokia” markalı qara rəngli, işlək vəziyyətdə olmayan mobil telefon, 01 ədəd İran İslam Respublikasına məxsus plastik kart, 04 ədəd “Azercell” mobil operatoruna məxsus sim kart, 02 ədəd İran İslam Respublikasına məxsus sim kart müəyyən edilmiş, qeyd kitabçalarının və kağız parçalarının sürəti protokola əlavə edilmişdir. - 05 oktyabr 2023-cü il tarixli baxış protokolu və həmin protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy 05” markalı mobil telefona baxış keçirilmiş, baxış nəticəsində mobil telefonun kontaktlar bölməsində +**********12 mobil nömrəsi ilə rəsmiləşdirilmiş “KEREM” adlı kontaktın olması, “Qalereya” bölməsinə daxil olduqda Naxçıvan Muxtar Respublikasında olan yanacaq doldurma məntəqələrinin, hərbi hissənin giriş hissəsinin, körpülərin və digər obyektlərin şəkillərinin olması, +**********1 mobil nömrəsi və “Fizuli” istifadəçi adı ilə rəsmiləşdirilmiş “Whatsapp” tətbiqində “Kerem” adlı kontaktla 13 və 22 aprel 2023-cü il tarixdə buraxılmış zənglərin, 21 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Kerem” adlı istifadəçiyə səsli mesaj göndərməsi, mesajda “ Alo, Kərim nətərsən? Nə var nə yox? Zəng vurmusan. Səs at, elə olanda, səs at, ya da bir çağrı ver. Telefonunu açmayacam,baxım ona görə cavab verim” məzmunlu danışıqlar aparması, 08 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Kerem” adlı istifadəçiyə səsli mesaj göndərməsi, mesajda “Salam Kərim necəsən? Vəziyyət necədir? Evdə eşikdə uşaqlar?” məzmunlu danışıqların aparılması, +**********67 mobil nömrəsi ilə aparılan yazışmaya daxil olduqda həmin İran nömrəsinin “-Heydarli” adı ilə Whatsapp-da qeydiyyatdan keçirildiyi, status bölməsində isə “K_h” qeyd edilməsi, profil şəklində İran və Türkiyə Respublikasının bayraqları əks olunması, +**********67 nömrəsinin Təqsirləndirilən şəxs 7-12 sentyabr 2023-cü il tarixdə mütəmadi zənglər etməsi müəyyənləşdirilmiş, “qalereya” bölməsində olan iş üçün əhəmiyyət kəsb edən fayllar protokola əlavə edilmişdir. - 05 oktyabr 2023-cü il tarixli baxış protokolu və protokola əlavə edilmiş fotoşəkillərdən məlum olur ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy S4” markalı mobil telefona keçirilmiş, həmin mobil telefonun kontaktlar bölməsində +**********12 mobil nömrəsi ilə rəsmiləşdirilmiş “KEREM” adlı və ********** mobil nömrəsi ilə rəsmiləşdirilmiş “KEREM 8” adlı kontaktların olması eləcə də “Qalereya” bölməsində iş üçün əhəmiyyət kəsb edən foto və videolar müəyyənləşdirilmişdir. - 10 noyabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, baxış nəticəsində **********, **********, **********, **********, **********, **********, ********** mobil nömrələrin Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi və Kərim Heydariyə məxsus olan **********67 mobil nömrəsi ilə 2021-2022-ci illərdə əlaqə saxlaması müəyyən edilmişdir. Məlumatların öz əksini tapdığı siyahı iş üçün əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. - 15 dekabr 2023-cü il tarixli axtarış protokolundan məlum olur ki, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qarabürc kəndində yerləşən fərdi yaşayış evində axtarış keçirilmiş, evin yataq otağındakı şkafın çəkməcəsindən içərisində müxtəlif mobil operatorlara məxsus nömrələrin qeyd olunduğu boz rəngli kitabça aşkar edilmişdir. Evin digər otaqlarından iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmetlər aşkar edilməmişdir. - 16 dekabr 2023-cü il tarixli axtarış protokolundan məlum olur ki, ünvan 5 ünvanında axtarış keçirilmiş, evdən iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmetlər aşkar edilməmişdir. - 16 dekabr 2023-cü il tarixli fotoşəkil üzrə tanıma protokolu və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, Şahid1 ona təqdim olunan fotocədvəldə barəsində ifadə verdiyi İran İslam Respublikası vətəndaşı və Mərənd şəhərində yaşayan Kərim adlı şəxsi tanımış, fotocədvəldəki digər şəxsləri isə birinci dəfə gördüyünü bildirmişdir. - 19 dekabr 2023-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş nömrə məlumat sistemindən çıxarışdan məlum olur ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş, baxış nəticəsində Təqsirləndirilən şəxs adına **********, **********, ********** mobil nömrələri rəsmiləşdirilməsi, 2022-2023-cü illərdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil nömrə vasitəsilə **********67 və **********12 mobil nömrələri ilə mütəmadi əlaqə saxlaması müəyyən edilmişdir. 21 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə göndərilmiş əməliyyat qeydiyyatı üzrə yoxlama haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyəti Qahab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsinin baş verməsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibinin olması, onun cinayətin törədilməsinə aidiyyatı və təqsirliliyi sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən ona düzgün olaraq Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün xarici xüsusi xidmət orqanının əməkdaşının tapşırığı əsasında tamah məqsədilə qəsdən məlumatlar toplamaqla casusluq formasında və Azərbaycan Respublikasının mənafeyi zərərinə həmin xüsusi xidmət orqanı nümayəndələrinin digər tapşırıqlarını yerinə yetirib onlara kömək etmək məqsədilə İran İslam Respublikasının xüsusi xidmət orqanının X9 adlı əməkdaşı tərəfindən 2022-ci ilin mart ayından Naxçıvan şəhərində məxfi əməkdaşlığa cəlb edilmişdir. Həmin məxfi əməkdaşlığı davam etdirmək üçün əlaqəsinə verildiyi xüsusi xidmət orqanının Mohammad adlı əməkdaşı ilə də İranın Culfa şəhərində görüşmüş və onlar Təqsirləndirilən şəxs Vayxır, Sirab göllərinin, su şırnaqlarının, yeni tikintilərin, məscidlərin, körpülərin, yolların, məktəblərin şəkillərini çəkməsini istəmiş, Naxçıvan ərazisində keçirilən birgə taktiki təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin dəqiq sayı və tərkibi, hərbi qulluqçuların hərbi rütbələri və Naxçıvan ərazisində müvəqqəti yaşadıqları ünvanları, Naxçıvan Muxtar Respublikası ərazisində Türkiyə Respublikasına məxsus “F-16” qırıcıdöyüş təyyarələrinin və dronlarının olub-olmaması, Ordubad əhalisinin İran camaatına qarşı olan münasibəti barədə olan məlumatları toplaması üçün tapşırıqlar vermişlər. Bütün bunlar təqsirləndirilən şəxsin eləcə də məhkəmə baxışı zamanı dindirilən şahidlərin ifadələri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxsin Naxçıvan Muxtar Respublikası Babək rayonu, Qahab kəndindəki evinə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş qeyd kitabçalarındakı qeydlər, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A5” və 1 ədəd «Samsung Galaxy S4» markalı mobil telefona baxış zamanı aşkar edilən fotoşəkil və videolar onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş əməli törətdiyini bir daha təsdiq edir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1691-5/1587 saylı ekspert rəyi ilə qeyd kitabçalarındakı qeydlərin Təqsirləndirilən şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş **********, **********, ********** mobil nömrələri, 2022-2023-cü illərdə İran xüsusi xidmət orqanının nümayəndəsi X5 istifadəsində olan **********67 və **********12 mobil nömrələri ilə mütəmadi əlaqə saxlamışdır. Onların əlaqə saxladıqları tarixlər və saatlar Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər dəlillərdir. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin mahiyyətini son anadək dərk etmədiyini, Kərim Heydarinin onu yoldan çıxardığını, İran İslam Respublikasının xüsusi xidmət orqanının nümayəndələrinə verdiyi məlumatlara görə ona ödəniş edilmədiyini söyləməsini özünü müdafiə kimi qiymətləndirir. Tutduğu əməldə tamah məqsədinin olması Şahid1 ifadəsilə öz təsdiqini tapır. Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə Cinayət Məcəlləsinin 274-cü maddəsinin tərkibini təşkil edir. Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, törətdiyi əməldən peşman olması, onun İİ qrup əlil olması, himayəsində xəstə övladının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən ona istinad edilən xüsusilə ağır cinayəti tamah məqsədi ilə törətməsidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər... üçün azadlıqdan məhrumetmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-633/2023 nömrəli, 16 sentyabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 14 sentyabr 2023cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, onun cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı 14 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsinin maddi sübutların saxlanması otağında saxlanılan maddi sübutlar: - Təqsirləndirilən şəxs yaşadığı Babək rayonu, Qahab kəndindəki evindən aşkar edilərək götürülmüş 4M Danışmalık Tic. Ltd. Şti.” Yazısı olan qəhvəli rəngli kiçik ölçülü qeyd kitabçası, Zərli, mavi rəngli və mərkəzində “Eyfel” qülləsinin şəkli əks olunmuş üz qabıqlı qeyd kitabçası, “217 hərbi” yazısı ilə başlayan kağız parçası, “Gələn” yazısı ilə başlayan kağız parçası, “217 komandiri” yazısı ilə başlayan kağız parçası, üzərində qız şəkli əks olunmuş qeyd kitabçası, “Cəhri” yazısı ilə başlayan kağız parçası, üz qabığında “Araz kursları” yazılmış qeyd kitabçası, müxtəlif qeydlər aparılmış kağız parçaları cinayət işində saxlanılmalıdır. -Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung Galaxy A5 və 1(bir) ədəd Samsung Galaxy S4 markalı mobil telefon cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılmalıdır. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd C00641282 nömrəli pasport cəzanı icra edən orqana göndərilməlidir. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq, sənədlərin məhkəmə texniki ekspertizalarına görə 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X8 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 ( iki yüz qırx ) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351, 352, 353.1, 353.2, 353.4, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirli bilinib 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan maddi sübutlar: - Təqsirləndirilən şəxs yaşadığı Babək rayonu, Qahab kəndindəki evindən aşkar edilərək götürülmüş 4M Danışmalık Tic. Ltd. Şti.” Yazısı olan qəhvəli rəngli kiçik ölçülü qeyd kitabçası, Zərli, mavi rəngli və mərkəzində “Eyfel” qülləsinin şəkli əks olunmuş üz qabıqlı qeyd kitabçası, “217 hərbi” yazısı ilə başlayan kağız parçası, “Gələn” yazısı ilə başlayan kağız parçası, “217 komandiri” yazısı ilə başlayan kağız parçası, üzərində qız şəkli əks olunmuş qeyd kitabçası, “Cəhri” yazısı ilə başlayan kağız parçası, üz qabığında “Araz kursları” yazılmış qeyd kitabçası, müxtəlif qeydlər aparılmış kağız parçaları cinayət işində saxlanılsın. -Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung Galaxy A5 və 1(bir) ədəd Samsung Galaxy S4 markalı mobil telefon cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti İstintaq Baş İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılsın. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd C00641282 nömrəli pasport cəzanı icra edən orqana göndərilsin. Cinayət işi üzrə ittiham aktının elektron variantı olan 1 (bir) ədəd CD cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq, sənədlərin məhkəmə texniki ekspertizalarına görə 124 (yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş müdafiəçi X8 ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına 240 ( iki yüz qırx ) manat miqdarında pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Faiq Heydərov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar