Məhkəmə qərarları › İş №1(110)-15/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-15/2025

25.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-15/2025 25.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim: oğlunun sədrliyi, Məhkəmə iclas katibi: qızının katibliyi, Dövlət ittihamçısı: Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin X3, hüquqi varisi: Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1978-ci il tarixdə Şərur rayonunun Aralıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (3 uşaq anası), orta təhsilli, əvvəllər məhkum olunmamış, yaşayış yeri üzrə Şərur rayonunun Çərçiboğan kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, halhazırda işsiz, 04 sentyabr 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs QİZİNİN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 24 iyun 2025-ci il tarixdə saat 09:46-da idarə etdiyi özünə məxsus “Ford” markalı, “Focus” modelli, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur rayonunun Aşağı Aralıq kəndi ərazisində təxminən 70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin yəni “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” və həmin qanunun 50 maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, yəni “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” kimi tələblərini pozmuş və nəticədə yolu sağdan sola velosibetlə keçmək istəyən 1962-ci il təvəllüdlü, Şərur rayon Xanlıqlar kənd sakini X4 vuraraq, ona “başın ağır küt travması, sol-gicgah-sol ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgahənsə nahiyəsində dərialtı yumşaq toxumalara qansızma, dərialtı hematoma, baş beyin toxumasının əzilməsi və ödemi, bədənin müxtəlif nahiyələrində sıyrıqlar” ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs barəsində elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, o, 20 ildən artıq müddətdir ki, Türkiyə Respublikasında yaşamış, təqribən 2023-2024-cü illərdə Şərur rayonuna gəlmişdir. 24 iyun 2025-ci il tarixdə səhər saatlarında Şərur rayon Çərçiboğan kəndində yaşayan xalasının qızı X9 ona zəng vurmuş, Nuriyyə qızı Bülbülü xəstəxanaya aparmaq üçün Şərur rayon Vərməziyar kəndinə gedərək şəxsiyyət vəsiqəsini götürməli olduğunu bildirərək ondan onları Vərməziyar kəndinə aparmasını xahiş etmiş, bundan sonra o, özünə məxsus “Ford” markalı, “Focus minik” modelli, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə onlara gedərək Nuriyə və Bülbülü götürüb Vərməziyar kəndinə Bülbülgilin evinə aparmış, ora çatdıqdan sonra Bülbül və Nuriyyə evə gedərək sənədlərini götürmüş, Nuriyyəgil avtomobilə əyləşən zaman yanlarında başqa bir qız olduğunu görmüş, Nuriyyə ona həmin qızın Bülbülün qonşusu olduğunu və onunda xəstəxanaya gedəcəyini bildirmiş, Nuriyyə ön sərnişin oturacağında, Bülbül onun arxasında, qonşusu isə Nuriyənin arxasında əyləşmiş və Vərməziyar kəndindən Şərur rayon Mərkəzi Xəstəxanasına yola düşmüşlər. Şərur rayon Aşağı Aralıq kəndində yerləşən “Xarı-Bülbül” restoranına çatan zaman yolun sağında bir velosibetlinin hərəkət etdiyini görmüş, ona yola çıxmaması üçün bir neçə dəfə səs siqnalı vermiş, həmin velosibetlinin yanından keçməyinə az qalmış o, anidən yola çıxmış, həmin şəxsi vurmamaq üçün avtomobili sola qaçırtsa da, qəzanın qarşısını ala bilməmiş və həmin velosibetçini vurmuşdur. Təxminən 10-12 metr irəlidə avtomobili saxlayaraq dərhal yerə düşmüş, həmin şəxs yerə yıxılı vəziyyətdə olduğunu və başından qan gəldiyini görmüş, qısa bir müddətdə camaat və yol polisi əməkdaşları hadisə yerinə gəlmiş, daha sonra təcili tibbi yardım avtomobili gələrək yaralını xəstəxanaya aparmış, bundan sonra isə polis əməkdaşları onun iştirakçılığı ilə hadisə yerinə baxış keçirtmişdirlər. O, uzun müddət Türkiyə Respublikasında avtomobil idarə etmiş, idarə etdiyi avtomobildə hadisədən əvvəl hər hansı texniki nasazlıq olmamış, hadisə zamanı özü və avtomobildə olan sərnişinlərdən hər hansı biri xəsarət almamış, hadisə zamanı avtomobili təxminən 70 km/saat surətlə idarə etmiş, velosibetçi anidən yola çıxmış, yola çıxmaması üçün bir neçə dəfə səs siqnalı vermiş, hadisə zamanı diqqətini yayındıracaq hər hansı hal baş verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini, hadisənin baş verməsinə səbəbin velosipedçinin anidən yola çıxması olduğunu, hadisədən sonra mərhum zərərçəkmiş şəxsin ailə üzvlərindən üzr istədiyini, mərhumun yas mərasiminə getdiklərini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, özünün baş vermiş hadisədə günahkar olduğunu bildirərək, barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə məhkəmə istintaqında özünü təqsirli bilməsinə dair ifadəsini məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq qiymətləndirmişdir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş mərhum zərərçəkmiş şəxsin hüquqi varisinin, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əməllərə görə öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında mərhum zərərçəkmiş şəxs X2 hüquqi varisi X7 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, 1986-cı il tarixdə Şərur rayon Xanlıqlar kənd sakini X6 ilə ailə həyat qurmuş, bu evlilikdən 3 övladları dünyaya gəlmiş, həyat yoldaşı Dəmir yolunda işləmiş, o, həftə içi hər gün 08:30-da evdən çıxaraq işə getmiş, işə bəzən avtomobili bəzən isə velosipedi ilə gedirmiş. 24 iyun 2025-ci il tarixdə Fəxrəddin işə velosibeti ilə getmiş, həmin gün saat təxminən 10:00 radələrində böyük oğlu Elməddin zəng vuraraq ondan harada olduğunu soruşmuş, Elməddinə evdə olduğunu demiş, bundan sonra Elməddin ondan balaca oğlu Elxanı soruşmuş, Elməddinə Elxanın evdə yatdığını bildirmiş, Elməddin ondan Elxanı oyatmağını istəmiş, ondan nə səbəbə Elxanı oyadacağını soruşan zaman Elməddin telefonu söndürmüş, bundan birneçə dəqiqə sonra qaynı Nurəddin onlara gələrək Fəxrəddini avtomobilin vurduğunu və onu Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını bildirdimiş, dərhal oğlu Elxanla birlikdə xəstəxanaya yola düşmüş, Şərur rayon Çərçiboğan kəndindən keçən zaman yolda qəza olduğunu görərək həyat yoldaşının həmin yerdə vurulduğunu başa düşmüş, xəstəxanaya çatdıqdan sonra Fəxrəddini Naxçıvan şəhərinə xəstəxanaya apardıqlarını öyrənmiş, bundan sonra Naxçıvana xəstəxanaya getmiş, hadisədən 4 gündən sonra,yəni 28 iyun 2025-ci il tarixdə Fəxrəddin Naxçıvan MR Mərkəzi Xəstəxanasında yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlər nəticəsində vəfat etmişdir. X1 ifadəsində və məhkəmə çıxışları zamanı özünün təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsin onlara 15000 manat miqdarında maddi yardım etdiyini, hal-hazırda ondan hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirmişdir ki, qızı Bülbül ailəlidir və Şərur rayon Vərməziyar kəndində yaşayır. 24 iyun 2025-ci il tarixdə qızı Bülbül və qızının qonşusu Məryəm ilə birlikdə xalasının qızı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şərur rayon Vərməziyar kəndindən Şərur rayon Mərkəzi Xəstəxanasına yola düşmüş, özü avtomobilinin ön sərnişin oturacağında, Məryəm onun arxasında, Bülbül isə Sevincin arxasında əyləşmiş, Şərur rayon Aşağı Aralıq kəndində yerləşən “Xarı Bülbül” restoranına çatmaqlarına təxminən 200 metr qalmış onun telefonuna SMS gəlmiş, telefonu açıb həmin SMS-ə cavab vermək istəyən zaman Sevincin ard-arda 1-2 dəfə avtomobilin səs siqnalını işə saldığını eşitmiş, başını telefondan qaldırıb yola baxan zaman bir nəfər velosibetçinin yolun sağında bir nəfərlə durub söhbət etdiyini görmüş, avtomobillə həmin velosibetçinin yanından keçməklərinə çox az qalmış o, özünü yola atmış, Sevinc həmin şəxsi vurmamaq üçün avtomobili sola qaçırtmış, buna baxmayaraq Sevinc avtomobilin ön hissəsi ilə həmin şəxsi vurmuş, Sevinc avtomobili saxladıqdan sonra dərhal aşağı düşmüş, həmin şəxsin başından qan gəldiyini görmüş, bundan sonra hadisə yerinə ilk olaraq polis əməkdaşları, daha sonra isə təcili tibbi yardım avtomobili gəlmişdir. Hadisə zamanı Sevinc avtomobili normal sürətlə idarə etmiş, hadisə zamanı Təqsirləndirilən şəxs diqqətini yayındıracaq hər hansı hal baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ittihamın mahiyyətinə uyğun oxşar məzmunlu ifadə verərək, şahid qismində dindirilmiş anası Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrindən görünür ki, şahidlərin ifadələri bir-birini istisna etmir. Məhkəmə onların bir-biri ilə uzlaşan və inandırıcı təbiətini nəzərə alaraq, hesab edir ki, hadisənin təqsirləndirilən şəxs tərəfindən təqdim olunan təsviri şahid ifadələri ilə təsdiq olunur. İttiham tərəfinin mövqeyi şahid ifadələri ilə təkzib olunmur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli protokol, protokola əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə Şərur rayon Aşağı Aralıq kənd ərazisində yerləşən asvalt yolda baş vermişdir. Hadisə yerində yolun səthi asfalt örtüklə örtülmüş və həmin hissədə asfaltın üzəri quru vəziyətdə olmaqla asfalt deformasiyaya uğramamışdır. Yol bir gedişli və bir gəlişli olmaqla iki hərəkət zolağından ibarətdir. Yolun sol hissəsində “Xarı bülbül” restoranı və yanacaq doldurma məntəqəsi vardır. Hadisənin baş verdiyi ətrafda yolda piyada keçidi yoxdur. Həmin ərazidə avtomobillərin hərəkət sürətini müəyyən edən yol nişanları yoxdur. Yolun hərəkət hissəsinin ümumi eni 7.90 metrdir, yolun həmin hissəsi videomüşahidə kameralarının görünüş dairəsinə düşür, hadisə yerində tormoz izi müşahidə edilmir. Dəymə nöqtəsi yolun sol hissəsində müşahidə edilir. Hadisədən sonra dəymə nöqtəsindən 12.70 metr irəlidə “Ford Focus” markalı markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil dayanmışdır. Dəymə nöqtəsi yolun orta xəttindən 0.5 metr soldadır. Yolun sağ ehtiyyat hissəsində elektrik dirəyi müşahidə olunur. Elektrik dirəyi ilə dəymə nöqtəsinədək olan məsafə 20 metr təşkil etməklə həmin elektrik dirəyi tərpənməz nöqtə hesab edilir. Hadisə yerinə baxışda iştirak edən sürücü Təqsirləndirilən şəxs bildirdimişdir ki, avtomobil ilə hərəkətdə olan zaman yolun sağ ehtiyyat hissəsində velosibetçinin hərəkət etdiyini görmüş, həmin şəxsin yola çıxmaması üçün avtomobilinin səs siqnalını işə salmış, həmin şəxs velosipedi ilə yolu sağdan sola keçmək üçün yola çıxan zaman onu vurmuşdur (i.v İ cild 6-11). “Video görüntülərin köçürüldüyü DVD-yə baxış keçirilməsi haqqında” xx.xx.2025-cü il tarixli protokol və kompakt diskdəki görüntüdən aydın olur ki, yaddaş diskində bir video görüntü var. Video görüntüyə baxış zamanı müəyyən edilir ki, 24 iyun 2025-ci il tarixdə, saat 09:46-da Şərur rayon Xanlıqlar kənd sakini X6 velosibeti ilə yolu sağdan sola keçən zaman Şərur rayon Çərçiboğan kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin ön hissəsi ilə onu yolun orta zolağının yaxınlığında vurur. Avtomobil velosipedçini vurmazdan əvvəl surətini azaltmır, hadisə zaman asvaltda tormoz izi müşahidə edilmir. Velosipedçini vurduqdan sonra avtomobil biraz getdikdən sonra dayanır (i.v İ cild 13) Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş yol-nəqliyyat hadisəsinin törədilmə yeri, vaxtı və şəraiti, o cümlədən yol nəqliyyat hadisəsinin baş verdiyi ərazinin yaşayış məntəqəsi olması, hadisənin qəsdən törədilməməsi, sürücü Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması və.s kimi hallar öz təsdiqini tapır. “Cinayət işi başlama və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, hadisə nəticəsində ölmüş X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v İ cild 1). Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 “Meyitin məhkəmə-tibbi ekspertizası”na dair 28 iyun 2025-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, mərhum X2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthi üzərində “başın ağır küt travması, sol-gicgah-sol ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol gicgah-ənsə nahiyəsində dərialtı yumşaq toxumalara qansızma, dərialtı hematoma, baş beyin toxumasının əzilməsi və ödemi, bədənin müxtəlif nahiyələrində sıyrıqlar” xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlərin küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də avtomobil qəzası zamanında əmələ gəlmələri istisna olunmadığı, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəldiyi, qeyd olunan xəsarətlərin canlı şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid olduğu, X2 ölməsinə səbəb almış olduğu xəsarətlər hesabına baş vermiş beyin toxumasının ağır dərəcədə əzilməsi və beyin ödeminin olduğu, F.Niftalıyevdən götürülmüş qanda metil, etil, propil, butil və amin spirti, eləcə də, alkoloidlər, həmçinin tiryək qrupunun aşkar edilmədiyi göstərilmişdir (i.v İ cild 55-58). “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum X2 həyat yoldaşı X7 onun hüquqi varisi qismində tanınmışdır (i.v İ cild 110). Məhkəmə hesab edir ki, bu sübutlarla cinayət işi üzrə mərhum zərərçəkmiş şəxsin və onun yaxın qohumu olan hüquqi varisinin kimliyi, zərərçəkmiş şəxs mərhum X2 ölümü və onun ölümü ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın 31 iyul 2025-ci il tarixli, 767 nömrəli rəyində qeyd olunmuşdur ki, istintaq tərəfindən göstərilən vəziyyətdə “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v İ cild 61-62). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulması və bu pozuntunun konkret nədə ifadə olunması, baş vermiş hadisənin qarşısını almağa onun texniki cəhətdən imkanının olması öz təsdiqini tapır. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 24 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkilləridən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin sol sol kırlo və ön kapotu əzik, digər hissələri isə saz vəziyyətdə olmuşdur (i.v İ cild 14-18). Məhkəmə hesab edir ki, bu sübutla baş vermiş cinayət hadisəsinin predmetinin məhz “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil olması və onun texniki vəziyyəti ilə bağlı məlumatlar öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası DİN DYP QİTBŞ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş “AC 697543” nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, buraxılış ili 2013-cü il olan “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdır (i.v İ cild 22). “BD 873588” nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1,B” dərəcəli sürücülük vəsiqəsi vardır, vəsiqə 02 aprel 2035-ci il tarixədək etibarlıdır (i.v İ cild 22). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş cinayət hadisəsinin predmeti olan “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs məxsus olmaması, sürücü Təqsirləndirilən şəxs sürücülük hüququnun olması öz təsdiqini tapır. 24 iyun 2025-ci il tarixli alkoqolunun miqdarının ölçülməsi bardə alkotestr qəbzinin surətindən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs sərxoş olmamışdır (i.v İ cild 5). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı nəqliyyat vasitəsini sərxoş halda idarə etməməsi öz təsdiqini tapır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 28 iyun 2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 16 sentyabr 2025-ci il tarixli qərarlardan, o cümlədən 08 sentyabr 2025-ci il tarxli aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan və hadisə zamanı onun idarə etdiyi “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil və mərhum zərərçəkmiş şəxsin idarə etdiyi “Bissan” maraklı velosiped cinayət işi üzrə maddi sübut kimi tanınmış, “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil “Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur Rayon rayonlar arası müayinə mərkəzində saxlanca, “Bissan” maraklı velosiped isə zərərçəkmiş şəxsin hüquqi varisinə təhvil verilmişdir (i.v İ cild 44, 121, 130-138). Məhkəmə hesab edir ki, bu sübutlarla baş vermiş cinayət hadisəsinin predmeti olan “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Bissan” marakl velosipedin cinayət işi üzrə maddi sübut kimi tanınması, “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin məsul saxlanca verilməsi, “Bissan” maraklı velosipedin isə zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması kimi hallar öz təsdiqini tapır. Müvafiq sorğu əsasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin X17 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) inzibati məsuliyyətə cəlb edilmiş, Təqsirləndirilən şəxs inzibati icraat qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməmişdir. Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən onun inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi öz təsdiqini tapır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyininin Əməliyyat və statistik informasiya bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v İ cild 75). Məhkəmə hesab edir ki, bu sübutla sürücü Təqsirləndirilən şəxs məhkumluğunun olmaması öz təsdiqini tapır. Təqsirləndirilən şəxslərin adına Şərur Rayon Çərçiboğan kənd İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə nəzər saldıqda görünür ki, bu xasiyyətnamədə təqsirləndirilən şəxsin xx.xx.1978-ci il tarixdə həmin kənddə anadan olması, kənddə yaşadığı müddətdə onun heç bir mənfi xüsusiyyətinin aşkar edilmədiyi, Təqsirləndirilən şəxs uzun müddət Türkiyə Respublikasında yaşadığı qeyd olunmuşdur (i.v İ cild 123). Məhkəmə hesab edir ki, iş materiallarına əlavə edilmiş xasiyyətnamədə təqsirləndirilən şəxsin şəxsiyyətinin gerçək cizgilərinin müəyyən edilməsi üçün əlavə məlumatlar (onların əxlaqa, mənəviyyata və sosial dəyərlərə münasibətlərini səciyyələndirən hallar və.s.) qeyd olunmadığından, həmçinin təqsirləndirilən şəxsin öz ifadəsində də qeyd olunduğu kimi, o, uzun müddət həmin ərazidə yaşamadığından, dolayısı ilə onun barəsində xasiyyətnamə vermiş orqanın onun şəxsiyyətinin gerçək çizgiləri barədə məlumatlı mənbə olmadığından, bu xasiyyətnamə təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin gerçək cizgilərini müəyyən edən sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, bu xasiyyətnamə yalnız formal məlumatlardan ibarət olduğundan, məhkəməyə cinayətin subyektinin şəxsiyyəti haqqında obyektiv fikir formalaşdırmağa imkan vermir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan Muxtar Respublikası X10 tərəfindən Şərur Rayon Polis İdarəsinə ünvanlanmış müvafiq olaraq xx.xx.2025-ci il tarixli, 3-28-34-4/2-2294/2025 №-li cavab məktubundan görünür ki, Şərur rayonunun Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin tibb müəssisələrində psixi və nevroloji xəstə kimi dispanser qeydiyyatı olmamışıdır (i.v İ cild 125). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs sağlamlıq vəziyyəti, onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasların olmaması öz təsdiqini tapır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan və müvafiq protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v İ cild 86-87; 94). “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v İ cild 100-101). Məhkəmə hesab edir ki, bu sübutlarla sürücü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilməsi, cinayət işinin ibtidai istintaqı dövründə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan bütün halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin elan olunmuş ittiham üzrə qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, təqsirləndirilən şəxsə istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, o cümlədən iş üzrə təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı yüngülləşdirən halların mövcudluğu və cəzanı ağırlaşdıran halların olmaması onun məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə istintaqında dindirilmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar, müvafiq ekspert rəyləri, həmçinin tədqiq olunan sübut xarakterli digər iş materialları ilə tam sübuta yetirilmiş, beləliklə də, təqsirləndirilən şəxsin törətdiyi əmələ görə onun öz təqsirini etiraf etməsi iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 iyun 2025-ci il tarixdə, saat 09:46-da müvafiq sürücülük vəsiqəsi olmaqla, idarə etdiyi, özünə məxsus “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur rayonunun Aşağı Aralıq kənd ərazisində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmasından ibarət əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin dispozitiv şərti mövcud olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəaları işığında məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozması və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması mübahisəsiz haldır. Əks nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. O, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi Az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinin müddəalarına müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, mərhum zərərçəkmiş şəxsin ailəsinə 15000 (on beş min) manatadək məbləğində maddi yardım göstərməsini, mərhum zərərçəkmiş şəxsin yaxın qohumu (arvadı) olan hüquqi varisi ilə barışıq əldə etməsini, hüquqi varisin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Qeyd etmək zəruridir ki, bu faktlar təqsirləndirilən şəxsin və hüquqi varisin məhkəmə istintaqı dövründə verdikləri ifadələri ilə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə istintaqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, .........Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də, istər daxili cinayət qanunvericiliyinin müddəaları, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda sadalanan presedentləri cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədaləti bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Məhkəmə təqsirli bilinən şəxsə cəza təyini ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutaraq, təyin ediləcək cəzanın növü və həddinin seçilməsinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində müəyyən edilmiş (maddə 59.1.12) və təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun müddətinə və həcminə təsir edə biləcək yüngülləşdirici haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə görə Cinayət Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn mərhum zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışdığından ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin, yəni 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən artıq cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 346.1.14-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirkar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəzanın təyin edilməsinin zəruri olub-olmadığı ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, təqsirkar Təqsirləndirilən şəxs əsas cəza ilə yanaşı bu cəza növü də təqsirli bilindiyi maddənin sanksiyası həddində əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəzanın (azadlıqdan məhrum etmə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 23-cü bəndində göstərilir ki, maddənin sanksiyasında əlavə cəzanın məcburi tətbiq olunması nəzərdə tutulduğu hallarda belə cəzalar yalnız CM-nin 62-ci maddəsinə istinad edilməklə tətbiq olunmaya bilər, bu şərtlə ki, əlavə cəzanın təyin olunmamasının səbəbi hökmdə əsaslandırılsın. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza ilə yanaşı təyin edilməsi məcburi olan əlavə cəzanın da təqsirkar şəxsə təyin edilməsi, istər “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının tələbləri baxımından, istərsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının tələbləri baxımından yol veriləndir. Məhkəmə hesab edir ki, yalnız bu halda təqsirkar Təqsirləndirilən şəxs islah olunmasına və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin realizə edilməsinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi xüsusilə yüksəkdir. Belə ki, cinayət ehtiyatsızlıqdan törədilsə də, onun nəticəsi insan həyatının itirilməsi ilə müşayiət olunmuş, vurulmuş zərər qarşısı alınmaz və bərpa edilməz xarakter daşımışdır. İş materiallarından və məhkəmə istintaqında araşdırılmış sübutlardan müəyyən edilir ki, təqsirləndirilən şəxs hadisə vaxtı yaşayış məntəqəsi ərazisində, yol hərəkəti qaydalarının tələblərinə zidd olaraq, icazə verilən sürət həddini aşmaqla nəqliyyat vasitəsini idarə etmişdir. O, yolun hərəkət zolağına bitişik hissədə bir velosipedçinin hərəkət etdiyini əvvəlcədən görmüş, bu barədə səs siqnalı verməklə onu xəbərdar etmiş, lakin real təhlükənin mövcudluğuna baxmayaraq avtomobilin hərəkət sürətini azaltmamış, nəqliyyat vasitəsinə nəzarəti lazımi səviyyədə təmin etməmişdir. Məhkəmə onu da müəyyən edir ki, təqsirləndirilən şəxs yol şəraitini, hadisə yerinin yaşayış məntəqəsi olması faktını, yolda digər hərəkət iştirakçılarının mövcudluğunu və təhlükənin real olduğunu düzgün qiymətləndirməmiş, yol hərəkəti təhlükəsizliyinin əsas prinsiplərinə etinasız yanaşmışdır. Nəticədə, o, gəldiyi sürətlə yolun hərəkət hissəsinə daxil olmuş velosipedçini yolun mərkəzi hissəsində vurmuş və yalnız zərərçəkmiş şəxslə toqquşmadan sonra avtomobili dayandırmaq məqsədilə əyləcdən istifadə etmişdir. Bu hallar onu göstərir ki, təqsirləndirilən şəxsin davranışı yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə müşayiət olunmuş, onun diqqətsizliyi və məsuliyyətsizliyi ağır nəticələrin – insan ölümünün baş verməsinə birbaşa səbəb olmuşdur. Məhkəmə hesab edir ki, hadisənin qarşısının alınması üçün real imkanların mövcud olmasına baxmayaraq, həmin imkanlardan istifadə edilməməsi, xüsusilə sürətin azaldılmaması və nəqliyyat vasitəsinin vaxtında saxlanılmaması təqsirləndirilən şəxsin əməlində yüksək ictimai təhlükəlilik əlamətlərinin mövcudluğunu təsdiq edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi haqqında qərarın çıxarılması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, sosial ədalətin bərqərar olunması baxımından da əhəmiyyətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5-ci maddəsinin tələbləri baxımından cəzaçəkmə müddətinin başlanğıcı məsələsinin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cəzların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirkar barəsində təyin olunacaq əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində istintaq orqanının 04 sentyabr 2025-ci il tarixli qərarına əsasən seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132, 346 və 353-cü maddələrinin tələbləri baxımından maddi sübutlarla bağlı məsələnin necə həll edilməli olması ilə bağlı belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin DYPİ Qeydiyyat-İmtahan və X15 Şərur rayonlararası müayinə mərkəzində saxlanılan və Təqsirləndirilən şəxs məxsus “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “BD 697543” nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” və C03338211 nömrəli ümumvətəndaş pasportu hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış, mərhum zərərçəkmiş şəxsə məxsus 01 ədəd “Bissan” markalı, 26-lıq velosibetin zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış- yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “BD873588” nömrəli sürücülük vəsiqəsi və AA******* nömrəli şəxsiyyət vəsiqəsi ona təyin edilmiş əsas və əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun əsas cəzasını icra edən müəssisəyə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 346 və 353-cü maddələrinin tələbləri baxımından məhkəmə xərcləri ilə bağlı belə nəticəyə gəlir ki, hazırki iş üzrə məhkəmə xərci- “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası” üzrə aparılmış tədqiqatın dəyərindən ibarətdir. Bu səbəbdən də məhkəmə belə hesab edir ki, iş üzrə “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci- 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X16 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə təqsirkar Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri bu hökm icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur Rayon rayonlar arası müayinə mərkəzində saxlanılan və Təqsirləndirilən şəxs məxsus “Ford Focus” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil, o cümlədən iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “BD 697543” nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” və C03338211 nömrəli ümumvətəndaş pasportu hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, mərhum zərərçəkmiş şəxsə məxsus 01 ədəd “Bissan” markalı, 26-lıq velosibetin zərərçəkmiş şəxsin hüquqi varisi X5 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış- yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “BD873588” nömrəli sürücülük vəsiqəsi və AA******* nömrəli şəxsiyyət vəsiqəsi ona təyin edilmiş əsas və əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə hökm qanuni qüvvəyə mindikdən sonra onun əsas cəzasını icra edən müəssisəyə göndərilsin. İş üzrə “Məhkəmə yol nəqliyyat hadisələri ekspertizası”nın keçirilməsi üçün məhkəmə xərci- 80 (səksən) manat pul Təqsirləndirilən şəxs tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu:142330, Büdcə səviyyəsinin kodu:2, Adı: X16 MR İdarəsi, Kodu:502906, VÖEN **********, Müxbir hesab:AZ88NABZ********************, SFİFT BİK:NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN:**********, Hesab: AZ21NABZ********************) köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm 20 (iyirmi) günlük müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar