Məhkəmə qərarları › İş №1(110)-15/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-15/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-15/2024 18.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər X3 və X2 iştirakı ilə X3 və X2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X3 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərmişdir ki, X6 və X4 xx.xx.2024-cü il tarixdə Şərur rayon Oğlanqala kənd qəbristanlığında onu biqeyrət, qurumsaq, şərəfsiz kimi ifadələrlə təhqir etmiş, qızlarının onun tərəfindən öldürülməsini iddia etməklə ona böhtan atmışdır. Buna görə də xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən X8 şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətini müdafiə etmiş, lakin iş üzrə həmin halları təsdiq edəcək şahidlərinin olmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən X4 şikayəti qəbul etməyərək izahatında qızı öldükdən sonra onun 2 uşağını özü saxladığını, qızının qəbrini təmizlədiyini, Ramilin ona sağlığında sahib çıxmadığını, qızının böyrəkləri çürüdüyü üçün öldüyünü, mərasim evində onun üzünə tüpürdüklərini, mərasimdən yığılan pullarla qəbir daşının qurulduğunu, onun sürdüyü maşının pulunu özü verdiyini, ona qarşı heç bir ifadə işlətmədiklərini bildirərək şikayətin icraata qəbulundan imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən X1 Məhəmməd Həsən oğlu ilə eyni məzmunlu izahat verərək şikayəti qəbul etmədiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş üzrə X8 tərəfindən məhkəməyə şikayəti təsdiq edəcək mötəbər sübutlar, ifadə vermək üçün şahidlərin adları təqdim edilməmişdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən həmin Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göründüyü kimi barəsində xüsusi ittiham qaydasında şikayətdə göstərilənlə halları təsdiq edən mötəbər sübutlar, şahidlər barədə məlumatlar iş materiallarına əlavə olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPMnin 302.1.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məhkəmə icraatına qəbul edilməsindən imtina etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301, 302.1.7, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X3 və X2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X5 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar