Azərbaycan Respublikası adından HÖKM Şərur şəhəri İş № 1(110)-5/2020 15.10.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X17 məhkəmə iclas katibliyi, xüsusi ittihamçı X4, xüsusi ittihamçının müdafiəçisi- vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs X8, təqsirləndirilən şəxsin müdafiəçisi- vəkil Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Şərur rayon Gümüşlü kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, iki uşaq anası, məhkum olunmamış, Gümüşlü kənd tam orta məktəbində direktor müavini vəzifəsində işləyən, Şərur rayon Dizə kəndində qeydiyyatda duran və yaşayan X8, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq, məhkəmə müəyyən etdi: X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Aytən Bağırova ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi Whatsapp durumunda ictimailəşdirməklə onun ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətmişdir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu, X5 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqitini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən keçmiş həyat yoldaşı Şərur rayon Dizə kəndində qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X12 ilə 2014-cü il tarixdə ailə qurublar, bu nikahdan iki övladları- xx xxx 2015-ci ildə X6 və xx xxxxxx 2016-cı ildə X7 anadan olmuşlar. xx xxxxxx 2020-ci il tarixdə Şərur Rayon Məhkəməsində Aytən Bağırova ilə aralarında olan nikah pozulmuş, bu nikahdan olan iki övladlarının Aytən Bağırovanın yanında qalması və ona uşaqları ilə ona görüş-ünsiyyət qaydası müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 10:00-da uşaqları götürüb Gümüşlü kəndinə evlərinə aparmış, evdə qızının ata saçım uzanıb, istidi həmdə daraya bilmirəm, anam da daraya bilmir, yolunur dediyini qeyd etmişdir, o da keçmiş həyat yoldaşı X9 telefonda mesaj yazıb ki, “qızım deyir ki, saçımı daraya bilmirik, yolunur, bəlkə aparım saçlarını kəsdirim”, Aytəndən ona cavab gəlməyib, nömrələrini bloka atıb, sonra ev nömrələrinə nə qədər zəng etsə də götürən olmayıb, o da iyulun 12-si saat 15:00-da qızlarını aparıb Şərur şəhərində Qadın gözəllik salonunda saçlarını kəsdirib, 17:00-da aparıb Dizə kəndində analarına təhvil verib, evə qayıtdıqdan sonra anası X1 ondan soruşub ki, sən telefonda Aytənin durumuna baxmısan, Whatsapp-da nə paylaşıb? O da bildirib ki, yox, mən onun durumunu görmürəm, məni bloka atıb. Sonra qardaşının arvadı Əhmədova Könül Fikrət qızından Aytənin durumunu ona göstərməsini xahiş edib. Duruma baxdıqda Aytənin qızının saçının şəklini çəkib Whatsapp durumuna qoyduğunu və altında da, “Bu qızım Məryəmin dünənki saçı, xaraba Gümüşlüyə gedərkən çəkmişdim”, ikinci şəkilin altında isə “Bu isə bugünki halı, qurumsaq, şərəfsiz ataları görün nə günə qoyub” (maddi sübut fotoşəkilləri işə əlavə edir) yazdığını görüb. Şəkilləri görəndə bu ona çox pis təsir edib, çünki X22 kənd tam orta məktəbində zauç-direktor müavini işləyir, onun Whatsapp durumunu bütün müəllim və texniki işçilər, qohum-əqrabalar, kənd sakinləri və tanışlar görürlər, ona görə də keçmiş həyat yoldaşı A.Bağırovaya ev nömrələrinə nə qədər zəng etsə də telefona cavab verməyiblər. O da utandığımdan işə gedə bilmir, dost-tanışdan, kənd sakinlərindən, qohum-əqrabadan qaçıb gizlənir, bir sözlə Aytən Bağırova bu hərəkəti ilə onun şərəf və ləyaqətimi taptalamış və o buna görə mənəvi iztirab çəkir, az qalır intihar etsin ki, bəlkə bu biabırçılıqdan qurtara, bu azmış kimi atası X16 da onu öldürməklə hədələyir. Aytən Bağırova ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçdiyi Whatsapp durumunda ictimailəşdirməklə onun ünvanına nalayiq ifadələr işlədərək şərəf və ləyaqətini qəsdən alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində (Təhqir) göstərilən əməli törətmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu, X5 xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqitini, işgüzar nüfuzunu ləkələyən, şəxsiyyətini alçaldacaq şəkildə təhqir edən keçmiş həyat yoldaşı Şərur rayon Dizə kəndində qeydiyyatda olan və yaşayan X8 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən xüsusi ittihamçı X3 müdafiə edərək təqsirləndirilən şəxs X8 onunla barışacağı təqdirdə şikayətindən imtina edəcəyini, əks təqdirdə isə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən təqsirləndirilən şəxs X13 xüsusi ittihamçının onun barəsində verdiyi şikayətlə razılaşmayaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi tamamilə əsassızdır. Belə ki, xüsusi ittihamçının sübut kimi təqdim etdiyi şəkillərin üzərində yazılmış yazıların onun tərəfindən yazılmadığını, buna qəti olaraq etiraz etdiyini, özünü ali təhsilli müəllim olduğunu, Gümüşlü kənd tam orta məktəbində direktor müavini vəzifəsində işlədiyini, həmin şəkillər üzərində yazılmış yazıların düzgün olmayaraq çox savadsızcasına yazıldığını, həmin yazıların onun tərəfindən yazılacağı təqdirdə əsla belə bir gülünc, savadsız formada yazıla bilməyəcəyini, xüsusi ittiahamçının həmin şəkilləri onun durumundan götürərək özünün yazdığına tamamilə əmin olduğunu, çünki o bu vasitə ilə onunla barışmaq istədiyini, xüsusi ittiahamçının onun keçmiş həyat yoldaşı oluğunu, nikahlarının artıq pozulduğunu, sonradan Xüsusi ittihamçının dəfələrlə onların evlərinə ayrı-ayrı vaxtlarda, müxtəlif adamlar göndərməklə onunla barışmaq istədiyini, buna qəti etiraz etdiyini, çünki xüsusi ittihamçının dəfələrlə işlədiyi məktəbdə, yaşadığı kənddə onu “əxlaqsız” adlandıraraq onu xəyanət etməkdə günahlandırdığını, həmçinin məhkəməyə müraciə etməzdən əvvəl haliyədə hüquqlarını müdafiə edən vəkilin yanında olaraq ondan məsləhət alarkən ona “Aytəni məhkəməyə verib onun gözünü qorxutmaq istəyirəm ki, təkrar mənimlə barışsın” dediyini, vəkil isə ona “bu cür hərəkətlə sən onu özündən daha da uzaqlaşdıra bilərsən, bu barışıq vasitəsi deyil” dediyini, gördüyünüz kimi bu məhkəmə iclasında da onunla barışıb ailə münasibətlərini bərpa edəcəyi təqdirdə şikayət ərizəsindən imtina edəcəyini dediyini, onu “əxlaqsız” adlandıran bir adamla əsla barışmayacağını, bu hərəkətləri ilə özünü gülünc vəziyyətinə saldığını, onun bu cür hərəkətlərlə heç bir şey əldə edə bilməyəcəyini özünün də yaxşı bildiyini, şikayət ərizəsinin heç bir əsasının olmadığını, etmədiyi bir hərəkətə görə günahlandırılması ilə qətiyyən razı olmadığını qeyd edərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıdakısənədlərdən müəyyən edilir ki: Şikayət ərizəsinə əlavə olunmuş fotoşəlillərdən görünür ki, şəkillərin birinin üzərində “Bu qizim meryemin dunənki saci. xaraba gumusduye gederken cekmişdim”, ikinci şəkilin üzərində isə “Bu isə bugunku hali. qurumsag, serefsiz ataları gorun ne gune qoyub.” sözləri yazılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 213 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, WhatsApp - virtual məkanda sözlə və ya yazı ilə göndərilən mətn ismarıclarını, şəkil sənəd, müxtəlif tipli mediaları, o cümlədən video və ya audio məlumatları, habelə məkanı göndərməyə və ya qəbul etməyə imkan verən smartfonlar üçün ani mesajlaşma mübadilə sistemidir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya idarəsi tərəfindən verilmiş 2/3248 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli tərtib edilmiş tələbnamədən görünür ki, X13 məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, cinayəti törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Beləliklə də, xüsusi ittiahamçı tərəfindən sübut kimi təqdim edilmiş şəkillərin üzərindəki yazılarıntəqsirləndirilən şəxs X13 tərəfindən yazılaraq paylaşılmasını sübut edə bilmədiyindən, məhkəmə bu qənaətə gəlir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altıayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmənin qiymətləndirməsinə görə xüsusi ittiahamçının sübut kimi təqdim etdiyi şəkillərin üzərində yazılmış yazılarıntəqsirləndirilən şəxs X13 tərəfindən yazılaraq paylaşılması sübut edilmədiyindən, eyni zamanda təqsirləndirilən şəxs tərəfindən etiraf edilməyərək rədd edildiyindən, bu qənaətə gəlməyə əsas verir ki, X13 tərəfindən xüsusi ittihamçının şərəf və ləyaqəti nalayiq formada alçaldılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiriilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusunaittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. X23 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdırki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun AvropaMəhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malikolmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həlledilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar; 28.5-ci maddəsinə əsasən Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X10 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsiilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır; 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 8-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alıb, iş üzrə tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, X8 ittiham olunduğu Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi üzrə təqsiri sübuta yetirilmədiyindən bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 344-350, 352-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Hökm etdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin. Hökm elan olunduğu və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şərur Rayon Məhkəməsinin vasitəsi ilə Naxçıvan MR Ali Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №1(110)-5/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Hökm — İş №1(110)-5/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver