Məhkəmə qərarları › İş №1(110)-10/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-10/2020

16.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-10/2020 16.12.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə islas katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, Dizə kənd sakini X3 xx xxxxxx 2020-ci il də boşanmış, bu nikahdan iki övladı doğulmuş, məhkəmənin 2(110)-226/2020 saylı qərarı ilə şənbə və bazar günləri uşaqları ilə görüş, ünsiyyət təyin edilmişdir. Bu ilin noyabr ayının 10-u Ali baş komandanın düşmən üzərində qələbə qazanmağımızla bağlı xalqımızı təbrik etdikdən sonra, o da bu qələbə sevincini 5 və 6 yaşlarındakı qızları ilə birlikdə qeyd eləmək üçün keçmiş həyat yoldaşının yaşadığı evə-552-58-20 ev nömrəsinə zəng vurub uşaqlara bir saatlıq icazə vermələrini xahiş etmək istəmişdir ki, bu qələbə sevincini qızları ilə birlikdə yaşasın. Zəng vurduqdan sonra telefonu keçmiş həyat yoldaşı Aytənin anası Şərur rayon Dizə kəndində qeydiyyatda olan və yaşayan X11 götürmüş və onunla çox kobud danışmağa başlamış və onun övladları ilə danışmağına imkan verməmişdir və axırda onu telefonda 5 və 6 yaşlarında olan qız övladlarına cinsi orqanının göstərməklə şərləmiş və telefonu söndürmüş, həmin telefon danışığını telefona yazdığını, yazmağının səbəbinin hər dəfə ondan şikayət edirdilər ki, guya o onların evinə zəng edərək, onları təhqir etmişdir. Həmin danışığı audio şəklində məhkəməyə təqdim etdiyini, indi o ata olaraq gecələr yata bilmir, keçmiş qaynanasının ona atdığı bu böhtana dözə bilmir. X11 onun şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsində (təhqir) göstərilən əməli törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində (şərəf və ləyaqətin müdafiəsi hüququ) göstərilmişdir ki, İ hər kəsin şərəf və ləyaqətini qorumaq hüququ vardır. İİ. şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu, X4 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqitini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən keçmiş qaynanası X7 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, X1 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə X7 əməlində cinayət əlamətləri yoxdur. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli, 3 saylı Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302..1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi X8 istinad edilən əməldə CM-nin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən X2 xüsusi ittiham qaydasında şikayət ərizəsinın məhkəmə icraatına qəbul edilməsindən imtina etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.1.6, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin və xüsusi ittiham qaydasında şikayət X5 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi ) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar