Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-23/2023 29.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Şərur rayon Dizə kəndində anadan olmuş,azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, işsiz, Şərur rayon Dizə kəndində qeydiyyatda duran, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hal-hazırda Naxçıvan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcrdixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəs ilə təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Şərur Rayon Polis İdarəsinin və Sərur Rayon Məhkəməsinin inzibati binalarının arasında olan parkın həyətində keçmiş qaynatası Zərərçəkmiş şəxs ondan aliment pulu tələb etməməsi üçün sonuncunun əyləşdiyi oturacağa içərisində benzin olan şüşə butulkanı yandıraraq oturaçağın dəmir hissəsinə ataraq Zərərçəkmiş şəxs hər iki kürək və hər iki bazu nahiyələrinə birinci dərəcəli yanıq xəsarərləri yetirərək ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bildiyini, Şərur şəhər M.Ə.Sabir küçəsində əmisi Müşfiq Məmmədova məxsus evdə kirayə yaşadığını, 10 yaşı olanda anası Nəhayət Məmmədovanın xərçəng xəstəliyindən dünyasını dəyişdiyini, atasının bir ildən sonra Kəngərli rayon Xok kəndindən olan Məhliqə adlı qadınla ailə həyatı qurduğunu, uşaq ikən əmisi Müşfiq Məmmədovaya məxsus evin eyvanından yıxıldığına görə başında kəllə-beyin tramvası aldığını, ona görə də onu hərbi xidmətə aparmadıqlarını, 19 yaşında olanda analığı Məhliqənin onu öz qohumu, yəni bacısının baldızı qızı Fatma adlı qız ilə evləndirmək istədiyini, həmin qızla ev telefonunda danışmağa başladığını, təxminən 3 gün telefonda danışdıqlarını, 2006cı ildə onunla Naxçıvan şəhərdə parkda görüşdüklərini, sonra Fatmanın ona “mən evə qayıda bilmərəm, atam-anam məni evə qoymaz, evə getsəm evdən qaçacam” sözlərini dediyini, məcbur qalıb onu özü ilə Şərur rayon Dizə kəndinə gətirdiyini, 3 gün içərisində toy etdiklərini, Fatma bakirə olmadığı üçün onu atası evinə göndərmək istədiyini, lakin analığı Məhliqənin “sən Fatmanı qaytarsan bacımın günü qara olar” sözlərini dediyini, məcbur qalıb onunla yaşadıqlarını, Fatma ilə birlikdə 3 ay Şərurda, 7 ay isə Naxçıvan şəhərində Fatmanın atasıgildə yaşadıqlarını, şəhərdə yaşadığı vaxtlarda tikintidə fəhlə işlədiyini, qış aylarında işsiz qaldığını, yoldaşı Fatmanı da aparıb Türkiyə Respublikasında yaşamaq istədiyini, lakin qaynatası Zərərçəkmiş şəxs ona “qızım nə Türkiyədə qala bilər, nə də ki, Şərurda” dediyini, yoldaşı Fatmanın həmin vaxt hamilə olmasını, lakin uşağın ondan olmasını qəbul etmədiyini, ona görə də Türkiyəyə tək getdiyini, təxminən 4 ay Türkiyə Respublikasın İstanbul şəhərində inşaatda fəhlə işlədiyini, 2007-ci ildə Fatma üçün paltaryuyan maşın və soyuducu alıb onlara göndərdiyini, həmçinin də Fatmaya arada sırada pul da göndərdiyini, daha sonra Fatmanın Türkiyə Respublikası vətəndaşına ərə getdiyini eşitdiyini, Fatmaya “axı mənim övladım var” dediyini, Fatmanın ona “uşağın atası sən deyilsən” dediyini, ondan sonra onunla maraqlanmadığını, onlardan 2016-cı ilə qədər heç bir xəbər almadığını, 2016cı ildə Fatmanın ondan aliment tələb etdiyini, ona aliment kəsildiyini, hər ay 90 manat pul ödəməli olduğunu eşitdiyini, lakin uşağı qəbul etmədiyini, uşağın hal hazırda keçmiş arvadı Fatma ilə birlikdə yaşadığını, 2022-ci ildə Ərəbyengicə kənd sakini Telli Məmmədova ilə ailə qurduğunu, bu evliliyindən 3 aylıq balaca qızının olduğunu, alimenti ödəmədiyi üçün Səyyubun onun barəsində şikayət etdiyini, onun barəsində cinayət işi başladıqlarını, dəfələrlə keçmiş qaynatası Səyyuba aliment ödəməyəcəyini, ondan uzaq durmağını bildirdiyini, lakin onu başa düşmədiyini, 28 iyul 2023-cü il tarixdə Şərur Rayon Məhkəməsində məhkəmə iclası olacağını bildiyini, Səyyubunda ora gələcəyini bildiyi üçün ondan uzaqlaşması üçün onu qorxutmaq, ona göz dağı vermək istədiyini, əvvəldən evdə olan benzini araq butulkasının içərisinə doldurduğunu, butulkanın ağzına əski parçası qoyduğunu, hazırladığı həmin butulkanı oturacaqda əyləşmiş qaynatası Səyyubu qorxutmaq üçün yandıraraq onun üstünə atdığını və ona “al sənə aliment” sözlərini dediyini, şüşənin Səyyubun oturduğu oturacağın dəmirinə dəydiyini və parçalandığını, Səyyubun paltarına tökülərək yanmağa başladığını, oradan birbaşa polis idarəsinə getdiyini, orada törətdiyi əməli səmimi etiraf etdiyini, Səyyubu öldürmək niyyətinin olmadığını, əgər öldürmək niyyəti olsa idi hazırladığı butulkanı Səyyubun başına ata biləcəyini, bu hərəkəti etməkdə məqsədinin Səyyubu qorxudub özündən uzaqlaşdırmaq olduğunu, etdiyi əməldən peşman olduğunu, həmin əməli törətməyə onu Fatma və Səyyubun məcbur etdiklərini, həmin şəxslə əvvəllər hər hansı bir ədavətinin olmadığını, aralarındakı ədavətin qaynatasının ondan aliment tələb etməsindən sonra yəni 2016-cı il tarixindən başladığını, istifadə etdiyi benzini yaşadığı evdən, şüşə butulkanı isə məhəllədəki yolun kənarından götürmüş olduğunu, həmin benzini həyətdə olan odunları kəsdirən zaman istifadə edəcəyi üçün saxlamış olduğunu, hadisə baş verən zaman onların yanında hər hansı bir şəxs və ya şəxslərin olmadığını, Səyub Novruzovun ölə biləcəyini düşünmədiyini, əvvəllər aliment ödədiyini, Fatmanın uşağın atasının o olmadığını dedikdən sonra aliment ödəmədiyini, eyni zamanda hal-hazırda maddi cəhətdən imkanı olmadığı üçün aliment ödəyə bilmədiyini, tutduğu əməldən peşiman olduğunu, azyaşlı qızının olmasını, əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində, onun üç övladının olduğunu, X5 onun ilk övladı olmasını, qızı Fatma Novruzovanın 2006-cı il tarixində uzaq qohumluq əlaqələri olan Şərur rayon Dizə kənd sakini Təqsirləndirilən şəxs ilə qeyrirəsmi şəkildə nigaha daxil olduqlarını,onların ailə həyatı qurduqdan bir müddət sonra aralarında ailə daxili münaqişələrin başladığını, 2007-ci il tarixdə Təqsirləndirilən şəxs qız övladının dünyaya gəldiyini, Təqsirləndirilən şəxsla qızı Fatma arasında olan mübahisəni daha da dərinləşdiyi, bundan sonra Təqsirləndirilən şəxsla qızı Fatmanın ayrı yaşamağa başladıqlarını, 2008-ci il tarixdə qızı Fatmanın Türkiyə Respublikası vətəndaşı İsgəndər Çakırla ailə həyatı qurduğunu və onunla birlikdə Türkiyə Respublikasına getdiyini, haliyyədə Balıkesir şəhərində yaşadıqlarını, nəvəsi X6 isə onun yanında qaldığını, 2016-cı il tarixədək nəvəsi Xədicə Novruzovanın onunla birlikdə yaşadığını, Xədicə Novruzovanın səhhətində problemlərin yarandığı üçün onu İran İslam Respublikasına aparıb orada müalicə etdirmək istədiyini, həmin vaxt nəvəsi Xədicə Novruzovaya pasport almaq məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Ailə, Uşaq və Bərpa Mərkəzinə müraciət etdiyini, müraciəti əsasında Xədicənin atası Təqsirləndirilən şəxs yerinin müəyyən olunduğunu, X1 birlikdə yaşamasına rəsmi qaydada icazə verməsini istədiyini, əvəzində isə Təqsirləndirilən şəxs aliment ödəməsindən imtina edəcəyini bildirdiyini, lakin Təqsirləndirilən şəxs onun istəyilə razılaşmadığını, rəsmi qaydada məhkəməyə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir müddət aylıq 90 manatdan aliment ödədiyini, sonra Türkiyə Respublikasına getdiyi üçün alimenti ödəmədiyini, bundan sonra Elvinlə arasında aliment məsələsinə görə mübahisə başladığını, alimenti ödəmədiyi üçün onun barəsində cinayət işi başladıldığını, 28 iyul 2023-cü il tarixində saat 12:00-da növbəti məhkəmə iclası üçün Şərur Rayon Məhkəməsinə dəvət edildiyini, həmin keçiriləcək iclasa keçmiş kürəkəni Təqsirləndirilən şəxs da dəvətli olduğunu, lakin Təqsirləndirilən şəxs iclasa gəlmədiyi üçün məhkəmə ilcası keçirilmədiyini, saat 14:00-da məhkəmənin inzibati binasına girdiyini və Təqsirləndirilən şəxs gəlib-gəlmədiyini soruşduğunu, lakin onun gəlmədiyini öyrəndikdən sonra məhkəmənin inzibati binasından çıxıb Şərur Rayon Polis İdarəsinin inzibati binasının qarşısında olan oturacağa yaxınlaşdığını, oturacağa əyləşib Təqsirləndirilən şəxs gəlməsini gözləməyə başladığını, təxminən 5 dəqiqə sonra arxa tərəfdə səs eşitdiyini, arxaya dönüb baxmaq istəyəndə Təqsirləndirilən şəxs əlindəki yanan butulkanı ona tərəf atdığını gördüyünü, Təqsirləndirilən şəxs ona tərəf atdığı butulkanın içərisində benzin olduğu üçün həmin şüşə butulkanın onun əyləşdiyi oturacağa dəyən zaman partladığını, əynində olan köynəyin yanmağa başladığını, bunun nəticəsində də müxtəlif dərəcəli yanıq xəsarətləri aldığını, daha sonra ərrafda olan tanımadığı bir neçə nəfərin onun yanına gəlib ona kömək etməyə başladıqlarını, köynəyin yanaraq bədəninə yapışdığı üçün çətinliklə də olsa köynəyi çıxara bildiyini, bundan sonra tanımadığı bir nəfərin avtomobili ilə Şərur Rayon Mərkəzi xəstəxanasına getdiyini, orada onun yanıq xəsarətlərinin dərəcəsi nəzərə alınaraq onu Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına apardıqlarını, orada bir müddət müalicə aldıqdan sonra evə buraxıldığını, hazırda vəziyyətinin qənaət bəxş hesab olunduğunu, Təqsirləndirilən şəxsla qohum olsa da onu qızı Fatma ilə evlənməmişdən əvvəl tanımadığını, onunla aralarında əvvəllər heç bir ədavətin olmadığını, ancaq 2023-cü ilin yanvar ayından başlayaraq aralarında müxtəlif səbəblərə görə mülki mübahisələrin yaranmağa başladığını, Təqsirləndirilən şəxs tərəfindən əvvəllər ona qarşı bu cür addım atılmadığını, hadisə baş verən zaman onun yanında heç kimin olmadığını, hadisədən sonra tanımadığı bir neçə şəxsin onun yanına gəldiklərini və ona kömək etdiklərini xatırladığını, Elvin tərəfindən yandırılmağına səbəbin ondan aliment tələb etmək olduğunu düşündüyünü, keçmiş kürəkəni Təqsirləndirilən şəxs törətdiyi əməlinə görə qanunla müəyyən olunmuş məsuliyyətə cəlb olunmasını və cəzalanmasını xahiş etdiyini, ifadəsinə hər hansı bir əlavəsinin olmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X4 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində 2015-ci ildən Şərur rayon Polis İdarəsinin İbadulla PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixində günorta saatlarında Şərur rayon Polis İdarəsi ilə Şərur rayon Məhkəməsi arasında olan asfalt yolda dayanmış özünə məxsus avtomobilin motorxanasını açan zaman parkın həyətində səs eşitdiyini, səs gələn tərəfə nəzər salan zaman orada tanımadığı bir nəfərin yanaraq asfalta tərəf qaçdığını gördüyünü, dərhal həmin şəxsə tərəf qaçdığını, onun yanına çatan zaman həmin şəxsdən əynindəki alışıb yanan paltarlarını soyunmasını istədiyini və yanan şəxsin soyunmasında ona köməklik etdiyini, yanan şəxsin əynində olan paltarların tamamını soyundurduqdan sonra həmin şəxsi kölgədə yerləşən bir oturacağa əyləşdirdiyini, onun almış olduğu yanıq xəsarətlərə baxan zaman Şərur rayon prokurorluğu istiqamətində tanımadığı bir cavan oğlanın qaçdığını görüb onu saxlamaq üçün arxasınca qaçmağa başladığını, tanımadığı həmin cavan oğlanı saxlayaraq polis idarəsinə gətirdiyini, orada həmin şəxslə söhbət edən zaman həmin şəxsin Şərur rayon Dizə kənd sakini Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, Təqsirləndirilən şəxs yanan şəxsin onun keçmiş qaynatası olduğunu, qaynatasının da ona qarşı aliment iddiası qaldırdığı üçün məhs qorxutmaq məqsədilə içərisində benzin olan şüşə butulka vasitəsilə yandırıldığını bildirdiyini, Təqsirləndirilən şəxs tanımadığını, onu ilk dəfə idi ki, hadisə baş verən zaman gördüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sənədlərdən müəyyən edilir ki: Cinayət işinin 1-ci vərəqində olan 01 sentyabr 2023-cü il tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, vətəndaş Zərərçəkmiş şəxs oğluna fiziki zərər yetirildiyini nəzərə alaraq o həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, qərarın surəti məlumat üçün Zərərçəkmiş şəxs göndərilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas Təqsirləndirilən şəxs keçmiş qaynatası Zərərçəkmiş şəxs üzərinə içərisində benzin olan şüşə butulkanı yandıraraq atması və sonuncunun yanıq xəsarətləri ilə Şərur rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə toplanmış materiallar omuşdur. Cinayət işinin 19-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2023-cü il tarixli 1062 saylı rəyində göstərilir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthi üzərində aşkar edilmiş xəsarətlər: Hər iki kürək və hər iki bazu nahiyyələrində birinci dərəcəli yanıqlar, yüksək hərarətin yerli təsirindən törənmişlər və eləcədə qərarın təsviri hissəsində göstərilən şəraitdə də törənmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin 57-ci vərəqində olan 07 sentyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan olunmaqla surəti təqdim edilmişdir. Cinayət işinin 84-cü vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X2 08 sentyabr 2023-cü il tarixli 1280 saylı məktubunda qeyd olunmuşdur ki, Şərur rayon Dizə kəndində qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “Travmatik serebrostenya” diaqnozu ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X3 psixi xəstə kimi dispanser qeydiyyatında dayanır. Cinayət işinin 94-cü vərəqində olan Şərur rayon Dizə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə Şərur rayon Dizə kənd anadan olmuş Təqsirləndirilən şəxs kənd ərazisində yaşadığı müddət ərzində özünü intizamlı aparmışdır. Cinayət işinin 96-cı vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X2 04 oktyabr 2023-cü il tarixli 304 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs alkoqolizmdən əziyyət çəkmir. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir. Cinayət işinin 99-cu vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X2 04 oktyabr 2023-cü il tarixli 303 saylı rəyində göstərilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra “Travmatik serebrosteniya” xəstəliyi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman “Travmatik serebrosteniya” xəstəliyi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir, onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Cinayət işinin 104-cü vərəqində olan Şərur Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 1(110)-4/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici izahatı, zərəçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin etirafını, zərəçəkmiş şəxsin və şahidin ifadələri, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında məhkəmə cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmayan iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Həmçinin qeyd olunmalıdır ki, iş materiallarında olan Şərur Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 1(110)-4/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs haliyədə Naxçıvan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcrdixanasında cəza çəkir. Eyni zamanda Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməlini 28 iyul 2023-cü il tarixdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs cinayəti əvvəlki hökm çıxarılmazdan əvvəl törətdiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləliklə də, yuxarıda qeyd olunanları nəzərə almaqla məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Şərur Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 1(110)-4/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsi barədə təyin edilmiş cəzasının cəkilməmiş olan 9 (doqquz) ay hissəsi, hazırkı hökmlə təyin olunan cəza ilə tam toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci madddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzanın çəkilməsinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №-li Plenum Qərarına əsasən, CMin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə əqədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsində saxlanılan Zərərçəkmiş şəxs məxsus qara rəngli qolsuz köynək hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalı və 04 ədəd şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işində mülki iddia olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, təqsirləndirilən şəxsə 40 saat hüquqi yardım göstərmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Ona görə də Təqsirləndirilən şəxs göstərilmiş 40 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şərur Rayon Məhkəməsinin 1(110)-4/2023 saylı, 27 sentyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş olan 9 (doqquz) ay hissəsi, hazırkı hökmlə təyin olunan cəza ilə tam toplamaq yolu ilə qəti olaraq 01 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın çəkilməsinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsində saxlanılan Zərərçəkmiş şəxs məxsus qara rəngli qolsuz köynək hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın və 04 ədəd şüşə qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 40 saat hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-23/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-23/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver