Məhkəmə qərarları › İş №1(110)-4/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-4/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-4/2021 11.11.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Musa oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X10 iştirakı ilə Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1967-ci ildə Şərur rayon Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 4 uşaqlı, orta təhsilli, taksi sürücüsü, məhkumluğu olmayan, Şərur rayon Kürkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, 23.08.2021-ci il tarixdən barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi:

1. Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs Şərur rayon Kürkənd kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 19:00 radələrində özünə məxsus **-BC- *** dövlət nömrə nişanlı VAZ 2106 markalı minik avtomobili ilə Şərur rayon Qorçulu kəndi ilə Şərur rayon Şəhriyar kəndini birləşdirən asfalt yolun Qorçulu kəndindən keçən hissəsində yolun əks istiqaməti ilə yəni yolun sol hərəkət zolağı ilə Şəhriyar kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq onun həmin qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanı olduğu halda qanunun bu tələbini pozaraq yaşayış məntəqəsi daxilində hərəkət sürəti 60 km/saatdan çox olmayan sürətlə hərəkət etməli olduğu halda saatda 80-85 km/saat sürətlə hərəkət edərək həmin yolun sağ hərəkət zolağından sol hərəkət zolağına keçən velosipedçi X11 ehtiyatsızlıqdan vurmuş, nəticədə Hüseyn Sadıqov almış olduğu baş beyin toxumasının əzilməsi xəsarəti hesabına 25 iyul 2021-ci il tarixdə saat 15:00 radələrində müalicə aldığı Naxçıvan MR X2 şöbəsində ölmüşdür.

2. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: 2.1 Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bildiyini, 24 iyul 2021-ci il tarixdə saat təqribən 18:00 radələrində həmkəndlisi X20 ona yaxınlaşaraq onu Alışar kəndinə aparmağı, orada heyvan var onlara baxacam sözlərini dediyini, X31 kəndinə apardığını, sonra kəndə qayıtdıqlarını, Qorçulu kəndi ilə Şəhriyar kəndini birləşdirən asfalt yolun Qorçulu kəndindən keçən hissəsində hərəkətdə olan zaman yolun sol hissəsindən tanımadığı velosipedçinin onun hərəkət zolağına keçdiyini, onu görüb yolun əks istiqamətinə, yəni yolun sol hissəsinə keçdiyini, avtomobilin sürətini azaltdığını, velosipedçinin bir müddət yolun sağ hissəsilə getdikdən sonra anidən yolun sol hissəsinə keçdiyini, həmin vaxt yolun sol hissəsi ilə Şəhriyar kəndi istiqamətində hərəkət etdiyini, velosipedçinin yolun sol hissəsinə keçdiyini görən zaman ayağını avtomobilin əyləcinə basaraq siqnal verdiyini, lakin həmin velosipedçinin buna məhəl qoymadığını, sonra idarə etdiyi avtomobilin həmin velosipedin arxa təkərindən dəydiyini, zərbənin gücündən velosipeddə olan şəxsin asfaltın üstünə yıxıldığını, avtomobildə olan Sabir Əliyev ilə birlikdə avtomobildən düşüb kişiyə yaxınlaşdığını, təcili yardım şöbəsinə zəng vurub həmin yerə həkim çağırdıqlarını, bir müddət sonra təcili tibbi yardım maşınının hadisə yerinə gəldiyini, həkimlərin velosipedçini xəstəxanaya apardıqlarını, sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, onlar tərəfindən hadisə yerinin foto şəkillərinin çəkildiyini və protokol tərtib olunduğunu, 25 iyul 2021-ci il tarixində isə X5 almış olduğu xəsarətlər hesabına Naxçıvan MR X2 şöbəsində ölməsi xəbərini eşitdiyini bildirdi. Təqsirləndirilən şəxs həmçinin verilən suallara cavabında istintaq zamanı düzgün ifadə verdiyini, hər hansı təzyiq göstərilmədiyini, taksi fəaliyyəti ilə məşğul olduğunu, zərərçəkmiş şəxsin yanına çatanda ötüb keçmək istədiyini, həmin vaxtı siqnal verdiyini, zərərçəkmiş şəxsin anidən onun qarşısına çıxdığını, bir tərəfin dərə olduğunu, bir tərəfdə isə qaz xəttinin olduğunu, hadisə zamanı zərərçəkmiş şəxs maşının sağ tərəfindən şüşəyə dəyib yerə düşdüyünü, yerə düşən zaman başında bir az qan olduğunu, ona köməklik etdiyini, üzünə su vurduğunu, 10 dəqiqə ərzində təcili tibbi yardım maşının gəldiyini, həmin vaxtı da oğlunun oraya gəldiyini, oğlunun da təcili tibbi yardım maşını ilə getdiyini, həmin vaxtı özünü pis hiss etdiyini, əməlindən peşman olduğunu, qarşı tərəflə barışdığını, həmin vaxt idarə etdiyi avtomobilin salonunda ondan başqa Şərur rayon Kürkənd kənd sakini X20 olduğunu, X11 əvvəlcədən tanımadığını, idarə etdiyi **-BC-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı minik avtomobilin özünə məxsus olduğunu, sürücülük vəsiqəsinin olduğunu, həmin avtomobilin Rusiya istehsalı olmaqla 2005-ci il buraxılışı olduğunu, avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu, onda hər hansı bir texniki nasazlıq olmadığını, sonuncu texniki baxış müddətinin hadisə baş verən gündən 11 gün əvvəl bitdiyini, maddi cəhətdən imkanı olmadığı üçün texniki baxışdan keçirə bilmədiyini, şinlərin orta vəziyyətdə olduğunu, avtomobilinin yüklü olmadığını, hadisə baş verən zaman idarə etdiyi avtomobilin sürətinin təxminən 80-85 km/sürət olduğunu, təxminən 25-30 metr məsafədə olan zaman həmin şəxsin velosiped ilə yolun sağından soluna keçdiyini gördüyünü, gördüyü zaman da əyləci sıxdığını, hadisədən əvvəl spritli içki qəbul etmədiyini, səhhətilə əlaqədar hər hansı bir narahatçılığının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X17 verdiyi izahatında 24.07.2021-ci il tarixdə atasının Qorçulu kəndində olan torpaq sahəsini suvarmaq üçün ora getdiyini, özünün getmək istədiyini atasına bildirsə də atasının buna razı olmadığını, onun da iribuynuzlu heyvanlarını gətirmək üçün getdiyini, bir müddət keçdikdən sonnra kəndin icra nümayəndəsinin ona zəng vuraraq həmin yerə getməyini istədiyini, sonra anasını zəng vuraraq atasının qəza keçirtdiyini bildirdiyini, onun da hadisə yerinə getdiyini, hadisə yerinə çatan zaman onu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmış olduqlarını, sonra onun da Şərur Rayon Mərkəzi Xəstəxanasına getdiyini, atasının xəstəxananın təcili tibbi yardım şöbəsində huşsuz vəziyyətdə çarpayıda uzanmış olduğunu gördüyünü, sonra atasını təcili tibbi yardım avtomobili ilə Naxçıvan MR Mərkəzi xəstəxanasına apardıqlarını, orada onu reanimasiya şöbəsinə köçürdüklərini, atasının 25.07.2021-ci il tarixində həmin xəstəxananın reanimasiya şöbəsində vəfat etdiyini bildirdi. Zərərçəkmiş şəxsin hüquqi varisi verilmiş suallara cavabında həkimin atasının vəziyyətinin ağır olduğunu dediyini, beyin travmasının keçirtdiyini, həmin vaxtı atasının huşsuz vəziyyətdə olduğunu, başının arxa hissəsində yara olduğunu, onları tanımadığını, hadisə yerində olan zaman heç nəyə fikri vermədiyini, sadəcə atasını düşündüyünü, təqsirləndirilən şəxslə hər hansı ədavətinin olmadığını, təqsirləndirilən şəxsin onunla barışıq əldə etdiyini, ondan heç bir şikayətinin olmadığını, atasının lal-kar olduğunu, İİİ qrup əlil olduğunu bildirdimişdir. 2.2 Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X29 ifadəsində 24 iyul 2021ci il tarixində saat 18:00 radələrində Alışar kəndinə heyvan almaq üçün taksi tapmaq məqsədilə kənd mərkəzinə getdiyini, orada həmkəndlisi Təqsirləndirilən şəxs gördüyünü, Nizamidən onu Şərur rayon Alışar kəndinə aparmasını istədiyini, Nizami ilə razılaşıb ona məxsus VAZ 2106 markalı minik avtomobillə Şərur rayon Alışar kəndinə getdiklərini, orada satılıq olan xırda buynuzlu heyvanlara baxdığını, həmin heyvanları almaq qərarına gəldiyini, ancaq ev sahibinin evdə olmadığı üçün qiymətini danışa bilmədiyini, sonra kəndə qayıtmaq üçün yola düşdüklərini, Şərur rayon Qorçulu kəndi ilə Şərur rayon Şəhriyar kəndini birləşdirən asfalt yolun Qorçulu kəndi ərazisindən keçən hissəsində Şəhriyar kəndi istiqamətində öndə tanımadığı bir nəfərin velosipedlə hərəkətdə olduğunu gördüklərini, ona görə də Nizamini idarə etdiyi avtomobili yolun əks istiqamətinə yəni yolun sol hərəkət zolağına çəkdiyini və həmin hissə ilə hərəkətini davam etdirdiyini, sonra anidən velosipedçinin yolun sağ hərəkət zolağından sol hərəkət zolağına keçərək avtomobilin önünə çıxdığını, bu zaman Nizaminin avtomobili dayandırmaq məqsədilə əyləci sıxdığını, buna baxmayaraq avtomobilin ön hissəsinin velosipedin arxa hissəsindən dəydiyini, zərbənin gücündən velosipedçinin asfaltın üzərinə yıxıldığını, Nizami ilə birlikdə avtomobildən düşüb ona tərəf getdiklərini, həmin şəxsin özündə olmadığı üçün 103 xidmətinə zəng vurub həmin yerə təcili tibbi yardım maşının gəlməsini bildirdiklərini, çox keçmədən hadisə yerinə həkim briqadasının gəldiklərini, onların təcili tibbi yardım avtomobili ilə həmin kişini xəstəxanaya apardıqlarını, orada velosipedçinin Şərur rayon Qorçulu kənd sakini X14 olduğunu bildiyini, sonra hadisə yerinə polis əməkdaşlarının gəldiklərini, hadisə yerinin foto şəkillərini çəkdiklərini, protokol tərtib etdiklərini, səhəri gün yəni 25 iyul 2021-ci il tarixində X5 Naxçıvan MR X2 şöbəsində öldüyünü eşitdiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X29 verilmiş suallara cavabında Rafiq adlı şəxsin evlərinə getdiklərini, həmin vaxtı avtomobilin ön oturacağında əyləşdiyini, avtomobilin surətinin təxminən 80 km/saat olduğunu, zərərçəkmiş şəxsin 50-60 metr məsafədən onların yoluna çıxdığını, 20-30 metr qalmış anidən onların qabağına çıxdığını, həmin vaxtı Nizaminin tormoz verdiyini, velosipedin arxa tərəfindən vurulduğunu, maşının şüşəsinə dəyərək yerə düşdüyünü, avtomobildən düşərək onun üzünə su vurduqlarını, onu tərpətməmək üçün təcilli tibbi yardım maşınını gözlədiklərini, həmin vaxtı sürücünün qorxmuş vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 24 iyul 2021-ci il tarixində saat təxminən 19:15 radələrində Şərur Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində növbədə olan zaman şöbəyə Şərur rayon Qorçulu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsilə bağlı telefon zənginin daxil olduğunu, şöbənin sürücüsü Fəxrəddin Məmmədovun idarə etdiyi təcili tibbi yardım avtomobili ilə həmin ünvana getdiyini, Şərur rayon Qorçulu kəndinin girişinə çatan vaxtı asfalt yolda yol-nəqliyyat hadisəsinin baş verdiyini gördüklərini, bir kişinin uzanmış vəziyyətdə olduğunu görən zaman təcili həmin şəxsin yanına getdiyini, kişinin vəziyyətinin yaxşı olmadığını, onun huşsuz vəziyyətdə olmaqla heç bir şeyə reaksiya vermədən asfaltın üzərində olduğunu, həmin şəxsin başının arxa hissəsində yaranın olduğunu, həmçinin də sol ayağının dizindən aşağı hissəsindən qan axdığını, ilk öncə onun təzyiqini yoxladığını, təzyiqinin 90- 130 olduğunu, həmin şəxsin vəziyyətinin ağır olduğunu nəzərə alaraq onu təcili tibbi yardım avtomobili ilə xəstəxananın travma şöbəsinə gətirdiklərini, travma şöbəsində onun başına və ayağına sarğıların qoyulduğunu, vena daxilindən ağrı kəsicilər vurulduğunu və sistem qoşulduğunu, sonra həmin şəxsin Naxçıvan MR MX-nın təcili yardım şöbəsinə apardıqlarını, bir neçə gündən sonra həmin şəxsin qeyd olunan xəstəxananın reanimasiya şöbəsində öldüyünü eşitdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 verilmiş suallara cavabında 10 dəqiqə ərzində hadisə yerinə çatdıqlarını, avtomobildə qan ləkəsinin olmadığını, hadisə törədən şəxsin oğlunun onlar ilə bərabər xəstəxanaya getdiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 izahatında və verilmiş suallara cavabında 24 iyul 2021-ci il tarixində saat təxminən 19:15 radələrində Şərur Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə Şərur rayon Qorçulu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsilə bağlı telefon zənginin daxil olduğunu, şöbənin feldşeri X18 ilə birlikdə təcili tibbi yardım avtomobili ilə həmin ünvana getdiklərini, Şərur rayon Qorçulu kəndinin girişinə çatan vaxtı asfalt yolda baş vermiş yol-nəqliyyat hadisəsini gördüklərini, həmin avtomobilin önündə asfaltın üzərində uzanmış və huşsuz vəziyyətdə olan bir kişinin olduğunu gördüyünü, kişinin vəziyyətinin yaxşı olmadığını, onun huşsuz vəziyyətdə olmaqla heç bir şeyə reaksiya vermədiyini, həmçinin də onun sol ayağının dizindən aşağı hissəsindən qan axdığını, həmin kişidən də irəlidə qırmızı rəngli velosipedin olduğunu, Rza həkimin ilk tibbi yardımı göstərdikdən sonra həmin şəxsi onu idarə etdiyi təcili tibbi yardım avtomobili ilə xəstəxananın travma şöbəsinə gətirdiklərini, sonra həmin şəxsin Naxçıvan MR MX-nın təcili yardım şöbəsinə apardıqlarını, başında qan gəldiyini, ayağının sınıq vəziyyətdə olduğunu, hadisə törədən şəxsin xəstənin təcili tibbi yardım maşınına qoyan zaman onlara köməklik etdiyini, xəstəxanaya aparan zaman xəstənin hələ sağ olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X21 ifadəsində və verilmiş suallara cavabında 24 iyul 2021-ci il tarixində saat 18-19:00 radələrində kənd mərkəzində olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs Şərur rayon Qorçulu kəndindən keçən asfalt yolda idarə etdiyi avtomobillə bir velosipedçinin vurmuş olduğunu eşitdiyini, dərhal həmin əraziyə getdiyini, Şərur rayon Qorçulu kəndi ilə Şəhriyar kəndini birləşdirən asfalt yolun Qorçulu kəndindən keçən hissəsinə çatan vaxt Təqsirləndirilən şəxs məxsus **-BC- *** dövlət nömrə nişanlı VAZ 2106 markalı minik avtomobilinin asfalt yolda dayanmış vəziyyətdə olduğunu gördüyünü, avtomobilin kapot hissəsinin əzilmiş olduğunu, yerdə su izinin gördüyünü, həmin avtomobildən öndə isə asfaltın üzərində qırmızı rəngli velosipedin olduğunu, polis əməkdaşlarının ondan hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, heç bir təzyiq göstərilmədən polis əməkdaşlarının xahişini qəbul etdiyini, ona və həmin vaxtı hadisə yerində olan X22 hüquq və vəzifələrinin izah edilərək hadisə yerinə baxış keçirildiyini, hadisə yerinin planının tərtib edilərək hadisə yerinin müxtəlif istiqamətlərdən foto şəkillərinin çəkildiyini və protokola əlavə olunduğunu, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, bu zaman avtomobil təkərinin 27 m süründüyünün ona məlum olduğunu, protokolun düzgünlüyünün iştirakçılar tərəfindən imzalarla təsdiq olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X25 ifadəsində və verilmiş suallara cavabında 24 iyul 2021-ci il tarixində saat 18-19:00 radələrində Qorçulu kənd mərkəzində olan zaman həmkəndlisi X5 avtomobillə vurularaq xəsarət aldığını eşitdiyini, bir həmkəndli kimi hadisənin baş verdiyi yerə getdiyini, hadisənin Qorçulu kəndi ilə Şəhriyar kəndini birləşdirən asfalt yolda baş vermiş olduğunu, **-BC-*** dövlət nömrə nişanlı VAZ 2106 markalı minik avtomobilinin asfalt yolda dayanmış vəziyyətdə olduğunu gördüyünü, həmin avtomobilin ön alın şüşəsinin sınmış olduğunu, həmin avtomobildən 3- 4 m aralıda isə asfaltın üzərində əzilmiş velosipedi gördüyünü, bir müddət sonra polis əməkdaşlarının ondan hal şahidi qismində iştirak etməyini xahiş etdiklərini, heç bir təzyiq göstərilmədən polis əməkdaşlarının xahişini qəbul etdiyini, həmin vaxtı hadisə yerində olan X15 və ona hüquq və vəzifələrinin izah edildiyini, sonra hər ikisinin iştirakı ilə hadisə yerinə baxış keçirildiyini, hadisə yerinin planının tərtib edilərək hadisə yerinin müxtəlif istiqamətlərdən foto şəkillərinin çəkildiyini və protokola əlavə olunduğunu, sonra tərtib edilmiş protokolun ucadan oxunduğunu, hadisə yerində olan tormoz izinin 27,5 metr olduğunun ona məlum olduğunu, protokolun düzgünlüyünün iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. 2.3 Ekspert rəyləri: İş materiallarında olan Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin 04.08.2021-ci il tarixli 28 saylı rəyindən görünür ki, X7 bədən səthində aşkar edilmiş xəsarətlər – sol gicgah nahiyyəsində yara, dərialtı yumuşaq toxumaya qansızmahematoma, beyin toxumasının əzilməsi, baldır sümüklərininaaçıq sınığı, sağ bud nahiyyəsin yara küt müxanizmdən bərk küt əşyanın təsirindən törənmişlər, eləcə də avtomobil qəzası nəticəsində törənməyə xarakterikdirlər. Xəsarətlərin yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə uyğun gəlir. X5 ölümünə səbəb almış olduğu avtomobil travması nəticəsində baş beyin toxumasının əzilməsi səbəb olmuşdur. İş materiallarında olan “Yol-nəqliyyat hadisələri mexanizminin tədqiqi” ekspertizasının 20.08.2021-ci il tarixli 221 nömrəli rəyində göstərilmişdir ki, göstərilən vəziyyətdə “VAZ-2106 markalı” **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə hadisə sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar baş vermişdir. İş materiallarında olan Ambulator Məhkəmə Psixatrik Ekspertizasının 10.09.2021-ci il tarixli 74 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl, hadisə vaxtı və hadisədən sonra psixi xəstəlik müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl və törədən zaman psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs hal-hazırda anlaqlılığı istisna edən hansısa psixi xəstəlikdən əziyyət çəkmir və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. İş materiallarında olan Ambulator Məhkəmə Narkoloji Ekspertizasının 10.09.2021ci il tarixli 75 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolizmdən və narkomaniyadan əziyyət çəkmir. 2.4 Digər sənədlər: İş materiallarında olan 25.07.2021-ci il tarixli 22 nömrəli alkoqolun qəbul faktı və sərxoşluq halını təyin edən tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqolun qəbul edilməsi əlamətləri yoxdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 07.12.2012-ci il tarixli 040039 saylı əlillik vəsiqəsindən görünür ki, X16 27.03.1980-ci ildən ömürlük əlilliyə görə əmək pensiyası ilə təmin olunmuşdur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin 24.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan 03.09.2021-ci il tarixli 1/793 saylı Naxçıvan MR Daxili İşlər Nazirliyinin X39 İdarəsinin məktubundan görünür ki, Şərur rayon Kürkənd sakini Təqsirləndirilən şəxs mülkiyyətində 13.07.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında “Vaz 2106” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Ona 25.11.2020-ci il tarixdən 25.11.2030-cu il tarixədək Naxçıvan MR Daxili İşlər Nazirliyinin X39 İdarəsinin Qeydiyyat İmtahan və X33 təərfindən BD seriyalı 850074 nömrəli B1, B, C1, C, kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum edilməsi barədə məlumat yoxdur. İş materiallarında olan 04.11.2021-ci il tarixli doğum akt qeydiyyatı kitabı çıxarışlardan və 01.09.1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8, X3, X9 və X4 ibarət uşaqları vardır və onlar yetkinlik yaşına çatmışlar. İş materiallarında olan Şərur rayon Kürkənd kənd İƏDN-in 17.09.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə intizamlı, vətənpərvər və sağlam bir ailə başçısı kimi tanınmışdır.

3. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublilası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahid ifadələrinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayəti törətməsini, cinayətin törədilməsindən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquq varisinin hazırda ona qarşı heç bir şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxsin ittiham olunduğu, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə üsulunu nəzərə alıb ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 155.3.3-cü maddəsinə görə hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə həbs qətimkan tədbiri seçilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində həbs qətimkan tədbirinin seçildiyi 11 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Həmçinin Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməlidir. İş üzrə maddi sübut - Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “VAZ-2106 markalı” **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hökm qanuni qüvəyə mindikdən sonra qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxs və üzərində MONDİAL sözləri yazılan qırmızı rəngli velosiped hökm qanuni qüvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılmalıdır. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Musa oğlunun ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin.

2. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin.

3. Cəzaçəkmə müddətinin başlanğıcı 11 noyabr 2021-ci il tarixdən hesablansın.

4. Barəsində seçilmiş “başqa yerə getməmək” qətimkan tədbiri dəyişdirilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə zalından həbsə alınsın.

5. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Musa oğlunun ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının hesabına köçürülsün.

6. İşdə mülki iddianın olmaması nəzərə alınsın.

7. Hökm qanuni qüvəyə mindikdən sonra Naxçıvan MR DİN-nin DYPİ Qİ və TPŞ-nin Şərur rayon rayonlar arası müayinə mərkəzinin həyətində saxlanılan “VAZ-2106 markalı” **-BC-*** dövlət qeydiyyat nişanlı minik avtomobil qanuni mülkiyyətçisi Təqsirləndirilən şəxs və üzərində MONDİAL sözləri yazılan qırmızı rəngli velosiped hökm qanuni qüvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X12 qaytarılsın.

8. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar