Məhkəmə qərarları › İş №1(110)-16/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-16/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-16/2024 23.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Museyib oğlu, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu il tarixdə Şərur rayon Yengicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaqlı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan və yaşayan, barəsində 13 dekabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cinayət təqibi orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamağa görə ittiham irəli sürülmüşdür. İttihama əsasən o, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 dekabr 2023-cü il tarixdə saat 10:30 radələrində Şərur rayonu Yengicə kəndi ərazisində saxlanılaraq Şərur Rayon Polis İdarəsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra 15 dekabr 2023-cü il tarixdə Şərur rayonu Yengicə kəndində yerləşən yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsində quşların saxlanması üçün tikilən tikilidə divara söykənmiş taxta parçalarının arxasında yerdən 2 ədəd 0,136 qram və 0,129 qramdan ibarət bükümdə olmaqla ümumilikdə təmiz çəkisi 0,265 qram ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət xeyli miqdarda pxisotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanı tərəfindən cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, ifadə vermək istəmədiyini bildirmiş, buna görə məhkəmə tərəfindən onun ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində və suallara cavabında Türkiyə Respublikasına sərnişin daşımaq fəaliyyəti ilə məşğul olduğunu, təxminən 6-7 ay bundan (ifadə verdiyi 14 dekabr 2023-cü il tarix) əvvəl Türkiyə Respublikası Tuzluca şəhərində olan zaman Okan adlı tanışı və onun dostları ilə gecə klubunda istirahət etdiyini, həmin zaman kokteyl sifariş etdiyini, üzərindən bir gün keçdikdən sonra Şərur rayonuna qayıtdığını, polis əməkdaşları ona yaxınlaşaraq Naxçıvan Şəhər Polis İdarəsinə dəvət etdiklərini, narkoloji testdən keçirildiyini, “metamfetamin” adlı narkotik vasitə istifadə etdiyi aşkar olunduğunu, Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə 20 gün inzibati həbs edildiyini, 6 gün sonra Naxçıvan MR Ali Məhkməsinə apellyasiya şikayəti verdiyini və azad olunduğunu, Şahid2 (hazırkı iş üzrə şahid) qonşu kəndlisi kimi tanıdığını, onunla ədavəti olmadığını, əvvəllər Şərur rayon Ticarət Mərkəzində gümüş satışı ilə məşğul olduğunu, həmin satış yerinin mebelini Rzanın yığdığını, həmçinin Rzanın da təhsil aldığı Yengicə kənd məktəbində təhsil aldığını, sonuncu dəfə Rza ilə bundan (xx.xx.2023-cü il tarixdən) 2 ay əvvəl maşını polis əməkdaşları tərəfindən saxlanılaraq müvəqqəti dayanacağa gətirildiyi zaman qarşılaşdığını, Rza ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, Türkiyə Respublikası İğdır şəhərində olan zaman (xx.xx.2023-cü il tarix) təsadüfən Rza ilə rastlaşdığını, həmin zaman qonşu kəndlisi kimi görüşərək sağollaşıb getdiyini, İğdırda Emin adlı tanışından çox vaxt ərzaq məhsulları götürdüyünü, Şərur rayonunda mağazalara sataraq pul əldə etdiyini, Eminə 2500 türk lirəsi borcu olduğunu, həmin vaxtı Eminlə həmin borcu hesablayan zaman Rzanın öz dayısı ilə mağazaya gəldiyini, bu zaman Rzadan ona borca pul verməsini, Eminə olan borcunu qaytarmağı üçün lazım olduğunu ona bildirdiyini, Rza da cavabında yanacaq satdığını və həmin borcu verə biləcəyini dediyini, Rza 2500 türk lirəsini özü sayaraq Eminə verdiyini, üzərindən bir həftə keçdikdən sonra Rza ona zəng edərək borcunu qaytarmasını istədiyini, Rza 16 rəqəmli kodu whatsapp ilə ona göndərdiyini, həmin hesaba 200 manat pul göndərdiyini, Rzaya metamfetamin adlı psixotrop vasitəni satmadığını, iş üzrə təqsirləndirilən şəxslərdən X11 yeznəsinin dayıoğlusu olduğunu, lakin həmin şəxslə heç bir münasibətinin olmadığını, yaşadığı mənzilə baxış keçirilən zaman quş damının içərisindəki tikilidən aşkar olunan 2 ədəd ağ zərfdə yerləşdirilmiş 0,136 qram və 0,129 qram psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını, Şahid1 qarşı heç bir hədə qorxu gəlmədiyini, Rza ilə dost olduğunu, istifadəsində olan ***-***-**-** nömrəsindən Rza ilə dəfələrlə birbirinə zəng etdiklərini, istifadəsində olan **********8 nömrə ilə dostu Rzaya məxsus **********980 nömrə ilə whatsapp vasitəsi ilə bir-birinə dəfələrlə zəng etdiklərini təsdiq etdiyini, lakin üzərindən uzun müddət keçdiyinə görə nə danışdıqlarını xatırlamadığını, digər təqsirləndirilən şəxslər (icraatı ayrılmış işlər üzrə) Nəbi Nəcəfovu, Cəsur Vəliyevi, Elnur Bayramlını ümumiyyətlə tanımadığını, aralarında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir razılıq olmadığını, digər təqsirləndirilən şəxs Əfqan Əsgərovun isə yeznəsinin dayısının oğlu olduğunu, lakin onunla heç bir əlaqələri olmadığını bildirmişdir. (İş.m: cild 2 s 223, cild 3 s 1, cild 4 s 173, s 239) Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilən suallara cavabında Rza ilə bir neçə ildir dost olduqlarını, 2023-cü il in may ayından inzibati həbsdən çıxandan sonra ümumiyyətlə narkotik maddələr olan yerlərdən uzaq olduğunu, Rzanın da ona artıq narkotik istifadə etmədiyini dediyini, 20 oktyabr 2023-cü il tarixdə Tükiyənin İğdır şəhərinə, ordan isə Ərzurum şəhərinə xəstə apardığı üçün 1 həftə sonra Şərur rayonuna qayıtdığını, buna görə Rzanın onun guya İlkin üçün narkotik təşkil etməsi ilə bağlı ifadəsinin doğru olmasının mümkün olmadığını, onun niyə yalan danışdığını başa düşə bilmədiyini, Şahid1 isə ifadə verdiyini həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə bildiyini, bundan sonra isə həbsdə olduğundan ona təsir etməsinin mümkün olmadığını, heç vaxt narkotik vasitə satmadığını, kiminsə üçün təşkil etmədiyini, həyətlərindən aşkar olunan psixotrop maddənin ona aid olmadığını, kimin tərəfindən qoyulması barədə də heç nə deyə bilməyəcəyini, quş damına baxışın əvvəldən onun və vəkilin iştirakı olmadan aparıldığını, polis idarəsində də nə qədər təzyiq göstərilməsinə baxmayaraq həqiqəti dediyini, 13 dekabr 2023-cü il tarixdən polis tərəfindən saxlanıldığını, günahsız olduğunu, iki azyaşlı uşağı olduğunu bildirmiş, işə ədalətlə baxılmasını və azadlığı buraxılmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı dindirilən şahid X13 ifadəsində və verilən suallara cavabında 2013-cü ildən X14 xidmətə başladığını, hazırda Şərur rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 14 dekabr 2023-cü il tarixdə Şərur rayon Yengicə kənd sakini Təqsirləndirilən şəxs narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanıldığını, 15 dekabr 2023-cü il tarixdə saat 14:30 radələrində Təqsirləndirilən şəxs avtomobilinə və yaşadığı evə baxış istintaq hərəkəti həyata keçirildiyini, onun da baxışda iştirak etdiyini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan quşların saxlanılması üçün nəzərdə tutulmuş dama müstəntiq tərəfindən baxış keçirilən zaman 2 ədəd psixotrop maddəyə bənzər büküm aşkar olunaraq götürüldüyünü, Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığını, aralarında hər hansı bir qohumluq münasibəti və yaxud ədavət olmadığını, baxış keçirilən zaman əlində əlcək olduğunu, sol əlinin şəhadət barmağı yaralı olduğundan ara-sıra əlini cibinə salıb çıxardığını, əlində əlcək olduğu üçün əlini cibindən çıxaran zaman cibin astarına yapışıb onu çölə çıxardığını, buna görə Sərxanın atasının etiraz etdiyini, lakin prosessual hərəkətin qanunauyğun aparıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilən şahid X8 ifadəsində 2015-ci ildən X14 xidmətə başladığını, hazırda Şərur rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, baxış zamanı videogörüntülərin onun tərəfindən qeydə alındığını bildirərək X13 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı dindirilən şahid X4 ifadəsində və suallara cavabında 15 dekabr 2023-cü il tarixdə qonşusu X6 onun evinə gəldiyini, polis əməkdaşlarının ona məxsus evə baxış keçirdəcəklərini bildirdiyini, həmin baxışda hal şahidi qismində iştirak etməyini istədiyini, Fəxrəddinlə razılaşaraq onunla birlikdə evlərinə getdiyini, oraya çatan zaman Fəxrədinin evinin həyətyanı sahəsində polis əməkdaşları, qonşusu Tahar və ev sahiblərinin olduğunu gördüyünü, daha sonra polis əməkdaşları baxış keçirtməyə başladıqlarını, onlar ilk öncə onların iştirakı ilə evin bütün otaqlarına baxdıqlarını, sonra polislərin həyətyanı sahədə olan quş damına girdiklərini, bir az sonra onları da içəriyə dəvət etdiklərini, onlarında da bundan sonra içəri keçdiklərini, polis əməkdaşları orada yerdən 2 ədəd kağız parçası tapdıqlarını, həmin kağız parçasını açan zaman içərisin də ağ rəngli toz formalı hissəciklərin olduğunu gördüyünü, daha sonra digər quş damlarına da, baxıldığını, həmin bükümlər həyətyanə sahədə olan quş damından onun yanında götürüldüyünü, həmin vaxt Fəxrəddin və Sərxanın orada olduğunu, polislərə etiraz etdiklərini və daha sonra baxışın başa çatdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilən şahid X17 ifadəsində və suallara cavabında 15 dekabr 2023-cü il tarixdə qonşusu Fəxrəddinin onun evinə gəldiyini, polis əməkdaşlarının ona məxsus evə baxış keçirdəcəklərini bildirdiyini, həmin baxışda hal şahidi qismində iştirak etməyini istədiyini, Fəxrəddinlə razılaşaraq onunla birlikdə evlərinə getdiyini, oraya çatan zaman Fəxrədinin evinin həyətyanı sahəsində polis əməkdaşları, qonşusu Mehman və ev sahiblərinin olduğunu gördüyünü, daha sonra polis əməkdaşları ilk öncə onların iştirakı ilə evin bütün otaqlarına baxdıqlarını, sonra polislərin həyətyanı sahədə olan quş damına keçdiklərini, sonra onları da içəriyə dəvət etdiklərini, lakin onun içəri keçmədiyini, Sərxan, Fəxrəddin və Mehmanın içəri keçdiklərini, polis əməkdaşları oradan çıxandan sonra 2 ədəd kağız parçası tapdıqlarını, həmin kağız parçasını açan zaman içərisin də ağ rəngli toz formalı hissəciklərin olduğunu gördüyünü, həmin vaxt Fəxrəddinin polislərə etiraz etdiklərini və daha sonra baxışın başa çatdığını bildirmişdir. Müdafiə tərəfinin vəsatəti ilə dindirilən şahid X6 ifadəsində və suallara cavabında təqsirləndirilən şəxsin atası olduğunu, 15 dekabr 2023-cü il tarixdə polis əməkdaşlarının özünə məxsus evə baxış keçirdəcəklərini bildirdiyini, daha sonra polis əməkdaşlarının baxış keçirtməyə başladıqlarını, onlar ilk öncə onların iştirakı ilə evin bütün otaqlarına baxdıqlarını, lakin zirzəmiyə baxmadıqlarını, birbaşa 3 nəfər polisin onlardan öncə həyətyanı sahədə olan quş damına girdiklərini, bir az sonra onları da içəriyə dəvət etdiklərini, onlarında da bundan sonra içəri keçdiklərini, həmin vaxt polis əməkdaşı Bayramov Rüstəmin cibinin astarının eşikdə olduğunu gördüyünü, polis əməkdaşları orada divara söykənmiş taxtanın yanında yerdən 2 ədəd kağız parçası tapdıqlarını, həmin vaxt da polislərə etiraz etdiklərini və daha sonra baxışın başa çatdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində və suallara cavabında ibtidai istintaqda verdiyi ifadəsini qismən təsdiq etdiyini, Təqsirləndirilən şəxs narkotik vasitə alması ilə bağlı verdiyi ifadəsinin həqiqəti əks etdirmədiyini, həmin ifadəni tutulan zaman narkotik vasitənin təsiri altında olduğundan Şahid1 verdiyi ifadə əsasında müstəntiq tərəfindən tərtib olunan ifadəyə imza atdığını, sonradan da Sərxanla üzləşdirmə zamanı həmin halları təkzib etdiyi, Sərxanın narkotik satması və ya evində narkotik vasitə saxlması barədə məlumatının olmadığını, əvvəllər iki dəfə Türkiyənin İğdır şəhərində olan zaman Sərxanla psixotrop maddə qəbul etdiklərini, özünün İlkinə narkotik vasitə satmadığını, Sərxana da böhtan atmadığını, özünün külli miqdarda narkotik vasitə saxlayıb daşıdığı üçün məsliyyətə cəlb olunuduğunu, hazırda həbsdə olduğunu bildirmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə istintaqda verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. (İş.m: cild 2 s 12, s 200, cild 3 s 30, cild 4 s 105, s 176) Şahid2 ibtidai istintaq verdiyi ifadələrində təxminən 3 ay əvvəl əvvəlcədən tanıdığı Şərur rayon Çomaxtur kənd sakini, Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Nəbi adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxladığını, Şərur rayonuna ayaqqabı göndərəcəyini və həmin ayaqqabını götürüb qardaşı Cəsur adlı şəxsə verməyini istədiyini, həmin gün günorta saatlarında tanımadığı bir nömrədən zəng gələrək ona veş gəldiyi bildirdiyini, həmin gün günorta saatlarında Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində olan yanacaq doldurma məntəqəsinin yanında tanımadığı şəxs ona zəng vurduğunu, həmin şəxslə görüşüb ayaqqabı qutusunu ondan götürdüyünü, onun içərisində psixotrop maddə olduğunu bilmədiyini, Nəbi Nəcəfovla əlaqə saxladıqdan sonra içərisində psixotrop maddə olduğunu bildiyini, ayaqqabı qutusunun içərisində olan mavi rəngli ayyaqabının içərisinə yerləşdirilmiş şəffaf sellafon torbanın içərisində olan psixotrop maddəni götürdüyünü, ayaqqabını isə Daşarx kəndində yerləşən körpünün üzərində avtomobili idarə edə-edə maşından kənara atdığını, psixotrop maddəni isə şəffaf sellafonun içərisində avtomobilin ön sərnişin oturacağının altında gizlətdiyini, həmin gün axşam saatlarında isə Bakı şəhərinə getdiyini, təxminən 4 gün Bakı şəhərində qaldığını, Bakı şəhərində olduğu müddət ərzində Cəsur Vəliyevin onu axtardığını, onu görmək üçün işlədiyi sexə getdiyini, onun işlədiyi sexə getdiyini isə qardaşı Orxan Rzalının ona məlumat verdiyini, Bakı şəhərindən Şəhriyar kəndinə 22 sentyabr 2023-cü il saat 22:50 radələrində gəldiyini, xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində həmin psixotrop maddənin üzərindən şəxsi istifadəsi üçün götürdükdən sonra həmkəndlisi Raufun maşını ilə qalan psixotrop maddəni şəffaf sellafon torbanın içərisində X16 kəndində yerləşən yaşadığı evin darvazasının arxasına qoyduğunu, Raufun taksi fəaliyyəti ilə məşğul olduğunu, psixotrop maddədən Raufun xəbərinin olmadığını, bundan sonra özünə məxsus olan **********980 nömrəsi ilə Nəbi Nəcəfova məxsus **********556 nömrəsinə zəng edərək bir daha ona psixotrop maddə göndərməməsini bildirdiyini, həmin psixotrop vasitənin ona Türkiyə Respublikasında verilmədiyini, həmin psixotrop vasitə ona Y.Daşarx kəndində yolun kənarında tanımadığı “MERCEDES” markalı avtomobili idarə edən şəxs tərəfindən verildiyini, psixotrop vasitə ona verilməmişdən öncə N.Nəcəfov ona vhatsap vasitəsi ilə zəng edərək onun əşyalarının gələcəyini bildirdiyini, ona məxsus maşınla həmin yolun kənarına gedərək qeyd etdiyi ayaqqabı qutusunu götürdüyünü, Şahid1 ilə birlikdə Türkiyə Respublikası İğdır şəhərində olan zaman İlkinin bankomat kartı olmadığı üçün İlkinin dostu Raminin onun bankomat kartına 200 manat pul göndərdiyini, bunun qarşılığında 2500 Türk lirəsini Yengicə kənd sakini Təqsirləndirilən şəxs adlı tanışına verdiyini, Şahid1 üçün psixotrop vasitə gətirməsini xahiş etdiyini, həmin gün psixotrop maddəni tapa bilmədiyindən növbəti gün Şəhriyar kəndində olan zaman Sərxanın ona zəng edərək psixotrop maddəni “Şəhriyar kənd” sözləri yazılmış plakatın yanında olduğunu bildirdiyini, sonra İlkin Məməmmədoğluya zəng edərək psixotrop maddənin yerini ona dediyini, Təqsirləndirilən şəxs 7-8 aydır yaxından tanıdığını, aralarına heç bir ədavətləri olmadığını, “Sərxan Yeycə 060” adı ilə qeyd olunmuş ***-***-**-** nömrəsindən dəfələrlə bir-birləri ilə danışıqları olduğunu, lakin həmin danışıqların üzərindən uzun müddət keçdiyi üçün nə səbəbə danışdıqlarını xatırlamadığını, Təqsirləndirilən şəxs istifadə etdiyi **********8 nömrəsi ilə özünə məxsus **********980 nömrəsi ilə Whatsapp vasitəsi ilə aralarında bir neçə dəfə danışıq olduğunu, lakin uzun müddət keçdiyi üçün xatırlamadığını, **********281 nömrəsinin də Təqsirləndirilən şəxs məxsus olduğunu, aralarındakı danışıqları xatırlamadığını bildirməsi ilə bağlı ifadələrini təsdiq etmişdir. Lakin 3 ay ərzində Təqsirləndirilən şəxsla whatsapp sosial şəbəkəsi ilə əlaqə saxlayaraq ondan 3 dəfə metamfetamin psixotrop maddəsi alması ilə bağlı ibtidai istintaq verdiyi ifadəsini təkzib etmiş, narkotik vasitənin təsiri altında həmin hallarla bağlı müstəntiqin tərtib etdiyi ifadəni imzaladığını bildirmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1 2024-cü ilin yanvar ayından ölkə hüdudlarını tərk edib Türkiyə Respublikasına getdiyindən onun məhkəmədə dindirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunan Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 20 oktyabr 2023-cü il tarixdə bacısı, bacısının oğlu, həmkəndlisi Şahid2 ilə Türkiyə Respublikasının İğdır şəhərinə alış-veriş üçün getmiş, əvvəlcədən Rzanın narkotik istifadə etdiyini bilmiş, Rzanı kənddə görən zaman hallı olduğunu hiss etmiş, onun hərəkətlərində və danışığında dəyişiklik olmuş, sonradan isə onunla birlikdə həmkəndlisi Məhəmməd Əliyev ona Rzanın narkotik istifadə etdiyini demiş, Rza ilə Türkiyənin İğdır şəhərinə gedən günü Rza ilə yolda söhbət etmiş, söhbət zamanı Rzaya onun dostu Raminə narkotik yəni şüşə lazım olduğunu Türkiyədən yeni gəldiyini və dayana bilmədiyini demiş, Rza da problem deyil dostlarımda var sözünü demiş, Rza ona Ramin adlı dostuna təşkil edərəm sözünü demiş, İğdır şəhərində alış-veri edən zaman Şərur rayon Yengicə kənd sakini Sərxan adlı şəxs gəlmiş, Sərxanla Rza orada söhbət etməyə başlamışdırlar. Söhbət zamanı Rza Sərxanın yanında narkotik lazım olub-olmamasını soruşmuş, Rzaya “bəli, dostum Naxçıvan şəhər sakini Raminə lazım olduğunu” bildirmiş, oradan Raminin whatsapp nömrəsinə zəng edərək Raminə “burada İğdır şəhərindəyəm yanımda Rza var, Rza bizə narkotik təşkil edibidir” sözlərini demiş, pulunu Rzanın kartına göndərməsini bildirmiş, Ramin də elə orada Rzanın bank kartına 200 Azərbaycan manatı köçürmüşdür. Qarşılığında Raminə nə qədər narkotik verməsini bilməmiş, pul köçürməsi olandan sonra Rza İğdır şəhərində Emin adlı şəxsin mağazasının önündə Yengicə kənd sakini Sərxan adlı şəxsə 2000 türk lirəsi vermiş, onların söhbətindən Rzanın Sərxana verdiyi 2000 narkotikin pulu olduğunu bildirmişdir. Sonra qayıdarkən Rzadan Ramin üçün narkotik vasitə alıb-almadığını soruşmuş, Rza ona Sərxan adlı şəxsin narkotik vasitəni gətirəcəyini bildirmiş, İğdırdan rayona gələn zaman yolda Sərxan Rzaya zəng edərək işin baş tutmadığını və pulun qarşılığında isə narkotiki vermədiklərini Rzaya demiş, Rza da ona “sən Raminə zəng et və Raminə gömrüyü keçib pulu onun kartına geri qayatarırıq” sözlərini demiş, sonra Rza pul tapa bilmədiyinə görə həmin günü Raminə pul göndərə bilməmişdir. Həmin günü axşam Raminlə Rzanın ortasında qalmış, Ramin ona “Rzaya denə mən bilmirəm mənim pulumu qaytarsın” sözlərini demiş, Rza isə ona Sərxanın gecə saat 3-4-ə kimi gələcəyini demiş, amma Rzanın onu və Ramini aldatdığını bilmiş, nəhayət səhərisi günü Rzaya zəng edərək “nə oldu adamlar məni gözləyir” demiş, Rza da “sən Ramingilə de Naxçıvan şəhərindən Şərur rayonuna gəlsinlər” demişdir. Raminə rayona gəlməsini istəmiş, Ramin həmin günü səhər saat 10:00-da Şərur rayon Şəhriyar kəndində olan qəbiristanlığın yanına adını bilmədiyi dostu ilə gəlmiş, onlarla orada görüşmüş və əvvəlcədən Rzanın ona whatsappa yazdığı yerə yəni Şərur rayon Şəhriyar kənd məktəbi yaxınlığında plakatın dirəyinin yanına getmiş, Raminin tanışının idarə etdiyi avtomobildən düşüb içində narkotik vasitə olan bükümü yerdən götürmüş və Raminə vermişdir. Ramin həmin bükümü götürdükdən sonra tanışının idarə etdiyi avtomobilə əyləşmiş və Şərur şəhərinə doğru hərəkətə etməyə başlamış, oradan çıxıb yaşadığı evə getmişdir. Həmin günü axşam tərəfi Şahid2 “whatsapp” vasitəsi ilə zəng etmiş və ona narkotik vasitə verməsini xahiş etmiş, Rza ona telefonda öz evlərinin divarının sağ tərəfində siqaret qutusunun içində narkotik olduğunu və oradan onu götürməyini demişdir. Həmin yerdən narkotiki götürüb evə gəlmiş və kolanın içinə ataraq içmişdir. Sonra özündə olmamış və ona məxsus olan ***-***-**-** nömrəli mobil telefonu ilə 103-ə zəng edərək halının pisləşdiyini demiş, az keçməmiş təcilli tibbi yardımının maşını gəlmiş və onu rayon xəstəxanasına aparmışlar. Xəstəxanada narkotik qəbul etmədiyini spirtli içki içdiyini bildirmiş və müalicə olunduqdan sonra evə buraxılmışdır. Şərur Rayon Polis İdarəsində ifadə verdikdən 2-3 gün sonra Şərur rayon Şəhriyar kəndi ərazisində olan zaman Yengicə kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə gələrək maşının pəncərəsini aşağı endirmiş, barmağını siləkələyib ona hədə-qorxu gələrək “bu işdən sonra səninlə görüşəcəyik, gör sənin başına nə oyun açacayam adımı niyə vermisən, get təzdən ifadə ver mənim adım olmasın” sözlərini demiş, bir-iki gün sora Rzaya məxsus mebel sexində olan zaman Sərxan Rzaya məxsus mebel sexinə gözləmədiyi anda gəlmiş, bu zaman Sərxan ona hədə-qorxu gələrək Polis İdarəsində “niyə mənim adımı vermisən, get başqa ifadə ver” sözlərini yenə işlətmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini qismən təsdiq etmiş, Rzanın və İlkinin onun guya İlkinin dostu Ramin üçün narkotik təşkil etməsi ilə bağlı ifadəsinin həmin vaxt özünün Türkiyə Respublikasında olduğundan yalan olduğunu, buna görə həmin ittihamın üzərindən götürüldüyünü, Rzanın niyə yalan danışdığını anlamadığını, Şahid1 isə onun əleyhinə ifadə verdiyini həbs qətimkan tədbiri seçilən zaman bildiyini, sonra da həbsdə olduğundan ona təsir etməsinin mümkün olmadığını bildirmiş, həyətindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını qəti surətdə təkzib etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət görə təqsirli olması iş materiallarında olan şahid ifadələri, istintaq protokolları və digər sənədlərlə sübuta yetirilə bilməmişdir. İstintaq protokolları və qərarlar: İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə saat 10:30-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarında olan 14 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya aşkar edilmədi və götürülmədi. İş materiallarında olan 15 dekabr 2023-cü il tarixli baxış protokolundan görünür ki, 15 dekabr 2023-cü il tarixdə saat 14:38-də Şərur rayon Yengicə kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə və ona məxsus “Opel” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış nəticəsində onun yaşadığı evin həyətyanı sahəsində yerləşən quşların saxlanması üçün tikilən yarımtikilidə taxta parçalarının altından 2 ədəd bükümdə ümumilikdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli, toz şəkilli hissəciklərdən ibarət olan maddə aşkar olunaraq və fotoşəkilləri çəkildikdən sonra hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülmüşdür. (protokol təqsirləndirilən şəxs, müdafiəçisi, hal şahidi Əhmədov Tahar və baxışda iştirak edən təqsirləndirilən şəxsin atası Tahirov Fəxrəddin tərəfindən prosessual hərəkətə etiraz olaraq imzalanmamışdır) İş materiallarında olan DVD-də 15 dekabr 2023-cü il tarixli baxış protokolunun videoyazısının tədqiqindən müəyyən olundu ki, Şərur rayonunun Yengicə kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə və ona məxsus “Opel” markalı avtomobilə baxış keçirilmiş, baxış nəticəsində cinayət işi üçün əhəmiyyət kəsb edən sübut aşkar edilməmiş, evin həyətyanı sahəsində yerləşən quşların saxlanması üçün tikilən tikiliyə baxış keçirilən zaman (videoyazının 15 dəqiqə 44-cü saniyəsindən sonra) həmin tikiliyə qabaqda müstəntiq, arxasınca əməliyyat müvəkkili X13 daxil olur, qapıdan içəri daxil olan zaman X5 əlini paltosunun cibinə salır, ardınca 5 saniyə gecikmə ilə video çəkiliş aparan əməliyyat müvəkkili X8 içəri daxil olur, videogörüntüdə X7 paltosunun sol cibinin astarının çevrilmiş şəkildə çöldə olduğu görünür, videoyazının 16 dəqiqə 4-6-cı saniyələrində qapının girişindən sağda taxta lövhələrin arxasında yerdə ağ rəngli bükümlər vizual şəkildə görünür, daha sonra müstəntiq və əməliyyat müvəkkili baxışda iştirak edən digər şəxsləri içəri dəvət edir, içəriyə təqsirləndirilən şəxsin atası Fəxrəddin Tahirov və müdafiəçi, daha sonra isə təqsirləndirilən şəxs və hal şahidlərindən Mehman Həsənov daxil olur, müstəntiq divara dayanmış taxta parçalarının arxasından öncə videoda görünən həmin 2 ədəd bükümü aşkar edir, daha sonra baxış iştirakçıları həyətyanı sahəyə çıxır, bükümlər açılır və baxış keçirilir, təqsirləndirilən şəxs, atası və müdafiəçisi tərəfindən müstəntiqə etiraz edilir, daha sonra digər yardımçı tikililərə səthi baxış keçirilir və prosessual hərəkət başa çatır. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin 13 dekabr 2023-cü il tarixdə bir gün qanunsuz saxlanılması və yaşayış sahəsinə baxış zamanı yol verilmiş pozuntularla bağlı istintaqı aparan şəxsə etirazı ibtidai araşdrmaya prosessual rəhbərliyi həyata keçirən Şərur Rayon X2 rədd edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsinə dair ərizəsindən görünür ki, ərizənin tarixində və daxilolma ştampındakı tarixdə 14 dekabr tarixinə düzəliş edilmişdir. (İş.m cild 2, səh. 207) İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli 4(110)-25/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli qanunsuz saxlanıldığı 13 dekabr 2023-cü il saat 19:00-dan hesablanmışdır. İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi baxış zamanı aşkar olunmuş iki ədəd kağız bükümlərin üzərindəki əl barmaq izlərinin daktioloskopik ekspertizasının keçirilməsinə dair vəsatəti həmin ağ zərflərin ekspertiza üçün yararsız vəziyyətdə olması əsası ilə rədd edilmişdir. İş materiallarında olan 26 yanvar 2024-cü il tarixli Şərur Rayon Polis İdarəsinə verilmiş əməliyyat tapşırığı əsasında Şərur Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsindən daxil olmuş raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan 24 fevral 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 təqsirləndirilən şəxsin üzünə pisxotrop maddəni tapmaqda ona köməklik etdiyini, bir gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək psixotrop maddənin “Şəhriyar kənd” sözləri yazılmış plakatın yanında olduğunu, lakin psixotrop maddəni kimin tərəfindən ora qoyulması ilə bağlı məlumatının olmadığını, əvvəlki tarixdə verdiyi ifadələrində həyəcanlı olduğu üçün Təqsirləndirilən şəxs ona psixotrop maddə satdığını bildirdiyini, lakin Təqsirləndirilən şəxs psixotrop maddə almadığını bildirmişdir. İş materiallarında olan 04 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmişdir. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1234 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən üzərində Şərur rayon Yengicə ərazisində olan şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı aşkar edilən psixotrop maddəyə bənzər ağ kağıza bükülmüş maddə “əlyazmalar, imzalar olan 1 №-li kağız zərfin içərisindəki 01 ədəd kağız kəsiyi bükümündə, təmiz çəkisi 0,136 qram və 2 №-li kağız zərfin içərisindəki 01 ədəd kağız kəsiyi bükümündə, təmiz çəkisi 0,129 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,265 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddələr psixotrop maddə olan metamfetamindir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyhı, İİ bənd, sıra №27) İş materiallarında olan Naxçıvan MR X3 Ambulator Məhkəmə Narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 22 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniya xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə dispanserdə sidik narkotest vasitəsilə yoxlanılmış və nəticə mənfi olmuşdur. İş materiallarında olan Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 23 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsda hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəliyi yoxdur, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Maddi sübut: İş materiallarında olan 16 dekabr 2023-cü il tarixli 1234 saylı ekspert rəyi və onun nəticələrinə dair müşayiət məktubundan görünür ki, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,235 qram olan metamfetamin narkotik vasitə Şərur Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılır. Digər sənədlər: İş materiallarında olan Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən dispanerdə profilaktik dispanser qeydiyyatda durur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəliyinin 01 fevral 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Yengicə kəndində arvadı, 2014 və 2017-ci illərdə doğulmuş uşaqları ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs son hadisələrə qədər yaşadığı ərazidə müsbət xarakterizə olunmuşdur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-1.0.10-cu maddələrinə görə narkotik vasitələrin, psixotrop maddaələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər, qanunsuz saxlanması məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə verilmiş ittiham özünün, şahidlərin ifadələri və istintaq materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, şahidlərin ifadəsi və baxış protokolunun videoyazının tədqiqi ilə müəyyən olundu ki, baxışda iştirak etmiş hal şahidlərindən biri ümumiyyətlə psixotrop maddənin aşkar edildiyi tikiliyə daxil olmamış, digər hal şahidi, təqsirləndirilən şəxs və müdafiəçisi isə müstəntiq və əməliyyat müvəkkiləri içəri daxil olduqdan bir müddət sonra onların dəvəti ilə tikiliyə daxil olmuşlar. Həmçinin videoçəkiliş aparan əməliyyat müvəkkili isə müstəntiq və digər əməliyyat müvəkkili tikiliyə daxil olduqdan sonra 5 saniyə gecikmə ilə həmin yerə daxil olmuş, əməliyyat müvəkkili X13 tərəfindən şübhəyə yol açan hərəkətlərə yol verilmişdir. Bundan başqa ərizə və videoçəkilişdən görünür ki, iş üzrə baxış, axtarış, götürmə istintaq hərəkəti keçirilən həyətyanı sahənin mülkiyyətçisinin kim olması araşdırılmadan razılıq yalnız təqsirləndirilən şəxsdən alınmış, atasının razılığına dair ərizə və ya videoyazıda hər hansı qeyd yoxdur. Həmçinin videoyazıdan görünür ki, istintaq hərəkəti başlamazdan öncə iştirak edən şəxslərə hüquq və vəzifələri izah edilməmişdir. Başqa sözlə psixotrop maddənin aşkar olunduğu tikiliyə baxış prosessual hərəkəti ümumilikdə cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla, xüsusilə təqsirləndirilən şəxsin xeyrinə aradan qaldırılması mümkün olmayan şübhəyə yol açmaqla aparılmışdır. Halbuki, cinayət təqibini aparan orqan prosessual hərəkətləri aparan zaman nəzərə almalıdır ki, bütün aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində cinayət təqibi həyata keçirilərkən baxış, axtarış, götürmə istintaq hərəkətlərinin qanunvericliyin tələblərinə uyğun şəkildə aparılması xüsusilə əhəmiyyətə malikdir. Hazırkı ittiham üzrə üzrə də yeganə sübut təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar olunan psixotrop maddədir ki, həmin sübutun da cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə əldə edilməməsi, kənar müşahidəçidə şübhəyə yol açacaq hərəkətlərə yol verilməsi özüyündə həmin sübutun məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməməsinə, bununla da verilmiş ittihamın əsasız olmasına səbəb olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Konstitusiyanın 63-cü maddəsinin İİ hissəsinə əsasən isə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan Hüququları və X10 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında formalaşdırdığı mövqeyinə görə Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd edir ki, əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin “Telfner Avstriyaya” qarşı işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Təsadüfi deyildir ki, qeyd olunan sabit hüquqi yanaşma Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. - 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. - 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. - 125.2.7-ci maddəsinə görə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. - 125.3-cü maddəsinə görə CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı baxış, axtarış, götürmə istintaq hərəkəti cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən həmin protokolun və həmin istintaq hərəkətinin nəticəsində əldə edilənlərin sübut kimi qəbul edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 39.2-ci və 39.3-cü maddələrinə görə hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə bəraətverici əsaslarla xitam verilir. - 41.5-ci maddəsinə görə isə məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. - 42.1.4 və 42.2.4-cü maddələrində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. - 55.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. - 350.2-350.3-cü maddələrinə görə CPM-in 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Təsadüfi deyildir ki, Konstitusiyamıza edilmiş son mühüm dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir (125-ci maddənin Vİİ hissəsi). Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Beləliklə, məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən məhkəmə onun barəsində bəraət hökmünün çıxarılması qənaətinə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 357.0.1-ci maddəsinin tələbinə uyğun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 62-ci maddəsinin tələbinə uyğun olaraq olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət təqibini məhkəməyə qədər həyata keçirmiş orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını öz hesabına müdafiəçi təyin edilmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir, digər məhkəmə xərcləri yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası DİN Şərur Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 0,235 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən və psixotrop maddənin mənsubiyyəti müəyyən edildikdən sonra məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 350.4-cü maddəsinin tələbinə uyğun olaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan psixotrop maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanılmasının müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Məhkəmə tərəfindən cinayət iş üzrə məhkəmə xərcləri, mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmadığı müəyyən olunmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2, 41.5, 42.1.4, 344-350, 352-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 62-ci maddəsinin tələbinə uyğun olaraq, cinayət təqibini məhkəməyə qədər həyata keçirmiş orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzinin ödənilməsini məhkəmədə iddia qaldırmaqla tələb etmək hüququ izah edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan psixotrop maddənin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanılmasının müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şərur Rayon Prokuroruna göndərilsin. İş üzrə maddi sübut, Naxçıvan MR DİN Şərur Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 0,235 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən və psixotrop maddənin mənsubiyyəti müəyyən edildikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar