Məhkəmə qərarları › İş №1(110)-27/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-27/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-27/2023 27.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclası katibliyi, dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X11 hüquqi varisi X5, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Şərur rayon Maxta kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkum olunmamış, fərdi sahibkar, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Şərur rayon Maxta kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasınımn Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o xx.xx.2023-cü il tarixdə saat təxminən 20:20 radələrində idarə etdiyi oğlu özünə məxsus “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şərur şəhər M.Sabir küçəsində hərəkətdə olan zaman yolun sağından soluna keçmək istəyən piyada Şərur şəhər sakini, 1958-ci il təvəllüdlü X14 ehtiyatsızlıqdan vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, Simoş Qafarova ilkin olaraq Şərur Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmiş və o, 29 avqust 2023-cü il tarixdə saat 23:00 radələrində müalicə aldığı Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölmüşdür. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, 19 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, 40 ilə yaxındır ki, avtomobil idarə etdiyini, təxminən 7 il bundan öncə özünün istifadəsi üçün “Vaz 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil aldığını, həmin avtomobili özünün və ailəsinin şəxsi işlərində istifadə etdiyini, 29 avqust 2023-cü il tarixdə saat 20:00 radələrində Şərur şəhərində yerləşən apteklərin birindən “Nimesil” adlı ağrıkəsici preparatı almaq məqsədi ilə qeyd etdiyi avtomobil ilə Şərur şəhərinə getmək qərarına gəldiyini, saat təxminən 20:20 radələrində Şərur şəhərində yerləşən Şərur Rayon MX-nın inzibati binasının önündən keçən asfalt yolda “Kinobahar” istiqamətində hərəkətdə olan zaman yolun sağ səkisindən onun hərəkətdə olduğu hərəkət zolağından tanımadığı 60-65 yaşlarında yaşlı bir qadının keçdiyini gördüyünü, səs siqnalından istifadə edərək onu xəbərdar etdiyini, lakin həmin şəxsin onun xəbərdaredici səs siqnalına məhəl qoymayaraq yolu keçmək istədiyini, onu vurmamaq üçün eyni istiqamətdə olan ikinci yola keçdiyini, lakin bütün səylərinə baxmayaraq iti addımlarla yolu keçmək istəyən qadını sol bud nahiyəsindən vurduğunu, zərbənin gücündən həmin qadın təxminən 2 metr irəli tullanaraq yerə yıxıldığını, dərhal avtomobili saxlayıb kömək etmək üçün həmin şəxsə tərəf qaçdığını, onun yanına çatan zaman həmin şəxsin huşunun özündə olduğunu gördüyün, ona “tərpənmə, sənə köməklik edəcəm” sözlərini dediyini, sonra onların yanlarına hadisəni görən şəxslərin gəldiyini, bir neçə dəqiqə keçdikdən sonra təcili tibbi yardım avtomobilinin hadisə baş verən yerə gələrək idarə etdiyi avtomobillə vurduğu qadını Şərur Rayon Mərkəzi X9 Şöbəsinə apardığını, daha sonra polis əməkdaşlarının hadisə yerinə gələrək onun iştirakı ilə hadisə yerinə baxış keçirdiyini və hadisə yerinin müxtəlif ölçülərdən fotoşəkillərini çəkdiyini, sonra izahat vermək üçün polis əməkdaşları ilə birlikdə Şərur Rayon Polis İdarəsinə getdiyini, Polis İdarəsində olan zaman sonradan adının X18 olduğunu bildiyi şəxsin Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasına aparıldığını, səhəri günü isə Simoş Qafarovanın baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu bədən xəsarətləri hesabına Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında öldüyü öyrəndiyini, S.Qafarovanı tanımadığını və heç bir ədavəti olmadığını, idarə etdiyi “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X6 məxsus olduğunu, həmçinin də həmin avtomobili idarə etmək hüququnun olmadığını, “Vaz-2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildə qəza baş verməmişdən əvvəl hər-hansı bir texniki nasazlığın olmadığını, avtomobilin saz vəziyyətdə olduğunu, həmin avtomobilin sonuncu dəfə təxminən 2 ay əvvəl texniki baxışdan keçirildiyini, hadisə baş verən zaman avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etdiyini, S.Qafarovanı idarə etdiyi avtomobillə vurmamışdan təxminən 15-20 metr məsafədən yolu keçdiyini gördüyünü, həmin vaxt diqqətini yayındıracaq hər hansı bir hadisə baş vermədiyini, qəza baş verən zaman idarə etdiyi avtomobildə özündən başqa heç kim olmadığını, qəza zamanı avtomobilində nömrənin yerləşdiyi dövlət qeydiyyat nişanın tablosu və sağ tərəf ön işığın şüşəsinin sındığını, ehtiyatsızlıq və diqqətsizlik etməsi nəticəsində hadisə baş verdiyini, özünü buna görə günahkar saydığını, əməlindən səmimi peşman olduğunu buna görə də ona cəza təyin edərkən ilk dəfə olaraq cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və həmin şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, onkoloji xəstə olmasını, bununla bağlı tez-tez tibb müəsisələrinə müraciət etdiyini, sidik kanalında problem olduğu üçün sidiyin böyrəklərdən xaric olunması təbii yolla deyil, onun bədən səthi üzərinə xaricdən bərkidilmiş xüsusi vasitə ilə mümkün olduğunu, səhhətində ciddi problemlər olduğunu, qeyd etdiklərini nəzərə alaraq, onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. 19 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində 29 avqust 2023-cü il tarixdə axşam saatlarında Şərur şəhərində yerləşən məscidlərin birinə axşam namazını qılmaq üçün getdiyini, orada olan zaman qardaşı Seymur Qafarov ona zəng vuraraq anası X14 Şərur rayon Mərkəzi Xəstəxanasının qarşısında avtomobil vurduğunu dediyini, dərhal həmin yerə getdiyini, oraya çatan zaman anasını Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını öyrəndiyini, daha sonra xəstəxanaya anasının yanına getdiyini, həmin vaxt anasının özündə olduğunu və onunla danışdığını, həkimlərin ona anasının bədən səthi üzərində qırıqların olduğunu bildirdiyini, Şərur rayon Mərkəzi Xəstəxanasında anasına ilkin yardımlar göstərildikdən sonra onun təcili tibbi yardım avtomobili ilə Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına göndərildiyini, orada anası Reanimasiya Şöbəsinə qaldırıldığını və səhəri gün anasının orda vəfat etdiyini, bunun bir hadisə olduğunu, təqsirləndirilən şəxslə barişdiqlarını, ondan heç bir şikayətlərinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. 19 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X15 ifadəsində 29 avqust 2023-cü il tarixdə axşam saatlarında Şərur şəhərində yerləşən işıqforun yanında özünə məxsus olan “Renault” markalı, **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin içərisində əyləşib, avtomobildən düşmək istəyən zaman anidən Şərur rayon Mərkəzi Xəstəxanasının qarşısından səs gəldiyini eşitdiyini, oraya baxan zaman həmin yerdə avtomobilin piyadanı vurduğunu başa düşdüyünü, cibindən telefonunu çıxardaraq saata baxdığını, anası X11 həmin gün işlədiyi xəstəxanada növbədə olduğu və onun işdən çıxma saatının olduğu üçün təlaşa düşdüyünü, dərhal həmin vaxt yanında olan tanışı X19 ilə birlikdə həmin yerə getdiyini, oraya çatan zaman vurulan piyadanın anası Simoş Qafarova olduğunu gördüyünü, daha sonra hadisə yerinə “Təcili tibbi yardım” avtomobilinin gəldiyini, anasını həmin avtomobilə əyləşdirdikdən sonra öz avtomobili ilə Şərur rayon Mərkəzi Xəstəxanasına getdiyini, orada həkimlər anasını müayinə etdikdən onu Naxçıvan şəhər Mərkəzi xəstəxanasına göndərdiyini, orada anası Reanimasiya Şöbəsinə yerləşdirildiyini və səhəri gün anasının orda vəfat etdiyini bildirmişdir. 19 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən şahid X16 ifadəsində 29 avqust 2023-cü il tarixdə Şərur rayon Mərkəzi Xəstəxanasının önündə gözləyən zaman Şərur rayon Mərkəzi Xəstəxanasında xadiməçi işləyən X11 işdən çıxaraq yolun sağ hissəsindən sol hissəsinə keçmək istədiyini və həmin vaxt Şərur şəhərində yerləşən Kinobahar istiqamətində hərəkətdə olan “Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Simoş Qafarovanı vurduğunu gördüyünü, Simoş Qafarova zərbənin gücündən vurulduğu yerdən təxminən 1-2 metr irəliyə yıxıldığını, sonra həmin avtomobilin sürücüsünün avtomobili dayandıraraq yerə düşdüyünü, vurulan Simoş Qafarovanın yanına qaçdığını, həmin vaxt onunda Simoşun yanına çatdığını, Simoş Qafarovanın asfaltın üzərində uzanmış vəziyyətdə olduğunu, onun huşunun özündə olduğunu, daha sonra hadisə yerinə “Təcili tibbi yardım” avtomobilinin gəldiyini, onu Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını bildirmişdir. İşin məhkəmə baxışı iclasında iştirak edən şahid X19 ifadəsində 29 avqust 2023-cü il tarixdə axşam saatlarında dostu Şərur şəhər sakini Seymur adlı şəxslə Şərur şəhərində yerləşən işıqforun yanında dayanıb söhbət etdiyini, həmin vaxt Şərur rayon Mərkəzi Xəstəxanasının qarşısında avtomobilin piyadanı vurduğunu gördüyünü, Seymura həmin yeri göstərərək orada qəza olduğunu bildirdiyini, dərhal Seymurla birlikdə həmin yerə getdiyini, oraya çatan zaman vurulan piyadanın Seymurun anası Simoş olduğunu gördüyünü, avtomobilə baxan zaman Simoşu vuran şəxsin Şərur rayon Maxta kənd sakini Təqsirləndirilən şəxs olduğunu başa düşdüyünü daha sonra hadisə yerinə “Təcili tibbi yardım” avtomobilinin gəldiyini, onu Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas 20 avqust 2023-ci il tarixdə Şərur şəhər sakini X18 yolnəqliyyat hadisəsi nəticəsində xəsarət alması və almış olduğu xəsarətlər hesabına 29 oktyabr 2023-cü il tarixdə Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi barədə toplanmış materiallar olmuşdur. Cinayət işinin 1-ci vərəqində olan 29 avqust 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Şərur rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin rəisi vmie polis polkovnik-leytenantı İsmayıl Hüseynov tərəfindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmiş, X18 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 5-ci vərəqində olan 29 avqust 2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə törədilən zaman Təqsirləndirilən şəxs içkisiz olmuşdur. Cinayət işinin 11-ci vərəqində olan 29 avqust 2023-cü il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil Naxçıvan MR DİNnin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzinin duracağına təhvil verilmişdir. Cinayət işinin 14-cü vərəqində olan Sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmuşdur. Cinayət işinin 14-cü vərəqində olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. Cinayət işinin 17-ci vərəqində olan 29 avqust 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, ********* nömrə ilə cinayət işi üzrə “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin 44-cü vərəqində olan Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin xx.xx.2023cü il tarixli, 368 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2020-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində qeydiyyatda durur və ona Sidik kisəsinin blastoması. İİİ mərhələ.Radikal sistoprostatektomiya sistostma. Kimyəvi müalicədən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Cinayət işinin 46-cı vərəqində olan xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardad görünür ki, Şərur rayon Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin müstəntiqi polis baş leytenantı İbrahim Ağayev tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsilə ********* nömrə ilə cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 56-cı vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli 68 rəyindən görünür ki, mərhum X11 meyitinin məhkəmə tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol Vİ-V qabırğaların, sol bilək və sol bud sümüyün qapalı yerdəyişən sınıqları, ürək əzələsinin deşilmiş-cırılmış yarası, döş boşluğuna qan yığışması, sol bilək, sol bud və sol baldır nahiyələrində qançırlar və sol əl pəncəsində əzilmiş-cırılmış yara küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də avtomobil qəzası zamanında əmələ gəlmələri istisna olunmadığı, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəldiyi, meyitin bədən səthi üzərində aşkar edilmiş xəsarətlərin həyati olduğu, mərhum X11 ölməsinə səbəb almış olduğu travmalar hesabına baş vermiş travmatik və hegemotik şokun olduğu, mərhum S.Qafarovanın ölümünün müddəti meytin müayinə gününə (qərarda göstərilən tarixə) uyğun gəldiyi göstərilmişdir. Cinayət işinin 66-cı vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2023-cü il tarixli 955 saylı rəyində qeyd olunmuşdur ki, verilmiş məlumatlara əsasən “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasən, yaşayış məntəqələri daxilində nəqliyyat vasitələri 60 km/saat sürətindən çox olmayan surətlə hərəkət etməlidirlər. Sürücü Təqsirləndirilən şəxs “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən hadisə zamanı yolda konkret görüş məsafəsinə uyğun VAZ-2106 markalı avtomobilin hərəkət sürəti neç km/saat olması və nəqliyyat vasitəsinin faktiki hərəkət sürətinin görünüş məsafəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. Yuxarıda aparılmış hesabatdan məlum olur ki, sürücü Təqsirləndirilən şəxs VAZ- 2106 markalı avtomobili yaşayış məntəqəsi daxilində icazə verilən sürət həddindən yüksən sürətlə idarə etməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Piyadaların hərəkətlərinin qiymətləndirilməsi ekspertin səlahiyyətinə aid olmadığından və hüquqi əhəmiyyət kəsb etdiyindən həmin hala istintaq və ya məhkəmə tərəfindən qiymət verilir. Cinayət işinin 80-ci vərəqində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 90-cı vərəqində olan xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 98-ci vərəqində olan 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X12 zərərçəkmiş şəxs X11 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 114-cü vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 xx.xx.2023-cü il tarixli 1643 nömrəli məktubunda bildirilmişdir ki, 1967-ci il təvəllüdlü Seyidov X8 MR X2 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 121-ci vərəqində olan Maxta kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Maxta kəndində anadan olmuş, maxta kəndində böyümüş və orta məktəbi bitirmişdir. O yaşadığı müddətdə yaxşı ailə tərbiyəsi almış, kənd sakinləri və eləcədə ağsaqqallar arasında özünə hörmət qazanmış, onlarla ünsiyyətdə həmişə mehriban və səmimi olmuşdur. Kəndin ictimai işlərində və eləcədə icra nümayəndəliyinin keçirdiyi tədbirlərdə fəallıq göstərmiş, öz vətənpərvərliyi ilə kənd əhalisinə nümunə olmuşdur. Cinayət işinin 124-cü vərəqində olan Naxçıvan MR DİN-nin ƏSİB-in Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus foto şəkildən görünür ki, onun orqanizmdən sidiyin xaric edilməsi üçün bədən səthi üzərinə əlavə vasitə bağlanılmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədə qeyd edilmişdir ki, anam X11 avtoqəza nəticəsində ölümü ilə əlaqədar cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışdığımızdan onunla bağlı heç bir şikayət və tələbim yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-cimaddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə olaraq cinayət əməli törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və həmin şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, onkoloji xəstə olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Konstitusiya Məhkəməsinin Plenumunun“ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13- cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan cinayət qanunvericiliyinin normalarının tələbləri baxımından işin faktiki hallarını müvafiq qaydada iş materialları və qanunun prinsipləri ilə müqayisəli şəkildə təhlil edərək, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 70.1-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. - 70.2 -ci maddələrinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. - 70.3-ci maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, şəxsiyyətini və yuxarıda göstərilən cəzasını yüngülləşdirən digər halları nəzərə alaraq və onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzinin duracağında saxlanılan “Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Cinayət işində mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzinin duracağında saxlanılan “Vaz-2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar