Məhkəmə qərarları › İş №1(110)-1/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-1/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-1/2023 03.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsi hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X1, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1969-cu il tarixdə Şərur rayon Kərki kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 6 uşaq atası, əvvəllər məhkum olunmamış, işsiz, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Kəngərli rayon Yeni Kərki kəndində qeydiyyatda duran və Ordubad rayon Darkəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o etibarnaməsi olmadan “Foton” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 sentyabr 2022-ci il tarixdə saat 05:45-də Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində idarə edərkən "X17" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmaqla, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, həmin yolun 52-ci km-də Sədərək rayonu istiqamətində yolu soldan sağa iribuynuzlu heyvanı iti qaçışla keçirən 2014-cü il təvəllüdlü, piyada X4 ehtiyatsızlıqdan vurmuş və sonuncuya sol alın təpə sümüklərinin açıq-qəlpəli sınıqları, baş beyin toxumasının əzilib dağılması, burun sol almacıq sümüklərinin açıq yerdəyişən sınıqları, sol alın təpə nahiyyələrinin sol sifət nahiyyəsinin və sol bud nahiyyəsinin əzilmiş, cırılmış yaraları, bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü qançır və sıyrıqlarından ibarət ağırlıq dərəcələrinə görə yetirilmə anı həyat üçün təhlükəli olan və ölümlə nəticələnən ağır dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, Kəngərli rayon Yeni Kərki kəndində qeydiyyatda olduğunu, Ordubad rayonunun Darkəndində yaşadığını, fərdi təsərrüfatla məşğul olduğunu, 18 sentyabr 2022-ci il tarixdə gecə saat 04:00 radələrində Şərur rayonunun mal bazarında təsərrüfatında olan iribuynuzlu heyvanları satmaq üçün “Foton” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə malları yükləyib Ordubad rayonu Dar kəndindən çıxdıqlarını, avtomobili bacısıoğlu Cahangirin idarə etdiyini, digər bacısıoğlu Tural və özünün isə sərnişin oturacağında oturduqlarını, havanın tam qaranlıq vaxtında Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduqlarını, Naxçıvan şəhərini keçib Sədərək rayonu istiqamətində hərəkətə davam etdiklərini, Kəngərli rayonu Qıvraq qəsəbəsindən keçən yolda Cahangirin yuxusu gəldiyini üçün avtomobili idarə etməsini ondan xahiş etdiyini, Cahangirin avtomobili çəkib yolun sağ kənarında saxladığını, özünün avtomobili idarə etmək üçün sükan arxasına keçdiyini, həmin vaxtı Turalın avtomobildən enərək onların arxasınca gələn atası Nəcəfin idarə etdiyi “Hyundai Azera” markalı avtomobilə oturduğunu, hərəkətə davam etdiklərini, Cahangirin sərnişin oturacağında oturduğunu, Sədərək rayonu istiqamətində birinci hərəkət zolağında 65 km/saat sürətlə uzaq işıqlarla avtomobili idarə etdiyini, anidən qoşa xəttin üzərindən avtomobil ilə 10 metr məsafədən yolun sağ tərəfinə qara rəngli iribuynuzlu heyvanın və heyvanın ipindən yapışan azyaşlı piyadanın iti qaçışla qaçdığını gördüyünü, həmin an tormuzu basdığını, uşağın dönərək avtomobilə tərəf baxdığını, uşağın qaçdığını gördüyü andan dörd saniyə sonra avtomobil ilə uşağı vurduğunu, uşağın asvalt yola yıxıldığını, avtomobildən yerə endiklərini, Cahangirin uşağı qucağına götürdüyünü, özünün isə avtomobilə əyləşərək yolun kənarına çəkdiyini, Cahangirin uşaq rəhmətə gedib dediyini, hadisə yerinə polis əməkdaşlarının gəldiyini, təcili yardım avtomobilinin uşağı apardığını, bunun bədbəxt hadisə olduğunu, bu günədək özünə gələ bilmədiyini, uşağın valideyləri ilə barışıq əldə etdiyini, uşağın bütün dəfn xərcini çəkdiyini bildirərək, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində ailəsi ilə birlikdə Şərur rayonunun Aşağı Daşarx kəndində yaşadığını, həyat yoldaşı İsmayılın fərdi təsərrüfatla məşğul olduğunu, özünün isə bir qrup qadınla kənd yerlərində kartof, soğan, kələm və.s yığmaqla pul qazandığını, hər gün havanın qaranlıq vaxtında həyat yoldaşı İsmayıl, mərhum oğlu Sahil və özünün evdən çıxdıqlarını, Sahil ilə İsmayılın iribuynuzlu heyvanları əraziyə apardıqlarını, özünün isə başqa bir kəndə işləməyə getdiyini, xx.xx.2022-ci il tarixdə həmişəki kimi səhər saatlarında evdən çıxdıqlarını, asvalt yolun kənarına gəldiklərini, Sahil ilə İsmayılın heyvanları apardıqlarını, özünün isə yolun kənarında onu işləmək üçün Düdəngə kəndində aparacaq avtomobili gözlədiyini, havanın tam işıqlanmadığını, alatoranlıq olduğunu, Sahil ilə İsmayılın ondan təxminən 300-400 metr Sədərək rayonu istiqamətində aralandıqlarını, həmin vaxtı Sədərək rayonu istiqamətində ondan təxminən 400 metr məsafədə hərəkətdə olan avtomobildən səs gəldiyini, səsdən sonra avtomobilin dayandığını, amma nə səsi olduğunu bilmədiyini, həmin istiqamətdə nə olduğunu görmək üçün təxminən 100 metr məsafə getdiyini, qonşusu Kərəmi gördüyünü, ondan soruşduğunda deyəsən avtomobildən heyvan yerə düşüb dediyini, hadisəni Kərəmin də görmədiyini, avtomobilin gəlib onu götürdüyünün və gəlib həmin səs gələn avtomobilin yanından keçərək Düdəngə kəndinə getdiklərini, saat 08:00 radələrində qonşusu Ayazın onun yanına gəldiyini və İsmayılı avtomobilin vurduğunu və xəstəxanaya apardıqlarını dediyini, Ayazın avtomobili ilə xəstəxanaya getdiklərini, Şərur rayon Xəstəxanasında İsmayılı gördüyü an avtomobilin Sahili vurduğunu anladığını, Sahilin rəhmətə getdiyini öyrəndiyini, sonradan hadisəni necə olduğunu İsmayıldan öyrəndiyini, bunun bədbəxt hadisə olduğunu, təqsirləndirilən şəxsin onlarla barışıq əldə etdiyini, onların yas mərasimi ilə bağlı bütün maddi tələblərini ödədiyini, oğlunun ölümünə görə ondan heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X3 ifadəsində ailəsi ilə birlikdə Şərur rayonunun Aşağı Daşarx kəndində yaşadığını, fərdi təsərrüfatla məşğul olduğunu, həyat yoldaşının isə isə bir qrup qadınla kənd yerlərində kartof, soğan, kələm və.s yığmaqla pul qazandığını, hər gün havanın qaranlıq vaxtında həyat yoldaşı Təzəgül, mərhum oğlu Sahil və özünün evdən çıxdıqlarını, xx.xx.2022-ci il tarixdə həmişəki kimi səhər saatlarında evdən çıxdıqlarını, asvalt yolun kənarına gəldiklərini, həyat yoldaşı Təzəgülün Şərur rayon Düdəngə kəndinə işləmək üçün aparacaq olan avtomobili yol kənarında gözlədiyini, mərhum oğlu Sahil ilə isə həyat yoldaşından aralanaraq Sədərək rayonu istiqamətində yolun sol kənarı ilə ağ və qara rəngli olmaqla iki ədəd iribuynuzlu heyvanı aparıb ərazilərinə çatdıqları yerdə asvalt yolun sağ kənarına keçirərək əraziyə bağlamaq üçün apardıqlarını, təxminən 300-400 metr məsafə gedib yolun kənarında gözlədiklərini, özünün gözlərinin zəif olduğu üçün oğlu Sahildən yolda avtomobil hərəkətinin olub-olmadığını soruşduğunu, Sahilin ata hələ ki, avtomobil görsənmir dediyini, ağ rəngli heyvanı öncədən özünün yolu keçirdiyini, Sahilin isə qara rəngli heyvanla gözlədiyini, Sahilə yolu ehtiyatla keç dediyini, oğlu Sahilin isə ata narahat olma mən uşaq deyiləm dediyini, yolu keçən zaman Naxçıvan şəhəri tərəfdən uzaq məsafədən avtomobilin işıqlarını azda olsa gördüyünü, Sahilə bir daha ehtiyatlı olmasını dediyini, asvalt yoldan təxminən 5-10 metr ağaclıq əraziyə keçdiyini, özünün keçirdiyi ağ rəngli malın başqasının ərazisinə girdiyi üçün onu çıxarmağa çalışdığını, həmin vaxt yoldan tappıltı səsi gəldiyini, dönüb baxdığında avtomobilin dayandığını gördüyünü, Sahili çağırdığını, Sahilin cavab vermədiyini, asvalt yola yaxınlaşan zaman bir nəfərin Sahili qucağına alaraq oturduğunu gördüyünü, sürücünün isə avtomobili çəkərək yolun kənarında saxladığını, Sahilin yanına gedib onu qucağına aldığında artıq Sahilin rəhmətə getdiyini gördüyünü, həmin şəxslərin xəstəxanaya polisə zəng vuraraq məlumat verdiyini, sürücüyə avtomobili yavaş sür dediyi zaman sürücünün yavaş gəlirdim uşağı görmədim dediyini, biraz keçdikdən sonra təcili yardım avtomobilin gəldiyini və Sahilin yanında oturaraq xəstəxanaya getdiyini, hadisə zamanı avtomobilin və Sahilin hərəkətini görmədiyini bildirmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X10 ifadəsində Kəngərli rayon Yeni Kərki kəndində qeydiyyatda olduğunu, Ordubad rayonunun Dar kəndində yaşadığını, fərdi təsərrüfatla məşğul olduğunu, 18 sentyabr 2022-ci il tarixdə gecə saat 04:00 radələrində Şərur rayonunun mal bazarında təsərrüfatımızda olan iribuynuzlu heyvanları satmaq üçün qardaşı Turalın mülkiyyətində olan “Foton” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə malları yükləyib Ordubad rayonu Dar kəndindən çıxdıqlarını, avtomobili özünün idarə etdiyini, qardaşı Turalın və dayısı İsmixanın yük avtomobilində sərnişin tərəfdə oturduqlarını, havanın tam qaranlıq vaxtı Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduqlarını, Naxçıvan şəhərini keçib Sədərək rayonu istiqamətində hərəkətə davam etdiklərini, Kəngərli rayonu Qıvraq qəsəbəsindən keçən yolda yuxusu gəldiyi üçün dayısından avtomobili idarə etməsini xahiş etdiyini, avtomobili çəkib yolun sağ kənarında saxladığını, dayısı İsmixanın sükan arxasına keçdiyini, qardaşı Turalın avtomobildən enərək arxadan gələn atasının idarə etdiyi “Hyundai Azera” markalı avtomobilə oturduğunu, dayısının avtomobili idarə etdiyini, özünün isə sərnişin oturacağında oturduğunu, Sədərək rayonu istiqamətində birinci hərəkət zolağında hərəkətdə olduqları zaman dayısının anidən uşağa bax deyib tormuzu basdığını, həmin an baxdığında qoşa xətdən yolun sağ təfəfinə bir ədəd iribuynuzlu heyvanın və arxasınca isə inəyin ipindən yapışan uşağın qaçdığını gördüyünü, avtomobilin qabaq hissəsinin uşağa dəydiyini, uşağın vurulan anda dönərək avtomobilə tərəf baxdığını, uşağı gördüyü andan dörd saniyə sonra dayısının avtomobil ilə uşağı vurduğunu, uşağa dəyən kimi avtomobilin dayandığını, uşağın isə biraz qabağa düşdüyünü, avtomobildən endiklərini, uşağı qucağına götürdüyünü, dayısının avtomobili yolun kənarına çəkdiyini, uşağı xəstəxanaya aparmaq üçün qucağında avtomobilə tərəf qaçdığı zaman uşağın öldüyünü bildiyini, dayısına uşağın öldüyünü dediyini, təcili yardıma və polisə hadisə ilə bağlı məlumat verdiklərini, hadisə yerinə polis əməkdaşlarının və təcili yardım avtomobilinin gələrək uşağı apardığını bildirmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X16 ifadəsində Kəngərli rayon Yeni Kərki kəndində qeydiyyatda olduğunu, Ordubad rayonunun Dar kəndində yaşadığını, fərdi təsərrüfatla məşğul olduğunu, 18 sentyabr 2022-ci il tarixdə gecə saat 04:00 radələrində Şərur rayonunun mal bazarında təsərrüfatlarında olan iribuynuzlu heyvanları satmaq üçün mülkiyyətində olan “Foton” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib Ordubad rayonu Dar kəndindən çıxdıqlarını, avtomobili qardaşı Cahangirin idarə etdiyini, özünün və dayısı İsmixanın yük avtomobilində sərnişin tərəfdə oturduqlarını, havanın tam qaranlıq vaxtı Naxçıvan şəhəri istiqamətində hərəkətdə olduqlarını, Naxçıvan şəhərini keçib Sədərək rayonu istiqamətində hərəkətə davam etdiklərini, Kəngərli rayonu Qıvraq qəsəbəsindən keçən yolda qardaşı Cahangirin dayısı İsmixandan avtomobili idarə etməsini xahiş etdiyini, Cahangirin avtomobili çəkib yolun sağ kənarında saxladığını, dayısı İsmixanın sükan arxasına keçdiyini, özünün isə avtomobildən enərək arxadan gələn atasının idarə etdiyi “Hyundai Azera” markalı avtomobilə oturduğunu, Şərur rayonu istiqamətində dayısının idarə etdiyi yük avtomobilini ötərək yola davam etdiklərini, Şərur rayonunda olan mal bazarına çatdıqlarını, Cahangirin zəng vuraraq dayısının yoldan keçən uşağı vurduğunu dediyini, atası ilə hadisə yerinə gəldiklərini, avtomobildən yerə endikləri zaman Cahangirin yol kənarındakı uşağı göstərərək rəhmətə getdiyini və hadisə ilə bağlı polisə xəstəxanaya məlumat verdiklərini dediyini, hadisənin necə baş verməsini Cahangirdən öyrəndiyini bildirmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X12 ifadəsində Culfa rayonunun Ərəfsə kəndində yaşadığını, 2006-cı il tarixdən Naxçıvan Muxtar Respublikası X11 işlədiyini, hal hazırda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X24 İdarəsinin Yol Patrul Xidməti Bölüyünün yol patrul xidməti inspektoru vəzifəsində xidmət etdiyini, xx.xx.2022-ci il tarixdə saat 24:00-dan saat 08:00dək yol patrul xidməti inspektoru X15 ilə “BMV” markalı ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Naxçıvan-Sədərək avtomobil yolunda xidmətdə olduqlarını, xidmət vaxtı havanın qaranlıq vaxtında yol nəqliyyat hadisəsi baş verməsinin qarşısını almaq üçün xidməti avtomobilin sayrışan işıqlarını vurub xidmət apardıqlarını, Şərur rayon Mahmudkənd ərazisindən keçən hissədə hərəkətdə olduqları zaman mal bazarı deyilən yerdə yolun kənarından tanımadıqları bir nəfərin əli ilə işarə etdiyini, avtomobili saxladıqlarını, həmin şəxsin əli ilə Naxçıvan şəhər istiqamətini göstərərək deyirlər orada hadisə olub dediyini, hərəkətə davam etdiklərini, Şərur rayon Aşağı Daşarx kənd ərazisindən keçən hissədə Sədərək rayonu istiqamətində yolun kənarında iki ədəd avtomobil dayadığını gördüklərini, həmin vaxtı havanın tam işıqlanmadığını, alatoranlıq olduğunu, avtomobili saxlayaraq yerə endiklərini, soruşduqlarında bir nəfərin ona yaxınlaşaraq yük avtopmobili ilə hərəkətdə olduqları zaman yolun sol tərəfindən bir ədəd iribuynuzlyu heyvanla uşağın yolu keçmək üçün qaçdıqlarını və sürücünün də həmin uşağı vurduğunu dediyini, həmin şəxsin avtomobildə sərnişin olduğunu, yolun kənarında uzanan uşağı göstərdiyini, uşağın rəhmətə getdiyini dediyini, atasının da uşağın yanında oturub ağladığını, təcili yardım avtomobilinin gəlib uşağı apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci vərəqində olan 17 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin X24 İdarəsinin baş müstəntiqi, polis kapitanı X13 tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə saat 05:45-də Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində idarə edərkən "X17" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmaqla, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, həmin yolun 52-ci km-də Sədərək rayonu istiqamətində yolu soldan sağa iribuynuzlu heyvanı iti qaçışla keçirən 2014-cü il təvəllüdlü, piyada X4 ehtiyatsızlıqdan vurmuş və sonuncuya sol alın təpə sümüklərinin açıq-qəlpəli sınıqları, baş beyin toxumasının əzilib dağılması, burun sol almacıq sümüklərinin açıq yerdəyişən sınıqları, sol alın təpə nahiyyələrinin sol sifət nahiyyəsinin və sol bud nahiyyəsinin əzilmiş, cırılmış yaraları, bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü qançır və sıyrıqlarından ibarət ağırlıq dərəcələrinə görə yetirilmə anı həyat üçün təhlükəli olan və ölümlə nəticələnən ağır dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Cinayət işinin 20-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 170 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 1 hal şahidinin iştirakı ilə “Foton“markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilin ön hissəsinin əzildiyi müəyyən edilmişdir. Cinayət işinin 25-ci vərəqində olan Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmuşdur. Cinayət işinin 38-ci vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 18 sentyabr 2022-ci il tarixli 48 saylı rəyindən görünür ki, mərhum X2 meyidinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol alın təpə sümüklərinin açıq-qəlpəli sınıqları, baş beyin toxumasının əzilib dağılması, burun sol almacıq sümüklərinin açıq yerdəyişən sınıqları, sol alın təpə nahiyyələrinin sol sifət nahiyyəsinin və sol bud nahiyyəsinin əzilmiş, cırılmış yaraları, bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü qançır və sıyrıqları bərk mexanizmdən, bərt küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avtomobil qəzası (vurması) nəticəsində də əmələ gəlmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə yetirilmə anı həyat üçün təhlükəli olan və ölümlə nəticələnən ağır dərəcəli zərər vurmaya aid edilirlər. Mərhum azyaşlı X2 ölümünə səbəb almış olduğu travmalar hesabına baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur. Cinayət işinin 50-ci vərəqində olan X3 və X5 tərəfindən 2 saylı notariat ofisinə verilmiş xx.xx.2022ci il tarixli ərizədən görünür ki, 18 sentyabr 2022-ci il tarixdə oğlu X2 ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində Ordubad rayon Dar kəndində yaşayan Təqsirləndirilən şəxs oğlu Sahilin ölümünə görə heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Cinayət işinin 51-ci vərəqində olan X5 tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinin X24 İdarəsinə verdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 18 sentyabr 2022-ci il tarixdə oğlu Sahilin yolu keçən zaman avtomobilin vurulması zamanı oğlunun ölümü ilə nəticələnən hadisəni ehtiyasızlıq kimi qəbul etdiyini və sürücü Təqsirləndirilən şəxs oğlu Sahilin ölümünə görə heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 53-cü vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 280 saylı rəyindən görünür ki, İstintaq tərəfindən verilmiş məlumatlara əsasən, “Foton” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməlidir. Cinayət işinin 58-ci vərəqində olan Naxçıvan MR DİN-nin ƏSİB-in tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin 67-ci vərəqində olan müfadiəçinin təyin edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayə tişi üzrə Təqsirləndirilən şəxs Naxçıvan MR Vəkillər Kollegiyasının vəkili Müdafiəçi hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Cinayət işinin 71-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur Cinayət işinin 86-cı vərəqində olan qərardan görünür ki, 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-cü vərəqində olan 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 vəfat etmiş X2 hüquqi varisi qismində təyin edilmişdir. Cinayət işinin 105-ci vərəqində olan X3 və X5 tərəfindən 2 saylı notariat ofisində Səlahiyyətli orqanlara verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 18 sentyabr 2022-ci il tarixdə oğlu X2 ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsində Ordubad rayon Dar kəndində yaşayan Təqsirləndirilən şəxs oğlu Sahilin ölümünə görə heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Təqsirləndirilən şəxs onların yas mərasimi ilə bağlı bütün maddi tələblərini ödəmişdir. Cinayət işinin 112-ci vərəqində olan Ordubad rayon Aza kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ictimaiyət arasında müsbət xarakterize olunur, kənd ağsaqqalarının dərin hörmətini qazanmış, öz yaşıdları arasında nümunəvi olmuşdur. Təqsirləndirilən şəxs özünü həmişə şərəli və ləyaqətli bir insan kimi aparmış, ona bəslənən ümidləri doğrultmuşdur. Ev və təsrrüfat işlərində ailə üzvlərinə kömək etmişdir. Doğma Azərbaycanı ürəkdən sevən və onun tarixi ilə dərindən maraqlanan Təqsirləndirilən şəxs ölkəsinin azadlıqvə müstəqilliyini hər şeydən üstün tutur. Vətənpərvərliklə bağlı çox sayda bədii kitablar oxuyur, milli qəhrəmanlarımızla fəxr edir. Aza kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Təqsirləndirilən şəxs yüksən inam və etimad göstərir. Cinayət işinin 121-ci vərəqində olan X16 tərəfindən Naxçıvan MR Daxili İşlər Nazirliyinin X24 İdarəsinə verdiyi ərizəsində xx.xx.2023-cü il tarixdə Naxçıvan-Sədərək avtomobil yolunda mənim mülkiyyətimdə olan Foton Forland markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili baş vermiş yol nəqliyyat hadisəsi zamanı qeyd etdiyim avtomobilə heç bir maddi ziyan dəymədiyindən sürücü Təqsirləndirilən şəxs heç bir şikayət və maddi tələbim yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədəndən görünür ki, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayət və tələbiləri yoxdur, qərar qəbul edərkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə qeyd edir ki, hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmə niyyətinə və törətdikdən sonrakı davranışlarına, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirinə, cinayət əməlini törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, onun kriminal əməllərə meyilli olub-olmamasına aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Həmçinin həmin Sərəncamda o da göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və həmin şəxsin ondan heç bir şikayətinin və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən qanunvericiliyin bu tələbi nəzərə alınmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq Təqsirləndirilən şəxs, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır... Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzinin duracağında saxlanılan “Foton” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzinin duracağında saxlanılan “Foton” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Cinayət işində mülki iddianın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar