Məhkəmə qərarları › İş №1(110)-2/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-2/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-2/2024 10.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X2 müdafiəsi üzrə şöbəsinin rəisi baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə 10 yanvar 2024-cü il tarixdə saat 18:16-da Şərur Rayon Məhkəməsinin inzibati binasında 21.6.1989-cu ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 4 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkum olunmamış, Şərur rayon Mahmudkənd kəndində yaşayan, 31 oktyabr 2023-cü il tarixdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə axşam saatlarında dostları ilə spirtli içki qəbul etmiş, qonşusu Nurcan Hüseynovanın evdə azyaşlı uşağı ilə tək olduğunu bildiyindən, dediyinə görə onun kiminləsə görüşüb-görüşməməsini müəyyən etmək məqsədilə 27 iyul 2023-cü il tarixdə gecə saat 02:00 radələrində Nurcan Hüseynovanın iradəsi ziddinə onun yaşadığı mənzilə daxil olmaq qərarına gəlmiş, bu məqsədlə də onun yaşadığı həyətə daxil olaraq mənzilin yataq otağının pəncərəsinin sol alt şüşəsini çıxararaq daxil olmaq istəyərkən N.Hüseynovanın qonşusu Validə Səfərovaya zəng edərək “evin pəncərəsinin şüşəsini kimsə çıxarmaq istəyir” deməsini eşitdikdən sonra həyətdən çıxıb getmiş, bununla da Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, X6 iradəsi ziddinə mənzilə daxil olmağa cəhd etmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittihamla özünü tam təqsirli bildiyini, 26 iyul 2023-cü il tarixdə səhər saatlarında inəkləri otlaq sahəsinə apardığını, sonra günorta saatlarına qədər torpaq sahəsini suvardığını, günorta evdə istirahət etdikdən sonra təkrar suvardığı torpaq sahəsinə getdiyini, axşam dostu və həmkəndliləri Nurlan, Mübariz və Fəxrəddin ilə birlikdə Mahmudkənd kəndində yerləşən özünə məxsus bağ ərazisinə getdiyini, orada həmin şəxslərlə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra Nurlan və Mübarizin evlərinə getdiyini, onun isə Fəxrəddini yaşadığı evə apardığını, sonra yenidən suya baxmaq üçün torpaq sahəsinə baş çəkdiyini, təqribən 27 iyul 2023-cü il tarixdə gecə saat 02:00 radələrində evə qayıdarkən qonşusu və kirvəsi olan Nemətin evinin işığının yanılı olduğunu gördüyünü, Nemətin Türkiyə Respublikasının Ərzurum şəhərində olduğunu və qızı Nurcanın boşanıb bir uşağı ilə atasının yanında qaldığını bildiyini, Nurcanın son vaxtlar davranışına görə kiminləsə görüşüb-görüşmədiyini yoxlamaq qərarına gəldiyini, buna görə həyətin ikinci giriş qapısı açıq olduğundan həyətə daxil olduğunu, yaxınlıqda olan manqalı evin pəncərəsinin alt hissəsinə çəkdiyini və pəncərənin sol alt şüşəsinin mismarlarını əli ilə çıxardıb şüşəni divara söykədiyini, sonra başını pəncərənin həmin yerindən içəri salan zaman Nurcanın qonşuluqda yaşayan Validə ilə telefonla danışdığını və onları köməyə çağırdığını eşitdiyini, sonra kiminsə gəlib onu görəcəyini düşündüyündən içəriyə daxil olmadan çıxıb getdiyini, suallara cavabında həyətə daxil olarkən və çıxarkən onu heç kimin görmədiyini, Nurcanın səsini eşitməsəydi evə gizli daxil olub, onun kimləsə görüşmədiyinə bir daha əmin olduqdan sonra gəldiyi qaydada evdən çıxıb gedəcəyini, Nurcanın kimləsə görüşdüyünü görmədiyini, Nurcan məhəllədəki davranışlarından bunu hiss etdirdiyini, Nurcangilə getməkdə məqsədi onunla cinsi əlaqədə olmaq olmadığını, işıqları yandığından atası da evdə olmadığından evlərində kiminsə olduğundan şübhələndiyini və gedib yoxlamaq istədiyini, Nurcanla telefonla danışmadığını, hadisədən təxminən 2 həftə əvvəl “Tiktok” sosial şəbəkəsində onun qarşısına özünün və Nurcanın oğlunun olduğu video çıxdığını, hesabın Nurcana məxsus olduğunu bildiyini, həmin videonun rəy bölməsinə “bu mənəm?” yazıb soruşduğunu, Nurcanın da cavabında “hə, istəyirsənsə, silim”- cavabı yazdığını, ona paylaşıma etirazı olmadığını yazdığını, bu yazışmalardan sonra bir-birini izləməyə başladıqlarını, bundan başqa aralarında yazışma olmadığını, Nurcana heç vaxt aldadıcı təkliflər etmədiyini, Nurcana ondan xoşu gəldiyini demədiyini, hazırda tutduğu əməldən peşman olduğunu, himayəsində 4 azyaşlı uşağının olmasını nəzərə alaraq yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs X9 ifadəsində atası Neymət Həsənovun 24 iyul 2023-cü il tarixdə müalicə almaq üçün Türkiyə Respublikasına getdiyini, 27 iyul 2023-cü il tarixinə gecə saatlarına yaşadığı evdə olan zaman darvaza qapısını kiminsə açmaq istədiyini eşitdiyini, otağın pəncərəsindən həmin tərəfə baxanda bir nəfər şəxsin qaçdığının səsini eşitdiyini, sonra pəncərədən qonşusu Rasim adlı şəxsi çağırdığını, lakin cavab ala bilmədiyini, bu zaman evin həyətyanı sahəsinə açılan ikinci qapının səsini eşitdiyini, bundan sonra evin qapısını və pəncərələrini bağladığını, sonra pəncərənin yaxınlığındakı manqalın pəncərəyə tərəf cəkilməsinin və pəncərənin şüşəsinin çıxarılması səsini eşitdiyini, buna görə də qonşusu Validə adlı qadına zəng etdiyini, ona yaşadığı evin qarşısından müxtəlif səslər gəldiyini deyib və onun həyat yoldaşı Müzakirə bu barədə deməsini xahiş etdiyini, Müzakir, Validə, qızı Şəbnəm onun yaşadığı evə gəldiklərini, lakin həmin şəxsi görə bilmədiklərini, Müzakir bundan sonra bu barədə polisə məlumat verdiyini, Təqsirləndirilən şəxs onlara gələrək pəncərənin şüşəsini çıxarmasında pis niyyətinin olduğunu, bu cür düşünməsinə səbəb bu ilin mart ayında qonşunun həyətindən oğlu ilə birgə evlərinə gələrkən oğlunun İsmayılın qucağına qaçdığını, İsmayılın oğlunu qucağına alaraq ona tərəf gəldiyini, əlini çiyninə salaraq ondan xoşunun gəldiyini dediyini, oğlunu İsmayılın qucağından alaraq ona rədd ol get dediyini, İsmayılın buna baxmayaraq darvazalarına kimi arxasıca gəldiyini, həmin vaxt yanlarında ikisindən və oğlundan başqa heç kim olmadığını, hadisədən təqribən 15 gün əvvəl məhlədə oğlunu paylaşım etmək ücün videoya çəkən zaman, İsmayılın da yoldan keçdiyi üçün videoya düşdüyünü, İsmayıl ona “Tik-tok”da “çəkirsən tam çək” yazdığını, sonra ondan xoşunun gəldiyini yazdığını, İsmayıla “biz kirvəyik, utanmırsan, mən sənə qardaş deyirəm” deyərək onu bloka atdığını, İsmayılın ona telefon vasitəsilə etdiyi təklifləri sildiyini, suallara cavabında 27 iyul 2023-cü il tarixdə gecə saat 2 radələrində həyətə gələrək pəncərənin şüşəsini çıxaran şəxsin İsmayıl olduğunu bir neçə gün sonra bildiyini, İsmayılın həyətlərinə girməyini görmədiyini, İsmayılın dediklərinin yalan olduğunu, həyatında heç kimin olmadığını, ailə qurmaq niyyətinin də olmadığını, ailə qurmaqdansa boşandığı əri ilə yenidən barışmağı üstün tutduğunu, İsmayılı bağışlamadığını, çünki həmin gecə çox qorxduğunu, onun cəzalanmasını istədiyini bildirərək məhkəmədən ona cəza verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X14 ifadəsində 2015-ci il tarixdən Şərur rayon Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin rəisi vəzifəsində işlədiyini, hal-hazırda polis orqanından pensiyaya çıxdığını, 27 iyul 2023-cü il tarixdə gecə saat 02:00 radələrinə yaxın vaxtlarda rayon polis idarəsinin növbətçi hissəsinə Şərur rayon Mahmudkənd ərazi post patrul xidməti əməkdaşları tərəfindən X8 evinə naməlum şəxsin girməyə cəhd etməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında əməliyyat qrupu ilə birlikdə onun da hadisə yerinə getdiyini, hadisə yerinə gedərək həyətə darvazadan girərkən evin pəncərəsinin alt hissəsində manqal olduğunu, həmin pəncərənin alt şüşəsi çıxarılmış və divara söykənmiş vəziyyətdə olduğunu, səhər hadisə yerində əlbarmaq izləri götürüldüyünü, hadisənin səhərisi Nurcan Hüseynova izahatında həmkəndlisi və kirvəsi Təqsirləndirilən şəxs şübhələndiyini bildirdiyini, Təqsirləndirilən şəxs da ərizəsi alınaraq qərarla və protokolla əl barmaq izi daktiloskopik xəritəyə köçürüldüyünü, tədqiqat üçün şüşənin üzərindən götürülmüş əl-barmaq izi ilə Təqsirləndirilən şəxs əllərindən götürülmüş əl-barmaq izinin Azərbaycan DİN-nin KTİ-yə göndərildiyini, tədqiqatda şüşənin üzərindən götürülmüş əl-barmaq izi ilə Təqsirləndirilən şəxs əl barmaq izinin eynilik təşkil etdiyi müəyyən olunduğunu, suallara cavabında Nurcana və onun atasına onların evinə girməyə cəhd edən şəxsin Şərur rayon Mahmudkənd sakini Təqsirləndirilən şəxs olduğunu ekspertizadan sonra dediyini, 27 iyul 2023-cü il tarixdə Nemət Həsənova evə kimin girməsi ilə bağlı hər hansı şəxsin adını demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X19 ifadəsində Nurcanla və İsmayılla qonşuluqda yaşadığını, hər ikisi ilə münasibətlərinin yaxşı olduğunu, 27 iyul 2023-cü il tarixdə təqribən saat 02:00 radələrində yoldaşı Validənin telefonuna zəng gəldiyini, Validənin Nurcan ilə mobil telefonla danışan zaman “ona gözlə, Müzakir əmin gəlir” dediyini eşitdiyini, Validə ona Nurcangilin həyətinə kiminsə girdiyini dediyini, dərhal yoldaşı və qızı birlikdə Nurcangilə getdiyini, darvaza qapısını içəridən Nurcanın açdığını, onun çox həyəcanlı olduğunu, qorxudan ağladığını, evinin pəncərəsinin önündə manqalı gördüyünü, pəncərənin sol alt şüşəsininin də çıxarılmış və divara söykəmiş vəziyyətdə olduğunu, ondan həyətə gələn şəxsi görüb - görmədiyini soruşduğunu, Nurcanın isə ona gələn şəxsi görmədiyini bildirdiyini, Nurcana, yoldaşına və qızına heç nəyə toxunmamalarını tapşırıb kənd mərkəzinə polisləri çağırmağa getdiyini, polisləri Nurcangilə gətirdiyini, polislərin hadisə yerini müayinə etdiyini, sonra Nurcanı və uşağını da götürərək öz evlərinə apardığını, suallara cavabında bir neçə gün sonra Nurcangilin həyətinə gələn şəxsin qonşuları İsmayıl olduğunu eşitdiyini, hadisə olan gecə həmin otağa daxil olmadığını və içəridə heç nə görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 və X1 Müzakir Məcid oğlu ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində Nurcan onun kiçik övladı olduğunu, boşandıqdan sonra bir azyaşlı uşağı ilə birlikdə ona məxsus evdə yaşadığını, 2023-cü ilin iyul ayının 24-də Ərzurum şəhərinə səhhəti ilə bağlı həkimə getdiyini, Nurcan da övladı ilə birlikdə evdə qaldığını, hər gün qızı ilə danışdığını, 27 iyul gecə saatlarında Ərzurumdan çıxdığını, saat təqribən 4 radələrində İğdıra çatdığını, Nurcan ona zəng vuraraq və ağlaya-ağlaya evlərinə adam girdiyini dediyini, telefonu bağlayaraq maşını sürətlə sürdüyünü, saat təqribən 6-da evə çatdığını, həyətlərində polislər olduğunu gördüyünü, onların yanında qonşusu Müzakir, yoldaşı Validə, qızı Şəbnəmi və Nurcanın da olduğunu, darvazadan içəri daxil olanda pəncərinin alt tərəfində manqalı, həmin manqal olan yerdən pəncərinin alt şüşəsi çıxarılmış və divara söykənikli vəziyyətdə olduğunu gördüyünü, pəncərənin orta tağı açıq vəziyyətdə olduğunu, polis əməkdaşının əl-barmaq izlərini götürdüyünü, bu vaxt polisin müstəntiqi İsmayılın ona “Neymət kişi sənin evinə kirvənin oğlu İsmayıl girib” dediyini, buna çox heyfsləndiyini, sonra müstəntiq İsmayıl və polislər götürdükləri əl-barmaq izlərini özləri ilə götürürək getdiklərini, həmin günü polis idarəsində İsmayıl müəllim ona götürülmüş əl-barmaq izlərini Bakıya Ekspertizaya göndərdiyini, bir ay müddətində ekspertizanın rəyi gələndə rəyin cavabı ilə onları tanış edəcəyini dediyini, istintaqın gedişindən narazı qaldıqlarını, belə sadə işin altı ay davam etməsini anlaya bilmədiyini, suallara cavabında qonşusu və kirvəsi İsmayılgillə münasibətlərinin normal olduğunu, ondan belə bir hərəkət gözləmədiyini, İsmayılın onlara pis niyyətlə gəldiyini, bunu həzm edə bilmədiyini, buna görə də İsmayılı bağışlamdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində həmkəndlisi Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığını, 26 iyul 2023-cü il tarixdə saat təxminən 19:00 radələrində Mübariz, Nurlan və İsmayılla görüşdüyünü, İsmayıla məxsus meyvə bağında təqribən saat 23:00-dək yeyib-içdiklərini, sonra hər kəsin öz evinə getdiyini, suallara cavabında oradan hamısı birlikdə çıxdığını, İsmayılın onu evlərinə ötürdüyünü, özünün isə əkin sahəsini suvarmağa qayıdacağını dediyini, yeyib-içən zaman Nurcan haqqında söhbət getmədiyini, Nurcan haqında kənddə hər hansı mənfi məlumat eşitmədiyini, İsmayılı da tərbiyəli bir insan kimi tanıdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 və X3 Fəxrəddin Fuad oğlu ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində Təqsirləndirilən şəxs və Nurcan Hüseynova ilə qonşu olduğunu, onlarla munasibətləri həmişə yaxşı olduğunu, 27 iyul 2023-cü il tarixdə səhər tezdən rayon bazarına maşını ilə meyvə satmaq ücün həyətdən çıxaraq getdiyini, qonşuluqda olan Neymətgilin həyət qapısından keçərkən Neymətgilin həyətində polis əməkdaşlarının olduğunu, onların yanında Neymət, qızı Nurcan və qonşuları Müzakirin dayandığını gördüyünü, maşını saxlayıb yanlarına getdiyini, Neymət ona gecə evə oğru girib dediyini, Neymətgilin həyətinə girdiyini, evin pəncərəsinin yaxınlığında pəncərənin alt hissəsində manqal və pəncərənin alt şüşəsi çıxarılaraq divara söykənmiş vəziyyətdə olduğunu gördüyünü, pəncərənin tağları bağlı olduğunu, Neymətdən “evdən, həyətdən nəsə oğurlanıb və bilirsiniz ki kim oğurluğa gəlmişdir” soruşduğunu, Neymət oğurluğa gələn şəxsi Nurcanın görmədiyini, polislər həmin şəxsi axtardığını dediyini, axşam üstü bazardan gələrkən Neymət ona “gecə həyətə gələn və pəncərənin şüşəsini çıxaran sənin qardaşının oğlu İsmayıl imiş” dediyini, İsmayıldan “bu nə hərəkətdi etmisən” soruşduğunu, İsmayılın da ona “əmi sən bu məsələyə qarışma, burda başqa məsələlər var” dediyini, suallara cavabında 27 iyul 2023-cü il tarixdə gecə saat iki radələrində Nurcanın onu səslədiyini eşitmədiyini, Nurcanın haqqında hər hansı pis bir şey eşitmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il 1094 saylı ekspert rəyindən görünür ki, təqdim olunan 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş sağ əlinin orta barmağından qalmışdır. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 1093 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş sensor ekran və “Android 12” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 9” markalı, “M2004J19G” modelli və “**********90762”, “**********90770” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, istifadə üçün yararlıdır. “Xiaomi Redmi 9” markalı mobil smartfonun yaddaşında və “SİM” danışıq kartında (kontaklar, “Zəng tarixçəsi”, “SMS” mesajlar, “Whatsapp”, “TikTok”, “Telegram” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri, multimedia (audio, foto, video fayllar və s.) mövcud olan və silinmiş məlumatlar müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-psixatrik ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2023-cü il tarixli 369 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik yoxdur, cinayət əməlini törədən zaman öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur, onun Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, anlaqlıdır, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir və onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X5 xx.xx.2023-cü il tarixli 370 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1164 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əsas fərdi-psixi xüsusiyyətlərinə görə ümumi dünya görüşü orta səviyyədə olmaqla bilikləri güzaran təcrübəsinə və onu əhatə edən sosial mikromühitə uyğun olduğu, ətraf əlamin və predmet və hadisələrini onlar arasında olan uyarlıqları dərk etməkdə çətinlik çəkmədiyi, onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətlərinin müşahidə olunmadığı, onun kifayət qədər lüğət ehtiyatına malik olduğu, öz fikirlərini başqalarına çatdıra bildiyi, Təqsirləndirilən şəxs təfəkkürünün müstəqilliyi kimi keyfiyyəti normal səviyyədə olmaqla təhlil və tərkib proseslərinin normaya uyğun olduğu, ixtiyari yadda saxlamasının normal olduğu, hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişikliyin baş vermədiyi, keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, onun cinayət əməlini törədərkən affekt halında olmadığı, fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətlərinin müşahidə olunmadığı, Təqsirləndirilən şəxs əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə baxış keçirilərək fotoşəkillər çəkilmiş, mənzilin yataq otağının pəncərəsinin 38,3x34,5 sm ölçüdə çıxarılmış şüşəsi və həmin şüşənin üzərindən götürülmüş əl-barmaq izləri qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29 və 157.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Şərur rayon Mahmudkənd kənd İƏDNin arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X17 və azyaşlı uşaqları - X12, X18, X20, X4 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Mahmudkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 157.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 4 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallarla bağlı iş materiallarında olan məlumatları, himayəsində 4 azyaşlı uşağının olmasını, rəsmi iş yerinin olmamasını, mövcud əmlak vəziyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs cəzasının icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut Şərur Rayon Məhkəməsinin maddi sübutların saxlanc otağında saxlanılan 1 ədəd 38,3-34,5 sm ölçüdə olan pəncərə şüşəsi hökm qanuni qüvəyə mindikdən sonra zərərçəkmiş şəxs X7 təhvil verilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə cəhdə görə təqsirli bilinib 280 (iki yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzə maddi sübut Şərur Rayon Məhkəməsinin saxlanc otağında saxlanılan 1 ədəd 38,3 - 34,5 sm ölçüdə olan pəncərə şüşəsi hökm qanuni qüvəyə mindikdən sonra zərərçəkmiş şəxs X7 təhvil verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar