Məhkəmə qərarları › İş №1(110)-13/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-13/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-13/2023 10.07.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X4, X3, X5 iştirakı ilə X4, X3, X5 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4, X3, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsində bildirmişdir ki, 05 iyun 2023-cü il tarixdə ailəsi ilə evdə olan zaman həmkəndliləri X9, X7, X10 onların həyətinə icazəsiz daxil olmuş, heç bir səbəb olmadan X9 onu və ailə üzvlərini hədələmiş, anası və bibisi ilə birlikdə insan şərəf və ləyaqətini alçaldacaq şəkildə onların ünvanına nalayiq ifadələr işlətmiş, arvadı tərəfindən onların hərəkətlərini telefona çəkmələrinə və xəbərdarlıq etmələrinə baxmayaraq öz hərəkətlərini davam etdirmişlər. Bu barədə ilk öncə polisə müraciət etmiş, Şərur Rayon Polis İdarəsinin 11 iyun 2023-cü il tarixli məktubuna əsasən müraciətinin məhkəməyə aid olduğu bildirilmişdir. Buna görə də xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən X6 şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətini müdafiə etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən X9 şikayəti qəbul etməyərək izahatında 4 iyun 2023-cü il tarixdə kənddə keçirilən toy məclisində iştirak edən zaman X2 mobil telefonla onun bacısı və bibisi qızlarını çəkməsi, kamerada onları yaxınlaşdırmasını müşahidə etdiyindən ona yaxınlaşıb iradını bildirdiyini, növbəti gün isə bibisinə bu barədə məlumat verərək öz etirazlarını bildirmək üçün X2 qonşuluqdakı evinə getdiklərini, evlərinə girmədiklərini, qarşılıqlı olaraq sözləşdiklərini, sonra isə çıxıb evlərinə getdiklərini, orada kənar heç kimin olmadığını, ərizədə göstərilənlərin şişirdildiyini bildirərək şikayətin icraata qəbulundan imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən X7 və X1 Beytulla Hatəm oğlu ilə eyni məzmunlu izahat verərək şikayəti qəbul etmədiklərini bildirmişlər. Məhkəmənin əsaslandırması: Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməmişdir və iş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayətdə göstərilənlərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.1.6, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X4, X3, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar