Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-11/2023 26.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1976-cı il tarixdə Şərur rayon Gümüşlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində 22 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Türkiyə Respublikasının İğdır vilayətindən istintaqa məlum olmayan şəxsdən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuana alaraq əldə edib, geyinmiş olduğu gödəkçənin boyun hissəsində olan sepli yerə kağız parçasının içərisində gizlədərək daşımış, 28 fevral 2023-cü il tarixdə axşam saatlarında Türkiyə Respublikasından Sədərək Gömrük Postu vasitəsilə gələrək narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, xx.xx.2023-cü il tarixdə Şərur rayon Mahmudkənd kəndi ərazisində 50 manat pul müqabilində tanışı Şərur rayon Vərməziyar kənd sakini Şahid 0,430 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana satmış, 20 mart 2023-cü il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şərur rayon polis İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şərur rayon Mahmudkənd kəndindəki mənzilin həyətinə baxış keçirilən zaman həyətdə olan tövlədə axurun içərisində more siqaret qutusunun icərisində 2 ədəd kağız bükülüdə ayrı-ayrılıqda çəkiləri-1.876 qram və 0.834 qram, birlikdə ümumi çəkisi 2.710 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində və verilən suallara cavabında 30 il bundan əvvəl ilk dəfə olaraq narkotik vasitə istifadə etdiyni, həmin dövrdən indiyədək ara-sıra Türkiyyə Respublikasında, bir dəfə isə Bakı şəhərində istifadə etmiş olduğunu, narkotik vasitə qəbul etdiyi üçün 2010-cu il tarixində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 8 ay azadlıqdan məhrum edildiyini, 28 fevral 2023-cü il tarixdə səhər saatlarında evə alış veriş etmək üçün Türkiyə Respublikasının İğdir şəhərinə getdiyini, orada olan zaman əvvəlcədən tanıdığı Türkiyə Respublikası vətəndaşı olan “Əhməd” adlı şəxslə görüşdüyünü, Əhməd ilə ilk dəfə narkotik vasitə olan Marixuananı İğdır şəhərində xx.xx.2022-ci il tarixində olan zaman qəbul etdiklərini xatırladığını, ona görə də Əhmədin onun narkotik vasitə qəbul etdiyni bildiyini, 28 fevral 2023-cü il tarixdə İğdır şəhərində olan zaman Əhməd adlı şəxsin mağazasından alış-veriş edib 170 manat verdikdən sonra Əhmədin ona içərisində çəkisini dəqiq bilmədiyi miqdarda kağız parçasının içərisinə bükülmüş qurudulmuş “Marixuana” verdiyini, həmin şəxsdən aldığı “Marixuana”nın təxminən 2-3 kibrit qutusu qədər olduğunu, narkotik vasitəni aldıqdan sonra İğdir şəhərində bir hissəsini qəbul etdiyini, Türkiyə Respublikasında olan zaman aldığı narkotik vasitənin hamısını qəbul etdikdən sonra yaşadığı kəndə gəlmək fikrində olduğunu, lakin səhhətində yaranan problemlərə görə Türkiyə Respublikasında qala bilmədiyini və ona görə də aldığı narkotik vasitənin hamısını istifadə edib qurtara bilmədiyini, 28 fevral 2023-cü il tarixində axşam saatlarında qalan narkotik vasitəni əynində olan gödəkçənin boyun hissəsində olan sepli yerə qoyduğunu, sonra Sədərək Gömrük məntəqəsindən keçərək Şərur rayon Mahmudkənd kəndində evinə gəldiyini, özü ilə İğdırdan gətirdiyi narkotiki vasitə olan marixuananı qəzet parçasından ibarət 2 ədəd büküm şəklində hazırlayıb yaşadığı evinin həyətyanı sahəsində olan tövlədə olan borunun içərisində saxladığını, bir müddət səhhətində yaranan problemlərlə əlaqədar evdə yatdığını, həmin dövr ərzində bir-neçə dəfə Türkiyə Respublikasından gətirdiyi narkotik vasitədən qəbul etdiyini, 19 mart 2023-cü il tarixdə əvvəlcədən tanıdığı Şərur rayon Vərməziyar kənd sakini Şahid ona zəng vurduğunu, onunla telefonda biraz söhbət etdikdən sonra Şahid onda narkotik tərkibli maddə olubolmadığını soruşduğunu, ona marixuana olduğunu bildirdiyini və Xəqaninin ondan həmin narkotik maddədən şəxsi istifadəsi üçün istədiyini, həmin gün axşamüstü Şahid ona yenidən zəng vuraraq narkotik vasitə almaq üçün Şərur rayon Mahmudkənd kəndinə gəldiyini, Xəqaninin diqqətsizlik edib onu ələ verə biləcəyini düşündü üçün onunla evdən aralıda olan kəndin ara məhlələrinin birində görüşdüyünü, narkotik maddənin bir hissəsini sarı rəngli kağıza bükərək ona verdiyini, Şahid narkotiki alıb getdiyini, 20 mart 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanaraq saxladığı narkotik vasitədən bir hissəsini bir ədəd siqaretə doldurub qəbul etdiyini, daha sonra Şərur şəhərinə bazara gedib qayıtdığını, kənddə olan zaman kənd mərkəzinin yaxınlığında polis əməkdaşlarının onu saxlayaraq Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, üzərində şəxsi axtarış zamanı üzərində hər hansı bir narkotik tərkibli vasitə aşkar edilmədiyini, buna baxmayaraq polis əməkdaşlarına Şərur rayon Mahmudkənd kəndində yerləşən evinin həyətyanı sahəsində olan tövlənin içərisində narkotik tərkibli maddə saxladığını bildirdiyini, polis əməkdaşlarının Şərur rayon Mahmudkənd kəndində yerləşən evinə gedərək onun razılığı, iki nəfər şahidinin iştirakı ilə baxış keçirdiklərini, baxış zamanı tövlənin içərisində axurun içərisində saxladığı üzərində MORE sözü yazılan siqaret qutusunu çıxartdığını, həmin qutunu və içərisində Türkiyə Respublikasının İğdır şəhərindən gətirdiyi qurudulmuş “Marixuana” olan 2 ədəd bükümü polis əməkdaşlarına təqdim etdiyini, Xəqaniyə isə narkotik maddə satmadığını, istintaq zamanı həddən artıq xəstə olduğundan nəyə imza atdığını bilmədiyini, ona psixoloji təsir nəticəsində istintaqda 50 manata satmasına dair ifadə verdiyini, Xəqanidən bir neçə gün öncə 50 manat borc aldığını, narkotik maddəni borc qarşılığında vermədiyini, çünki Xəqaniyə verdiyi narkotikin dəyərinin 5-10 manat olduğunu, həm də Xəqanini uşaqlıqdan tanıdığını, əvvəllər də aralarında bir-birinə təmənnasız narkotik vasitə verdiklərini, Xəqaninin də polis Qafar Əsgərov tərəfindən təzyiq altında narkotiki məndən 50 manata almasına dair ifadə verdiyini, səmimi olaraq heç bir sübut olmadığı halda narkotiki Türkiyədən gizlin gətirdiyini boynuna aldığını, lakin ona narkotik satışı ilə ittiham verilməsini qəbul etmədiyini, tutduğu əməldən çox peşiman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində və verilən suallara cavabında Şərur Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 20 mart 2023-cü il tarixində ona Şərur rayon Vərməziyar kənd sakini Şahid qanunsuz olaraq narkotik vasitələrini əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatın yoxlanılması məqsədilə idarə rəisinə raportla müraciət etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etdiyini, həmin qərarın icrası ilə əlaqədar olaraq Şahid yaşadığı Şərur rayon Vərməziyar kənd ərazisində tərəfindən saxlanılaraq Şərur Rayon Polis İdarəsinə gətirilərək istintaq orqanına təhvil verdiyini, Şərur RPİ-nin inzibati binasında Şahid üzərində hal şahidlərinin və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı onun əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində FİNE sözü yazılan siqaret qutusu, həmin qutunun içərisində isə qızılı rəngli kağızdan ibarət bir büküm aşkar edilərək götürüldüyünü, həmin bükümün hal şahidlərinin iştirakı ilə açıldıqda içərisində narkotik vasitə sayılan marixuanaya bənzər yaşıl bitki kütləsinin olduğunun müşahidə edildiyini, Şahid dindirilən zaman həmin vasitəni əvvəlcədən tanıdığı Şərur rayon Mahmudkənd kənd sakini Təqsirləndirilən şəxs 50 manat müqabilində satın aldığını bildirmiş olduğunu, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 20 mart 2023-cü il tarixində yaşadığı Şərur rayon Mahmudkənd kənd ərazisində saxlanılaraq istintaq orqanına təhvil verildiyini, sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövləyə baxış keçirildiyini, baxış zamanı həmin tövlədə olan axurda içərisində 2 ədəd kağızdan ibarət büküm olan more adlı siqaret qutusunun aşkar edildiyini, həmin siqaret qutusunda olan bükümlərin hal şahidlərinin iştirakı ilə açıldıqda içərisində marixuana adlanan narkotik vasitənin olduğunun müşahidə edildiyini və qablaşdırılaraq götürüldüyünü, Şahid dindirilən zaman ona heç bir təzyiq göstərilmədiyini, xəsarət yetirilmədiyini, həmin gün Şahid İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub hakim qarşısına çıxarıldığını, əgər ona qarşı nəsə təzyiq olsa idi bunun aşkar ola biləcəyini, təqsirləndirilən şəxsin ifadəsinin isə özünümüdafiə xarakteri daşıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X3 ifadəsində Şərur Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini bildirərək şahid X5 ilə eyni məzmunlu ifadə vermiş, suallara cavabında Şahid və Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat tədbirləri zamanı və iştirak etdiyi istintaq hərəkətləri aparılan zaman hər hansı təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X7 ifadəsində və verilən suallara cavabında özünə məxsus avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırdığını, 20 mart 2023-cü il tarixdə günorta saatlarında dayanacaqda olan zaman polis əməkdaşlarının ona yaxınlaşıb Şərur rayon Mahmudkənd kəndində yerləşən yaşayış evlərindən birində aparılacaq istintaq hərəkətində hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, polis əməkdaşları ilə birlikdə Şərur rayon Polis İdarəsinə getdiklərini, orada olan zaman Şərur şəhər sakini Vaqif adlı şəxsin də polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəldiyini, sonra hər ikisinin polis əməkdaşları ilə birlikdə Şərur rayon Mahmudkənd kəndində yerləşən tanımadığı bir evə getdiklərini, həmin yaşayış evinin həyətində olan zaman həyətin Şərur rayon Mahmudkənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyəti olduğunu və həmin həyətdə yerləşən tövləyə baxış keçiriləcəyinin bildirildiyini, hər ikisinə hüquq və vəzifələrinin izah edildikdən sonra həmin tövləyə baxış keçirildiyini, baxış zamanı həmin tövlədə olan axurda içərisində 2 ədəd kağızdan ibarət büküm olan more adlı siqaret qutusunun aşkar edildiyini, həmin siqaret qutusunda olan bükümlər onların iştirakı ilə açıldıqda bükümlərin içərisində yaşıl rəngli quru bitki olduğunu gördüyünü, həmin bitki qurularının polis əməkdaşları tərəfindən ağ zərfin içərisinə qoyulduğunu, zərfin üzərində imza etdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X6 ifadəsində 20 mart 2023-cü il tarixdə günorta saatlarında Şərur şəhəri H.Əliyev prospektində olan zaman polis əməkdaşlarının ona yaxınlaşdıqlarını, ona Şərur rayon Mahmudkənd kəndində yerləşən yaşayış evlərindən birində keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, onun da buna razı olduğunu bildirərək şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş Şahid istintaqa verdiyi ifadəsində Şərur rayon Vərməziyar kəndində doğulub-boya başa çatdığını, haliyyədə həmin kənddə ailəsi ilə birlikdə yaşadığını, heç bir təhsili olmadığı üçün evlərin təmir işləri ilə məşğul olub ailəsini dolandırdığını, 2012-ci il tarixindən narkotik vasitələr istifadə etdiyini, hətta 2013-cü il tarixində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə 7 il müddətinə azadlıqdan məhrum edildiyini, buna baxmayaraq hal-hazırda da narkotik vasitələrdən qəbul etdiyini, 19 mart 2023-cü il tarixdə günorta saatlarında əvvəlcədən tanıdığı Şərur rayon Mahmudkənd kənd sakini Təqsirləndirilən şəxs zəng vurub onunla kef-hal tutduğunu, danışıq zamanı Təqsirləndirilən şəxs onda narkotik tərkibli vasitə olub olmamasını soruşmasını, Təqsirləndirilən şəxs hazırda onda narkotik tərkibli maddə sayılan marixuana olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs ona narkotik tərkibli maddə verməsini xahiş etdiyini, İsanın ona 50 manat pul ver, mən də sənə narkotik tərkibli maddə verim sözlərini dediyini, həmin gün axşamüstü İsadan narkotik vasitə satın almaq üçün taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi İlkin adlı şəxsin avtomobili ilə Şərur rayon Mahmudkənd kəndinə getdiyini, ancaq İlkinin onun narkotik almaq üçün Mahmudkənd kəndinə getdiyini bilmədiyini, Mahmudkənd kəndində yerləşən məscidin yaxınlığında avtomobildən düşüb İsanın yanına getdiyini, İlkinin isə avtomobildə onu gözlədiyini, Təqsirləndirilən şəxs yanına çatan zaman heç kim görməsin deyə tələm-tələsik üzərində olan 50 (əlli) manat pulu İsaya verdiyini, İsanın ona sarı rəngli büküm verdiyini, həmin bükümü götürüb evə getdiyini, evdə olan zaman Təqsirləndirilən şəxs ona verdiyi bükümü açaraq içərisində qurudulmuş “Marixuana” olduğunu gördüyünü, evinin həyətyanı sahəsində olan tualetə girərək cibində olan siqaret qutusunun içərisindən 1 ədəd siqaret götürərək həmin siqaretin içərisində olan tütünü yerə boşaltdığını, daha sonra həmin siqaretin içərisinə Təqsirləndirilən şəxs aldığı “Marixuana” narkotik vasitəsinin bir hissəsini doldurduğunu və yandıraraq onu qəbul etdiyini, qalan hissəsini isə FİNE adlı siqaret qutusunun içərisinə qoyub üzərində saxladığını, daha sonra həmin gün saat təxminən 23:30 radələrində yenidən həyətyanı sahədə olan tualetə gedərək bir siqaretində içərisindəki tütünü boşaldaraq narkotik tərkibli maddə doldurduğunu və onu da, qəbul etdiyini, sonra isə evə keçərək yatdığını, 20 mart 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanaraq tualetə girdiyini və yenidən siqaretin içərisinə “Marixuana” narkotik vasitəsi dolduraraq qəbul etdiyini, qalan hissəsini isə FİNE adlı siqaret qutusunun içərisinə qoyub üzərində saxladığını və kənd mərkəzinə getdiyini, orada olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq onu Şərur Rayon Polis İdarəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə birlikdə Şərur Rayon Polis İdarəsinə gəldiyini, polis idarəsində olan zaman müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının üzərində narkotik tərkibli vasitə olub olmadığını soruşduqlarını, onlara üzərində narkotik tərkibli vasitənin olduğunu bildirdiyini və video çəkiliş vasitəsilə pencəyinin sağ cibində saxladığı içərisində “Marixuana” adlı narkotik vasitə sayılan qızılı rəngli sarı büküm olan siqaret qutusunu polis əməkdaşlarına təhvil verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini qismən təsdiq etmiş, narkotik vasitəni satmasına dair ifadələri qəbul etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan ekspert rəyləri, istintaq protokolları və digər sənədlərlə tam sübuta yetir. İstintaq protokolları: İş materiallarında olan 20 mart 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 mart 2023-cü il tarixdə saat 17:30-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarında olan 20 mart 2023-cü il tarixli baxış protokolundan görünür ki, 20 mart 2023-cü il tarixdə saat 18:10-da Təqsirləndirilən şəxs məxsus olan Şərur rayonunun Mahmudkənd kəndindəki yaşayış evinin həyətindəki tövləyə baxış keçirilmiş, baxış nəticəsində axurun içərisində iki ədədə kağız bükümdə narkotik vasitəyə bənzər qurudulmuş yaşıl bitki aşkar edilmiş və fotoşəkilləri çəkildikdən sonra hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 22 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid təqsirləndirilən şəxsin üzünə narkotik vasitəni 50 manata ondan aldığını bildirmiş, təqsirləndirilən şəxs isə Şahid dediklərini təsdiq edərək soyuducu almaq üçün ehtiyacı olduğundan narkotik vasitəni dəyərindən ucuz olmaqla 50 manata satdığını etiraf etmişdir. Baxış və üzləşdirmə istintaq hərəkətlərinin videoyazıları (iş materiallarına əlavə olunmuş 1 nömrəli CD-də “VİD20230320-WA003”, 2 nömrəli CD-də “VİD20230322- WA006” adlı fayllar) cinayət prosesi tərəflərinin iştirakı ilə tədqiq olunmuş, təqsirləndirilən şəxs narkotik vasitəni 50 manat qarşılığında Şahid satdığını müdafiəçisinin iştirakı ilə etiraf etməsi müəyyən olunmuşdur. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 mart 2023-cü il tarixli 318 saylı ekspert rəyindən görünür ki, Şərur rayon Mahmudkənd kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlənin içərisindəki axurdan aşkar edilərək götürülmüş yaşıl rəngli bitki kütləsinin təmiz çəkisi 2.710 (iki tam mində yeddi yüz on) qram olan yaşılımtıl rəngli qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik birki mənşəli kütlə, botaniki əlamətlərinə görə narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X2 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 107 A saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsda hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəliyi yoxdur, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi, Y. Budaqov adına Naxçıvan MR X2 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 107 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyi aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, hal hazırda onun məcburi müalicəyə ehtiyacı yoxdur. Maddi sübutlar: İş materiallarında olan 21 mart 2023-cü il tarixli 318 saylı ekspert rəyi və onun nəticələrinə dair müşayiət məktubundan görünür ki, ekspert tədqiqatından sonra təmiz çəkisi 2,690 qram olan marixuana narkotik vasitə Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılır. İş materiallarında olan 29 may 2023-cü il tarixli qərardan görünür ki, həmin narkotik vasitə maddi sübut hesab edilərək saxlanması üçün Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir. Digər sənədlər: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(110)- 4/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzas təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq 4 ay 26 gün vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan Şərur rayon Mahmudkənd kənd İƏD üzrə nümayəndəliyinin 29 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Oğlanqala kəndində arvadı, 2005 və 2014-cü illərdə doğulmuş uşaqları ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur rayon Mahmudkənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan 21 mart 2023-cü il tarixli qərardan görünür ki, hazırkı iş üzrə Şahid barəsində cinayət işinin başlanılmasından imtina edilmiş, toplanmış materiallar onun inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti üzrə Şərur RPİ-nin Cinayət Axtarış Şöbəsinə göndərilmişdir. İş materiallarında olan ittiham aktına əlavə olunmuş arayışdan və elektron məhkəmə informasiya sistemindən görünür ki, Şərur Rayon Məhkəməsinin 29 mart 2023cü il tarixli 3(110)-68/2023 nömrəli inzibati xəta haqqında qərarı ilə iş üzrə Şahid Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 1 ay 10 gün müddətində inzibati qaydada həbs edilməsi, inzibati xəta üzrə maddi sübut olan ekspert tədqiqatından sonra xalis çəkisi 0.410 qram olan narkotik vasitə marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi barədə qərar çıxarılmışdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, maddi sübutlara, istintintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətlərin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitəni satmadığına dair ifadəsində göstərdikərini isə özünümüdafiə kimi qiymətləndirir. Çünki, təqsirləndirilən şəxsin özünün istintaqa verdiyi ifadəsində, şahid ifadəsində, baxış və üzləşdirmə istintaq hərəkətlərinə dair videoyazılarda və protokollarda narkotik vasitənin məhz təqsirləndirilən şəxs tərəfindən satılması öz təsdiqini tapmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-1.0.11-ci maddələrinə görə narkotik vasitələrin, psixotrop maddaələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 206.2 və 234.2-ci maddələri əsasında ona ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Törətdiyi əmələ görə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmalı və ona ittiham elan olunan maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində azyaşlı uşağın olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətin törədilmə üsulunu nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müddətinin başlanğıcı barəsində şübhəli şəxs qismində tutulduğu 20 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hazırki iş üzrə maddi sübutların həlli ilə bağlı məsələni də müzakirə edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 2,690 qram olan qurudulmuş marixuana narkotik vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-349, 351-353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 20 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 2,690 qram olan qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(110)-11/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-11/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver