Məhkəmə qərarları › İş №1(110)-12/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-12/2023

21.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-12/2023 21.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxsnin nümayəndəsi X4 iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1974-cü il tarixində Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 3 uşaqlı orta təhsilli, işsiz, məhkumluğu olmayan, hal-hazırda Şərur şəhər Nizami küçəsi ev 9, mənzil 1 ünvaında qeydiyyatda olan və yaşayan, barəsində 11 aprel 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur şəhərində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qabaqcadan X20 və X15 ilə əlbir olaraq birlikdə 20 dekabr 2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxsnin MMC-nin strukturuna daxil olan X25 sexinin arxa qapısını vurub qırmış və sexə qanunsuz daxil olaraq orada olan 1430 manat dəyərində “Universal 67 K25 PF model frez dəzgahı”nın işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və 480 manat dəyərində 01 ədəd elektrik tənzimləyicinin mis metaldan ibarət hissələrini özü ilə gətirdiyi alətlərin vasitəsilə sökərək gizli yolla talamış, sonra taladığı əmlakı 216 manata Şərur rayon Maxta kənd sakini X1 ümumilikdə Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxs MMC-yə 1910.00 (bir min doqquz yüz on) manat maddi ziyan vurmuşdur. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində və verilən suallara cavabında köhnə metal hissələri söküb satmaqla dolandığını, 2022-ci ilin dekabr ayının ortalarında yaşadığı evdə olan zaman əvvəldən tanıdığı X7 onların bağına gəldiyini, Nurlanla bağda görüşdüyünü, biraz söhbətdən sonra birlikə mağazaya gedərək bir ədəd araq, bir ədəd pivə alıb Şərur şəhərində radio zavod adlanan əraziyə getdiklərini, orada içki qəbul etdiklərini, sonra zavodun arxasına keçdiklərini, orada taxta qapını görüb həmin qapıya bir zərbə vurduğunu, köhnə qapı olduğundan qapının aşıb yerə düşdüyünü, Nurlan ilə zavodun içərisinə girdiyini, orada dəzgah və motorların üzərlərində də mis detalları gördüklərini, həmin vaxt zavoddan heç nə oğurlamadan getdiklərini, 2022-ci ilin dekabr ayının 20-də Nurlanla dəmir yolunun yanındakı parkda yenidən görüşdüklərini, sonra mağazadan bir şüşə araq, çörək, kolbasa alıb radio zavodun həyətinə getdiklərini, orada yeyib-içdiklərini, sonra Nurlan ilə zavodda olan mis detalları söküb satmaq qərarına gəldiklərini, ancaq əllərində alət olmadığı üçün alətləri götürmək məqsədilə evə getdiklərini, sonra Nurlanın ona zəng etdiyini və alət tapa bilmədiyini dediyini, ona görə də bağda olan yardımçı binadan avadanlıqları sökmək məqsədi ilə aftyorka, kəlbətin götürdüyünü, sonra Nurlana zəng vuraraq zavodun həyətinə getdiyini, ora çatdıqdan bir az sonra Nurlanın əvvəldən tanıdığı X20 ilə birlikdə onun yanına gəldiyini, Mahmudun oğurluq barədə məlumatı olduğunu gördüyünü, Mahmudun da onlarla birlikdə zavodun binasına daxil olduğunu, içəridə özü ilə gətirdiyi bir-iki avadanlıqda olan mis detalları söküb oradan tapdığı un kisəsinin içərisinə yığdıqlarını, sonra həmin kisəni yaşadığı evə apardıqlarını, səhəri günü əvvəldən tanıdığı Yengicə kənd sakini Şahin adlı şəxsin ***-***- **-** nömrəsinə zəng edərək məhəlləyə gəlməsini bildirdiyini, Şahinin QAZ 3110 markalı avtomobillə gəldiyini, həmin kisəni avtomobilin yük hissəsinə qoyduqlarını, Nurlan və Mahmud ilə birlikdə həmin avtomobillə Maxta kəndində yerləşən məişət əşyalarının tullantıları olan zibilxanaya getdiklərini, orada Şahinə 5 manat pul verdiyini, Şahin getdikdən sonra detalları söküb içərisindəki mis metaları çıxardıqlarını, həmin mis metaların ümumi çəkisinin 36 kq olduğunu, həmin yerə gedən zaman özü ilə əlavə aliminium metalı da apardığını, sonra əvvəlcədən tanıdığı metal alqı-satqısı ilə məşğul olan Məhəmmədəliyə zəng vuraraq onu zibilxanaya çağırdığını, bir az sonra Məhəmmədəlinin əlavə iki nəfərlə onların yanına gəldiklərini, ona misin kiloqramını 6 manatdan, aliminium ilə birlikdə satdıqdan sonra ümumulikdə 240 manat pul əldə etdiyini, pulu Nurlan və Mahmud ilə öz aralarında 80 manat olamaqla böldükdən sonra evə qayıtdığını, paltarını dəyişib onu həyətdə gösləyən Nurlan və Mahmudla birlikdə Şərur şəhərində yerləşən yeməkxanaya getdiklərini, yeyib içdikdən sonra evə getdiyini, Nurlan və Mahmudun yeməkxanada qaldıqlarını, bir neçə gün sonra xalasının yas mərasimində iştirak etmək üçün təyyarə ilə Bakı şəhərinə getdiyini, Nurlan və Mahmudun tutulduğundan sonralar xəbərdar olduğunu, Bakıda olarkən mobil telefon işlətmədiyini, Nurlan və Mahmudla buna görə əlaqə saxlamadığını, sonra qohumlarının onu polislərin axtardığı barədə məlumat verdiyini, orada səhhətində ciddi problemlərin yaranmağa başladığını, müalicə aldığını, lakin müalicə sənədləri olmadığını, ona görə də Şərur şəhərinə qayıda bilmədiyini, 9 aprel 2023-cü il tarixində Şərur şəhərinə qayıtdığını, 10 aprel 2023-cü il tarixində isə polis əməkdaşlarına gəldiyini bildirərək əməlini etiraf etdiyini, Şərur şəhər sakini X10 uzun müddətdir ki, tanıdığını, X3 qonşusu olduğundan tanıdığını, oğurluq etmək fikrinin Nurlan ilə birlikdə olan zaman onda yarandığını, hesablanmış 1910 manatın bərabər qaydada onlardan alınıb müəssisəyə ödənildiyini, tutduğu əməldən peşman olduğunu bildirmiş, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı: Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X8 2008-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxsnin MMC-nin strukturna daxil olan X25 direktoru vəzifəsində işlədiyini, 09 yanvar 2023-cü il tarixdə səhər saatlarında zavodun sexinə daxil olan zaman həmin sexin arxa tərəfində olan qapının sındırılmış vəziyyətdə olduğunu gördüyünü, orada sexin içərisinə və orada olan avadanlıqlara nəzər salan zaman sexin içərisində dağınıqların olduğunu gördüyünü, avadanlıqlara diqqətlə baxdıqdan sonra, sexin içərisində olan frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və bir ədəd elektrik tənzimləyicinin misdən hissələrinin sökülüb aparıldığını gördüyünü, buna görə polisə yazılı şəkildə ərizə ilə müraciət etdiyini, X16, X10 və Təqsirləndirilən şəxs Şərur şəhər sakinləri kimi tanıdığını, onlarla hər hansı bir ədavətinin olmadığını, Zavodunun Sexində olan frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və bir ədəd elektrik tənzimləyicinin misdən hissələri sökülərək yararsız vəziyyətə düşüdüyünü hazırda avadanlıqların bərpa olunmadığını, bunun üçün mütəxəssislərin gəlməli olduğunu, bu sahədə iş aparıldığını, dəymiş ziyan kimi ekspert rəyi ilə hesablanmış 1910 manatın təqsirləndirilən şəxslərdən bərabər qaydada alınıb müəssisəyə ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində və verilən suallara cavabında özünə məxsus QAZ 3110 markalı avtomobili ilə sərnişin və yük daşıyaraq ailəsini dolandırdığını, Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığını, 2022-ci ilin dekabr ayının ortalarında səhər Ələsgərin ona zəng vurub çağırdığını, Ələsgərin yaşadığı məhəlləyə getdiyini, ora çatan zaman tanımadığı daha iki cavan oğlanı gördüyünü, Ələsgərin avtomobilin yük hissəsinə iki ədəd un kisəsi gətirib yerləşdirdiyini, içində nə olduğunu bilmədiyini, Ələsgərin onları Maxta kəndinə aparmağını bildirdiyini, Ələsgəri və iki nəfəri Maxta kəndində yerləşən məişət tullantıları olan əraziyə apardığını, Ələsgərə 7 manat dediyini, lakin 5 manata razılaşdıqlarını, pulunu alıb yük boşaldıldıqdan sonra çıxıb getdiyini, hadisə ilə bağlı bildiklərinin bu qədər olduğunu, Təqsirləndirilən şəxs bir neçə il öncə qardaşı Məhəmmədə görə tanıdığını, Ələsgərin yanındakılarının heç birini tanımadığını, ona məxsus avtomobilin yük hissəsində olan iki ədəd un kisələrinin içərisində nə olduğundan heç bir məlumatının olmadığını, Ələsgərin dəmir metalların alqısatqısı ilə məşğul olan birisi olduğunu bildiyinə görə həmin un kisələrinin içərisində metaldan ibarət hər hansı bir əşyaların olduğunu fikirləşdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində və verilən suallara cavabında metal alqı-satqısı ilə məşğu olduğunu, 2022-ci ilin dekabr ayının ortalarında işdə olan zaman telefonuna zəng gəldiyini, zəng edən şəxsin əvvəldən metal satan kimi tanıdığı Təqsirləndirilən şəxs olduğunu, həmkəndlisi Qasım və Hüseynov Ələsgərlə birlikdə Şərur Rayon Maxta kənd ərazisində məişət tullantıları olan əraziyə getdiklərini, orada əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs və iki nəfərin gözlədiklərini, sonra Ələsgərin ona 36 kilo mis, əlavə dəmir və alimunium göstərərək satmaq istədiklərini bildirdiyini, onun da həmin metalları aldığını, misin kilosunu 6 manatdan hesablayaraq 216 manat, dəmir və alimuniuma görə isə 24 manat olmaqla ümumilikdə Ələsgərə 240 manat pul verildiyini, Ələsgər pulu aldıqdan sonra yanındakılar ilə birlikdə çıxıb getdiklərini, qeyd olunan metalları onlara Ələsgərin satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində və verilən suallara cavabında həmkəndlisi Həzrətqulu Quliyevin yanında fəhləlik etdiyini, 2022-ci ilin dekabr ayının ortalarında işdə olan zaman həmkəndlisi Məmmədəlinin telefonuna zəng gəldiyini, Məmmədəlinin telefonla danışdıqdan sonra ona və digər həmkəndlisi Qasıma “gedək zibilxanaya mis var onu alaq” dediyini, Məmmədəli və Qasımla birlikdə Maxta kənd ərazisində olan məişət tullantıları olan əraziyə getdiklərini, həmin yerə çatan zaman orada əvvəlcədən tanıdığı Ələsgərin və əlavə iki nəfər tanımadığı oğlanın gözlədiklərini, sonra Ələsgərin ona 36 kilo mis, əlavə dəmir və alimunium göstərərək satmaq istədiklərini bildirdiyini, Məmmədəlinin də həmin metalları aldığını, Məmmədəlinin misin kilosunu 6 manatdan hesablayaraq 216 manat, dəmir və alimuniuma görə isə 24 manat olmaqla ümumilikdə Ələsgərə 240 manat pul verdiyini, Ələsgər pulu aldıqdan sonra yanındakılar ilə birlikdə çıxıb getdiklərini, qeyd olunan metalları onlara Ələsgərin satdığını, həmin vaxtı Mahmud və Nurlanın Ələsgərin yanında olduqlarını, həmin vaxtı onların yanlarında hər hansı bir avtomobilin olmadığını bildirmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X2 Ələsgər Əflatun oğlu ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan ekspert rəyləri, istintaq protokolları və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 247 nömrəli rəyində Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxsnin MMC-nin strukturna daxil olan X25 Sexində olan Universal 67 K25 PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutunun və 01 ədəd elektrik tənzimləyicinin hadisə törənməmişdən əvvəl, 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1910 ( bir min doqquz yüz on) manat, onlardan Universal 67 K25 PF model frez dəzgahının işə salma mexanizmlərinin yerləşdirildiyi dəmir qutu 1430 manat, 1 ədəd elektrik tənzimləyici (stabilizator) 480 manat olduğu göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X5 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 106 saylı rəyində Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu vəziyyətində olduğu, Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman heç bir psixi xəstəlikdən əziyyət çəkmədiyi, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək yaxud onları idarə edə bilmək iqtidarında olduğu, Təqsirləndirilən şəxs hal hazırda anlaqlılığı istisna edən hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi və məcburi müalicəyə ehtiyacının olmadığı göstərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 105 saylı rəyində Təqsirləndirilən şəxs alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu, hazırda qəbuldan imtina diaqnozu aşkar edildiyi, hal-hazırda məcburi müalicəyə ehtiyacının olmadığı, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi göstərilmişdir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, X20, X15 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 19 yanvar 2023-cü il tarixli cinayət işinin ayrılması, axtarış elan olunması və cinayət işinin dayandırılması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olunmadığından onun barəsində olan cinayət işi ayrıca icraata ayrılmış, barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına verilmə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli məktub və kassa mədaxil orderindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxsnin MMC-yə dəymiş 1910 manat ziyan ödənilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1994-cü il tarixdə Azərbaycan SSR Cinayət Məcəlləsin 246-1-ci maddəsi (Silahla, habelə ətrafdakılar üçün yüksək təhlükəli olan maddələr və predmetlərlə rəftar etmək qaydalarını pozma) ilə 4 il 1 ay müddətinə, xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR Cinayət Məcəlləsin 143.4-cü maddəsi (oğurluq) ilə 2 il 6 ay müddətinə, xx.xx.1999-cu il tarixdə Azərbaycan SSR Cinayət Məcəlləsin 185.1-ci maddəsi (Azadlıqdan məhrumetmə yerindən və ya mühafizə altından qaçma) ilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu göstərilmişdir. İş materiallarında olan Şərur şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 17 may 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur şəhərində arvadı və yetkinlik yaşına çatmış iki oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur şəhər Mənzil İstismar Sahəsi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. “Azemis” elektron məhkəmə informasiya sistemindən müəyyən olundu ki, Şərur Rayon Məhkəməsinin 1(110)-03/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə X20 və X15 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham hökmü çıxarılmış, maddi sübutların məsələsi həll edilmiş, Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(108)-11/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığından hökm dəyişdirilmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidin ifadəsinə, ekspert rəylərinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın ona aid hissədə tam ödəməsini, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra Şərur rayon ərazisini 3 aydan artıq müddət ərzində tərk edib Bakıya getməsini, bununla da istintaqdan gizlənməsini, Bakı şəhərində olarkən telefon işlətmədiyi üçün polis tərəfindən axtarışda olması barədə məlumat olmadığına dair dediklərinin ağılabatan olmadığını nəzərə alır və həm bu qeyd olunanları, həm də şəxsin iş materiallarında olan əvvəllər bir neçə cinayət törətməsi, məhkumluqları ödənilsə də cinayət törətməyə meylli şəxs olması ilə bağlı onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən onu da nəzərə alır ki, ziyanın vurulduğu zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisədir. Bu nazirliyin təyinatı isə Azərbaycan Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Buna görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Şərur rayon Maxta kənd ərazisində yerləşən zibilxanaya baxış keçirilən zaman götürülmüş 02 ədəd sarı rəngli kipirni lenta, 02 ədəd qəlib örtüyü, 01 ədəd 220 volt gücündə olan transformator qəlibi, 01 ədəd 110 volt gücündə olan transformator qəlibi, 01 ədəd 24 volt gücündə olan transformator qəlibi ********* nömrəli cinayət işi ilə birlikdə məhkəməyə təqdim edilmiş və Şərur Rayon Məhkəməsinin 1(110)-03/2023 nömrəli hökmü ilə hamin maddi sübutların məsələsi həll edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxsnə dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində göstərilən xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi əsasları müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələridə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 iyul 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənaye Nazirliyinin tabeliyində olan Zərərçəkmiş şəxsnə dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzə mülki iddianın və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar