Məhkəmə qərarları › İş №1(110)-5/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərar — İş №1(110)-5/2022

15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şərur şəhəri İş № 1(110)-5/2022 15.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, xüsusi ittihamçı X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakı ilə X2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 147-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayət ərizəsində bildirmişdir ki, kənd bələdiyyəsi sədri vəzifəsində işlədiyindən ona əmlak və torpaq vergisi, su pulu və digər kommunal xərclərin yığılması tapşırılmışdır. Qeyd olunan vergilərin və kommunal xərclərin yığılması ilə bağlı vaxtaşırı iş aparır. Şərur rayon Mahmudkənd kənd sakini X5 2020-ci ildən bu günə kimi həmin xərclərlə bağlı 60 manat olan borcundan sadəcə 20 manat ödədiyini, 40 manat borcu qaldığını, qalan borcunu ödəməsini bildirdiyi zaman onun bələdiyyəyə borcu olmadığını ondan vergi adıyla rüşvət aldığını deyərək kənd mərkəzində ona böhtan atmışdır. Daha sonra X6 Muxtar Respublikası Ali Məclisinə və Şərur Rayon İcra Hakimiyyətinə bələdiyyə sədri olaraq onun barəsiində böhtan xarakterli məlumatlar göndərmişdir. Əbülfəz Kərimov yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən. İşgüzar nüfuzuna xələl gətirən məlumatları ictimailəşdirərək yaymaqla, onun bələdiyyə sədri kimi üzərinə düşən vəzifələrin icrasına manelər yaratmış, istər kənd sakinləri, istərsə də rayon ictimayəti arasında nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən onu xüsusi ittihamçı qismində tanımaqla, şərəf və ləyaqitini ləkələyən, nüfuzdan salacaq şəkildə böhtan atan Şərur rayon Mahmudkənd kəndində qeydiyyatda duran və yaşayan X2 Azərbaycan Respublikası Cinayət məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittihamçı X4 şikayətini müdafiə etdiyini və işin məhkəmə baxışına təyin olumasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5 şikayəti qəbul etməyərək şəxsin barəsində ərizə ilə Naxçıvan MR Ali Məclisinə müraciət ünvanladığını, kənddə və ya digər ictimai yerlərdə onun barəsində danışmadığını, ərizəsində dövlət tərəfindən verilən azot gübrəsini almağı üçün bələdiyyənin arayışı tələb olunduğunu yazdığını, Namiqin də həmin arayışı 30 manat bələdiyyə borcunu ödədikdən sonra verəcəyini bildirdiyini, o da heç bir borcunun olmadığını dediyini, Namiqin bu hərəkətlərindən də Ali Məclisə şikayət etdiyini, hərəkətlərində heç bir cinayət əməli olmadığını bildirərək şikayətin icraata qəbuldan imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət ərizəsini nəzərdən keçirərək bu qənaətə gəlir ki, X1 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə X2 əməlində Azərbaycan Respublikası Cinayət məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri yoxdur. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbayca Respublikası Cinayət Prosessual Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Azərbayca Respublikası Cinayət Prosessual Məcəllənin 302.1.6-cı maddəsinə görə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, X3 istinad edilən əməldə CM-nin 147-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayətin əlamətləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən X1 xüsusi ittiham qaydasında şikayət ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302.1.6, 302.2.3, 381-384-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar