Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-8/2023 24.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Heydərov Faiq İnqilab oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Nağıyev İsfəndiyar Səfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Təranə Xudaverdi qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X5 Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə 1 yanvar 1968-ci ildə Naxçıvan rayonu, Payız kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 6 uşaq atası, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Babək rayon Payız kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 263.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 31 dekabr 2022-ci il tarixdə saat 0640-da icarə müqaviləsi əsasında idarə etdiyi “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” X19 məxsus “Naz Lifan LF620” markalı **-TA-*** qeydiyyat nişanlı avtomobil ilə Babək rayonu ərazisində Payız- Cəhri yolu ilə Naxçıvan şəhəri istiqamətində saatda 60 kilometr surətlə hərəkətdə olarkən "X18" Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar kimi tələblərini pozaraq yolun Gülşənabad kəndindəki körpüyə ayrılan yolayrıcından Cəhri qəsəbəsi istiqamətində 250 metr məsafədə olan hissəsində qumlu-çınqıllı yolda sürət həddini düzgün seçməməklə idarəetməni itirərək avtomobili aşırması nəticəsində ehtiyatsızlıqdan avtomobilin arxa oturacağının sol hissəsində əyləşmiş sərnişin X1 qarnın ön sağ yarısında sıyrıq, sol baldırında iki ədəd sıyrıqlar, sağ diz oynağında sıyrıq və yara, sağ budunda hematoma və yara, başın yumşaq toxumasının altına təpə ənsə nahiyəsində qansızma, sağ tərəfdə döş qəfəsinin yumşaq toxumalarına və əzələlərinə ön qoltuqaltı xətt üzrə X-Xİİ qabırğalar səviyyəsində geniş həcmdə qansızma, qarın boşluğunda 1,7 litrədək qan, qara ciyərin böyük payı üzərində cırılma, sağda X-Xİİ qabırğalarda ön qoltuqaltı xətt üzrə sınıq, sınıq ətrafı toxumaya qansızma, bud sümüyü başının sınığı və sağ böyrək ətrafı toxumaya qansızma kimi ağır dərəcəli zərər vurmaqla ölümünə, arxa oturacağın orta hissəsində əyləşmiş sərnişin X4 üst göz qapağında qançır, sifətin sol yarısını əhatə edən qançır, burun və üz skeleti sümüklərinin sınığı, başın yumşaq toxuması altına bütün nahiyələrdə qansızma, hər iki gicgah əzələlərinə qansızma, sərt qışada cırılma, kəllə boşluğunda az miqdarda əzilmiş beyin toxuması, kəllə qapağı və əsası sümüklərində çox saylı qəlpəli sınıqları kimi həyatla bir araya sığmayan zərər vurmaqla ölümünə, “Naz Lifan LF-620” markalı avtomobilin mülkiyyətçisi “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” X19 5320 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 31 dekabr 2022-ci il tarixdə, saat 06:15 radələrində yaşadığı ünvandan arvadı Durna Alcəfərova, nəvəsi Ramil Alcəfərli, qardaşı Şahid1 və qardaşı oğlu Şahid3 ilə birlikdə istifadəsində olan taksi ilə Babək rayonu, Payız kəndindən Əliabadda yaşayan qızıgilə yola düşmüşdür.Avtomaşını 60 km/saat sürətlə idarə etmişdir. Gülşənabad körpüsünü keçdikdən sonra Cəhri istiqamətindəki yol təmir olunduğuna görə çınqıllı olmuş, orada sürət həddi ilə bağlı hər hansı yol nişanı olmamış, həmin yolda əyləcə basa bilməyəcəyini düşünmüş və bu səbəbdən asfalt yolda maşının sürətini təxminən 40-50 km/saat sürətə endirmişdir. Gülşənabad kəndinə dönən yolu keçəndə artıq asfalt yol qurtarmış, oradan üzüaşağı düz istiqamətli torpaq yol başlamış, həmin yolda 200-250 metr getdikdən sonra maşın yolda olan iri daşlara görə titrəmiş və o, idarəetməni itirmişdir.Öz ehtimalına görə sol təkər çınqıllı yolda partladığı üçün maşın sola doğru hərəkət etmiş, rolu sağa döndərmiş, maşın sağ istiqamətə çox döndüyündən rolu sola çevirmiş, bu zaman başını avtomobilin “stoyka”sına vurmuş və huşu getmişdir. Gözünü açdıqda idarə etdiyi avtomobilin tərsinə çevrildiyini görmüş, özü və qardaşı avtomobilin içərisində olmuş, yoldan keçən maşınların sürücüləri əvvəlcə onları maşından çixarmış, çöldə hadisənin Payıza tərəf gedən yolun sağ hissəsində baş verməsini, daha sonra arvadı ilə nəvəsinin maşının damının altında yerdə qalmasını görmüşdür. Qardaşı Musa, həmkəndlisi Şahid2 və orada olan digər şəxslərlə birlikdə arvadı və nəvəsini maşının damının altından çıxarmış, təxminən 20-25 dəqiqə ərzində Şahid2 maşını ilə arvadı və nəvəsini xəstəxanaya çatdırmış, yolda hər ikisi sağ olsa da, xəstəxanaya çatdıqda həkim nəvəsinin öldüyünü demiş, daha sonra isə arvadı ölmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə günü maşınında hər hansı bir nasazlıq olmamış, təmirli yolda nə hadisədən əvvəl, nə də hadisə zamanı əyləcə basmamış, diqqətini yayındıran hər hansı bir şey olmamışdır. Hadisədən 3- 4 gün əvvəl maşının “abarot”unda öz-özünə artıb-azalma olduğu üçün onu təmir etdirmiş, bir gün əvvəl isə axşamüstü maşının təkərlərinə hava vurdurmuş, hadisənin təkərlərə vurulmuş havanın çoxluğundan və yaxud arxın eninin təxminən 40 santimetr olmasına və diskin oraya kiplənmiş vəziyyətdə girməsinə görə təkərin havasının təmirli yolda olan iri daşların təsiri ilə çöldə boşalması səbəbindən baş verməsini düşünmüşdür. 20 il Bakıda müxtəlif markalı şəxsi maşınlarla taksi sürücüsü işləmiş, 2022-ci ilin aprel ayından Naxçıvanda sərnişin daşımaqla məşğul olmağa başlamışdır. Bu vaxta qədər maşınla cinayət hadisəsi törətməmiş, maşında yüngül formada qəzalar baş versə də, maşının yararsız hala düşməsinə, ölümə və yaxud kiməsə xəsarət vurmağa səbəb olacaq hadisələr olmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, 6 övladının olmasını, 4 övladının hərbi qulluqçu olmasını, qəza nəticəsində avtomobilə dəymiş 5320 manat məbləğində zərəri zərərçəkmiş şəxsin nümayəndəsinə tam şəkildə ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, işdə olarkən, səhər 06-07 radələrində xalası oğlu Turxan Zamanov ona zəng edərək atası Təqsirləndirilən şəxs qəza törətdiyini söyləmiş, işdən icazə alaraq Buzqov kəndindən qəzanın baş verdiyi yerə gəlmiş, maşının tərs vəziyyətdə olduğunu görmüş, Cəhrinin mərkəzinə çatanda atasına zəng edərək harada olduqlarını soruşmuş, onların xəstəxanada olmasını, artıq anası və oğlunun rəhmətə getməsini öyrənmiş, daha sonra xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi İ.Alcəfərov təqsirləndirilən şəxs (atası) Təqsirləndirilən şəxs hər hansı bir şikayətinin və tələbinin olmadığını bildirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 31 dekabr 2022-ci il tarixdə, saat 06:50 radələrində işə getmək üçün hazırlaşarkən xalası oğlu Turxan Zamanov ona zəng etmiş, atası Təqsirləndirilən şəxs qəza törətməsini və mərkəzi xəstəxanaya getməsini söyləmişdir. Şəxsi maşını ilə xəstəxanaya yola düşmüş, oraya çatanda ilk növbədə atasının yanına getmiş, anası və qardaşı oğlunun öldüyünü öyrənmişdir. Atası Təqsirləndirilən şəxs hər hansı bir şikayəti və tələbi yoxdur Zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs avtomaşını 2022-ci ilin aprel ayında bağlanmış müqaviləsi əsasında 2 il müddətinə icarərəyə götürmüş, icarə haqqı 2022-ci ilin dekabr ayınadək 400 manat, 2023-cü ilin yanvar ayından isə 300 manat müəyyən olunmuşdur. İcarə haqqı terminal vasitəsilə ödənilmiş, ödəniş qəbzi mühasibatlığa təhvil verilmişdir.Qəza baş verdikdən sonra 5 ay müddətində icarə haqqı ödənilməsə də, bununla bağlı hər hansı tələbləri yoxdur. Qəzadan sonra maşın polis tərəfindən təhvil götürülmüş, hadisə nəticəsində 5320 manat məbləğində dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir.Həmçinin o, Təqsirləndirilən şəxsla işlədiyi müddətdə onun barəsində hər hansı şikayətin daxil olmamasını, dövlət rüsumlarını vaxtlı-vaxtında ödəməsini, bir dəfə başqa bir “2107” markalı maşının Təqsirləndirilən şəxs maşınını vurmasını söyləmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şikayəti və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə olan günü səhər saat 06-07 radələrində qardaşı Təqsirləndirilən şəxs idarə etdiyi taksidə Naxçıvan şəhərinə gedərkən bu hadisə baş verib. Qardaşı maşını təxminən 55-65 km/saat sürətlə idarə etmiş, sürət normal olmuş, hadisədən əvvəl qardaşının fikrini yayındıra biləcək hər hansı bir şey olmamışdır.Torpaq yolda təxminən 100-150 metr getdikdən sonra maşın anidən sağa-sola doğru hərəkət etmiş, qardaşı idarəetməni bərpa edə bilməmiş, maşın armatura dəymiş, armatur təkəri partlatdığı üçün maşın tərsinə çevrilmiş, özü və qardaşı Təqsirləndirilən şəxs maşının içərisində olmuş, oğlu Şahid3, qardaşının nəvəsi Ramil Alcəfərli və qardaşının arvadı Durna Alcəfərova yerə düşmüş, qəza nəticəsində özü və oğlu heç bir xəsarət almamışdır. Həmkəndlisi Gəray və digər tanımadığı şəxslərin köməyi ilə yaralı olan qardaşının arvadı və nəvəsini Gərayın maşını ilə xəstəxanaya çatdırmışlar və onlar xəstəxanada rəhmətə getmişdirlər. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, səhər saat 07 radələrində yeni il hədiyyələrini satmaq üçün şəhərə gedərkən taksinin yolun soluna tərəf arxa yaxın yerdə tərsinə çevrilməsini və içərisində uşaq olmasını görmüş, orada olan şəxslərlə maşının qapısını açmış, Təqsirləndirilən şəxs və Şahid1 maşından çıxarmışlar. Maşının altında sağ tərəfdə uşaq, digər tərəfdə isə qadın olmasını, maşın bir tərəfə qaldırılsa, uşaq, digər tərəfə qaldırsa qadının əziləcəyini görmüşdür. Hadisə nəticəsində maşında olan Şahid3 heç bir xəsarət almamış, yaralıları maşını ilə xəstəxanaya apararkən yolda onların hər ikisi yaşamış, təxminən 15-20 dəqiqə ərzində onları xəstəxanaya çatdırmış, orada polisləri çağırmış, öz işinin arxasınca getmiş, sonradan qadın və uşağın rəhmətə getdiyini öyrənmişdir. Şahid2 ifadəsinə əlavə olaraq sürücülüklə uzunmüddətdir ki, məşğul olmasını, hadisə günü qəza baş verən yolun pis vəziyyətdə, çınqıllı, sürüşkən olmasını bildirdi. Şahid qismində dindirilmiş Şahid3 İsmayıl oğlu ifadəsində göstərdi ki, səhər erkən saatlarda yola çıxdıqları üçün maşında yatmış, gözünü açdıqda maşının tərsinə çevrildiyini görmüş, hadisə nəticəsində heç bir xəsarət almamış, atasıgili çağırmış, atası ondan kömək istəmiş, əmisinin nəvəsi və arvadı maşınının altında olmuş, daha sonra həmkəndliləri gəlmiş, atasıgilin maşından çıxarılmasına köməklik etmiş, onlar maşından çıxarılıb xəstəxanaya aparılmış, oradan çıxıb bazara getmiş, yenidən müayinə olunmaq üçün xəstəxanaya qayıtmış, əmisinin nəvəsi ilə arvadının rəhmətə getməsini öyrənmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 tərəfindən verilmiş: - 09 nömrəli, 3 yanvar 2023-cü il tarixli məhkəmə ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Şahid3 bədən səthi üzərində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. - 10 nömrəli, 3 yanvar 2023-cü il tarixli məhkəmə ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, vətəndaş Şahid1 bədənində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə avtomobil qəzası zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - 08 nömrəli, 6 yanvar 2023-cü il tarixli məhkəmə ekspertizasının rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədənində müəyyən edilmiş xəsarətlər - döş qəfəsinin qançuru bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci tarixdə avtomobil qəzası zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs qanında etil spirti aşkar edilməmişdir. - 64 nömrəli, 31 dekabr 2022-cü il tarixli məhkəmə ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, X2 meyitində aşkar edilmiş xəsarətlər: qarnın ön sağ yarısında sıyrıq, sol baldırında iki ədəd sıyrıq, sağ diz oynağında sıyrıq və yara, sağ budunda hematoma və yara, başın yumşaq toxumasın altına təpə ənsə nahiyəsində qansızma, sağ tərəfdə döş qəfəsinin yumşaq toxumalarına və əzələlərinə ön qoltuqaltı xətt üzrə X-Xİİ qabırğalar səviyyəsində geniş həcmdə qansızma, qarın boşluğunda 1,7 litrədək qan, qara ciyərin böyük payı üzərində cırılma, sağda X-Xİİ qabırğalarda ön qoltuqaltı xətt üzrə sınıq, sınıq ətrafı toxumaya qansızma, bud sümüyü başının sınığı və sağ böyrək ətrafı toxumaya qansızma müəyyən olundu. Göstərilən xəsarətlər həyati olub, güclü küt alət təsirindən törənmişdir. Bilavasitə yol-nəqliyyat hadisəsi üçün xarakterikdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə və vaxta uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olub, onun ölümü ilə nəticələnmişdir. X2 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu xəsarətlər hesabına törənmiş travmatik şok, qara ciyərin cırılması və bud sümüyü başının sınığı olmuşdur. Ölümün müddəti meyitin müayinə gününə uyğun gəlir. - 65 nömrəli, 31 dekabr 2022-cü il tarixli məhkəmə ekspertizasının rəyindən (meyitin ekspertizası) görünür ki, X3 meyitində aşkar edilmiş xəsarətlər: sağ üst göz qapağında qançır, sifətin sol yarısını əhatə edən qançır, sifətin sol yarısından başlayaraq alından, təpədən keçməklə ənsəyədək davam edən yara, burun və üz skleti sümüklərində sınıq, başın yumşaq toxuması altına bütün nahiyələrdə qansızma, hər iki gicgah əzələlərinə qansızma, sərt qışada cırılma, kəllə boşluğunda az miqdarda əzilmiş beyin toxuması, kəllə qapağı və əsası sümüklərində çox saylı qəlpəli sınıqlar müəyyən edildi. Göstərilən xəsarətlər həyati olub, güclü küt alətin təsirindən törənmişdir, eləcə də avtomobil qəzası zamanı əmələ gələ bilərdi. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğundur, dərəcəsinə görə həyatla bir araya sığmayan xəsarətlər olduğuna görə onun ölümü ilə nəticələnmişdir. X3 ölümünə səbəb avtoqəza nəticəsində almış olduğu başın həyatla bir araya sığmayan xəsarətləri olmuşdur. Ölümün müddəti qərarda göstərilən tarixə və vaxta uyğun gəlir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası tərəfindən verilmiş: - 372 nömrəli, 17 aprel 2023-cü il tarixli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Naz Lifan LF 620 markalı, ** TA *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır. - 418 nömrəli, 20 aprel 2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, usta Əsgər Nuriyev tərəfindən tərtib edilmiş, 2010-cu il buraxılışlı, “Naz Lifan LF71620 minik” markalı, sedan tipli, sarı rəngli, mühərrikin iş həcmi 1597 sm3, ban nömrəsi LLV2A3A2XA0216043 olan ** TA *** qeydiyyat nişanlı minik avtomobilin təmir-bərpa xərci təxminən (dəyişilməli hissələrin qiyməti aşınma tətbiq etməklə) 5320.00 manatdır. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinin 31 dekabr 2022-ci il tarixli,1094 nömrəli aktından aydın olur ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş və onda alkoqol sərxoşluğu vəziyyəti müəyyən olunmamışdır. 31 dekabr 2022-ci il tarixdə tərtib olunmuş baxış keçirilməsi haqqında protokol, həmin protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, yolnəqliyyat hadisəsi Babək rayon inzibati ərazisində, Cəhri-Naxçıvan yolunda, Gülşənabad kəndindəki körpüyə ayrılan yolayrıcından Cəhri qəsəbəsi istiqamətində 250 metr məsafədəki çınqıllı yolda baş vermiş, “Naz Lifan LF-620” markalı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə avtomobili yolun sağ tərəfinə doğru 28,5 metr məsafədə sürüşmə izi salaraq istiqamətləndirmiş, daha sonra yolun sol tərəfinə doğru istiqamətləndirərək yolda 29 metr sürüşmə izi salaraq yolun sol tərəfindən qurtaracağındakı beton kanala dəymiş və avtomobili tərs vəziyyətdə aşırmış, hadisə yerinə baxış zamanı “Naz Lifan LF-620” markalı avtomobilin partlamış vəziyyətdə olan sol ön təkəri ehtiyat təkərlə əvəz olunaraq sübut əhəmiyyəti olduğu üçün hal şahidlərinin iştirakları ilə qablaşdırılaraq götürülmüşdür. 3 yanvar 2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-TA-*** nömrə nişanlı, "Naz Lifan 620" markalı nəqliyyat vasitəsi yoxlanılarkən, ön buferin, arxa buferin, arxa kapotun, arxa şüşənin, arxa sol şüşənin, damın, sol arxa qapının, yan güzgülərin, arxa qapının, sol ön və arxa kırloların əzik, şinlərin vəziyyətinin normal, şüşə təmizləyicinin yerində, ön şüşənin çatlaq, arxa şüşənin qırıq, sol arxa şüşənin yararsız, ön işıqların yerində, arxa işıqların yararsız, tormoz sisteminin, səs siqnalının vəziyyətinin saz, sükan idarəsinin, sürət ölçüləri riçakının , qoruyucu kəmərlərin işlək olması müəyyən edilmişdir. 01/004 nömrəli, 5 aprel tarixli avtonəqliyyat vasitəsinin icarəyə verilməsi barədə müqavilədən görünür ki, icarəyəverən, “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə qanuni əsaslarla mülkiyyətdə olan “Naz Lifan LF71620” minik markalı, ** TA *** qeydiyyat nişanlı, mühərrik nömrəsi Y100300641, ban nömrəsi LLV2A3A2XA0216043, sarı rəngli olan minik avtomobilini “icarəçi” Təqsirləndirilən şəxs 05 aprel 2022- ci il tarixdən 01 aprel 2024-cü il tarixədək icarəyə vermişdir. 20 aprel 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X7 Şöbəsinə göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Payız kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 aprel 2023-cü il tarixdə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanı tərəfindən toplanmış və məhkəməyə təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır və istintaq orqanı düzgün olaraq ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürmüş və məhkəmə istintaqı zamanı onun həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Odur ki, ona təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş həddə göstərilən cəza növündə ədalətli cəza təyin edilməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 №-li 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci maddəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz; törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır; Həmin Qərarın 23-cü maddəsinə əsasən məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-in 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayətin edilməsi beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq cinayət hadisəsini törətdikdən dərhal sonra zərərçəkmiş şəxslərin xəstəxanaya göndərilmələrində fəallıq göstərərək onların vəziyyətləri ilə maraqlanmış, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və digər zərərçəkmişlərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etmişdir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarına əsasən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün hallarının araşdırılması və cəza təyini zamanı nəzərə alınması tövsiyə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti tam etiraf edərək əməlindən səmimi peşman olmasını, avtonəqliyyat qəzası baş verdikdən bilavasitə sonra zərərçəkmiş şəxslərə yardım göstərməsini, o cümlədən zərərçəkmiş şəxsin nümayəndəsi, ölmüş zərərçəkmiş şəxslərin (arvadı və nəvəsinin) yaxın qohumu olan hüquqi varisləri ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinə əlavə olunmuş 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinə görə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxil deyildir. Məhkəmə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədinə nail olunması, habelə onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onu cəmiyyətdən təcrid etmədən də islah etmənin mümkünlüyünü nəzərə almaqla barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilərək həmin cəzanın ona şərti tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Şərti məhkumetmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 25-ci bəndində tövsiyə edilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət Məcəlləsinin- 70.1-ci maddəsinə görə... müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən olunur. 70.4-cü maddəsinə görə şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. 70.5-ci maddəsinə müvafiq olaraq məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması məqsədəmüvafiqdir. Məhkəmə maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin duracağında saxlanılan iş üzrə maddi sübut olan “NAZ LİFAN LF-620” markalı, **-TA-*** qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus 1 ədəd şin zərərçəkmiş “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılmalıdır. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi və AF 001378 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi cəzanı icra edən orqana göndərilməlidir. İş materiallarına əlavə edilmiş, ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD-R cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunsun və 3 (üç) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 5 (beş) il müddətində azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra: - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Babək rayon Polis İdarəsinin Cəhri Polis Bölməsinin duracağında saxlanılan iş üzrə maddi sübut olan “NAZ LİFAN LF-620” markalı, **-TA-*** qeydiyyat nişanlı avtomobil və həmin avtomobilə məxsus 1 ədəd şin zərərçəkmiş “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” Publik Hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılsın. - Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan Təqsirləndirilən şəxs məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi və AF 001378 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi cəzanı icra edən orqana göndərilsin. İş materiallarına əlavə edilmiş, ittiham aktının elektron variantının köçürüldüyü 1 (bir) ədəd CD-R cinayət işində saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Müdafiəçi ödənilməsi üçün təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Naxçıvan şəhər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat miqdarında pul köçürülsün. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Heydərov Hakimlər: 1. Hüseyn Məmmədov
2. İsfəndiyar Nağıyev