Məhkəmə qərarları › İş №1(110)-4/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-4/2022

22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-4/2022 22.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, xüsusi ittihamçılar X3 və X1, təqsirləndirilən şəxslər X6, X7 və onların müdafiəçisi Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Şərur rayon Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, məhkumluğu olmayan, Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan X6 xx.xx.1983-cü ildə Şərur rayon Maxta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şərur rayon Mahmudkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 və X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 və X2 ərizə təqdim edərək, X10 və X11 ilə aralarında barışıq əldə olunduğunu göstərmiş, bu səbəbdən işin icraatına xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında X10, X11 və Müdafiəçi xüsusi ittiham qaydasında şikayətə xitam verilməsini məhkəmədən xahiş etmiş və bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdirlər. Məhkəmə, prosess iştirakçılarını dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqsirləndirilən şəxslər X6 və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.9-cu maddəsinə əsasən zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2, 39.1.9 və 41.7-ci maddələrinə əsasən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməməsinə, belə barışma məhkəmə müşavirə otağına gedənədək əldə olunduqda isə cinayət təqibinə xitam verilməsinə şərtsiz əsasdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 16-cı hissəsində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinin əsas xüsusiyyətlərindən biri məhkəmənin müşavirə otağına gedənədək xüsusi ittihamçının barəsində şikayət verilmiş şəxslə barışdıqda həmin təqibə xitam verilməsidir. Tərəflərin barışması halının yeni cinayətlərin törədilməsinin qarşısının alınmasında əhəmiyyət kəsb etdiyini nəzərə alaraq məhkəmələrə bütün hallarda zərərçəkmişə onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini qaldırdığı şəxslə barışmaq hüququnun olmasını izah etmələri tövsiyə edilir. Bu hüququn olması barədə izah həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışının hər hansı mərhələsində, lakin məhkəmə müşavirə otağına gedənədək verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə tərəflər barışdığından X10 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Həmçinin qeyd edilməlidir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 və X7 dövlət hesabına müdafəçisi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi ona hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, xüsusi ittiham materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37, 39, 41, 43, 314, 321, 344-349, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 və X7 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 və X8 göstərdiyi hüquqi yardıma görə Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış xidmət haqqı ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 20 gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar