Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-23/2024 30.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.2000-ci ildə Şərur rayon Qarxun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2 uşaqlı, orta təhsilli, işsiz, məhkum olunmamış, Şərur rayon Qarxun kəndində qeydiyyatda duran və yaşayan, barəsində 17 fevral 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Qarxun kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 16 fevral 2024-cü il tarixdə saat təxminən 13:00 radələrində Şərur şəhər ərazisində yerləşən taksi dayanacağında ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə 2006-cı il təvəllüdlü, Şərur rayon Yuxarı Aralıq kənd sakini Zərərçəkmiş şəxs zor tətbiq etməklə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla onun sağ bilək nahiyyəsindən vuraraq ona sağ saidində yara xəsarəti yetirməklə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan “yüngül” dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində və verilən suallara cavabında ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini, 16 fevral 2024-cü il tarixdə səhər Şərur şəhərində yerləşən ticarət mərkəzində mühafizəçi işləmək üçün Şərur şəhərinə gəldiyini, Şərur şəhərində yerləşən ticarət mərkəzinin müdiri ilə görüşə bilmədiyini, günorta saatlarında ticarət mərkəzindən çıxıb Şərur şəhərində yerləşən dayanacağa gəldiyini, dayanacaqda əvvəlcədən tanıdığı Şərur rayon Yuxarı Aralıq kənd sakini Nəriman adlı şəxsin Şərur rayon Muğancıq Müslüm kənd sakini İlknur adlı şəxslə kobud zarafatlar etdiyini gördüyünü, Nərimanın İlkini ələ salmasının ona pis təsir etdiyini, onlara yaxınlaşıb əvvəlcə salam verdiyini, həmin vaxt Nəriman heç bir səbəb olmadan ona gülməyə başladığını, ondan nə səbəbə güldüyünü soruşduğunu, Nəriman isə ona “sən çox borzu uşaqsan” dediyini, o, da, Nərimana “bu nə deməkdir, açıqlaya bilərsənmi” deyə sual verdiyini, Nəriman onun bu sözlərindən sonra “mərdimazara ilişdim” sözlərini dediyini, ondan nəzakətli danışmasını və dediyi sözləri açıqlamasını tələb etdiyini, mübahisə yarandığını və əsəbləşib onun yaxasından tutub kənara çəkməyə başladığını, Nəriman da, onun yaxasından tutduğunu, bu zaman həmkəndlisi Abdulla və Şərur rayon Muğancıq Müslüm kənd sakini Allahverdi adlı şəxslər yanlarına gəldiklərini, Nəriman mübahisə etmək üçün oradan kərlaşdığını və ondan arxasınca gəlməsini istədiyini, Nərimanın dediyi sözlərə əsəbləşdiyi üçün əvvəlcədən bel nahiyəsində saxladığı bıçağı çıxardığını, Nəriman onun əlindəki bıçağı görən zaman ona tərəf gəlib onu vurmaq istədiyini, lakin digər əli ilə onun boyun nahiyəsindən tutduğunu, həmin vaxt digər əlindəki bıçaqla Nərimanın sağ bilək nahiyəsindən vurduğunu, Nərimanın bilək nahiyəsi kəsilən zaman ondan biraz kənara çəkildiyini, Nərimanın bilək nahiyəsinin kəsildiyini görən kimi bıçağı bağladığını və bel nahiyəsinə qoyduğunu, sonra yanlarında olan İlknur adlı şəxsə Nərimanı xəstəxanaya aparmasını tapşırdığını, İlknur Nərimanı xəstəxanaya apardıqdan sonra Abdulladan onu yaşadığı evə aparmasını xahiş etdiyini, niyyəti yaşadığı evə gedib övladlarını görmək, sonra isə Şərur Rayon Polis İdarəsinə gəlmək olduğunu, Nərimanı uşaqlıqdan tanıdığını, əvvələr aralarında hər hansı mübahisə olmadığını, üzərində bıçaq gəzdirməsinin səbəbinin bazarda meyvə satarkən lazım olduğunu, törətdiyi əməldən peşman olduğunu, haliyyədə Nəriman ilə üzrxahlıq edərək barışdığını, himayəsində 2 azyaşlı uşağının olduğunu bildirmiş, bunları nəzərə alaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadəsində və verilən suallara cavabında 15 fevral 2024-cü il tarixdə dostu Allahverdi Nəcəfov ilə Şərur rayon Qarxun kənd ərazisində olan vaxt Şərur rayon Qarxun kənd sakini Təqsirləndirilən şəxsn yolun əks tərəfindən keçərək onlara “siz kimsiniz burada durmusunuz” deyə sual verdiyini, Nihada özünün və Allahverdinin adını dediyini, daha sonra Nihad yolu keçərək yanlarına gəldiyini, Nihad gələn zaman ona “sən Elnur əminin oğlusan tanıdım, kefli vaxtımda gözümə görsənmə, bir gün əlim sənə ilişəcək” sözlərini deyib getdiyini, 16 fevral 2024-cü il tarixdə X11 şəhərinə gələrək “Playstation” oynadığını, oradan çıxandan sonra evə qayıtmaq üçün Şərur şəhərində yerləşən taksi dayanacağına getdiklərini, orada olan zaman əvvəlcədən tanıdığı Şərur rayon Qarxun kənd sakini Təqsirləndirilən şəxs onların yanına gələrək və onlarla salamlaşıb, yanlarında dayandığını, bir qədər sonra Təqsirləndirilən şəxs ona “axşam kənddəkilər siz idinizmi” deyə sual verdiyini və “gözümə bir cür dəyirsən” sözlərini dediyini, ona hə deyə cavab verdiyini, Nihad ona “axşam mənimlə nə borzu-borzu danışırdın” deyə sual verdiyini, Allahverdiyə “gəl gedək, mərdiməzarı axtarmaqla deyilki, harda olsa gəlir adamı tapır” sözlərini dediyini, bu zaman Nihad “gəl görüm bura sən qudurmusan, mərdiməzar sözünün mənasını bilirsən, o sözə görə adamı bilirsən nə edərlər” sözlərini dediyini, ona heçnə demədən orada dayanan taksi sürücüsü “Əkrəm” adlı şəxsə yaxınlaşıb ondan avtomobilində 2 nəfərlik yer saxlmasını istədiyini, o, da, “adam düşən kimi gedəcəyik” sözlərini dediyini, daha sonra Təqsirləndirilən şəxs yenidən ona yaxınlaşdığını və qışqıraraq “o, nə danışıqdı, mənimlə danışırsan” dediyini, o, da, ona danışığında heç bir problemin olmadığını bildirdiyini, çünki həmin vaxt ona heçnə demədiyini, Nihad onun qol nahiyyəsindən tutmuş və kənara tərəf çəkərək “gəl gedək qıraqda söhbət edək” dediyini, o da, Nihadla razılaşdığı və dayandıqları yerdən təxminən 50 metr uzaqlıqda olan binaların yanına tərəfə getməyə başladığını, təxminən 4-5 addım getdikdən sonra arxadan gələn Təqsirləndirilən şəxs onun boğazından yapışdığını və əlindəki bıçaqla onu vurmaq istəyən zaman dostu Allahverdi Nəcəfov və digər adını bilmədiyi taksi sürücüsü ona mane olduqlarını, kənara çəkilən zaman sağ qol nahiyəsindən qan axdığını gördüyünü, Nihadın bıçaqla qolundan vurduğunu başa düşdüyünü, dərhal taksilərin dayandığı tərəfə getdiyini, orada olan taksi sürücüsü Şərur rayon Muğancıq Müslüm kənd sakini X12 onu özünə məxsus “Vaz-2106” markalı avtomobil ilə Şərur Rayon Mərkəzi Xəstəxanasına apardığını, aralarında yaranan mübahisəyə səbəb Təqsirləndirilən şəxs səbəbsiz yerə ona xoşagəlməz sözləri deməsi olduğunu, hadisə vaxtı İlknur adlı şəxslə zarafat etmədiyini, aralarında əvvəllər heç bir ədavət olmadığını, sadəcə hadisədən 1 gün əvvəl Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona sataşdığını, kənara çəkilərək mübahisəni davam etdirməyi Təqsirləndirilən şəxs ondan istədiyini, haliyyədə Nihad ilə barışdıqlarını və ondan heç bir şikayətinin olmadığını bildirərək, məhkəmədən qanuni qərar verilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində və suallara cavabında 15 fevral 2024-cü il tarixdə axşam satlarında dostu Zərərçəkmiş şəxs ilə Şərur rayon Qarxun kənd ərazisində olduqlarını, həmin vaxt Şərur rayon Qarxun kənd sakini Nihad yolun əks tərəfindən keçərək onlara “siz kimsiniz burda durmusunuz” sözlərini dediyini, Nəriman özünün və onun adını ona dediyini, daha sonra Nihad yolu keçərək yanlarına gəldiyini, o, gələn zaman Nərimana “sən Elnur əminin oğlusan tanıdım, kefli vaxtımda gözümə görsənmə, bir gün əlim sənə ilişəcək” sözlərini deyərək getdiyini, 16 fevral 2024-cü il tarixdə saat təxminən 11:20 radələrinə Nəriman ilə playstation oynamaq üçün Şərur şəhərinə gəldiklərini, oyundan çıxdıqdan sonra evə qayıtmaq üçün Şərur şəhərində yerləşən dayanacağa gəldiklərini, təxminən 5 dəqiqə sonra Təqsirləndirilən şəxs da, dayanacağa gələrək salam verdiyini, Nihad onlara “axşam kənddəkilər siz idinizmi” deyə sual verdiyini, Nəriman isə ona hə cavabı verdiyini, Nihad Nərimana “axşam mənimlə nə borzu-borzu danışırdın” sözlərini dediyini, həmin vaxt Nəriman ona “gəl gedək, mərdiməzar məndən əl çəkməzki” sözlərini dediyini, Nihad uca səslə “sən mənə mərdiməzar dedin” sözlərini deyərək Nəriman üzərinə qışqırdığını, Nəriman isə cavab olaraq ona “hə sənə dedim, nə istəyirsən axı məndən uzaq dur” sözlərini bildirdiyini, Nihad Nərimana “gəl gedək səninlə söhbət edək” dediyini, Nəriman arxaya dönərək bir neçə addım atdıqdan sonra Nihad onun arxasınca gedərək bıçaq çıxardığını, orada olan Abdulla adlı şəxs Nihadı sakitləşdirmək istəyən zaman Nihad bıçaqla Nərimanı vurduğunu, Nərimanın qolundan qan açıldığını gördüyünü, Təqsirləndirilən şəxs ilə əvvəllər ədavəti olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində və suallara cavabında etibarnamə ilə idarə etdiyi “Vaz 2106” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduğunu, 16 fevral 2024-cü il tarixdə günorta saatlarında Şərur şəhər ərazisində taksi növbəsində olduğunu və sərnişin gəlməsini gözlədiyini, digər taksi sürücüləri ilə söhbət etdiyini, söhbət əsnasında onlardan biraz aralıda söhbət edən Şərur rayon Qarxun kənd sakini Təqsirləndirilən şəxs və Şərur rayon Aralıq kənd sakini Zərərçəkmiş şəxs arasında mübahisə olduğunu gördüyünü və digər taksi sürücüsü Abdulla ilə birlikdə onların yanına gedərək onları sakitləşdirməyə çalışdığını, bu zaman Təqsirləndirilən şəxs Nərimana “gəl gedək söhbət edək” sözlərini dediyini, Nəriman arxasını dönərək üzü yuxarı getməyə başladığını, Nihad isə onun arxasınca qışqıraq getdiyini, sonra Nərimanın sağ bilək nahiyəsindən qan axdığını gördüyünü, Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyini başa düşdüyünü, sonra onu öz avtomobili ilə Şərur Rayon Mərkəzi Xəstəxanasına apardığını, Nəriman və Nihat Mərdanov arasındakı mübahisənin başlanma səbəbini bilmədiyini, sadəcə olaraq Nərimanın “Nihad mənimlə o cür zarafatlar etmə” sözlərini dediyini xatırladığını, onların mübahisə etdiklərini Nihadın uca səslə Nəriman “gəl gedək” sözlərini deyən zaman bildiyini, oradan uşaq və qadınların çox keçdiyini yəni ictimai yer olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində və suallara cavabında kəndlərarası taksi fəaliyyəti ilə məşğul olduğunu, hadisə vaxtı orada olduğunu, bir az aralı olduğunu, buna görə mübahisənin necə başladığını tam xatırlamadığını, Nəriman və Nihad arasında mübahisə olduğunu, onlara tərəf getdiyini, həmin vaxtı Nihad Nərimanın qoluna bıçaq zərbəsi yetirdiyini, sonra onların aralaşdırıldığını, Nihadın kəndə onun maşını ilə getdiyini, yolda Nihaddan hadisənin səbəbini soruşarkən sadəcə “oldu bitdi” dediyini bildirərək X12 ilə eyni məzmunda ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini qismən təsdiq etmiş, lakin xuliqanlıq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 28 fevral 2024-cü il tarixli 273 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı oğlunun bədən səthində üzərində sağ saidində yara olması, deşici kəsici alət təsirindən törənməsi, eləcə də, bıçaq təsirindən törənməsinin inkar olunmadığı, xəsarətin yetirilmə müddətinin qərarda göstərilən tarixə uyğun gəldiyi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2024-cü il tarixli 255 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bıçağın zavod üsulu ilə istehsal edildiyi, bir tərəfinin kəsici, ucunun deşici xassəyə malik olduğu, soyuq silah hesab edilmədiyi, təsərrüfat-məişət təyinatlı turist cib bıçaqlarına uğun gəldiyi, üzərində təyinatını dəyişdirəcək hər hansı dəyişiklik edilməmişdir. İş materiallarında olan məhkəmə-psixatirik ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 26 mart 2024-cü il tarixli 96 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra heç bir psixi xəstəlikdən əziyyət çəkməmişdir, cinayət əməlinin törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Hal-hazırda anlaqlılığı istisna edən heç bir psixi xəstələikdən əziyyət çəkmədiyindən, barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan məhkəmə-psixatirik ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X3 26 mart 2024-cü il tarixli 95 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir və məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 aprel 2024-cü il tarixli 361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə daha çox ekstravertə yaxın olmaqla, sinir sisteminin tipinin qüvvətli və fəal olduğu, fərdipsixi xüsusiyyətlərində inadkarlıq, müstəqillik, lider kimi əlamətlərin müşahidə olunduğu, hadisə zamanı sinir-psixi gərginlik halını keçirməsi, keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, cinayət əməlini törədərkən affekt halında olmadığı, fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətlərinin müşahidə olunmadığı, daxili-psixi amillərlə əlaqədar olaraq hadisə barəsində müəyyən məlumatları təhrif etməsinin müəyyən olunduğu, fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətlərinin müşahidə olunduğu, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaqvə yada salmaq, eləcə də, düzgün ifadə vermək imkanına malikdir. Maddi sübutlar: İş materiallarında olan 14 mart 2024-cü il tarixli 255 saylı ekspert rəyi və onun nəticələrinə dair müşayiət məktubundan görünür ki, cinayət işi üzrə maddi sübut olan bıçaq Şərur Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılır. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:15-də müdafiəçinin iştirakı ilə tutulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(110)- 8/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Naxçıvan MR DİN Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 128ci maddəsi ilə cinayət törətmiş, 03 may 2023-cü il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən barəsində olan icraata xitam verilmişdir. İş materiallarında olan Şərur rayon Qarxun kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı X7 və uşaqları X10, X8 ibarət ailə üzvləri vardır. İş materiallarında olan Qarxun kənd İƏDN tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməlində cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsinin dispozisiyasına görə həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin (yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin) silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı). Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfatməişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 23 mart 2004-cü il tarixli qərarının 9-cu bəndinə görə də silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə işin hallarını və yuxarıda qeyd olunanları nəzərədən keçirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, ictimai qaydanı kobud surətdə pozması, dayanacaqda olan şəxslərin gözü qarşısında Nərimanı döyməklə cəmiyyətə açıqca hörmətsizlik etməsi və şəxsə yüngül bədən xəsarətləri yetirməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi cinayət əməlinə görə peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında qeyd olunan cinayətin törədilməsi iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətin törədilmə üsulunu, bununla yanaşı iş üzrə cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını da nəzərə alıb ona aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müddətinin başlanğıcı barəsində şübhəli şəxs qismində tutulduğu 16 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hazırki iş üzrə maddi sübutların həlli ilə bağlı məsələni də müzakirə edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi alət - Şərur Rayon Polis İdarəsində saxlanılan təqsirləndirilən şəxsə məxsus bir ədəd bıçaq xüsusi müsadirə olunmalı və dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə görə 67 (altmış yeddi) manat, məhkəmə-psixoloji ekspertizasının keçirilməsi nəticəsində 100 (yüz) manat olmaqla, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X1 AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 16 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi alət - Şərur Rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq xüsusi müsadirə olunsun və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Məhkəmə xərci olaraq məhkəmə-trasoloji ekspertizasının keçirilməsinə görə 67 manat, məhkəmə-psixoloji ekspertizasının keçirilməsinə görə 100 manat olmaqla, ümumilikdə 167 (bir yüz altmış yeddi) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq X1 AZ21NABZ******************** nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(110)-23/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-23/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver