Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-1/2022 15.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi ilə, xüsusi ittihamçılar X5 və X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 və onun müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə X9 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 və X7 qızı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 və X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, qızları X4 rayon Vərməziyar kənd sakini X15 ilə 10.11.2008-ci il tarixdə ailə qurmuş, xasiyyətlərinin uyğun gəlməməsi və aralarında yaranmış ailə-məişət zəminində münaqişələr səbəbindən ailə bağları tamamən qopmuş və ayrılıq dərəcəsinə çatmışdır. X17 cavabdeh Vüsal Rzayevə qarşı nikahın pozulması tələbinə dair Şərur rayon Məhkəməsində iddia qaldırmışdır. Onların nikahın pozulması tələbinə dair məhkəmə prosesləri davam edir. X1 boşanması ilə bağlı verdiyi iddia ərizəsi ilə əlaqədar olaraq kənddə ictimai yerdə kənd əhalisi arasında qızlarının ünvanına onun namusunu ləkələyəcək şəkildə nalayiq ifadələr işlədərək əsassız böhtanlar ataraq nüfuzdan salmaqla azyaşlı uşaqları əlindən almağa çalışır. Bu məqsədlə kənddə el arasında heç bir dəlil-sübutu olmadan qeyri-əxlaqi ifadələr işlətməklə qızlarının və ailələrinin şərəf və layəqətini, el arasında nüfuzunu ləkələməyə davam edir. Dəfələrlə ailə üzvlərinin mobil telefonlarına müxtəlif vaxtlarda ərizədə qeyd olunan nömrələr və gizli nömrələrlə zəng edərək el arasında rüsvay edəcəyini bildirir. Onun bu hərəkətləri istər el arasında, istərsə də Xanlıqlar kənd orta məktəbinin kollektivi arasında nüfuzlarına xələl gətirməklə şərəf və ləyaqətlərini alçaldıb. Dəfələrlə polis və prokurorluq orqanlarına yazılı və şifahi müraciət etsələr də Vüsal Rzayev əməllərindən əl çəkməyərək qızı Xumarın, arvadı Qəndabın, oğlu Anarın və Şərur şəhərində yaşayan qardaşı qızı X6 zəng edib nalayiq ifadə, söyüş söyüb böhtan ataraq ailəsindən boşatmaqla qisas alacağını bildirib. Şərur rayon Fizika-riyaziyyat təmayüllü liseyə gedərək oğlu Rzayev Sənanı məktəbin arxasına aparmış, onu dilə tutaraq anasının üzünə durmağa məcbur etmiş, uşaq imtina edib “anama böhtan atırsan” dedikdə onu döymüşdür. Rzayeva Xumarın işlətdiyi ***-***-**- ** mobil nömrəni 2021-ci ilin uiyun ayında ondan alaraq sentyab-oktyabr aylarında aktivləşdirmiş və whatsapp hesabında Xumarın şəklini qoyub saxta profil açaraq müxtəlif şəxslərlə nalayiq formada yazışmış, sonra həmin yazışmaları onların telefonuna ataraq Xumara böhtan atmışdır. Həmin nömrədən ailə üzvlərinə söyüş və təhqirlər göndərmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onları xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqitini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən Şərur rayon Vərməziyar kəndində qeydiyyatda duran və yaşayan X9 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, X2 və X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir və iş üzrə X9 əməlində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Cinayət - Prosessual Məcəllənin 299.3.3-cü maddəsinə görə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Cinayət - Prosessual Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət - Prosessual Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi X11 istinad edilən əməldə CM-nin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən X2 və X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinın məhkəmə icraatına qəbul edilməsindən imtina etməlidir. İş üzrə məhkəmə xərci X9 hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300, 301, 302.1.6, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 və X3 X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Məhkəmə xərci olaraq X11 göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(110)-1/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-1/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver