Məhkəmə qərarları › İş №1(110)-4/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-4/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-4/2024 23.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs оğlu və müdafiəçisi Şərur Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 23 yanvar 2024-cü il tarixdə saat 12:29-da Şərur Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu il tarixində Şərur rayon Sərxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 uşaqlı, orta təhsilli, işsiz, məhkum olunmamış, hal-hazırda Şərur rayon Sərxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində 03 noyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri: Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saat 04:00 radələrində özgə əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus olan Şərur rayon Sərxanlı kəndində yerləşən evin pəncərəsindən evə qanunsuz daxil olaraq salonda olan masanın üzərindən içərisində 445 manat pul, 1 ədəd şəxsiyyət vəsiqəsi və 1 ədəd bank kartı olan pul kisəsini gizli olaraq talamışdır. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadəsi: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyini, ifadəsində 28 oktyabr 2023-cü il tarixdə gecə saat təxminən 04:00 radələrində yoldaşı X4 Türkiyə Respublikasına yola saldığını, sonra evə qayıdarkən X1 evinin yanından keçdiyini, bir müddət əvvəl bir baş qaramalının öldüyünü, özünə yeni qaramal almağa pulu çatmadığını, o an həmin evə daxil olaraq pul oğurlamaq qərarına gəldiyini, ilk olaraq həmin evin həyətyanı sahəsinə daxil olduğunu, evdə heç kimin olmadığından əmin olduqdan sonra evin giriş qapısının önündə olan stulu evin giriş qapısının yanında olan pəncərənin önünə qoyaraq pəncərədən evin salonuna daxil olduğunu, ilk öncə yataq otağında olan döşəklərin altına baxsa da pul tapa bilmədiyini, yenidən salona qayıtdığını, girdiyi pəncərinin qarşısında yerləşən masanın üzərində pul qabı gördüyünü, həmin pul qabını götürdüyünü və evdən çıxdığını, sonra öz evinə gəldiyini, pul qabının içərisində 445 manat pul, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və plastik bank kartı olduğunu, pulu götürdüyünü, pul kisəsi, şəxsiyyət vəsiqəsi və bankomat kartını isə evlərinin həyətində olan kanalizasiya quyusuna atdığını, suallara cavabında həmin evə daxil olmağı əvvəlcədən planlaşdırmadığını, evə tək daxil olduğunu, həmin evə yalnız pul götürmək üçün daxil olduğunu, həmin pulun üzərinə 2255 manat pul qoyub toplanan pul ilə özünə 1 ədəd inək aldığını, 2255 manat pulu özünün yığıb saxladığını, tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən zərəri tam şəkildə ödədiyini, üzürxahlıq etdiyini bildirmiş, himayəsində 2 azyaşlı uşağının olduğunu, bütün bunları nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin ifadəsi: Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını və üzrlü səbəbdən məhəkəməyə gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində və suallara cavabında həmin gün müəllimə yoldaşları ilə oynadığı lotereyadan 380 manat pulu götürdüyünü, daha sonra təxminən saat 13 radələrində istirahət etmək üçün işdən çıxıb Şərur rayon Sərxanlı kəndində yerləşən yaşadığı evə getdiyini, evə çatan zaman evdə heç kim olmadığını, əlindəki pulu evdə masanın üzərində olan pul qabının içərisinə qoyduğunu, bu zaman pul qabında həmin 380 manatdan başqa 145 manat pulu olduğunu, saat təxminən 14:00 radələrində yenidən işə qayıtdığını, 16:00 radələrində məktəbdən çıxıb evə gəldiyini, bu zaman evin qarşısında olan yolda qardaşı X3 gördüyünü, aldığı qumun pulun verməsi üçün pul kisəsindən qardaşına 70 manat pul verdiyini, həmin vaxt pul kisəsində 455 manat pulu qaldığını, daha sonra yenidən məktəbə qayıtdığını, saat təxminən 18:00 radələrində işdən çıxıb evə gəldiyini, daha sonra pul kisəsinin içərisindən 10 manat pul götürüb pul kisəsini salondakı masanın üzərinə qoyduğunu, atası ilə birlikdə atasıgilə getdiyini, üzərində götürdüyü 10 manat pulu duz alması üçün atasına verdiyini, sabahsı gün saat təxminən 08:00 radələrində yenidən öz evinə qayıtdığını, salondakı masanın üzərinə baxan zaman pul kisəsinin yerində olmadığını və pərdənin kənara çəkilmiş olduğunu gördüyünü, dərhal həyat yoldaşı və atasına zəng vurub məlumat verdiyini, daha sonra atası ilə birlikdə polis idarəsinə gələrək məlumat verdiyini, sabahsı gün “Kapital” bankın filialına gedərək bankomat kartında olan pulu nağdlaşdırdığını, daha sonra evindən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu öyrəndiyini, ziyanın ona ödənildiyini, təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirmişdir. Şahid ifadələri: Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində və verilən suallara cavabında 27 oktyabr 2023-cü il tarixdə saat təxminən 16:00 radələrində Şərur rayon Sərxanlı kəndində yerləşən otlaq sahələrinə getdiyini, orada qızı Zərərçəkmiş şəxs məxsus inəyi açıb otardıqdan sonra inəyi qızının yaşadığı evə apardığını, qızı evlərinin qapısını bağladıqdan sonra onunla birlikdə özünə məxsus evə getdiklərini, səhərisi gün təxminən saat 08:00 radələrində qızının öz evlərinə qayıtdığını, sonra qızı ona zəng edərək evlərindən oğurluq edildiyi barədə məlumat verdiyini, bundan sonra polisə bu barədə məlumat verdiklərini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində və verilən suallara cavabında Şərur Rayon Polis İdarəsinin CAŞ-da işlədiyini, Şərur rayon Sərxanlı kənd sakini Zərərçəkmiş şəxs Sərxanlı kəndində yaşadığı evindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilməsi ilə bağlı ərizəsi polis idarəsinə daxil olduğunu, bununla bağlı ona əməliyyat tapşırığı verildiyini, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirildiyini, aparılan tədbirlər nəticəsində cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin müəyyən olunduğunu, həmin şəxsin tutularaq istintaqa təhvil verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs şahid ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş materiallarında olan protokollar və digər sənədlərlə də sübuta yetir. Ekspert rəyi: İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasına dair Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 1236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əsas fərdi-psixi xüsusiyyətlərinə görə ümumi dünya görüşü orta səviyyədə olmaqla bilikləri güzaran təcrübəsinə və onu əhatə edən sosial mikromühitə uyğun olduğu, ətraf aləmin və predmet və hadisələrini onlar arasında olan uyarlıqları dərk etməkdə çətinlik çəkmədiyi, onun əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətlərinin müşahidə olunmadığı, onun kifayət qədər lüğət ehtiyatına malik olduğu, öz fikirlərini başqalarına çatdıra bildiyi, Təqsirləndirilən şəxs təfəkkürünün müstəqilliyi kimi keyfiyyəti normal səviyyədə olmaqla təhlil və tərkib proseslərinin normaya uyğun olduğu, ixtiyari yadda saxlamasının normal olduğu, hadisə zamanı emosional-psixi halında hər hansı ekstremal dəyişikliyin baş vermədiyi, keçirmiş olduğu emosional halına görə hadisə zamanı etdiyi hərəkətləri adekvat olaraq qavramaqla onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olduğu, onun cinayət əməlini törədərkən affekt halında olmadığı, fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətlərinin müşahidə olunmadığı, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt halında olmadığı, əqli və psixi inkişafına, fərdi-psixi xüsusiyyətlərinə görə bu və ya digər hadisəni qavramaq, yadda saxlamaq və yada salmaq imkanına malikdir. İstintaq protokolları və digər sənədlər: İş materiallarında olan 28 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şərur rayon Sərxanlı kənd sakini Zərərçəkmiş şəxs məxsus yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin salonun eşiyə açılan 1.50x1.50 metr ölçüdə, taxta materialdan hazırlanmış pəncərənin üzərinə çəkilmiş sellofonun sağ hissəsinin cırıldığı, yataq otağında sol tərəfdə olan çarpayının üzərindəki döşəklərin dağıdıldığı müəyyən edilmişdir. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus evə onun razılığı ilə baxış keçirilmiş və baxış zamanı evin həyətyanı sahəsində olan quyudan Təqsirləndirilən şəxs atdığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd “Kapital” banka məxsus bankomat kartı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 445 manat pul vəsaiti, pul kisəsi, şəxsiyyət vəsiqəsi və bankomat kartı Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X2 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi qeydiyyatda durmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Şərur rayon Sərxanlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şərur rayon Sərxanlı kəndində arvadı və 2013 və 2017-ci ildə doğumuş iki azyaşlı oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan Şərur rayon Sərxanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verillmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs sakit və təmkinli olduğu, kəndin ictimai işlərində fəal iştirak etdiyi üçün yaşadığı ərazidə müsbət xarakterizə olunur. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5, 44.1, 351.2-ci maddələrinin tələblərinə görə məhkəmənin hökmü ehtimallara əsaslana bilməz, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutlara əsaslanmalı, təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, şahidin ifadəsinə, istintaq protokollarına və işin digər hallarına məcmu halında qiymət verərək, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib hesab edir ki, iş üzrə cinayət hadisəsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi, onun ittiham elan olunan cinayətin törədilməsində aidiyyəti və təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur və cinayət təqibi orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyəti və cəzadan azadetmə əsasları yoxdur. Buna görə də törətdiyi əmələ görə təqsirləndirilən şəxsə ittiham elan olunan maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin olunmalıdır. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərini, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, habelə törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qeyd olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini - barəsində müsbət xasiyyətnamə verilməsini, özünə tənqidi yanaşmasını, əməlindən peşman olmasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların isə olmamasını, habelə gəncliyini, ilk dəfə cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şəxsin tutulduğu müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərci Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edildiyinə görə ödənilməli olan vəsaitdən ibarətdir. Təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından və müdafiəçinin məhkəmə prosesində iştirakı Azərbaycan Respublikası CPM-nin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin edilməli olduğundan, hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin edilmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs dəymiş ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar zərərçəkmiş şəxs qaytarılmışdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək tutulduğu müddət nəzərə alınaraq ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə gecə saat 22:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şərur rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Şərur Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Şərur Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs vurulmuş 445 (dörd yüz qırx beş) manat ziyanın tam şəkildə ödənilməsi nəzərə alınsın. İş üzə mülki iddia və xüsusi müsadirə olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar