Məhkəmə qərarları › İş №1(110)-2/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-2/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-2/2025 04.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 04 fevral 2025-ci il tarixdə saat 14:58-də Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Şərur rayon Məmmədsabir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2 uşaqlı, orta təhsilli, işsiz, AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmuş, Şərur rayon Məmməsabir kəndində yaşayan, xx.xx.2024-cü il tarixdən barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs 08 oktyabr 2024-cü il tarixdə Şərur rayon Qarxun kənd ərazisində yerləşən su arxının kənarında yabanı halda bitmiş, 01 ədəd çətənə kolunu satış məqsədi olmadan qopardaraq Şərur rayon Məmmədsabir kəndində yerləşən yaşadığı evə gətirmiş, həmin kolu quruması üçün evin həyətyanı sahəsində olan daşın üzərinə qoymuş, 11 oktyabr 2024-cü il tarixdə kol quruduğu üçün üzərində olan qurumuş yarpaqları yığaraq evinin mətbəxində olan stolun üzərinə biri 4.132 qram, digəri 2.995 qram olmaqla ümumi çəkisi 7.127 qram olan yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış, bitki mənşəli, kutsar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı 2 büküm halında yığaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində və verilən suallara cavabında aliment borcunu ödəyə bilmədiyi üçün həbs olunduğunu, 2024-cü ilin iyul ayında cəzaçəkmə müəssisəsindən azad olunaraq Şərur rayon Məmmədsabir kəndində yerləşən yaşadığı evə gəldiyini, evə gəldikdən sonra tək yaşadığını, azadlıqdan məhrum edilməzdən əvvəl narkotik vasitə istifadəçisi olduğunu, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra narkotik vasitə istifadə etmək istədiyini, ilk dəfə 2024-cü ilin avqust ayında günorta saatlarında Şərur rayon Qarxun kənd ərazisində yerləşən su kanalının yanında olan zaman kanalın kənarında yabanı halda bitmiş çətənə bitkilərinin olduğunu gördüyünü, həmin çətənə kollarının quru hissələrini yığaraq ovduğunu, daha sonra siqaretin içərisinə dolduraraq istifadə etdiyini, təxminən 1 ay sonra yenidən narkotik vasitə istifadə etmək istədiyini, həmin su kanalının yanına getdiyini, orada təbii halda bitən çətənə kollarından birinin yuxarı hissəsini qoparıb yaşadığı evə gətirdiyini, həmin kolu mətbəxdə qabın içərisinə qoyub qaz sobasının üzərində qurutmduğunu, qurudulmuş çətənəni boş siqaret kağızının içərisinə dolduraraq istifadə etdiyini, qalanını isə məhəllədə zibil qabına atdığını, sonuncu dəfə 08 oktyabr 2024-cü il tarixdə axşam saatlarında yenidən həmin su kanalının yanına getdiyini, orada olan çətənə kollarından birini kökündən çıxardaraq evə gətirdiyini, həmin kolu quruması üçün həyətdə daşın üzərinə qoyduğunu, 11 oktyabr 2024-cü il tarixdə Şərur rayon Məmmədsabir kəndində 2 ədəd 100 qramlıq spirtə su qataraq içdiyini, daha sonra daşın üzərinə qurumaq üçün qoyduğu çətənə kolunu götürərək mətbəxə keçdiyini, üzərində olan yarpaqları qopararaq ovub masanın üzərində kağız parçalarının üzərinə qoyduğunu, sonra məhəlləyə çıxdığını, məhəllədə olan zaman tanımadığı bir-neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdiyini, üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı üzərindən hər hansı qadağan olunmuş əşya aşkar olunmadığını, sonra polis əməkdaşları onu Şərur Rayon Polis İdarəsinə gətirdiklərini, polis idarəsində müdafiəçinin iştirakı ilə tutulduğunu, sonra onun razılığı və iştirakı ilə yaşadığı evə baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Şərur rayon Məmmədsabir kəndinə getdiyini, baxış zamanı evin mətbəxində olan masanın üzərinə qoyduğu narkotik vasitələri polis əməkdaşlarının qablaşdıraraq götürdüklərini, uzun illərdir narkotik vasitə istifadə etdiyini, azadlığa buraxıldıqdan sonra 2 dəfə narkotik tərkibli çətənə bitkisindən istifadə etdiyini, narkotik tərkibli bitkilərdən istifadə edən zaman yanında heç kimin olmadığını, narkotik tərkibli bitkiləri Şərur rayon Qarxun kənd ərazisində yerləşən su kanalının kənarından yığdığını, həmin bitkilərə heç bir aqrotexniki qulluq göstərmədiyini, əldə etdiyi narkotik tərkibli bitkilərdən heç kimə vermədiyini, evinə baxış keçirilən zaman evin mətbəxində olan masanın üzərinə yığdığı 02 ədəd içərisində qurudulmuş çətənə olan büküm aşkar olunaraq götürüldüyünü, tutduğu əməldən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində və verilən suallara cavabında Şərur Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 11 oktyabr 2024-cü il tarixdə iş yoldaşı X4 ilə xidmətdə olan zaman Şərur rayon Məmmədsabir kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik tərkibli bitkilər daşıması barədə əməliyyat məlumatı daxil olduğunu, bu barədə rəisinə məlumat verdiyini, daha sonra əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Şərur rayon Məmmədsabir kəndində Təqsirləndirilən şəxs saxlayaraq üzərinə baxış keçirdiklərini, baxış zamanı onun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet aşkar olunmadığını, daha sonra onun evində narkotik vasitə ola biləcəyini və istifadə edə biləcəyini nəzərə alaraq araşdırmanın idarənin istintaq və təhqiqat bölməsində davam etdirilməsi üçün rəisə müraciət etdiyini, onun evinə keçirilən baxışda iştirak etdiyini, baxış zamanı Təqsirləndirilən şəxs Məmmədsabir kəndində yerləşən evinin mətbəxində olan masanın üzərində içərisində nartotik vasitəyə bənzər qurudulmuş bitki olan 03 ədəd bükümün çəkilib qablaşdırılaraq götürüldüyünü, bu barədə çəkiliş aparılmaqla protokol tərtib olunduğunu, Təqsirləndirilən şəxs ilə hər hansı ədavəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X4 ifadəsində X5 ilə eyni məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan ekspert rəyləri, istintaq protokolları və digər sənədlərlə tam sübuta yetir. İstintaq protokolları: İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə saat 19:30-da müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarında olan 11 oktyabr 2024-cü il tarixli baxış protokolundan və ona əlavə edilən CD-də olan videomaterialdan görünür ki, 11 oktyabr 2024-cü il tarixdə saat 20:00-da Şərur rayonunun Məmmədsabir kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış nəticəsində Təqsirləndirilən şəxs evinin mətbəxinə baxış keçirilən zaman mətbəxdə yerləşən masanın üzərində olan ağ rəngli kağız parçasının üzərinə qoyulmuş 03 büküm narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi və 1 ədəd “alışqan” və 1 ədəd içərisində tütünü boşaldılmış “siqaret kötüyü” aşkar edilmiş, çəkilərək qablaşdırılmış və götürülmüşdür. İş materiallarında olan 12 oktyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Şərur rayon Qarxun kəndində çayın kənarına baxış keçirilən zaman 06 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitki kolu aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 12 oktyabr 2024-cü il tarixli şübhəli şəxsin azad edilməsi və barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 19 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 19 oktyabr 2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmə haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ekspert rəyləri: İş materiallarında olan məhkəmə-bioloji ekspertizasına dair Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 oktyabr 2024-cü il tarixli 1241 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 nömrəli kağız zərfin içərisindəki təmiz çəkisi 0,481 qram olan tütün iyinə bənzər iyli bitki kütləsinin tərkibində narkotik maddələrin izlərinin aşkar edilmədiyi, 2 nömrəli kağız zərfin içərisindəki təmiz çəkisi 2,995 qram olan və 3 nömrəli kağız zərfin içərisindəki təmiz çəkisi 4.132 qram olan (ümumi təmiz çəkisi 7.127 qram, tədqiqata sərf edildikdən sonra qalıq-7.067 qram) yaşılımtıl rəngli, spesifik iyli, xırdalanmış bitki mənşəli kütlələrin narkotik təbiətli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil olan marixuanadır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasına Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli 1300 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 06 ədəd ümumi çəkisi 470 qram (tədqiqata sərf edildikdən sonra qalıq – 469,94 qram) olan bitki nümunələrinin əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkisi olduğu, aqronom rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilməmişdir. İş materiallarında olan məhkəmə-psixatirik ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 462 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsda hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmədiyi, cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğunu, hal-hazırda anlaqlılığı istisna edən hansısa xəstəlikdən əziyyət çəkmədiyi və barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət olmadığı göstərilmişdir.. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasına Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y. Budaqov adına Naxçıvan MR X3 Ambulator Məhkəmə Narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 461 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniya xəstəliyindən əziyyət çəkir. Bununla əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı vardır. Maddi sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1241 saylı və xx.xx.2024-cü il tarixli 1300 saylı ekspert rəyi və onun nəticələrinə dair müşayiət məktublarından görünür ki, ekspert tədqiqatından sonra təmiz çəkisi 7,067 qram olan qurudulmuş marixuna, 0,451 qram olan tütün və 6 ədəd təmiz çəkisi 469,94 qram olan çətənə (kannabis) bitkiləri qablaşdırılaraq Şərur Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılır. Digər sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y. Budaqov adına Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (tetrahidrokonnobinol) müsbət aşkar olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y. Budaqov adına Naxçıvan MR X3 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntusu. Asılılıq sindromu” diaqnozu ilə dispanserdə narkoloji xəstə kimi dispanser qeydiyyatda durur. İş materiallarında olan Şərur rayon Məmmədsabir kənd İƏD üzrə nümayəndəliyinin 28 noyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Məmmədsabir kəndində yaşayır. İş materiallarında olan Şərur rayon Məmmədsabir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs alkoqol aludəçisi olduğundan yaşadığı ərazidə mənfi xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, maddi sübutlara, istintintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq olunmuş siyahılara görə marixuana (kannabis) narkotik vasitəsinin xeyli miqdarının aşağı həddi təmiz qurudulmuş halda 5 qram, qurudulmayan halda 25 qram, külli miqdarının aşağı həddi təmiz qurudulmuş halda 500 qram, qurudulmayan halda 2500 qram hesab olunur. (1-ci siyahı, narkotik vasitələr, sıra 109) Cinayət işi üzrə maddi sübutlardan göründüyü kimi aşkar olunmuş və götürülmüş narkotik vasitənin miqdarı siyahıda qeyd olunan xeyli miqdara uyğun gəlir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-1.0.11-ci maddələrinə görə narkotik vasitələrin, psixotrop maddaələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir üsulla onlara yiyələnməyə yönəlmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Törətdiyi əmələ görə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmalı və ona ittiham elan olunan maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirlənirilən şəxsin Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunduğunu, məhkumluğunun ödənilmədiyini, bu müddətdə yenidən qəsdən cinayət törətdiyini, bu əməli ilə cinayətlərin residivini yaratdığını, buna görə də cəza təyini zamanı aşağıda qeyd edilən cinayət qanunun normalarının tətbiqini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd edilənləri, Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətin residivi ilə bağlı yuxarıda qeyd edilən cinayət hüquq normalarının tələblərini nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3.3-cü maddəsinə görə hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə həbs qətimkan tədbiri seçilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi 04 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi və məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir tətbiq edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 17-1.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi cəza çəkdiyi müddətdə cəzaçəkmə müəssisələri tərəfindən həyata keçirilir. Buna görə Təqsirləndirilən şəxs barəsində alkoqolizm və narkomaniya xəstəliyindən müalicə olunması üçün tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə maddi sübutların həlli ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan, Naxçıvan Muxtar Respublikası DİN Şərur Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 7,067 qram olan qurudulmuş marixuana, 0,451 qram olan tütün və 06 ədəd 469,94 qram olan çətənə kolu (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Həmçinin məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə görə hər biri 90 manat olmaqla ümumilikdə 180 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X2 hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdən 12 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın.

3. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin.

4. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 04 fevral 2025-ci il tarixdən hesablansın.

5. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə zalında həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbir hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.

6. Təqsirləndirilən şəxs barəsində alkoqolizm və narkomaniya xəstəliyindən müalicə olunması üçün tibbi xarakterli məcburi tədbir tətbiq edilsin.

7. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün.

8. Məhkəmə xərci olaraq məhkəmə-bioloji ekspertizalarının keçirilməsinə görə hər biri 90 (doxsan) manat olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X2 AZ21NABZ******************** nömrəli hesabına köçürülsün.

9. Maddi sübut Naxçıvan Muxtar Respublikası DİN Şərur Rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatından sonra təmiz çəkisi 7,067 qram olan qurudulmuş marixuana, 0,451 qram olan tütün və 06 ədəd 469,94 qram olan çətənə kolu (kannabis) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.

10. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın.

11. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər.

12. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar