Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-26/2023 27.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X11 iştirakı ilə 27 dekabr 2023-cü il tarixdə saat 15:17-də Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1969-cu il tarixində Şərur rayon Xok kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Kəngərli rayon Xok kəndində qeydiyyatda olan və yaşayan, barəsində 06 oktyabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 08:30 radələrində Kəngərli rayon Xok kənd sakini X7 məxsus etibarnamə əsasında idarə etdiyi “QAZ 32213” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur rayon Çərçiboğan kənd ərazisində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun bu tələbini pozmuş, soldan gələn Şərur rayon Çomaxtur kənd sakini X14 idarə etdiyi Moped onun idarə etdiyi “QAZ 32213” markalı avtomobilə çırpılmış və nəticədə X17 ehtiyatsızlıqdan başın ağır küt travması, başın yumşaq toxumaları altına sol alın, sol təpə və sol ənsə nahiyələrində geniş həcmdə qansızma və hematoma, baş beyin toxumasının əzilməsi, ödəmi, bədənin müxtəlif nahiyyələrinin yara, qançır və sıyrıq xəsarətləri yetirmiş, hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbini pozmuş, nəticədə X20 almış olduğu xəsarətlərə görə 07 sentyabr 2023-cü il tarixdə Naxçıvan MR Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini, uzun müddətdir avtomobil idarə etdiyini, Şərur rayon Ələkli kəndində yerləşən çörək sexindən mağazalara çörək payladığını, həmin çörək sexini işlədən, Kəngərli rayon Xok kənd sakini X10 məxsus olan “QAZ 32213” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə etdiyini, 20 avqust 2023-cü il tarixdə saat 08:30 radələrində Şərur rayon Çərçiboğan kəndi ərazisində yerləşən mağazaya çörək verdikdən sonra rayon mərkəzinə gedərkən Çərçiboğan kənd mərkəzinin yaxınlığındakı yol ayırıcına yaxınlaşdığını, bu vaxt sol tərəfdən mopedin sürətlə ona yaxınlaşdığını, həmin vaxt yola çıxdığı üçün mopedin onun idarə etdiyi avtomobilin sol arxa təkər hissəsindən dəydiyini, qəza baş verdikdən sonra dayanmadan avtomobili işlədiyi çörək sexinə sürdüyünü, Sabir Abutalıbova zəng edərək hadisə barədə məlumat verdiyini, sonra hadisə yerinə qayıtmağa qərar verdiyini, bu vaxt polis əməkdaşları ona telefonla zəng edərək hadisə yerinə dəvət etdiklərini, onun iştirakı ilə hadisə yerinə baxış keçirildiyini, hadisənin baş verməsində təqsirinin olmadığını, lakin hadisə yerindən getdiyi üçün peşmançılıq hissi keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavabında X18 əvvəldən tanımadığını, həmin vaxt yolda heç kimin olmadığını, qəza baş verən yerə toplaşan kənd sakinləri onu döyəcəyindən qorxduğu üçün hadisə yerindən uzaqlaşdığını, özünün heç bir xəsarət almadığını, idarə etdiyi nəqliyyat vasitəsinin sol tərəfində batıqlar əmələ gəldiyini, idarə etdiyi avtomobili cari il üçün texniki baxışdan keçirdiyini, 10-15 il olar avtomobil idarə etdiyini, hadisə vaxtı havanın aydın olduğunu, avtomobili 15 km/saat sürətlə idarə etdiyini, moped çox sürətlə gəldiyi üçün heç nə edə bilmədiyini, mopedi gördükdən dərhal sonra mopedin idarə etdiyi avtomobilə dəydiyini, zərərçəkənin ailəsi ilə barışıq əldə etmək istədiyini, xəstəxanaya onu buraxmadıqlarını, yasda iştirak etdiyini, Afiqin ailəsinə imkanı daxilində maddi dəstək olmaq istədiyini, lakin barışıq əldə olunmadığını, hadisə yerindən yayındığı üçün özünü günahkar saydığını, əməlindən peşman olduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi: Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X19 ifadəsində, 2021-ci ilin iyul ayında X20 ilə ailə həyatı qurduğunu, bir azyaşlı uşaqları olduğunu, həyat yoldaşının Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində maxe işlədiyini, qaynanası gillə yola gedə bilmədiyindən 7 ay idi ayrılıb Şərur şəhərində yoldaşı ilə kirayədə yaşadıqlarını, Afiqin iyul ayında özünə Moped aldığını, hadisə olan gün Afiqin təxminən 08:00 radələrində mopedlə işə getmək üçün evdən çıxdığını, həmin günü evə qayıtmadığını, iş yoldaşının ona Afiqin işlə bağlı dağa aparıldığını dediyini, lakin 23 avqust 2023-cü il tarixdə günorta saatlarında Afiqin qəza keçirtdiyini və Naxçıvanda xəstəxanada olduğunu bildiyini, xəstəxsnaya getdiyini, həkimlərin onu yoldaşının yanına buraxmadığını, Afiqin 07 sentyabrda xəstəxanda vəfat etdiyini, Afiq vəfat edəndən sonra 2-ci uşaqlarının doğulduğunu göstərmiş, suallara cavabında təqsirləndirilən şəxsin ailəsinin barışıq üçün gəldiyini, onun azyaşlı uşaqlarının olduğunu, aylıq maddi köməyə ehtiyacının olduğunu, həmçinin evi olmadığını, ev alınması üçün köməyə ehtiyacı olduğunu, təqsirləndirilən şəxsin ona və uşaqlarına aylıq maddi köməklik edəcəyinə söz verdiyini, buna görə də hazırda ondan şikayətçi olmadığını, buna dair notarial ərizə verdiyini bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində xx.xx.2023-cü il tarixdə saat 08:20 radələrində ona məxsus olan Şərur rayon Çərçiboğan kəndində yerləşən təssərüfat malları mağazasını açmaq üçün ailəsi ilə birlikdə maşını ilə Dərvişlər kənd tərəfdən hərəkət etdiyini, təxminən 15-20 metr uzaqlıqda qırmızı rəngli Qazelin dayanmadan yola girdiyini, avtomobilin bir şeyə dəydiyinin şahidi olduğunu, tez həmin yerə özünü çatdırdığını, tanımadığı bir oğlanın üzərinə motosikletin aşdığını gördüyünü, qazelin sürücüsünə əli ilə geri qayıtmağını işarə etdiyini, lakin maşını saxlamadığını və Şərur rayonu istiqamətində hərəkətinə davam etdiyini, sonra təcili yardıma zəng etdiklərini, şəxsin qan itirdiyini görüb yaxınlıqdakı evdə yaşayan Şakir adlı dostunu ona köməklik etməyə çağırdığını, Şakir ilə birlikdə həmin oğlanı motosikletin altından çıxarıb qanlı başını xalçanın üzərinə qoyub dostu Şakirə məxsus olan Mercedes 190 markalı avtomobilə mindirdiklərini, həmin oğlan yolda yalvararaq ona “məni tez xəstəxanaya çatdır” sözlərini dediyini, Şərur rayonu X5 Tibbi Yardım şöbəsinə çatdıqlarını, bazar günü olduğundan bir az orada gecikmə olduğunu, sonra xəstəxanın maşını ilə Naxçıvana apardıqlarını bildirmiş, verilmiş suallara cavabında ilk növbədə təcili yardıma zəng etdiyini, gecikmə olduğu üçün Şakirin maşını ilə apardıqlarını, Qazelin və Mopedin hər ikisi dayanmalı olduğu halda dayanmadıqlarını, Qazel sürücüsünün 30-40 sürətlə gəldiyini, yol hərəkəti qaydasına əməl etsəydi, yəni kəsişən yola girməzdən öncə maşını saxlayıb solasağa baxsaydı hadisənin baş verməyəcəyini, çünki orada kifayət qədər görmə məsafəsinin olduğunu, Qazel sürücüsünün arxasınca dəfələrlə çağırmasına baxmayaraq saxlamadan sürüb çıxıb getdiyini, buna görə vicdansız hərəkət etdiyini düşündüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 ifadəsində övladı X26 Qoşunların Xüsusi Təyinatlı Bölməsində maxe işlədiyini, 20 avqust 2023-cü il tarixdə səhər saat dəqiq 08:59-da oğlu Afiqin telefonundan ona zəng gələrək bir nəfərin Afiqin mopedlə Çərçiboğanda qəza etdiyini, Şərur Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Naxçıvan şəhərində yerləşən Mərkəzi Xəstəxanasına aparıldığını bildirdiyini, təcili olaraq Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına getdiklərini, ora çatandan sonra oğlu X4 Şöbəsinə yerləşdirildiyini öyrəndiyini, oğlu Afiqin həyatda qalması üçün bütün müalicə xərclərini borc etdiyini, oğlu Afiq Fərəcov müalicə edilməsinə baxmayaraq vəfat etdiyini bildirmişdir. Suallara cavabında Təqsirləndirilən şəxsla hər hansı bir ədavəti olmadığını, əksinə ona bir dəfə yaxşılıq da etdiyini, Təqsirləndirilən şəxs onlara maddi və mənəvi dəstək olmadığını, hamı kimi yasda iştirak etdiyini, oğlunun çəkilmiş xəstəxana xərclərinin və oğlunun banklara olan borclarının, yəni 13000 manat borcunu bağlamasını ondan istəsə də etmədiyini, xəstəxanada 1500 manat təklif etdiyin və onun da bunu qəbul etmədiyini, İntiqamın qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X27 ifadəsində hadisənin birbaşa şahidi olmadığını, lakin partlayışa bənzər səs eşitdiyini, Mürsəlin onu çağırdığını, zərərçəkəni onun maşını ilə Mürsəllə birlikdə xəstəxanaya pardıqlarını, xəstəxanada Əsəd həkimin növbədə olduğunu, təcili yardımda baxdıqdan sonra Naxçıvana apardıqlarını, suallara cavabında Qazel sürücüsünü görmədiyini, Şərur xəstəxanasından 15-20 dəqiqə sonra Naxçıvana yola saldıqlarını bildirərək şahid X12 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X15 ifadəsində xx.xx.2023-cü il tarixində səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng etdiyini və Çərçiboğan kəndi ərazisində qəza etdiyini, ona polisə məlumat verməsini və hadisə yerinə getməsini demişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyləri: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertizasının xx.xx.2023-cü il tarixli 869 saylı ekspert rəyində görünür ki, QAZ 32213” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olduğundan onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyininin xx.xx.2023-ci il tarixli 71 nömrəli ekspert rəyindən görünür ki, X2 meyidinin məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: başın ağır küt travması, başın yumşaq toxumaları altına sol alın, sol təpə və sol ənsə nahiyyələrində geniş, həcmində qansizma və hematoma, baş beyin toxumasının əzilməsi, ödemi bədənin müxtəlif nahiyyələrində yara, qançır və sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, eləcə də avtomobil qəzası zamanında əmələ gəlmələri istisna olunmur. Xəsarətlərin yetirilmə müddəti qərardad göstərilən tarixə uyğun gəlir. Meyitin bədən səhti üzərində aşkar edilmiş xəsarətlər həyatidirlər. X2 ölməsinə səbəb almış olduğu travmalar hesabına baş vermiş baş beyin toxumasının əzilməsi, ödəmi səbəb olmuşdur. X2 ölümünün müddəti meyitin müayinə gününə (qərarda göstərilən tarixə) uyğun gəlir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan xx.xx.2023-cü il tarixli 2021 nömrəli şərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, sərxoşluq əlamətləri yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “QAZ 32213” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil X8 mülkiyyətindədir. İş materiallarında olan Kəngərli rayon İcra Hakimiyyəti Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı və yetkinlik yaşına çatmış iki oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Kəngərli rayon İcra Hakimiyyəti Xok kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə işgüzar, əməksevər bir şəxs kimi tanınmışdır. Kəndin ictimai işlərində, xeyir və şərində həmişə yaxından iştirak etməklə kənd əhalisinin böyük hörmətini qazanmışdır. Yoldaşları arasında özünü sadə, mehriban, mərd, cinayətkarlığa və qanunsuzluğa qarşı barışmaz, daim düzgünlüyün tərəfdarı kimi tanınmışdır. Narkotik maddələrə və spirtli içkilərə qarşı meyilli deyildir. İş materiallarında olan X11 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X19 Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının qoşulduğu “Yol hərəkəti haqqında” 8 noyabr 1968-ci il tarixli X3 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yolnəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə həm məcbur etmənin, həm də hüquq pozuntusunun “cinayət” xarakterli olmasına baxmayaraq, məcbur etmə o faktdan irəli gəlib ki, nəqliyyat vasitəsini idarə edən hər kəs, bununla da, özünü tənzimləyici rejimə məruz qoyduğunu bilir. Bu rejim nəqliyyat vasitələrini idarə etmənin Dövlət tərəfindən verilmiş imtiyaz olduğu səbəbindən deyil, əksinə bunun ağır xəsarətlər yetirmək potensialına malik olan kimi tanınması ilə bağlıdır. Nəqliyyat vasitəsini idarə edən hər bir kəs nəqliyyat vasitələrinə aid tənzimləyici rejimin tərkib hissəsi kimi müəyyən məsuliyyətləri və öhdəlikləri qəbul etmiş sayılır. Avropa Məhkəməsi qeyd etmişdir ki, kimin nəqliyyat vasitəsinin sürücüsü olmasına dair yeganə faktın açıqlanması tələbi özü-özlüyündə təqsirləndirici deyildir. Beləliklə, həmin Məhkəmə hesab etmişdir ki, sözügedən tənzimləyici rejimin xüsusi xarakteri və qanunvericiliklə tələb olunan məlumatın məhdud mahiyyəti baxımından, özünə qarşı ifadə verməmək hüququ pozulmur (O'Halloran və X9rşı, 29 iyun 2007-ci il). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Beləliklə, məhkəmə tərəfindən yuxarıda qeyd olunan sübutlar əsasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla Cinayət Məcəlləsinin 263.2-ci və yol hərəkəti sahəsində qanunvericilikdə üzərinə düşən vəzifələri pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmaqla Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayətləri törətmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin ittiham olunduğu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 264-cü maddəsinin sanksiyasında isə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu nəzərə alıb ona hər iki maddə üzrə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, şəxsin ittiham olunduğu CM-in 264-cü maddəsi qəsdən törədilmiş cinayət hesab olunduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3.3-cü maddəsinə görə hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə həbs qətimkan tədbiri seçilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi 27 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut - Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “QAZ 32213” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvəyə mindikdən sonra qanuni mülkiyyətçisi X10 və zərərçəkmiş şəxs X17 məxsus moped hökm qanuni qüvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X16 qaytarılmalıdır. Cinayət işi üzrə məhkəmə xərci təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın. Hökm qanuni qüvəyə mindikdən sonra maddi sübutlar - Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “QAZ 32213” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyətçisi X10 və zərərçəkmiş şəxs X17 məxsus moped zərərçəkmiş şəxsin hüquqi varisi X16 təhvil verilsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №1(110)-26/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-26/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver