Məhkəmə qərarları › İş №1(110)-13/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-13/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-13/2024 04.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Şərur rayon Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 4 uşaqlı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olmamış, Şərur rayon Düdəngə kəndində qeydiyyatda duran və yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Düdəngə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə saat 14:00 radələrində Şərur rayon Düdəngə kənd ərazisində yerləşən ictimai yer sayılan asfalt yolun kənarında həmkəndlisi Zərərçəkmiş şəxs əvvəllər onun barəsində nalayiq ifadələr işlətməsini bəhanə gətirərək, xuliqanlıq zəminində, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik göstərərək, başqa şəxslərin gözü qarşısında döyməklə sonuncuya sağ almacıq nahiyəsində və ənsə nahiyəsində qansızmalar, sağ gözünün alt nahiyəsində və sağ almacıq nahiyəsində qançırlar, burnunda yara ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” dərəcəli zərər vurmaya aid bədən xəsartələr yetirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində və verilən suallara cavabında ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini, qohumu Zərərçəkmiş şəxs son zamanlarda onunla ədavət apardığını, təxminən 1 həftə əvvəl həmin şəxsə onunla ədavət aparmaması barədə xəbərdarlıq etdiyini, 13 fevral 2024-cü il tarixdə təxminən 14 radələrində Şərur şəhərində yerləşən Mərkəzi Bazarın qarşısında dayandığını, bu zaman həmkəndlisi və qohumu Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-2107” markalı avtomobil ilə onun qarşısında avtoxuliqanlıq etdiyini, orada başqa şəxslərin də, olduğunu, həmin şəxsin o hərəkətləri ona etdiyini bildiyini, ona görə də, idarə etdiyi “Vaz-2106” markalı avtomobilə əyləşərək onun avtomobilinin arxası ilə hərəkət etməyə başladığını, onun arxasınca gedən zaman arxadan ona işıq verdiyini, Elməddin əvvəlcə avtomobilini dayandırmadığını və hərəkətə davam etdiyini, Şərur rayon Düdəngə kəndi ərazisinə çatan zaman onun avtomobili kənara çəkərək dayandığını, avtomobili kənarda saxlayaraq avtomobildən yerə endiyini, Elməddin avtomobildən yerə endiyi zaman ona nə üçün bu cür hərəkət etdiyini soruşduğunu, Elməddin ona qarşı nalayiq ifadələr işlədən zaman əsəbiləşərək onunla tutaqlaşdığını, bu zaman yumruqla və baş nahiyəsi ilə onun baş nahiyəsinə zərbələr endirdiyini, daha sonra ora gələn qardaşı Tural Qabilov və ətrafdakı şəxslərin onları aralaşdırdıqlarını, öz avtomobilinə əyləşərək çıxıb getdiyini, daha sonra polis əməkdaşları onu izahat almaq üçün Şərur RPİ-ə dəvət etdiyini, törətdiyi əməldən peşman olduğunu, haliyyədə Elməddingilə gedərək üzrxahlıq edərək barışdıqlarını, himayəsində 4 azyaşlı uşağının olduğunu bildirmiş, bunları nəzərə alaraq ən aşağı həddə cərimə cəzası təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında 13 fevral 2024-cü il tarixdə yaşadığı Şərur rayon Düdəngə kəndində yerləşən evində olan zaman həmkəndlisi Bəhruz adlı şəxsin ona zəng etdiyini, ona məxsus dönər bişirmə aparatlarını onun yaşadığı Zeyvə kəndində yerləşən evə aparmaqda ona kömək etməyini xahiş etdiyini, ona razılıq verərək “Vaz-2107” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Şərur şəhərində yerləşən Mərkəzi Bazara getdiyini, orada həmkəndlisi Bəhruz adlı şəxsin dönər bişirmə aparatını avtomobilinin arxasına yüklədiyini, Şərur şəhərində yerləşən “Rəmzixana” adlı özəl xəstəxananın qarşısından qonşusu Elcaz İmanov və Şahid da avtomobilə əyləşdirdiyini, avtomobili Şərur rayon Düdəngə kəndi ərazisi ilə idarə edərkən arxadan gələn ağ rəngli “Vaz-2106” markalı avtomobilin işıq atdığını, avtomobilin sürətini azaldaraq kənara çəkdiyini, həmin avtomobil onun avtomobilin qarşısında dayandığını, avtomobildən əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs yerə enərək onun avtomobilinə tərəf gəldiyini, onun da yerə endiyini, bu zaman Təqsirləndirilən şəxs ona “sən mənim arxamca danışıbsan” sözlərini deyərək nalayiq ifadələr işlətdiyini, onun da belə bir halın olmadığını bildirdiyini, biraz sonra onların yanına Təqsirləndirilən şəxs qardaşı Tural Qabilovun gəldiyini, bunu görən Təqsirləndirilən şəxs onun üzərində olan gödəkçəsinin yaxasından tutaraq ona qarşı nalayiq ifadə işlətdiyini, onun da əsəbiləşərək Qabilə “sənin qanın xarabdı” sözlərini dediyini, avtomobilində olan şəxslərin də yerə enərək onların yanına gəldiklərini, Təqsirləndirilən şəxs yumruqla onun burun və göz nahiyələrinə zərbələr endirdiyini, daha sonra Təqsirləndirilən şəxs onun gödəkçəsini başına çəkərək diz nahiyəsi ilə onun baş nahiyəsinə zərbə endirdiyini, yanlarında olan şəxslər onları tutaraq uzaqlaşdırdıqlarını, sonra avtomobilə əyləşərək Şərur rayon Zeyvə kəndinə getdiyini və orada Bəhruz adlı şəxsə məxsus dönər bişirmə aparatlarını onun yaşadığı evə qoyduqdan sonra Şərur şəhərinə gələrək, Şərur RPİ-ə ərizə ilə müraciət etdiyini, onun yanında olan qardaşı Tural Qabilovun da onu vurduğunu düşündüyünü, ona görə polisə izahatında Turalın da onu vurduğunu dediyini, lakin sonra ətrafda olan şəxslərin Turalın onları aralaşdırdığını ona dediyini, haliyyədə Qabil ilə barışdıqlarını və ondan heç bir şikayətinin olmadığını bildirərək, məhkəmədən qanuni qərar verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində və suallara cavabında 13 fevral 2024-cü il tarixdə yaşadığı Şərur rayon Düdəngə kəndində yerləşən evdən çıxıb Şərur rayon Şərur şəhərində yerləşən bazara getdiyini, təxminən orada 1 saat vaxt keçirdikdən sonra özünə məxsus “Toyota Prado” markalı avtomobilə əyləşərək yaşadığı evə tərəf gəlməyə başladığını, Düdəngə kəndində çatan zaman qarşıda asvalt yolun kənarında çoxlu adamın yığışdığını və orada mübahisə etdiklərini gördüyünü, avtomobildən yerə enərək cammatın toplaşdığı yerə getdiyini, oraya çatan zaman həmkəndlisi Qabilin digər həmkəndlisi Elməddini döydüyünü gördüyünü, Elməddinin sifət nahiyəsindən qan axdığını, bu zaman ətrafda olan şəxslərlə aralaşdırdıqlarını, Qabilin qardaşı Turalın onları aralaşdırdığını, sonra onlar hərəsi özlərinə məxsus avtomobillərə əyləşərək getdiklərini, özünün də evə getdiyini, sonra polis əməkdaşları izahat vermək üçün onu Şərur RPİ-yə dəvət etdiklərini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində və suallara cavabında 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında Şərur şəhərinə getdiyini, orada dostları ilə görüşdükdən sonra taksi ilə yaşadığı Şərur rayon Düdəngə kəndinə gəldiyini, Düdəngə kəndinə çatan zaman yolun kənarında qardaşı Qabilin avtomobilinin dayandığını görərək dərhal taksini dayandırdığını, oraya çatan zaman Qabilin qohumları Elməddinlə mübahisə etdiyini gördüyünü, onları sakitləşdirmək istədiyini, bu zaman Elməddinin qardaşı Qabilə qarşı nalayiq ifadələr işlətdiyini, Qabilin yumruqla Elməddini vurduğunu, onları ətrafda olan şəxslərin köməkliyi ilə aralaşdırdığını, sonra Elməddinin öz avtomobilinə əyləşərək oradan uzaqlaşdığını, onun da Qabilin avtomobilinə əyləşib Düdəngə kənd İcra Nümayəndəliyinin qarşısında avtomobildən endiyini, Qabilin isə oradan çıxıb getdiyini, onların hazırda barışdıqlarını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində və suallara cavabında 13 fevral 2024-cü il tarixdə Şərur şəhərində yerləşən mərkəzi bazarda olan zaman Düdəngə kənd sakini Elməddinə zəng etdiyini, ondan avtomobili ilə onu evə aparmasını xahiş etdiyini, Elməddin öz idarə etdiyi “Vaz-2107” markalı avtomobili ilə Şərur şəhərinə gəldiyini və onun avtomobilinə əyləşdiyini, avtomobilə Düdəngə kənd sakini Elcaz və Qurban adlı şəxslərin də əyləşdiyini, Şərur rayon Düdəngə kəndi ərazisində hərəkətdə olan zaman arxadan gələn ağ rəngli avtomobilin Elməddinə işıq atdığını, Elməddinin avtomobilini dayandırdığını, həmin ağ rəngli avtomobilin Elməddinin avtomobilinin qarşısında dayandığını, həmin avtomobildən Düdəngə kənd sakini Təqsirləndirilən şəxs yerə enərək onlara tərəf gəldiyini, avtomobildə əyləşən Zərərçəkmiş şəxs əyləşdiyi tərəfdən avtomobilin qapısını açaraq ona “sən mənim arxamca söyüş söyübsən” sözlərini dediyini, Elməddinin də ona nalayiq ifadələr işlətmədiyini bildirdiyini, Qabilin Elmədddini avtomobildən yerə endirdini, onların da avtomobildən yerə endiklərini, bu vaxt onların aralarında dava yaranmasın deyə Qabili tutaraq aparmaq istədiyini, Qabil onun əllərindən qurtularaq geri qayıtdığını və Elməddinə ucadan nalayiq ifadələr işlətdiyini, bu vaxt Qabilin qardaşı Turalın oraya gəldiyini, Qabil Elməddinə hücum edərək onun bədənin müxtəlif yerlərinə zərbələr endirdiyini, bu zaman, Tural və ətrafda olan digər şəxslər onları aralaşdırdıqlarını, sonra Qabil öz avtomobilinə əyləşərək oradan uzaqlaşdığını, onun da Elməddinin avtomobilinə əyləşərək yaşadığı evinə getdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində və suallara cavabında 13 fevral 2024-cü il tarixdə Şərur şəhərində yerləşən mərkəzi bazara getdiyini, işlərini yekunlaşdırdıqdan sonra həmkəndlisi Zərərçəkmiş şəxs avtomobilini görərək ona işarə etdiyini, avtomobildə Zeyvə kənd sakini Bəhruz Qasımov və tanımadığı bir nəfər şəxsin də avtomobildə olduğunu, Elmədinin Düdəngə kəndi ərazisində hərəkətdə olan zaman arxadan gələn ağ rəngli avtomobilin işarə verdiyini, Elməddin avtomobilini dayandırdığını, həmin avtomobildən Düdəngə kənd sakini Təqsirləndirilən şəxs yerə enərək onlara tərəf gəldiyini, Elməddinə ona qarşı nə vaxtsa nalayiq ifadə işlətdiyini dediyini, Elməddin də ona qarşı nalayiq ifadələr işlətmədiyini bildirdiyini, onların arasında dava olmasın deyə avtomobildən yerə endiklərini, X17 tutaraq aparmaq istədiyini, Qabil Bəhruzun əllərindən qurtulub Zərərçəkmiş şəxs üzərinə hücum edərək onun bədənin müxtəlif nahiylərinə zərbələr endirdiyini, orada olan digər şəxslər onları aralaşdırdığını, sonra Qabilin öz avtomobilinə əyləşərək getdiyini, Elməddinin isə onu evinə apardığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində və suallara cavabında 13 fevral 2024-cü il tarixdə təxminən 14 radələrində Şərur şəhərindən idarə etdiyi “Kamaz” markalı avtomobillə yaşadığı Düdəngə kəndinə getdiyini, Düdəngə kəndi ərazisindən keçən asvalt yolun kənarında cammatın toplaşdığını gördüyünü, avtomobili dayandırıb cammat toplaşan yerə getdiyini, ora çatan zaman həmkəndliləri Elməddin və Qabilin dalaşdığını, Elməddinin sifətindən qan axdığını, camaatın onları aralaşdırdığını gördüyünü, sonra onların ikisi də öz avtomobillərinə əyləşərək getdiklərini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsində və suallara cavabında 13 fevral 2024-cü il tarixdə Şərur rayon Şərur şəhərində yerləşən “Rəmzixana” adlı xəstəxananın qarşısında dayandığını, orada olan taksi sürücülərinin birinin yanına yaxıənlaşaraq onu Düdəngə kəndinə aparmasını xahiş etdiyini, avtomobilə əyləşən zaman avtomobildə taksi sürücüsündən başqa Zeyvə kənd sakini Bəhruz Qasımov və 1 nəfər tanımadığı şəxsin olduğunu, Düdəngə kəndi ərazisində hərəkətdə olan zaman arxadan gələn ağ rəngli avtomobilin işarə verdiyini, həmin avtomobildən Düdəngə kənd sakini Qabilin yerə endiyini, onların əyləşdiyi avtomobilə tərəf gəldiyini, sonra Elməddinin də avtomobildən endiyini, qulağında olan qulaqlıqları qulağından çıxardığı zaman Qabilin Elməddinə “sən mənim arxamca söyübsən” sözlərini dediyini eşitdiyini, onun yenidən qulaqlıqları qulağına taxdığını, sonra Qabil və Elməddin arasında dava baş verdiyini, orada olan və avtomobildən enən şəxslərin onları aralaşdırdığını, sonra Qabil öz avtomobilinə əyləşərək oradan getdiyini, Elməddin də öz avtomobilinə əyləşərək onu Düdəngə kənd mərkəzinə apardığını bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 23 fevral 2024-cü il tarixli 238 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səhti üzərində aşkar edilmiş xəsarətlər; sağ almacıq nahiyyəsində qancırlar, burnunda yara küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, xəsarətlərin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “yüngül” zərər vurmaya aiddirlər. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli məhkəməyədək sadələşdirilmiş icraatın açılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Zərərçəkmiş şəxs müraciəti əsasında böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2024-cü il tarixli 408 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda dayanmır. İş materiallarında olan Naxçıvan MR DİN Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şərur rayon Düdəngə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X14 və uşaqları X12, X9, X8, X4 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Düdəngə kənd İƏDN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, məhkəməyədək icraat protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməlində cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərarında göstərmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Məhkəmə işin hallarını və yuxarıda qeyd olunanları nəzərədən keçirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni digər nəqliyyat vasitəsini qarşısını kəsib sürücünün avtomobildən endirməklə ictimai qaydanı kobud surətdə pozması, həmin avtomobildə olan sərnişinlərin gözü qarşısında onu döyməklə cəmiyyətə açıqca hörmətsizlik etməsi və şəxsə yüngül bədən xəsarətləri yetirməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi cinayət əməlinə görə peşman olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində məhkəmələrə cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarının 13-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayətin törədilməsi min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs özünə tənqidi yanaşmaqla əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi kimi cəzanı yüngülləşdirən halların olmasını, ilk dəfə cinayət törətməsini, cəzanı ağırlaşdırılan halların isə olmamasını, habelə himayəsində 4 azyaşlı uşağının olmasını, eyni zamanda onun rəsmi iş yerinin olmamasını, maddi vəziyyətinin aşağı olmasını, təyin olunacaq cəzanın isə şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona törətdiyi cinayətə görə cinayət qanununda nəzərdə tutulan cəza növlərindən məhz azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublika ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar