Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-9/2025 20.02.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Məmmədov Hüseyn Məmməd oğlu (sədrlik edən), Kərimov Arzuyar Sadıq oğlu və Heydərov Faiq İnqilab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalov Rəhman Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərçüməçi X2 iştirakları ilə 13 iyun 1964-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, deməsinə görə ali təhsilli, evli, 2 uşaq atası, məhkum olunmamış, sürücü işləmiş, İran İslam Respublikası, Təbriz şəhəri, Şahgölü parkı, Baxçıban məhəlləsi, 5-ci küçə, ev 49 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə o, 19 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərdən satış məqsədi ilə, qanunsuz olaraq 2,610 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi 94AD381/94AD382 qeydiyyat nişanlı, “SCANİA R420” markalı yük nəqliyyat vasitəsinin kabinində alt yatağın aşağı orta hissəsində yerləşən soyuducu dolabının altında gizlədərək saxlamaqla daşımış, 19 oktyabr 2024-cü il tarixdə “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına gedərkən külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının Gömrük sərhəddindən, gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmiş, həmin vaxt onun idarə etdiyi 94AD381/94AD382 qeydiyyat nişanlı, “SCANİA R420” markalı yük nəqliyyat vasitəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun əməkdaşları tərəfindən yoxlama aparılarkən nəqliyyat vasitəsindən 1 ədəd bükümdə təmiz çəkisi 2.610 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki sürücülük etmiş, bir çox ölkələrdə olmuş, lakin heç vaxt başına belə bir hadisə gəlməmişdir. O, hər dəfə sürücü yoldaşı X9 ilə birlikdə yola çıxsa da sonuncu dəfə tək olmuşdur. X6 məxsus “SCANİA” markalı, **-AA-*** nömrəli yük nəqliyyat vasitəsini X9 İraq sərhədində saxlamış, o isə İraqdan götürmüş və sürərək İrana gətirmişdir. Yüklə bağlı İraqda verilmiş sənədlərdə anlaşılmazlıq olduğundan düzəliş etdirmək üçün 2 gün İranda qalmışdır. Həmin müddətdə nəqliyyat vasitəsini sahibi X5 evinin qarşısında saxlamışdır. Nəqliyyat vasitəsinə yüklənmiş bitum yükünü Gürcüstana-Batumiyə çatdırmaq üçün Naxçıvan Muxtar Respublikasının Culfa gömrük postundan keçərək birbaşa Sədərək gömrük postuna gedib oradan da Türkiyə Respublikasına keçmiş, Türkiyədən isə Gürcüstana getmişdir. Gürcüstan gömrüyündə yükün İran İslam Respublikasında yükləndiyini düşündükləri üçün boşaltmasına icazə verilməmiş, o isə yük sahibi ilə danışaraq yükünü boşalda bilmədiyini bildirdikdən sonra yüklə birlikdə Türkiyə Respublikasına geri qayıtmışdır. Türkiyə gömrüyündə 24 saat qaldıqdan sonra gömrük işçisi ona burada 24 saatdan artıq gözləyə bilməyəcəyini demiş, yenidən Gürcüstana göndərmişdir. Orada avtonəqliyyat vasitəsində olan yükün sənədlərinə baxılmış və yükün İraqda yükləndiyi anlaşıldıqdan sonra yükü boşaltmasına icazə vermişlər. 24 saat orada qaldıqdan sonra yük sahibi ilə danışıb bitum yükünü təhvil vermiş və bir gün maşın parkında qaldıqdan sonra Türkiyə Respublikasına gəlmişdir. Türkiyədə olarkən sığortasının vaxtı bitdiyindən sığortasını yeniləmiş, hava yağıntılı olduğu üçün yola çıxmamış, Qara dənizin yaxınlığında yatıb növbəti gün Ərdağan, Qars və İğdır şəhərlərindən keçib Sədərək gömrük postuna çatmışdır. İdarə etdiyi 94AD381/94AD382 dövlət qeydiyyat nişanlı “SCANİA R420” markalı yük nəqliyyat vasitəsi ilə Gürcüstana yük apararkən Culfa, Sədərək gömrük postunda, eləcə də Türkiyə Respublikası gömrüyündə “X Ray” rentgen qurğusunda yoxlanılmış, həmçinin gömrük əməkdaşları özləri də yoxlama aparmış, lakin qanunla qadağan edilmiş heç bir predmet aşkar olunmamışdır. Gürcüstandan Sədərək gömrük postuna qayıtdıqda yoxlanış olduğunu görmüş, onun idarə etdiyi nəqliyyat vasitəsi “X Ray” aparatından keçsə də heçnə aşkar edilməmişdir. O, gömrük postundan çıxışda saxlanılaraq ofisin qarşısına dəvət olunmuş, digər gömrük işçisi gəldikdən sonra nəqliyyat vasitəsinə baxış keçirilməyə başlanmışdır. Baxış keçirilməmişdən əvvəl ondan nəqliyyat vasitəsində qanunla qadağan olunmuş əşya, yaxud predmet olub olmadığı soruşulmuş, o isə 1 ədəd spirtli içkisindən başqa qanunla qadağan olunmuş heç nəyinin olmadığını bildirmişdir. Yoxlama zamanı yük nəqliyyat vasitəsinin dartıcı hissəsində kabində alt yatağın aşağı orta hissəsində yerləşən soyuducu dolabının altında gizlədilmiş, ağ rəngli şəffaf sellofana bükülmüş kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilən metamfetamin psixotrop maddəsi barədə məlumatının olmadığını, nəqliyyat vasitəsini təhvil alarkən içərisini yoxladığını, lakin psixotrop maddə aşkar olunan yerə baxmadığını bildirmişdir. Psixotrop maddəni onun nəqliyyat vasitəsinə kimin yerləşdirməsi barədə dəqiq məlumatı olmasa da, keçdiyi gömrüklərdə tez-tez sənədləri təqdim etmək üçün nəqliyyat vasitəsini qapısı açıq halda tərk etdiyini, həmçinin sürücü yoldaşı X8 “məvad” (narkotik vasitə) istifadə etməsi barədə eşitdiyini, lakin istifadə etməsinə şahid olmadığını qeyd etmişdir. Özü spirtli içki qəbul etsə də, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadəçisi olmamış, heç kimə narkotik vasitə yaxud psixotrop maddə gətirməmişdir. Mohammad Sardari ifadəsinin davamında (suallara cavab verərkən və son sözündə) bildirmişdir ki, yoxlama zamanı ona təsir və təzyiq göstərilməmişdir. Yoxlama aparan gömrük işçilərini ilk dəfə görmüşdür və onlarla arasında ədavət və düşmənçilik yoxdur. Sədərək gömrük postunda olarkən onun idarə etdiyi avtomaşına narkotik vasitənin qoyulması ehtimalı yoxdur, sadəcə sürücü yoldaşından şübhələnir. Mohammad Sardari baxış zamanı gömrük işçilərinin əlcəkdən istifadə etmədiyini, videoçəkiliş aparılarkən əlcək taxdıqlarını, bu səbəbdən onlara “kaş əl vurmayaydınız, əl-barmaq izi götürüb çıxardardınız, dostumu, düşmənimi tanıyardım” dediyini, nəqliyyat vasitəsində psixotrop maddə aşkar edildikdən sonra avtonəqliyyat vasitəsinə baxış keçirilməsi üçün kinoloji itlə axtarış apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtonəqliyyat vasitəsindən aşkar olunan psixotrop maddədən məlumatının olmamasını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 oktyabr 2024-cü ildə, səhər saatlarında gündəlik iş qrafikinə uyğun olaraq Sədərək gömrük postunda xidmətdə olarkən Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə Sədərək gömrük postuna giriş etmişdir. Onun idarə etdiyi nəqliyyat vasitəsində psixotrop maddə olmasına dair əməliyyat məlumatı daxil olduğundan X-Ray yoxlamasından keçdikdən sonra nəqliyyat vəsitəsinə ətraflı baxış keçirmək qərarına gəlmişdir. Əvvəlcə təqsirləndirilən şəxsə hüquq və vəzifələrinə dair ana dilində olan çıxarışı təqdim etmiş, daha sonra ondan üzərində, yaxud nəqliyyat vasitəsində qanunla qadağan olunmuş predmet və ya əşya olub-olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs bir şüşə spirtli içkidən başqa üzərində, o cümlədən nəqliyyat vasitəsində heç nə olmadığını söyləmişdir. Şahid1 baxış zamanı iş yoldaşı Şahid2 videoçəkiliş aparmasını xahiş etmiş, baxış nəticəsində nəqliyyat vasitəsinin dartıcı hissəsində olan alt yatağın altındakı soyuducunun altında psixotrop maddəyə bənzər kütləni, yəni metamfetamini aşkar etmişdir. Təqsirləndirilən şəxs aşkarlanan kütlənin nə olduğunu soruşduqda Mohammad Sardari xəbərinin olmadığını bildirmişdir. Özü avtonəqliyyat vasitəsinə baxış keçirdikdən sonra kinoloji it tətbiq edilməklə avtomaşında axtarış aparılmışdır. Aşkarlanan kütlə elektron tərəzidə çəkildikdən sonra “nəqliyyat vasitəsinə baxış protokolu” tərtib etmiş, Təqsirləndirilən şəxs şəxsi yoxlamaya dəvət edib ondan üzərində qanunla qadağan olunmuş predmet və ya əşya olub-olmaması barədə soruşmuş, o isə üzərində heç nə olmadığını söyləmişdir. Müvafiq qaydada şəxsi yoxlama otağında videoçəkiliş aparılaraq təqsirləndirilən şəxsin şəxsi yoxlaması aparılmış, onun üzərində qanunla qadağan olunmuş heç bir şey aşkar olunmamışdır. Şahid1 ifadəsinin davamında təqsirləndirilən şəxsi daha əvvəl görmədiyini, onunla düşmənçiliyi və ədavətinin olmadığını, yoxlama zamanı ona qarşı heç bir şəkildə fiziki güc tətbiq etmədiyini qeyd etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 oktyabr 2024-cü ildə, saat 09:00 radələrində qrafikə əsasən “Sədərək” gömrük postunda xidmətdə olarkən həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında yük nəqliyyat vasitəsini nəzarətə qoyduğunu və baxış keçirəcəyini bildirmiş, ondan baxış zamanı videoçəkiliş aparmasını xahiş etmişdir. Sədərək gömrük keçid məntəqəsində ölkəyə giriş istiqamətində yük nəqliyyat vasitələrinin yoxlama yerində Şahid1 Təqsirləndirilən şəxs də iştirakı ilə yük nəqliyyat vasitəsini yoxlamağa başlamış, o isə “İphone 13 pro” markalı telefonu ilə baxışın videoçəkilişini aparmışdır. Baxış nəticəsində nəqliyyat vasitəsinin kabin hissəsindəki alt yatağının önündə sürücüyə aid şəxsi soyuducunun alt hissəsində şəffaf sellofana bükülmüş, ümumilikdə çəkisi 3,2 qram psixotrop maddəyə bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxsdən aşkarlanan maddənin nə olduğunu soruşduqda o, “Mən də sizinlə bərabər indi gördüm. Mən onu görməmişdim. Xəbərim yoxdur”- deyə cavab vermişdir. Şahid2 yoxlama zamanı təqsirləndirilən şəxsə qarşı fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2024-cü il tarixli, 1277 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 01 ədəd kağız zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 2,610 qram olan ağ rəngli kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (İ Siyahı, İİ bənd, sıra № 27) daxildir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1: - 28 oktyabr 2024-cü il tarixli, 1972 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində AMP, MOP, COC, BAR, THC, MET, BZO, MTD, OPİ, TCA, MDMA aşkar olunmamışdır. - 20 noyabr 2024-cü il tarixli 484 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, o anlaqlıdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətində olmuşdur və hazırda öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və idarə etmək qabiliyyətindədir. - 20 noyabr 2024-cü il tarixli 485 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoman deyil. Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş - - 19 oktyabr 2024-cü il tarixli nəqliyyat vasitəsinin yoxlanılması haqqında protokoldan görünür ki, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi 94AD381/94AD382 qeydiyyat nişanlı, “SCANİA R420” markalı yük nəqliyyat vasitəsinin dartıcı hissəsində alt yatağın aşağı orta hissəsində yerləşən soyuducu dolabının altında gizlədilmiş, ağ rəngli şəffaf sellofana bükülmüş qablaşma ilə ümumilikdə çəkisi 3.2 qram psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. - 19 oktyabr 2024-cü il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Samsung A32” markalı, İMEİ1: **********46073/01; İMEİ2: **********46072/01 nömrəli mobil telefon və ona məxsus E56483925 nömrəli pasport götürülmüşdür. - 13 dekabr 2024-cü il tarixli video-görüntülərin köçürüldüyü DVD-lərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində gömrük orqanlarına bəyan ediləcək əşya olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində bəyan ediləcək əşya olmadığını bildirir. Sonra gömrük əməkdaşı tərəfindən nəqliyyat vasitəsinin dartıcı hissəsində yoxlama aparılmağa başlanır. Çəkilişin 4-cü dəqiqə 20-ci saniyəsində kabində alt yatağın aşağı orta hissəsində yerləşən soyuducu dolabının altında gizlədilmiş 1 ədəd sellofan büküm aşkarlanır. Təqsirləndirilən şəxs həmin büküm barəsində məlumatının olmadığını bildirir. Sonra aşkar olunmuş büküm elektron tərəzidə çəkilərək çəkisinin qablaşma ilə birlikdə 3,2 qram olması müəyyən olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi yük nəqliyyat vasitəsində aparılmış gömrük yoxlaması onun iştirakı ilə aparılmışdır, görüntüdəki həmin şəxs onun özüdür, yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən metamfetamin psixotrop maddəsinin aşkar olunması düzgündür, lakin həmin maddənin nəqliyyat vasitəsində olmasından əvvəlcədən məlumatı olmamışdır. Ona məxsus deyildir. - 19 dekabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, iş üçün əhəmiyyət kəsb edən telefon zəngləri, mesaj, şəkil, video görüntü, səs yazısı aşkar olunmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X3 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə qarşı verilən ittihamı qəbul etməyərək törədilmiş cinayət əməli ilə bağlı təqsirləndirilən şəxsin günahsız olduğunu bildirməklə ibtidai istintaq orqanının topladığı sübutlara dair öz etirazlarını bildirərək ittihamı və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirsələr də, həmin sübutları təkzib edəcək yetərli dəlilləri məhkəməyə təqdim etməmişlər. Bundan əlavə təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəmədən bəraət hökmünün çıxarılmasını istəsələr də, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmünün çıxarılması üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində təsbit edilmiş hallardan hər hansı birini təsdiq edəcək sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə istintaqı zamanı da bu hallar müəyyən edilməmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı idarə etdiyi nəqliyyat vasitəsində axtarış aparılarkən gömrük əməkdaşının əlcəksiz axtarış aparmasını iddia etsə də, cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş nəqliyyat vasitəsinin yoxlanılması zamanı aparılmış və DVD-yə köçürülmüş video görüntülərdən məlum olur ki, axtarışı həyata keçirən gömrük əməkdaşı prosessual qanunvericiliyin tələblərinə tam əməl etməklə, o cümlədən əlcək geyinmiş halda avtonəqliyyat vasitəsində axtarışı həyəta keçirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsindən məlumatsız olması barədə verdiyi ifadəsinə gəldikdə isə həmin ifadəni həqiqəti əks etdirməyən, özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli, 10 nömrəli qərarının 10-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, malların və digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun - 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin ... nəqliyyat vasitələri ilə ... yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin ... qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin ... alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. 1.0.10-cu maddəsinə müvafiq olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununa əsasən metamfetaminin 2 qramdan (İİ siyahı Psixotrop maddələr) artıq olması külli miqdardır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslərdən satış məqsədi olmadan qanunsuz olaraq 2,610 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi 94AD381/94AD382 qeydiyyat nişanlı, “SCANİA R420” markalı yük nəqliyyat vasitəsinin kabinində alt yatağın aşağı orta hissəsində yerləşən soyuducu dolabının altında gizlədərək saxlamaqla daşımış, 19 oktyabr 2024-cü il tarixdə “Sədərək” gömrük postu vasitəsilə Türkiyə Respublikasından gələrək Naxçıvan Muxtar Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasına gedərkən külli miqdarda psixotrop maddəni Azərbaycan Respublikasının Gömrük sərhəddindən, gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsyə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib, saxlama və daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli keçirmə ilə bağlı ittiham irəli sürülsə də, irəli sürülmüş ittihamda satışla bağlı ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərkən məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən onun narkotik vasitə və psixotrop maddədən istifadə etməməsinin müəyyən olunmasını, külli miqdarda metamfetamin psixotrop maddəsininin yük nəqliyyat vasitəsinin kabinində aşkar olunmasını çətinləşdirən üsul və vasitələrlə gizlədilməsini, narkotik vasitələrin, psixotrop maddələrin və digər əşyaların daşınmasının ölkələr arası qaçalmalçılıqla məşğul olunması məqsədilə edilməsini əsas gətirərək Təqsirləndirilən şəxs külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədi ilə daşıması qənaətinə gəlmişdir. Məhkəmə istintaqında onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə narkotik vasitələri və psixotrop maddələri qanunsuz satma dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinə əlavə olunmuş protokoldan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ona məxsus “Samsung A32” markalı mobil telefona baxış zamanı telefonda olan gedən və gələn zənglər siyahısında, mobil telefonun proqramlar menyususnda olan “mesajlar” adlı proqramda və digər proqramlarda, telefonda olan şəkil və video görüntülərdə istintaq üçün əhəmiyyətli olan telefon zəngləri, mesaj, şəkil, video görüntü, səs yazısı aşkar edilməmişdir. Bundan başqa sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, Təqsirləndirilən şəxs metamfetamin psixotrop maddəsini nə vaxt, hansı məqsədlə, kimdən, harada əldə etməsi, onun Naxçıvan MR-da narkotik vasitə satıb-satmamasını müəyyən etmək üçün Naxçıvan MR DİN-nin Cinayət Axtarış İdarəsinə əməliyyat tapşırığı verilmiş və keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsində iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham irəli sürərkən əhəmiyyət kəsb edən bütün halları araşdırmamış, ziddiyətli məqamları nəzərə almamış və nəticədə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin tövsifində səhvə yol verməklə mötəbər sübutlarla təsdiq olunmayan düzgün olmayan ittiham vermişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəlləsinin 234.1-1-ci, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən ağır cinayət kateqoriyasına aiddir. Belə ki, narkotik vasitələrin, psixotrop maddələrin ... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli ... keçirilməsi Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkibini təşkil edir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Təqsirləndirilən şəxs isə azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli çəzaçəkmə müəssisələrində çəkilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə görə barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddələrinin məzmununa müvafiq olaraq təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət ... daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-52/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərarına müvafiq olaraq azadlığının faktiki məhdudlaşdırıldığı 19 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növü çəkildikdən sonra icra edilir. Təqsirləndirilən şəxs bir ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən o, əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Cinayət Məcəlləsinin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmə hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 2,570 qram metamfetamin psixotrop maddəsi məhv edilməlidir. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A32” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. - Təqsirləndirilən şəxs məxsus E56483925 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilməlidir. - Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, 234.1-1-ci maddəsi ilə 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası qəti cəza təyin edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququ məhdudlaşdırılsın. Cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasına görə 90 (doxsan) manat, məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Naxçıvan MR Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi sübutların saxlanc otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 2, 570 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində saxlanılan: - Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A32” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. - Təqsirləndirilən şəxs məxsus E56483925 nömrəli pasport cəzanı icra edən müəssisəyə göndərilsin. - Cinayət işi üzrə ittiham aktının və cinayət işinin materiallarının elektron variantı olan 3 (üç) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hüseyn Məmmədov Hakimlər: 1. Arzuyar Kərimov
2. Faiq Heydərov