Məhkəmə qərarları › İş №1(110)-4/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-4/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-4/2025 13.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclası katibliyi, Dövlət ittihamçısı Naxçıvan MR Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Şərur rayon Çomaxtur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, məhkumluğu olmayan, işsiz, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Şərur rayon Çomaxtur kəndində qeydiyyatda duran və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o 11 noyabr 2024-cü il tarixdə saat 14:15 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, “D Minik” modelli, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur rayon Çomaxtur kənd ərazisində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyərək ötmə əməliyyatını yerinə yetirərkən yolun sol kənarı ilə yola paralel istiqamətdə düzünə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol alın təpə nahiyələrində başın yumşaq toxumaları altına qansızma, sol alın-təpə sümüklərinin açıq yerdəyişən qəlpəli xətti sınıqları, baş beyin toxumasının əzilməsi, hemotoması ilə müşayiət olunan küt kəllə beyin travması, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı, bədənin müxtəlif nahiyələrinin yara və sıyrıqlardan ibarət ağırlıq dərəcələrinə görə sağlam şəxslərdə yetirilmə anı həyat üçün təhlükəli olmaqla ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur. Bununla da vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıda göstərilən qaydada müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində, uzun müddətdir avtomobil idarə etdiyini, avtomobil idarə etdiyi müddət ərzində yol nəqliyyat hadisəsi törətmədiyini, təxminən 2-3 il bundan əvvəl həmkəndlisi Məharət adlı şəxsdən 7900 manata “Mercedes Benz D Minik” markalı avtomobil aldığını, 11 noyabr 2024-cü il tarixdə saat 14:00 radələrində həmin avtomobil ilə həyat yoldaşı X6 ilə birlikdə yaşadığı Çomaxtur kəndində yerləşən evdən çıxaraq Sədərək rayon Dəmirçi kəndində vəfat etmiş bacanağının xalası oğlu Məhərrəmin yas mərasimində iştirak etmək üçün yola düşdüklərini, Çomaxtur yolu ilə hərəkətini davam etdirdiyini, həmin zaman avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etdiyini və öz yolunda olduğunu, bu zaman önündə açıq mavi rəngli “Mercedes Benz” markalı avtomobilin hərəkət etdiyini, qarşısındakı avtomobilin sürətini azaldaraq yolun kənarına doğru avtomobili yaxınlaşdırmağa başladığını, bu zaman onun sürətini azaltdığını və avtomobili yolun kənarına çəkəcəyini görüb onun sol tərəfindən ötmə əməliyyatı həyata keçirmək istədiyini, idarə etdiyi avtomobilin sola dönmə işıq siqnalını vuraraq əks yola keçdiyini, bu zaman anidən avtomobilimə nəyinsə dəydini gördüyünü, dərhal avtomobilini saxlayaraq aşağı düşdüyünü, bu vaxt qonşusu Zərərçəkmiş şəxs vurduğunu gördüyünü, həmin vaxt onun sağ olduğunu, dərhal ətrafa yığışmış insanlardan həkim və polis çağırmalarını dediyini, həmin vaxt Qurbanın başından qan gəldiyini, əli ilə onun başından tutduğunu, təxminən 5-6 dəqiqə sonra polis əməkdaşlarının və X11 əməkdaşlarının hadisə yerinə gəldiyini, həkimlər gələn zaman Qurbanın vəfat etdiyini öyrəndiyini, onlarla birlikdə xəstəxanaya getdiyini, daha sonra polis əməkdaşlarının onu hadisə yerinə dəvət etdiyini, Şərur rayon Çomaxtur kənd sakini Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı bir ədavəti olmadığını, idarə etdiyi “Mersedes Benz D Minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə qəza baş verməmişdən əvvəl hər-hansı bir texniki nasazlıq olmadığını, idarə etdiyi “Mersedes Benz D Minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncu dəfə xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçirdiyini, hadisə baş verən zaman avtomobili təxminən 40-50 km/saat sürətlə idarə etdiyini, “Mersedes Benz D Minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman qarşısında hərəkətdə olan açıq mavi rəngli “Mercedes-Benz” markalı avtomobil ilə arasında təxminən 2-3 metr ara məsafəsi olduğunu, həmin avtomobilin kimə məxsus olduğunu bilmədiyini, hadisə zamanı avtomobilin salonunda ondan başqa arvadı Sevinc Əliyevanın olduğunu, qəza zamanı hər hansı bir xəsarət almadıqlarını, etdiyi əməldən çox peşman olduğunu, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində 2024-cü il noyabr ayının 11- i saat 3 radələri olduğunu, Qurbanın evdən çıxdığını, həmin gün Qurbanın doğum günü olduğunu, təqribən yarım saat keçdikdən sonra ona zəng gəldiyini, mənə xəstəxanaya gəl dedi. Mən dedim ki, “xəstəxanada nə işim var?”, dedi ki, “gəl da”, dedim ki, “həqiqəti de nə olub”, dedi ki, “Qurbanı maşın vurub, ölüb”, amma zəng edənin kim olduğunu bilmədiyini, tələsik xəstəxanaya getdiyini, xəstəxanada Xəlil və arvadını gördüyünü, onunda nə olub ki bunlar haray-həşir salıblar deyə düşündüyünü, demək ki, Xəlil yolda gedərkən Qurbanı gördüyünü, gedib ailəsini qoyub, ordaburda deyib ki, bu gün mən mütləq yas mərasiminə getməli idim, lazım idi mənə dediyini, Xəlilin maşını 40-50 sürətlə getdiyi zaman onun Qurbanı vurduğunu sürüdüyünü dediyini, Xəlilin maşını 140-150 sürətlə sürdüyünü, 3 yol seçimini qoyub, keçib yolun kənarında olan elektrik dirəyinin arxasında dayanan Qurbanı vurduğunu, Qurbanın meydi maşının üstündən düşdüyünü, onu 30 - 40 metr sürüyə-sürüyə apardıqdan sonra maşını saxladığını, təqsirləndirilən şəxsdən şikayətçi lduğunu, onun cəzalandırılmasını istədiyini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X6 ifadəsində yoldaşı ilə Dəmirçi kəndinə yas mərasiminə getmək üçün evdən çıxdıqlarını, birdənə maşının öndən, birinin də arxadan gəlib maşını sıxışdırdıqlarını, yoldaşının maşını qaçırtmaq istəyən zaman ön şüşəyə bir şey dəydiyini və qayıtdığını gödüyünü, öndə oturduğunu, onun qorxduğunu, daş dəydiyini hesab elədyini, yoldaşının maşını sağa verib dayandığını və “Sevil mən birini vurdum deyesən” dediyini, amma onun şüşəyə nəyin dəydiyini görmədiyini, sonra onunda qışqıra-qışqıra avtomobildən aşağı endiyini və Xəlilin avtomobillə qonşuları Qurbanı vurduğunu gördüyünü, o zaman Qurbanın sağ olduğunu, təxminən 5-6 dəqiqə sonra polis əməkdaşları və X11 əməkdaşlarının hadisə yerinə gəldiklərini, Qurbanı xəstəxanaya apardıqlarını, onunda təcili yardım maşını ilə getmək istədikdə həkim buna icazə vermədiyini, başqa maşınla xəstəxanaya getdiyini, orda Qurbanın öldüyünü eşitdiyini, onların Qurbanla heç bir ədavəti olmadıqlarını, düşmənçilikləri olmadıqlarını, yaxın qonşu olduqlarını, biribirləri ilə gedib-gəlişləri olduğunu, Xəlilin Qurbanla heç bir ədavəti olmadığını, onu qəsdən öldürmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X5 ifadəsində 2019-cu il tarixdən Şərur rayon Çomaxtur kəndinin bələdiyyə sədri vəzifəsində işlədiyi, 11 noyabr 2024-cü il tarixdə Çomaxtur kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə həmkəndlisi Zərərçəkmiş şəxs vurduğunu və hadisə nəticəsində Qurbanın vəfat etdiyini eşitdiyini, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmkəndli kimi tanıdığını, həmin şəxslərlə hər hansı ədavətinin olmadığını, Qurbanın anasının xalası oğlu olduğunu, Xəlil ilə isə heç bir qohumluğunun olmadığını, kənddə yaşadığı müddət ərzində onların heç bir ədavətini görmədiyini, Xəlil və Qurbanın ara - sıra kənddə bir yerdə domino oynadıqlarını görürdüyünü, məhkəməyədək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Cinayət işinin 1-ci vərəqində olan 11 noyabr 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqda qərardan görünür ki, Şərur rayon Polis İdarəsi İstintaq və Təhqiqat bölməsinin müstəntiqi, polis baş leytenantı Abbas Quliyev tərəfindən faktla bağlı Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsilə ********* nömrə ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas 11 noyabr 2024-cü il tarixdə saat 14:15 radələrində Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz” markalı, “D Minik” modelli, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şərur rayon Çomaxtur kənd ərazisində hərəkətdə olan zaman yolun sol kənarı ilə yola paralel istiqamətdə düzünə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi faktı əsas iə həmin fakt əsasında toplanmış materiallar olmuşdur. Cinayət işinin 16-cı vərəqində olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz” markalı, “D Minik” modelli, **-BH-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 1993, mühərrik nömrəsi **********841, mühərrik həcmi 2000, ban nömrəsi WDB2011221G084173 olan avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin 56-cı vərəqində olan Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X2 11 noyabr 2024-cü il tarixli 77 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin üzərində sol alın təpə nahiyələrində başın yumşaq toxumaları altına qansızma, sol alıntəpə sümüklərinin açıq yerdəyişən qəlpəli xətti sınıqları, baş beyin toxumasının əzilməsi, hemotoması ilə müşayiət olunan küt kəllə beyin travması, sağ baldır sümüklərinin qapalı yerdəyişən sınığı, bədənin müxtəlif nahiyələrinin yara və sıyrıq xəsarətlərinin olduğu, küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törəndiyi, eləcə də avtomobil qəzası zamanında əmələ gəlmələri istisna olunmadığı, xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəldiyi, Zərərçəkmiş şəxs ölməsinə səbəb almış olduğu travmalar hesabına beyin toxumasının ağır dərəcədə əzilməsi olduğu, Zərərçəkmiş şəxs götürülmüş qanda spirtli içki, narkotik maddə və ya digər güclü təsiredici maddələrin aşkar edilmədiyi göstərilmişdir. Cinayət işinin 69-cu vərəqində olan Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2024-cü il tarixli 1434 saylı məhkəmə yol - nəqliyyatı ekspertizasının rəyindən görünür ki, “Mercedes” markalı, **-BH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. Cinayət işinin 80-ci vərəqində olan Təqsirləndirilən şəxs Əbdülrəhman oğlunun məhkumluğun olub-olmaması barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Şərur Rayon Polis İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, onun barəsində əməliyyat sorğu kartotekasında heç bir məmulat tapılmayıb. Cinayət işinin 91-ci vərəqində olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 106-cı vərəqində olan 24 yanvar 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-cu vərəqində olan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Y.Budaqov adına Naxçıvan MR X1 Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Cinayət işinin 112-ci vərəqində olan 29 yanvar 2025-ci il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X7 ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 122-ci vərəqində olan Şərur rayon Çomaxtur kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1963-cü ildə Şərur rayon Çomaxtur kəndində doğulmuşdur. Kənd ərazisində məktəbi bitirdikdən sonra fərdi təsərrüfatla məşğul olub və sonradan hərbi xidmətə getmişdir. Hərbi xidməti bitirib qayıtdıqdan sonra ailə həyatı qurmuşdur və şəxsi təsərrüfatla məşğul olmuşdur. Ailəsi ilə birlikdə Türkiyə respublikasına işləməyə getmişlər. Türkiyə Respublikasından qayıtdıqdan sonra kənd ərazisində maldarlıqla məşğul olurdu və sonrakı illərdə özünə şəxsi avtomobil almış kənd ərazisində taksilik fəaliyyəti ilə məşğul olurdu və kənd ərazisində şəxsi avtomobili ilə kənd sakini Zərərçəkmiş şəxs vurmuşdur. Yerindəcə mərkəzi xəstəxanaya məlumat verilmiş təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılmışdır. Məhkəmə istintaqı zamanı müdafiəçisinin məhkəməyə təqdim etdiyi Şərur rayon Çomaxtur kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş əlavə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd ərazisində tərbiyəli nümunəvi bir ailə başçısı kimi tanınır. Ailəlidir, üç övladı var. Onun haqqında xx.xx.2025-ci il tarixədək qonşuları və onu tanıyan yoldaşları həmişə onun davranışından razı olduqlarını bildiriblər. Nümayəndəlik tərəfindən na kənd ərazisində verilən tapşırıqları nümunəvi şəkildə yerinə yetirmişdir və onun haqında nümayəndəliyə heş bir şikayət daxil olmamışdır. Beləliklə də, məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; - 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım etməsini yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, həmin cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzində saxlanılan “Mercedes Benz D” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilmişdir; - 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5- 2, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; - 353.4.10-cu maddəsinə əsasən mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində göstərilməlidir. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməlidir. Eyni zamanda digər məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Ona görə də, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi xüsusi müsadirə edilməli əmlakın olamaması nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, həmin cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Naxçıvan MR DİN-nin DYPİ Qİ və TBŞ-nin Şərur rayon rayonlararası müayinə mərkəzində saxlanılan “Mercedes Benz D” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Cinayət işində mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs aparılmış məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 80 (səksən) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülsün. Məhkəmə xərci olaraq təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabından Şərur rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan, təqsirləndirilən şəxsə münasibətdə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar